Qapı... - Allahşükür Ağa - şeirlər

Qapı

Açılan səhərlərin atəş üzünə and olsun,

Mən öləndən sonra yazıram şeirlərimi.

Məsələn, birsaatlıq ölürəm.

Gedib şeir gətirirəm bir saatlığa,

Çiçək dəstələri kimi

Sonra dirilirəm.

Mənim şeirlərim bu dünyada olmur,

Ölürəm, açılır başqa bir sabah,

Başqa bir pəncərə…

Ölməklə sağ olmağın arasında

Nazik bir qapı var.

Nə kilidi var, nə açarı.

Gedirəm açılır,

Gəlirəm

Bağlanır.

Dayanın, bir dəqiqə,

Yenə gedirəm

Sizə şeir gətirməyə.

Burda olun,

Bir saata qayıdıram.

 

Qapılar

Suyun qapısı açılsa çiçəkdir,

Çiçəyin qapısı açılsa meyvə.

Qızın qəlbi açılsa sevgidir,

Sevginin qapısı açılsa ailə.

Allahın qapısı bağlı deyil,

Getmək istəyirsən səsnən get.

Ayaqlarını at çiyninə

Bir quruca nəfəsnən get.

Uzun bir yol var, amma

Get, get, dayanmadan get,

Allahın qapısına

Oyanmadan get...

Pəncərədə həyat

Pəncərədən gözəl görünür həyat,

Baxıb deyərsən ki,

Mən də uşaqlar kimi

                         qartopu oynaya bilərdim,

Amma istəmədim.

Atları elə çapardım ki,

Ayaqların səsində

                     tanış bir ritmi tuta bilərdim.

Dedim nəyimə lazım.

Mən ki onu əbədi saxlaya bilməyəcəm.

Pəncərədən baxırsan, sanki

Qatarda yorğun bir bələdçi ilə

                                    söhbət eləyirsən.

Məsələn, qatar Bakıya saat neçədə çatır,

Sualını verirsən.

Onsuz da özün bilirsən.

Ancaq onun deməyi sənə ləzzət eləyir.

Pəncərədən baxırsan

Pişik pəncəsini yalayır.

Qovsan onu, ancaq qar üstündə

Ayaq izləri qalar.

Baxıb düşünürsən

Bu pişiyin nə gözəl xətti var.

 

Məsələn

Məsələn, deyirəm,

Biz ölsək, yəni ayrılsaq,

Harda görüşə bilərik -

Bir-birimizi nədən tanıyarıq?

Məsələn, bizim adımız

Nə olar onda.

Sən məni tanımazsan

Mən səni tanıyanda.

Məsələn, sən dayanmazsan

Mən dayananda.

Məsələn, sən doğulmazsan,

Mən doğulanda.

Ayrılıq nə güclüdür,

Uzaqda dayanma,

Məsələn, hələ yatma,

Hələ oyanma.

 

Axtarış

Soyuqdan soruşuram,

İstiliyin hanı?

Şimşəkdə qalıb - deyir.

Şimşəkdən soruşuram,

İstiliyin hanı?

Günəşdə qalıb - deyir.

Günəşdən soruşuram,

Şəfəqin hanı?

Körpə bu uşaqda qalıb - deyir.

Körpədən soruşuram,

Gülümsünür...

Vermədilər

Ağladı, güldü...

Gəldi, gördü...

Və sevdi,

Bilmədilər, görmədilər.

Dağa verdi öz adını,

Salıb getdi qanadını.

İgidin kəhər atını,

Minmədilər, sürmədilər.

Bulaqlarda qaldı sözü,

Cığırlarda bitdi izi.

Qoşulub qaçan qızı,

Onun kimi sevmədilər.

Dünyanı sevən kişi,

Dünyanın dərdindən ölən kişi,

Dünyanı sənə vermədilər.

 

Ölüm

Güllələr nəğmə kimi səslənir bəzən,

Adamlar qaçırlar o nəğməni oxumağa.

Adamları nəğməylə aldadırlar... nahaq.

Məsələn, bilməsə,

Uşaq yerə düşüb

közərən bir mərmiyə tərəf qaçar

Və əlinə götürər ölümü.

Uşaqlar həmişə

oyuncaq gəzdiyindən yenə aldanarlar.

Ən zəhərli göbələk belə

o qədər şirindi ki, adam doymur.

Gör ölümü harda gizlədiblər?

Biz qaçırıq ölümlərdən,

Sən demə, biz ona tərəf

                                qaçırıqmış əslində.

Sürətli maşınların əlindən qaçıb

Bir at arabasının təkəri altında da

Ölmək təsadüfü varmış...

Amma çox nahaq,

Gərək bizi nəğməylə,

Göbələklə,

At arabasının nəğməli təkəri ilə

Aldatmayaydıllar...

 

Top kimi

Hələ yanımızda

Uşaqlar ölürsə,

Biz ancaq dəfn etməyi bacarırıqsa,

Sonra heç nə olmamış kimi

Hələ mahnı oxuyuruqsa

Demək sevmək yalanmış…

Anaların döşündə ağlayır

Və ağrıyır süd.

İtir, diyirlənir evin içində

Süd şüşələri,

Dərindən fikir versən

Südün uşaq üsyanı

Daha ciddidir,

Bizim

Mənasız şeirlərimizdən.

Balaca körpələr, əgər bilsəydilər,

Müharibə nədir,

Vuruşan ölkələrin adı nədir?

Məni bu qədər yandırmazdı,

Bəlkə.

Onlar elə bilirlər ki, bu, bir oyundu,

Bir-birinə top atmaq, yəni.

Sonra da o topu qaytarmaq, yəni.

Xatirəm

"Xatirə" parkında xatirəm qalıb,

Ağaclar içində ağlar bir uşaq.

Orada bir oğlan, bir qız qocalıb,

Gəl gedək onların əlindən tutaq.

"Xatirə" parkında xatirəm qalıb,

Təklikdən darıxıb ağac olubdu.

Xatirəm daşların gözünə dolub,

Binaya hörülüb uca olubdu.

"Xatirə" parkında xatirəm qalıb,

Yeriyir, yüyürür, yıxılır hələ.

Körpə dodağında lalələr solub,

Təzə sevgisindən sıxılır hələ.

"Xatirə" parkında xatirəm qalıb,

Özünə ev tutub, yurd salıb təzə,

Burda ürəyimiz yanaşı durub,

Bu parkı salıblar xatirəmizə.

 

Məni kövrəldə bilməz

Məni kövrəldə bilməz

daha güllər,

Güllərin üstündə şehlər,

Ayrılıq dolu şeirlər,

Şeir dolu ayrılıqlar...

Məni kövrəldə bilməz

şəhid evləri,

İslanmış yaylıqlar,

Enmiş bayraqlar,

Rənglənmiş divarlar,

Şəhidin 3-nə gətirilən

Düyülər,

Qəndlər, çaylar,

Ağlayan əmilər və dayılar...

Zəncirində dartınan itlər,

İtə yal bişirməyi unudan qadınlar.

Ailədə şəhidin tək oğul olmağı belə

Məni kövrəldə bilməz.

Məni kövrəldə bilməz

qolumun kəsilməyi belə,

Ayağımın itkin düşməyi

Məni düşündürməz,

Mən nədən belə

Yox oldum, ilahi...

© Müəllif hüquqları qorunur! Mətndən istifadə etdikdə istinad mütləqdir!