Bəyimlik poeziyası - Diri-biri - Nisə BƏYİM

 

- Uzun... qısa... uzun...

- Nə deyir?

- Qolunu deyir, köynəyin qolunu.

- Köynəyin qolu olar də...

- Uzun istəyir.

- Üşüyür?

- Nə bilim, uzun istəyir. Deyir, örtülü olsun.

- Belə de, anladım... örtülü istəyir. Onun üçün alırsan?

- Hə...

Bir qədər susduqdan sonra:

- Əslində, hər şey örtülü olsa yaxşıdır, düz deyir.

- Yəni köynək...

- Hmmm... sən bilirsən də, köynək qəliz məsələdir. Hər adam baş aparmır, köynəklidi, köynəksizdi... özü hardadı?

- Kim?

- O də... köynəkli...

- Nə bilim? Görünmür ki... elə hərdən səsi gəlir.

- Örtülü...

***

- Kim var orda? Auuuuu... kimsə yoxmu?

Səssizlikdən yorulmuşdu. Dünya belə səssiz yaranıb, görəsən? Bəs, böyük partlayışdan danışırdılar. Partlayış olubsa, demək, böyük səs də olub. Bəs, niyə o, səssizlikdədir?

Bəlkə, ölüb?

Hə də, ölüb. Amma necə öldüyünü xatırlamır.

Orda səs olduğu dəqiq yadındadır.

***

Səsi tutmaq istədim,

Nə yönü var, nə yolu,

Nə başı-gözü görünür,

Nə üzü, nə surəti var...

 

Qeybdəndir doğuluşu...

Dünyanı doğan səsdir...

Doğan, böyüdən, öldürən,

Yenidən dirildən səsdir...

 

Kim görüb ilkinliyini,

Kim bilir mümkünlüyünü?

Yaradılan, yarananmı,

Kimə açar sirr örtüyünü?

***

Şüa ilə axdı... şüa onu apardı...

***

İçindən keçmək istərsən,

O sənin içindən keçər...

suyunu içmək istərsən,

O sənin qanını içər.

 

Görərsən ki, adam deyil,

Sən elə səsə dönmüş səssən...

Hardasa düşüb qalası,

İçinə qapanmış kəssən...

 

Tanınmazsan, bilinməzsən,

Səsinin canı olmasa...

Tanrı sənə nəfəs verməz,

göylərin canı olmasa...

***

Səsi səsə bağlayıb uzatdı. Özünə zaman şüası kimi yol açdı. Burdan keçmək üçün nə qədər kiçilməli idisə, kiçildi. Hara çıxdığının fərqinə varmadan, şüa ilə axdı.

Yastılanıb yerdə qalmışdı. Gözünü açmağa qorxurdu, birdən, yenə də həmin yer, həmin adamlar, həmin ağrılar, həmin əzablar olar. İlahi! Daha ora qayıtmağa, ordakı işgəncələri çəkməyə tabı yoxdur.

Başını çıxarmağa qorxurdu.

- Diri-biri...

Gözlərini açıb baxdı. Gülümsəyib ona baxan adamı tanıdı. Qıs-qıvraq geyinib, güzgünün qarşısında qısa, lap qısa, darağa gəlməyən saçını darayırdı. Əslində, başımın dərisini, sinirlərimi darayıram, - deyirdi.

- Diri-biri, dur, mən gedirəm. Sən də topla özünü. Daha heç yerə gedəsi olmadın.

Özünə baxdı. Qapqara qoşa muncuq kimi göz idi. O qədər balaca idi ki, özü-özünü görmürdü. Nə əli var idi, nə ayağı. Cəhd edib tərpəndi. Ağrımağa baxmadan, əlinin yerini tapdı, sonra ayağını. Dayanmadan dartınıb uzanırdı. Ağrı da sevincinə qarışıb ona kömək edirdi.

- Diri-biri, dayanma, bacaracaqsan, bacaracaqsan... bax, əllərin çıxır, ayaqların da çıxacaq, duracaqsan, görərsən, duracaqsan!..

Səsdən, sanki qüvvət aldı. Bir az da hərəkət elədi. Artıq bədəni görünürdü.

Adamın səsi, sanki qeybdən gəlirdi:

- Dayanma.

Səni qurban verəcəkdilər!

Təəccüblə, nə qurban, - deyə düşündü.

- Nə qurbanı?

Qıs-qıvraq adam qəfil onun qarşısında peyda oldu.

- Qurban də... bilmirsən qurban nədir?

- Niyə, axı, mən neyləmişəm?..

- Özləri üçün. Öz zövqləri üçün.

Öz xoşbəxtlikləri naminə. Sən onların bütün bədbəxtliklərini yığıb özünlə aparacaqdın.

- Mən niyə?

- Çünki sən çox güclüsən, onlardan deyilsən. Onlar güclü adamları, səni də sevmirlər.

- Bilirəm.

- Onlar hamısı birdir, sən təksən.

Yadına düşdü. Hamısı yığışıb üstünə gəlmişdi. Qəzəblə qışqırırdılar, onu təhdid edirdilər. Onu görmədiyi, bilmədiyi, etmədiyi əməllərə görə ittiham edirdilər. Sanki bir kino idi. Filmlərdə belə epizodlar çox olur. Onu birinci kim vurduğunu xatırladı. Ürəyi sıxıldı. Huşunu itirib xeyli yerdə cansız, hissiz qalmışdı.

Sonra şüa onu bura atmışdı.

- Diri-biri, qalx, sənə qıymıram, heyifsən!

- Mən hamıdan kiçiyəm, zəifəm, mənim heç gücüm yoxdur. Mən kimi xilas edə bilərəm, axı?

Qıs-qıvraq adam məyus-məyus:

- Ruhun ordandı, güclüdü... bunu da onlar bilir.

Nədənsə, çoxdan olmuş bir əhvalat heç zaman yadından çıxmırdı. Bir dəfə həyətdə pilləkənin yanında durmuşdu, əlüzyuyanda əlini yuyurdu. Qəfil göydə elə bir ildırım çaxdı ki, sanki göy yüz yerə bölündü. Hamısı da alovlu idi. Biri düz həyətlərinə düşdü. Küləyi otları belə qarsıb ötüşdü... Ən dəhşətlisi, yanından ötəndə paltarını qapdı, bir tərəfində ağır zərbə hiss elədi, amma ona heç nə olmadı. Sadəcə, bir saniyədə dünyanın kül olacağını anladı. Gücün nə olduğunu onda anlamışdı. O dəhşətli qasırğada sağ qalmağı möcüzə idi. Evdə bütün elektrik əşyaları xarab olmuşdu, antenalar yanmışdı. Hər şeyi sıradan çıxaran ildırım ona toxunmamışdı.

O zaman sağ qalmağını ilahi möcüzə ilə bağlayırdı. İndi də onu xilas edən möcüzə oldu. O hələ ölümün nə olduğunu bilmirdi. Əslində, heç kim bilmir.

Qıs-qıvraq adam onu ehtiyatla yerdən götürüb çarpayıya uzatdı.

- Özündən başqa, heç kim səni dirildə bilməz. Mən sənə kömək eləyərəm, amma mənim möcüzəm yoxdur. Diri-biri, adın nə idi, xatırlayırsan?

Diri-biri fikrə getdi. Xeyli fikirləşəndən sonra gözləri işıqlandı, duyğusalca:

- Bəyim, - dedi.

Qıs-qıvraq ciddiləşib onun yanında oturdu.

- Bəyim... bəy... böyük. Böyük göy deməkdir, bilirsən? Böyü, Bəyim, tez böyü. Böyük ol. Sənə nə lazımdır?

- Səsimi qaytarmalıyam. Mənə öz səsim lazımdır.

- Doğ özünü təzədən, səsini doğ. Qayıdanda səni bütöv görmək istəyirəm. Haydı, başla!

Doğ, doğul,

Doğudan, doğaldan doğul,

Kimsənin görmədiyi,

Kimsənin bilmədiyi

Qudsal bağadan doğul!

Əsas o idi ki, adını bilirdi. Adıyla birgə qulağına o qədər səs gəlirdi ki, onların köməyilə düşdüyü çevrəni təyin eləməyə çalışırdı. Hardan gəldiyini, ilkinliyini, onu bu vəziyyətə salan səbəbləri xatırlamağa çalışırdı. Onun heç kimi yox idimi? Məlum idi ki, onu bura Qıs-qıvraq gətirmişdi. Niyə, nədən ötrü? Kim idi o? Anlayırdı ki, o, özününkülərdən deyil. Özününkülərin hamısı onu satmışdı. Tək-tük uzaqda, görünməz olanlardan başqa.

Daha onları görməyəcəkdi. Hər halda, ona elə gəlirdi ki, kimsə onun keçdiyi yerdən keçə bilməz.

Xeyli vaxt idi ki, Qıs-qıvraqdan xəbər yox idi. Qəribədir, onu burda qoyub hara yox olmuşdu? Diri-biri böyüyüb, əvvəlki kimi olmuşdu. Yeriyirdi, hərəkət edirdi, düşünür, Qıs-qıvrağı gözləyirdi.

Bəlkə də, Qıs-qıvraq onun arzularında çox sevdiyi adam olmuşdu.

Yaxşı bilirdi, həyatında çox sevdiyi biri var idi. O adam onunla birlikdə gəlmişdi həyata. Nə eləyirdisə, nə düşünürdüsə, onunla bölüşürdü. Arzularını, xoşbəxtliyini, işıqlı günlərini, kədərini, tənhalığını - içində özündən də böyük olan varlıqla yaşayırdı.

Hər yerdə onu axtarırdı. Nə zamansa rast gələcəyini bilirdi. Ola bilməz ki, bu boyda dünyada onun bu qədər dərin duyğularla sevdiyi adam olmasın. Gec-tez görüşəcəklər, mütləq görüşəcəklər. Əgər belə bir şey baş verməyəcəksə, o zaman illərlə yaşadıb qoruduğu sevgi mənasız imiş. O, bətnində illərlə ölü uşaq gəzdirirmiş.

Özləri də bilmədən, indi tale onları qarşılaşdırmışdı. Elə bil Qıs-qıvrağı min il idi tanıyırdı, dediyi hər sözə inanırdı.

Nəhayət, Qıs-qıvraq qayıtdı. Diri-biri çox sevindi, hətta onun boynuna sarıldı. Qıs-qıvraq təəccüblə:

- Sən lap əvvəlki kimi olmusan, afərin! Mən bilirdim ki, sən hər şeyin öhdəsindən gələcəksən.

- Mən çox darıxırdım. Niyə gec gəldin?

Qıs-qıvrağın gözləri məmnunluqdan qıyıldı.

- Bax, gör sənin üçün nə gətirmişəm?

Əlindəki iri qara, parlaq torbadan yaşıl bir qovluq çıxardı.

Diri-biri intizarla onu izləyirdi. Yaşıl qovluğu görəndə, rəngi ağardı. Həyəcanla:

- Aman, Allahım! Bunu hardan tapdın? Heç ümidim qalmamışdı.

Qıs-qıvraq qovluğu tumarlayaraq ona uzatdı. Gülümsəyərək:

- Götür, belə şeylər itmir, hərlənir-fırlanır üzə çıxır nə vaxtsa.

Qovluğun üstündə "Bəyimlik poeziyası" yazılmışdı. Diri-biri qovluğu açıb vərəqləməyə başladı. Doluxsunaraq:

- Məni necə sevindirdiyini təsəvvür edə bilməzsən. İndi doğrudan da, dirildim. Çox-çox minnətdaran.

Qıs-qıvraq onun yanında oturaraq:

- Eh, Diri-biri, əslində, biz sənə minnətdar olmalıyıq.

- Elə, soruşmaq istəyirəm, niyə mənə Diri-biri deyirsən?

Qıs-qıvraq diqqətlə onun gözlərinin içinə baxdı, əlini tutaraq:

- Çünki sən dirisən.

***

- Sonra nə oldu?

Qıs-qıvraq çiynini çəkdı.

- Heç nə! Gələn dəfə gələndə, o artıq yox idi. Qovluqsa stolun üstündə idi. Üstünə də yazılmışdı "Diri-biri".

Oktyabr, 2019

© Müəllif hüquqları qorunur! Mətndən istifadə etdikdə istinad mütləqdir!