"Danabaş kəndinin əhvalatları"nın poetikası - II məqalə - Kamran ƏLİYEV yazır

 

I Məqalə:

 http://edebiyyatqazeti.az/news/edebi-tenqid/4721-danabas-kendinin-ehvalatlarinin-poetikasi

Xudayar bəyin simasında isə yuxarı - aşağı qarşıdurması həm əsas sütunu, həm də strukturu ilə aydın görünür: "Mən istəmirəm Xudayar bəyin keçəcəyindən danışım; çünki özü də heç bu əmrə razı olmaz. İndi dünyada qayda belədir ki, birisi ucadan alçağa yenə, dövlətlikdən kasıblığa düşə, söhbəti həmişə aparıb çıxardacaq keçən günlərə: ay mənim atam belə, anam belə, dövlətimiz bu qədər idi, imarətimiz bu cür idi, hörmətimiz bu həddə idi. Amma birisi alçaqdan ucaya qalxa, kasıblıqdan dövlətə çata, heç vaxt atadan-babadan danışmağı dost tutmaz. Məsələn, Məhəmmədhəsən əmi yeddi gün yeddi gecə atasının dövlətindən, hörmətindən danışa doymaz. Amma Xudayar katda heç kəsə atasının  adını da deməz. Hər vaxt bu cür söhbət düşəndə Xudayar katdanın sözü budur: "Qardaş, nə işin var ataynan-anaynan. Onlar ölüb gediblər, Allah onlara rəhmət eləsin. Gəl özünnən-özümnən danışaq" (s. 12).

Məhəmmədhəsən əminin və  Xudayar bəyin həyat nərdivanının pillələrində müəyyən yerdəyişmələrlə bərabər, özlərinə məxsus yerləri vardır. Sadəcə, mətnin bəzi məqamlarında "yuxarı" və "aşağı" anlayışları "uca" və "alçaq", "dövlətli" və "kasıb" məfhumlarına transformasiya olunur. Məlum olan budur ki, Məhəmmədhəsən əmi də, Xudayar bəy də həmin "ucalığı" gözüdolusu görə bilməyib - Məhəmmədhəsən əmi bunu yalnız atası Hacı Rzanın şəxsində təsəvvür eləyir, Xudayar bəy isə hələ yeni vəzifəsində təzədir.

Xudayar bəyin "yuxarı pilləni fəth eləməsi" göydəndüşmə olub və bu Məhəmmədhəsən əmidən fərqli olaraq ierarxik pillədir. Bu qələbəyə gedən yol Xudayar bəyin qlavanın yanında çavuş işləməsindən başlayıb və qlavanın Xudayar bəyin anasını siğə  etməsi ilə başa çatıb. O, yeni vəzifəsində özünü təsdiq eləmək üçün əvvəlcə iki iş görür: birincisi, paltarını təzələyir, ikincisi də "əlinə bir zoğal ağacı alır". Təzə paltar da, zoğal ağacı da zahiri effekt yaratsa belə, Xudayar bəyi hələlik əvvəlki halından fərqləndirir. Amma Xudayar bəy dərrakəli adamdı və bilir ki, yalnız təzə paltarla, zoğal ağacı ilə çox şeyə nail olmaq mümkün deyil. Ona görə ki, paltar köhnələ bilər, zoğal ağacının da qırılmaq ehtimalı var. Xudayar bəyə o da yaxşı məlumdur ki, bu katdalığın, bu bəyliyin ayaq tutub yeriməsi üçün onun arxasında var-dövlət dayanmalıdır.

Bax, əsas məsələ budur! Xudayar bəy göydəndüşmə (başına quşqonması ilə deyil, anasının siğəsi ilə qazanılan) statusunu var-dövlətlə möhkəmləndirməlidir. Belə bir var-dövlət isə ölmüş dostu Kərbəlayı Heydərin arvadı Zeynəbdədir və bu yolda necə olur-olsun, Zeynəbi özünə siğə etdirməkdir. Xudayar bəyin Məhəmmədhəsən əminin eşşəyini ələ keçirib şəhərə yollanması da həmin yolda atılan yalan və saxtakarlıqdır. "Xudayar bəy eşşəyi Məhəmmədhəsən əmidən istəyəndə dedi ki, məni nəçənnik istəyib. Amma yalan deyirdi, nəçənnik istəməmişdi, özgə mətləbi var idi" (s.14). Məhəmmədhəsən əmi isə eşşəkdən ötrü ağlayan oğlu Əhmədə özü təsəvvür etdiyi doğrunu söyləyir: "Sakit ol, oğlum, eşşəyin axşam genə qayıdıb gələcək evə da. Eşşəyə nə olur? Mən eşşəyi satmıram ki, Xudayar bəy əmin aparacaq şəhərə, orada ona çoxluca arpa verəcək" (s.13). Amma eşşək qayıdıb gəlmir. Beləliklə, Məhəmmədhəsən əminin eşşəyinin Xudayar bəyin ixtiyarına keçməsi doğrunun deyil, məhz yalanın üzərində bərqərar olur.

Xudayar bəy qazının evinə "Buzxana" məhəlləsindəki küçədən gələrək dal qapıdan və dar yoldan daxil olur, çünki bu yol yalan və saxtakarlığa açılan yoldur. Xudayar bəyə vəkillik eyləyən Qasıməli də, şahidlik eyləyən Kərbəlayı Qafar və Kərbəlayı Səbzəli də məhz həmin yolla qazının evinə gedib-gəlirlər, çünki onların da vəkilliyi və şahidliyi yalan və saxtadır. Saxtakarlığın dərinə işləyən izləri bir də onda bəlli olur ki, bu adamlar öz adlarını da dəyişirlər: "Vəkillik eyləyən Qasıməli Zeynəbin oğlu kimi adını qoymuşdu Vəliqulu, Qasıməlinin vəkilliyinə şəhadət verən Kərbəlayı Qafar adını dəyişib Kərbəlayı Baxşəli, Kərbəlayı Səbzəli isə adını dəyişib Məşədi Orucəli qoyurlar". Bir halda ki, qazı onları şəxsən tanımır, onda bu adamların adlarının da dəyişilməyə ehtiyac yox idi. Bəs onda belə bir dəyişiklik nəyə lazım idi? Şübhəsiz, qazının hüzurundakı addəyişmə Xudayar bəy başda olmaqla onların yalan və saxtakarlığının təsdiqidir.

Zeynəbin Xudayar bəyə siğə edilməsi mərasimində ierarxik struktur qeyri-ixtiyari olaraq Xudayar bəyin və onun dəstəsinin oturuşunda da reallaşıb. Yəni  onların harada oturmaları barədə heç bir tapşırıq və göstəriş verilməyib. Bu nizamı onlar vərdiş kimi yerinə yetiriblər, yaxud el dilində desək, hərə öz yerini yaxşı bilib: "Xudayar bəy oturmuşdu yuxarı başda dizüstə. Xudayar bəydən aşağı oturmuşdu iyirmi iki-iyirmi üç sinnidə bir oğlan. Bu, Danabaş (kəndinin) qlavasının yasovulu və Xudayar bəyin rəfiqi Qasıməlidir ki, biz tanıyırıq. Qasıməlidən aşağı oturmuşdu genə iki şəxs: birinin sinni olardı otuz-otuz iki, o birinin də sinni qırxdan yuxarı olmazdı. Bunlar, həmçinin danabaşlıdırlar. Əvvəlkinin adı Kərbəlayı Qafar və ikincinin adı Kərbəlayı Səbzəlidir. Bunların hər ikisi Xudayar bəyin sədaqətli və köhnə rəfiqləridir" (s. 57).

Bu düzülüşdə diqqəti çəkən başqa bir cəhət Qasıməlinin orta pillədə olmasıdır. O, tutduğu mövqeyə görə (qlavanın çavuşu olması!) məhz oranı seçmişdir, amma bir pillə də yuxarı qalxması heç vaxt yadından çıxarmır, nəinki çıxarmır, hətta Xudayar bəyin qızı Gülsümü gözaltı eləməsi ilə oraya doğru can atır. Sonda Gülsümlə nişanlanır, eyni zamanda bacısının da Xudayar bəyə siğə olunmasına razılıq verməklə yuxarı mərtəbəyə tam yaxınlaşır.

Povestdə yuxarı-aşağı pillələrinin varlı-kasıb formasında qarşılaşması interyerdə özünü büruzə verir: "Qazının otağı yekə, uca və ağ otaqdı. Bu otağın otuz yeddi taxça və tağı var və heç birisi boş deyil. Tağlara düzülübdür çox bərni və hədsiz çini qab. Taxçalara düzülübdü bir neçə samovar, sandıqça, qəlyan, dörd-beş kəllə rus qəndi və xırdavat şeylərdən. Beş-on taxça doludur boğça və paltarnan. İki taxça dolu idi kitab ilə. Fərşə salınıb nürbaha xalı və xalçalar.

Otağın yuxarı başında qoyulub üç iri dəmir sandıq. Sandıqların üstə adam boyda qalanıbdı çox xalça, keçə, kilim və palaz. Bir tərəfdən çadirşəba bükülüb qoyulub cərgə ilə dörd-beş dəst yorğan-döşək" (s. 16).

Bu, varlı olanın - yuxarı mərtəbəni əldə etmiş qazının evidir. Üstəgəl, Xudayar bəyin də ağ otağı var, otağın "akuşkaları təzə akuşkaya oxşayırlar", taxçalar çini qablarla bəzənib və sair (s. 77).

"Məhəmmədhəsənin evi yekə qış evidir. Çünki qışda bu evdə təndir yanar, o səbəbə evin tirləri qapqara qaralıbdı. Divarların dəxi yuxarıları qaralan kimi olub. Ev köhnə evə oxşayır; çünki tirlərin çoxusu əyilibdir. Səqfin ortalığından bir "hammal" verilib ki, tirlərə təkyə olub, onları möhkəm saxlasın. "Hammalı" altdan iki sütun saxlayır. Hər sütunun altında bir yekə sal qoyulub ki, sütunları, həmçinin möhkəm saxlasın. Evin bir tərəfindən təndir üstə duvaq, bir tərəfdə kürsü, üstə bir qədər çörək qalanıb. Qaranlıq bucaqlarda taxça kimi deşiklərə düzülüb saxsı qab-qaşıq, bir-iki mis qab. Kürsünün altında var üzüqoylu çevrilmiş bir qazan, bir çanaq, içində qatıq, bir qara hirsli çaydan. Bir tərəfdə salınıb bir palaz, üstə bir-iki dəstə yorğan-döşək. Bir-iki taxçaya düzülübdür bir neçə boğça, köhnə papaq və bir-iki mücrü" (s. 45).

Bu isə kasıb Məhəmmədhəsənin evidir, bəli, bəli, Məhəmmədhəsən əminin yox, məhz Məhəmmədhəsənin. Mətndə birinci və sonuncu dəfə olaraq "Məhəmmədhəsən" adının yanında "əmi" sözü işlənmir. Təhkiyəçi, naşir, korrektor - hamısı, hamısı nə qədər acınacaqlı olsa da, bir-birinə qoşularaq Məhəmmədhəsən əmiyə rəhm eləmirlər. Təhkiyəçi, naşir və korrektorun sırasında hətta müəllif varsa, o halda mətnin bu yeri onların hamısının birlikdə özlərini unutduğu və həyatın faciəli səhifələri önündə insanın donduğu məqam hesab olunmalıdır.

Ağ və qara, qabların çinidən və saxsıdan olması, taxçaların, xalçaların, yorğan-döşəklərin sayı və sanballılıq dərəcəsi - sərvət müxtəlifliyi və təzadı gerçəkliyin təsiri altında formalaşan təbəqələşməni göstərməkdədir.

Məkan anlamı baxımından "Əhvalatlar"da müşahidə olunan "sağ" və "sol" sözlərinin də hər  birinin öz yeri, öz işlənmə məqamı vardır. Sağ və sol qütbləşməsi yuxarı-aşağı qarşıdurmasının üfüqi proyeksiyasıdır, başqa sözlə, "sağ" yuxarının, "sol" isə aşağının şəklidir. (Müqayisə etmədən xatırlatmaq istəyirəm ki, hakimiyyətdə olan Qazan xan sağ bəylərdən idi). Beləliklə, bu sözlər ilk variantda qazandıqları məzmunla fərqli simvollara çevrilir və bütün mətn boyu daşıdıqları məzmunu, demək olar ki, bir-birlərinə güzəştə getmirlər. Bu məqamda Cəlil Məmmədquluzadə sənətinin ecazkar harmoniyası da özünü tam gücü ilə göstərir.

Sağ-sol qarşıdurmasının ilk variantına, daha doğrusu, sol tərəfinə  Məhəmmədhəsən əmigilin küçəsində rast gəlirik. Küçə qapısının yanında çömbəlib oturanlar arasında Məhəmmədhəsən əminin ziyarətə getmək söhbətini Məhəmmədhəsən əminin sol (!)  tərəfində oturan Məşədi Oruc başlayır (s.12). Elə bu zaman Xudayar bəy də sol səmtdən çıxıb onların yanına gəlir. Hətta Xudayar bəyin yaradılmış portretində də sol amili aparıcıdır: "Xudayar bəyin burnu pis əyridir. Burnunun yuxarı tərəfindən bir sümük dikəlib. Sümük düzdü, amma aşağısının əti xoruz pipiyi kimi düşüb sol yana" (s.13). "Kərbəlayı Cəfər əmi...  bir spiçka çəkib, sol tərəfdə divara vurulmuş xırda lampanı yandırdı və qonağa yer göstərdi" (s. 23). Məhəmmədhəsən əminin arvadı İzzət də quru çörəkləri sulamaq üçün sol əlinin üstünə yığır (s. 52). Yenə də Xudayar bəy "sol əli ilə geyməsinin ətəyini qalxızıb guya ki, gözünün yaşını silir" (s. 39)

Mətndə "sol" məfhumu cəmiyyətin aşağı təbəqəsini işarələyir və bu məsələdə Məhəmmədhəsən əminin də, Məşədi Orucun da, Kərbəlayı Cəfərin də, İzzətin də bu məfhuma bağlılığı, yəni aşağı mövqe sərgiləmələri də təbiidir. Onlardan yalnız Kərbəlayı Cəfər karvansara sahibi kimi cəmiyyətin orta təbəqəsini təmsil edə bilər. Bu adamların hamısının cəmiyyətdəki aşağı və orta təbəqədə yeri olsa da, heç birinin hakimiyyət pilləsində yeri yoxdur.  

Amma Xudayar bəyi ierarxik strukturdan kənarda təsəvvür etmək mümkün deyil, çünki o, faktiki olaraq kəndxuda kimi bu strukturda yer tutur. Bəs onda Xudayar bəy nə üçün mətndə "sol" məfhumu ilə işarələnir? Xatırlatmaq vacibdir ki, onun "Buzxana" məhəlləsində sol küçəyə, sol səmtə dönməsi faktları da var. Mətndə "sol" bir məkan kimi cəmiyyətdəki aşağı təbəqənin, ierarxiyadakı aşağı pillənin məkanıdır. Xudayar bəy ona görə "sol" anlayışı ilə əlaqədardır ki, o, hələlik aşağı pillədədir, amma onun öz yerini möhkəmləndirmək və yuxarıya qalxmaq arzusu var.

Xudayar bəy qazı ilə görüşməyə həyətin sağ səmtindən gedir. İerarxiyanın yuxarı pilləsini işarələyən "sağ" səmt yalnız qazının yuxarı pillədə olmasını göstərmir, həm də Xudayar bəyin yüksəlmək yolunun başlanğıcıdır. Xudayar bəy "sağ əlinin şəhadət barmağını yuxarı qaldırıb" işinin düzəlməyi müqabilində başını qazının yolunda əsirgəməyəcəyini söyləyir, qazı da sağ əlini qaldırıb kəllə qəndi göstərir (s.17). Xudayar bəylə qazı bir-birlərini başa düşürlər. Heç də qəribə deyil ki, iş tamama yetəndən sonra qazı sağ əlini Xudayar bəyin çiyninə qoyub onun ierarxiyanın yuxarı pilləsində möhkəmlənməsinin xeyir-duasını verir. 

Əslində, Xudayar bəyin öz yerində möhkəmlənmək arzusu karvansarada reallaşmağa başlayır: "Xudayar bəy pulu götürüb qoydu cibinə, bir qədər dikəldi, sağ əlini Kərbəlayı Cəfərin qabağına uzadıb dedi:

- Ver əlini mənə.

Kərbəlayı Cəfər, həmçinin sağ əlini verdi Xudayar bəyin əlinə"  (s. 27).

Beləliklə, qazının şərtlərinin həyata keçməsinin ilk addımını Xudayar bəy sevinclə qarşılayır.

"...Əhvalatlar"ın mətnində "sağ" məkan ierarxik anlayış kimi bütün hallarda Xudayar bəyin irəliləməsinin anonsudur. Bu irəliləmədə Məhəmmədhəsən əminin eşşəyi bir əmtəə kimi mühüm rol oynayır və Xudayar bəylə Kərbəlayı Cəfərin sağ əllərini bir-birinə uzadıb sıxmaları da aktyor kimi rola girməyin bir formasıdır. Bununla da eşşəyin funksiyası dəyişilir: Məhəmmədhəsən əmini Kərbəlaya ziyarətə aparmaq üçün alınan ulaq Xudayar bəyin siğə arzusunun təminatçısı olan eşşəyə çevrilir.

Poetika baxımdan bütün bunlardan daha maraqlı, sənətkarlıq baxımından daha düşündürücü başqa bir məqam da var. Bu, mətndə "sağ-sol" elementlərinin qarşılaşdırma formasında yanaşı işlədilməsidir.

1) Xudayar bəy "Buzxana" məhəlləsində gedərkən "sol qıçını qalxızıb sağ əli ilə və sağ qıçını qalxızıb sol əli ilə şalvarının balağını silib və papağını çıxarıb geydi sol əlinə və sağ əli ilə o tərəfini, bu tərəfini çırpıb qoydu başına" (s. 14). "Buzxana" məhəlləsindəki "sağ-sol" hərəkəti qazının evinə doğru gedən yolda Xudayar bəyin məsələni həll edib arzusuna çatıb-çatmaması tərəddüdünü yaşadır.

2) "Bir az keçdi, bir qoca kişi, beli bükülmüş, haman dar yoldan çıxıb, sol əli cibində və sağ əli gözlərinin üstə, bir qədər yavıq gəlib üzünü tutdu Xudayar bəyə" (s.15) - bu, qazıdır. O, "sağ-sol" elementlərinin uzlaşdırmaqla Xudayar bəyin - bu "xam" kişinin mövqeyini anlamağa çalışır.

3) "Sağ əlini qoydu Xudayar bəyin çiyninə, sol əli ilə qapını göstərdi" (s. 22) - bu, kəllə qənd satan dükançıdır. Dükançı sağ və sol əli ilə Xudayar bəyə düşünmək üçün ierarxiyanın pillələrini xatırladır.

4) "Zeynəb bunları görcək qalxıb çəkildi, durdu bucaqda. Qızlar da gedib soxuldular analarının yanına və təəccüblə gözlərini dikdilər qonaqlara. Qonaqlar cərgə ilə əyləşdilər. Molla yuxarı başda, onun sağ tərəfində Kərbəlayı İsmayıl, sol tərəfində Kərbəlayı Qafar; Kərbəlayı Səbzəli, Vəliqulu və Qasıməli divara dayanıb, durmuşdular ayaq üstdə" (s. 68).

Zeynəbin evindəki tədbir isə sonuncu mərhələdir. Bu, əvvəlkilərlə müqayisədə real mərhələ hesab edilir. Zeynəbin Xudayar bəygilə gətirilməsi Xudayar bəyin həm Çərçiboğan kəndinin qlavası Xalıqverdi bəyə, həm mötəbər bir şəxs olan Hacı Həmzə kimi rəqiblərinə qalib gəlməsidir. O, bununla həm də Kərbəlayı Heydərdən qalan mirasla kasıblığın daşını ataraq katdalığını möhkəmləndirir. Mətndəki "sağ-sol" paylaşması Xudayar bəyin evində Xudayar bəyin yenicə dünyaya gələn Xoşqədəm adlı qızını qucağına alan Zibanın qapıdan girən yerdə, sağ tərəfdə durması ilə başa çatır. 

"Xitamə"də ierarxiyanın yuxarı qütbü yalnız Xudayar bəylə təmsil olunur. Burada qlava da, qazı da, naçalnik də, çavuş da, xülasə, o qütbdən heç kim yoxdur. Ona görə ki, Xudayar bəyin hakimi-mütləqliyi tam təmin olunub. Xudayar bəy heç kəsi, "Quran"ı da saya salmır. Bir tərəfdən Xudayar bəy, digər tərəfdən, Məhəmmədhəsən əmi, Zeynəb və başqaları ilə təmsil olunan qütbləşmənin aradan qaldırılması üçün ehtimallar isə yox dərəcəsindədir. Doğrudur, Vəliqulu özü də başa düşür ki, "hələ hamısından vacib çörək qazanmaqdır", amma bu "hələ" Vəliqulunun səhvləri müqabilində heç qığılcım da deyil. Əslində, Vəliqulu bütün şanslarını itirib. Artıq İzzət və Əhməd kimi Fizzə də ölüb. Zeynəbin, Vəliqulunun, Zibanın da həyatı bir tükdən asılı qalıb və onlar da Məhəmmədhəsən əmiyə bənzər ölmüş kimidirlər. Təsəlli və ümid yalnız Lağlağı Sadıqla Qəzetçi Xəlilədir.

Cəlil Məmmədquluzadənin "Danabaş kəndinin əhvalatları" povesti yalnız cəmiyyəti irəli aparmaq ideyasına görə deyil, eyni zamanda sənətkarlıq məziyyətlərinə və poetikasına görə də fərqli, güclü, həmişəyaşardır.

© Müəllif hüquqları qorunur! Mətndən istifadə etdikdə istinad mütləqdir!
 

© Müəllif hüquqları qorunur! Mətndən istifadə etdikdə istinad mütləqdir!