Mədəniyyət əsgəri... - Ərtegin Salamzadə

Fəxri Mədəniyyət işçisi Polad Zeynalovun 65 illiyinə

 

İllər tez ötür. Polad müəllimlə tanış olanda o, hələ gənc mütəxəssis idi, mədəniyyət sahəsində çalışırdı. Aradan artıq çox illər keçib. O, indi də mədəniyyət sahəsində çalışır. O zaman necə həvəslə, məsuliyyətlə çalışırdısa, öhdəsinə düşən işləri necə keyfiyyətlə, qüsursuz yerinə yetirirdisə, indi də elədir. Yaş isə artıq 65-ə çatıb. Bəlkə də bunu çox böyük rəqəm hesab etmək olmaz. Lakin bu illər Polad müəllim üçün elə-belə ötüb keçməyib. Bu illərin hər birinin arxasında məsuliyyətli və təcrübəli mədəniyyət işçisinin uğurları, nailiyyətləri dayanır, mədəni-təşkilati məsələlərin yüksək səviyyədə həlli üçün aldığı neçə-neçə təşəkkürnamələr, mükafatlar yada düşür.

Polad Zeynalov 15 iyul 1954-cü ildə Bakıda, ziyalı ailəsində anadan olub. Mədəniyyət və incəsənətə uşaqlıq illərindən həvəs göstərib. 1971-ci ildə orta təhsilini başa vurduqdan sonra sənədlərini Azərbaycan Dövlət İncəsənət İnstitutunun "Mədəni-maarif" fakültəsinə verib. Ali təhsil aldığı illərdə özünü nümunəvi tələbə, qabiliyyətli təşkilatçı kimi göstərib, ictimai həyatda aktiv iştirak edib. İnstitutu bitirdikdən və qonşu Gürcüstanda hərbi xidmətini çəkdikdən sonra bütün həyatını, fəaliyyətini mədəniyyətə, mədəni-kütləvi təşkilatçılığa həsr edib. Həmin dövrdən etibarən Polad müəllim necə deyərlər, həmişə iş başında olub. 1978-1979-cu illərdə Bakı şəhəri Nəsimi rayonu Pionerlər evində metodist, 1979-1987-ci illərdə Azərbaycan Respublikasının Mədəniyyət və Turizm Nazirliyi Mədəniyyətşünaslıq üzrə Elmi metodik Mərkəzdə metodist-bölmə müdiri, 1987-2000-ci illərdə Respublika Attraksionlar müdiriyyətində direktor müavini, 2000-2014-cü illərdə Azərbaycan Respublikasının Mədəniyyət və Turizm Nazirliyi Mədəniyyətşünaslıq üzrə Elmi metodik Mərkəzdə direktor müavini vəzifələrində çalışıb. Göstərdiyi xidmətlərə görə P.Zeynalov dəfələrlə mükafatlandırılıb, Azərbaycan Respublikasının Fəxri Mədəniyyət işçisi adına layiq görülüb.

2014-cü ildən etibarən Polad Zeynalov təcrübəsi, təşkilatçılıq və idarəçilik səriştəsi, şəxsi keyfiyyətləri nəzərə alınmaqla yeni, daha məsul işə göndərilib. O, Azərbaycan Respublikasının Özbəkistan Respublikasındakı Səfirliyinin nəzdində Heydər Əliyev adına Azərbaycan Mədəniyyət Mərkəzinin direktor müavini vəzifəsində çalışır. Azərbaycan-Özbəkistan mədəni əlaqələrinin inkişafında, iki qardaş xalqın dostluğunun möhkəmlənməsində Polad müəllimin xidmətləri az deyil. O, dəfələrlə müxtəlif bədii sərgilərin, konsert proqramlarının təşkilatçısı olub, Mərkəzin daha səmərəli fəaliyyət göstərməsinə öz töhfəsini verib. Təcrübəli mədəniyyət işçisi Daşkənddə dəfələrlə keçirilən Beynəlxalq Turizm, Səyahətlər Sərgi və yarmarkalarında Azərbaycan stendini təşkil etmiş, bir çox musiqi layihələrinin və Beynəlxalq müsabiqələrin Münsiflər Heyətinin üzvü olmuş, Mərkəzin fəxri fərmanları, Özbəkistan Respublikasının müxtəlif təşkilatlarının fəxri fərmanları və diplomları ilə təltif edilmişdir.

2019-cu il Polad müəllimin həyatına əlamətdar il kimi daxil olub. Bu il o, bir deyil, iki yubiley qeyd edir. 65 yaşlı mədəniyyət işçisi bu il həm də Mədəniyyət Nazirliyi sistemində çalışmasının 40 illiyini qeyd edir.

Polad Zeynalov əvvəllərdə olduğu kimi, bu gün də böyük həvəslə, əzmlə çalışır, təmsil etdiyi ölkəni, doğma Azərbaycanı, onun zəngin mədəniyyətini təbliğ edir. Bu vacib, şərəfli, eyni zamanda çətin, məsuliyyətli işdə əziz Polad müəllimə uğurlar arzulayır, ürəkdən təbrik edir, ona can sağlığı diləyirik.

Həmişəkitək yolun açıq olsun, mədəniyyət əsgəri!

© Müəllif hüquqları qorunur! Mətndən istifadə etdikdə istinad mütləqdir!

 


© Müəllif hüquqları qorunur! Mətndən istifadə etdikdə istinad mütləqdir!