Bayburtda tolunay - Elxan Zal Qaraxanlı

 

Bayburta üçlükdə getmişdik - Qənirə Paşayeva, Akif Əhmədgil və mən. Dədəm Qorqudun zamanında yaşadıq bir neçə gün. Biz  qayıdan gecə tolunay idi və Ayın mübarək işığı yolumuzu aydınladırdı, sanki. Əsl şeir gecəsiydi bu gecə. Oğuz zamanlarını xatırladım, savaş və sevginin eş olduğu zamanları...

***

Bu gecə Ay dolub, salavat çevir,

Çağır köməyinə  görünməzləri.

Müqəddəs duyğular oyat içində,

Dünya çiçəyinin ətrini iylə.

 

Azcana nuş elə dost süfrəsindən,

Özün də qonşuda bir acı doyur.

Səmadan Ay baxır, can soyudan Ay,

Allah kəlamını unutma, dostum.

***

Anılar titrəşdi keçəndə dağlardan,

Xortumlu bir həvəs xorultu saldı.

Çiçəklər üzürdü kəkotu  ətrində,

Dağların cəzbindən baxırdı heyrət.

 

Qayalar, dünyanın yaşıdı qayalar,

Mürgüdən daşlaşmış künclərdən səslənir,      

Əsrlər altından püskürən ağırlıq,        

Bayburt sıcağında əriyib tökülür.

 

Burdan köç yolları keçib bir zaman,

Bürküdən yaylaqda gizlənib elat.

Burda Dədəm Qorqud qopuz səsini,

Duaya çevirib "quş cənnəti"ndə...

 

Burda arılar var, sevdalananda,

Çiçəklər eşqinə pətək toxuyub.

Burda Bamsı Beyrək Banuçiçəyi,

İlk dəfə görəndə türkü oxuyub.

 

Burda dədəm Qazan qazavatını,

Kafirə yedirdib  hər nərəsində,

Şölən libasını geyib savaşlar,

Araba üstündə qala qurulub.

 

O şanlı günlərə şahid qayalar,

Balbal sükutunda dayanıb durur,

Yaşanmış illərin qırışlarından,

Kentavr gülüşü baxır üzümə.

 

Orda qılınc səsi, burda nal səsi,

Daşı dəlib keçib titrəyən nizə.

Ya bir gümüş kəmər əfşar boyundan,

Cingilti salıbdı, kömək çağırır.

 

Salam, dədəm dağlar, bu mənəm bu mən,

Ovcumun xətləri yol yumağıdır,

Xəzərin göyümtül təbəssümünü,

Bayburt qalasına sovqat verirəm.

 

Dağlarda eşq olar, gəzmək məşq olar,

İndi "Cip" minirik at əvəzinə,

Uzağa gedəndə uçub gedirik,

Ural da, Altay da yaxın görünür...

 

Musiqi səsində çaxdı çağlayan,

Bulud kürü saldı, mən xatırladım.

Daşların üstündə qoşa tamğa var,

Daşların altında  sirr xəzinəsi...

 

Könlünü mənə ver gül,

Sirrini mənə ver daş.

Ayrılıq vədəsi gəldi,

Yol çağırır yavaş-yavaş.

***

Bu axşam Ay dolub könlümüz kimi,

Deyilən hər şeir yaddaş oyadır.

Qala divarında yatan daşların,

Altından boylanır türkmən soyadı.

 

Bürün gözəl bacım, bürün azana,

Qoy coşsun içində qazavat qanı.

Üfüqdə elə bil rum hiyləsi var,

Ortada top qovur tale çovqanı.

 

Bizi igid yapdı analarımız,

Arslan misallıdır türkün  qadını.

İçində böyüklük yaşadan kişi,

Dünya divarına yazır adını.

 

Əlini ver bana, bizimdi yaşam,

Davamız, cəngimiz ölümdən yana.

Ədalət çökəndə, ümid öləndə,

Haqqı doğurmaqçün gəldik cahana.

 

Biz yürük yönlüyük, yollar yürüdük,

Tanrı sevgisini eylədik  rəhbər.`

Haranı sevdiksə ora el dedik,

Bu dağlar bizimdir! Allahu əkbər!!!

***

Çaya baxa-baxa çay  içirik biz,

Ləpələr üstündə işıq oynayır.

Dodaqlar üstündə dəli təbəssüm,

Armudu stəkanda qaşıq oynayır.

 

Bayburt gecəsində qənirsiz bir an,

Akif Qənirəni öyür durmadan.

Tətikdə dayanan  oyunbaz  bir an,

Oyunu bizimlə açıq oynayır.

 

Oğuzun ocağı nə şirindir, ah,

Bir axşam yaşadıq qayğıdan qıraq,

Burası Tausdan uzaqdır, ancaq,

Hər tinin başında aşıq oynayır.

Yadıma düşəndə əfşar elləri,

Hilal çevrəsində ulduz  göründü.

Bağrıma basdıqca mən bu  çölləri,

İyul sıcağı da bumbuz göründü.

 

Əlini göylərə uzatdı qırxlar,

Dualar içindən yağdı yaruqlar,

Allahı çox sevir bizim uruqlar,

Allahın rizası sonsuz göründü.

 

Şeh-şeh inci tökdü səhərin çəni,

Qoynuna səslədi Ağrıdağ məni,

"Miatsum" dedikcə soysyz erməni,

Qisas qılıncımız qınsız göründü.

 

Vuruldu təbillər, çalındı zənglər,

Şarkılar söylədi Banuçiçəklər,

Hər süfrə açanda qardaş ürəklər,

Haraya baxdımsa Oğuz göründü.

***

Mağaranın vahiməsi sopsoyuq və ağırdı,

qalxammıram pillələri, dizlərimdə ağrı var.

Kim bilir hara gedir bu ölçüsüz dərinlik,

bəlkə ayrı dünyanın qapısı önündəyik?

 

 Akif ayran gətirir, deyir - "al iç, sərinlən,

möcüzə iksiridir bu ayran mağaranın".

Mən ayranı içirəm dağın butası kimi,

əsrlərin dibindən ün gəlir qulağıma.

 

Ruhlar xorla oxuyur, dağlar hərəkətdədir,

səma qırışlarından  üzüntülər sallanır.

Qayaların üstündə piyalə  lalələr var,

onlar beyrək baxırlar bizim Qənirə kimi.

 

Mən birinci dəfəydi qayada lalə gördüm,

hər çiçək qotazında müqəddəs halə gördüm,

bəlkə də zaman-zaman ruhlar çiçəkləşirlər,

bəlkə də  mağarada ayrıca bir həyat var.

 

Mağarada doğurdu Yaradan insanlığı,

dərgaha gedən yol da bəlkə buradan keçir,

ayrı dünyaya getdi buradan Xosrov Pərviz,

Şirinin hekayəti son tapdı mağarada.

 

Bəlkə mən də nə vaxtsa bu qapıdan keçəcəm,

həyat gəldiyim yerə dönmək üçün duraqdır,

amma hələ vaxt deyil, vaxtı tək Allah bilər,

mənsə sevdiklərimlə öz vaxtımı yaşaram.

 

İçimdə sevgi qaynar, qulağımda ün oynar,

görüntülər görürəm Oğuz zamanlarından,

 ayranın sərinliyi istilik verir mənə,

və qaranlıq vahimə önündə üşüyürəm.

***

Saçların ipək kimidir saçların,

 ürəyimin qapısını ört dedim,

 mən gecənin sirlərini açıram,

amma ən böyük sirrim sənsən.

 

gözlərin məxmər kimidir, gözlərin,

əbədi rahatlıq var baxışlarında.

Bəlkə də sən Janna DArksan bu anda,

Bəlkə də mən Jan Valjanam.

 

Burası türk elidir, şübhəsiz,

Gecədə firəng ovsunu yox.

Sən danışdıqca madamlar bikələşir,

Mən də cəngavərləşirəm səninlə.

 

Sözlərin zəm-zəm suyudur, sözlərin,

Dinlət mənə ayətləri, dinlət.

Sən danışdıqca mən anlayıram,

Sözün hər şeydən əvvəl doğulduğunu.

***

Gedəndə qaz qatarı,

dedim söz ismarlayım.

Həsrət kitablarını

göy boyu mismarlayım

 

Oymaqlar oynaşmada,

səfər tamı süngülü.

Qoxlamağa qorxuram

qılınca qonmuş gülü.

 

Kür yatıb, İrtış uzaq,

buğa turlar yaralı.

İçimdəki yalquzaq

gəzir məndən aralı.

 

Qulunladı örüşlər,

yel qovanda yovşanı.

Çölləri dastanlayan

zümzüməli xan hanı?

 

Zümzümə devşirməli,

uyqular əyripəncə.

Savaş meydanlarında

qısraq çapır düşüncə.

 

Qurbanlıq qanaxması,

qaycaqlayıb qaldı qart.

Anıtlar məbədində

indi nə ön var, nə ard.

 

Dan yeri xan Ülgənin

alnında qan sürtməsi.

Puçurları ayıldır

isti şaman dürtməsi.

 

Pozulmaz bir qayda var

əzəl gündən acunda.

Törələr toxumlanır

qılıncların ucunda.

 

Qaz köçü qaqqıldaşır

dövrə vuranda dərviş.

Tanrıdağa gedənlər

hücrəsinə dönərmiş.

 

Türkülərin şirnisi

bozqırların ərkidir.

Şeirlər ölməz olur

adamlar gedərgidir.

 

Tanrının kitabları

göy boyu mismarlıdır.

Xilasçı qor atları

gəlməyə ismarlıdır.

***

Köç məqamı çatanda,

səfər tumu çırtladı.

Yolçuluq həvəsində

yurtalar yumurtladı.

 

Massaget təbəssümü

pırıl atlara noxta.

Köç ruhu tərpədəndə

tale gedir qabaqda.

 

Yel yeyürük yoldaşı,

yollar uzun dünya dar.

Rahatlıq məlakəsi

araya xançal qoyar.

 

Çöllərin sərhədləri

yol gedənə divarmı?

Dünya boyda gümbəzin

şəhər hücrəsi varmı?

 

Gedək, nə son var, nə uc,

bir el cana yığışmaz.

Küləkdən don geyənlər,

kəndə, köyə sağışmaz.

***

İki şam yanırdı, iki şam,

mən səni düşündüm bu axşam,

bir eşqin sehrində qalmışam,

sevdasız  günlərdə yoxdu tam,

yaratam, mən səni, yaratam*.

 

Uyqular qapqara, yox bəyaz,

ağrılı bəstələr qoşur yaz,

sevgilər ayrılar, qurtarmaz,

özümü mən nasıl unudam?

Yaratam, mən səni yaratam.

 

Mən sənəm, sən mənsən bəlkə də,

gəlmişik bir eşqli ölkədən,

bir canıq, bir tamıq, bir bədən,

bizi bir yaratdı Yaradan,

yaratam, mən səni yaratam.

Yaratam* - sevirəm (tatarca)

© Müəllif hüquqları qorunur! Mətndən istifadə etdikdə istinad mütləqdir!