Söz dünyası söz ustalarının təqdimatında - Cahangir Məmmədli

Fərid Hüseynin «Sevdiyim əsər» adlı kitabının ön sözü

 

Bu günlərdə Fərid Hüseynin "Kaspi nəşrləri" seriyasından "Sevdiyim əsər" adlı kitabı nəşr olunub. Kitabda dünya və Azərbaycan ədəbiyyatının şah əsərləri haqqında seçkin söz və fikir adamlarının müsahibələri toplanıb. Toplu Azərbaycan ədiblərinin dünya ədəbiyyatına, ən çox sevdikləri əsərlərə münasibətlərini aydınlaşdırır, həmin əsərlər əhatəli şəkildə təhlil olunur. 101 müsahibənin cəm olduğu kitabda 100-ə qədər əsərdən söhbət gedir. 

Qeyd edək ki, "Kaspi nəşrləri" seriyasının rəhbəri və redaktoru  filologiya elmləri doktoru Sona Vəliyevadır. Kitabın rəyçiləri akademik, millət vəkili, AMEA Nizami Gəncəvi adına Ədəbiyyat İnstitutunun direktoru İsa Həbibbəyli və akademik, millət vəkili, Azərbaycanda Atatürk Mərkəzinin direktoru Nizami Cəfərovdur. Kitabın Ön sözünün müəllifi professor, Bakı Dövlət Universitetinin Jurnalistikanın nəzəriyyəsi və təcrübəsi kafedrasının müdiri Cahangir Məmmədlidir. Nəşrin redaktorları isə Natiq Muxtarlı və Günel Şamilqızıdır. Kitabın Ön sözünü təqdim edirik.

Azərbaycan ədəbi mühitinin və bütövlükdə oxucuların orijinal bir şair, esseist, publisist kimi yaxşı tanıdığı Fərid Hüseyn qeyd etdiyim yaradıcılıq sahələrinin hər birində öz orijinallığı ilə seçilməkdədir. Onun oxuculara təqdim etdiyi "Sevdiyim əsər" adlı 101 ədəbi söhbət kitabı da bu orijinallığın bəhrəsidir. "101 ədəbi söhbət" bir az da, jurnalistika anlayışı ilə desək, əslində, 101 müsahibə deməkdir. Ona görə müsahibədir ki, Fərid Hüseyn - yəni müsahibəni aparan yaradıcı adam özü, demək olar ki, birbaşa suallarla işləyib. Bu format Fərid Hüseynin ədəbiyyat üzrə redaktoru olduğu "Kaspi" qəzetində onun ortaya qoyduğu möhtəşəm bir ədəbi layihənin materiallarıdır. Məlumdur ki, tarixi "Kaspi" qəzetinin ənənələrini, gerçəkliyə klassik baxışını müasir çağda yenidən reallaşdıran "Kaspi" ədəbiyyatla, sənətlə bağlı bu tip ideyaları yaradıcılıq faktına çevirən bir qəzet kimi geniş populyarlıq qazanmışdır. Fərid Hüseynin 6 il öncə başladığı "Sevdiyim əsər" layihəsində gerçəkləşdirdiyi çoxsaylı müsahiblə söhbət bu qəzetin səhifələrində təqdim olunub. Bu müsahibələrin əsas vəzifəsi və əhəmiyyəti kitabın qısa anonsunda öz əksini belə tapıb: "Kitabda dünya və Azərbaycan ədəbiyyatının şah əsərləri haqqında seçkin söz və fikir adamlarının müsahibələri toplanıb. Toplu Azərbaycan ədiblərinin dünya ədəbiyyatına, ən çox sevdikləri əsərlərə münasibətlərini aydınlaşdırır, həmin əsərlər əhatəli şəkildə təhlil olunur". Burada maraqlı, bəlkə də, fenomenal bir fakt var: Fərid Hüseyn 101 müsahibədə hər kəsin sevdiyi bədii ədəbiyyat nümunələrinə özü də çox yaxşı bələddir və buna görə də həmsöhbətlərinə o əsərlər haqqında maraqlı suallar verə bilir. Fenomenallıq orasındadır ki, müsahibəyə cəlb edilən hər kəs sevdiyi əsəri özü seçir və müsahibəni götürən adam həmsöhbətin seçiminə lazımınca bələdlik göstərir.

Fərid Hüseyn kimləri müsahibəyə cəlb edir: yazıçıları, şairləri, ədəbiyyatşünasları, ədəbi tənqidçiləri, publisistləri... Onların böyük əksəriyyəti bədii söz sənətinin azman ustadları, milli tənqidimizin, publisistikamızın ədəbi-ictimai mühitində əməlli-başlı tanınan nümayəndələridir. Bu şəxsiyyətlər içərisində dünya ədəbiyyatına elə milli ədəbiyyatımız qədər bələd olan Anar, Elçin, İsa Həbibbəyli, Kamran Əliyev, Sona Vəliyeva, Muxtar Kazımoğlu, Nizami Cəfərov, Teymur Kərimli, Rəşad Məcid, Əsgər Rəsulov, Azər Turan, Könül Bünyadzadə, Əjdər Ol, Seyfəddin Hüseynli və b. kimi onlarca ziyalı var. Adını çəkdiyim və çəkmədiyim bu ədəbi şəxsiyyətlərin hər birinin içində lap uşaqlıqdan sevdikləri Azərbaycan və dünya ədəbiyyatının oxuculara çox maraqlı olan nümunələri var. Həqiqətən də, bu müsahiblərin hər birinin sevdiyi əsər milli və dünya klassik ədəbiyyatından yaşlı nəslin estetik idealına çevrilmiş və bugünkü gəncliyin də istinad nöqtəsi olan elə nümunələrdir ki, onlara nəzər saldıqca bizim yaradıcı ziyalılarımızın zövqünə, biliyinə, bədii əsərə qiymət vermək bacarığına heyran qalmaya bilmirsən. Əgər bizim ustad yazıçımız Anar milli nümunə kimi xalq yaradıcılığına məhəbbətini ifadə edib "Kitabi-Dədə Qorqud" dastanını sevirsə, milli bədii ədəbiyyatımıza dəyərli töhfələr vermiş Elçin ən çox Migel de Servantesin "Lamançlı Don Kixot" romanını bəyəndiyini bildirir. Əgər akademik İsa Həbibbəyli Cəlil Məmmədquluzadənin "Anamın kitabı"nı müqəddəs nümunə sayırsa, istedadlı şairimiz, yazıçı və tədqiqatçımız Sona xanım Vəliyeva Cəlil Məmmədquluzadənin "Usta Zeynal" hekayəsinə sevgisini ifadə edir. Əgər AMEA-nın müxbir üzvü, yorulmaz ədəbiyyatşünas Kamran Əliyev Cəlil Məmmədquluzadənin "Poçt qutusu" hekayəsinin vurğunudursa, akademik Muxtar Kazımoğlu həmin böyük sənətkarın "Ölülər" tragikomediyasının böyük sənət nümunəsi olduğunu dilə gətirir. Əgər akademik Nizami Cəfərov əlifbanı "Koroğlu" dastanından öyrəndiyini xüsusi bir sevgi ilə bildirirsə, akademik Teymur Kərimli Nizami Gəncəvinin "İsgəndərnamə" poeması ətrafında müsahibəyə üstünlük verir. AMEA-nın müxbir üzvü, filosof Könül xanım Bünyadzadə Erix Maria Remarkın "Üç yoldaş" romanını 20 Yanvar hadisələri zamanında oxuyub və insanın öz acizliyi ilə mübarizə aparan obrazın yaratdığı ovqata görə bu əsəri sevdiyini bildirir. Rəşad Məcid Cek Londonun "Martin İden" romanının vurğunu olduğunu güclü arqumentlərlə bizə çatdırır, yaxud Seyfəddin Hüseynli Yusif Səmədoğlunun "Qətl günü"nün pərəstişkarı kimi bu əsərin indiyədək çoxumuza aydın olmayan məqamlarından bəhs edir və s.

Bəlkə də, belə bir sıra təqdimi ilə mən oxucunu yorğun saldım. Amma bunları deməyi ona görə vacib saydım ki, Azərbaycan ədəbi-bədii düşüncə sahiblərinin nə qədər rəngarəng, milli və dünya ədəbiyyatına sevgi ilə yanaşdığını dilə gətirim.

Əlbəttə, yaradıcılıq problemlərinə aid hər bir ideyanın öz səmərəsi olur. Fərid Hüseynin "Sevdiyim əsər" ədəbi ideyası spontan şəkildə (hər şey seçənlərdən və seçimdən asılı oldu) bizi - yəni oxucunu ədəbiyyat aləminin çox dərin qatlarına aparır və "Kaspi" qəzetinin maarifçilik prinsiplərinə sadiq qalaraq bədii sözün əvəzsiz xidmətini bir daha bizə xatırladır.

Yuxarıda sadaladığım və sadalamadığım bu müsahibələrin böyük əksəriyyətində bədii təhlil, ədəbiyyatşünaslıqla ədəbi tənqidin sinxronluğu, bütövlükdə ədəbiyyata sevgi, ədəbiyyatın insanı kamilləşdirmə missiyasına qəti inam hissi var. Bu inam hissinin kitabı oxuyacaq hər kəsdə də yaranacağına çox inanıram. Fərid Hüseyn bu müsahibələri ilə bizə özümüzü tanımaq, bugünkü milli ziyalılarımızın estetik ideallarına bələd olmaq, milli və dünya ədəbiyyatının klassik və müasir nümunələrini bir daha xatırlatmaq və sevdirmək kimi böyük bir müəllim missiyasını gerçəkləşdirmişdir. Müəllifin bir tapıntısı da kitabın adı ilə bağlıdır. "Sevdiyim əsər" - "101 ədəbi söhbət". Buradakı "sevdiyim əsər" söz birləşməsi Fərid Hüseynin "Kaspi"də həyata keçirdiyi ədəbi ideyanın mahiyyətidir. Lakin "101 söhbət" min illərin bədii sözünü, qoca Şərqin müdriklik çalarlarını özündə daşıyan "Min bir gecə" nağıllarının improvizasiyası təsirini bağışlayır. Orada "Min bir gecə", burada "101 söhbət". Məncə, bu heç də təsadüfi deyil və yəqin ki, bu da Fərid Hüseyn orijinallığının daha bir göstəricisidir.

Sonda mən bir oxucu kimi, indiyə qədər nəşr etdirdiyi neçə-neçə kitablarla xalqımızın maariflənməsinə xidmət edən "Kaspi nəşrləri" seriyasının rəhbəri Sona xanım Vəliyevaya təşəkkürümü bildirirəm.

© Müəllif hüquqları qorunur! Mətndən istifadə etdikdə istinad mütləqdir!