"Ucundadır dilimin həqiqətin böyüyü" - ANAR yazır

Şərq xalqları, o sıradan türklər dünya elminə Fərabi, Biruni, İbn Sina (Avitsena), İbn Rüşd (Averroes), Bəhmənyar Azərbaycani, Uluqbək, Nəsirəddin Tusi kimi böyük şəxsiyyətlər bəxş etmişlər. Bu dahilərin öz kəşfləri ilə bərabər, bəşəriyyət qarşısında başqa böyük xidmətləri ondan ibarətdir ki, Avropada artıq unudulmaqda olan Antik dövrün elmi və mədəni dəyərlərini Qərb dünyasına qaytarmışlar. Orta əsr Azərbaycan dini və fəlsəfi düşüncə tarixində Şəbüstəri, Sührəverdi, Seyid Yəhya Bakuvi, Nəiminin adları xüsusi qeyd olunmalıdır.

XIX əsrdə Yaxın Şərqdə çağdaş düşüncə, ədəbiyyata yeni yanaşma formalaşmağa başlayır. İlk olaraq azərbaycanlılardan Mirzə Kazım bəyin, Abbasqulu ağa Bakıxanovun adlarıyla bağlı bu yeni elmi baxış Mirzə Fətəli Axundzadənin dramaturji və elmi-publisist fəaliyyətində, özəlliklə məşhur "Kamal-üddövlə" traktatında zirvəyə ucalır və bu maarifçilik yolu Həsən bəy Zərdabinin 1875-ci ildə yaratdığı "Əkinçi" qəzetində davam etdirilir. Eyni dövrdə Osmanlı dövlətində Müdhət paşanın adıyla bağlı Tənzimat hərəkatı ədəbiyyatda Ziya paşa, Şünasi, Namiq Kamal kimi şair və dramaturqların yaradıcılığında və siyasi mücadilələrində öz əksini tapır.

1883-cü ilin aprel ayında Krımda, Baxçasarayda İsmayıl bəy Qasprinskinin (Qaspıralının) redaktorluğu ilə "Tərcüman" qəzeti nəşr olunmağa başlayır. Mətbuat fəaliyyətini "Dildə, fikirdə, işdə birlik" şüarıyla müəyyənləşdirən Qaspıralı həm də təhsildə "üsuli-cədid" (yeni üsul) təliminin banisidir.

XIX əsrdə İranda və Cənubi Azərbaycanda yeni düşüncə Məlikülmütəkəllimin, Melkum xanın, Seyid Cəmalləddin Əfqaninin adlarıyla bağlıdır. Bu bölkədə çağdaş dünyagörüşünün təşəkkül tapmasında Mirzə Əbdürrəhim Talıbovun nəsr əsərləri və Zeynəlabdin Marağayinin "Səyahətnameyi İbrahim bəy" romanı xüsusi əhəmiyyətə malikdir.

XX əsrdə türk düşüncəsində yeniləşmənin mühüm mərkəzlərinin Qafqazda - Tiflisdə və Bakıda olmasını deyə bilərik. Əli bəy Hüseynzadə, Əhməd bəy Ağayev (Ağaoğlu), Əlimərdan bəy Topçubaşov (Topçubaşi), Məhəmmədağa Şahtaxtinski, Mirzə Cəlil Məmmədquluzadə, Mirzə Ələkbər Sabir, Nəriman Nərimanov, Məhəmməd Əmin Rəsulzadə, Ömər Faiq Nemanzadə, Hüseyn Minasazov, Eynəli Sultanov, Hacıbəyli qardaşları - Üzeyir və Ceyhun - yalnız Azərbaycanın deyil, bütün İslam Şərqinin və türk dünyasının təməl ideoloji, siyasi, mənəvi yönünü müəyyənləşdirdilər.

Bu parlaq ədiblər, şairlər, publisistlər, siyasətçilər, mütəfəkkirlər arasında Əli bəy Hüseynzadənin xüsusi yeri var. Bu nurani sifətli və doğrudan da "türkin yalavacı" (peyğəmbəri) ya da şeyxültürk adlanılmağa layiq insanın ən dürüst səciyyəsini ömrü boyu onun ən etibarlı dostu və məsləkdaşı olmuş Əhməd bəyin oğlu Səməd Ağaoğlu vermişdir. Çox dəqiq olaraq Əli bəyi "pərdə arxasındakı adam" (yəni özünü gözə soxmağa çalışmayan insan) adlandıran Səməd bəy "Babamın arkadaşları" kitabında yazır:

"İşdə bu insanlardan biri də, babamın bu bəyaz saqqallı, rəmbə üzlü, gözəl gözlü şair, rəssam, musiqişünas, filosof, qəzetəçi, münəccim (? - A.), professor, doktor, Qafqazlı arkadaşıydı... Sabahları üzünü yuması bir saat, geyinməsi iki saat sürən, konuşmağa başladığı zaman hekayələri, xatirələri, şakaları, iynəli espiriləri qarşısındakıları heç yormadan dinlədən, bu ağır, sakit görünən adam "İttihad və Tərəqqi" firqəsinin baş qurucularından biri" idi. "Bu iki insan, babamla o necə anlaşırdılar? Babam sinirli, sərt, bir azca əcələçi idi. Ötəkisi yumşaq, sakin, ağırdı. Bu yaradılış fərqinə rəğmən bərabər mücadilə qəzetləri çıxardılar, bərabər istiqlal hərəkatlarına girdilər, gizli cəmiyyətlər qurdular".

Qəribədir ki, Səməd bəy atasını əsəbi, sərt, səbirsiz, Əli bəyi yumşaq, sakit, ağır təbiətli adam kimi səciyyələndirsə də, Əli bəyin xatirələrindən gətirdiyi bir epizodda hər ikisi tamam əks şəkildə davranırlar. Əli bəy xatırlayır:

"Qafqazda Əhməd bəylə qəzetə çıkarıyorduq. Bir gün fikrami vaxtında yazmamışdım. Əhməd bəy gəldi yazmamağımın səbəbini sordu. Bəlkə də bir az sinirliydim. Sərt cavab verdim. O da sərtləndi, münaqişə ağır bir hal aldı. Nasıl oldu, bilməm, birdən-birə qalxdım, iskəmləyi (kətili - A.) götürüb Əhməd bəyin üstünə yürüdüm, bunu yaparkən onun da eyni şəkildə qarşılıq verməsini bəklədim. Fəqət o qoşdu, önümdə duraraq boynunu bükdü: - Vur, amma yazıyı ver!".

Səməd bəy onu da qeyd edir ki, dövrünün böyük mürşidi Ziya Göyalpa "İslam ümmətindən, Qərb mədəniyyətindən, türk millətindən olmaq tezisini Əli bəy Hüseynzadə ilham etdi".

Doğrudan da, müstəqil Azərbaycanın bayrağında da öz əksini tapmış bu şüar: "Türkləşmək, islamlaşmaq, müasirləşmək" - ilk dəfə Əli bəy tərəfindən irəli sürülmüşdür. Bunu yalnız Əli bəyin məsləkdaşı, Türkiyədə məskən salmış tatar alimi Yusuf Akçura, Avropa şərqşünasları demir, Ziya Göyalpın özü də təsdiq edir: "Əli bəy Hüseynzadənin üçlü düsturu bütün türk dünyasında yeni üfüqlər açdı".

Görkəmli ədəbiyyatşünas, tənqidçi Yaşar Qarayevin fikri maraqlıdır: "Əli bəy Azərbaycanda yox, bütün türklük miqyasında qövmü özünüdərkin, istiqlal düşüncəsinin təkcə rəssamı deyil, həm də memarıdır... Məhz bu zəmində nəinki Məhəmməd Əmin Rəsulzadə və Nəriman Nərimanov, üstəlik Ziya Göyalp və Kamal Atatürk də Əli bəy Hüseynzadədən başlayır".

Son dərəcə sakit, mülayim, təvazökar və iddiasız insan olan Əli bəyin həyatı başdan-başa maraqlı görüşlərlə macəralarla dolu keçib.

Ana tərəfdən babası, Qafqazın Şeyxülislamı Axund Əhməd Səlyaninin M.F.Axundzadə ilə xoş münasibətləri vardı. Olsun ki, Əli bəy də uşaqlığında Mirzə Fətəlinin söhbətlərini dinləmişdi. Ə.Hüseynzadə Peterburq Universitetinin fizika-riyaziyyat fakültəsində təhsil alarkən çara sui-qəsdin iştirakçılarıyla yaxın olduğuna görə universitetdən xaric edilir. Bu sui-qəsdçilərin biri Leninin böyük qardaşı Aleksandr Ulyanov (onu inqilabçı da saymaq olar, terrorçu da) - Əli bəy üçün sadəcə Saşa Ulyanov idi. Əli bəy Bakıda bir dərzi qıza aşiq olub mətbəəyə yaxın yerə gəlib gedən gənc Stalinlə tanış olur. Azərbaycanda ilk günlük "Həyat" qəzetini (Əhməd bəylə birlikdə) redaktə edir. "Füyuzat" jurnalını yaradır.

Bizim günlərdə "Füyuzat"ın bütün saylarını latın qrafikasıyla çap etmiş mərhum ədəbiyyatşünas Ofelya xanım Bayramovanın bu əməyi düşüncə tariximizə misilsiz töhfədir. Ofelya xanım yazır: "Füyuzat" məcmuəsi XX əsrin ilk onilliyində Azərbaycanda füyuzatçılıq adlı ədəbi, siyasi məktəb yaratmışdır. Füyuzatçılıq - ilk növbədə çarizmə, milli əsarətə, istibdada qarşı çevrilmiş türk xalqlarının mənəvi birliyi - turançılıq idelogiyasıdır".

Turançılıq ideyası, yəni tək türklərin deyil, ümumən uqro-fin (Əli bəyin təbirincə uyğur-fin) xalqlarının birliyi ideyası onun macarlara xitab edən məşhur şeirində də ifadə olunub:

Sizlərsiniz ey qövmi-macar bizdərə ixvan,

Əcdadımızın müştərəkən mənşəi Turan.

Bir dindəyiz biz, həpimiz həqqpərəstan

Mümkünmi ayırsın bizi İncil ilə Quran?

Sonralar bu fikir Ziya Goyalpın misralarında da öz əksini tapdı:

Vətən nə Türkiyədir türklərə, nə Türküstan

Vətən böyük. müəbbəd bir ölkədir - Turan.

Əli bəy Hüseynzadə haqqında və onunla bağlı bir neçə sanballı kitabların müəllifi və tərtibçisi olan Azər Turan "Füyüzat"ın səhifələrində Həsən bəy Zərdabi, Mirzə Ələkbər Sabir, Məhəmməd Hadi, Abdulla Sur, Abbas Səhhət, Abdulla Şaiq, Hüseyn Cavid, Əbdülhəq Hamid, Həsən Səbri Ayvazov, Səid Səlmasi kimi müəlliflərin imzalarına diqqət çəkərək yazır:

"Füyuzat" Azərbaycanda romantizm ədəbi cərəyanının başlanğıcıdır. "Füyuzat" Azərbaycan romantizminin Hüseyn Cavid ərəfəsidir. "Füyuzat"ın ilk şairi Məhəmməd Hadidir. "Füyuzat"ın son şairi Məhəmməd Əmin Rəsulzadədir. "Həyat və meyli-füyuzat "Füyuzat"ın ilk sözüdür. "O halda məni təqib edin" "Füyuzat"ın son sözüdür".

Senzura basqılarından başqa, Osmanlı sultanı Əbdül Həmid haqqında tənqidi yazılar verdiyinə görə "Füyuzat" sultanın da qəzəbinə düçar olur və onun tələbiylə Çar hökuməti tərəfindən qapadılır - "rus-türk həmrəyliyinin" bariz örnəyi.... Vur- tut bir il (1906) ömür sürmüş jurnalın cəmisi otuz iki nömrəsi çıxmışdır. "Füyuzat"ın qapanmasıyla bağlı Əli bəy "Pərdə eniyor-son tamaşa" adlı kədərli bir yazı yazır.

Tarix paradokslarla doludur. Kommunist təbliğatı daima Əli bəy Hüseynzadəni də, "Füyuzat" jurnalını da mürtəce, pantürkist damğalarıyla damğalayırdı. Azərbaycanda sovet hakimiyyəti qurulandan dörd ay sonra 1920-ci il sentyabrın 1-də kommunist yazıçı Məmməd Səid Ordubadi Əli bəyin məqaləsini qəsd edərək: "Pərdə eniyor, pərdə qalkıyor" adlı yazı yazır və yeni "Füqarə füyuzatı" dərgisinin çıxmasını xəbər verir. Guya ayrı ad tapa bilməzdilər. Beləcə bolşeviklər "Molla Nəsrəddin" jurnalını da "özəlləşdirmək" təşəbbüsündə bulunmuşdular.

Ölkəyə "qırmızı qaranlığın" çökəcəyini öncədən duyubmuş kimi - bəlkə elə münəccimliyi burda kara gəlib - Əli bəy 1910-cu ildə Türkiyəyə mühacirət edir. Bir neçə ildən sonra Hüseynzadə soyadına Turan soyadını da əlavə edir. Sevdiyi, xəyalıyla yaşadığı, dilinə, ədəbiyyatına ürəkdən bağlandığı bir məmləkətə köçsə də, vətənçün qəribsəmə ya özünün işlətdiyi sözlə desək "nostalji" hisslərini keçirir. Professor, doktor Ali Haydar Bayat "Ali bəy Hüseynhade, və Türkiyədə yayınladığı eserler" kitabında belə bir faktı da gətirir.

Bakıda dostlarının təşkil etdiyi vida ziyafətinlə. Əli bəy bu mənim Bakıda yediyim son plovdur, onu adət üzrə əlimlə yeyəcəm deyir.

Millətə, milliyyətə, hürriyyətə,

Aşiq olan uğrasa da möhnətə,

Yari-vətən düşsə də gər qürbətə,

Qəm yemə, səbr et, bu da, yahu keçər.

Türkiyədə "Türk ocaqlarının", "Türk yurdunun" qurucularından olur. Tələt paşanın təklifiylə "İttihad və Tərəqqi" rəhbər heyətinə daxil olur.

Türkiyə Avropa dövlətləri tərəfindən müvəqqəti işğal edilən zaman ingilislər Əli bəyi, Əhməd bəyi, başqa ittihadçılarla birlikdə Malta adasına sürgün edirlər.

Hələ çox illər əvvəl dostu Əhməd bəy Ağaoğluyla birlikdə italyan şairi Torkvato Tassonun "Qurtarılmış Qüds" əsəriylə fal açaraq bu sözləri oxuyurlar: "Şərqin ən qaranlıq günlərində sarısaçlı bir qəhrəman çıxacaq, milləti toplayaraq hürriyyətə, zəfərə aparacaq". Hər iki dost bu inanılmaz öncədəngörmədə sarışın Mustafa Kamala işarə olunmasına mat qalırlar.

Təbii ki, Qazinin Türkiyəni həm qurtarması, həm də çağdaş şəkildə qurması hər ikisinin ürəyincə idi. Əhməd bəy Atatürkün ən yaxın silahdaşlarından biri, "pərdə arxasındakı adam" - Əli bəy isə onu hər tür dəstəkləyənlərdən olur. Amma Əli bəy taleyinin izaholunmaz sərgüzəştlərindən biri də odur ki, 1926-cı ildə Bakıda Birinci türkoloji qurultayda iştirak edən Ə.Hüseynzadə Türkiyəyə dönərkən Mustafa Kamala sui-qəsd etmək təşəbbüsündə ittiham olunaraq ittihadçılarla birlikdə iyunun 14-də həbs edilir.

Məhkəmədə çıxış edərək Qaziyə hörmət bəslədiyini deyir, qeyd edir ki, Bakıda Türkoloji qurultay zamanı onun mənkibəsini nəşr etdirərkən bunlar burada sui-qəsdlə məşğul imişlər. "Mən nasıl onların arasında ola bilirim".

Ofelya Bayramova yazır ki, məhkəmə Ə.Hüseynzadənin günahsız olduğunu elan edərkən salonda alqış tufanı qopur. Avqustun 26-da bəraət qazanır.

Belə bir absurd ittihamla həbs edilən Əli bəyin bu iki ay yarımda nələr çəkdiyini təsəvvür etmək çətin deyil.

Bakıda qurultayda Əli bəy "Qərbin iki dastanında türk" mövzusunda çıxış edir.

Çıxışında iki avropalı müəllifin əsərlərindən söhbət gedir: İtalyan şairi Torkvato Tassonun (1544-1585) "Qurtarılmış Qüds" və Portegiz şairi Kameonsun (1525-1580) "Luziada" poemalarından. Tasso dastanında Birinci Səlib müharibəsini tərənnüm edir, Kameonsun qəhrəmanı məşhur səyyah dənizçi Vasko de Qamadır. Bu əsərlərdə, İslama və türklərə münasibəti müqayisə edən Ə.Hüseynzadə qeyd edir: "Kameons, təbircaiz isə bir xristian bütpərəsti olduğu halda, Tasso daha ziyadə təsəvvüfə - "mistisizmə" meyyal bir xristian müvəhhibidir. Bu səbəbdəndir ki, Tasso islamiyyəti binnisbə daha iyi anlıyor, hətta bəzən təqdir ediyor və Həzrəti-Məhəmməddən bəhs edərkən təhqiramiz bir lisan qullanmıyor. Anlaşılıyor ki, şair islamdan, islam peyğəmbərindən ara-sıra bəhs ediyorsa, anlayaraq bəhs ediyor. Halbuki Kameons islamın nə olduğunu, nədən ibarət bulunduğunu nə anlamış və nə də anlamaq istəmişdir... Kameons Portəgizin, Romanını və ümimiyyətlə Qərbin tarixinə olduqca vaqif olduğu halda sevmədiyi ərəbin, islamın tarixindən, tarixi-mədəniyyətindən həmən-həmən bixəbərdir. Bu xüsusda cəhaləti bariz bir şəkildə gözə çarpar".

Bəzi Azərbaycan ədəbiyyatşünasları Əli bəyin bu məqaləsini tədqiq edərkən belə nəticə çıxarırlar ki, müəllif dolayı yolla Azərbaycan Xalq Cümhuriyyətinin acı taleyini, bolşeviklər tərəfindən dağıldığını nəzərdə tutur. Yazını diqqətlə oxusam da, bu fikri əsaslandıracaq heç bir açıq, ya dolayı işarəyə rast gəlmədim. Həm də sovet Bakısında çıxış edərkən Əli bəyin belə bir təşəbbüsü onun nəzakətli qonaq davranışına yabançı, etik cəhətdənsə qeyri-səmimi olardı. Amma Əli bəyin mətniylə tanış olanda başqa bir məqama təəccüb qalırsan. Müəllifin Kameonsdən gətirdiyi sitatlar, sanki bugünkü Avropanın Türkiyəyə münasibətini güzgüdəki kimi əks edir. Kameons yazır: "Ey avropalılır, ey almanlar, ey fransızlar, ey ingilislər, ey italyanlar, türklərlə mücahidə qurarkən bir-birinizlə axmaqca nə boğuşuyorsunuz, nə müharibə ediyorsunuz?".

Əli bəy əlavə edir: "Bu şair türkləri nə sevər, nə də tanır! İslama nə qədər müxasim isə, türklərə qarşı da o qədər müxasimdir".

Eyni yazıda Ə.Hüseynzadə türklərə rəğbətlə yanaşan müəlliflərin də adlarını çəkir: Bayron, Puşkin, Tolstoy Dostoyevski. Ümumiyyətlə, Əli bəyin müxtəlif yazılarıyla tanış olduqca erudisiyasının, savadının, biliklərinin genişliyinə heyran qalırsan. Doğma dilinin - Azərbaycan türkcəsinin bütün incəliklərinə bələd idi. Yerli-yerində atalar sözlərindən, zərb-məsəllərdən, ideomatik ifadələrdən istifadə edirdi. "Qırmızı qaranlıqlar içində yaşıl işıqlar" məqaləsində bir parça xüsusilə diqqətimi çəkdi. Türk dilindəki "qara günlər", "qara xəbərlər", "qırmızı yalanlar", "üz ağlığı" kimi ifadələri misal çəkərək Əli bəy yazır:

"Şübhə yoxdur ki, günün qarası olmaz. "Qaragün" ifadəsini ilk dəfə ixtira etmiş olan əcdadımızdan biri bununla bir hali-mənəviyyatı müxtəsər bir surətdə ifadə edərək ... bu müsibətli, bəlalı günlərin də təsiri olur demək istəmiş idi".

Bu parçanı oxuduqda Rəsul Rzanın "Rənglər" silsiləsiylə bağlı mübahisələri xatırladım. Müxtəlif rəngləri səciyyələndirən şairə irad tutanlara cavab olaraq atam dilimizdəki ifadələrə isnad edirdi: "ağ yalan", "qara böhtan", "gözlərim saraldı", kimi deyimləri yada salırdı.

Azəri türkcəsinin bütün incəliklərini dərindən duyan Əli bəy fəqət Osmanlı türkcəsində yazırdı, rus, alman, fransız, ingilis, ərəb, fars dillərini bilirdi, ensiklopedik məlumatlara malik şəxsiyyət idi. Məncə, tarixdə heç bir Azərbaycan yazıçısı Əli bəy Hüseynzadə qədər geniş savad dairəsinə, mütaliə miqyaslarına malik olmayıb. Homer, Dante, Svift, Höte, Şiller, Bayron, Viktor Hüqo, Puşkin, Tolstoy, Dostoyevski, Çexov, Bodler, Verlen, Mallarme, Firdovsi, Ömər Xəyyam, Hafiz Sədi, onlarca Osmanlı şair və ədibləri Əli bəyin yaxşı bələd olduğu müəlliflərdir. Ömər Xəyyama, Şillerə, Lev Tolstoya və tolstoyçuluğa ayrıca məqalələr həsr edib. Tolstoyun etik görüşləri Əli bəyə xüsusilə yaxındır. Eyni zamanda Avropa rəssamlarından, eləcə də Repindən, Vereşşagindən, Ayvazovskidən söz açarkən onların əsərləriylə yaxından tanış olduğu aydınlaşır. Özü də Azərbaycanın ilk peşəkar boyakarlarından olan Əli bəyin etirafına görə, hətta bir müddət ali təhsilini rəssamlıq sahəsində almaq niyyətində olub.

Musiqiyə xüsusi həvəsi və qabiliyyəti varmış, gözəl skripka çalırmış. Əbdülqədir Marağainin muğamatını Bethovenin simfoniya və sonatalarıyla yanaşı qoyarkən müəllif Şərq və Qərb musiqisinin bərabər dəyərlərə malik olduğunu vurğulayır. Bethoven, Motsart, Rossini, Verdi, List, Quno, Vaqner kimi Avropa bəstəkarlarını xatırlaması, Sen Sansın "Ölülər rəqsi"ndən və Çaykovskinin "Orlean qızı" operasından bəhs etməsi təbiidir, amma 20-ci illərdə məşhur olan rəqqasənin, Sergey Yeseninin arvadı Aysedora Dunkanın adını çəkməsi məni xeyli təəccübləndirdi. Deməli, Şərqdə və Qərbdə heç bir əlamətdar ədəbiyyat və sənət hadisəsi Əli bəyin diqqətindən yayınmırmış.

A.Bayatın kitabında bir maraqlı fakta da rast gəldim. Demə, gənc Üzeyir Hacıbəyli Əli bəyin sözlərinə bir mahnı bəstələyibmiş və bu mahnı o vaxt çox populyar olub:

Millətin halı nə yaman olmuş

Hamının qəlbi qəm ilə dolmuş

Bir belə cəhalət olmaz, olmaz, olmaz,

Bir belə səfalət olmaz, olmaz, olmaz

Əli bəyin ən mühüm siyasi, tarixi, fəlsəfi, publisist irsi "Qırmızı qaranlıqlar içində yaşıl işıqlar", "Türklər kimdir və kimlərdən ibarətdir", "Qərbin iki dastanında türk", "Nicat məhəbbətdədir", "Məcnun və Leylayi-İslam", "Yazımız, dilimiz, "İkinci ilimiz", tatar kommunisti M.Sultanqaliyevə təsir göstərmiş "Sola, sola, sol tərəfə" yazıları və xüsusilə ən sanballı mətni olan "Siyasəti-fürusət" adlı əsəridir. Mən bilərəkdən "mətn" və "yazı" sözlərini işlədirəm, çünki onların janrlarını təyin etmək asan deyil. Traktatlar, risalələrmi, məqalələrmi, tədqiqatlarmı? Yaxud indi dəbdə olan janrı yada salsaq - esselərmi?

Özəlliklə "Siyasəti-fürusət"in janrını təyin etmək çox çətindir. Tarixi əsərdir, şübhəsiz, amma çox qeyri-adi tarix salnaməsidir. Əsərin personajları ən qədim İran şahları XX rus siyasətçiləriylə dialoqa girişirlər. Nadir şahla Napoleon tutuşdurulur. Qriboyedovun İranda səfirlik fəaliyyəti və ömrünün faciəvi sonluğu, Əmir Teymura həsr olunmuş ayrıca fəsil və Məhəmməd ağa Şahtaxtinskiyə ünvanlanmış atmacalar, Şah İsmayıl və Sultan Səlim qarşıdurması və Rusiya dumasında müzakirələr - bütün bu zaman və məkan qarmaqarışığı mənə hardasa Nizami Gəncəvinin "İsgəndərnamə"sini xatırlatdı. Makedoniyalı İsgəndəri həm Misir fironlarıyla, həm də rus knyazlarıyla görüşdürən, Bərdədən Çinə qədər aparan Nizami bu tarixi anoxronizmi yaparkən zamanların və məkanların vəhdəti fikrini irəli sürürdü. Eyni prinsiplə "Siyasəti-fürusət"də qədim İranın xeyirxah şahları Kəyumars, Firudin, Cəmşid zülmkar Zöhhaka qarşı dururlarsa, XX əsrdə şovinist rus siyasi xadimi Purişkeviç mütərəqqi rus ədəbiyyatıyla üz-üzə gəlir.

Əsərin adı "Siyasəti-fürusət", yəni at minmək məharəti, at oynatmaq siyasətidir. Aydındır ki, bu ad rəmzidir. Müəllif özü məşhur ingilis yazıçısı Conatan Sviftin "Qulliverin sərgüzəşti" əsərini nişan verir. Məlum olduğu kimi, bu əsərin qəhrəmanı Qulliver gah liliputlar, gah azmanlar ölkəsinə, gah da demokratik prinsiplər hökm sürən atlar diyarına düşür. Bu üsuldan Svift dövrünün cəmiyyətini kəskin həcv etmək məqsədilə istifadə edir.

Ofelya Bayramova yazır: "Siyasəti-fürusət" Şərq istibdadına, xüsusilə İran mütləqiyyətinə qarşı ən kəskin satirik əsərlərdən biridir".

Doğrudan da belədir. Məsələn, tarixi fakt kimi Əli bəy Rusiya dumasına kazakların atları barədə müzakirəni götürür. Mütərəqqi rus piblisisti Doroşeviç bu faktı kazak atlarının quyruğuna həsr olunmuş felyetonunda ələ salır. Əli bəy də bu məsələni daha sərt satirik boyalarla qələmə alaraq "şişirdir". Kazak atlarının quyruğunun uzunluğu-qısalığı məsələsini az qala rus və İran siyasətinin başlıca problemi olduğuna rişxənd edir. At quyruğu məsələsi Dumanın iclasında deputatlardan Milyukovla Purişkeviçin əlbəyaxa olmasında səbəbə çevrilir. Purişkeviçin İranla əlaqəsini yaratmaqçün at quyruğunun qıllarından teleqraf telləri kimi istifadə edilməsi təklif olunur. Ümumiyyətlə, Rusiyadakı islam, türk millətlərinin qatı düşməni Purişkeviç "Siyasəti-fürusətin" əsas personajlarındandır. Onun özünü də olmasa, kölgəsini İrana gətirən müəllif bu ölkədə kölgəni həmfikirləriylə, elə Purişkeviçin özü kimi mürtəce mövqedə duran Mir Haşımlar, Seyid Əli Yəzdilər, Şeyx Fəzlullahlarla görüşdürür.

Sviftin Qulliverindən başqa Əli bəy Qriboyedovun "Ağıldan bəla" pyesindən də satirik məqsədlərlə faydalanmışdır. Bu yazıçı və diplomata münasibətdə Əli bəy iki cəhəti ayırır, Qriboyedovun Qafqazda və İranda çar siyasətinin təmsilçisi kimi müsəlmanlara şübhəylə yanaşması, "mən onlara etibar etmirəm" deyə yazması nəticədə onun qətlinə səbəblərdən biri oldu. Əli bəy qeyd edir ki, Qriboyedovun yerində Puşkin olsaydı onu heç vaxt öldürməzdilər. (Puşkini şərqlilər deyil, fransız qətl etdi).

İkinci tərəfdən, Ə.Hüseynzadə o dövrün rus cəmiyyətini kəskin şəkildə ifşa edən "Ağıldan bəla" əsərinin personajlarına İranda analoqlar tapır. Famusovlar, repetilovlar, skalazublar İranda mir haşımlar, seyid əli yəzdilər, şeyx fəzlullahların simasında peyda olurlar. İranın öz Çatskisi də var - Mirzə Tağı xan (1808-1856). Müəyyən mütərəqqi islahatlar aparmış baş nazir, Nəsrəddin şahın qəzəbinə düçar olaraq zindana atılmış və öldürülmüşdür.

Müəllif qeyd edir ki, hərəmxanasında 158 qadın olan Fətəli şahın şəhvanı hərisliyi İrana bol-bol şahzadələr yetişdirmişdir. Bu şahzadələr və şahlığa iddalı başqa şəxslər hakimiyyət uğrunda mübarizədə bir-birinə qarşı ən qəddar üsullardan - qətllərdən, gözə mil çəkməkdən, axtalamaqdan istifadə etmişlər. Əli bəyin əsasən müsbət dəyərləndirdiyi Nadir şah da doğma oğlunu kor etmişdir.

Xalqı "cəhalətə, ətalətə, tiryəkə giriftar etmək, giriftar olmayanları içə dərbədər edib xaricə qaçırtmaq" dövlətin düşünülmüş siyasətidir. Məhz buna görə "kürreyi ərz üzərində İran qədər viran bir məmləkət yoxdur".

Sual oluna bilər ki, bütün qəlbiylə, fikriylə türkçü olan Əli bəy nədən hadisələri İrana köçürür. Cavabı çox sadədir: Əli bəy İranı məhz türklər tərəfindən idarə olunan türk məmləkəti kimi qavrayır. Həqiqətən də Qəznəvilərdən, Səlcuqlardan, Ağqoyunlulardan, Qaraqoyunlulardan, Səfəvilərdən Əfşarlara, Qacarlara qədər İranı həmişə türk mənşəli şahlar idarə etmişlər İran-fars əraziləri də daxil olmaqla böyük səltənətlər türk sülalələrinin adlarıyla adlanmışlar Qəznəvilər, Səlcuqlar Ağqoyunlar, Qaraqoyunlar, Səfəvilər dövlətləri, Nadir şah Əfşarın qurduğu imperiya, yüz il ərzində Qacarların idarə etdikləri dövlət. (Hazırda da İranın ali dini rəhbəri Azəri türküdür). Əli bəy xatırladır ki İranı bir dövlət kimi moğollar (türklər) birləşdirmişlər.

Bununla belə, "Siyasəti-fürusət"də İranın fars və Azərbaycan türk sahələri bir-birindən fərqləndirilir. Kölgənin (Purişkeviçin) İran səfərində raslaşdıqlarının türkcə danışdıqlarına diqqət yetirilir, sonra farscaya keçmələrinin səbəbini soruşanda belə cavab alır: "Şimdiyə qədər keçdiyimiz yerlər Azərbaycan ölkəsi olub, əhalisi türklərdən ibarət bulunduğu üçün biz də dillərinə riayətlə türkcə qonuşurduq. Buradan ilərisi artıq lisani-farsi ilə mütəkəllim olanlarla məskundur. Bir də ki, məclisi-millidə at mübahisəsi fars dilində cərəyan etdiyindən yavaş-yavaş qulağını ona alışdırmaq lazımdır".

O da maraqlıdır ki, Kölgə (Purişkeviç) həmsöhbətlərinə türklərlə farslar arasında nifaq yaratmağı məsləhət görür.                    

Əli bəy "Türklər kimdir və kimlərdən ibarətdir" araşdırmasında türklərin tarixini Miladdan əvvəlki 2000 illiyə aid edir, sırf türk tayfalarından ibarət olanları səhvən monqol adlandırılmasından danışır, Baburun qurduğu Böyük moğollar imperiyasının türk dövləti olduğunu göstərir. Bu məqalədə türk dillərinin təsnifatı da verilir. Finlərin və macarların da daxil olduqları böyük dil ailəsində türk ləhcələrinin xüsusi yeri olduğu vurğulanır.

Əli bəy son iki yüz il ərzində Cənubi Qafqaz tarixində mühüm yer tutan Azərbaycan-erməni qarşıdurmasından da yan keçə bilməzdi. Müxtəlif yazılarında bu məsələyə münasibət bildirir. "Erməni vətəndaşlarımıza tövsiyə və ixtaratimiz" məqaləsində M.Ə.Sabirin iki xalqı barışa çağıran məşhur şeirindən misal gətirərək davam edir: Şübhəsiz, ermənilər də hər bir millət kibi bir millətdirlər, onların da özlərinə məxsus qusurları olduğu kibi məzayaları vardır, hər millətdə olduğu kibi fəna adamlar varsa da, yaxşıları daha çoxdur". Bu xoş məramlı sözlərdən sonra Əli bəy inanmaq və inandırmaq istəyir ki, ermənilər arasında qonşularla dinclik və mehribanlıq şəraitində yaşamaq istəyənlər aravuran fitnəkarlardan daha çoxdur. Həmin məqalədə Əli bəy dostu və məsləkdaşı Əhməd bəyi erməni mətbuatında yer alan böhtan və hədələrdən qoruyur.

Ə.Hüseynzadə bu gün belə çox aktual bir məsələyə toxunur, qeyd edir ki, erməni millətçiləri türk və islam millətlərinin ittihadından, birləşməsindən deyil, onların maariflənməsindən, mədəni inkişafından, siyasi tərəqqisindən qorxurlar. Bu gün də daşnak terroristlərin hədəfində ermənilərə qarşı hər hansı bir düşmən hərəkəti edənlərdən daha artıq türk xalqlarının məşhur və parlaq şəxsiyyətləridir.

Səciyyəvidir ki, erməni terroristləri humanist və toleranslı bir insan olan, xalqları barışa çağıran Əli bəyə terror aktı hazırlayırlarmış. Azər Turan "Əli bəy Hüseynzadə" kitabında 1919-cu ildə Daşnaksütun partiyasının İrəvanda keçirilən qurultayında qisasçı Nemezis terror təşkilatının yaradılması və onun hədəfləri cərgəsində Əli bəyin də olmasını yazır. Bu terror təşkilatının rəhbəri Şaan Natali qeyd edir ki, Bakıdan İstanbula gəlmiş Əli bəy Hüseynzadə burada siyasi turançılığın qurucularından oldu. Onu da vurğulayır ki, aldığı yüksək təhsil, geniş intellektual gücü və müxtəlif Avropa dillərini bilməsi nəticəsində böyük nüfuza malik olan Əli bəyin tələbələrə təsiri də nəzərə alınarsa, onun səyləri boşa çıxmaya bilər".

Qorxduqları da elə bu idi - geniş bilikli, savadlı, yüksək intellektə malik, tarixi iftiralara yerində cavab verməyə qadir olan türk ziyalıları. Bu cəhətdən Əli bəy öz qüsurlarımızın üstündən də keçmir, "Siyasəti-fürusət"də islam xalqlarını nəzərdə tutaraq yazır:

"Hanı akademiyaları, cəmiyyəti-elmiyələri, universitetləri, darulfünunları, mədrəsələri, məktəbləri?.. Qonşularımız kiçik gürcü, ya erməni milləti qədər olsun zəmanəyə müvafiq yeni bir ədəbiyyat və maarif vücuda gətirildimi?".

Bununla belə, Əli bəy ermənilərin ifrat torpaq tamahlarından başqa, mədəniyyət sahəsində də şişirdilmiş iddialarını məntiqlə təkzib edə bilir:

"Ermənilər, qonşular, siz özünüzü hər nə qədər öyürsünüz öyün, hər nə qədər lovğalanırsınız lovğalanın, iki min illik tarixinizi nə qədər istərsiniz qarışdırın, yenə də içinizdən nə bir Əbu Əli İbn Sina, nə bir Mövlana Cəlaləddin Rumi, nə bir Uluqbəy göstərə bilməzsiniz. Ərəstünlər, Homerlər yerən yunanlarla, Musalar, İsalar, Spinozalar, Heynelər, Lassallar yetişdirən yəhudilərlə heç bir vəchlə bənzəriniz yoxdur. Yüksəlin! Qonşular, yüksəlin! Yüksəlmədikcə, əxlaqınızı təmizləmədikcə, milli xəyallarını beyninizdən çıxarıb atmadıqca bəşəriyyətə, insaniyyətə İsalar, Məhəmmədlər, Buddalar kimi bir nəzərlə baxmadıqca böyük millətlərə bənzəməzsiniz, məhv olub gedərsiniz" (Bu sitatı Azər Turanın kitabından gətirirəm).

1918-ci ildə Azərbaycan müstəqilliyini elan edəndə Əli bəy hələ də Şaumyanın bolşevik-daşnak idarəçiliyi altında olan Bakıyla bağlı deyirdi:

"Bu gənc dövlətin müvəqqəti paytaxtı Gəncəni tərk etdim. Müvəqqəti paytaxtı diyorum, çünki Azərbaycanın təbii paytaxtı petrol mənbəyi Bakıdır. Tiflissiz Gürcüstan nə isə, Bakısız da Azərbaycan odur. Bakını Azərbaycana çox görən kim olursa-olsun Azərbaycan xalqınının ən mənfur düşmənidir!".

Ə.Bayat adını çəkdiyim kitabında Əli Bəyin Sovet Azərbaycanına qayıtmaq fikri olduğunu da yazır. Bu fikirlərdən onu Hüseyn Cavid yazdığı şeir vasitəsilə daşındırır.

Yazımın yekun hissəsində Əli bəy Hüseynzadə Turan irsinin ən çox mübahisə doğuran məsələsinə - dil məsələsinə toxunmağı vacib bilirəm. Bunsuz Əli bəy və onun dünyagörüşü, fəaliyyəti haqqında təsəvvürlərimiz yarımçıq olardı.

Dil məsələsi XX əsrin əvvəllərində Əli bəyin Azərbaycandakı müasirlərinin bir çoxu tərəfindən tənqid olunan cəhəti idisə, sovet dövründə onun dil üslubunu və dil siyasətini tamamilə mürtəce və xalqımıza yad, hətta düşmən münasibət kimi damğaladılar. Əli bəyin dilimiz və onun inkişaf yonü haqqında nəzəri fikirlərinə keçməzdən əvvəl onun əsərlərinin dilinə müraciət edək. Doğrusu, bu mətnlərlə tanış olarkən təəccüb qalırdım ki, eyni bir səhifədə ərəb-fars izafetləriylə qəlizləşdirilmiş cümlələr öz dilimizdəki anlaşıqlı ifadələrlə yan-yanaşıdırlar. Elə "Siyasəti-fürusət"də ard-arda gələn cümlələri misal çəkək: "Mətbuatı hürrə "Əxtər"lərinin ədəmi-vücud və füqlanı və Ərfəüddövlə kimi əxtərşünas Danişməndi siyasətin vücudi-behbudi-ürfan və vicdanı sayəsində bizə müin və yavər olan İstanbul "Yıldızı" "əncüməni-siyah" ləyal olaraq Saucbulağa və Urmiyayə qədər sərhədlərimizi təcavüzlə gözlərimizi qamaşdırıb kor edən Xürşidi-hürriyyət və ədalətli zülm və əsarətin dəryayi-zülaminə qərq etmək və ciyərlərimizi pənceyi-qəhr ilə paralayıb bizi dilxun edən şiri-məşrutiyyəti istibdadın əjdahayi səddahanına bəd etdirmək niyyətində bulunub firqeyi-müxalifeyi-əhrari təhlil etdi. Lakin bundan sonra da bizim üçün sədrə şəfa verəcək bir nəticə çıxmadı. Şimdi nə qədər bədbəxt və bədəxtər bulunduğumuzu anlamağa başlayırız".

Birinci uzun cümləni ərəb-fars lüğətlərinə baxmadan anlamaq olmaz, ikinci və üçüncü cümlələri hər kəs anlar.

Sovet ədəbiyyat tarixlərində Əli bəy Hüseynzadənin ifrat dil üslubuna misal olaraq "Faust"dan etdiyi tərcümənin bir beytini misal çəkirdilər:

Ənzari-şəbabimdə pədidar olan ey zil!

Ey zilli-tüluat, oluyorsan yenə peyda.

Amma axı həmin tərcümədə başqa sətirlər də var:

Eyvah ki, dünyaları fikrim dolaşırkən

Təqibə nə at var, nə qanat var, nə də yelkən.

Sevdayi vətən şevqi ilə eylər isəm seyr

Səhraları, dəryaları, bir durna qatarı

Deməli, Əli bəy istəsə bu sayaq sadə, anlaşıqlı dildə də yaza bilərdi. İstəmədi. Nədən? Səbəbləri çoxdu. Bir əsas səbəb -Azərbaycan dilini Osmanlı türkcəsinin bir şivəsi, ləhcəsi kimi qavraması və ədəbi dilin yalnız Osmanlı türkcəsi olduğunu sayması idi. M.F.Axundzadənin, Nəriman Nərimanovun, Ə.Haqverdiyevin əsərləriylə tanış olsa da, dil cəhətdən əsas təsirləndiyi şair və ədiblər Namik Kamal, Rəcaizadə Mahmud Əkrəm, Tofiq Fikrət, Əddülhəqq Hamid idi. Bunu açıq bəyan edirdi. Abbas Səhhətin, Abdulla Şaiqin "İkinci ilimiz" dərsliyinə daxil olan uşaq şeirlərinin sadə dilini və ümumən bu kitabı tənqid edərək yazırdı: "Canım, osmanlı əşar və ədəbiyyatında öylə nümunələr vardır ki, sizin bu kibi şeirlərinizdən daha türkcə, daha azərbaycanca və qafqazcadır" (? - A.)

Əgər Əli bəy bu fikri Yunus Əmrənin, Qaracaoğlanın, Pir Sultan Abdalın, Dadaloğlunun şeirlərinə aid edərdisə, bununla qismən (Azərbaycan şairlərinin dəyərini azaltmadan) qəbul etmək olardı. Amma Əli bəy axı məhz Osmanlı türkcəsində yaranan ədəbiyyatı nəzərdə tuturdu ki, Atatürk dövründə çağdaş türk dili bu ərəb-fars təsirlərindən qurtulmağa çalışdı.

İkinci cəhət Əli bəyin siyasi baxışlarıyla bağlı idi. O, vahid Turanı, o cümlədən Azərbaycanı Türkiyənin tərkibində görürdü və ümumi dili də buna görə Osmanlı türkcəsi kimi - az sonra türklərin özlərinin imtina etdikləri dil kimi - təsəvvür edirdi. Bu barədə görkəmli türk alimi, Bakı türkoloji qurultayında Əli bəyin yol yoldaşı olmuş Fuad Köprülü açıq yazır:

"Yalnız rus və Qərb ədəbiyyatını deyil, İran və osmanlı ədəbiyyatını da çox mükəmməl bilən və bilxass osmanlı ədəbiyyatının Şünası və Kamaldan Hamidə, Əkrəm və Tofiq Fikrətə qədər gələn təcəddüd səhifələrinə tamamilə vaqif olan Əli bəy Hüseynzadə 1906-1907-ci illərdə nəşr etdiyi "Füyuzat" məcmuəsi ilə Azəri ədəbiyyatının təkamül tarixində çox dərin iz buraxmışdır... İstanbul ləhcəsinə heyrandı. Yeni açılacaq türk məktəbləri və mətbuatı vasitəsilə, bu ləhcəni Qafqaz türkləri arasında yaymaq və yeni Azərbaycan ədəbiyyatını bu ləhcə üzərində qurmaq istəyirdi" (Sitatı Azər Turanın "Əli bəy Hüseynzadə" kitabından gətirirəm).

Şükür ki, Əli bəyin bu istəyi həyata keçmədi, ilk növbədə bir neçə nəsil Azərbaycan yazıçıları (o cümlədən sovet dövrünün yazıçıları) öz özəlliyi və öz gözəlliyi olan Azəri türkcəsini Osmanlı türkcəsinə qurban vermədilər. Azəri türkləri və Türkiyə türkləri bir-birinə ən yaxın olan qardaş xalqlardır. Bir qardaşın dilini o biri qardaşa qəbul etdirmək cəhdi elə gözlərimizin qarşısında Rusiyayla Ukrayna arasında barışmaz düşmənçiliyə çevrildi.

Bir daha təkrar edək ki, Əli bəy Hüseynzadə Turan xalqımızın yetişdirdiyi ən böyük və parlaq şəxsiyyətlərdəndir, onun ədəbi irsi düşüncə tariximiz üçün son dərəcə dəyərli və gərəklidir. Sovet dövründə bu böyük şəxsiyyətə qarşı qərəzli və avam münasibət qəbulolunmazdır. İndi müstəqillik dövründə biz Sovet dönəminin bir çox yanlışlıqlarını düzəltməyə, islah etməyə, ya kökündən dəyişməyə çalışırıq. Tarixin qum saatı vaxtı gələndə çevrilir, alt üstə, üst alta dönür. Amma bu o demək deyil ki, ancaq Keçmişlə höcət naminə bütün qəbul olunmuş dəyərləri konyunktur meyyarlarla yozasan, hər şeyi tərsinə çevirmək naminə bəzi şəksiz həqiqətləri təftiş edəsən. Qəzet səhifələrində "biz bu gün "Molla Nəsrəddin" dilində yox, "Füyuzat" dilində yazmalıyıq" çağırışlarını oxuyanda düşünürəm, görəsən bu iddianı irəli sürən gənc "Füyuzat"ın bircə səhifəsini lüğətlərə baxmadan oxuyub anlaya bilərmi?

Burda bir vacib məsələnin üzərində də durmaq istəyirəm. Şəxsiyyətinə böyük hörmət bəslədiyimə rəğmən Əli bəyin bir fikriylə heç cür razılaşa bilmərəm. Əli bəy belə hesab edir ki, Osmanlı türkcəsinin ərəb və fars sözləriylə yüklənməsi onun bəlası yox, məziyyətidir, çünki ərəb, fars sözlərinin osmanlıcada sırf türk sözlərindən çox olması bu dilin islami dəyərlərə və fars mədəniyyətinə bağlılığına dəlalət edir. Ona görə də texniki tərəqqiylə meydana çıxmış fotoqraf, teleqraf, fonoqraf, telefon və s. sözləri biz onları icad edən xalqların dilindən yox, ərəb, fars dillərindən almalıyıq. Avropalılar bir çox yeni kəşflərçün latın dilinə müraciət edirlər. Əli bəy yazır:

"Biz neçin avropalılar kibi hərəkət etməyəyim? Nə üçün biz də türkcəmiz üçün latın və yunan dilləri məqamında olan fars və ərəb dillərinə müraciət etməyəlim?".

"Türkcəmiz üçün ərəb və fars dillərinə müraciət" qəribə səslənir, deyilmi? Əli bəyin təklifi daha da qəribədir: "Lazımdır ki, biz də "işıq", "səs", "yazı" sözlərini öz mənalarında mühafizə edib farsın ya ərəbin bunlara müqabil olan "pərtöv", "səda", "nəvmistan" kibi kəlamatını yeni ixtira olunan alat və ədavata tətbiq etməklə fotoqrafa - pərtovnəvis, fonoqrafa - sədanəvis, telefona - durşenov deyəlim. Bu surətlə dilimizi təvəsso edəlim".

Nə yaxşı ki, dillərimiz - Türkiyə türkcəsi də, Azəri türkcəsi də bu sayaq "təvəsso" etmədi və bütün dünyanın qəbul etdiyi fotoqraf, telefon, teleqraf sözlərini olduğu kimi işlətdi, ya da ən yeni kəşflərə öz dilimizin qanunlara uyğun olaraq "bilgisayar" adı verdi.

Sovet ədəbiyyatşünaslığında iddia edildiyi kimi "Molla Nəsrəddin" və "Füyuzat" ın amalları əks deyildi, intəhası hərəsinin öz yolu, öz üslubu, öz oxucusu vardı. Mirzə Cəlil Məmmədquluzadəylə, Mirzə Ələkbər Sabirlə Əli bəy Hüseynzadənin qarşılıqlı hörmətə dayanan münasibətləri haqqında, Əli bəyin "Molla Nəsrəddin"i həmişə yüksək qiymətləndirməsi, Mirzə Cəlili ən böyük rus və Avropa satirikləriylə müqayisə etməsi barədə çağdaş ədəbiyyatşünaslığımızda dəfələrlə deyilib, yazılıb. Bu barədə mən də yazmışam, təkrar etmək istəmirəm.

Bircə məqam üzərində dayanmaq istərdim. Türkiyə mühacirəti ərəfəsində Tiflisdə, "Molla Nəsrəddin" redaksiyasında Mirzə Cəlillə vida görüşündə Əli bəy deyir: "Yaxşı yazırsınız".

Mirzə Cəlil xatırlayır: "Mən Əli bəyə ərz etdim ki, onun tək bir şəxsdən eşidilən bu sözü mən "havayı" danışılan sözlərin cərgəsinə qoya bilmərəm. Çünki Əli bəy Hüseynzadə kimi bir yazı ustadı məntək bir cavan yazıçıya yazı barəsində dediyi sözü mən ciddi bir söz hesab edəm gərək. Əli bəy mənə dediyi sözü təkrar və təsdiq etdi və həmişə adət etdiyi kimi, başını aşağı salıb guya öz-özünə genə dedi: Açıq yazmağı da bacarmaq lazımdır".

Bu mükalimənin dərin mənası var, Mirzə Cəlil Əli bəydən cəmisi iki yaş gənc olmasına baxmayaraq, onu ustad, özünü cavan yazıçı adlandırır. Bu böyük insanlara, o cümlədən Mirzə Cəlilə xas olan təbii təvazökarlıqdan başqa, bir də onunla bağlıdır ki, C.Məmmədquluzadə bədii yaradıcılığa nisbətən gec başlamışdı və odur ki, özünü "gənc yazıçı" saya bilərdi. Bu görüşün və bu dialoqun ən böyük önəmi isə ondan ibarətdir ki, Əli bəy ümumiyyətlə sadə, anlaşıqlı xalq dilində yazmağın vacibliyini təsdiq edir. Bu məsələdə son nöqtəni isə o, 1926-ci ildə, martın 5-də Bakıda "Ədəbiyyat cəmiyyəti"nin təntənəli toplantısında söylədiyi nitqində qoyur:

"Bir gün soqaqda bir çoçuq gördüm, Topla oynayırdı, topu yuxarı atdıqca, top geri dönüb aşağı düşürdü. Fəqət topu əvvəla yerə vurduqca top əqəbində yüksəlirdi... Ədəbiyyat da boylədir. Xalqa enmədikcə yüksəlməz. Əvvəla xalqa, köylüyə, əmələyə vəlhasil böyük kütləyə qədər enməli, sonra bunlarla bərabər yuksəlməgə çalışmalıdır".

Tale mənə Əli bəyin rəssam oğlu Səlim Turanla ünsiyyəti bəxş etdi. Onunla Parisdə Sertəllərin vasitəsilə tanış oldum. Solçu və mütərəqqi rəssam Səlimlə ilk görüşdən isinişdik, söhbətimiz tutdu və mən bu görüş haqqında hələ sovet illərində "Qobustan"da dərc etdiyim "Gəzməyə qürbət ölkə" adlı yazımda bəhs etmişəm, Yeri gəlmişkən, bu yazıda sovet vaxtında ilk dəfə olaraq Əli bəy Hüseynzadənin və Əhməd bəy Ağaoğlunun adları tənəsiz, tənqidsiz, damğasız çəkilir.

"Qobustan"ın 1970-ci il sayında dərc olunnuş bu yazıdan bir sitat:

"Söhbətimizin əvvəlində Səlim bəy ölkəmizdə onun atasına - Əli bəy Hüseynzadəyə münasibət haqqında soruşdu. Mən həqiqəti olduğu kimi söylədm. Əli bəyin məfkurə və dil prinsiplərinə tənqidi münasibətimizi gizlətmədim. Bununla belə, Əli bəyin bir mədəniyyət xadimi kimi, geniş təhsilli adam kimi, rus və Avropa ədəbiyyatı haqqında məqalələr müəllifi və bir tərcüməçi kimi mədəniyyət tarixində xidmətlərini bizim marksist ədəbiyyatşünaslığı heç vaxt inkar etməmişdir. Əli bəyin rəssamlıq fəaliyyətini isə biz bu gün ancaq minnətdarlıq hissiylə yad edirik - o bizim ilk peşəkar rəssamlardan olub. Səlim Turana deyirəm ki, Əli bəyin iki işi bizim İncəsənət Muzeyində asılmışdır və onları Toğrul Nərimanbəyov bərpa etmişdir".

Səlimə fransız dilində hekayəmi bağışladım. Bir müddət sonra Parisdə turist səfərində olan yazıçı Sabir Əhmədov mənə Səlimin hədiyyəsini gətirdi. "Mən, sən, o və telefon" hekayəm əsasında kiçik bir tablo çəkmişdi. Bu şəkil Səlim Turandan əziz bir xatirə kimi mənzilimin divarında asılıb.

İkinci dəfə Səlim Turanla İstanbulda, onun emalatxanasında görüşdük, sonra birlikdə Qaraca Əhməd məzarlığında Əli bəyin və həyat yoldaşı Ədhiyyə xanımın məzarlarını ziyarət etdik, axşam isə yenə birlikdə Ataol Bəhrəmoğlunun "Mutlu ol, Nazım" tamaşasına baxdıq. Səlimi Bakıya dəvət edirdim və gəlməyə razılıq vermişdi. Nə yazıq ki, ömür möhləti imkan vermədi. Səlimin dəfnində iştirak etmək də nəsib oldu mənə. Atatürk Kultur Mərkəzində təşkil olunmuş vida mərasimində Hüseynzadə-Turanların ana vətənləri Azərbaycanın adından vida sözü söylədim. Çox sonralar Əli bəyin qızı, o da rəssam olan Feyzavər xanımla tanış oldum. Onu dostum, ədəbiyyat tarixçisi Əli Yavuz Akpınarla ziyarət etdik. Bu mehriban qadın mənə Səlimin rəsm albomunu bağışladı. Unudulmaz insan və gözəl rəssam Səlim Turan haqqında "Literatura, İskusstvo, Kultura" kitabımın, ikinci cildində tablolarını verməklə bəhs etdim.

İndi həmin kitabın Azərbaycan dilində nəşri üçün bu yazını yazıram. Ə.Hüseynzadə-Turanın çoxşaxəli, çoxcəhətli fəaliyyəti haqqında düşünərkən bu fikrə gəlirəm ki, nə qədər çox yazsa, yaratsa, çalışsa da, Əli bəyə demək istədiklərinin, qəlbindəkilərin hamısını deməyə taleyi imkan vermədi. Amma dediklərindən də səmərə hasil olmadığından qəlb qırıqlığı duydu.

Bu barədə hamıdan yaxşı o özü yazıb:

Ucundadır dilimin

Həqiqətin böyüyü

Nə qoydular deyəyim,

Nə kəsdilər dilimi.

Bilirmisən cahillər

Nə etdilər vətənə?

Nə qoydular uyuya,

Nə qoydular oyana.

Durur bila-hərəkət.

Rəvadırmı diriyə?

Nə getmədə iləri,

Nə dönmədə geriyə.

Düşmən qırar qapıyı,

Biz evdə bixəbəriz,

Nə başqa başqalarız,

Nə ittihad edəriz.

Ayıltmadı qələmim

Bu türk ilə əcəmi.

Nə qoydular yazayım,

Nə qırdılar qələmi.

Sentyabr 2019, Zuğulba

© Müəllif hüquqları qorunur! Mətndən istifadə etdikdə istinad mütləqdir!