Hadinin çiyninə qonmuş mələk - Orxan FİKRƏTOĞLU yazır

Məhəmməd HADİ - 140

 

Azərbaycan romantiziminin ən böyük adlarından biri, heç şübhəsiz, Məhəmməd Hadi Şirvanidir.

Hadi Xaqaninin dilini, Nəsiminin ruhunu, Seyid Yəhya Bakuvinin təkkə tənhalığını, adaşı Füzulinin incə dərdini, Seyid Əzim Şirvaninin dərdli incəliyini əsrlərdən saf külçə kimi keçirə bilib, işığı sönmüş qüssəli şeirlərində təsbeh kimi şaqqıldadardı. Hadinin nə ömrü, nə də ölümü tarixə bəlli deyil. O, ancaq şerləri ilə var və şeirlərində qalıb. Onu biz yenidən yazmağa cəhd etməliyik. Hadi ilk və bəlkə də son Azərbaycan şairidir ki, həyatının özü artıq bitkin süjeti, poetik ritmi olan kədərli şeirdir. Oxu, tanı və anla. Hadinin şeiri ilə bərabər, həyatı və taleyi də ədəbiyyatdır. Onun " Vücudnaməsi" nakam Azərbaycanın bütün zamanlar üçün yazılmış ömürlüyüdür. Hələ də formalaşan millətinin tanıtımıdır. Məhəmməd Hadini mənə atam sevdirib. Onu Hadinin min bir zülmlə yazdığı gözəl və dərin şeirlərini ehtiyac ucbatından satması çox qırardı. Həmişə bu əhvalatı mənə fərqli-fərqli əlavələrlə danışdıqdan sonra  gözləri dolardı. Bir böyük şairin şeirlərini bir tikə çörəyə görə nadanlara satması sovet ideolojisi çərçivəsində boğulan və daim çörək problemi ilə üzləşən atam üçün də həmişə diri idi. Tale baxımından Hadi atamın "dastanı" və "qəhrəmanı" idi. Atam özünü daha çox ağrılı şair taleyi paralelliyində Hadi ilə eyni sahildə görərdi. Və mən indi anlayıram ki, bu elə beləymiş. Hadinin məzarının belə olmaması və onun Qafqaz islam ordusunun tərkibində gül mollalıq etməsi isə atamı çox fərəhləndirərdi. Hadi kədərli ürəyi ilə həm də qazavat adamı olmuşdu, yəni savaşan qazi idi. Ölümü təsdiqlənməyib deyə, Hadi bu gün də mənim üçün mələk qədər göyə bağlı sokral bir saflıqdır. O, üç vizual məqamda mənim üçün bu gün də çox maraqlıdır. Şeirlərini satdığı şəklin məqamında. Qafqaz İslam Ordusu tərkibində döyüşən şəhidlərimizi yasinlə torpağa tapşırdığı şəkildə bir də son gününün, yəni ölümünün sirriliyi anında. Hadi elə bil üstünə tül atılmış qayım sirrdir. O, elə bil ölməyib. Siz ürəyi yuxa, bütün ağrılara, o cümlədən zorlu ölümə qarşı olan bir işıq şairin, şəhid əsgərlərimizi necə və hansı ağrılı ürəklə basdırmasını təsəvvür edə bilirsizmi? Mən heç cür təsəvvür edə bilmirəm. Hadi isə bu işi real müstəvidə edirmiş. Elə təkcə bu fakta görə əminəm ki, Hadi ölməyib. Qeyb olub. Məsih kimi göyə çəkilib. Və heç kim məni bu gün inandıra bilməz ki, o, fiziki olaraq yoxdur. Ölübsə, məzarı hanı? Hadi bəlkə Xızır peyğəmbərdir. Atamın kabinetində bir şəkil vardı. Uşaq vaxtı o şəklə baxmağı çox sevərdim. Divardan babamın sürgündə çəkilmiş iri portretinin altından asılmış bu böyüdülmüş ağ-qara şəkildə iki kişi çiyin-çiyinə oturub harasa irəli baxırdılar. İkisinin də dabanı yeyilmiş bir o qədər də təmiz olmayan ayaqqabıları vardı. Uzağa baxan işıqlı baxışları da təxminən eyniydi. Onlardan birinin gözləri xırda və adamın canına qədər nüfüz edən, digərinin gözləri isə iri və qüssəli idi. Bir də kişilərdən nisbətən kökünün əyninə geyindiyi uzun alman pencəyinin sağ çiyni yamaqlı idi. İlk dəfə altı yaşım olanda atamdan bu iki kişinin kim olduğunu soruşdum. Atam Sabirlə Hadidi dedi. Və mən hələ o zamandan, yəni altı yaşından Hadi ilə Sabiri babam qədər sevdim. Onları qohumum bildim. Şirvan şeir məktəbi polifanikdir. Bir dilli və bir mənalı deyil. Xaqaninin dili hara, Sabirin dili hara? Altı yaşından şəkildə gördüyüm bu iki böyük kişinin ancaq şəkildə eyni yöndə olmaları reallığı isə heç də onların başqa-başqa dərddən yazmasından xəbər vermir. Hadi ilə Sabir eyni dildə danışır. Onlar başqa-başqa dil ilə əslində, eyni dərddən yazır. Sadəcə, birinin ovqatı Bayatı Türkdür, digərinin ovqatı Heyratıdır. Əslində, Hadinin fəxriyyəsi ilə Sabirin fəxriyyəsinin yanaşma fərqliliyi olsa da, mahiyyət baxımından eynidir. Sabirin yazdığı gözüylə gördüyü və yaxşı tanıdığı milləti idi. Hadinin yazdığı isə düşündüyü, uydurduğu və ya görmək istədiyi milləti idi. Sabirin şeiri üst qatında gülüş, alt qatında kədərdirsə, Hadinin yazdığı üst qatında xəyal, alt qatında ağıldır. Hadi xəyallar və yarımtonlar şairidir. Onun nəfəsi dekadans poeziyasıdır. İspan poeziyasında mövcud olan qəbiristanlıq şeiri nümunələri kimi, Hadinin şeirlərindən də sənə üşütmə gəlir. O, ruhlar şairidir. Yer adamı deyil. Onun çəkdiyi dərd dərin qatda gizlənmiş zahiri məndir. O, üzdən yazmır. Adamın üzünə söz demir. Onun dialoqu ürəklədir. Əgər Sabir bizim fizioloji mənimizi müəyyən edibsə, Hadi bizim ruhani mənimizi aşkar edib. Əgər Sabir karikatur azərbaycanlı portretini rəssam qədər incə dəqiqliklə yarada bilibsə, bizə gülüb və bizi düşündürübsə, Hadi bizim sokral qüssəmizi sufi ruhlu nakamlığında gizlədib. Bizim üstümüzü örtüb. O, bizi dünyadan gizlədib. O, gülməli olduğu bizlərə gülə bilməyib. Çox gülməli olduğumuzdan ağlayıb. Atamın kabinetindəki o şəkil hələ də gözümün qabağındadır. İndi o şəkli mən öz kabinetimdən asmışam. Və hərdən mənə elə gəlir ki, Hadinin sağ çiynindəki yamaq yamaq deyilmiş. Onun çiyninə qonmuş mələk imiş. Biz onu yamaq kimi görürükmüş. Necə ki, çox zadı yamaq kimi görürük...

29 noyabr 2019

© Müəllif hüquqları qorunur! Mətndən istifadə etdikdə istinad mütləqdir!