Əli bəy Hüseynzadənin uşaq şeirlərində işıq - İlhamə Ağazadə yazır

Türkçülüyün böyük ideoloqu elm və biliklə dünyanın xilas olacağına inanmışdır. O çalışırdı ki, məktəblərdə uşaqlara ana dili, onun tarixi, qrammatikası və abidələri öyrədilsin. XX əsrin əvvəllərində fəaliyyət göstərən məktəblərdən biri Ə.Hüseynzadənin də müəllim və müdir kimi çalışdığı "Səadət" məktəbi idi. 1909-cu ildə "Tərəqqi" qəzetində dərc edilmiş "Yazımız, dilimiz, "İkinci il"imiz" məqaləsində Əli bəy "Səadət" məktəbi üçün hazırlanmış "İkinci il" kitabındakı qüsur hesab etdiyi məqamlarla bağlı fikirlərini təqdim etmişdir: "Bir kərə "İkinci il"in nə şeirində, nə də nəsrində ədəbiyyat nümunələrindən məşahiri-üdəbanın ətfala məxsus kəlamından belə əsər yoxdur". Böyük pedaqoq kitabda uşaqların yaşına, səviyyəsinə uyğun, rahat anlaya biləcəyi nümunə azlığından şikayətlənir. Dərslikdə yer almış müəlliflərin imla qaydalarına dair təkliflərini rədd edən Hüseynzadə əlifbanın dəyişdirilməsinə də etirazını bildirmişdir. Məzmun və ifadə gözəlliyini əsas götürən müəllif bədii-estetik cəhətdən zəif hesab etdiyi şeirlərin dərslikdən çıxarılmasının tərafdarı idi. Zaman Əsgərli bu barədə yazır: ""İkinci il" dərsliyindəki uşaqlar üçün şeir nümunələrinə Ə.Hüseynzadə "sənət sənət üçündür" prinsipi, yaxud romantik poeziyanın yüksək estetik tələbləri baxımından yanaşırdı". Əli bəyin 1926-cı ildə Bakıda səsləndirdiyi fikirləri də maraq doğurur: "Xəta edərək zənn etmiş idim ki, doğrudan doğru yüksək şeylərə müraciət etmək kafidir. Xeyr! Əvvəla aşağılara enmək lazım idi". Böyük mütəfəkkir zamanında çox doğru buyurub ki, ədəbiyyat xalqa enmədikcə yüksələ bilməz. Xalqdan güc alan sənət əbədi yaşamaq hüququ qazanır.

Azərbaycan Milli Hərəkatının görkəmli xadimi Əli bəy Hüseynzadənin azadlıq mücadiləsini əks etdirən ideyaları uşaqlara həsr etdiyi əsərlərdə də öz əksini tapmışdır. O bu əsərlərində millətin səadəti uğrunda yorulmadan mübarizə aparan və bu yolda rast gəldiyi bütün çətinlikləri aradan qaldırmağa çalışan milli mücahid kimi görünür. "Bilgin qız və arı" (23 fevral 1935) şeirində səsləndirdiyi fikirlər bəşəriyyəti, bütün türk dünyasını düşündürür:

Qız (Yalnız):

İstər bir fərd olsun, istər bir məşər,

Hürriyyəti fəda edəməz bəşər?

Əbədi barışa yol bulmaq için

Təsanüdü əsas tanımaq istər!

Məsud olamayız, olsaq da arı

İnsanlığın yolu, ülgüsü ayrı!

Kamalin bulduğu yoldadır işıq

Bu işıqdır türkün qutlu şüarı!..

İşığın, ziyanın türkləri, ümumiyyətlə, bütün bəşər övladını - "zülməti-qəflətdə bulunan külliyyəti-avamı" qurtaracağına inanırdı. O anlayırdı ki, yalançı "beynəlmiləl nəğməsi" oxuyan, "Marksizm dininə" inanan, qan qoxuyan insanların-arıların işi-peşəsi xalqı sancmaqdır, yaralamaqdır. Azadlıq hərəkatının genişləndiyi, milli şüurun oyandığı dövrdə bu cür fikirlər, şübhəsiz ki, uşaqlarda milli özünüdərk, milli kimlik ideyaları aşılamışdır. Düşməni tanımağa, millətin qurtuluşu yolunda ayıq-sayıq olmağa istiqamətləndirmişdir.

Ə.Hüseynzadənin uşaqlara həsr elədiyi "Xoruz və ququ quşu - Xoruzun nəğmeyi-iqazı" adlı başqa bir şeirində də bu düşüncələrinə sadiq qaldığını görürük: "Artıq yetməzmi uyğu! Dan yıldızı doğur! Oyanır yahu! Oyanın, gözəl bir nəğmə dinləyin!". Daim yenilik axtarışında olan ədibin milli istiqlal uğrunda apardığı mücadiləsi gəncliyə çox böyük müsbət təsir göstərirdi.

Maraqlı orasıdır ki, Əli bəy uşaqlara həsr etdiyi bədii parçaları ömrünün ixtiyar çağlarında qələmə almışdır. Qızı Feyzavərə xitabən yazdığı "Bağçamın ağacları" (1936) şeiri alleqorik səpkidədir:

Xızırdan nişandır yaşıl yarpağım,

Haqqın sevgisilə yanar çırağım,

Umrana, rifaha işarətəm bən:

Sülhə əlamətdir dalım, budağım!.. (Zeytun)

Bu şeirdə meyvə ağaclarının dili ilə onların xüsusiyyətləri obrazlı bir şəkildə sadalanır. Şair ağacların insana faydalı cəhətlərini verməklə, eyni zamanda dövrün aktual problemlərinə də diqqət çəkir. Əli bəy çox gözəl bilirdi ki, böyük tərbiyəvi əhəmiyyət daşıyan uşaq əsərlərinin müvəffəqiyyət qazanmasının ən mühüm şərti onun dilinin sadə, aydın, yığcam və səlis olmasındadır. Digər şeirlərə nisbətən "Bağçamın ağacları"nın dili daha sadə, aydın, uşaqlar üçün anlaşıqlıdır. Uşaqlara həsr elədiyi şeirlərdə də ittihad, birləşmək, xalqı əsarətdən qurtarmaq ideyaları əsas götürülür.

Əli bəy dünyanın müxtəlif dillərini və elmlərini, ədəbiyyat və incəsənətini dərindən bilmişdir. Çoxlu dil bilməsi tərcüməçiliklə də məşğul olmasına imkan vermişdir. O, alman şairi Bodenştedtin "Ömər Xəyyam" haqqında əsərini, Hötenin "Faust", ingilis şairi Con Miltonun "İtirilmiş cənnət" əsərlərindən bəzi hissələri və Heynenin bir şeirini tərcümə edərək İstanbul mətbuatında çap etdirmişdir. Dünya ədəbiyyatından olan bu nümunələri öz dilində oxuyan gənc nəslin təlim-tərbiyəsində əhəmiyyətli rolu olmuşdur.

"Biz insanız" deyə müasirlərinə səslənən Ə.Hüseynzadə hər zaman insanlara və insanlığa böyük məhəbbət bəsləmişdir, odur ki, böyük mütəfəkkir şairin həm publisistikasını, həm də bədii yaradıcılığını insanpərvərlik duyğusu çevrələmişdir.

Əli bəy Hüseynzadə "Füyuzat" jurnalının 1906-cı il 5-ci sayında çap etdirdiyi "Qırmızı qaranlıqlar içində yaşıl işıqlar" adlı məqaləsində yazırdı: "Bizim özümüz bir yol bulub o yol ilə gedəcəyiz. Bu yol qırmızı qaranlıqlar içərisində peyda olan yaşıl işıqlardır. Yaşıl deyiriz, çünki öz müsəlmanlarımızdır. Ənvari-zümrüdün islamiyyə qəndillərini iqad qeyrətində bulunanlarımızdır. Bu yol-nuri maarifdə yaşıl işıqlardır, yəni bizim özümüzə məxsus daha layiq, daha şanlı, zülməti qəflətdə bulunan külliyyati-avam arasında nuri-maarifi əkməkdir". Dünyanı işıqlandıran, "yaşıl"lığa bürüyən, gözəlləşdirən elm, maarif bəşəriyyəti məhvə aparan irticaya, müharibəyə qarşı üsyan kimi verilmişdir. Məqalələrinin əksəriyyətində geniş şəkildə əksini tapmış bu fikir bədii yaradıcılığında da davam etdirilmişdir.

Ədibin araşdırıcılarının verdiyi bilgiyə görə, həyatının son dövrlərində yazdığı şeirlərini "Gözəllik və işıq" adı altında nəşr etdirmək istəsə də, əcəl buna imkan verməmişdir. İstiqlal uğrunda mücadilə aparmış Əli bəy, dünyanı gözəlliyin, işığın, elmin, maarifin xilas edəcəyinə son nəfəsinədək inanmış, müqəddəs bildiyi bu yoldan usanmamış, qarşılaşdığı məhrumiyyətləri, acı-ağrını mərdliklə qarşılamış, əqidə və amalından son nəfəsinədək dönməmişdir.

© Müəllif hüquqları qorunur! Mətndən istifadə etdikdə istinad mütləqdir!