Azərbaycançılıq konsepsiyası - İsa HƏBİBBƏYLİ yazır

 

Azərbaycançılıq ölkəmizdə ictimai-ədəbi fikir meydanına XIX əsrin ikinci yarısından etibarən gəlsə də, bundan əvvəlki dövrlərdəki ümumtürk təfəkkür tərzi ədəbiyyatın milli zəmində inkişafını müəyyən etmişdir. Orta əsrlər poeziyasında "səbki-Azərbaycan" üslubunun geniş yer tutması xalqımıza məxsus ədəbiyyatı ümumtürk və Şərq-müsəlman poeziyası məkanında fərqləndirmiş, ön mövqeyə, böyük sənət miqyasına çatdırmışdır. XII əsrdə meydana gəlmiş "Azərbaycan səbkisi" şeirdə təntənəli poetik üslubla bərabər, ayıqlıq və ağlın təntənəsini də göstərməyi tələb edirdi. Bundan başqa, ictimai-siyasi xarakter daşıyan qəsidədən qəzələ keçid də "səbki-Azərbaycan"ın mühüm özünəməxsusluqlarından biri idi. Qədim dövrdə və Orta əsrlərdə Azərbaycan poeziyası ilə yanaşı, farsdilli şeirdə də bu səbki üstün yer tutmuşdur. Tədqiqatçıların fikrincə, "Azərbaycan üslubunda yazan şairlər ağlın, kamalın üstünlüyünü və dünyanın sirlərini göstərməmək naminə bilərəkdən elmi istilahları, peşə terminlərini şeirə gətirirdilər. Sonradan bu üslub geniş yayıldı və monqol dövrünün şairləri də klişe şəkli almış həmin istilahlardan və poetik mənalardan yararlanırdılar. Ancaq aparıcı şeir şəklinin təmtəraqlı və mənsəbpərəst qəsidədən insanın hissiyyatını və ürək sözlərini bəyan edən qəzələ keçməsi öz-özlüyündə şeirdəki çətin anlaşılan ifadələri aradan götürürdü".  "Azərbaycan səbkisi" ədəbiyyatda müdrik fikirləri orijinal bədii səviyyədə ifadə etməyi bacaran mütəfəkkir şairləri ön mövqeyə çıxarmışdır. Bundan başqa, XIII-XVI əsrlərdə Azərbaycan dilində yaranmış şeir türk dünyasında örnək kimi qəbul edilmişdir. XVII-XVIII əsrlər Azərbaycan ədəbiyyatında isə xalq şeiri ilə yazılı şeir dili arasındakı fərq aradan qalxmış, poeziyada ciddi xəlqiləşmə prosesləri getmişdir. Molla Pənah Vaqifin lirikasındakı "Kür qırağının əcəb seyrəngahı"nın, Qıraqbasan qışlağının tərənnümünün timsalında Azərbaycan coğrafiyası şeirdə qabarıq şəkildə görünməyə başlamış və tədricən inkişaf etdirilmişdir. XIX əsrdə və XX əsrin əvvəllərində realist ədəbiyyatın ön cəbhəni təmsil etməsi ölkənin geniş coğrafi bütövlüyü, xalqın isə konkret olaraq öz adı və dəyərləri ilə ədəbiyyatda iştirakını zəruri faktora çevirmişdir. XIX əsrin axırlarından etibarən Azərbaycan dili və Azərbaycan xalqı anlayışlarının mətbuatda və ədəbiyyatda işlədilməsi ilə Azərbaycançılıq məfkurəsi formalaşmağa başlamışdır.

Nüfuzlu dilçi alimlərin gəldikləri qənaət bundan ibarətdir ki, "eradan əvvəl Azərbaycanda artıq türk etnosları yaşamış, bu dövrdə Azərbaycan ərazisində türk etnoslarının dilinə məxsus toponimlər və şəxs adları meydana gəlmişdir".  Azərbaycan dili Ön Asiyada şumerlərin qonşuluğunda yaşayan protoazərbaycanlıların dili əsasında formalaşmışdır. Uzun əsrlər ərzində ümumxalq danışıq dili vasitəsilə Azərbaycan dili yaranmış və inkişaf etmişdir. Nəhayət, XIII əsrdən etibarən Azərbaycan ədəbi dili təşəkkül tapmışdır. XVIII əsrdə Molla Pənah Vaqif Azərbaycan "ədəbi-bədii dilinin milli əsasda inkişafını mütləqləşdirmişdir".  Azərbaycan dili artıq XIX əsrdə sabit inkişaf mərhələsinə qədəm qoymuşdur.  Bütün bunlara baxmayaraq, XIX əsrin sonlarına qədər rəsmi şəkildə Azərbaycan dili və Azərbaycan xalqı ifadələri işlədilməmişdir. Azərbaycançılıq anlayışı üçün mühüm şərt olan xalqın və dilin necə adlandırılması XIX əsrin axırlarında meydana çıxmışdır. İlk dəfə Məhəmməd ağa Şahtaxtlı 1882-ci ildə "Qafqaz" qəzetində çap etdirdiyi "Müsəlmanlarda məktəb həyatı" adlı məqaləsində "Bizi necə adlandırmalı" sualına cavab verməklə, Azərbaycan dilinin leksikasına "azərbaycanlı" anlayışını gətirmişdir. Məqalədə deyilir: "Bizdə Qafqazda bu sözün mənası bir qədər dəyişikliyə uğramışdır, bu adla məşhur irqə aid olan müsəlmanları məhz Zaqafqaziya tatarları bilirik.

...Necə olubsa, bir şəkildə milliyyət anlayışımızı itirərək özümüzü milliyyətimizlə yox, müxtəlif millətlər və dillərin də aid olduqları dinimizlə adlandırmağa başlamışıq.

Yaxşı olardı ki, bizim özümüz kimi, başqa xalqlar da bizi dinimizdən gələn yox, milli mənsubiyyətimizdən gələn bir adla çağırsınlar. Beləliklə də "müsəlman" sözü sadəcə dini anlamda istifadə olunar və din və millət kimi iki fərqli anlayışın qarışdırılmasına son qoyular.

Onda bizi necə adlandırsınlar? Bizim dilimizdən söhbət gedəndə biz onu ya türk dili, ya da türkcə adlandırırıq - ikisi də eyni şeydir, belə ki, hər ikisi türk ismindən yaranmış sifətdir, türklər özü bu sözü bilmirlər. Bizim qonşularımız... da bizi türk adlandırırlar. Bu mənada biz türk adlana bilərdik, lakin bu sözün ictimaiyyət tərəfindən qəbul edilməsi üçün lazımdır ki, ruslar da bizi belə çağırsın. Amma böyük ehtimalla ruslar onu qəbul etməyəcəklər, çünki bizi tanıyana qədər onlar və bütün avropalılar bu adla Osmanlı türklərini adlandırmağa öyrəşmişdilər. Biz tatar adlanmayacağıq, çünki bu söz bizi vəhşi adlandırmaq üçün istifadə olunur. Xalqı zorla milliyyətimizi müəyyənləşdirmək və hazırda etnoqrafiya və linqvistikada istifadə olunan azərbaycanlı sözü ilə adlandırmaq olmaz ki? Ola bilsin ki, nə vaxtsa ədəbiyyatda və rəsmi cəmiyyətdə bu söz qəbul edildi".

Maarifçi-publisist Məhəmməd ağa Şahtaxtlı "Kaspi" qəzetindəki "Zaqafqaziya müsəlmanlarını necə adlandırmalı" (1891) məqaləsində Azərbaycançılıq məsələsinə daha aydın və konkret mövqedən yanaşmışdır: "Hansı xalqa məxsusdur və hansı dildə danışır sualına Zaqafqaziya müsəlmanı başqa cavab vermir, yalnız deyir ki, o, müsəlmandır və müsəlmanca danışır.

Son vaxtlar Zaqafqaziya müsəlmanlarına onların dillərinə görə yox, xalqlarına görə ad verməyə çalışaraq Zaqafqaziya islam əhlini Qafqazda rus dilində tatar adlandırmağa başlamışdılar. Amma bu yeniliyi heç cür uğurlu hesab etmək olmaz. Zaqafqaziya müsəlmanlarının danışdığı dil tatar dili deyil, türk dilidir ki, o da öz növbəsində əsas dialektlərə ayrılır: osmanlı, səlcuq və azərbaycanlı türkcələri.

Zaqafqaziya müsəlmanlarını azərbaycanlılar, onların dilini isə Azərbaycan dili adlandırmaq çox yerinə düşərdi. Böyük bir hissəsi İranın və Rusiyanın payına düşmüş Adərbedjan (Azərbaycan - İ.H.) mahalı - indiki Zaqafqaziyadır, əhalisi də türk xalqıdır. Onları həm Şərq yazıçıları, eləcə də Avropa coğrafiyaçıları və etnoqrafları başqa adla yox, ancaq Azərbaycan türkləri adlandırırlar.

Ona görə də Zaqafqaziya müsəlmanlarını azərbaycanlı, Zaqafqaziya türk dilini isə tatar dili əvəzinə Azərbaycan dili adlandırmaq məqsədəuyğun olardı". 

"Kəşkül" qəzetindəki "Azərbaycanlı" imzalı müəllifin "Əvam gəzmək yuxu yatmaqmı dedin?" məqaləsindəki "Azərbaycan milləti" sözü milli özünüdərk proseslərinin xalqın dilində çap olunan mətbuatın da müzakirə mövzusuna çevrildiyini göstərir:

- "Siz nə millətdənsiniz?

- Müsəlmanam.

... - Əfəndim, millət ayrı, din ayrı.

- Ancaq, eyib olsa da, gərək dürüst ərz edəm. Mən bilmirəm ki, nə millətdənəm.

- Siz tatar deyilsiniz. Tatar Krımda, Kazanda olan müsəlmanlardır. Sizin millət azərbaycanlıdır". 

Böyük demokrat ədib Cəlil Məmmədquluzadənin "Azərbaycan" (1917) məqaləsi  milli-mənəvi özünüdərk dərsliyi qədər anlaşıqlı və əhəmiyyətlidir: "Bəzi vaxt otururam və papağımı qabağıma qoyub fikrə gedirəm, xəyalata cumuram və özümdən soruşuram ki:

- Mənim anam kimdir?

Öz-özümə cavab verirəm ki:

- Mənim anam rəhmətlik Zöhrabanu bacı idi.

- Dilim nə dilidir?

- Azərbaycan dilidir.

- Yəni Vətənim haradır?

- Azərbaycan vilayətidir". 

Ədəbiyyatda Azərbaycançılıq ideyası XX əsrin əvvəllərində ədəbiyyat konsepsiyası səviyyəsinə çatdırılmışdır. Cəlil Məmmədquluzadənin məşhur "Anamın kitabı" (1920) dramı Azərbaycançılıq idealının manifesti kimi meydana çıxmışdır. Sovet hakimiyyəti illərində Azərbaycançılıq vətənpərvərlik adı ilə yaşadılmışdır. Müstəqillik dövründə isə Azərbaycançılıq dövlət ideologiyasına çevrilmişdir. Beləliklə, Azərbaycançılıq uzun əsrlər ərzində ölkə ədəbiyyatının ideya əsası kimi mövcud olmuş və ədəbi fikirdə milli maraqların ifadə olunmasına meydan açmışdır.

Azərbaycançılıq - milli düşüncənin və Vətən anlayışının bir yerdə qavranılması təlimi kimi xalqın və ölkənin milli maraqlarının - maarifçilikdən milli azadlıq ideyalarına, istiqlal mübarizəsi düşüncəsinə, dövlət müstəqilliyi şüuruna qədərki bütün ideallarının ədəbiyyatın canında və qanında olmasını qaçılmaz həyati tələbat səviyyəsinə qaldıran ümummilli məfkurədir. Azərbaycançılıq - milli ədəbiyyatın axarını ölkə maraqlarına doğru istiqamətləndirən mühüm ədəbi-ictimai təlimdir. Azərbaycançılıq - ədəbiyyatda əsas hədəf kimi milli-mənəvi özünüdərk və vətənpərvərlik ideyalarının parlaq bədii təcəssümüdür, xalqın hərtərəfli inkişafına xidmət edən ümummilli məfkurədir. Nəhayət, Azərbaycançılıq - ədəbiyyatda milli istiqlal və müstəqil dövlətçilik ideallarının təcəssümü olan əbədiyaşar təlimdir! Azərbaycanda milli istiqlal ideyası XX əsrin əvvəllərində ictimai fikrin gündəmində mühüm yer tutmuşdur. Cəlil Məmmədquluzadənin başçılıq etdiyi "Molla Nəsrəddin" hərəkatı milli istiqlal uğrunda mübarizə ideyasının formalaşdırılması və xalqa çatdırılması yolunda bir ordudan çox xidmət göstərmişdir. Hətta Azərbaycançılıq baxımından liberal mövqe tutan, türkçülük və islamçılıq ideyalarını təbliğ edən füyuzatçılar da Azərbaycanda milli istiqlalın qaçılmazlığını bəyan etmişlər. Əli bəy Hüseynzadənin aşağıdakı fikirləri XX əsrin əvvəllərində ölkədə milli istiqlalçılığa münasibəti dolğun şəkildə ifadə edir: "Qafqaz türkləri (azərbaycanlılar - İ.H.) türklərin ən hürriyyətpərvərləridir. ...Bu məmləkətdə (Azərbaycanda - İ.H.) heç bir qüvvə hürriyyət arzusunu məhv edə bilməz. Heç bir səbr və təzyiq, ...heç bir zülm və sitəm hürriyyət odunu söndürə bilməz. Qafqaz hürriyyət aləminin tarixində mühüm rol oynayacaqdır. Bu rolların ən böyüyü Qafqaz və Azərbaycan türklərinə aiddir".

"Azərbaycan istiqlal mübarizəsi tarixi" kitabının müəllifi Hüseyn Baykaranın aşağıdakı fikirləri Azərbaycançılığın milli istiqlal ideyasının aparıcı qayəsi olduğunu nümayiş etdirir: "Qafqaz hadisələri onları (istiqlal mücahidlərini - İ.H.) özlərinin öncədən uzaq məqsəd olaraq planlaşdırdıqları Azərbaycan istiqlalı yoluna tez sürükləndirdi. Bu vaxtadək Azərbaycan istiqlalına nə rast gəlinmiş, nə də baş verən digər siyasi hadisə olmamışdır. Azərbaycan xalqının ruhundan doğan bu istiqlal hadisəsi tarixin axarı içində öz yerini tapmışdır". 

XX əsrin əvvəllərindən etibarən milli ədəbi-ictimai fikirdə Azərbaycançılıq əsas yer tutmuşdur. Qeyd olunduğu kimi, sovet hakimiyyəti illərində Azərbaycançılıq vətənpərvərlik adı ilə yaşamış və inkişaf etdirilmişdir. Dövlət müstəqilliyi illərində isə Azərbaycan tarixində ilk dəfə olaraq Azərbaycançılıq dövlət ideologiyası səviyyəsinə qaldırılmışdır.

Çoxəsrlik Azərbaycan ədəbiyyatında və müasir ədəbi fikirdə Azərbaycançılıq təliminin yerini və əhəmiyyətini daha aydın surətdə təsəvvür etmək üçün ümumiyyətlə, Azərbaycançılıq konsepsiyasının mahiyyətini aydın surətdə müəyyənləşdirmək zəruridir.

Azərbaycançılıq - müstəqil Azərbaycan Respublikasının dövlət ideologiyasıdır! Azərbaycan xalqının ümummilli lideri Heydər Əliyev müstəqil Azərbaycan dövlətinin banisi və qurucusu, Azərbaycançılıq dövlət ideologiyasının yaradıcısıdır!

Azərbaycançılıq aşağıdakı prinsipləri əhatə edir:

I. Azərbaycançılıq məfkurəsi

1. Azərbaycançılıq - ümumtürk mənşəli milli məfkurədir.

2. Azərbaycançılıq - Azərbaycanın ərazi bütövlüyünün, vahid Vətən, vətəndaş həmrəyliyi və milli birlik ideyalarının təcəssümü, ümumiləşmiş ifadəsidir.

3. Milli iftixar və Vətənçilik Azərbaycançılıq məfkurəsinin əsas ideya mənbəyidir.

4. Azərbaycançılıq bəşəri dəyərləri özündə əks etdirən ümummilli məfkurədir.

5. Radikal millətçilik, dini ayrı-seçkilik, separatçılıq Azərbaycançılıq məfkurəsinə ziddir.

"Bizim bir ümumxalq ideologiyamız var - Azərbaycançılıq məfkurəsi!"

İlham Əliyev

Azərbaycan Respublikasının Prezidenti

II. Azərbaycan xalqı

6. Azərbaycan xalqı müstəqil Azərbaycan dövlətinin yaradıcısı, sahibi, daşıyıcısı və qoruyucusudur.

7. Azərbaycan xalqı - tarixən və mənşə etibarilə Azərbaycanda yaşayıb formalaşan, ölkəni qoruyub saxlayan və inkişaf etdirən əsas hərəkətverici qüvvədir.

8. Sədaqətli olmaq, bütövlük, Vətən və torpaq sevgisi Azərbaycan xalqının xarakteridir.

9. Azərbaycançılıq - ölkədə hüquqi-demokratik dövlətin daşıyıcısı olan Azərbaycan xalqının dövlətçilik ideologiyasının ana xəttidir.

10. Azərbaycançılıq - Azərbaycanı özünə Vətən hesab edən bütün xalqları birləşdirən ideologiyadır.

11. Azərbaycançılıq - dünya azərbaycanlılarının milli-mənəvi birliyinin rəmzidir.

"Hamımızın bir Vətəni var.

Bu, Azərbaycandır!"

"Vətən birdir, hamı

Vətən uğrunda çalışmalıdır!"

Heydər Əliyev

Azərbaycan xalqının ümummilli lideri

III. Azərbaycan dövlətçiliyi

12. Azərbaycan dövləti - Azərbaycan xalqının öz tarixi ərazisində çoxəsrlik ənənələri olan, ölkənin ərazi bütövlüyünü yaşadan və qoruyub möhkəmləndirən idarəetmə sistemidir.

13. Güclü dövlət, demokratik prinsiplər, milli sərvət, iqtisadi inkişaf və hərbi qüdrət Azərbaycan Respublikasının hərtərəfli inkişafının əsasıdır.

14. Hərtərəfli dinamik və davamlı inkişaf, birlik, möhkəm ictimai-siyasi sabitlik və modernləşmə Azərbaycan dövlətinin hədəfləridir.

15. Azərbaycan Respublikasının dövlət rəmzləri - himni, dövlət bayrağı və gerbi Azərbaycan vətəndaşı üçün müqəddəsdir.

16. Azərbaycan Respublikasının dövlət rəmzlərini uca tutmaq və qorumaq Azərbaycan vətəndaşının müqəddəs borcudur.

17. Azərbaycanın dövlət himni - Azərbaycan xalqının milli manifesti, səfərbərlik və birlik marşıdır.

18. Azərbaycanın dövlət bayrağı - Azərbaycan xalqının milli istiqlalının rəmzi və müstəqil Azərbaycan dövlətinin ideya əsaslarını əks etdirən əbədi simvoludur.

19. Azərbaycan Respublikasının dövlət gerbi - müstəqil dövlətimizin varlığını təsdiq edən möhürdür.

"Müstəqil Azərbaycan dövlətinin ideya əsası Azərbaycançılıqdır!"

Heydər Əliyev

Azərbaycan xalqının ümummilli lideri

IV. Azərbaycan dili

20. Azərbaycan dili - Azərbaycan Respublikasının dövlət dilidir.

21. Azərbaycan dili türk mənşəli qədim və zəngin dildir.

22. Azərbaycan dili - Azərbaycan xalqının ana dili və ölkədə yaşayan bütün millətlərin, azsaylı xalqların vahid ünsiyyət vasitəsidir.

"Ana dilimiz - Azərbaycanın, Azərbaycan xalqının ən böyük milli sərvətidir!"

Heydər Əliyev

Azərbaycan xalqının ümummilli lideri

V. Milli-mənəvi dəyərlər

23. Azərbaycançılıq - xalqın milli-mənəvi özünüdərketmə təlimidir.

24. Əsrlər boyu formalaşıb inkişaf etmiş dayanıqlı adət-ənənələrimiz Azərbaycan xalqının milli-mənəvi sərvətidir.

25. Milli adət-ənənələri qoruyub saxlamaq və yaradıcılıqla inkişaf etdirib möhkəmləndirmək Azərbaycançılıq məfkurəsinin əbədiyaşarlığını təmin etməyin əsas şərtlərindəndir.

26. İslam dini - Azərbaycan xalqının dini mənsubiyyətinin əsasını təşkil edir.

27. Tolerantlıq - Azərbaycanda dinlərarası münasibətlərin və dialoqların dayaq nöqtəsidir.

28. Multikulturalizm - Azərbaycançılığın üzvi tərkib hissəsi və hərəkətverici qüvvəsidir.

VI. Azərbaycan ədəbiyyatı

29. Azərbaycan ədəbiyyatı - Azərbaycanda və dünyanın müxtəlif ölkələrində yaşayan azərbaycanlıların yaratdıqları böyük ədəbiyyatdır.

30. Millilik və bəşərilik, Azərbaycançılıq və birlik idealları, habelə yüksək bədiilik Azərbaycan ədəbiyyatının əsas xüsusiyyətləridir.

31. Azərbaycan ədəbiyyatı - Azərbaycan xalqının dilində yaranan böyük ədəbiyyatdır.

32. Eyni zamanda, hansı dildə yazılmasından asılı olmayaraq, azərbaycanlıların ölkəmizin milli dəyərlərinə və dövlətçilik maraqlarına xidmət edən bədii əsərləri Azərbaycan ədəbiyyatıdır.

33. Azərbaycan ədəbiyyatı davamlı tarixi-ədəbi ənənəsi olan və daim inkişaf edib müasirləşən dayanıqlı ədəbiyyatdır.

34. Azərbaycan ədəbiyyatı dünya ədəbiyyatının tərkib hissəsidir.

VII. Azərbaycanşünaslıq

35. Azərbaycanı öyrənmək - Azərbaycanşünaslıqdır.

36. Azərbaycan - ana Vətən və ümummilli ideal; Azərbaycançılıq - milli ideologiya; Azərbaycanşünaslıq - elmdir!

***

Məlum olduğu kimi, müxtəlif əsrlərdə Azərbaycanda ictimai-siyasi və ədəbi-mədəni mühitdə türk və ərəb-islam sivilizasiyaları yaşanmış, böyük inkişafa təkan vermişdir. Qədim türk sivilizasiyasının tanrıçılıq təliminin xeyirlə şərin mübarizəsinə əsaslanması insanın mənəvi ucalığının aliliyi haqqında təsəvvürləri formalaşdırmışdır. Tədqiqatçıların fikrincə, türklərin başlıca inamı olan tək tanrıçılıq ideyası insanı daim şərdən qaçmağa səfərbər etmişdir: "Türklərdə həyat ikili sistem: xeyir və şərin mübarizəsi üstündə qurulmuşdur. Şər qüvvələr Tanrıdan aşağıda dayanır və ona qarşı çıxa bilmirlər. ...Deməli, daha çox ikili sistem üzərində qurulmuş inamlar panteonuna əsasən, insan İblisin şərindən qaçmaq üçün Allaha - Tanrıya sığınmalıdır". Tanrıçılıq dini inancındakı xeyirə çağırışla islam sivilizasiyasının mənəvi kamillik ideyası çuğlaşaraq ayrı-ayrı dövrlərin böyük ədəbiyyatı və mədəniyyətinin formalaşmasında mühüm rol oynamışdır. Lakin sovet ideologiyasının prinsiplərinə uyğun olaraq, ədəbiyyatın və incəsənətin inkişafında din faktorunun rolu unutdurulmuş, hətta bir çox hallarda, yeri oldu-olmadı, yazıçı və şairlərin "ateist" kimi təqdim edilməsinə səy göstərilmişdir. "Onları belə göstərənlər zənn edirlər ki, guya bu sənət ustadlarını müasirləşdirir və ya daha da dahi sənətkarlar edirlər. ...Əksinə, bu sənətkarları öz soyköklərindən ayırır, onları böyüdən, dahi edən islami dəyərlərdən bəhrələnmələrini unudurlar".  İslam təlimindəki mənəvi bütövlük və humanizm ideyaları, maarifçiliyə böyük dəyər verilməsi yazıçı və şairlərin dünyagörüşünün inkişafında mühüm yer tutmaqla bərabər, həm də onların bədii yaradıcılığında elmi cəhətdən əsaslandırılmış milli və bəşəri idealların xüsusi önəm daşımasına meydan açmışdır. Qədim dövr və Orta əsrlərdə sənətkarların bədii sözü yüksək islami dəyərlər miqyasında ifadə etmək səyləri nəticə etibarilə böyük ədəbiyyatın yaranmasına təkan vermişdir. Beləliklə, Azərbaycan ədəbiyyatının inkişafında türk və islam sivilizasiyaları faktoru mühüm amillər olmuşdur.

Azərbaycanda maarifçilik hərəkatı da sivilizasiya faktoru kimi ictimai-ədəbi mühitin inkişafına müstəsna dərəcədə təsir göstərmişdir. XIX əsrdə ölkədə dünyəvi məktəblərin, milli teatrın, mətbuatın və realist ədəbiyyatın yaranıb yüksələn xətlə öz yolunu davam etdirməsi maarifçilik hərəkatının regionda mühüm sivilizasiya faktoru rolunu oynadığını söyləməyə əsas verir.

Azərbaycanın Şərq-Qərb yönlü coğrafiyaların və sivilizasiyaların qovuşağında yerləşməsi burada həmin sivilizasiyalararası mədəniyyətlərin, o cümlədən də ədəbiyyatın inkişafına öz təsirini göstərmişdir.

***

Qədim dövr və Orta əsrlər Azərbaycan ədəbiyyatında ölkə anlayışı geniş əraziləri əhatə etdiyi, müxtəlif dövlətlərin hüdudları çərçivəsində olduğu üçün konkret tarixi şəraitdə ayrı-ayrı coğrafiyalarda eyni metod və üslubda yazan sənətkarların yaradıcılıq birliyinin baş tutması çətin olmuşdur. Buna görə də həmin tarixi mərhələlərdə bu gün bizim düşündüyümüz formatda ədəbi cərəyanlar yarana bilməmişdir. Lakin Orta əsrlərdə ədəbi-ictimai fikirdə geniş yer tutmuş əxilik, sufizm və hürufizm təriqətləri siyasi-ideoloji mahiyyəti ilə yanaşı, həm də ədəbi cərəyan funksiyasını daşımış, sənətkarları öz cazibəsində saxlamış və istiqamətləndirmişdir.

Təxminən, IX-X əsrlərdən etibarən sufizm Azərbaycan poeziyasında tədricən geniş yayılaraq bədii-fəlsəfi cərəyana çevrilmişdir. Xüsusən, XIII-XVI əsrlərdə Azərbaycan ədəbiyyatında sufizm özünün ən yüksək zirvəsinə çatmışdır.

"Əxi qardaşları" XII əsr Azərbaycan ədəbi-ictimai fikrini əhatə edən birlik-cərəyan olub, cəmiyyətdə ədalət, bərabərlik, insanpərvərlik, humanizm ideyalarını diqqət mərkəzinə çəkməsi, xalq kütlələrinin hüququnu müdafiə etməsi, xalq hikmətinə istinad olunması ilə səciyyələnmişdir. İntibah dövrü Azərbaycan ədəbiyyatının inkişaf etdirilməsində əxilik ideyaları xüsusi təsir gücünə malik faktorlardan biri olmuşdur. Nizami Gəncəvi "Əxi qardaşları" cəmiyyəti ilə yaxın münasibət saxlamış və onların ideyalarından yaradıcı şəkildə faydalanmışdır. Dövrün başqa şairlərinin və elm adamlarının əsərlərində də əxilik-birlik-bərabərlik, insanpərvərlik ideyalarından istifadə edilmişdir.

Hürufizm cərəyanının Şərq ölkələrində və Azərbaycanda rolu və əhəmiyyəti elmi ədəbiyyatda aşağıdakı kimi ifadə olunmuşdur: "Hürufizm Yaxın və Orta Şərqin müxtəlif ideoloji axınlarının içərisinə daxil olaraq ideoloji mühitin inkişafına əhəmiyyətli təsir göstərmişdir. ...Hürufizmin Vətəni Azərbaycan hesab olunur. Bu cərəyan XIV-XVI əsrlərdə Azərbaycan xalqının mənəvi təkamülündə mühüm rol oynamışdır". Fəzlullah Nəimi hürufizmin nəzəri-ideoloji təlimini hazırlamış, İmadəddin Nəsimi hürufi ədəbiyyatının böyük yaradıcısı kimi çıxış edərək onu ümumşərq miqyasına çatdırmışdır.

XIX əsrdən etibarən son iki əsrdən artıq dövrdə Azərbaycan ədəbiyyatında meydana gəlmiş maarifçi realizm, tənqidi realizm, romantizm kimi ədəbi cərəyanlar ədəbiyyatın yeni hədəflərini və ideallarını müəyyən etmiş, yeniləşmə və dəyişikliklərə geniş meydan açmışdır. XX əsrin sonlarına doğru Azərbaycan Respublikası artıq müstəqil bir dövlət kimi fəaliyyətini davam etdirməyə başladıqdan sonra ölkədə yaranmış demokratik ab-hava, siyasi mühitdə formalaşan çoxpartiyalı sistem və dünya ədəbiyyatı prosesləri ilə yaranmış geniş əlaqələr sovet ədəbiyyatının vahid yaradıcılıq metodu olan sosialist realizmindən çoxmetodlu ədəbiyyata keçid üçün yeni üfüqlər açmışdır. "Müstəqillik dövrü Azərbaycan ədəbiyyatı" adlı ikicildlik nəşrdə obyektiv olaraq yazıldığı kimi, "bu tarixi mərhələ özünün meydana çıxardığı yeni ədəbi cərəyanlar da diktə etdi: neorealizm, postmodernizm, dekadentizm və magik realizm".  Bütün bunlara görə Azərbaycan ədəbiyyatı tarixinin dövrləşdirilməsində ədəbi cərəyanların nəzərə alınması zəruridir. Ədəbi cərəyanların diqqətdə saxlanılması, eyni zamanda dünyada baş verən obyektiv gerçəkliklərin, elmi-texniki yeniliklərin, qlobal dəyişikliklərin ədəbi prosesə təsirini izləmək baxımından da vacibdir. XX əsrdə dünya ədəbiyyatı və ictimai fikrində yaranan modernizm, postmodernizm, dekadentizm, magik realizm, ekzisentializm ədəbi cərəyanları həmin qlobal dəyişikliklərin nəticəsində meydana çıxmışdır. Dünyada gedən proseslər Azərbaycana təsirsiz ötüşməmiş, cəmiyyətdə və ədəbiyyatda mühüm dəyişikliklər baş vermişdir. Adları çəkilən cərəyanların nümayəndələri Azərbaycanda da yaşayıb-yaratmış və ədəbi hərəkatı irəli apararaq daha da zənginləşdirmişlər. Bu proses hazırda da davam etməkdədir.

***

Azərbaycan ədəbiyyatı tarixinin dövrləşdirilməsinin müasir konsepsiyası üçün müəyyənləşdirilmiş meyarlar ədəbiyyatımızın çoxəsrlik tarixində baş vermiş ictimai-mədəni və ədəbi-tarixi proseslərin reallıqlarını, keçilmiş inkişaf yolunun özünəməxsusluqlarını obyektiv şəkildə özündə əks etdirməyə imkan yaradır. Ədəbi-tarixi proseslərin reallıqları dedikdə, ayrı-ayrı inkişaf mərhələlərində Azərbaycan ədəbiyyatının təbii məntiqindən, daxili təkamülündən doğan sənət idealları ilə xalqın müxtəlif dövrlərdəki ümummilli ideallarının dialektik əlaqəsi, sintezi və vəhdəti nəzərdə tutulur. Bu zaman hər hansı bir kənar, yad siyasi ideologiyadan çıxış etmək ədəbi-tarixi prosesin real qiymətləndirilərək təhlil edilib ümumiləşdirilməsinə mane olar. Ona görə də ədəbi-tarixi prosesin reallıqları və üzvi əlaqəsi nəzərə alınmadan milli ədəbiyyat tarixinin inkişaf yolunun obyektiv dövrləşdirilməsini müəyyən etmək çox çətin olar.

Qeyd olunan prinsiplər - Azərbaycançılıq, sivilizasiya amili, ədəbi cərəyanlar və ədəbi-tarixi prosesin reallıqları Azərbaycan ictimai-mədəni fikrinin və ədəbiyyatının əsrlər boyu keçdiyi inkişaf yolunun ana xətlərini, əsas inkişaf istiqamətlərini və başlıca məzmununu müəyyən etməyə imkan yaradır.

Azərbaycan ədəbiyyatı tarixinin dövrləşdirilməsi prinsipləri ölkə ədəbi-ictimai fikrinin reallıqları və dünya elmi-nəzəri təlimlərinin təcrübəsi əsasında müəyyənləşdirilmişdir.

© Müəllif hüquqları qorunur! Mətndən istifadə etdikdə istinad mütləqdir!