Muğamın fəlsəfəsi - qəzəldən nərd oyununa - İlqar Fəhmi yazır

Paralellər strukturlar içində

İlqar FƏHMİ

 

Sualların təkəbbürü

Bəzi suallar var ki, elə bil daimi cavabsızlıq səbəbindən adi idrak mexanizminin içindən çıxıb ayrıca, müstəqil varlıqlara çevrilir, şişir böyüyür: öz xarakteri, öz cizgiləri yaranır - cavabsız suallarda xüsusi bir əda, qəribə bir qürur, hətta təkəbbür peyda olur, - siz nə qədər çalışsaz da bizim cavabımızı tapa bilməyəcəksiz; nə qədər ağıl işlətsəz də, bizim gizlətdiyimiz sirləri aça bilməyəcəksiz, biz həmişə sizin cılız cavablarınızdan yuxarıda dayanacağıq...

Və bəzən adama elə gəlir ki, bu suallar özləri öz qurbanlarını tapır, müəyyən insanların düşüncələrinə sahib olur, onların dillərini öz alətlərinə çevirir, düşünən insanların ağlına sancılır...

Məgər ətrafımızda belə qəribə intellektuallara azmı rast gəlirik? Cavabsız suallar verməklə və yaxud diqqəti qarışıq sahələrə yönəltməklə sanki qürur duyurlar, fəxr edirlər - bircə nəfər də yoxdur ki, qədim xalçaların sirrini aça bilsin; hanı, bir nəfər göstərin ki, muğamın kodlarını bizimçün xırdalasın; adam axtarıram ki, Nəsiminin hərflər aləmini açıb ortaya qoysun... və sair və ilaxır...

Belə dostlarımızın qəribə təkəbbürlü ədasını müşahidə elədikcə duyursan ki, bunlarçün haqqında danışıldığı məsələlər qətiyyən maraqlı deyil, maraqlı olan cavabsız suallar ortaya qoyub özünü ağıllı göstərməkdir. Əlbəttə ki, bu da cəhalətin bir növüdür. Cahil təfəkkür elə güman edir ki, ondan daha üstün görünən adamları hansısa suallarla susdurmaqla, onların ranqı bərabərləşəcək. Axı susqunluqda hamı eynidi. Susan adamın dərəcəsi olmur. Sükut hamını eyni rəngə boyayır...

Anti-Hollivud

Ən əvvəl onu deyim ki, haqqında danışılan suallar heç də hansısa kriptoqrafiya elementləriylə yüklənməyib. Əlbəttə, belə düşünmək yanlışdır ki, tutalım, muğamın kodlarını açmaq və ya xalçaların sirlərinə baş vurmaq bizi hansısa gizli həqiqətlərin, müəmmalı şifrələrin açılmasına gətirib çıxaracaq və sonda biz gedib Qız qalasının altını qazıb ordan "Ələddinin lampası"nı tapacağıq...

İncəsənətin kodları, sadəcə, bir şeyə xidmət edir - yaradıcı insanın fəlsəfəsini açmaq və bunun vasitəsilə toplumun kollektiv təhtəlşüuruna baş vurmaq...

Burda hansısa qeyri-adi sirlər, nə bilim, əfsunlar, tilsimlər, gizli xəzinələr gözləməyin özü də cəhalət əlamətidir və piratlar haqqında romanların, xəzinə ovçuları haqqında filmlərin yaratdığı təəssüratdı... Bir sözlə, məsələnin dərinliyinə baş vurmaq istəyiriksə, müvəqqəti də olsa, Hollivud məhsullarını beynimizdən çıxarmalıyıq...

Əlbəttə ki, bir yazıda bütün Şərq incəsənətinin, musiqisinin mahiyyətinə tam varmaq mümkünsüzdür. Bununla belə, bəzi ümumi strukturları tapıb üzə çıxarmağa çalışacağıq...

Misalçün, muğam sənətinin unikallığı barədə çox danışırıq və bu, bütün pafoslardan kənar olan bir həqiqətdir. Lakin bu unikallıq nədədir və sadəcə, muğamla məhdudlaşırmı, yoxsa paralellər aparanda, bir çox Şərq sənətlərində oxşar strukturları görə bilərik? Və görəsən, babalarımızın sevimli oyunu olan nərdin muğamla, qəzəllə və fəlsəfəylə nə bənzərliyi var?

Fəlsəfi qütbləşmə

Hər bir xalqın, toplumun əsrlər boyu yaradıb ərsəyə gətirdiyi sənət növü ilk növbədə onun fəlsəfəsini - dünyagörüşünü, həyata baxışını əks etdirir.., həm də, sadəcə, əks etdirməklə məhdudlaşmır, bu fəlsəfənin ötürücüsünə çevrilir. Müasir dövrdə milyon tirajlarla çıxan fəlsəfə və etika kitablarının funksiyasını bizdə qədim dövrlərdə məhz muğam, xalçalar, qəzəliyyat və sair sənətlər yerinə yetirib... Həm üst şüur qatında, həm də alt şüur səviyyəsində...

Bəs hansı fəlsəfəni, hansı dünyagörüşünü, hansı idrak konsepsiyasını təbliğ edib? Bunu dərk etməkçün bir az uzaqdan başlamaq lazımdır...

Gəlin, Avropa fəlsəfəsinin tarixinə kiçik bir ekskurs edək...

Xristian dünyasında əsas fəlsəfi problemlərdən olan iradə azadlığının tarixinə fikir verəndə görürük ki, bu məsələyə münasibət son minillikdə iki dəfə koordinal şəkildə dəyişib...

XV əsrə qədər Katolik dünyası insanın iradə azadlığını ön plana çəkirdi və tövbə amilinə çox əhəmiyyət verirdi - insanın iradəsi bu dünyada azaddı, əməlinə görə də tam məsuliyyət daşıyır - cavabdehdi və öz bəd əməllərini islah eləməkçün çalışmalıdı, səy göstərməlidi...

XVI əsrin əvvəllərində isə Katolik təfəkkürünə qarşı qiyam (protest) hərəkatı başladı və Protestantlıq yarandı. Əsas etiraz obyekti insanın dünyadakı günahlarının bağışlanmasında Roma kilsəsinin rolu idi. Protestantlar Roma Katolik kilsəsinin bağışlanma (indulgensiya) funksiyasını inkar etməklə bərabər, ümumilikdə xristianlıqdakı "bağışlanma" faktorunun üstündən xətt çəkdilər - insan ilkin günahdan (Adəmin günahı) yaranıb, buna görə də günahlar içində yaşamağa MƏHKUM-dur - Nəfsin islahı absurddur - nə qədər çalışsa da, təmizlənməyi, günahlardan, bəd əməllərdən, pis işlərdən uzaq olması mümkün deyil. Fatalizm ən ali mərtəbədə məskunlaşıb... Bəs çarə nədir? Çarə odur ki, günahlarını dərk edəsən və bağışlanmağın üçün İsa Məsihə yalvarasan...

Deməli, iradə azadlığı arxa plana keçdi, ön plana Cəbr (məcburiyyət, məhkumluq) çıxdı. Daha dəqiq, günahkar həyata MƏHKUMLUQ - Ali yaradıcı qüvvənin yazdığından bir addım belə kənara çıxmaq mümkün deyil; O, hamının taleyini əvvəlcədən belə yazıb, hamı bu yazını yaşamağa məhkumdur... 

(Hətta bir çox Avropa alimlərini Qərbin mədəni və elmi intibahını da məhz Protestantlığın yaranmasıyla bağlayırlar. Çünki yeni yaranan dünyapərəst burjuaziya üçün Protestant təfəkkürü daha rahat idi - sərvət və kapital yığmaq üçün istənilən bəd əməllərə də əl ata bilərsən. Günah hamının alnına yazılıb. Sadəcə, dərk et ki, günah edirsən və yalvar. İsaya yalvar ki, bağışlanasan. Yalvarmaqla bərabər, öz əməllərindən də qalma... Dayansan, səni tapdalayıb keçəcəklər...

Daha sonra, artıq XX əsrdə dini düşüncə ümumiyyətlə, kənara qoyuldu, yenə də mütləq iradə azadlığı - Ekzistensializm ərsəyə gəldi... Hamı yaradılışdan eynidi, heç bir məhkumiyyət, yazı qədər yoxdu, əksinə, insan özü öz azadlığına məhkumdu və özü öz taleyini yaradır...

Qızıl orta

İndi isə İslam dünyasına diqqət edək... Bizdə tam iradə azadlığı (Mötəzililik, məşşailik) və tam fatalizm (əşərilik) təfəkkürləri müəyyən tarixi dövrdə qısa müddətə düşüncələrə hakim olsalar da, sonradan bu iki qütbün mərkəzində dayanan bir yol tutuldu (Mütəaliyə fəlsəfəsi). - İnsanın iradəsi azaddır, lakin Allahın əvvəlcədən qoyduğu çərçivə daxilində... Yəni fatalizmlə iradə azadlığı bir təfəkkürdə birləşdirildi... (Düzdür, bu sintezi tam izah etməkçün cild-cild kitablar yazılıb, amma məsələnin dərininə varmaq, yazımızın mövzusu deyil.)

Budur, əsas düşüncə fərqi - xahiş edirəm bu məqama diqqət edək, çünki yazımızın sonrakı hissələrində məhz burdakı məqamların incəsənət sahəsində təkrarını görəcəyik..

Beləliklə gördük ki, Avopada fatalizm və iradə azadlığı arasında iki dəfə qəti keçid olub, Şərq dünyası isə yüzilliklər ərzində bu iki qütbün arasında mövqe tutmağa çalışıb...

İndi araşdırıb görək bu düşüncə fərqi mədəniyyətin və incəsənətin hansı tərəflərində müşahidə edilib?

Şahmat və kart

Məncə, toplumun həqiqi simasını dərk etmək üçün ilk olaraq, onun populyar və sevilən oyunlarını analiz etmək, yalnız bundan sonra incəsənətə keçmək lazımdır. Axı bütün incəsənət, mahiyyət etibarilə bir oyun funksiyası daşıyır...

Avropada erkən Orta əsrlərdə ən ali oyunlardan biri və hətta birincisi şahmat idi. Hindistanda yaranan və İslam aləmi vasitəsilə Avrpaya gəlib çıxan bu oyun yüksək dairələrdə çox populyar idi, az qala, arxetipə çevrilmişdi...

Daha sonrakı yüzilliklərdə (Protestantlıq dönəmində) isə kart oyunları, əsasən də indi poker dediyimiz oyun növləri daha çox yayılaraq Şahmatı kənara itələdi...

İndi isə, gəlin bu oyunlara diqqət edək - Şahmatda əvvəlcədən oyunçuların vəziyyəti eynidir, bərabərdir. Tale, qismət faktoru yoxdur. Oyunun gedişatı boyu oyunçuların ağıl və zəkası özünü göstərir və uduzan oyunçu məğlubiyyətinə görə heç kimi ittiham edə bilməz. Oyunun nəticəsinə yalnız özü cavabdehdir... Tam iradə azadlığı...

Bəs kartda nə görürük? Hər şey qədərdən-qismətdən asılıdır. Kart necə gəldisə, sən də oyununu bunun üzərində qurmağa məcbursan.., başqa sözlə desək, hər şey kartpaylayanın əlindədir. Heç bir iradə azadlığı yoxdur. Uduzsan da, udsan da, burda sənin xidmətin çox cüzidir, hər şey qismətdən, kartın gətirməyindən asılıdır.. Tam fatalizm...

Diqqət etsək görərik ki, sanki birinci oyun Katolik dönəminin iradə azadlığını, ikinci oyun isə Protestant dönəminin fatalizmini əks etdirir... Yəni insanlar, hətta sevərək oynadığı oyunlarda da, qeyri-iradi öz dünyagörüşlərini, fəlsəfələrini əks etdirirlər...

Müasir dövrdə yenidən şahmata qayıdışı müşahidə etdik - kart və bu tipli "qismət oyunları" qumar növləri kimi kənara atıldı, şahmat isə ən ali idman yarışlarının tacına çevrildi. Çünki XX əsr, qeyd etdiyimiz kimi, tam iradə azadlığına - ekzistensializmə köklənib...

İndi isə Şərq düşüncəsinə qayıdaq. Yuxarıda bildirmişdik ki, müsəlman Şərqinin dünyagörüşü bu iki qütbün arasında mövqe tutub. Bəs, görəsən, oyunlarda bu necə təzahür edir?

Şərq oyunlarından danışarkən, əlbəttə ki, ilk olaraq əsrlər boyu ən sevilən oyun olan nərd oyunu yada düşür... (Başqa oyunlar mövcud olsa da, yüzillər ərzində nərdin kütləvi populyarlığı tarixi faktdır.)

Nərddə, təbii ki, əvvəlcə zər atılır. Deməli, bir məhkumiyyət var, zərin verməyindən çox şey asılıdır. Bu, ilahi yazıdır, qədərdir. Zərin hökmünü dəyişmək olmaz... Lakin... Hər şey zərin verməsiylə bitirmi? Qətiyyən... Əsl mübarizə elə bundan sonra başlanır... Zərin nə verdiyi bəlli olandan sonra oyunçu öz hərəkətlərində müəyyən mənada azaddır, gedişi öz ağlı və zəkası ilə idarə edir. Ancaq yenə də fatalizm (İlahi qədər) birdəfəlik kənara çəkilmir - oyunçu gedişini edərkən daim beynində tutur ki, növbəti atışda zərin nə verəcəyi məlum deyil, deməli, zərin hökmündən tam qurtulmayıb, mütəmadi olaraq qeyri-müəyyənliklə; qismətlə - İlahi qədərlə rastlaşacaq...

Oyunçular, sanki kəndirbaza bənzəyir, bir tərəfdə iradə azadlığı və məntiqi təfəkkür - digər tərəfdə fatallıq və İlahi qəza-qədər. Nərd oynayanlar, sanki bu uçurumun arasında variasiya edirlər...

Qəzəl cazibəsi

Diqqətimizi daha ciddi sayılan sahələrə yönəldək və ilk olaraq Qərb poeziyasına nəzər salaq. Ya bir mövzu üzərində köklənmiş uzun şeirlər və ya qısa fikirləri, hissləri əhatə edən yığcam bitkin müstəqil şeir formaları...

Şərqdə isə bu formalar mövcud olsa da, yüzilliklər boyu qəzəl-qəsidə, müxəmməs-mürəbbe və yaxud qoşma-gəraylı formaları daha populyar olub. Bəs bu şeirlərdə əsas struktur fərqi nədir?

Müxtəlif ölçülü və rəngarəng mövzulu şeirlər ilk növbədə beytlərə (və ya bəndlərə) bölünür. Hər beytdə (bənddə) şair öz düşüncəsinin, hiss və duyğularının ifadəsində azaddır. Sanki müxtəlif motivli qısa şeir parçalarının cəmini görürük... Amma ... şair unutmamalıdır ki, hər beytin, hər bəndin sonunda sən rədifə və qafiyəyə qayıtmağa MƏHKUM-san... Sən qoşmanın-qəzəlin ortasında qəfildən rədif-qafiyəni dəyişə bilməzsən... İstər qırx beytlik qəsidə olsun, istər beş bəndlik gəraylı - rədif və qafiyə sona qədər dəyişməz qalır... (Hətta son yüz ildə yaranıb inkişaf edən şifahi meyxana janrı da eyni struktura malikdir; sərt və dəyişməz qafiyə- rədif və bunların arasında anında düşünülən sərbəst improvizasiya).

Şair təxəyyülünün azad uçuşu sanki mütəmadi olaraq tormozlanır... Yenə də iki qütb arasında müvazinətlə rastlaşırıq...   

Tam məsuliyyətlə deyə bilərəm ki, dünyada heç bir poeziyada belə unikal formalar mövcud deyil... (Əslində, bu məqam da ayrıca bir araşdırma mövzudur).

Və bəlkə də əsrlər boyu məhz bu janrların (qəzəl, qoşma, gəraylı) uzun əsrlik cazibəsi, xalqımız tərəfindən bu qədər sevilməsinin, geniş yayılmasının əsl səbəbi də elə bu unikallıqdadır....

Göz diktatı və gözsüzlük

Daha bir paralel - rəssamlıq sənəti. Qərbdə erkən Orta əsrlərdə geniş yayılan İkonaqrafiya sənətinə diqqət yetirəndə görürük ki, rəssamlar öz hiss və duyğularının, xəyallarının ifadəsində tam azaddırlar;  müqəddəs ruhları, həvariləri, Məryəmi və hətta İsanın özünü də istədikləri formada, hətta formasız təsvir edə bilərlər...

Lakin İntibah dönəmində məhkumluq yarandı. Rəssamlar öz azadlığını itirdi...

Əlbəttə, ilk baxışdan bu fikir absurd görünə bilər. Klassik Qərb rəssamlığına baxanda qarşılaşdığımız mövzu və üslub rəngarəngliyi, sanki bizə sənətkarların azadlığını göstərir. Axı burda hansı məhkumluqdan, qədərdən söhbət gedə bilər?

İlk baxışdan həqiqətən belədir, lakin burada məhkumiyyət alt qatdadır. Rəssam gözünün gördüyü reallığı əks etdirməyə məhkumdur.., hətta klassk perspektiv ehkamlarının incəliyinə qədər cilalanmağı, riyazi dəqiqliklə işlənməyi belə, məhz bu göz məhkumiyyətinin nəticəsidir.

Obyektiv reallıqda hər şey başqa cürdür, tutalım, arxada dayanan insanla ön planda dayanan insan eyni ölçüdədir. Lakin rəssam öz gözünün gördüyünə məhkum olduğuna görə təsviri məhz üç ölçülü perspektiv qaydalarıyla işləməlidir, arxada dayanan obyekt kiçik təsvir olunmalıdır.

Diqqət etsək görərik ki, hətta müqəddəs şəxslərin, hansısa dini mərasimlərin, səmavi hadisələrin, ruhların, kabusların təsviri zamanı belə, hər şey məhz gözün maddi aləmdə gördüyü üzərində qurulur. Ona görə də körpə İsalar hamının gördüyü adi körpə uşaqların tam dəqiq əksidir; müqəddəs Məryəm adi məhəllə qadınlarıyla eyni sifətdədir; İsa Məsih və Həvariləri isə sırf bizim özümüzün əksinədir.., hətta İblis, Şeytan və başqa mistik varlıqlar da bu əsərlərdə sırf real maddi heyvanlar - canavarlar, çaqqallar və sair kimi təqdim olunur.., hər bir detal, hər bir obyekt ən xırda cizgisinə qədər reallıqdakının əksi kimi görünməlidir. Sanki güzgü effekti üzə çıxır... Axı rəssam gözünün gördüyündən kənara çıxa bilməz. Çərçivə çox dardır...

Müasir dövrdə isə yenə də əks qütbə hərəkət görürük. Bütün çərçivələr sındırılır, tam azadlıq cəhdləri görünür, klassik pespektiv və işıq-kölgə qanunları kənara atılır. Artıq XX əsrin əvvəllərindən ekspressionist rəssamlar, ümumiyyətlə, gözün gördüyündən imtina etdilər, improvizasiya və şərtilik ön plana çıxdı, daha çox əhval-ruhiyyənin, xəyalların, absurd düşüncələrin əks olunmasının yollarını axtarmağa başladılar... XX əsrin Qərb rəssamlığında reallığın olduğu kimi əks edilməsi geridəqalmışlıq hesab olunurdu...

Bəs Şərq miniatür rəssamlığında nə görürük? Yenə də eyni strukturlar üzə çıxır - Məzmun və üslublar müxtəlifdir. Ancaq dərinə gedəndə, Şərq miniatür rəssamlığının mahiyyətində də eyni "orta xətt"i görürük. Rəssam öz əsərində real həyat lövhələrini, bədii əsərlərin epizodlarını əks etdirir, yəni tam xəyallar, duyğular aləminə getmir, absurd müstəvisinə keçmir. Mövzunun və süjetin çərçivəsində qalır. Ancaq o, öz yaradıcılıq prosesində gözünün gördüyünə məhkum deyil - perspektiv qanunlarını rahat halda pozaraq müxtəlif məsafədə dayanmış obyektləri eyni ölçüdə çəkə bilər; işıq-kölgə qaydalarından çıxaraq, ümumiyyətlə, kölgədən imtina edə bilər; mimessis metodunu sındıraraq bütün insanları öz istədiyi sifətdə təsvir edir; hətta maddi təbiətin qanunlarını da pozaraq bitkilərin, ağacların güllərin müxtəlif fəsillərdəki gözəlliyini bir zaman kəsiyində birləşdirə bilər... Sanki rəssam (Şərq diliylə desək nəqqaş) reallığa, ətraf aləmə adi gözlə baxsa da, kağızda bu fiziki gözün gördüyünü yox, ruhunun, xəyalının gördüyünü çəkir.

Yenə də eyni halı müşahidə elədik - çərçivə daxilində azadlıq, ehkam içində improvizasiya).

Bəstəkar Tanrı

Erkən Orta əsrlərdə Qərbdə çoxsaylı musiqi janrları var idi ki, bunlar da iki istiqamətdə inkişaf edirdi - kilsələrdə dini mətnlərin avazla oxunması (dini musiqi); saraylarda və el şənliklərində müxtəlif musiqiçilərin, trubadurların cürbəcür şeirlər üzərində ifa etdiyi balladalar, melodiyalar və sair... Alimlər qeyd edir ki, həmin dövrün musiqisi daha çox sərbəstlik və improvizasiya üzərində qurulurdu, hər şey ifaçının, trubadurun daxili əhval-ruhiyyəsindən, energetikasından asılı olurdu...

İntibah dövründən sonra Qərbdə not sistemi əsasında yavaş-yavaş simfonik musiqi formalaşmağa başladı və bu gün hamımızın tanıdığımız klassik musiqi janrları ortaya çıxdı.

Yəni ifaçılar əks qütbə keçdilər, öz azadlıqlarını itirdilər, nota məhkum edildilər. Bir Tanrı (bəstəkar), onun əlindən çıxan İlahi yazı (partitura-notlar), bu bəstəkarın iradəsini yeridən dirijor... Və onlarca, yüzlərlə məhkum musiqiçi, ifaçı... O ifaçı ki, nə qədər istedadlı, nə qədər emosional olsa da, ifa zamanı qarşısındakı partituradan bir notu belə dəyişməyə, bir notdan belə çıxmağa ixtiyarı yoxdur - nə qədər gözəl, istedadlı ifaçı olsa da, öz istedadını nümayiş etdirməyə meydan çox dardır. Qəza-qədər. İlahi yazı... və yazıya məhkum iradəsiz insanlar... Əgər fantaziyaların, təxəyyülün fəvvarə vurursa, buyur, get bəstəkarlıq məktəbini keç, özün əsərlər bəstələ.., lakin mövcud vəziyyətdə sən əhval, hiss, duyğu, təxəyyül ortaya qoya bilməzsən, çünki qarşında yazı - not var. Yazı az qala İlahi gücə malikdir. Dəmir çərçivədir... Əvvəlki sərbəst improvizasiya isə bu dönəmdə yalnız interpretasiya formasında mövcud ola bilirdi ki, bu da, əslində, improvizasiyanın özünün də qabaqcadan dəqiq müəyyən edilmiş çərçivəyə salırdı...

Sonradan XX əsrdə yenidən əks qütbə hərəkət müşahidə olundu, sərbəst improvizasiyalar dövrü başlandı, misalçün caz, rep kimi musiqi janrlarında sərbəst improvizasiyalar ön plana çıxdı, avanqard və postavanqard musiqidə də bunu müşahidə eləmək olar...

Maraqlı cəhət ondan ibarətdir ki, Qərbin musiqi sənətində son yüz ildə nə qədər yeniliklər ortaya çıxsa da, klassik simfonik musiqinin kanonları nə qədər sındırılsa da, məhz Bəstəkar diktatı hələ də davam edir, ifaçı azadlığına çox da meydan verilmir. Çünki professional musiqi hələ də öz mövqeyini qoruyub saxlayıb...

(Ümumilikdə Qərb mədəniyyətinə diqqət edəndə görürük ki, son yüz ildə nə qədər iradə azadlığını təbliğ etsələr də, "Protestant qəza-qədəri"ndən hələ çıxa bilmirlər. Hələ də bir çox mədəniyyət sahələrində "qatı, sərt yazı metodikası", dəyişilməz "qayda-qanun diktatı" hökm sürür. Görünür, Bernard Veber kimi alimlər "bütün müasir Qərb sivilizasiyası Protestant etikasının varisidir" deyərkən, həqiqi vəziyyəti daha yaxşı dərk edə biliblər).

Rahat gəzişmələr

Yenə də Şərqə qayıdaq və muğam sənətinə diqqət edək... Bizim muğam sənəti şifahi-professional musiqi kimi dəyərləndirilir. Məncə, düzgün yanaşmadı.

Hər muğam dəstgahının özünün mayəsi, ladı, hər şöbənin öz pərdəsi mövcuddur. Burda fatallıq var. İfaçı pərdədə qalmağa məcburdur. Sərbəstlik yoxdur. Xaric ifa qəti qadağandır. Bunu sərt çərçivə, məhkumluq hesab etmək olar...

Ancaq bu çərçivənin içində hər bir ifaçı sərbəstdir, rahat "gəzişir", öz hiss və duyğularını, öz daxili əhval-ruhiyyəsini istədiyi kimi ifadə edə bilər... Burda məhkumiyyət yoxdur, tam azadlıq var... Hamıya məlumdur ki, peşəkar muğam ifaçısı - istər instrumentalist, istər də xanəndə - öz ifasını ikinci dəfə tam oluğu kimi təkrar eləməyə çətinlik çəkir. Əlbəttə, çərçivəni (ehkamı) təkrar edəcək, burda problem yoxdur, amma ortadakı improvizasiyalar əksər hallarda heç musiqiçinin özünün də yadında tam dəqiqliyinə qədər qalmır (Düzdür, son onilliklərdə səsyazısı geniş yayıldığına görə, təkrarlara rast gəlmək olur. Hansısa bir gənc ifaçı bir ustadın eyni ifasını çoxlu-çoxlu dinləyib əzbərləyə bilər. Ancaq bu da ötəri haldır. Peşəkarlığın yüksək səviyyəsinə çatandan sonra sənətkar başa düşür ki, burda təkrara yer yoxdu, muğamın gözəlliyi və özəlliyi də məhz bu təkrarsızlıqdadır)...

Son əsrdə bizdə professional Qərb musiqisinin bəzi ehkamlarının tətbiqi nəticəsində muğam guşələrinin dəstgah içində düzülüşü müəyyən stabil struktur alıb. Amma musiqişünaslar bilir ki, əvvəllər, hətta bu düzülüş də ifaçının öz ixtiyarına buraxılırdı, burda da azadlıq var idi. İfaçı yerində ifa zamanı öz səs imkanlarını, alətin səslənməsini və əlbəttə ki, yenə də öz daxili əhval-ruhiyyəsini nəzərə alaraq bu düzülüşü də yerindəcə müəyyən qədər dəyişə bilirdi...

Muğam sənətinin incəlikləri o qədər çoxdur ki, cild-cild kitablar da yazılsa, yenə də kifayət eləməz və bu yazıda məqsədimiz bu incəlikləri üzə çıxarmaq deyil. Məqsəd bütün bu gözəlliklərin altında - dərinliklərdəki struktur paralellərini göstərməkdir.

Bəli, burda da gördük ki, fatalizmlə iradə azadlığı bir müstəvidə birləşdi. Muğamda ifaçı üçün nə tam azadlıq var, nə də tam qəti sərt çərçivə... Həm çərçivə var, həm də azadlıq. İkisi üzvi vəhdətdə çıxış edir və bu sənətə unikallıq gətirir...

Eyni fikirləri Aşıq əbədiyyatına da şamil etmək olar, hətta Qərb rəqsləriylə bizim milli rəqslərin tarixinə baş vuranda da bənzər strukturları görürük...

Kimdir rejissor?

Nə olsun ki? Burda nə var axı... Əlbəttə ki, bütün bu yazılanlardan sonra oxşar suallar ortaya çıxa bilər. Bəli, məlum oldu ki, sənətkarlar sənətdə öz dünyagörüşlərini əks etdiriblər. Bizdə də, Qərbdə də... Vəssalam... Elə bu?

Məncə, məsələ bununla bitmir. Yazının əvvəlində dediyimiz bir fikrin üstünə qayıtmaq istəyirəm. Fəlsəfə və hikmətin kitab halında geniş yayılmadığı dövrdə, geniş kütlələr arasında dünyagörüşünü məhz sənət təbliğ edirdi - mədəniyyət nümunələri fəlsəfi kitabları əvəz edirdi.

Qərbin protestant dövrünün dühası Şekspirin məşhur kəlamı yada düşür: Dünya teatrdı, insanlar isə aktyor... Diqqət edək, insanlar dramaturq yox, rejissor yox, məhz aktyordur...

Haşiyə: Bu fikri ekzistensialist Sart desəydi, təxminən belə deyərdi: Həyat teatrdı, hər bir insan isə həm dramaturq, həm rejissor, həm də aktyordur...

Şekspirin fikrinin bir az da dərininə gedək: Əgər insan dramaturq yox, rejissor yox, aktyordusa, deməli, səhnədə özünün yazmadığı rolu oynamağa məhkumdu. Rolunu və oynadığı pyesi özü seçmədiyi kimi, içində nəyisə dəyişməyə də qadir deyil. Tamaşaçı yüz dəfə də gəlib "Otello"ya baxsa, eyni hadisəni eyni olduğu kimi görəcək, eyni aktyor yüz dəfə eyni sözü deyəcək... Yaxud eyni simfoniyaya yüz dəfə qulaq assa da, eyni notları eşidəcək... Deməli, təhtəlşüur səviyyəsində dinləyicidə belə bir fikir formalaşacaq ki, yazını dəyişmək mümkün deyil, aktyor roluna, musiqiçi öz qarşısındakı (özünün yazmadığı) partituraya məhkum olunduğu kimi, hər adam da öz həyatının rolunu, notlarını ifa etməyə məhkumdur, heç nəyi dəyişmək mümkün deyil... 

Bəs uzun illər ərzində muğam dinləyən, lakin hər dəfə şöbələr içində müxtəlif təkrarsız improvizasiyaları seyr edən insanda nə baş verir? - təhtəlşüur səviyyəsində təxminən belə fikir oturur ki, bəli, muğamların əsas pərdələrini, əsas çərçivəsini dəyişmək mümkün deyil, bu cəbrdir, amma bu çərçivənin içində azadlıq var, hər şeyi hər dəfə istədiyin kimi dəyişə bilərsən və hər dəyişikliyə görə də özün cavabdehsən. Ola bilər ki, bu improvizasiya (dəyişiklik) uğurlu olsun, ola da bilər ki, uğursuzluğa düçar olasan. Hər şey özündən - öz bacarığından, fərasətindən asılıdır... Həyat da belədir. Həqiqət bu iki qütb arasındadır...

Əlbəttə, bu azadlığın özünün də altında müəyyən hədd var - bütün improvizasiyalarda xaric ifa, dissonans qadağan oldunduğu kimi, həyatda da günah və cinayət həddini keçmək qadağandı.

(Eyni hadisə başqa incəsənət növləriylə kontakt zamanı da baş verir, təhtəlşüur müxtəlif mədəniyyət vasitələrilə eyni məzmunlu informasiya ilə yüklənir. Amma onların hamısını nümunə gətirmək mətləbi çox uzadar).

Məhz bu baxımdan qətiyyətlə deyə bilərəm ki, Şərqdə nə Şahmat, nə də Kart oyunları heç vaxt ümummilli oyunlara çevrilə bilmədiyi kimi, heç bir şərqli tam olaraq fatalist də ola bilməz, tam olaraq ekzistensialist də... Şərq təfəkkürü bunların ortasında - cəbrlə ixtiyarın arasında dayanıb - əsl nərd oyununda olduğu kimi... (zənnimcə, nərd oyununun fəlsəfəylə bağlılığı tək bununla bitmir. Nərdi dərinliyinə qədər analiz edərək, başqa superetnoslar arasında müxtəlif dövrlərdə sevilən oyunlarla müqayisə elədikcə çox ilginc məqamlar üzə çıxır. Amma bu artıq başqa bir mövzudur).

Fəlsəfəsizlik faciəsi

Fikirlərimizə yekun vuraq. Deməli, müəyyən dövrdə müəyyən fəlsəfi dünyagörüşü yaranır, mədəniyyətə keçir və onun vasitəsilə insanları idarə edir... Hətta insanların özü fəlsəfə barədə bir kəlmə eşitməsələr belə... Məhz buna görə də hansısa xalqın dünyagörüşünü dəyişmək istəyən kənar qüvvələr, ilk növbədə, onun mədəniyyətini məhv eləmək istəyirlər, çünki milli ənənəvi dünyagörüşünün fəlsəfi müstəvidə şərhi heç vaxt geniş mənada populyar olmayıb, yalnız mədəniyyət və incəsənət vasitəsilə toplumun içində yayılıb... Mədəniyyət dağıdılarsa, toplumla onun fəlsəfəsi arasında uçurum yaranar. Fəlsəfəsi olmayan xalqları isə istismar eləmək, qul eləmək çox asandır. Fəlsəfəsizlik faciəsi məhz budur...

Biz son yüz ildə bu tendensiya ilə rastlaşmışıq. Sovet hakimiyyəti dövründə bizi məcbur ediblər ki, minillik tarixi olan milli sənət növlərimizə məhz Qərb mədəniyyətinin baxış bucağından baxaq - bu minvalla gözümüzdən salmağa çalışıblar. Milli sənətimizin bütün unikal keyfiyyətlərini məhz Qərb kriteriləriylə ölçərək "köhnəlmiş" və "lazımsız" kimi qələmə verməyə və unutdurmağa çalışıblar. Lakin XX əsrdə xalqımız bütün çətinliklərə baxmayaraq, milli fəlsəfənin, kollektiv təhtəlşüurun daşıyıcısı olan mədəniyyətimizi qoruyub saxlaya bildi. Bizim boynumuza düşən isə bu mədəniyyəti daha da çətin bir sınaqdan - qloballaşma sınağından keçirmək, qoruyub saxlamaq və gələcək nəsillərə ötürməkdir... Əgər bunu bacarmasaq, ortaya çıxıb "bizim millət heç nəyə qadir deyil", "bizim xalq həmişə geri qalıb", "bizim mədəniyyət bu vaxtacan dəyərli heç nə yaratmayıb" deyərək çığır-bağır salan səfeh nihilistlərin təsiri altında həqiqətən də mədəniyyətimiz böyük itkilər verəcək və gələcəkdə bu itkilərin yerini doldurmağımız çox çətin olacaq...

© Müəllif hüquqları qorunur! Mətndən istifadə etdikdə istinad mütləqdir!