Vətən sevdalısı... - Fərhad Əzizbəyli - Poemadan parçalar

Milli Qəhrəman, şəhid Samid İmanovun əbədi xatirəsinə ithaf olunur

 

Proloq

Ey bu torpaq üçün torpağa düşmüş əsgər!

Göydən əcdad enərək öpsə o pak alnı dəyər!

Mehmet Akif Ersoy

Ürəkdə Vətənə eşqin atəşi

Süd ilə yoğrular, qan ilə gələr.

Vətən qarşısında eşq imtahanın

Qəhrəman oğullar can ilə verər.

 

Qəlbi ən ilahi eşq ilə vuran

Oğullar vətənin görən gözüdür!

Şəhiddir ən uca zirvədə duran!

Bu adi söz deyil, Tanrı sözüdür!

 

Hər kəsə öz canı şirin, əzizdir,

Ölümün gözünə dik baxmaq çətin.

Vətəni Samidtək gərək sevəsən,

Gərək Samid kimi olasan mətin!

 

Cihada gedərkən Samid bilirdi,

Ata var, ana var, Fidan bala var.

Yolunu gözləyən sevdiyi qadın,

Beşikdə uyuyan Turan bala var!

 

Atadan, anadan, baladan əziz,

Bacıdan, qardaşdan, yardan da uca

Vətən var! Heç kimlə qiyasa gəlməz!

Heç kimçün düşmənə Samid əyilməz!

Bu yoldan kim onu döndərər, necə?!

Vətən də Allahtək ucadan, uca!

 

O, qəfil gülləyə tuş gəlmədi ki!

Canın atəşlərə çəpər eylədi.

Əsgər dostlarını qorumaq üçün

Sinəsin gülləyə sipər eylədi!

 

Anası deyir ki, ağlı kəsəndən

Şəhidlik Samidin amalı olub.

Odur ki, xalqının sevgisi ona

Ana südü kimi halalı olub!

 

Anası Xuraman, ata Gülağa

Gözləri nəmlisə, fəqət, qürurlu!

Samidtək igidin ata-anasın

Dindirib dinləmək necə ağırdı!..

Samid doğulan kənd yetmiş yaşında,

İki qəhrəmanı bu kəndə qürur!

Həsən kişi tikib ilk evi burda,

Uçub-sökülməyib, hələ də durur!

 

Samid məktəbliydi, Zakir Məcidov

Bu kənddən ilk Milli Qəhrəman oldu.

O gündən qəlbində Vətən sevgisi

Adi eşq olmadı, din, iman oldu!

 

Sevərdi Səhhətin "Vətən" şeirini,

Bu şeiri söylədi, yəqin, son kərə.

Bu şeirin sədası yayıldı o gün

Baxdığı səmaya, durduğu yerə!

 

Vətən sevdalısı oğuldu Samid,

Bu eşqdən güc alıb boy atdı hər gün!

Vətən fədaisi doğuldu Samid...

Ey Vətən, Samidlə fəxr eylə, öyün!

 

Bu elin-obanın əzizi Samid,

Onunla fəxr edir dostu, tanışı.

Bu eldə hər evin övladıdır o,

Burda hər kəs onun qohum-qardaşı!

 

Hamının qəlbində xatirəsi var

Dediyi hər kəlmə, sözü də əziz!

Toxunduğu ağac, toxunduğu daş,

Torpaqda ləpiri, izi də əziz!

 

Adına məktəb var, yəqin ki, bir gün

Samidin heykəli burda ucalar.

Təzədən doğular bu yer üzünə

Ömr edib, tarixlə birgə qocalar.

"Onları harda görsəniz, öldürün. Sizi çıxardıqları yerdən siz də onları çıxardın".

Bəqərə-191

Müqəddəs duyğudur düşmənə qarşı

Döyüşmək, vuruşmaq can verənədək.

Din üçün, namusçun cihad eyləmək,

Vətən işğalına son verənədək!

 

Samidin fikrindən çıxmırdı heç vaxt -

Vətəni tam görmək ulu arzusu!

O da and içmişdi Mübariz kimi,

Candan da əzizdir Vətən namusu!

 

Millətin rəmzidir hər igid əsgər,

Səngərdi, sipərdi yurdun önündə.

Siyrilmiş qılıncdı, çəkilmiş oxdu

Qələbə müjdəli ordu önündə!

 

Vətəni qoruyan mələkdi onlar,

Əsgər geyimində çiçəkdi onlar,

Həmişə Vətənə gərəkdi onlar

Səngərdə keşikdə duran əsgərim.

 

Kiminə oğulsuz, kiminə nəvə.

Qız belə oğulu gərəkdi sevə!

Qələbə çalaraq qayıdın evə,

Səngərdə keşikdə duran əsgərim!

 

Seyid Mübarizin qardaşlarısız,

Samidin, Fəridin yoldaşlarısız.

Vətən sevgisiylə hər vaxt coşunuz,

Səngərdə keşikdə duran əsgərim!

Nələr düşünürdü, görəsən, Samid,

Vətən torpağına qanı axdıqca?

Zirvədən Vətənə baxırdı Samid!

Hər yanda üçrəngli bayrağımızdı,

Hər yanda müqəddəs torpağımızdı!

Bunları görürdü hara baxdısa!..

 

Neçə dost ölkədə təlim keçmişdi,

Qalibiyyət dərsi almışdı Samid!

O, Vətən uğrunda şəhid olsa da,

Qalibdi, qələbə çalmışdı Samid!

 

Öldü yazmayacam, Samid ölmədi!

Ona yaraşmayan acı kəlmədi...

Sevdiyi torpaqda susub əbədi,

Beləcə, xəyala dalmışdı Samid!

 

Ruhun Ruh sahibi göyə çağırdı,

Əbədi ayrılıq yaman ağırdı!

Ağlı kəsən gündən arzulayırdı,

Şəhid olacağın bilmişdi Samid!

 

Atana, anana təsəlli çətin,

Sənə hər yanana təsəlli çətin!..

Samid yetirən xalq, mətin ol, mətin!

Qəlblərdə əbədi qalmışdır Samid!..

 

Samid də Kərbəla şəhidləritək,

Ruhuyla, canıyla Allah aşiqi!

Cismiylə, qanıyla Allah aşiqi!

Geyindiyi paltar kəfəndi ona.

Tanrıtək əzizdi Vətən də ona!

Aprelin dördündə şəhid olmuşdu,

Aprelin doqquzu torpağa düşdü.

Samidin öncədən nişan verdiyi

Məzarçün atası o yeri seçdi.

 

Torpaq şərəfləndi həmən o gündən,

Qoynuna qəhrəman şəhidi aldı.

Hər yerə belə bəxt qismət olmaz ki!

Bu torpaq əbədi müqəddəs qaldı.

 

O gün Neftçalaya axışdı hamı,

Xalq öz şəhidiylə vidalaşmağa

Qürurlu gəlirdi, toxdaq gəlirdi

Xalq öz igidiylə vidalaşmağa.

 

Onu son mənzilə götürən əllər

Birliyə səsləyən bağa dönmüşdü.

Dikələn, sadəcə, məzar deyildi,

Torpağın ürəyi dağa dönmüşdü.

Məzarı İsmili məzarlığında, -

Döyüşə müntəzir, farağat durur.

Mərmər üstündəki şəkli olsa da,

Ürəyi susmayıb, ürəyi vurur!

 

Bizim sinəmizdə vurur o ürək,

Nə qədər Vətən var, o qəlb atacaq!

Nə zaman Qarabağ azad olacaq,

Samid arzusuna o gün çatacaq!

 

Minlərlə ziyarət edənin vardır,

Müqəddəs məkandır, Samid, məqbərən!

Gündüzlər çiçəklər, gecə mələklər

Ruhuna həyandı, Samid, məqbərən!

 

Burdan işıq parlar, qanı coşdurar,

Vətənə sevgini, eşqi daşdırar!

Kim deyir, sadəcə qara daşdılar?

Qəlblərdə imandı, Samid, məqbərən!

 

Xoşbəxt yaşamağın açarı burda!

Qəhrəman əsgərin məzarı burda!

Vətənin solmayan baharı burda!

Sabaha inamdı, Samid, məqbərən!

 

Satqınlar, xainlər bura gəlməsin.

Burda işlətməyin "ölüm" kəlməsin!

Qoy yağılar ölsün, igid ölməsin!

Əmr edir, zamandı, Samid, məqbərən!

Keşikdə dayanan bir əsgər kimi,

Mən də göz yummuram gör neçə gündür.

Sənin xatirəni yaşatmaq üçün

Qəlbim kaman kimi danışdı, dindi.

 

Bilirəm, qələbə istəyir ruhun,

Sən təskin olmazsan şeirlə, sözlə.

Tökülən qanınız bihudə deyil,

Qələbə yaxındır, bir az da gözlə!

Nələr göz önümdən dolanır, keçir...

Xəyalım döyüşlər gedən məkanda!

Sanki dirisiniz, əmrə müntəzir,

Hücuma keçməyə hazır bu anda!

 

Burda şəhid olan igid oğullar

Yenə keşikdədir sərhəd boyunca.

Basaraq bağrına Vətən torpağın

Öpüb-oxşayırlar ruhlar doyunca.

 

Şəhid dostlarıyla Samid burdadır,

Qəti qələbəyə əzmləri var!

Elmdar burdadır, Fərid burdadır,

Ağır sınaqlara dözümləri var!

 

Şəhid qanlarının töküldüyü yer

Minlərlə igidlər doğuracaqdır.

Sabah, ya birigün Samid, Mübariz

Bizi son döyüşə çağıracaqdır!

 

Şəhidlərin ruhu dolaşır burda

"Şəhidlər ölməz ki, şəhidlər diri!"

Bir əlində silah, birində bayraq

Əmrə müntəzirdir yenə hər biri!

 

...Ən böyük arzumdur son döyüş günü

Mən də ön sırada, ön xəttə olum.

Dağıdılan zaman düşmən sədləri,

Dağılan, uçulan o səddə olum!

 

Görüm bayrağımız qöfsi-quzehtək

Necə yarıb keçir şər zülmətini.

Əli bəy ruhunu şad-xürrəm görüm,

Görüm Məhəmməd Əmin fəxarətini!

 

Yoxdan bayraq yapan, ucaldanların

Ruhları ön səddə duracaq o gün!

Əsgərlərlə birgə şəhid ruhları

Düşmənə zərbələr vuracaq o gün!

 

Göydəki ulduzlar "səkkizguşəli",

Ay bütöv olacaq - nurlu, nəşəli!

"Heyratı" deyəcək igid şuşalı,

Topxana toy-büsat quracaq o gün!

 

Xətai o günə "əhsən" deyəcək!

Nadir şah "Bu canım qurban" deyəcək!

Səttarxan Təbrizdən "can, can" deyəcək!

Azərbaycan zəfər çalacaq o gün!

 

Sevinc parlayacaq xalqın gözündə,

Bütövlük olacaq "Vətən" sözündə!

Tonqal qalanacaq Cıdır düzündə!

Tarixdə əbədi qalacaq o gün!

© Müəllif hüquqları qorunur! Mətndən istifadə etdikdə istinad mütləqdir!