Universitetdə oxuyanda - "Mən" olmağımın tarixçəsi...Niyazi Mehdi yazır

Niyazi MEHDİ

 

Əvvəli: 

http://edebiyyatqazeti.az/news/muzakire/4482-men-olmagimin-tarixcesiuniversitetde-oxuyanda

Universitetdə oxuyanda

(1968-1973)

Bu cümlə belə də ola bilər: anama filan şeyi demək üçün evə getməli olmağım cib telefonlarının vaxta və məkana nə qədər qənaət etməyimizi aydın göstərir. Daha qabaq mən əyri strukturların mədəniyyətin yaranıb gəlişməsində gördüyü işlərdən məqalə yazmışdım. Əyri cızıq iki nöqtə arasında qısa məsafə ilə gedən cızıq olmadığı kimi əyri strukturlar da elədir: ağzını sulandıranı qapıb yeyəndə düz cızıq prinsipində davranırsan. Görməmiş görünməmək yasağı səni həmin meyvəni həməncə götürüb yeməyə qoymayanda sanki düz cızığı sındırırsan. Əslində, Rəhimin özü bilməsə də onun ilk spekulyativ yazısı əyri strukturları sayəsində mənə elə ağıllı görünmüşdü.

Froyda görə, əxlaq insanın bioloji təbiəti üzərində zorakılıqdan yaranb. Bəlkə də haçansa Froydun bu ideyasını oxuyandan sonra mədəniyyətin əyri strukturlar əsasında yaranması düşüncəsinə gəlib çıxmışdım. Ancaq hər halda dəqiq bilmirəm, öncə Froydun ideyasını bilib yeni fikrə gəlmişdim, yoxsa bu yeni fikrimdən sonra Froydun ideyasına rast gəlib mənim konsepsiyamla oxşarlığından xoşnud olmuşdum?  

Kamalın mənimlə ilgili məzələndiyi başqa səhnə atamla bağlı idi. Ömrüm boyu, bircə qəbul imtahanını çıxsam, mən həmişə imtahana yaxşı hazırlaşa bilməmişəm. Əzbərçiliyə nə yaddaşım vardı, nə hövsələm. Hətta indinin özündə belə keçdiyim fənlərin imtahan suallarının hamısını yaxşı bilmirəm və bunu tələbələrdən gizlətmirəm də (deyəsən, müəllimlərin çoxu yaxşı bilmir, ancaq özlərini sındırmırlar).

Oxuduğum zaman imtahana yaxşı cavab verməyimə arxayın olmadığımdan imtahan ərəfəsində atam əlində portfel gəlib (çünki həmişə universitetə portfellə gedirdi) məni tapşırardı. O birilərini də bəzən tapşırardılar, ancaq, yəqin, telefonla, ya xəlvətcə. Atam isə əlində portfel gələrdi və bu da Kamalın, Eldarın mənimlə bağlı zarafatına ləzzətli material verərdi.

Bir-birini dolamaq, bir-birinə sataşmaq Azərbaycan şagirdlərinin və tələbələrinin əsas muşğulatıdır və bundan heç kim cırnamır. Kamalı mən nə ilə dolayırdım, yadımda deyil, ancaq onunla birləşib Eldarı dolamağım yadımdadır. Eldar hansısa ağır xasiyyətli müəllimə qılıqla yanaşıb nəsə söyləyəndən sonra yanımızı gəlib dodaqaltı deyərdi: doladım onu. Biz bu səhnəni oynayıb gülərdik və bu zaman mən Eldarın başını tərpədə-tərpədə müəllmə yaxındaşmasını yamsılayırdım. Eldar da gülməli olurdu. İndi haqq dünyasında olan əziz dostumuz Eldarı Kamalla hərdən kədərlə yala salırıq. O çağlar isə Eldar çiy hərəkət edəndə dolamaq fürsətini buraxmazdıq.

***

Mən universitetdə uşaqlıq dostum Nazimlə boksa getməyə davam edirdim. O, tarix fakültəsində oxuduğundan bir yerdə məşq edə bilirdik. Mən, hətta Burevestnik üzrə çempion da olmuşdum. 40 yaşından sonra dost-tanışımı təəccübləndirmək fəndim boks üzrə Bakı çempionu olduğumu söyləməyim olardu. Ona görə təəccübləndirirdim ki, bu gombul, gözlüklü Niyaziyə boks və çempion adı heç yapışmrdı. Adamların təəccübü başlayıb sönəndə ikinci "zərbəni" vururdum: Burevestnik tələbələrin idmanı idi, ona görə Bakı tələbələri arasında çempion olmuşdum. Bir də ona görə olmuşdum ki, jürinin sədri Rafiq İmanov tapşırmışdı (o, anamın qohumlarından idi və dayımın sözü ilə mənə üzügörənlik etmişdi).

Əslində, fiziki göstəricilərimə görə mən boksa heç yaramırdım, bədənim elastikliyinə görə daha çox güləşə uyğun idi. Burevestnikdəki uğurumdan sonra univerisitetin komandasında Kazana yarışa getdim. Atam kafedra müdiri Rafiq Baxşəliyevə (o da boksçu olmuşdu) demişdi ki, görsə, rinqdə məni döyürlər, dəsmal atsın. Elə də oldu. Bir pəzəvəng rus məni yumruqlayanda döyüş yarımçıq kəsildi.

Kazan mənim Azərbaycandan dışarıya ikinci səfərim oldu. Birinci səfərim isə 1-ci kursda Babulya dediyimiz dostum Babayev Fərhadla Moskvaya olmuşdu. O, məktəbdə rus bölməsində oxuyurdu. Deyəsən, Nazimin sayəsində biz yaxınlaşmışdıq. Əslində, Yasamalda rus bölməsinin oğlanları ilə azəri bölməsinin oğlanları çox nadir hallarda möhkəm dostluq edərdilər. Mən isə Fərhada ən yaxın dost idim. Fərhadın sonralar məşhur rəssam olmuş, indi Almaniyada yaşayan Əşrəf adında dostu vardı. Ancaq mən ona Əşrəfdən də yaxın idim.

Rus bölməsinin uşaqları ilə bizim bölmənin uşaqları arasında müəyyən kültür uyuşmazlığı vardı, bəlkə də Azərbaycan bölməsi rus bölməsinin oğlanlarında nəsə "matışkəlik" görürdü. Ancaq Fərhad məndən sonra Akiflə dostluğumuza qoşuldu. Bax, 1-ci kursda Fərhadın təşəbbüsü ilə Moskvaya getdik. Necə olmuşdu atam, anam məni buraxmışdı, pulu haradan tapmışdılar, bilmirəm. Düzdür, biletlər ucuz idi, mehmanxana da ucuz idi, ancaq yenə də. Güman nənəm pulu yollamışdı. Bəs niyə anam razı olmuşdu? Böyük dünyanı görməyim üçün?

VDNX-da hovuzun qırağında Fərhadla oturub çəkdirdiyim foto haradası arxivdədir. Oradan adama nazıik zolaq kimi saqqalı olan, qarınsız, güclü sinəli, saçının seyrəkliyi görünən Niyazi baxır. Bakıda mən saqqal saxlaya bilməzdim, atam qoymazdı. Moskvada isə üzümdə bu zolağı saxladım, hansı ağılla, hənsı amacla bilmirəm. Saqqal mənə nə verməliydi, müasirlik? O çağlar Azərbaycanda uzun bitlz saçları, bakenbardları modernlik kimi qavranılırdı, saqqal yox!

Moskvada görməmşlikdən bütün vaxt siqaret çəkirdim, hətta çörək yeyəndə də. Bakıda siqareti atamdan xəlvət çəkdiyim üçün az çəkməli olurdum, bu anlamda görməmişi idim. Moskvada isə axırda Fərhad partladı ki, yemək zamanı niyə çəkirsən?!

Orada bütün vaxtı qız axtarırdıq. Mehmanxanamız "Altay" idi. Bir dəfə nömrəyə iki qızla (bəlkə də bir qızla) gəldik, işıqları söndürdük. Fərhad dedi fitlə mahnı çal, qızla step dansı edim. Çaldım. Sonralar bu səhnə mənə utanışla gülüş qatışığını gətirirdi. "Azərbaycanlı Moskvada" filmi olsaydı, bu səhnə ona ləzzətli epizod verərdi.  

Kazan şəhərinə qayıtdım. Ağdam dostum Mişanın böyük qardaşı Fuad, bacısı Ella, bibisi oğlu Ramiz necəsə gedib ora çıxmışdılar. Daha doğrusu, Fuad getmiş, sonra onları öz arxasınca çəkmişdi. Hantinqton çinlilər haqqında yazırdı ki, onlardan biri Almatıda kök salandan sonra gördülər ki, arası kəsilmədən qohumları yanına köçür, ona görə də Çinin Sibiri bu yolla tutması uzaqda deyil. Ağdamlılarda və bütünlükdə azrəbaycanlılarda da elə fərasət var. Ella Fuadın köməyi ilə Kazanda universitetə girmişdi. Ramizsə sonralar Fuad kimi orada zavod direktoru oldu. Ella hazırda kökəlmş qoca arvaddır, Belçikada yaşayır. Onu fransızca danışan görmək qəribə səhnə olardı. Bunu yazıram və görürəm ki, İzi dayının uşaqlarını, dostum Mişanın qardaş-bacısını doğmalarım kimi sevirəm.

Kazanda ilk dəfə Rusiya çapında küçədə "qız bişirmək" təcrübəm oldu, - bu deyimin etnoqrafik açımını bir az sonra verəcəm. Bu faktdan onun üçün danışdım ki, bütün Azərbaycan (bəlkə də bütün Qafqaz gəncliyi Rusiyaya gedəndə onlar üçün birinci planlaşdırılan kef qızlar idi - o zamanlar "seks turizmi" termini formalaşmasa da, seks turizm vardı, marşrutu isə Qafqazın o tayına, Quzeyə idi). Kazanda hansısa univermaqda satıcı olan gözəl tatar qızı ilə tanış oldum. Avropalı üzü vardı, tatar olsa da, tatara heç oxşamırdı. Adı Zülfiyyə idi (gör, adı necə yadımda qalıb?!) və görünür, müsəlman olduğumu bildiyi üçün asan tanış olmuşdu, yoxsa hər alıcı ilə tanışmı olardı?! O qızdan fotoşəklini aldım. İndiyənəcən də evdə hansısa albomda qalıb. Şəkli elə saxlamışdım ki, sanki "Kazanda gəzdiyim qız olub" məsələsi ilə öyünəm. Bəlkə öyünmüşdüm də. 

"Qız bişirmək" məsələsinə bir yozum verim. Struktur antropologiyanın yaradıcısı Klod Levi-Stross "mədəniyyət/təbiət" qarşıdurumunun mətbəxdə "bişmiş/çiy" qarşıtına keçməsini yazmışdı. Süfrədəki bişmişlər mədəniyyəti (kültür, həm də emal olunmuşlardır, axı), çiy isə Təbiəti bildirir. 80-ci illərdə bundan itələnərək mən Mövlud Süleymanlının "Dəyirmən" povestini yozmuşdum: dəyirmanda buğdadan (çiydən) una (emal olunmuşa) keçid var, ona görə dəyirman təbiətdən mədəniyyətə keçid yeri şəklində qapı kimi qavranılırdı. Mövludun əsərində şeytan məhz dəyirmandan, - bu qapıdan kəndə girə bilir. Qabaqca dəyirmançıya, ondan o birilərinə yoluxur.

Bu yozumdan 20 il sonra "110 nəsnə" kitabımda niyə bizdə oğlanların "qız bişirmək" deməsini açdım. Sözsüz, oğlanlar "niyəsini" qanmadan bu kəlməni işlədirdilər, ancaq özləri də bilmədən əski mifoloji qatları oyadırdılar. İş burasındadır ki, bir çox əski kültürlərdə qadın başlanğıcı Təbiəti bildirir (Çində İn, türklərdə Asra Yağız Yer). Uyğun olaraq Göy, Yuxarı kişi başlanğıcını bildirir (çinlilərdə Yan, türklərdə Tenqri). Qızı bişirənlər, sanki özlərini Mədəniyyət yerinə qoyaraq qızı ələ almağı çiydən bişmişə, mədəniyyət faktına çevirmək kimi duyurlar. Bu anlamda türkcənin "qızı bişirmək" deyimi ruscanın "qızı özünə yapışdırmaq ("kleit") sözündən daha çox mifoloji yük daşıyır. Yaxınlarda qız tələbələrimdən öyrəndim ki, yeni nəsil "qız bişirməy"i bəzən "qız tutmaq"la əvəz edir. Ancaq bu deyimin də arxaik layı var: gənclər dünyasında mifoloji əsası olan "bişirmək" deyiminin yerinə balıqçılıq-ov sintaqması gəlir - balıq tutmaq biçimində qız tutmağı düşünmək yenə əskilərlə anışmadır, miflər çağı qədər əskilərlə.

***

Üçüncü dəfə Azərbaycandan çıxmağım tələbə elmi cəmiyyətinin Litvaya göndərdiyi dəstədə oldu. Bu dəstəyə Eldar fakültə komsomol təşkilatının sədri kimi düşmüşdü, məni isə atam tapşırmışdı. Bicok Eldar! Nə Kamal, nə mən, nə Rəhim, nə İkram ictimai fəallıqda bulunub onun meyvəsini dadmağı ağlımıza gətirməyəndə Eldar komsomol karyerasını seçib fakültənin öndə gedənlərindən olmuşdu. Bilmirəm o, məktəbədən belə idi, yoxsa sonra belə olmuşdu. Dağlılar arasında nüfuzlu kişinin oğlu olan Eldar və komsomol. Bir az uyuşmaz tərəflər.

Mənə ömrüm boyu ictimai fəallıq yad olmuşdu (həmişə partiya fəallarının "kollektivdə hörməti" kimi söz birləşmələrindəki "kollektiv" sözünə allergiyam olub). Sovet ideojisində təbliğ edilən bu fəallığa məndə nəsə soyuqluq vardı. Komsomolçu fəal imicində görünmək mənə saxta-fırıldaqçı kimi görünmək qədər pis gəlirdi, hərçənd, o çağlar hələ anti-sovet fikirlər başımda yox idi. Elənçi gəncləri indi də görəndə "gözəgirən" və ya bu deyimin deyilməsi ayıb olan qafiyəsi mənə təsir edib onlara normal baxmağa qoymur. Məndəki bu "antilikdə", dedim ki, anti-sovetizm yox idi. Bəs nədən idi bu? Görünür, sosializmə heyranlıq təbliğ edən ictimai həyatın saxtalığı, ikiüzlülüyü məndə ictimai fəallığa allergiya yaratmışdı.

Uçaqdan Domodedovaya keçəndə Eldar dedi ki, atan səni mənə tapşırıb, gözüm qabağında ol. Ay Eldar! Atam elə narahat adamlardan deyildi, niyə boksda və burada məni kiməsə tapşırmışdı? - bilmirəm. Bəlkə yola salanda nəsə demliydi, ona görə?

Domodedovadan Litvaya uçmağımız ertələnirdi, hava alanında çamadanlar üstündə oturub söhbət edirdik. Tələbələrin xeylisi hüquq fakültəsindən idi. Bu o deməkdir ki, onlarda imkanlı ailədən olanların qırımı vardı - bir az ədabazlıq, bir az özündənrazılıq, bir az da başqa axmaq şeylərin qatışığı.

Davamı gələn sayımızda

© Müəllif hüquqları qorunur! Mətndən istifadə etdikdə istinad mütləqdir!