"Mən" olmağımın tarixçəsi... - Niyazi Mehdi - parçalar - Niyazi MEHDİ

Niyazi MEHDİ

Əvvəli: http://edebiyyatqazeti.az/news/diger/4093-men-olmagimin-tarixcesi

İbrahim əmim deyir ki, Fərman babamız və onun qardaşları (Lələ, Əyyub) hamısı az danışan olublar. Mən haçan kəndə gedirdim, babamı işləyən görürdüm, başını aşağı salıb işləyirdi. Məsələn, dərinliyi 1 m. olan xəndək qazırdı - böyük bir bağı çevrələyən xəndək. İbrahim deyir ki, heç vaxt mənə buyurmazdı, yanında olanda deməzdi ki, ala bu beli bir az da sən qaz.

Bir də deyir, yaman əli ağır idi. Salbanı atanda mütləq toyuq, ya heyvan ölərdi. Dünyasını dəyişməzdən qabaq Bakıya xəstəxanaya gəlmişdi. Bir ara bizdə qalanda poema dediyi "Quran" kimi səc janrında yazdığı nəsə bir mətni verdi, dedi, bunu çap et, qonorarı sənə bağışlayıram. Az danışan babamdan şairlik illüziyasını gözləməzdim.

Sarcalıda evimizin böyründə gavalı bağı vardı, ətri indi də burnumdadır. Həyətdə iri bir daş oyulmuşdu və babam ora itin yeməsi üçün yal tökərdi. Bu daş mənim indiyəcən huşumdan çıxmayıb, Elçinin isə romanına düşüb.

Sarcalıda bibiyə mama deyərdilər. Bir mamamın adı Turan idi, bu "pantürkist" ad necə gəlib babama, nənəmə çatmışdı, bilmirəm. Ən balaca mamamın adı Paket idi. Görünür, "paket"in mənası yox, səslənişi nənəmi-babamı ondan qız adı düzəltməyə həvəsləndirmişdi.

Dedim ki, böyük mamamın adı Mələk idi. Ərinin adı atasının adı kimi Şirin idi. Danışırlar ki, Qarabağ savaşı başlayanda camaat Sarcalıdan çıxır ki, ermənilər gələcək. Mələk mamam və Şirin əmi qoca vaxtlarında köçkün olmaq istəməyib kənddə qalırlar. Erməni əsgərləri yük maşınında onların həyətinin doqqazında dayananda Mələk mama hay-küy salır ki, ayə, ermənilər burdadır! Gəlin! Onlar bunu eşidib qorxularından qaçırlar.

Mənim əcdadlarım sırasında olan bütün bu "məşədilər", "kərbəlalar" Mirzə Cəlil və Sabir satirasından sonra məndə elə də dini duyğular oyatmır. Ancaq onu da deməyə bilmirəm ki, bu şəcərə söhbətini edə-edə adları yazanda, olayları danışanda özümü baş çıxarmadığım psixoloji dərinlikdə duyuram. Daha doğrusu, özümü sirli meşəyə çıxan, xəzinə gizlənmiş mağaranın ağzında duran adamın psixolojisində duyurum. Ağalar babamın qaraşın üzündə göy gözləri və bunun nənəm Raxşəndədə təkrarı, onun daş evin ikinci mərtəbəsində oturub həyətə, Seyidliyə baxması adi hallardır. Nə etməliyəm ki, onların adiliyi altından mənim ruhuma sızan mənaların gücünü, dərinliyini açım? Əgər bu sızanlar adi yaşamım fonunda məni nəsə adilikdən çıxarırsa, deməli, sızanlar xəfif yox, güclüdür. Və ya bəlkə sızanların xəfifliyi mənim ruhumun dəryasında (okeanında) Kəpənək effektini verir. Eyni sözləri atamın nənəsi, əli tapançalı Məşədi Sayadın gedib Reyhan nənəmi qaytarıb kiçik oğluna övrət etməsi haqqında deyə bilərəm.

Mən arxivimdə olan, dəqiqliyini Allah bilən şəcərəmdən hələ yarısını bura gətirdim. Gətirdiyim olaylardan görünür ki, əcdadlarım nəyinsə üstündə çəkişiblər, yeyiblər, sekslə məşğul olublar. Aralarında bu qədər məşədinin və kərbəlanın olması göstərir ki, möminlik də ediblər. Bəs onların bu şəcərənin bir budağında pırtlayıb çıxmış mənə nə dəxli var?

Ağlıma cavab belə gəldi: evlənənəcən, uşaq dünyaya gətirənəcən sağ olmalarının mənə dəxli var ki, evlənməsəydilər, uşaq gətirməsəydilər mən və mənə gətirən sıra da olmazdı. Kosmosdakı canlılardan mənə gətirən bir yol varsa, o da bu şəcərədir. Bir düşünün, həyətdəki söyüd ağacının kökü gedib çıxır neçə milyon illər əvvəldə dünyada baş vermiş birinci ağac cücərtisinə. Hələ ondan qabaqkı molekulları demirəm. Bir dənə söyüd olasan və bu qədər qədim əzəlin olsun! İndi mən də birdənəliyimin kasadlığından onda qurtula bilərəm ki, kökümü birinci insana aparıb çıxaran, hansı balığa, hüceyrəyə, DNK-yasa uzadan sonsuz yolu duya biləm. Keçmişə belə gedəndə daralmırsan da, genişlənirsən. Mənim uşaqlarım var, davamım var. Hələ ki onların uşaqları yoxdur. Sonra da olmasa şəcərəmin məndəki qolu bitəcək. Milyonlarla mənə gətirən budaqlanmalarda milyonlarla tam qırılmaq riski olmuşdu, kimsə öldüyündən tez ölsəydi, evləndiyindən başqasına evlənsəydi, evlilikdən qabaq, balaca yaşında addımını sağa yox, sola atsaydı və buna görə, tutalım, at ayaqlarının altında qalıb ölsəydi, mənə gətirən xətt qırılardı. Bu möcüzə deyilmi ki, hər birimiz milyonlarla zəlzələ, tufan, düşmənçilik, təsadüflər təhlükəsindən salamat çıxıb açılan şəcərə budaqlarının ucunda dururuq. Milyon illər milyon dəfə bizə gətirən vektor qırıla bilərdi, indi biz varıqsa, deməli, qırılmayıb. Şəcərə mənə bu möhtəşəm nəsnəni duydururmuş. Ona görə fikirləşəndə ki, milyonlarla illərdən milyonlarla təhlükə arasından salamat çıxıban gələn vektor, "qaytan" mənim balalarımda qırılacaq, nəsə böyük suç qarşısında özümü duyuram. Sözsüz, ovunmaq üçün deyə bilərəm ki, bəlkə mənim nəvəm və ya nəticəm Hitler kimi, Stalin kimi yaramaz olacaqdı?! Ancaq milyon illər qırılmayanın məndə qırılması mənə elə qorxunc gəlir ki, Hitler, Stalin məsələsindən də ovunmuram.

Bir başqa intellektual improvizə də edim. Əgər Sarcalı xətti ilə əcdadım gedib Sarıca Alıya çıxırsa, oradan da onun qövmünün yaşadığı Əfqanıstana çıxır. Qara İbrahim sayəsində gedib İraqa çıxıram. Seyidlidən olan G..tü əyri Göyüş babamın sayəsində gedib Kəbirli tayfasına çıxıram. Borxes bir hekayəsində yazırdı ki, hər sözdən bütün dünyaya səyahətə çıxmaq olar: ceyran sözündən onun yediyi ota, oradan onu cücərdən yağış suyuna, yağışdan buludlara, onlardan Göyə çıxdığımız kimi... Ot və yaş ilişgisi birdən mənə "yaşamaq" sözünün soykökünü açdı. Yaş bütün canlıların yaranmasının qaynağıdır - ona görə əski yunan filosofu Fales sayırdı ki, ilkin materiya (arxemateriya) Sudur. Azərbaycan türkcəsi Falessiz fəlsəfi düşüncə döyüntüləri yaparaq yaşdan yaşamağı çıxarıb. Samilər həyatı "Həvva" anadan çıxarmışdılar. Bu, daha çox mifoloji baxışdır. Türk dili isə daha fəlsəfi yanaşaraq yaşamı Yaşdan, Sudan çıxarmışdı. Memuarımın başlanğıcında mən düşüncəni gəzinti kimi açmışdım. İndi də düşünmək üçün gəzinti yapdım. Şəcərə insanı tarixə, evrənə gəzintiyə çıxardığı üçün bir adamı azmanlığa, möhtəşəmliyə çıxarır - məni etgiləndirən də budur.     

***

Qobunun yanındakı ikimərtəbəli evdə mənzillər bütün bina boyu qurşaq kimi uzanan bir artırmaya açılırdı - bizim mənzilimiz körpüyə sarı olan ucdaydı, o biri ucda Nazı həkimin mənzili idi. O, göz həkimi işləyirdi. Deyəsən, ləzgi idi. Evinə pay-pürüş gəldiyini görərdim. O çağlar həkimlər pul almazdı. Yaxşı həkim idi, anamı müəllimə kimi öz sosial təbəqəsindən saydığı üçün ailələrimiz arasında yaxşı ünsiyyət vardı. "Nazı həkim", "Nazı həkim" - bu adı sayğılarla çox eşitdiyim üçün 60 ildir yadımdadır, hərçənd sonralar onu heç vaxt görmədim, ondan heç nə eşitmədim. Deyəsən, bircə balaca qızı vardı, indi sağdımı, hardadır? - bilmirəm. Rast gəlsəydim, şirin-şirin söhbət edərdim.

O mərtəbədə bir qadın da vardı - Dilruba xanım. Bax, bu qadın 5-10 il sonra Rayon Partiya Komitəsində ya 2-ci, ya da 3-cü katib oldu. Qadın kvotasına görə karyera edə bilmişdi. Yadımda konkret olaylara görə qalmayıb, nəsə qonşuluğa görə qalıb. Bir qonşumuz da vardı, qızını öpmüşdüm. Bax, onlarda mənim ilk və axırıncı oğurluğum olmuşdu. Evlərində idim, pəncərədə nəsə balaca gəmini andıran xırda bir nəsnə vardı. Ona gözüm düşdü və arxası pəncərəyə durub əlimi dala apararaq onu götürdüm və nəyisə bəhanə edib otaqdan çıxdım. Bədənimin əsdiyi və ürəyimin qulağımda döyündüyü yadımdadır. Heç bilmirəm o oğurladığımı neylədim, ancaq bu, axırıncı oğurluğum oldu. Bəlkə də o zamanlar əlimdən tutub məni biabır etsəydilər, dəhşətli psixi yara alardım - Kəpənək effekti baş verərdi. Ancaq belə şey olmadı. Yadımda qalıbsa, deməli, altdan-altdan işləyərək məni düzəldib.

Öpməyim isə belə olmuşdu. Otaqda bir-iki qız-oğlan idik. Mənim nəsə dingişliyim tutdu, boyda məndən hündür olduğu üçün tullanıb ev yiyəsinin qızını marça-murç öpməyə başladım. Hamı bu dingişlikdən qəşş edib gülürdü, qız isə pərt olmuşdu. Otaqdakıların gülməsi məni şitəndirirdi. Sonralar nə qədər vaxtsa, o qız məni görəndə qorxub gizlənirdi. Belə bir davamı olmayan, yəni sevgi ilə bitməyən axmaq olay! Bu, deyəsən, mənim artistlik edib başqaları qarşısında tamaşa yapmaq üçün ikinci hoqqam idi. Dediyim kimi, belə nəsnələr sonralar mənim dostlara məclislərdə tamaşa vermək şakərimə keçəcəkdi.

***

50-ci illərin ikinci yarısında mənim hər gün oynadığım yer Qobunun o tayındakı "Qostinisa" dediyimiz mehmanxananın bağ yosunlu həyətı idi. Ona görə "oynadığımız" deyirəm ki, dostum Mişa ilə bir yerdə olurduq. "Yosunlu" sözünü "arvad yosunlu" deyimində ilk dəfə Ağdamda eşitmişdim, sonralar bu sözün "oxşamaq" mənasında əski türklərdən gəldiyini bildim.

Qobu Ağdamı iki bölürdü. Gəncədə, Tovuzda şəhəri iki yerə bölən çay bir tayda olan uşaqları o biri tayda olanlara rəqib edirdi. Bakıda çaysız-ilansız "şəhər uşaqları/Yasamal uşaqları" bölgüsü konfliktlərə bəhanə verirdi. Ağdamda isə nəsə Qobu düşmənçilik verən "çat" deyildi.

Mişa "Aptek İzinin" oğlu idi, çox hörmətli, çox mehriban kişinin oğlu. Anası Ziba xala müəllimə işləyirdi və anamla rəfiqəlik edirdi. Mişanın əsl adı "Mehralı" idi, bu əski dünyanın qalığı olan adı Sovet Azərbaycanında kim qoymuşdu ona? Ona görə fakt mənə qəribə gəlir ki, İzi dayı uşaqlarına ad qoyma məsələsində bir az modernist idi. Böyük oğlu Fuad, kiçik oğlu Enlay (bəli, Mao-ze-dunun sağ əli Enlay). Qızlarının biri Ella, o biri Stella idi. "Mehralı" yalnız qəribəliyinə görə bu sıra ilə doğmalaşırdı, çünki "Enlay" da, "Stella" da, "Ella" da "Mehralı" qədər ağdamlıların alışmadığı adlar idi. Mənim dostum "Mişa" adını atası Stepanakertdə işləyəndə erməni qonşularından almuşdu - adı ilə narahatlıq yaşamışdı bircə Ağdamı ermənilər topa tutanda.

Mehmanxananın həyətində mən, Mişa, hərdən də Ella ilə birlikdə oynayırdıq. Bütün günü nə oynayırdıq ki, darıxmırdıq, heç cürə yada sala bilmirəm. Maşına oxşar daş tapıb qum təpəciyində onu sürməyim yadımdadır. Nəsə ağacdan avtomatım da vardı, onunla güman dava-dava oynayırdım. Bir də məftildən düzəldilmiş maşını sürməyim yadıma düşür. Onu bəzəyirdim, əzizləyirdim. Ancaq necə 2-3 il hər gün bircə bunları oynamaq olardı?! - qanmıram. Bir dəfə xanımım Dilarəyə dedim ki, uşaqların daşla qumun üstündə maşın sürə-sürə oynaması daha yaxşıdır, nəinki dükandan alma maşın oyuncaqla oynaması. Dükanlarda və evdə maşın bol ola-ola mənim belə deməyim onu xeyli məzələndirmişdi, hətta məclislərimizdə məndən gülməli əhvalat danışmaq istəyəndə bunu danışardı. Mən isə belə demişdim ona görə ki, uşaqların fantaziyasının artmasını istəyirdim. Daşı maşın kimi sürmək maşın oyuncağı sürməkdən daha çox fantaziya istəyir. Yaxşı ki Dilarəyə deməmişdim ki, məktəbdə, bəlkə elə universitetdə də oxuyanda tez-tez partanın altında əlimi avtobusun böyük rulunu tutmuş kimi təsəvvür edib maşın sürürdüm və bunun sayəsində başım qarışdığından sinifdə oturmaq əzabından qurtulurdum. Çox qəribədir, maşına bu sevgim maşın sürməyi öyrənməyə, özüm üçün maşın almağa gətirib çıxarmalıydı, çıxarmadı. Mən indi də sürməyi bacarmıram. 

Ella ilə dalaşanda dalımca daş atması yadımdadır. İzi dayının tərbiyəli, ziyalı ailəsində Ella ağzı söyüşcül od parçası idi. Gözəlliyi vardı. Deyəsən, ailəsi hətta istisna etmirdi ki, gələcəkdə onun əri ola bilərəm. Sonra biz Bakıya köçdük bu variant yarımçıq qaldı.

Mənim altıaylıq şəklimdən mənə çox şirin, dadlı, irigözlü uşaq baxır. Özümü 5-6 yaşında göz qabağına gətirmək istəyəndə isə o biri uşaqlara baxanda bir az dolu bədənli, qara, girdəsifət oğlan görürəm. Ona görə də kiminsə mənimlə bağlı böyüyəndə evliliyi planlaşdırması qəribə gəlir.

Özümlə bağlı bir faktı da deyim. Gözüm həmişə nəşəli adam kimi axırdı. Ona görə bəzi adamlar mənə baxıb deyirdilər: buna noolub, anaşa çəkib?! "Süzmə gözlü" oğlan bəzi hallarda mənim epitetimə çevrilmişdi. Bilmirəm gözlərimin süzməsi sonralar zəif görəcəyimin, qlaukoma olacağımın müjdəsi idi, ya nəydi?

İzi dayının ailəsində bir qəribəlik vardı. İki qızı rusca oxumuşdu, oğlanları isə azəricə. Ona görə qəribə idi, sonralar Bakıda görürdüm ki, bəzi namus xəstəsi olan, ancaq uşaqlarının gələcək karyerasını düşünən atalar oğlanlarını rusca oxutsalar da, qızlarını öz dilimizdə oxutdururdular ki, rus mühitində korlanmasınlar.

Mişa mənim ilk və ömürlük dostum oldu. Biz o qədər bir-birimizə bağlı idik ki, bir-birimizdən sirrimiz yox idi. Bir az lider mən idim, ancaq başqa məsələlərdə tam bərabər idik. O, Ağdamın gəzərgi ensiklopediyası idi, hamını tanıyırdı, hamı haqqında nəsə bilirdi. Bu güclü yaddaşı ilə yanaşı, uzundraz Mişa həm də maymaq-key sayılırdı. Qardaşım Elçin demişdi ki, o, Ağdamın Knyaz Mışkini idi.

Deməli, mən hər gün Qobunun üstündəki körpünü keçib mehmanxananın həyətinə dönürdüm. Mədəniyyət evi ilə üzbəüz mehmanxananın yanında İzi dayının aptekinin qapısından 20-25 m. aralı nənəmin köşkə oxşar dükanı dururdu. Yadımdadır, körpü ilə gedə-gedə öz-özümlə oynayırdım: dükan açıqdır, nənəm ordadır? Yoxsa orda deyil? Adətən, orda olduğuna inanan da olmurdu və tərsinə. Bundan mənim oyunumun yeni variantı çıxmışdı. Nənəmin orda olmasını istəyəndə özümü inandırırdım ki, orada deyil. Bu, mənim Tanrı ilə ilk oyunum idi. Sanki Ona deyirdim, görürsən orda olmasına inanmıram, orda et!

Bütün ömrüm boyu mən nəyinsə olacağına inananda olmurdu. Dörd-beş il bundan qabaq bunun teoloji açımını tapdım. Nəyinsə olacağına əmin olmağım səbəb-nəticə əlaqəsinə güvənməyimdən çıxır. İnsan determinizmə inananda Allaha onun bilincində az yer qalır. Olacağına inandıqlarımın olmaması ilə Allah hər dəfə məni qandırır ki, sənə ərməğanları biz veririk, səbəblər yox. Determinizmə inananda möcüzəyə inanmırsan. Təsadüflərin oyunundan alınan estetik naxışları bilmirsən. 80-ci illərdə İslam "fatalizmi" haqqında yazdığım yazı bu estetik naxışlar effekti ilə Marksın qınayışla söylədiyi İslam fatalizmini darıxqanlıqdan çıxarırdı.

Qobunun körpüsündə baş vermiş bir olayı Elçin mənə danışanda həmin körpü haqqında xatirəm bir az mistikləşdi. Bir dəfə balaca qardaşım oradan keçəndə iki nəfər ona baxıb "bu nə ağzı fırtıqlı, qulağı poxlu uşaqdı?!" demişdilər. Üçüncü isə qayıtmışdı, siz ona 30 ildən sonra baxın, görün kim olacaq! 30 ildən sonra Elçin Latviyada milyoner oldu, BMT-dən aldığı pasportla dünyanı gəzdi. Sonra bankrotluğu daddı. İndi Britaniya vətəndaşıdır. Qobunun körpüsündən Londonda ikimərtəbəli evində yaşayan, iki gözəl romanın müəllifinə gedən yol möcüzələrlə dolu görünür.

Mənim ilk psixoloji travmam Sarı təpədən Seyidliyə gedəndə rastıma çıxan bir qohumumun sözündən oldu: - "Nətəərsən. Dədənin o biri arvadından nə xəbər var?".

Mən atamın Bakıda Elmira xanımla ailə qurduğunu bilirdim, ancaq heç kim bunu həyasızcasına üzümə deməmişdi. Sonralar bu travmadan atamın o biri ailəsi ilə bağlı yumorla açıq-saçıq danışmaq vasitəsilə çıxdım. Mənim iki dostum vardı, ikisinin də anası erməni idi. Onlar ermənilərdən nifrətlə danışanda mən onların dərdini başa düşürdüm. Bu da pərtliyə qalib gəlmək "texnikası" idi. 

Mədəniyyət evinin qabağındakı meydanda üzdən Cordano Brunoya oxşar "patsan" ayamalı bir oğlan "iş yerinə" gəlirdi. Yanında həmişə 3-4 nəfər 16-18 yaşında oğlanlar olurdu. Kimisi velosipedini qurdalayırdı, kimisi sürüb meydanda fırlanırdı, patsan isə velosipedi kirayə verirdi. Bu nə oğlandı, bilmirəm, ayamasını inanmıram ki, Ağdamda almış olsun. Güman Bakıdan gətirmişdi. Heç ağdamlıya oxşamırdı da. Bəlkə də əsli buradan olduğu üçün Bakıdan qayıtmışdı və tay-tuşuna "patsan" dediyi üçün onlardan həmin ləqəbi almışdı. Bu fərziyyəm doğrudursa, deməli, ayamanı ona ağdamlılar vermişdi.

Mən huşuma hərdən mat qalıram. Bir dəfə bu patsanın qardaşı həmin meydançada peyda oldu. Bakenbardlı, şıq geyimli 20-25 yaşlı bir gənc. O, bəlkə də, Ağdamda peyda olan ilk stilyaqa idi. Deyəsən, Eldar adındaydı və danışırdılar ki, vərəmdir, ona görə Ağdama gəlib. Bir də deyirdilər turba/şeypur çalır. Musiqiçi idisə güman caz-bənddə (caz qrupunda) çalırdı. Bunları mən uzaqdan-uzağa eşidirdim, görürdüm, ona görə yadımda qalmasına mat qalmışam.

Nənəmin dükanında mənim ən çox yadımda qalan qənd satışı idi. Ağdam növbəni bilməyən insafsız bir şəhər idi. Yekə-yekə kişilər arvad-uşaq bilmədən barmaqlarının ucunda pul əllərini  dükanın pəncərəsinə soxa-soxa "Raxşəndə, qəndi mənə ver! Az-z bunu götürr!" bağırışırdılar. Bu bağırtılara qadın cingiltiləri öz xallarını vururdu.

Meydançada tez-tez kimsə kimisə bıçaqlayırdı və davamlı olaraq kiminsə ölməsi, kiminsə yaralanması haqqında soraqlar gəzirdi. 60-cı illərdə, deyəsən, avtoşlar da peyda oldu. Yumurta Bəhrəmin oğlu qapısını çıxardığı "Volqa"sı ilə ora-bura şütüyürdü, adamlar da baxıb paxıllıq edirdi. İndiyəcən qəzadan, bıçaqlanmadan ölməyibsə, bəlkə də oğluna, nəvəsinə ağıl qoyur ki, tərbiyəli ol, maşını bərk sürmə!

Meydançada gündə baş verən olay Dəli Dilbərin hər gün haradansa Zavod tərəfdən gəlib körpünü keçərək bazara getməsi idi. O, bütün "yürüşü" boyu əl-qolunu ölçərək bərkdən kimləsə dartışır, kimisə söyürdü. Geyimi əcaib idi. Ortaçağda İstanbul saraylarında əsgərlərin, məmurların geyindiyi balağı torba şalvarı andıran bir şey geyirdi. Əynindəkilər göy-qırmızı-sarı sətindən, ya ipəkdən olurdu. Hamısı da təptəzə. Kim onu dolandırırdı, bu paltarları alırdı, tikdirirdi? - sirdir. 15-16 yaşı olsaydı, deyərdim, ata-anası, bacı-qardaşı dolandırır. Bəziləri deyirdi ki, Dilbər dəli deyil, özünü dəliliyə qoyub. Söz gəzirdi ki, car çəkə-çəkə gedəndə idarə müdirlərindən, raykom işçilərindən kimsə adının çəkilməsni istəmirdisə, ona haqq verirdi. Dəli Dilbər bəzən şalvarı içində ayaqları arasına xiyar qoyurdu. Bu "həyasızlıq" onun dəliliyini lap inandırıcı edirdi. Dilbərin bu "icadını" Froyd bilsəydi, Ağdam onun kitabına düşərdi. Psixoanalizin ideyalarından biri o idi ki, qız uşaqlarının psixolojisi formalaşanda "niyə mən oğlanlar kimi işəyə bilmirəm, niyə məndə onlardakı kimi penis yoxdur" narazılığı sarsıdıcı iş görür. Qızlar kişi cinsinə baxanda "onlarda olan məndə yoxdur" əskiklik kompleksinə düşürlər. Froyda görə, qadın psixolojisini bu çatışmazlıq ağrısı formalaşdırır. Ağdamlı dəli qadının şalvarı içinə qoyduğu xiyar qadınların kişini yamsılayaraq əskiklik kompleksindən çıxması məsələsində psixoanalizə yaxşı arqument verərdi. Dəli Dilbərin adı "Dura-Della" kimi Elçinin "Elohim" romanına düşüb.

Psixoanaliz üçün bir Ağdam faktı da. Bir dəfə Sarı təpəyə Aminə xalamgilə getmişdim. Toyuq kəsmək istəyirdi, ancaq əri Şəmiş evdə yox idi. Çolpanı tutub ona verdik. Quşun başını kəsmək üçün ayaqları altına qoydu və birdən qışqırdı: ədə-ədə, oxlovu gətirin! Gətirdilər. Oxlovu ayaqları arasında dik tutandan sonra çolpanın başını üzdü. Bu oxlov məsələsi uşaq olan məni çox təəccübləndirdiyi üçün yadımda qalmışdı. Yalnız 40 yaşında mənasını tapdım. Qadına heyvan başını kəsmək olmazdı. Oxlov xalama penisi yamsılamaq üçün gərək idi ki, çolpanı qadının kəsmədiyini göstərsin. Bununla o, kimi aldadırdı? Tanrınımı? Yox. Deməli, sadəcə, mənasını bilmədiyi törəni yerinə yetirirdi.     

***

Ağdamda Dilbərdən başqa, tanınmış dəli də vardı. Onlardan danışmazdan qabaq bir haşiyə. Haqverdiyev bir hekayəsində Bərdə, ya Ağcabədi haqqında deyirdi ki, orada dəli qurtaranda gedib başqa yerdən gətirirlər. Ağdamda Dəli Dilbərin adı Xanəhmədlə bir çəkilirdi. Dəli Dilbər körpüdən keçib bazara getmək marşrutu ilə tanınırdı. Xanəhməd isə bazarın içində baş girələyirdi. Bazar bir də Kefli Qurban və Uzun Həbişlə (Əbişlə) məşhur idi. İkisi də hamballıq edirdi və ikisini də Bəndi, Neji, Dəli Dilbər kimi hamı tanıyırdı. Ağdamlıları ağdamyanı kəndçilərdən ayırmaq istəyən strukturalist "Kefli Qurbanı, Uzun Həbişi, Bəndini, Nejini, Dəli Dilbəri, Xanəhmədi tanıyanlar/tanımayanlar" binar oppozisyonunu qurub bu ikişər qarşıtın əsasında hər iki kateqoriyanın fərqini aça bilərdi. Rus şairlərindən kimsə, deyəsən, Mayakovski qafiyəni misraların ucuna vurulmuş qızıl mismarlar adlandırmışdı. Kefli Qurban, Uzun Əbiş, Bəndi, Neji, Dəli Dilbər, Xanəhməd Ağdam pannosuna vurulmuş mismarlar idi, qızıl olmasa da, paslı mismarlar.      

İndi Media millət çapında ünlülər qalereyasını, elitar təbəqəni yaratmaq üçün seçdiyi adamlarla bağlı hamının baxışlarını bir yerə yönəldərək oraya yığıb "mismarlayır". Ağdamda o çağ Media yox idi. Ancaq bazar, Mədəniyyət evinin, kinoteatrın qabağındakı meydança vardı. Onlar idi Medianın işini görən, hamının baxışını Dəli Dilbər, Neji, Kefli Qurban kimi "ulduzlara" yönəldib onları bir nöqtəyə mismarlayan. "Biz Ağdamdanıq" duyğusu, bilinci yumurta bəhrəmlərə, karyer qasımlara, xanəhmədlərə, nejilərə "mıxlanaraq" formalaşırdı.

***

Belə çıxır ki, mənim şəcərəmdə ticarət böyük rol oynayıb. Nənəm Raxşəndə davadan qabaq dükan işlədib və onun Teybə bacısı deyirdi ki, müharibə vaxtı bacılarına xəlvətcə çörək verməklə hamısını acından ölməyə qoymayıb.

Sonralar nənəm hamama kassir düzəldi. Dükanda mal çatışmırdı, revizor yoxlayırdı, ona görə təhlükəli idi. Hamamda isə nə mal vardı, nə revizor. Nənəm qabaqca Stepanakertə gedən yoldakı Köhnə hamamda, sonra Malıbəyli tərəfdəki Təzə Hamamda kassir işlədi. Hamama gələn adamlar biletin pulundan artıq pul verirdilər və nənəm bu qazancın sayəsində Seyidlidə ikimərtəbəli daş ev tikdirdi. Onu irəli çəkən Muxtar adında qohumu idi. Bu kişi MTS deyilən idarənin rəisi idi, vaxtlı-vaxtında bizə gəlib nənəmdən aylıq haqqını alırdı - işə düzəltmişdi, axı. Ağdamda çox sayılan adam idi. Söyləyirlər, yaxşı "Segah" deməyi vardı. Əlində çubuq toybəyi də olurdu. Hərçənd MTS rəisinin Ağdam mühitində necə toybəyi roluna razı olmasını qanmıram, bəlkə hörmətli dostlarının toyunda bu işi görürdü?! Muxtar indi mənim yadıma Şuşadakı muğam məktəbinin yaradıcısı, toylarda toybəyilik edən Xarrat Qulunu salır.              

Ağdam qəbiristanlığında Muxtarın mərmərdən şəkilli böyük başdaşı ən seçilən yerdə ucalırdı. Ermənilər ondan necə istifadə etdilər, Allah bilir. Nənəmin, dayımın da başdaşıları mərmərdən idi, ermənilər onları da güman aparıblar. Gülməli olar əgər daşların üzünü qaşıyıb öz qohumları üçün başdaşıları düzəldiblərsə.

Nənəmin sayəsində 50-ci illərdə biz Ağdamda yeməkdən korluq çəkmirdik. Nənəmdə inam vardı ki, biz yaxşı yesək, sağlam olarıq, hərçənd onsuz da mənim iştaham pis deyildi. Bizə balıq yağı içirdirdi, bir ara hətta yeməkdən qabaq balaca qədəhdə konyak da verirdi. Ağdamlıların bütünlükdə yeməklə bağlı "xəstəliyi" vardı, iştahı olmayanlar əzab çəkirdilər, uşaqları zorla yedirdirdilr. Şirinçay sağlamlığın baş şərti sayılırdı. Nənəm şirinçaydan məni ömürlük "iyrəndirdi". Əslində, düz demədim, şirinçayı sevsəm də, Bakıya gələndə səhərlər içmədim ki, kökələrəm.

***

50-ci illərlə bağlı uşaqlıq xatirələrimə Novruz bayramı, bir də Məhərrəmlik dərin iz salıb. Novruzda məcməilərdə masa üstünə qoyulan qovurğa, qoz-fındıq məni yemək kimi çəkmirdi. Qırmızı-sarı-göy yumurtalar, onlarla vurdu-vurdu oynadığımıza görə, daha çox çəkirdi. Novruzda mənə ən ləzzət verən torba atmaq idi. Uşaqlar, gənclər qonşu evlərə, küçələrə, hətta Sarı təpədən Seyidliyə gedirdilər ki, torba atsınlar. Bunu özüm görmüşdüm və bunda özüm də iştirak etmişdim. Qovurğanın, qoz-fındığın ləzzəti onları torbaya tökəndə, oradan çıxaranda olurdu. Biz Bakıya köçəndə dilxor oldum ki, Novruzda torba atmırlar. Deyəsən, bölgələrdən gələnlərin etgisi ilə torba atmaq törəni 70-ci, ya 80-ci illərdən Bakıda dirçəldi. Ancaq bilmirəm, bu törən bəlkə də həmişə Bakı kəndlərində olmuşdu.

Bakıda Novruz ədvaları, şirniyyatı, sözsüz, Ağdam bayram ədvalarının soluq, tutqun görüntüsü fonunda sarı-qırmızı-qızılı boyaların fontanını vururdu.

Ağdamda Məhərrəmlik meçidin (məscidin) qabağındakı böyük yığnaqla, bir də orada şikəstlərin, dilənçilərin çoxluğu ilə yadımda qalıb. Bir dəfə meçidin içinə girəndə orada gördüyüm kəsilmiş baş şəkilləri məni yaman silkələdi. İndi yada salanda görürəm ki, şəkilləri çox primitiv "rəssam" çəkmişdi, ancaq belə görüntülərə birinci dəfə rast gəldiyim üçün meyitə toxunurmuş kimi diksinmişdim.         

Mən birinci sinfə 1958-ci ildə Ağdamın 1 saylı məktəbində getmişəm. Mişa da mənimlə idi. Bunu onun üçün yazdım ki, sinfin əlaçıları 5-6 nəfər idi, aralarında mən də vardım. Məktəbli kimi özümü huşuma gətirəndə nəsə seçilmişlikdə görmürəm, onun üçün də deduksiya yapmalı oluram: əlaçılar sırasında Mişa yox idisə, deməli, ora hər uşaq düşmürdü. Əlaçıların şəklindən mənə baxan mən pota deyiləm, qara uşağam, ancaq cizgilərimdə "nə yaxşı uşaqdır!" nidasını qoparan heç nə yoxdur. Bir oğlan vardı, Rəşid - prokuror oğlu idi, ağ və nəcib görünüşlü, bax, o əlaçı adına yaraşırdı. 2000-ci ildə Mişa dedi ki, Rəşid Gəncədə yaşayır. Yazıqlar olsun, görüşümüz alınmadı.

Məktəbin həyətində oynayanda kiminsə dili ilə mənə "knyaz" deyirdilər, ona görə yox ki, bəyzadə sifətində idim, ona görə ki, adımla qafiyə əmələ gətirirdi.

Bizim sinif rəhbərimiz Zəhra müəllimə idi, həmişə papiros çəkirdi. Çox xanım-xatın görünüşü vardı. Sanki siyasi hərəkata qoşulmuş qadınların 50-ci illərdə əks-sədası idi. İndiyənəcən onun adının yadımda qalması göstərir ki, mənə heç bir mehribançılıq etməsə də, məni danlayıb cəzalandırmasa da, uşaq psixolojimdə öz xarizması ilə iz salmışdı - gözümün qabağında duran şəkil barmaqları arasında belamor tüstülənən ağsaçlı, nəcib sifətli 50-55 yaşlı qadındır. Aradan 32 il keçdi, Zəhra müəllimə mənim üçün talenin bir naxışından sonra yenidən peyda oldu. 4-5 aylıq oğlum Orxan anası ilə Qarayev xəstəxanasına düşdü. Orada Dilarə sonralar xalça sənəti üzrə elmlər doktoru, professor olacaq Kübra xanımla və onun oğlu Orxanla palatada rastlaşdı. Söhbətləşəndə bəlli oldu ki, Kübra xanımın anası mənim sinif rəhbərim Zəhra müəllimə imiş. Yenə başqa-başqa yönlərə uzanan xətlərin dönüb kəsişməsi baş verdi. 20 il sonra Zəhra müəllimənin nəvəsi mənim tələbəm oldu, elə o çağlar da anasının dissertasiya müdafiəsində opponenti oldum. 90-cı illərdə onun atası ilə - Fəxrəddin Miralayevlə tanış olmuşdum. Maraqlı adam idi və deyəsən, İçərişəhərin baş memarı qoyulmuşdu. Mənə bir dərgiyə baş redaktor olmağı təklif etdi, razılaşdım, ancaq maliyyə üzündən alınmadı.

Davamı olacaq

© Müəllif hüquqları qorunur! Mətndən istifadə etdikdə istinad mütləqdir! 

 


© Müəllif hüquqları qorunur! Mətndən istifadə etdikdə istinad mütləqdir!