Ədəbiyyat təəssübkeşi: İsa Həbibbəyli - ANAR yazır

 

Uzun illər yazılarımda, müsahibələrimdə dediyim bir fikir var: Dostlarımın bir hissəsini ölüm aldı, bir hissəsini həyat. Son illərdə isə bu, artıq çox işlətdiyim fikrə kiçik və kədərli bir əlavə də etmişəm: Çox yaşamağın çətin tərəfi odur ki, yaxınlarını, dostlarını bir-bir itirirsən. Bəlkə də axır vaxtlarda bir neçə dostumu, mənə əziz olan insanları itirdiyim üçün belə bədbin fikirlərə qapılıram. Amma bununla belə, illərin, zamanın bizə qazandırdığı qiymətli, gerçək sənət, həyat dəyərlərini hər şeydən üstün tutan insanlar da az deyil. Bu mənada alim, akademik İsa Həbibbəylinin yubileyi ərəfəsində təbrik məqaləsi yazmağı özümə borc bildim.

Hələ Sovet dövründə ədəbi tənqidin əsas yolu, istiqaməti mübahisəli olanda bu haqda fikirlərimi müxtəlif yerlərdə demiş, yazmışdım. Yəni o zamanlar bir qayda olaraq rejimə və onun qaydalarına uyğun gəlməyən əsərlər kökündən "baltalanırdı", ya da xoşbəxt sovet cəmiyyətini tərənnüm edənlər dağ başına qaldırılır, müəlliflər Tolstoy, Şekspir səviyyəsində dahi, əsərlər isə şedevr elan olunurdu. Şübhəsiz, istisnalar vardı, yəni ədəbiyyata gerçək sənət meyarları ilə yanaşan tənqdiçilərimiz də az deyildi. Bizim nəsil ədəbiyyata gələndə məhz mətni təhlil edən, şəxsi münasibətlərin fövqündə duran, siyasi səbəblərdən azad olan ədəbi tənqidçilərin arzusunda idik. Yəni təriflənmək yox, sadəcə mətnlərin təhlil olunması, onlara bütöv yanaşılması vacib idi. Misal üçün, Yaşar Qarayevin təhlilləri bizim üçün çox maraqlıydı... Və ölkəmiz müstəqil olanda mən məhz bu yönün, bu istiqamətin inkişaf edəcəyini, ədəbi tənqidin yeni və azad bir mərhələyə keçəcəyini gözləyirdim. Bu mənada 70 yaşı tamam olan dostumuz, akademik İsa Həbibbəylinin  xidmətlərini xüsusi vurğulamaq istərdim. Həmçinin bizi istər ictimai həyatda, istərsə də ədəbiyyat müstəvisində yaxınlaşdıran əsas məqamları yada salmağım da bu yubiley yazımda yerinə düşər. Əlbəttə, bütün mövzulardan, hadisələrdən, İsa müəllimin rəhbərlik etdiyi Nizami Gəncəvi adına Ədəbiyyat İnstitutu ilə Azərbaycan Yazıçılar Birliyinin birgə layihələrindən də öncə, dahi Mirzə Cəlil Məmmədquluzadəni - bizi birləşdirən ən böyük dəyəri qeyd etməliyəm. Məsələ burasındadır ki, Mirzə Cəlil Məmmədquluzadə Azərbaycan ədəbiyyatında özümə ən doğma, ən yaxın bildiyim yazıçıdır və hələ uşaq yaşlarımdan onu oxuduqca ruhən yaxınlığı hiss edirdim. Sonra bunu "Anlamaq dərdi"ndə də yazdım. Sonralar da Mirzə Cəlil haqda "Qəm pəncərəsi" filmini çəkməklə, "Sizi deyib gəlmişəm", "Nigarançılıq" pyeslərini yazmaqla bu dahi mütəfəkkiri öz gördüyüm, anladığım şəkildə çatdırmaq istədim. Amma bütün hallarda, Mirzə Cəlil yaradıcılığının bütöv tədqiqi və araşdırılması, yazıçının şəxsiyyəti, mühiti, həyatı ilə əsərlərinin paralel təhlili çox mühümdür və elmin əsas vəzifəsidir. Bu mənada İsa müəllimin Mirzə Cəlillə bağlı araşdırmalarına böyük dəyər verir və onun "Cəlil Məmmədquluzadə: mühiti və müasirləri" monoqrafiyasını ayrıca qeyd etmək istəyirəm. Həmçinin onun "Görkəmli Azərbaycan yazıçısı Cəlil Məmmədquluzadə" kitabının müxtəlif dillərə çevrilməsi də mənə görə böyük yazıçının dünyada tanıdılması baxımından çox vacibdir. Onu da bilirəm ki, İsa müəllim əsl Mirzə Cəlil təəssübkeşi kimi onun əsərlərinin də müxtəlif dillərə çevrilməsinin təşəbbüskarıdır. Və elə bu faktın özü vətənpərvərliyin, millətinə, xalqına münasibətin, sevginin ən gözəl təzahürüdür.

Mətbuatı, qəzetləri, jurnalları yaxından izləyən adam kimi İsa Həbibbəylinin ardıcıl və yorulmadan işləməsinə həmişə yaxşı mənada təəccüblənirəm. Axı bu qədər ictimai işlərin, tədbirlərin içərisində yazmağa zaman tapmaq sadə məsələ deyil. Lakin yubileyi ərəfəsində bioqrafiyasına nəzər saldıqca, kitablarını oxuduqca başa düşürəm ki, yazmaq və dəyərli bildiyini təhlil, təbliğ etmək onun üçün həyat tərzidir. Və mənə görə cəmiyyətdə, ictimai mühitdə tanınan, söz sahibi olan İsa Həbibbəylinin əsas sirri ictimai işlərlə elmi, yaradıcılığı yanaşı, hətta iç-içə yaşaması, yazmasıdır.  Misal üçün, Milli Məclisin deputatı və Elm və təhsil komitəsinin rəhbəri kimi gördüyü işlər Ədəbiyyat İnstitutundakı tədbirlərin, görüşlərin, qurulan ədəbi əlaqələrin davamıdır. Yaxud müxtəlif ədəbi tədbirlərdə etdiyi çıxışlar da yeni yazılacaq məqalələrin tezisi kimi səslənir və tez-tez mətbuatda məhz gündəmlə bağlı bu cür yazılarını oxuyuruq. Bu sırada İsa müəllimin Müstəqillik dövrü Azərbaycan ədəbiyyatının araşdırılması ilə bağlı gördüyü böyük işlərin və Nizami Gəncəvi adına Ədəbiyyat İnstitutunun nəşri olan "Müstəqillik dövrü Azərbaycan ədəbiyyatı" üçcildliyinin ayrıca yeri var. 90-cı illərdə 20 Yanvar, Qarabağ müharibəsi bütün sahələrdə durğunluğa, bədbinliyə səbəb olmuşdu. Söz, sənət adamları da daha çox ictimai hadisələrin izləyicisinə çevrilmişdilər. Amma, şübhəsiz, zamanla bu tarixi hadisələr də ədəbiyyatın mövzusu oldu. Eyni zamanda internetin, sosial şəbəkələrin dəyərləri dəyişməsi, kütlənin marağını ayrı tərəfə yönləndirməsi də gerçək sənətə diqqəti azaltdı. Və müxtəlif, heç ədəbiyyatı izləməyən, təzə əsərlərdən xəbəri olmayan adamlar - yeni əsərlər yazılmır, bu günün ədəbiyyatı yoxdur - kimi fikirlərlə ittiham etdilər yazıçıları. Zənnimcə, "Müstəqillik dövrü Azərbaycan ədəbiyyatı" üçcildliyi bu dövrdə yazan qələm adamlarının yaradıcılığını və yeni əsərləri təhlil etməklə əsassız ittihamlara cavab vermiş oldu. Bu üçcildlikdə mənim haqqımda geniş oçerkin, həmçinin yubileylərim ərəfəsində yazılmış bir neçə məqalənin də müəllifi İsa müəllimdir. Hekayə, povest və romanlarım barəsində araşdırmalara görə minnətdarlıq öz yerində, amma elə bu yazıların nümunəsində İsa Həbibbəylinin elmi məqalələrinin bir üstünlüyünü  vurğulamalıyam. Doğrusu, son illərdə ədəbi tənqidin "dilinə düşmüş" bəzi terminlərin mənasını anlamaqda çətinlik çəkirəm. Səmimi söyləyirəm ki, bəzən haqqımda xeyirxahlıqla yazılan məqalələrdə də müəyyən fikirlər tam aydın olmur. Sanki bəzi ədəbi tənqidçilər "nə qədər qəliz olsa, o qədər səviyyəli görünər" düşüncəsindədilər  və çətin elmi  terminləri ard-arda düzməklə bu prinsipə yüksək səviyyədə əməl etməyə çalışırlar. İsa müəllimin araşdırmaları yüksək elmiliyi, akademizmi ilə bərabər dərinliyi, orijinallığı ilə seçilir, həm də bütün bunların anlaşıqlı dildə yazılması da mənə görə əsas müsbət cəhətlərdəndir.     

İsa müəllimin elm, ədəbiyyat təəssübkeşliyindən danışanda "Ədəbi proses" ənənəsini bərpa etməsi də yada düşür. Uzun illər Ədəbiyyat İnstitutunda olan bu konfranslar, orda səslənən məruzələr hər ilin sonunda ötən ilin ədəbi mənzərəsinə nəzər salmağa, yeni yazılanları küll halda görməyə imkan verirdi. Sonralar, nədənsə, bu ənənə unuduldu, amma İsa Həbibbəylinin təşəbbüsü ilə, Yazıçılar Birliyinin və Ədəbiyyat İnstitutunun birgə layihəsi kimi keçirilən bu konfranslar son bir neçə ildə alimlərlə yazıçıların dialoquna xidmət edir. Bu isə ədəbiyyatın da, elmin də inkişafı üçün son dərəcə vacibdir.

Sovet sisteminin xalqımıza vurduğu ən ciddi zərbələrdən biri də keçmişimizi, tariximizi, ədəbiyyatımızı yanlış tədris etməsi idi. Ədəbiyyat kitabları "Avesta"dan başlayırdı, türk olmadığımızı beyinlərə yeritmək üçün də daha nələr uydurulmurdu. Bu yubiley məqaləsində bunlar haqda ətraflı yazmaq istəmirəm, amma, hər halda, bir çox ədəbiyyat tədbirlərində bu narahatlığımı dilə gətirirdim. Yəni bizim ədəbiyyat kitablarından belə çıxırdı ki, İzəddin Həsənoğluna, yəni XIII əsrə qədər anadilli ədəbiyyat ümumiyyətlə olmayıb, bu isə şübhəsiz ki, yanlışdır. Ona görə dəfələrlə anadilli ədəbiyyatın "Kitabi-Dədəm Qorqud" dastanı ilə başlanması fikrini söyləmişəm. Mənim təklifim və unudulmaz Heydər Əliyevin dəstəyi ilə dastanın yubileyinin keçirilməsi artıq ədəbiyyat tariximizə yenidən baxmaq üçün səbəb idi. Amma, nədənsə, uzun illər universitet dərslikləri dəyişilmədi, ədəbiyyat "Avesta"dan, anadilli ədəbiyyat İzəddin Həsənoğlunun "Apardı könlümü" qəzəlindən başladı. Bu isə şübhəsiz ki, hər bir ədəbiyyat adamını narahat etməli məqam idi. İsa Həbibbəylinin bu il çapdan çıxmış "Azərbaycan ədəbiyyatı: dövrləşdirmə konsepsiyası və inkişaf mərhələləri" monoqrafiyası ədəbiyyat tariximizə dəyərli töhfədir. Əslində, bu kitabdakı bölümləri mətbuatdan ardıcıl oxuyurduq. Amma indi bütöv halda nəzər salanda İsa müəllimin bir institutun işini gördüyünün və fədakarlığının bir daha şahidi oluram və yaxın gələcəkdə bu kitaba ayrıca münasibət bildirmək niyyətim var.

Mənim yaşımdan baxanda 70 böyük rəqəm sayılmaz, həm də bütün bu sadaladığım və bir təbrik yazısına sığışdırmadığım işləri görmək sadə məsələ deyil. İsa müəllimin gecə-gündüz çalışması öz yerində, amma bu ciddi, fundamental işlərin arxasında müəllifin xeyirxah xarakteri, şəxsiyyəti görünürsə, bu daha təsirli və cəlbedici olur. İsa müəllimi isə tanıyan, müşahidə edən istənilən adam onun şəxsiyyəti ilə əsərlərinin bir-birini tamamladığını söyləyə bilər. Bu məqamda İsa müəllimin qeyri-adi həssaslığını, kövrəkliyini göstərən kiçik bir hadisə yadıma düşür. Bəzən hansısa tədbirlərdən sonra dostlarla birgə masa arxasında uzun-uzun söhbətlər edib, dərdləşməyimiz də olur. Belə məclislərimizdən birindən sonra İsa müəllimin xidməti maşınında gedirdik. Birdən sürücüyə - saxla burda - dedi. Görünür, birinci dəfə olmadığından sürücü artıq nə etməli olduğunu bilirdi. Maşını saxlayıb düşüb getdi, bir azdan balaca bir budaqla gəldi və İsa müəllim budağı alıb qoxladı, "kəndimizin ətri gəlir, ona görə istədim" - dedi. Dinamik həyatla yaşayan, ardıcıl işləyən, nəfəs dərməyə zamanı olmayan bir alimin, akademikin kəndin qoxusunu özləməsi, arzulaması çox təsirli olmaqla bərabər, həm də xarakter göstəricisi idi mənim üçün... 

İstər həyatda, istərsə də kağız üzərində bütün bu gözəl işləri, xeyirxah əməlləri davam etdirmək üçün uzun yaşamaq lazımdır. Mən əziz dostum, ciddi bir elm, ədəbiyyat fədaisi, akademik İsa Həbibbəylini 70 yaşı münasibətilə təbrik edirəm və ona bu şərəfli yolda uğur diləyirəm...

© Müəllif hüquqları qorunur! Mətndən istifadə etdikdə istinad mütləqdir!

 


© Müəllif hüquqları qorunur! Mətndən istifadə etdikdə istinad mütləqdir!