Akademikin akvapoetikası - Rüstəm Kamal yazır - Rüstəm KAMAL

Rüstəm KAMAL

 

"Ömür dedikləri bir dalğalı su..."

Səməd Vurğun

Coğrafi təxəyyül akademik İsa Həbibbəylinin estetik düşüncə strukturunun vacib elementidir. İsa Həbibbəyli Naxçıvan şairlərinin yaradıcılığını müəyyən tarixi-mədəni kontekstdə təhlil edərkən ədəbiyyatla coğrafiyanın əlaqəsinə diqqət yetirməsi də bu üzdəndir. Məhz bu məntiqlə prof. Səfərəli Babayevin "Əfsanələr diyarı" kitabına həsr etdiyi məqaləsini "Coğrafiyada ədəbiyyat və ədəbiyyatda coğrafiya" adlandırır: və bu qarşılıqlı əlaqəni - vəhdəti elm üçün əhəmiyyətli hesab edir. Düşünürəm ki, akademikin elmi, ədəbi mətnlərinin gələcəkdə bu yöndə araşdırılması ədəbiyyat və coğrafiya arasında qarşılıqlı əlaqənin açıq və ya gizli formalarını görməyə imkan verərdi.

Su/çay kodu akademik İsa Həbibbəylinin coğrafi təxəyyülünü formalaşdırmış əsas arxetiplərdən biridir. Akademiki coğrafi məkanların ekzistensial mahiyyəti deyil, həm də yaddaşdakı mifik mövcudluğunun səbəbləri maraqlandırır.

Toponimlərin əksəriyyətini bilavasitə və ya dolayısı ilə su stixiyası ilə əlaqədardır, yaxud mifoloji "su/çay" kodunun çevrəsində gerçəkləşdirir. Ona görə də Mirça Eliade mifi yeganə, düzgün gerçəklik modeli hesab edirdi. ("Mifin aspektləri").

"Danzik" adının etimoloji mənasını "dənizlik" sözü ilə əlaqələndirir və landşaft təsvirindən belə qənaətə gəlir ki, "həqiqətən kəndin yerləşdiyi ərazi qədim göl, dəniz yerinə, sututar yerə bənzəyirdi".

Arpaçayın sahilində Əjdaha burnu ilə bağlı rəvayətdə deyilir ki, "guya atası tərəfindən sevmədiyi bir adama zorla ərə verilən Sara özünü Arpaçaya atıb öldürmək istəyərkən Əjdaha dərhal qayadan sallanıb suya enmiş, nəhəng xortumu ilə suyu bədəninə səpərək azaltmış, Saranı xilas etmişdir" ("Danzik kəndi - yurd yeri").

Qara ağac piri ilə əlaqədar yazır: "Rəvayətə görə, bədənindəki yaralardan əziyyət çəkən Əyyub peyğəmbər Qara ağac adlanan yerə gəlmiş, buradakı bulaqdan su içib sağalmışdır" ("Danzik kəndi - yurd yeri").

Hələ də yerli əhali Naxçıvan toponiminin Nuhun tufanı ilə bağlı olmasına, Nuhun gəmisinin "Ordubadın Nəsirvaz kəndi yaxınlığındakı Gəmiqayada qaldığına inanır ("Naxçıvan sözünün mənşəyinə dair").

Jeleznovodskda olarkən ustad Mirzə Cəlili də "çay kodu" üstündə köklənib xatırlayır:

Dəmirsu mənə

Cəlil Məmmədquluzadədən tanışdı,

1931-ci ildə

Həmidə xanım Cavanşirə yazmışdı:

Dəmirsu yaylağında

Qaraçay qoyununun

Kababından yeyib.

Əli qaynar bulağın

Gözünə dəyib.

Və bir parç su ilə əridib.

Bura - Dəmirsu deyib!

"Dəmirsuda Azərbaycan"

Yaxud

Və Cəlil Məmmədquluzadənin

Yaddaşıma yazılan sözü:

Dəmirsunun qaynar bulağı

Əridər dağı.

Bəli, Dəmirsu!

Hər yerdə var sorağı.

Şəfa çırağıdır bu.

"Dəmirsu"

Bu şeirlərin əsas assosiativ qaynağı Həmidə xanımın xatirələri ilə yanaşı, Mirzə Cəlilin "Ucuzluq" adlı hekayəsidir: "Mən cavab verdim ki, Borjom yaylağında idim. Müdir də öz tərəfindən mənə söylədi ki, o da mədən sularının "Dəmirsu" yaylağında idi ki, rusca "Jeleznovodsk" deyirdilər".

Onun poetik kosmoqrafiyasında çay-su obrazları üstünlük təşkil etməsi təsadüfi olmamalıdır. Biçənəkdə dağ çayının müəyyən əlamətlərini sadalamaqla metaforik detallarla mifik obraza çevrir. Çay haqqında bütöv məlumat verir.

Mənbəyidi, gözüdü.

Səsi də

Özündən böyükdü.

Bir səmtə axan

Bulaqlardan bağlanmış

Hörükdü!

Biçənəkdə dağ çayı

Gözlərimə belə görükdü.

"Biçənəkdə dağ çayı"

İsa Həbibbəyli akvapoetikasının ("aqua" - latınca "su" deməkdir) ən maraqlı obrazı, heç sübhəsiz, Arpaçaydır. Arpaçay İsa Həbibbəyli dünyasının "cövhəridir" desək, yəqin ki, yanılmarıq. Budapeştdə, Dunay sahilində Arpaçayı yad edir: "İçimdən Arpaçay keçdi" ("Budapeşt düşüncələri"). İsa Həbibbəylinin xatirələri və əksər poetik mətnləri yaddaşının ən sevimli obrazına - Arpaçaya həsr olunub. Onu məhəbbətlə çayların "Xançobanı, Sarası" adlandırır.

Klassik psixoanalizdə olduğu kimi, İsa Həbibbəylidə Arpaçay qadın başlanğıcını simvolizə edir. "Yollar şeirdən başlamışdı" kitabında (X cild) Arpaçayın şəkli altında bu qeydlər diqqətimi çəkdi: "İsa Həbibbəylinin iki aurası var. Biri Qəndab xaladır ki, Allah onun ömrünü daha çox uzun etsin. O biri aurası da Arpaçaydır" (s. 267.)

Bir çox xalqların mifoloji təsəvvüründə axirət dünyası suyun - çayın o tayında olması inancı var. Məsələn, fin mifoloji düşüncəsində Manala çayı ölülər və dirilər məkanını bir-birindən ayırır.

Ümumiyyətlə, Arpaçay görkəmli alimin mifopoetik dünya modelində "semantik opozisiyalar" (K. Levi-Stross) və ya ikili (binar) qarşıdurmalar (V.Toporov) yaradır. "Yerli sakinlər sağ sahili o tay", sol sahili - bu tay" adlandırırlar.

Arpaçay Danzik kəndini sakral-mifoloji məkanlara ayırır. Əyyub ocağı, Əjdaha burnu sağ sahildə yerləşir. Arpaçay Danzikin ölülər və dirilər dünyasını bir-birindən ayıran hüduddur:

Bəy evi bu çayın o tayındadı,

Körpüdən gəlini köçürmək gərək.

"Xançoban və Sara"

Danzik qəbiristanlığı Arpaçayın o biri sahilində yerləşir: "Müqəddəs ziyarətgahlar - Qara ağac piri və Əyyub ağacı o tayda idi" ("Danzik kəndi - yurd yeri").

Çayın ana simvolu uşaqlıq arxetipi ilə sıx bağlıdır. Q.Başlyara görə, "...su ölümə, əlahiddə bir ölümə dəvətdir...". "Aprelin sonu, mayın əvvəli Arpaçayın ən gur axan vaxtı idi. Çay qarama kimi gəlirdi. Həmin vaxt dəfələrlə çayda boğulub dünyasını dəyişənlər olmuşdu".

Arpaçay təhtəlşüurda, arxetip səviyyəsində ata yurdunun ən unudulmaz peyzajı kimi yaşayır. Bu çayın bəndində yerləşən babası Həbib bəyin dəyirmanını nostalji duyğularla xatırlayır:

Həbibbəyin dəyirmanı -

Arpaçayın ilk limanı,

Zəhmətin, bərəkətin ilk ünvanı.

İsa Həbibbəylinin coğrafi təxəyyülünü səciyyələndirən onun bədii peyzaj yaratmaq təcrübəsidi. Onun coğrafi ortikası, viziual təcrübəsi Arpaçay peyzajının rəng çalarları görməsini mümkün edir. Çayın bahar mövsümündə rəng palitrasını dəyişməsini yadda saxlaya bilib:

...Yaz günü Arpaçayı bənövşə rəngdə,

Yaz günü bu torpaq başqa ahəngdə...

"Yaz günü Arpaçayı"

"Arpaçay daşa bilməz" adlı mənsur poemasında çay hidronim kimi deyil, antroponim kimi təqdim edilir. İsa Həbibbəyli üçün bütün çaylar (xüsusən Arpaçay) həmişə canlıdır, diridir. Metaforik detallarla çayın portretini və durumunu elə həssaslıqla təsvir edir ki, ona canlı varlıq kimi baxırsan:

"Arpaçay bu sözlərdən yaman qorxdu. O, elə bil lap indicə duymuşdu ki, insanların gücü çoxdu. Tez dəyişdi, bu nə işdi? Saraların anasını gözüyaşlı qoyan bu çay axdı susuz səhralara, döndü dərhal dosta, yara, gül bitirdi torpaqlarda" ("Arpaçay daşa bilməz").

Arpaçayın səsi daim qulağındadır. "Yazda Arpaçay daşanda səsi evimizə gəlir" ("Bir yazım haqqında") Arpaçayın yanıqlı səsinə bir nakam sevginin ağısı da qarışır.

Arpaçayı aşdı-daşdı,

Sel Saranı aldı qaçdı...

Bu çayın öz alın yazısı, öz mifoloji tarixçəsi var. Bu əfsanə ilə bağlı onun bir neçə ədəbi-bədii mətni də var. "Arpaçay daşa bilməz" (1990), "Xançoban və Sara" (1969), "Ər qızı Sara" (1969), "Arpaçay axar olsun!" (1968) və s. Əfsanənin İsa Həbibbəyli variantı da yaranıb: "Yaz çağıdır. Arpaçay sığmayır yatağına, Sara gəlin köçəcəkdir sevmədiyi bir oğlanın qəlb evinə - otağına. Çıxıb evdən gəlir çayın kənarına. Dərd gətirən səadətə nifrət edib yumur qara gözlərini. - Ah, vəfasız dünya, deyib, ağ suların pəncəsində tamamlayır sözlərini" ("Sara əfsanəsi").

Məhz Sara əfsanəsinin mövcudluğu Arpaçayı da ideal, effektli coğrafi obraza çevirir. Q.Başlyar yazır ki, "su gənc və gözəl ölümün stixiyasıdır". Sara əhvalatı Arpaçayın ölüm başlanğıclı olmasına işarədir.

Arpaçayın bəndə düşməsi, Danzik kəndinin su altında qalması İsa müəllimə yuxusunda əyan olmuşdu: "Bir gün yuxuda doğma kəndimizi gördüm. Gördüm ki, evimiz-eşiyimiz, xatirələrimlə bağlı olan yerlər Arpaçay sularının altında qalıb. Ayıldım..." ("Bir yazım haqqında").

Bir şeirində dediyi kimi:

Varaqla suları, qaldır sal daşı,

Burda babamızın xəbəri yatır.

"Yaz günü Arpaçay"

Arpaçay bir yaddaş çayıdır. Xatirə yaddaşı fərdi yaddaş formalarından biridir. Bir insanın, bir toplumun xatirələrini yalnız çay unutdurmaq gücündədir. "Arpaçay dəryaçası tikiləndən sonra yaranacaq gölün sularına qərq olacaq. Bunu indi rayonda hamı bilir. Danziklilər isə 10 ildən çoxdur ki, köhnə xatirələrin, neçə-neçə məhəbbətlərin, xoşbəxt günlərin dağ-daşdakı, ev-eşikdəki, küçə-bağdakı nişanə yerlərinin su altında qalacağına heyifsilənirlər" ("Bir yazım haqqında").

Su/çay zamanın təcəssümüdür. Çayla zamanın metaforik eyniliyi məsələsi şairlərin mifopoetik düşüncəsində geniş yer alır. Səməd Vurğunun "Komsomol poeması"nda "ömür-su" metaforasından istifadə etməsini epiqrafda xatırladıq. İsa Həbibbəyli də Arpaçayın səsində zamanın səsini eşidir: "Əsrlərin, əfsanələrin arxasından bir səs gəlir qulağıma. Bu, bir çayın, ya zamanın qəm səsimi?" ("Arpaçay daşa bilməz").

Melanxoliya, kədər həmişə su stixiyası ilə bağlıdır. Ömrün 70 illik zirvəsində hər dəfə Arpaçayı xatırlayanda İsa müəllimin gözlərində işıqlı kədəri sezmək olar...

© Müəllif hüquqları qorunur! Mətndən istifadə etdikdə istinad mütləqdir!

 


© Müəllif hüquqları qorunur! Mətndən istifadə etdikdə istinad mütləqdir!