Povest - çağdaş bədii düşüncənin axtarışlarında - Aynur XƏLİLOVA yazır

Ədəbiyyatda, adətən, müəyyən mərhələlər bir-birini əvəz etdikdə, cəmiyyətdə köklü dəyişikliklər baş verdikdə ədəbi sferada bədii söz sənətinin inkişafına yönəlmiş yeniliklərlə bərabər, bəzən özündən əvvəlkinə kəskin inkarçı yanaşmalar da meydana çıxmış, məntiqə o qədər də uyğun olmayan fərziyyələr irəli sürülmüşdür. Belə bir proses Müstəqillik dövrü Azərbaycan ədəbi mühitində də yaşanmışdır. Mövzudan kənara çıxmadan qeyd edək ki, araşdırma predmetimiz olan povest janrı üçün bu zaman kəsiminin müəyyən dövrü o qədər də ürəkaçan olmamışdır. Lakin zaman bir daha təsdiqlədi ki, hər şeyin öz axarına düşməsini təmin edən, doğruları fakt kimi qarşıya qoyan, nəyin lazımlı, nəyin lazımsız olmasını müəyyənləşdirən yenə də əlahəzrət Zamanın özüdür. Əgər bir neçə il öncə Azərbaycan ədəbi cameəsində "povest" janrının adı və özü müzakirə obyekti idisə, hətta bu janra bəzən inkarçı mövqedən yanaşılırdısa, bu gün artıq belə bir hal, demək olar ki, müşahidə olunmur. Görünür, sınaqdan çıxmış, inkişafa və uğura imza atmış, ənənəyə çevrilmiş nəsnələrin üstündən xətt çəkib yox etmək o qədər də asan deyil. Məhz bu səbəbdən də Azərbaycan ədəbiyyatında əsası görkəmli mütəfəkkir-yazar Mirzə Fətəli Axundzadənin "Aldanmış kəvakib" əsəri ilə qoyulan, müxtəlif ədəbi nəsillərin nümayəndələrinin yaradıcılığında inkişaf etdirilən, içərisində yaşadığımız zamanın xarakterinə və tələblərinə uyğun olaraq oxucu üçün sərfəli həcmdə olub yazıçıya öz sözünü yorucu təfərrüatlara varmadan konkret şəkildə deməyə kifayət qədər meydan verən povest janrına müraciət bu gün də müasir yazarlar tərəfindən davam etdirilməkdədir. O ki qaldı ənənənin hansı şəkildə təqdim edilməsinə, bəli, bu haqda müzakirə açmağa dəyər.

Azərbaycan müstəqillik qazandıqdan sonra ölkədə bərqərar olan insan azadlığı onun sovet hakimiyyəti zamanında mövcud olmuş yazmaq və çap olunmaq məhdudiyyətini də aradan qaldırmış, bu isə, təəssüf ki, bir sıra hallarda arzuolunmaz mənzərəyə gətirib çıxarmışdır. Həm də təkcə ədəbiyyatda yox, bir sıra sahələrdə. Bəs problemə çevrilməkdə olan bu məsələnin qarşısını necə almaq olar? Mövzumuz ədəbiyyatla bağlı olduğundan, deyə bilərik ki, fikrimizcə, sözügedən sahədəki bu və ya digər arzuolunmaz halların qarşısını almaq müvafiq elmi və ədəbi qurumlar, ədəbi tənqid, qəzet və dərgilər, nəşriyyatlar, televiziya və saytların məsələyə kompleks yanaşması ilə mümkündür.

2017-2018-ci illərdə povest adı ilə təqdim olunan kifayət qədər çap materialı qeydə alınmışdır. Təkcə 2018-ci ildə bu rəqəm, təxminən, 40-a yaxındır. Burada "çap materialı" ifadəsini işlətməyimiz təsadüfi deyil. Çünki nəşr olunmuş bütün mətnlərin hamısını heç də ədəbiyyat faktı kimi qəbul edə bilmərik. Ədəbiyyat faktı olmayan və ədəbi dövriyyəyə daxil ola bilməyən mətnlər isə yalnız və yalnız yazı və çap materialı ola bilər. Dövriyyəyə süni şəkildə daxile dilmə halları da vardır ki, belə hallar, əsasən, incəsənətin digər sahələri vasitəsilə əlaqəli şəkildə həyata keçirilir. Lakin sənətə aidiyyəti olmadığı üçün bunlar, təbii ki, yaddaqalan və uzunömürlü olmur. Nəsr əsəri üçün isə belə monipulyasiyalar keçərli deyil. O, ya mətn olaraq əsər kimi var, ya da yoxdur! Təəssüf ki, bir sıra hallarda "ədəbi tənqid"in özü də bədii söz yaradıcılığına aidiyyəti olmayan mətnlərin və müəlliflərinin reklamı ilə məşğul olur, qəzet və jurnallardan boy verən məqsədli və sifarişli xaltura yazılarla onları ədəbiyyata sırımağa cəhd edir və nə yazıq ki, bəzən buna, süni şəkildə də olsa, nail ola bilir. İstənilən halda, tənqidçinin peşəkarlığı, biliyi, analitik təfəkkürü, təhlil və tədqiq bacarığı ilə yanaşı, şəffaf mövqeyi, vicdan və məsuliyyət hissi olmalıdır. Məhz bu mövqedən yanaşaraq, burada yalnız ədəbiyyat faktı olan və ədəbiyyat adına nələrisə müşahidə edə biləcəyimiz povestlərin adlarını çəkməyi, haqqında yığcam şəkildə fikir bildirməyi məqsədəuyğun hesab edirik.

2017-2018-ci illər üçün povest janrının ümumi mənzərəsində mövzu, məzmun, üslub və təmayül müxtəlifliyi, süjetin çoxqatlı təqdimatı əsas məqam kimi müşahidə olundu. Bunların içərisində magik-realist üslubda yazılmış əsərlər bir sıra diqqəti çəkən məqamları ilə daha çox görünən oldu. Belə əsərlərdən biri yaradıcılığında magik-realist üslubun aparıcı olduğu istedadlı yazar Zahid Sarıtorpağın "Qarğa marşrutu" povestidir. Onu da deyək ki, bu, yazıçının povest janrında qələmə aldığı ilk əsəridir. Zahid Sarıtorpaq içərisində yaşadığı dövrün problematikasından yazmağa daha çox üstünlük verən və onu hazır qavranılan məhsul kimi deyil, düşündürən, düşündürüb də nəticə çıxarmağa sövq edən şəkildə təqdim edən yazıçıdır. Mübhəmlik, mistik örtük, simvolizm, arxetiplərə müraciət, gerçəkliyin gizlinlərdə əksi, ümumiləşdirmə... onun digər əsərləri kimi, "Qarğa marşrutu"nda da diqqəti çəkir. Müəllif, bəlkə də ən adi həqiqətləri belə, metafizik düşüncə örtüyündə təqdim edir, əsəri anlamaq üçün isə örtüyün o üzündəki həqiqəti görmək gərəkdir.

"Qarğa marşrutu"nda vampirsayağı obraz kimi təsvir edilən Nihat ümumilikdə ədəbiyyatımız üçün, demək olar ki, yenidir. Kiçik yaşlarından atasını itirən, atalığının kobud və vecsiz rəftarından təngə gələn, sevgidən, hətta ana nəvazişi və qayğısından məhrum böyüyən Nihata bütün bunlar, təbii ki, ruhi-psixoloji təsirsiz ötüşməmişdir. Baş götürüb evdən qaçan və bibisigildə yaşayan Nihat bir müddət sonra xaçapuri satıb çörəkpulu qazanmaq üçün Bakıya - Binə bazarına üz tutur. Nihat obrazı mürəkkəb və ümumiləşmiş obrazdır. Həyatın amansızlığı, ədalətsizliyi qarşısında nə edəcəyini hələ aydınlaşdıra bilməyən, yaşamaq uğrunda mübarizədə gah zəif, gah da güclü görünməyə çalışan obraz. Əsərdəki obrazların əksəriyyəti də məhz bu tip insanlardır - yaşamaq uğrunda həyatın dibində çabalayan Nihatlar, Əzizağalar, Dilsuzlar, Şamillər..., onların yaşam tərzi, ağrı-acıları, daxili-psixoloji yaşantıları... Povestdə ümumiləşdirmə və simvolizm məkan və obrazların timsalında gerçəkləşmişdir. Bazar, mahiyyət etibarilə, burada təsvir olunan dövrün, cəmiyyətin xarakterini, mövcud mənfilikləri, bəzi insanların qəlbinə hakim kəsilən şeytani hərisliyi ifadə edərək simvolik məzmun daşıyır. Əslində, geniş və fəlsəfi anlamda yanaşsaq, dünya özü də böyük bir bazar deyilmi?! - İnsan bazarı!

Yüksək sənətkarlıqla yazılmış, poetik təfəkkürlə prozaik təfəkkürün birgə təzahür etdiyi "Qarğa marşrutu"nu 2017-2018-ci illər povest janrının uğurlu nümunəsi hesab etmək olar.

Mübariz Cəfərlinin magik-realist üslubda yazılmış "Şəklin arxasında", "Səmadakı quyu" və "Yerin altındakı gümüşüyarpaq ağac" əsərləri müəllifin irreal aləm və hadisələrlə bağlı düşüncələrini əks etdirir. "Şəklin arxasında" povestində ruhlar, yuxu, qeyri-adi hadisələr haqqında araşdırma aparan tədqiqatçının bu məqsədlə getdiyi qeyri-adi hadisələrin yaşandığı söylənilən evdə baş verənlər və bunların fonunda keçən əsrin, təxminən, səksəninci illərin sonları-doxsanıncı illərin əvvəllərində cəmiyyətdə mövcud olan xaos və nəticə etibarilə onun yaratdığı cinayətlər diqqətə çatdırılır. Bu evdə baş verənlər ev sahibinin söylədiyi kimi, doğrudanmı ruhlarla, daha dəqiq desək, rəsmi həmin evin divarından asılmış gənc və gözəl qadının ruhu ilə bağlı idi, yoxsa üstü ört-basdır edilmiş cinayətlər idi? Axı, həqiqət heç də təkcə gözlə görünənlərdə deyil, bəlkə də, daha çox gizlinlərdə - "Şəklin arxasında" olur. Deməli, əsas diqqət şəklə deyil, onun arxasındakı gizlinlərə yönəlməli, həqiqət də orada axtarılmalıdır.

"Ya dirisən, ya ölü. Üçüncü yol yoxdur" hind atalar məsəlinin əksinə olaraq "Yollar çoxdur" deyən müəllif, əslində, "yol" dedikdə, insanın cisimsəl, yaxud ruhsal anlamda "gedib" də bərqərar ola biləcəyi məkanı nəzərdə tutur. Taleyindən gileyli olanlar, bəlkə, metafizik düşüncəyə görə, bizə naməlum uzaqlıqlarda yerləşən mövcudluqlarda özlərini tapa bilərlər?.. Tapa bilərlərmi? Həmin məkanlar bəyəm onlar üçün labirint olmayacaqmı? Hər halda belə mövcudiyyət var və Mübariz Cəfərlinin daha çox irreal aləmdə baş verən hadisələri və bu kontekstdə qəhrəmanının ruhi-psixoloji yaşantılarını, təbəddülatlarını əks etdirən "Səmadakı quyu" povesti də müəllifin neçəncisə mövcudiyyətin varlığına inam hissini ortaya qoyur. "Yerin altındakı gümüşüyarpaq ağac" əsərində yuxu süjetyaradıcı komponent kimi alınır, irreal aləmlə bağlı "görüntülər"in təsvirini gerçəkləşdirir. Demək olar ki, qeyri-adi, mistik hadisələrdən ibarət olan yuxu üzərində qurulmuş əsər süjet boyu hadisələrin qəhrəmanı ilə birlikdə oxucunu da düşündürür, baş verənlərin nə ilə sonuclanacağını təhmin etməyə can atır, həm də məhz sözügedən irreal kontekstdə. Müəllifin yuxu haqqında sual və düşüncələri ilə başlayan əsər sonda oxucunun özünü də bu sual və düşüncələrlə baş-başa qoyur. Yazıçı təqdim etdiyi çoxqatlı yuxu ilə oxucunu daha da çətinə salır. Yuxu ilə bağlı suallar isə hələ də bəşəriyyət üçün cavabsız qalır. Həm də bu təkcə sirrin açılma məqamının yetişməməsi ilə deyil, bəlkə də və yəqin ki, sirrin içərisində cismən var olduğumuz maddi aləm üçün heç vaxt açılmayacağı ilə bağlıdır.

"Niyə məni qoydun öləm, baba?!" - Mübariz Örənin postmodernist təmayüldə yazdığı "Ağ buludlar" povesti üçün seçdiyi bu epiqraf süjet boyu, sanki bədbəxtliyə məhkum olunmuşların qəlbindən qopan ah kimi səslənir. Əsərdə baş verən günahlar onu edənlərə özünəqəsddən başqa yol qoymur, insest əlaqədə olan ata ayaqlarını dəzgahın altında qoyub özünü əlilliyə məhkum edir, qardaş isə özünü çaya atıb öldürür. "Niyə məni qoydun öləm, baba?!" - bu, həmin övladların səsləridir. Ailəsini atanların başqa millətdən olan müxtəlif qadınlardan törəmiş bir-bindən xəbərsiz övladları bu günaha öz valideynləri, burada, konkret olaraq ataları tərəfindən məhkum edilmişlər. Məhz "O" da belələrindəndir. Əsərin kulminasiya nöqtəsi bir-birindən ayrı yaşayıb böyüyən doğma bacı-qardaşın arasında olan insest əlaqənin bəllənməsidir. Bu acı gerçəyi bildikdə isə bir vaxtlar ailəsini axtaran "O" qaçır, bacısından da, "kamaz"ın arxasınca qarın-buzun üstündə ayaqyalın-başıaçıq, ağ saçları üzünə tökülmüş qaçan - illərdi oğlunun həsrətindən havalanmış - anasından da qaçır. Əslində, o, öz günahından qaçırdı - öz ölümünə sarı!

Povestdə yuxu mənayaradıcı komponent kimi çıxış edir, sirli aləm kimi olacaqlar haqqında sahibinə müəyyən şifrələrlə konkret mesajlar ötürür. Yuxuların yozumu süjetin gəlişməsi boyunca "O"nun başına gələcəklərə işarə kimi hesablanır.

Povestdə Antik yunan ədəbiyyatına aid Tebai kralı Ediplə bağlı uyğun motivdən dekonstruktiv şəkildə istifadə olunmuşdur. Əsas diqqəti çəkən isə süjetyaradıcı komponent kimi alınaraq dekonstruktiv şəkildə istifadə edilən "Qurani-Kərim"də sözügedən Lut Peyğəmbərin qövmü - mənəvi-əxlaqi heçliyə uğramış qövmün Allahın qəzəbinə gələrək fiziki cəhətdən də məhv olunması ilə əlaqəli əhvalatdır.

Qorxmaz Şıxalıoğlunun əsas obrazın dilindən səmimi, içdən gələn duyğularla yazdığı "Bürkü" povesti bir yeniyetmənin daxili psixoloji yaşantılarını əks etdirir. Xəstə anasına şəfa olacaq çiçəklərdən yığmaq üçün tək və gizli meşəyə gedən Eldarın qorxunu dəf etmək üçün daxilində öz-özüylə mübarizəsi və qorxunu yenməsi, başına gələn hadisələrin təsadüf, qarabasma, yaxud Tanrının iradəsilə baş verən gerçəklik olmasını yaşına uyğun şəkildə dərk etməyə çalışması psixoloji aspektdə o qədər inandırıcı şəkildə təsvir edilir ki, oxucu bu hissləri obrazla birgə yaşayır. Sadiq Zamanın "Ötən illərin yuxusu" povestində də əsas obraz yeniyetmə oğlandır, lakin "Bürkü" povestindən fərqli olaraq burada daha çox şəhər mühiti məzmuna uyğun çərçivədə təsvir edilir. Ötən illərin gələcəkdə gerçəkləşən ağrılı yuxusundan görünür ki, gələcək insan üçün önəmli olan mənəvi-əxlaqi baxımdan o qədər də yaxşı nələrsə vəd etmir. Demək ki, keçmişin həqiqi sevgi və dostluqdan uzaq gələcəyində insan yavaş-yavaş mənən insanlığından uzaqlaşmağa doğru gedəcək, mənəvi-əxlaqi aşınmalar, təyin edilmiş çərçivədən çıxmaq isə onu məhvə sürükləyəcək. Çünki Yer kürə şəklində olub öz orbiti ətrafında fırlandığı kimi, insanların yaşam tərzində də bir nizam olmalıdır.

2017-2018-ci illərdə çap olunmuş Məmməd Orucun "Veteran", Kənan Hacının "Fironun dəftəri", Mustafa Çəmənlinin "Səhnə fədaisi", Vaqif Bəhmənlinin "Cabbar qalası", Qələndər Xaçınçaylının "Güllə işığında", Mənzər Niyarlının "Vətəndən-vətənə", Qafar Cəfərlinin "Namus yarası", "Xəyanət" və "Xoşbəxt" əsirlər", Ələmdar Cabbarlının "Qızıl", M.Firanın "Ötən günlərdən qorxma" povestləri də müxtəlif mövzulara həsr olunmuş əsərlər kimi maraq doğurur. Əli bəy Azərinin tərtibatında nəşr olunmuş "Seçilmiş povestlər" kitabında da bəzi povestlər müəyyən məqamları ilə diqqəti çəkir. Bunların içərisində sənədli povest, portret-povest, detektiv-povest və s. də vardır.

Yeri gəlmişkən, bir məsələyə münasibət bildirmək istərdik. Ədəbi cameədə zaman-zaman "detektiv janrdımı", "detektiv mətnə bədii əsər demək olarmı" kimi müzakirələr olub. Əvvəla onu deyək ki, detektiv janr deyil, öz-özlüyündə bir istilah kimi mətnin mövzu və məzmununun hansı səpkidə olduğunu ifadə edən janrlardaxili bölgüdür. Digər tərəfdən, detektivə janr kimi yanaşmaq adi məntiqlə də uyğun gəlmir. Əgər "detektiv roman", "detektiv povest" deyiriksə və nəzərə alsaq ki, həm roman, həm də povest özləri janr göstəricisidirlərsə, o zaman iki janr göstəricisinin yanaşı işlənməsi nə dərəcədə doğrudur? Bildiyimiz kimi, detektiv əsərlər daha çox hüquq-mühafizə orqanlarında çalışmış əməkdaşlar tərəfindən, adətən, şahidi və iştirakçısı olduğu gerçək hadisələrin qələmə alınması ilə meydana çıxır. Bu hadisə-əhvalatlar o zaman əsərə çevrilir ki, gerçəkliklə bədiiliyin sintezi yaransın, hadisələr bədii təfəkkür süzgəcindən keçirilib bütöv süjet şəklində təqdim olunsun. Əslində, bu, ümumiyyətlə, mətni bədii əsər kimi xarakterizə edən başlıca amildir. Bundan əlavə, detektiv əsər hadisələrin gəlişmə mərhələləri, kriminallıq dərəcəsi, əsas obrazları və başqa bu kimi xüsusiyyətlərlə səciyyələnir. Sözügedən xüsusiyyətləri özündə ehtiva etməyən, yalnız müxtəlif hadisə-əhvalatların sıralanmasından ibarət olub bütöv süjetə çevrilməyən, bədiilikdən kənar mətnlər isə detektiv əsər sayıla bilməz. Bir məqam da maraqlıdır ki, detektiv əsər müəllifləri yaradıcılıqlarını əsas etibarilə bu xətt üzrə qurur, digər istiqamətlərə o qədər də meyil göstərmirlər.

Gördüyümüz kimi, 2017-2018-ci illərdə povest janrı həm kəmiyyət, həm də keyfiyyət etibarilə ədəbi mənzərədə kifayət qədər görünən janr oldu. Janrın poetik strukturunda müəyyən yeniliklər, fərqli eksperimentlər diqqəti çəkdi. Ənənəvi üslubda yazılmış əsərlərlə yanaşı, mağik-realist üslubda, postmodern təmayüldə qələmə alınmış maraqlı əsərlər ortaya çıxdı. Dekonstruktiv üsula postmodern əsərin əsas əlamət-göstəricilərindən biri kimi müraciət olundu. Ən əsası isə, Yuxu motivi süjetyaradıcı və mənayaradıcı komponent kimi, xüsusilə, diqqəti çəkdi.

Bununla belə, bəzi əsərlərdə epataj yaratmaq məqsədilə müxtəlif söz və ifadələrin işlədilməsi, yaxud açıq-saçıq səhnələrin təsviri, fikrimizcə, o qədər də arzuolunan deyil. Bəzən bu sözlərin işlədilməsi, ümumiyyətlə, lüzumsuz görünür. Açıq-saçıq səhnələr isə estetik şəkildə və müəyyən çərçivədə təqdim edilsə, daha düzgün olar. Ədəbi dilimizdə işlənməyən, ümumişlək olmayan, mənası yalnız mətn içərisində anlaşılan sözlərin yer alması da o qədər uyarlı görünmür.

Çağdaş ədəbi proses qazanılan ədəbi-tarixi təcrübədən kənarda, təcrid olunmuş şəkildə deyil, onunla əlaqəli və müqayisəli şəkildə davam və inkişaf etdirilməli, milli-mənəvi və bəşəri dəyərlər, idraka can atma, varlıq və yaşamla bağlı insanı düşündürən amillər və s. mənəvi-əxlaqi çərçivədə çağdaş bədii təfəkkürlə təqdim olunmalıdır.

Gördüyümüz kimi, son illərin, o cümlədən 2017-2018-ci illərin povest janrı ümumilikdə Müstəqillik dövrü Azərbaycan ədəbiyyatı üçün xarakterik olan çağdaş bədii düşüncənin axtarışları və fərqli eksperimentləri istiqamətində hərəkətdədir. Bu axtarışlar onun bir xətli deyil, müxtəlif üslub, təmayül və cərəyanlar üzrə ortaya çıxmasına, bütövlükdə dünya ədəbiyyatında mövcud prosesləri milli bədii təfəkkür əsasında yaşamasına imkan yaradır. Deməli, akademik İsa Həbibbəylinin də qeyd etdiyi kimi, "Müstəqillik epoxasının ədəbiyyatı Azərbaycanda bərqərar olmuş demokratik ədəbi mühitin çoxmetodlu və çoxsəsli ədəbiyyatıdır". Bu isə çağdaş ədəbiyyatın və bədii düşüncənin gəlişməsi, özünü çeşidli yönümlərdə təsdiqləməsi üçün önəmli amildir.

© Müəllif hüquqları qorunur! Mətndən istifadə etdikdə istinad mütləqdir!