Repressiyaya məruz qalmış məktublar - Nadejda Mandelştamın əri Osip Mandelştama sonuncu məktubu

Uzaqda olan doğma dostum, Osya!

Əzizim mənim, sənin bəlkə də heç zaman oxuya bilməyəcəyin bu məktuba yazmaq üçün söz tapa bilmirəm. Onu sanki fəzaya yazıram. Bəlkə də, sən qayıdacaqsan, amma mən artıq olmayacağam. O zaman bu məndən sənə son xatirə olacaq.

Osyuşa, səninlə uşaqcasına həyatımızda o qədər xoşbəxt idik ki... Bizim davalarımız, deyişmələrimiz, oyunlarımız və sevgimiz... İndi mən hətta səmaya da baxmıram. Göydə bulud görsəm, kimə göstərim?

Bizim yoxsul alaçığımızda- evimizdə keçirdiyimiz kasıbyana ziyafətləri xatırlayırsanmı? İki nəfərin möcüzə ilə əldə edərək  yediyi çörəyin dadı yadındadırmı? Voronejdəki son qış necə? Bizim xoşbəxt  kasıblığımız və sənin şeirlərin...

Hamamdan  qayıdarkən yumurta və  sosis almağımız yadına gəlirmi? İrəlidə ot ilə yüklənmiş maşın gedirdi. Hələ soyuq idi və mən gödəkçədə üşüyürdüm (deyəsən biz donmağa məhkumuq, sən də üşüyənsən axı). Mən o gün qışı iliklərimə qədər hiss edirdim. O günlər, o əzablar payımıza düşən son xoşbəxtlik idi.

Ancaq sənin haqqında düşünürəm. Hər bir göz yaşı, hər bir təbəssüm sənin üçündür. Bizim kədərli həyatımızın hər bir günü üçün dua edirəm, mənim dostum, yarım, əziz bələdçim...

Biz kor küçüklər kimi bir-birimizlə döyüşürdük və hər şey o qədər xoş idi ki... Sənin yazıq, qızdırmalı başın və günlərimizi əhatələyən bütün dəliliklər... Bu xoşbəxtlik idi və biz hər zaman bilirdik ki, xoşbəxtlik məhz budur. Həyat uzundur. Təklikdə həlak olmaq elə çətin və əzablıdır ki... Bu tale bizim üçündürmü? Biz- körpə küçüklər, sən-mələk buna layiq idikmi? Həyat  yenə kədərli şəkildə davam edir. Mənə elə gəlir ki, hər şeyi bilirəm və xəyallarımda sənin hər gününü və saatını görürəm - mənə hər şey bəlli və aydındır.

Sən hər gecə yuxuda yanıma gəlirdin və mən hər dəfə nə baş verdiyini soruşurdum, sənsə cavab vermirdin. Sonuncu yuxuda mən natəmiz mehmanxananın  natəmiz  yeməkxanasında yeməyə nə isə alırdım. Yanımda tamamilə yad adamlar var  idi. Yeməyi alarkən mən başa düşdüm ki, bütün bu azuqələri hara aparacağımı bilmirəm, çünki sənin harda olduğundan xəbərim yoxdur.

Yuxudan ayılaraq Şuraya dedim: Osya ölüb.

Bilmirəm, sağsan yoxsa yox, amma həmin gündən sənin izini itirmişəm. Hardasan, bilmirəm. Məni eşidirsənmi? Səni nə qədər sevdiyimi bilirsənmi? Mən bunu sənə deyə  bilmirəm. Deyə bildiyim ancaq - "səni, səni..." sözləridir. Sən hər zaman mənimləsən.

İndi mən -  heç zaman ağlaya bilməyən vəhşi, qəzəbli qadın ağlayıram, ağlayıram, ağlayıram...

Bu mənəm, Nadya. Hardasan?  Əlvida, əzizim.

Nadya

22 oktyabr 1938-ci il

Qısa arayış:

Rus şairi Osip Mandelştam 3 yanvar 1891-ci ildə Varşavada anadan olmuşdur. O, akmeist cərəyanının banilərindən biri idi. Dünyaya baxışı fərqli olan akmeistlər  bir növ dünyanı yenidən kəşf etmək istəyirdilər. Mandelştamın akmeist ruhunda yazdığı ilk kitab "Daş" adlanırdı. Belə ki, daş sarsılmaz materialdır, əsl ustanın əlində əbədi bir abidəyə çevrilə bilər. Mandelştamın "Daş" kitabı da məhz bu anlamı ifadə edirdi.

1917-ci il inqilabına münasibəti birmənalı olmayan şairin yeni Rusiyada öz yerini tapmaq cəhdləri uğursuzluq və qalmaqalla nəticələnirdi.

O.Mandelştamın 1933-cü ildə Stalinlə bağlı yazdığı yumoristik şeirdən sonra isə onu Perm vilayətinə sürgün edirlər. Orada ruhi sarsıntı keçirən şair intihara cəhd edir. Həyat yoldaşı Nadejda Yakovlevna tanışlara, dostlara, bütün instansiyalara məktub yazaraq kömək istəyir.

Nəticədə  Mandelştama və həyat yoldaşına sürgün yerini özlərinin seçməyi təklif edilir. Onlar Voroneji seçirlər. Orada Nadejdanın qohumları yaşayırdı. Amma ağır günlər yenə bir-birini əvəz edir, maddi imkansızlıq son həddə çatmışdı. İnsanlar onunla nəinki görüşməkdən, üz-üzə gəlməkdən belə qaçırdılar. 1937-ci ilin mayında Voronej sürgününün müddəti başa çatır. Şair bundan sonra bir il Moskvada yaşayır. Səfalətdə yaşayan Mandelştamın çətin günləri davam edirdi. O, pulsuz-parasız və kimsəsiz idi. Jurnal redaktorları şeirlərini çap etməkdən çəkinirdilər.

1938-ci ilin mayında Mandelştam yenidən həbs olunur. Onu Qərbi Sibirə, 5 illik katorqaya göndərirlər. Artıq Mandelştam geri qayıtmayacaqdı. O, elə 1938-ci ilin  27 dekabr tarixində vəfat edir.

Rus dilindən tərcümə etdi: X.Sadıqova

© Müəllif hüquqları qorunur! Mətndən istifadə etdikdə istinad mütləqdir!