Heydər Əliyev və ədəbi mühit...Ümummilli lider - Tehran Əlişanoğlu yazır

Ulu Öndər Heydər Əliyevin ədəbi mühitlə sıx əlaqələrinin zəminində böyük ədəbiyyat və sənət sevgisi durur. Bu, sadəcə maraqdan gələn, hobbi səviyyəsində yox, xalqına, millətinə, vətəninə, onun mənəvi-mədəni sərvətlərinə köklü bağlılıqdan doğan, yalnız dahilərə xas milli və bəşəri sevgidir.

Heydər Əliyev deyir: "Biz Nizaminin, Xaqaninin, Nəsiminin, Füzulinin adlarını böyük iftixar hissi ilə çəkirik və onların əsərlərini oxuyaraq xalqımızın nə qədər dahi, müdrik və istedadlı xalq olduğunu bir daha dərk edirik. Eyni zamanda, dünya, bəşər qarşısında bunlarla fəxr edirik, öyünürük. Öyünməyə də haqqımız var. Çünki bu böyük insanlar nəinki bizim xalqımızı, bütün bəşəriyyəti, bəşər tarixini zənginləşdirən əsərlər yazmışlar. Onlardan sonra gələn nəsillər də bu ənənəni, xüsusiyyəti davam etdirmişlər. Ona görə də tariximizin hansı əsrinə, hansı səhifəsinə baxsan, orada şairlərin, yazıçıların, mədəniyyət xadimlərinin izlərini, əsərlərini görəcəksən. Bu, xalqımızda bu gün, dünən deyil, əsrlərdən-əsrlərə keçib gələn bir ənənədir, şeirə, şairə, söz ustasına, zəkalı insana həmişə hörmət, böyük ehtiram olubdur...".

Heydər Əliyev bir yandan xalqının bir parçası olaraq, əsl övlad sevgisi ilə əsrlər boyu dahilərin yaratdığı irsə, mənəvi sərvətə yiyə durur, qədir-qiymət qoyur: "Xalqımız şeiri, ədəbiyyatı sevən xalqdır. Eyni zamanda şeirin, ədəbiyyatın hər bir insanın həyatında və xalqımızın cəmiyyətimizin, millətimizin həyatında daim böyük rolu olmuşdur. Məhz buna görədir ki, Azərbaycanda şairlər, yazıçılar, mədəniyyət, incəsənət xadimləri həmişə hörmətli olublar, bu gün də biz onların hörmətini daim saxlayırıq və yüksəltməyə çalışırıq. Bu, tək onlar, onların şəxsiyyəti üçün deyil. Bu bizim xalqımız, cəmiyyətimiz, millətimiz üçün çox vacibdir...".

Digər tərəfdən Ümummilli lider özü də dahilərə məxsus bir keyfiyyətlə Nizamidən, Xaqanidən, Nəsimidən, Füzulidən və onlarla digər sələflərindən əxz etdiyi, öyrəndiyi dərsləri XX əsrdə, bu gün, çağdaşlıqda davam etdirir, dahilərin yolunu gedir. Dərin məsuliyyət hissi, ictimai borc, tarixi cavabdehlik - Heydər Əliyevin xalqının mənəvi irsinə, sərvətinə, ədəbiyyat və sənətinə qarşı münasibətində də özünü göstərən üstün keyfiyyətdir. Azərbaycan yazıçılarının X qurultayında Ulu Öndər belə deyirdi: "Ancaq, eyni zamanda, 1969-cu ildən tale mənim üzərimə böyük bir vəzifə, böyük bir məsuliyyət qoymuşdur. Mən o məsuliyyəti dərk edərək, o vəzifəni layiqincə yerinə yetirməyə çalışaraq, həmişə hesab etmişəm, bu gün də hesab edirəm ki, ədəbiyyata, mədəniyyətə diqqət yetirmək, qayğı göstərmək lazımdır, ədəbiyyatdan, mədəniyyətdən həyatın başqa sahələrində işin müvəffəqiyyətlə həyata keçirilməsi üçün istifadə etmək lazımdır. Mən məhz bunlara görə yazıçıların bütün qurultayları ilə bağlı olmuşam, onlarda iştirak etmişəm...".

Sovet dönəmində ədəbi mühiti təmsil edən, nəzarətdə saxlayan və yönəldən başlıca instansiya Yazıçılar İttifaqı sayılırdı. Şəksiz ki, Ümummilli liderin ümumən ədəbi-mədəni ictimaiyyətlə birbaşa əlaqələri, bu istiqamətdə geniş fəaliyyəti də Respublika rəhbəri və Ölkə başçısı olduğu illəri əhatə edir. Azərbaycan Yazıçılarının 1997-ci ilin oktyabrında keçirilən X qurultayında Heydər Əliyev özü həmin əlaqələri üç dövrdə təsnif edir: "Yazıçılar Birliyi ilə bu əlaqələrimi şəxsən mən özüm üç mərhələyə bölürəm. Birinci mərhələ həmin illərdir ki, - xatirimdədir, bir dəfə biz o vaxtkı Siyasi Maarif evində qurultay keçirdik, sonra başqa yerdə keçirdik. Xatırladılar 1981-ci ildə burada, bu salonda keçirdik, - o mərhələ idi ki, mən Azərbaycana rəhbərlik edirdim və qurultayın işində Azərbaycanın rəhbəri kimi iştirak edirdim.  İkinci mərhələ 1991-ci ildə sizin qurultayın işində mənim qısa müddətdə iştirak etməyimdir. Yadınızdadır ki, o zaman mən vəzifədə deyildim, amma siz məni qurultayınıza dəvət etdiniz. Üçüncü mərhələ isə indiki mərhələdir, Azərbaycanın dövlət müstəqilliyi, azadlığı şəraitində keçirdiyimiz ilk qurultaydır və mənim burada iştirak etməyimdir..." Ulu Öndərin qeyd etdiyi kimi: "Hər dövrün özünəməxsus əhəmiyyəti, mənası vardır...".

***

Ümummilli lider Heydər Əliyevin ədəbi mühitlə bilavasitə təmasının birinci mərhələsi təqribən 1969-1987-ci illəri əhatə edir; bu, Ulu Öndərin Azərbaycan Sovet Sosialist Respublikasına rəhbərlik etdiyi, habelə SSRİ kimi nəhəng bir dövlətin Nazirlər Sovetinin sədrinin birinci müavini vəzifəsində çalışdığı dövrdür. Bu, məhz sovet sosilalist rejimi daxilində Heydər Əliyevin bir şəxsiyyət olaraq Azərbaycan xalqının pənah yeri, Ümummilli liderinə yüksəldiyi mərhələdir. Ulu Öndərin müasir Azərbaycançılıq ideologiyasının əsasını qoyduğu və çagdaş Azərbaycan quruculuğuna başladığı dövrdür.

Heydər Əliyevin həmin dövrdə ədəbi mühitlə birbaşa və dolayısı əlaqələri haqqında Anarın, Elçinin, İsa Muğannanın, Xəlil Rza Ulutürkün, Vidadi Babanlının, Mövlud Süleymanlının memuar əsərlərində oxuya bilirik (bax:Anar, Unudulmaz görüşlər, Bakı, "Təhsil", 2009; Elçin, Dünya axirət əkini; Tarixlə üz-üzə dayanmış adam // Seçilmiş əsərləri. 10 cilddə, 6-cı cild, Bakı, Çinar-Çap, 2005, s. 231-238, s. 239-248; İsa Muğanna, Həyatımdan səhifələr-"Azərbaycan" jurnalı, 2010,  № 7, s. 114-157;  Vidadi Babanlı, Unutmadığım günlər- "Azərbaycan" jurnalı, 2007,  № 2, s. 124-135; Mövlud Süleymanlı, Qırx ilin yeddi görüşü.- Tənqid.net jurnalı, № 10, s. 24-35;  habelə: Ədəbiyyatda Heydər Əliyev obrazı: tarixi gerçəklikdən ideala. Bakı, "Elm və təhsil", 2018). Elmira Axundova "Heydər Əliyev: şəxsiyyət və zaman" çoxcildliyinin 2-ci kitabının 4-cü fəslini (Elmira Axundova, Heydər Əliyev: şəxsiyyət və zaman. 6 cilddə. 2-ci cild, Bakı, "Ozan", 2007, s. 173-302) bilavasitə bu mövzuya həsr etmiş, yazıçılarla, sənət adamları ilə müsahibələr, faktlar, sənədlər, təhlillər əsasında dövrün ədəbi prosesinə baş vurmuş, eyni zamanda 3-cü kitabın "Ziyalılar onun dövrəsinə yığışırdılar" fəslində (Elmira Axundova, Heydər Əliyev: şəxsiyyət və zaman. 6 cilddə. 3-cü cild, Bakı, "Ozan", 2009, s. 322-346) Ulu Öndərin ədəbiyyat və mədəniyyətlə bağlı Moskva həyatından söz açmışdır. Ədəbiyyatla, ədəbi-mədəni mühitlə bağlı ayrı-ayrı faktlara ümumən Ümummilli liderin həyat və fəaliyyətinin sovet dövrünə dair çoxsaylı tədqiqatlarda, məqalələrdə də rast gəlmək olar.

Bununla belə, Heydər Əliyevin sovet dövrü ədəbi mühitində obrazı barədə ən dolğun təsəvvürü, hər şeydən öncə, Ümummilli liderin özünün, iştirak etdiyi ədəbi tədbirlərdəki çıxışları, yazıçılar qurultaylarında, beynəlxalq ədəbi konfranslarda, yubiley və görüşlərdəki nitqləri, çoxsaylı fikir və mülahizələri yaradır. Bu baxımdan, dövrün mətbuatı ilə yanaşı, filologiya elmləri doktoru, professor Vilayət Quliyevin tərtib etdiyi "Heydər Əliyev. Ədəbiyyatın yüksək borcu və amalı (nitqlər, məruzələr, çıxışlar)" toplusu (Bakı, "Ozan", 1999) mühüm mənbə hesab olunmalıdır. Topluda Heydər Əliyevin sovet dönəmindəki çıxışları ilə birgə, müstəqillik illərindəki çıxışlarında həmin dövrə dair xatirə məqamları da Ümummilli liderin 1970-1980-ci illərdəki ədəbiyyat siyasəti və dəst-xəttini dərk etməyə imkan verir.

Heydər Əliyev Azərbaycan Sovet Sosialist Respublikasına rəhbərlik edərkən yazıçıların həmin dövrdə keçirilən bütün qurultaylarında iştirak və çıxışlar etmiş, ədəbi aləmlə fəal əlaqə saxlamış, sovet dövrünün ədəbiyyat korifeyləri, yaşlı və orta nəsil yazıçılarla ünsiyyət bağlamış, gənc nəslin taleyində bilavasitə rol oynamışdır.

Heydər Əliyevin sovet dönəmində ədəbi mühitlə əlaqələri ilk öncə sırf rəsmi səciyyə daşımış, respublika başçısının, bütün sahələrə olduğu kimi, ədəbiyyat təsərrüfatına da himayəsi və nəzarəti şəklində təzahür etmişdir. Heydər Əliyev 1969-1982-ci illərdə Azərbaycan Kommunist Partiyası Mərkəzi Komitəsinin birinci katibi, respublikada  "birinci şəxs" olmuşdur. Heydər Əliyev bir kommunist kimi də, bir azərbaycanlı kimi də əqidəsinə sahib və sadiq olmuş, Azərbaycan xalqının tərəqqi və inkişafını, ölkənin müasir dünyaya inteqrasiyasını SSRİ daxilində və rəsmi ideologiya çərçivəsində gerçəkləşdirmişdir.

Akademik Ramiz Mehdiyev "Vətəndaş, şəxsiyyət, lider" əsərində Ümummilli liderin həmin dövr fəaliyyətini belə səciyyələndirir: "Həmin dövrə aid nitqləri ilə tanış olarkən, anlayırsan ki, o özü kommunizm ideallarına daxilən inanırdı. Lakin bununla belə, sovet mədəniyyətinin - formaca milli, məzmunca sosialist - ənənəvi düsturuna tamamilə yeni məna aşılaya bilmişdi. O, hər nə edirdisə, formal baxımdan marksist-leninçi ideologiyanın tələblərinə uyğun idi. Lakin əvvəlki standart streotiplərə nəsə elə bir mətləb sığışdıra bilmişdi ki, həmin illərdə onu anlamaq və sərrast ifadə etmək çətin olsa da, son dərəcə aydın nəticələrə gətirib çıxarırdı. O, nəinki milli ruhun dirçəlişinə, çağdaş Azərbaycan mədəniyyətinin inkişafına və çiçəklənməsinə nail ola bilmiş, həmçinin bütün ziyalıların, bütün Azərbaycan xalqının diqqətini tarixi və mədəni qaynaqlara yönəltmişdir. Azərbaycan dili, Azərbaycan ədəbiyyatı, Azərbaycan tarixi, Azərbaycan musiqisi - unikal milli mədəniyyətimizin bütün qatlarını o illərdə biz sanki özümüzə yenidən açır və mənalandırırdıq. Heydər Əliyevin respublikaya rəhbərliyinin birinci dövrü məhz bu kontekstdə, milli şüur oyanışının, özgür qaynaqlara qayıdışın və üz tutmağın yeni mərhələsinə aparan proseslərin başlanğıcı kimi qavranılmalıdır".

Bir ideologiya və yaşam tərzi kimi kommunizmin tədricən iflasa uğradığı bir cəmiyyətdə "kommunist" qalaraq, eyni zamanda öz dövrünün ən böyük Azərbaycanlısı kimi, məhz Ümummilli lider kimi çıxış etmək heç də asan olmamışdır. O cümlədən dövrün "ədəbi mübarizələri" bunu göstərir və bu baxımdan Heydər Əliyev idealını heç nahaqdan Sosialist Azərbaycanının ilk lideri Nəriman Nərimanovla müqayisə etmirlər. Təsadüfi deyil ki, Heydər Əliyevə qədər az qala unutdurulmağa məhkum olunan Nəriman Nərimanovun adının, xatirəsinin, tarixi irsinin xalqa qaytarılmasında və populyarlaşdırılmasında da Ümummilli liderin rolu misilsizdir. Və həm də ədib, yazıçı, publisist, dramaturq olan Nəriman Nərimanovun yenidən ədəbiyyata qayıtmasının zirvə anları da bu dövrə düşür.

1960-1970-ci illərdə Azərbaycan cəmiyyəti kifayət qədər "milliləşmiş", "millətçi" cəmiyyət idi. Tarixdə "Xruşşov mülayimləşməsi" adını almış mərhələ işini görmüş, digər respublikalarda olduğu kimi, Azərbaycanda da sosializm cəmiyyəti içrə milli şüurun güclənməsi, milli ideya və şüarlara qayıdış, millətçilik hisslərinin oyanması baş vermişdi. Ədəbiyyat və sənətdə "60-cılar" hərəkatı başlamış və bu, ciddi şəkildə sosializm cəmiyyətinin hüdudlarını döyəcləyirdi. Modern ədəbiyyat və sənət estetikası hər yerdə rəsmi sosializm realizmi cərəyanı ilə açıq və gizli polemikaya səbəb olurdu. Millətçilik havası Azərbaycan xalqının taleyində növbəti "qara səhifələr" aça bilərdi. Azərbaycan xalqının taleyində 1920-ci, 1930-cu, 1940-cı, 1950-ci illərin qara repressiya yelləri bir çox xalqlardan bəlkə də daha güclü əsmiş, birə ikiqat qurbanlar aparmışdı. Axı amansız sovet repressiv maşını ilə birgə, Azərbaycan-türk xalqına daim qənim kəsilmiş qurnaz erməni-daşnak faktoruna da göz yummaq olmazdı.

Özünəqədərki rəhbərlərdən fərqli olaraq, Heydər Əliyev cəmiyyətdə gedən proseslərin nə şiddətlənərək, ifrat millətçilik dalğasına keçməsinə yol verdi, nə də qarşısını alıb millətçilik əhval-ruhiyyəsinin inkişafını dayandırdı. Ulu Öndər sonralar acı bir nisgillə həmin illəri opponentlərinə xatırladacaqdı: "Bəli, xüsusən 1920-1930-cu illər ağır repressiya illəri olubdur. Bizim xalqımız çox itkilər veribdir. Biz bu repressiya illərini ürək ağrısı ilə xatırlayırıq... Bəli, biz Hüseyn Cavidin, Mikayıl Müşfiqin və bizim başqa görkəmli şəxslərin repressiya qurbanları olması haqqında on illərdir ki, böyük ürək ağrısı ilə danışırıq. Onlar əlimizdən getdi. Əgər hamısı getsəydi, onda bizim ədəbiyyatımızı, elmimizi, mədəniyyətimizi kim yaradacaqdı? İndi kimsə hesab edir ki, o vaxtlar gərək Səməd Vurğunu da həbs edib öldürəydilər, Rəsul Rzanı, Süleyman Rüstəmi də öldürəydilər. Onda deyərdilər ki, bunlar qəhrəman idi və biz oturub onları da on illərlə ağlayacaqdıq. Yenə də deyirəm, biz Allaha şükür etməliyik ki, belə insanlar o ağır dövrdə o xətalardan qurtara bildilər...".

Bütün bu tarixi dərslərdən çıxış edərək, Ümummilli lider respublikaya başçılıq etdiyi dövrdə millətçilik əhval-ruhiyyəsini, millilik proseslərini bir rəhbər olaraq əlinə almış, onu zamanın qara yellərindən yayındırmaqla, cəmiyyətdə intişarına daha da rəvac vermişdi. Anar "Unudulmaz görüşlər"də yazır: "...Moskvada Azərbaycana rəhbərliyi məhz ona tapşırmağı məqsədəuyğun saymışdılar. Bircə şeyi nəzərdən qaçırmışdılar. Heydər Əliyev Mərkəzdə oturub onun təyinatı haqqında qərar verənlərin hamısından ağıllı idi və heç vaxt öz doğma Vətənini - Azərbaycanı, öz xalqını onların ayağına verməzdi. Bu çətin missiyanı lazımi tədbirlərlə həyata keçirmək üçün isə kifayət qədər təcrübəsi və bacarığı vardı. 1969-cu ilin yayında Azərbaycan KP MK-nın Birinci katibi seçiləndən sonra Heydər Əliyev Mərkəzin ondan gözlədiyi mübarizəni - millətçilik təzahürlərinə qarşı mübarizəni tamamilə başqa və təhlükəsi daha real bir bəlaya qarşı - qanun pozuntularına, rüşvətxorluğa, əliəyriliyə, ədalətsizliyə qarşı mübarizəyə çevirdi. Və bununla yalnız Azərbaycanın deyil, ümumən SSRİ-nin gələcək taleyinin dəyişməsi üçün ilk addımlardan birini atdı".

***

Ümummilli liderin sovet dönəmində ədəbi mühitə təsir mexanizminin rəsmən bir sıra forma və üsulları olmuş, bəzilərini də Heydər Əliyev şəxsən özü "kəşf" və təsis etmişdir.

Birinci yerdə, şəksiz ki, Yazıçılar İttifaqının Nizamnaməsinə əsasən beş ildən bir keçirilən qurultayları gəlir. Heydər Əliyev özü də vurğuladığı kimi, Azərbaycan yazıçılarının 1969-1982-ci illərə təsadüf edən bütün - 1971, 1976, 1981-ci il V, VI, VII qurultaylarında iştirak etmişdir. Qurultay respublika rəhbəri və Ümummilli lider üçün yazıçılarla bilavasitə ünsiyyət imkanı demək idi. Heydər Əliyev burada qələm əhli ilə həm aktual cəmiyyət məsələlərini, həm də ümummilli problemləri müzakirə etmək, ideoloji oriyentiri təyin etmək, müəyyənləşdirmək, yönəltmək fürsəti qazanırdı. Yalnız rəsmi mövqedən deyil, həmçinin böyük ədəbiyyat sevgisi və ədəbiyyata verdiyi önəm müqabilində Ümummilli lider sənət və yaradıcılıq məsələlərinə də uğraşır, ədəbiyyatın qarşısında duran vəzifələri xalqın və cəmiyyətin mənafeyi ilə uzlaşdırmağa çalışırdı.

Sovet dönəmində ədəbi-mədəni mühiti təşəkkülləndirən digər bir forma olaraq, respublikalarda təntənəli şəkildə keçirilən "mədəniyyət və incəsənət ongünlükləri"ni, "ədəbiyyat günləri"ni, ümumittifaq və beynəlxalq tədbirləri göstərmək olar. Sovet İttifaqının ideoloji möhkəmliyinə, xalqlar arasında "dostluq və beynəlmiləlçilik" əlaqələrinə xidmət etməli olan həmin vasitələr 1960-1980-ci illərin kütləvi üsullarından sayılırdı. Heydər Əliyev bu tədbirlərə heç bir respublikada olmadığı qədər miqyas vermiş, Azərbaycan mədəniyyəti, incəsənəti və ədəbiyyatının, bütövlükdə azərbaycançılığın geniş təbliğatına çevirə bilmişdi. 1972-ci ilin oktyabrında Azərbaycanda RSFSR ədəbiyyatı və incəsənəti günləri, 1975-ci ilin oktyabrında Azərbaycanda Sovet ədəbiyyatı günləri, 1979-cu ilin aprelində "Fəal həyat mövqeyinin formalaşması: mənəvi tərbiyənin təcrübəsi və aktual problemləri" mövzusunda Ümumittifaq elmi-praktik konfrans, 1979-cu ilin oktyabrında Azərbaycanda Ukrayna ədəbiyyatı və incəsənəti günləri, 1980-ci ilin 27 oktyabr - 4 noyabrında keçirilən "Xalqların dostluğu - ədəbiyyatların dostluğudur" Yazıçıların Ümumittifaq yaradıcılıq konfransı kimi iri miqyaslı və s. çoxsaylı ədəbi tədbirlərə ölkənin hər yerindən onlarla yazıçılar, şairlər, mədəniyyət xadimləri qonaq gəlir, qəlblərində unudulmaz Azərbaycan təəssüratı ilə geri qayıdırdılar.

Bütün bu tədbirlərin  təşəbbüsçüsü, ideya rəhbəri və ilhamlı təşkilatçısı Heydər Əliyev olmuş, açılış və bağlanışlarda geniş nitqlər söyləmiş, konfranslarda əsas məruzələrlə çıxış etmişdir.

Sovet dönəmində ədəbiyyatın ideoloji missiyalarından biri də klassik irsin təbliği, kütləviləşdirilməsi və cəmiyyətə yeridilməsində üzə çıxırdı. Bu sıradan yubileylərin keçirilməsi mühüm rituala çevrilmişdi. Azərbaycan klassiklərinin təbliği-təşviqi, klassik irsin mənimsənilməsi istiqamətində yubileylər sırası hələ sovet dönəmindən başlamış, Ümummilli liderin məqsədyönlü və israrlı fəaliyyəti sayəsində qeyri-adi miqyas almış, Azərbaycan klassiklərinin Bakıdan başlanan yubiley təntənələri Kremlin Sütunlu salonuna və YUNESKO iqamətgahlarına qədər addımlamışdır.

Qəti söyləmək olar, Ümummilli lider Heydər Əliyevin ardıcıl surətdə gerçəkləşdirdiyi yubileylər sırası, ölkədə cərəyan edən sosrealizm ədəbiyyatına müqabil, hardasa alternativ ədəbi-mədəni proses yaradırdı. Vilayət Quliyev yazır: "Ümumiyyətlə, Heydər Əliyevin təşəbbüsü ilə 70-ci illərdə Nəsimi təntənələri də daxil olmaqla Azərbaycan ədəbiyyatı və mədəniyyəti klassiklərinin yubileylərindən çox böyük məharətlə qədim ənənələrə malik ədəbiyyatımızın keçmişini və inkişaf yolunu göstərmək üçün istifadə olunurdu. Bu isə öz növbəsində xalqımıza və mədəniyyətimizə çoxsaylı və nüfuzlu dostlar qazandırırdı. Nəhayət, Nəsimi də daxil olmaqla klassiklərin irsinin sistemli nəşri və tədqiqi ədəbiyyat tariximizin ardıcıl şəkildə, bütün şəxsiyyətləri və hadisələri ilə öyrənilməsini təmin edirdi" (Vilayət Quliyev, Heydər Əliyev və klassik ədəbi irsimiz // Heydər Əliyev və Azərbaycan ədəbiyyatı. Bakı, "Elm", 1998, s. 50-51).

Əminliklə demək olar, məhz Heydər Əliyevin klassik irs siyasətinin əks-sədasıdır ki, bu gün də Azərbaycan Respublikasının Prezidenti İlham Əliyevin sərəncamı ilə bütöv bir "Nəsimi ili"nin vüsətli addımlarında davamını tapır.

Heydər Əliyevin sovet dönəmində Azərbaycan ədəbi-mədəni mühitini zənginləşdirən israrlı addımlarından biri də ev-muzeylər hərəkatıdır. Rusiyada və digər bir sıra respublikalarda yayılmış həmin memorial kompleks təşəbbüsünü Ümummilli lider 1974-cü ildə dahi Üzeyir Hacıbəylinin 100 illiyinə ev-muzeyinin yaradılması ilə başlayır və böyük mədəni hərəkata çevirir. Ulu Öndər özü bunu belə xatırlayırdı: "Vaxtilə, 1976-cı ildə biz böyük şairimiz Səməd Vurğunun 70 illik yubileyinə hazırlaşanda onun ev-muzeyini bir neçə ay müddətində təşkil etdik və bu muzey indi də fəaliyyət göstərir. Ondan əvvəl 1975-ci ildə böyük bəstəkarımız Ü.Hacıbəyovun ev-muzeyini yaratdıq. Sonra Cəfər Cabbarlının 80 illik yubileyi ərəfəsində onun həm böyük abidəsini, heykəlini qoyduq, həm də ev-muzeyini yaratdıq. Böyük sənətkarımız, müğənnimiz Bülbülün də ev-muzeyini yaratdıq...".

Heydər Əliyevin respublikadan ayrılması ilə həmin proses dayanır və bu, müstəqillik illərində hətta Ulu Öndərin böyük təəccüb və qınağına səbəb olur. Qərarları 1970-ci illərin sonu, 1980-cilərin əvvəllərində verilmiş Cəlil Məmmədquluzadənin, Hüseyn Cavidin ev-muzeylərinin yalnız müstəqillik illərində fəaliyyətə başlaması Heydər Əliyevin bu hərəkata necə önəm verdiyini təsbit edir: "Demirəm ki, bunlar asan işdir. Amma respublika miqyasında bunlar o qədər də böyük iş deyil ki, onu etmək mümkün olmasın. Buna sadəcə münasibət, istək lazımdır... Xatırladım ki, biz Cəlil Məmmədquluzadənin yaşamış olduğu evdəki vətəndaşlara, onların qohumlarına hələ 1981-1982-ci illərdə başqa yerlərdə mənzil verdik. Yəni, Cəlil Məmmədquluzadənin yaşadığı ev hələ o vaxt boşaldılmışdı, ancaq bu muzey yaranmamışdı. Həmin muzeyi biz keçən il yaratdıq. O, Azərbaycan mədəniyyəti, tarixi üçün yeni bir səhifə oldu və yeni bir abidədir...".

Klassiklərə abidələrin qoyulması xalqın tarixi yaddaşının bərpasına, oyanmasına xidmət etməklə yanaşı, əsl müasirlik şöləninə çevrilir, abidələrin açılış təntənələri həm də "klassiklə görüş", dialoq səciyyəsi alırdı. 1972-ci ildə Bakıda Nəriman Nərimanova heykəlin qoyulması ilə başlayan memorial, 1982-ci ildə Şuşada Molla Pənah Vaqifə məqbərənin, eyni ildə Bakıda Cəfər Cabbarlıya abidənin, Naxçıvanda Cəlil Məmmədquluzadəyə heykəlin ucaldılması ilə davam etmiş, 1982-ci ildə Ulu Öndərin böyük iradəsi və hünəri sayəsində uzaq Sibirdən cənazəsi gətirilib Naxçıvan torpağında dəfn olunmuş Hüseyn Cavidin məzarı üzərində 1996-cı ildə məqbərənin yüksəkldilməsi ilə apogeyə çatmışdır. Abidələrin hər birinin ideya müəllifi olan Ümummilli lider proyektin həyata keçirilməsinin bütün mərhələlərində iştirak edir, sonda açılış mərasimində nitq söyləməklə xalqına "təhvil verirdi".

Ulu Öndər Heydər Əliyev ədəbi-mədəni mühitə təsir imkanlarından birini də müasir sənətkarlara fəxri adların, dövlət mükafatlarının verilməsində görürdü. "Yeri gəlmişkən, 70-ci illərdə Heydər Əliyev Sosialist Əməyi Qəhrəmanı adının Qara Qarayev, Fikrət Əmirov, Niyazi, Rəşid Behbudov, Tahir Salahov, Rəsul Rza, Süleyman Rəhimov, Süleyman Rüstəm, Mirzə İbrahimov, Mikayıl Hüseynov kimi sənətkarlara və mədəniyyət xadimlərinə verilməsinə nail olmuşdu. Bir dəfə kimsə qeyd etmişdi ki, Azərbaycanda mədəniyyət sahəsində Sosialist Əməyi Qəhrəmanlarının sayı Ukraynada - Baş katibin vətənində  olanlardan çoxdur" (Elmira Axundova, Heydər Əliyev: şəxsiyyət və zaman. 6 cilddə. 2-ci cild, Bakı, "Ozan", 2007, s. 200). Qeyd olunmalıdır ki, Sosialist Əməyi Qəhrəmanı Sovet İttifaqında sülh dövrünün ən ali mükafatı sayılırdı.

Fəxri adlar, mükafatlandırma rejim daxilində sənətkarın nüfuzunun qaldırılmasına xidmət edir, sərbəstlik imkanlarını artırırdı. Bəzən hətta bu, qələm əhlini mühitin təzyiqlərindən qorumaq niyyətləri də daşıyırdı. Bəxtiyar Vahabzadənin "Leninlə söhbət" poemasının, Anarın "Şəhərin yay günləri" tamaşasının, "İstintaq" filminin yaradıcı heyətinin Dövlət mükafatına layiq görülməsi yaradıcılığına yüksək qiymət verilən müəllifləri hardasa rejimin təqiblərindən qorumuşdu.

Heydər Əliyev mükafatlandırma mərasiminə böyük önəm verir, rəsmi təşkil olunan həmin ritualları sənət və yaradıcılıq görüşünə çevirir, fürsətdən yararlanaraq laureatlar haqqında ürək sözlərini söyləyirdi. Təltif olunan hər bir sənətkar haqqında Ümummilli liderin mötəbər sözü, dürüst dəyərləndirmələri, ədəbiyyat və mədəniyyət tarixində mövqelərini dəqiq səciyyələndirməsi onun ədəbi mühitə nə dərəcədə doğma olmasının göstəricisidir.

***

Bütün rəsmi formalardan maksimum yararlanmaqla yanaşı, Heydər Əliyevin xarizmatik lider olaraq ədəbi-mədəni mühitə təsirinin gizli tərəfləri də olmuşdur. Sovet rejimi çərçivəsində qeyri-ordinar olan bu addımlar böyük maraq və təəccübə səbəb olurdu. Elmira Axundova tədqiqat-romanında Ümummil liderin fəaliyyətinin bu tərəflərinə daha çox nüfuz etməyə çalışmışdır. Yazıçılar qurultaylarının hazırlanması da, beynəlxalq konfransların və yubiley tədbirlərinin təşkili də, qeyd olunduğu kimi, əsas məsələlərdən tutmuş, xırda detallara qədər məhz Heydər Əliyev ssenarisi ilə davam etməli, lazımi effekti doğurmalıydı və belə də olurdu. Bu isə hadisələrin bir sıra gözlənilməz, kuluar məqamlarını ortaya çıxarırdı.

Elmira Axundova Nəsimi yubileyi ilə bağlı belə bir əhvalatı yada salır: "70-ci illərdə Azərbaycan yazıçılar təşkilatını SSRİ Yazıçılar İttifaqında təmsil etmiş yazıçı-tərcüməçi Azər Mustafazadə bu mövzuyla bağlı mənə bir maraqlı əhvalat söylədi: -Böyük şairimiz Nəsiminin 600 illik yubileyinə hazırlıq Moskvada müzakirə edilirdi. Müşavirə Azərbaycanın daimi nümayəndəsinin kabinetində, Heydər Əliyevin iştirakıyla keçirildi. Yubileyin məhz harada keçiriləcəyi məsələsi ortaya çıxdı. Tədbirin səviyyəsi yüksəlsin deyə, yubileyin "Bolşoy teatr"da keçirilməsi qət edildi. Lakin SSRİ mədəniyyət naziri yubiley günündə həmin teatrda tamaşa gedəcəyini və bütün biletlərin satıldığını (özü də valyutaya) bəhanə edərək Azərbaycan tərəfinin xahişinə "yox" cavabı verdi. Heydər Əliyev telefon dəstəyini götürüb özü Demiçevə zəng vurdu. Nazir yenə də dirəndi: axı bütün biletlər satılıb! Onda Əliyev təşkilat komitəsi üzvlərinə üz tutub: "Kabineti tərk edin!" deyə xahiş etdi. Beş dəqiqədən sonra hamını yenə çağırıb mədəniyyət nazirimizə tapşırdı: "Zakir (Zakir Bağırov - E.A.), "Bolşoy"a yollan, bütün detalları yerbəyer eləyin". Azər Mustafazadə sözünə davam edir: "Biz anladıq ki, o, SSRİ mədəniyyət nazirinin buyruğu və istəyinə qarşı getmiş və daha yuxarıda kiməsə, ola bilsin Suslova, bəlkə də baş katibin özünə (L.İ.Brejnevə - T.Ə.) zəng vurmuşdur..." (Elmira Axundova, Heydər Əliyev: şəxsiyyət və zaman. 6 cilddə. 2-ci cild, Bakı, "Ozan", 2007, s. 245-246).

Heydər Əliyevin respublikada gedən quruculuq işlərinə yazıçıların diqqətini cəlb etmək niyyətilə regionlara səfərlərinə onları da qatması barəsində Vidadi Babanlının, Mövlud Süleymanlının adını çəkdiyimiz xatirə-əsərlərində oxuyuruq. Bu zaman yaradıcılıq məsələləri ilə yanaşı, Ümummilli liderin ədəbiyyat adamlarına hərtərəfli qayğısı, həyat şəraiti və mənzil-məişət problemlərinə qədər himayəsi ilə onları əhatə etməsi qeyri-adi görünür. Amma bu, faktdır; Mövlud Süleymanlı yazır: "Müşavirədən bir müddət sonra İmran müəllim bizi qəbul etdi: "-Mən yoldaş Heydər Əliyevin tapşırığıyla sizi bir də çağırtdırdım. İstəyirəm onun sözünü sizə çatdırım. Heydər Əliyev dedi ki, müşavirədə iştirak edən gənc yazıçılardan muğayat ol, nə problemləri olsa həll et. Yaxşı uşaqlardır". Doğrudan da, elə o ərəfədə evlə təmin olunduq, maşın aldıq, hərəmiz bir yerdə işləyirdik. Bir yazmaq qalırdı. Və doğrudan da böyük həvəslə, ruh yüksəkliyilə yazılarımızı yazırdıq...".

Ulu Öndər 1997-ci il Yazıçıların X qurultayındakı çıxışında xatırlayırdı: "Bu günlər yazıçıya, ədəbiyyata qayğılar haqqında danışıldı. Siz yaxşı bilirsiniz ki, keçmiş dövlət çərçivəsində bu qayğıları göstərmək çox çətin bir şey deyildi. Biz bunu edirdik və sizin hamınız da o qədər öyrənmişdiniz, elə bilirdiniz ki, şair anadan gələndən belə qayğı ilə əhatə olunmalıdır..." Əvəzində, həmin dövrdə Ümummilli lider Azərbaycanın tərəqqisi naminə fəaliyyətində yazıçılardan bilavasitə dəstək gözləyirdi.

Heydər Əliyevin hakimiyyətdə olduğu illərdə keçirilən hər bir Yazıçılar Qurultayı ədəbi mühitdə dəyişikliklər dövrü, ədəbi vexa olaraq xatırlanır. Hər bir qurultay böyük səs-sədaya səbəb olan müəyyən bir vacib, ümummilli problemin qabarması ilə yadda qalmışdır.

1970-1980-ci illərdə Sovetlər ölkəsində böyük sosial ziddiyyətlər və problemlər mövcud idi. Ölkəni silkəyən sosial həyəcanı yalnız ədəbiyyat xəbər vermirdi. Heydər Əliyevin 1969-cu ildə Respublikaya rəhbərliyi məhz ölkədə kəskin şəkil almış rüşvətxorluqla mübarizədən başlaması təkcə SSRİ-də yox, bütün dünyada əks-səda doğurmuşdu. Yazıçıların 1971-ci il V qurultayında da Ümummilli liderin yazıçılarla bölüşmək istədiyi başlıca məsələ budur. "Azərbaycan partiya təşkilatı ümid edir ki, respublikanın qarşısında duran vəzifələri həyata keçirməkdə yazıçılarımız ona ən fəal kömək göstərəcəklər. Biz istəyirik ki, yazıçılarımızın yaradıcılığı respublikanın ictimai-siyasi həyatı ilə sıx bağlı olsun, onlar bu həyatdan ayrılmasınlar, kəskin problemlərdən və məsələlərdən kənara çəkilməsinlər, əksinə, həmişə hadisələrin qaynağında olsunlar, partiya və xalq qarşısında məsuliyyət daşıdıqlarını heç vaxt unutmasınlar...".

Heydər Əliyev rüşvətxorluqla mübarizəyə başladığı kampaniyada ədəbiyyatdan dəstək gözləyir və Yazıçıların 1976-cı il VI qurultayında nəticələrdən söz açaraq, problemi daha da kəskinləşdirir: "Siz bilirsiniz ki, son illərdə respublikanın partiya təşkilatı zəhmətkeşlərin mənəvi tərbiyəsi sahəsində böyük iş görür, tamahkarlığa, rüşvətxorluğa, sosialist mülkiyyətinin oğurlanmasına, böhtançılığa qarşı, cəmiyyətimizə yad olan "əşyabazlıq azarı", proteksionizm, yerliçilik kimi bəlalara qarşı barışmaz mübarizə aparır... Yazıçıların qarşısında xüsusilə geniş fəaliyyət meydanı açılır. Axı bədii söz insanların ağlına və ürəyinə daha tez yol tapır, daha dərindən nüfuz edir, onlara son dərəcə böyük təsir göstərir... Bədii söz cəmiyyətimizin antipodlarının, yaramazların qənimi olmalıdır. Yeni cəmiyyət qurmağımıza mane olan qüvvələrə qarşı barışmaz mübarizə getdiyi zaman yazıçı hissiz və ehtirassız, laqeyd müşahidəçi kimi qala bilməz...".

Yazıçıların 1997-ci il X qurultayında Ulu Öndər sovet dönəmində özünün başlatdığı və ədəbiyyatda əks-səda verən proseslər barəsində deyirdi: "Amma siz də bilirsiniz ki, 1969-cu ildə mən Azərbaycana rəhbər seçilən gündən Azərbaycanın həyatında olan eybəcərlikləri, mənfi cəhətləri daim tənqid etmişəm və onlarla mübarizə aparmışam. Ona görə də gəlib mənə deyəndə ki, Anar "Şəhərin yay günləri" pyesi yazıbdır, orada bizim quruluşun əleyhinə gedir, filan edir, dedim yaxşı, gedib baxaram. Gəldim, baxdım, çox da təriflədim, mükafat da verdim...".

Anar "Şəhərin yay günləri" ilə Ulu Öndər tərəfindən əsası qoyulan daha bir başlanğıcı da anır: "...Tamaşa sona yetdi və bax onda Heydər Əliyev ilk dəfə səhnə arxasına yaradıcı kollektivlə söhbətləşmək üçün keçdi. Sonralar o, belə ünsiyyət yoluna tez-tez qayıdacaqdı. O, bizim işimizi bəyəndi. Dedi ki, Mirzə İbrahimovun və Gülrux xanımın məqalələrini oxuyub maraqlanmış və özü tamaşaya baxmağı qət etmişdir, çünki "müxtəlif rəylər" varmış. İndi mən, - söylədi, - özüm əmin oldum ki, pyes vaxtında yazılıb, onu müvafiq rus teatrında da tamaşaya qoymaq lazmdır, bundan başqa film çəkilişi haqqında da düşünmək olar. Yeri gəlmişkən, elə həmin axşam o, üç cavan aktyoru ruhlandırdı və onların mənzil məsələsini həll etdi".

Yalnız "60-cılar"ın deyil, ümumən rüşvətxorluq, əliəyrilik, mənəvi eybəcərlik əleyhinə mübarizəni əks etdirən bütün əsərlər respublika rəhbərinin himayədarlığını dərhal qazanırdı. Elçin "İlyas Əfəndiyev. Şəxsiyyəti və sənəti haqqında bir neçə söz" əsərində vaxtilə yazıçının "Sarıköynəklə Valehin nağılı" romanına qarşı qəfil başlanan ideoloji kampaniyanı o zaman məhz MK-nın birinci katibi Heydər Əliyevin şəxsən işə qarışıb, dayandırdığını xatırladır.

Azərbaycan yazıçılarının 12 iyun 1981-ci il tarixli VII qurultayı xüsusən tarixi əhəmiyyətli qurultay kimi, "sözün yaxşı, sağlam mənasında millətçilik əhval-ruhiyyəsi, "İran Azərbaycanı" ifadəsinin "Cənubi Azərbaycan" ifadəsi ilə əvəz olunmasının rəsmiləşdirilməsi" ilə (Elçin) yadda qalmışdır. Təbii ki, millilik və millət problemlərinin varlığı, hər kəsdən əvvəl Respublika başçısına bəlli idi. Sadəcə buna qarşı olan qlobal əngəllərin həlli yollarını, təkcə başçı kimi yox, həm də Ümummilli lider olaraq axtarırdı. Heydər Əliyevin düşünülmüş cəsarətli addımları ilə VII qurultay bir sıra belə ağrılı məqamları qabartdı.

Belə məsələlərdən biri Heydər Əliyevin rəhbərliyə gəlişindən sonra daim diqqət yetirdiyi dil məsələsi idi. O deyirdi: "Dil xalqın böyük sərvətidir. Ədəbi dilin tərəqqisi olmadan mənəvi mədəniyyətin tərəqqisi mümkün deyildir...". Sovet dönəmində Azərbaycan dilinin inkişaf edib "görünməmiş zirvələrə qalxması"ndan, "müasir poeziyanın və nəsrin, elm və texnikanın, kargüzarlığın və fəal ictimai-siyasi həyatın hərtərəfli inkişaf etmiş dilinə çevrilməsi"ndən danışır, eyni zamanda "dilin təkmilləşdirilməsi, zənginləşdirilməsi", saflığı qayğısına qalırdı: "Bu da respublikanın bütün ədəbiyyatçılarının, Yazıçılar İttifaqının ən mühüm vəzifələrindən biridir. Azərbaycan ədəbi dilinin saflığına, kütlələrin nitq mədəniyyətinə daim qayğı göstərilməlidir. Dilimizin jarqon, dialekt ifadələri ilə zibillənməsinə yol vermək olmaz. Yazıçı dilin, nitq mədəniyyətinin ədəbi normasının qanunvericisi olmalıdır...".

Azərbaycan yazıçılarının X qurultayında, müstəqil Dövlət dilinin inkişafı qayğılarından danışarkən, Ulu Öndər sovet dönəminə də ekskurs edib, o illərdə atılan addımların önəmini yada salır: "Yadımdadır, ilk dəfə Yazıçılar İttifaqının qurultayında mən Azərbaycan dilində nitq söyləyəndən sonra tənəffüsə çıxdıq. Hamı gəlib məni təbrik edirdi. Ona görə ki, mən orada birinci növbədə Azərbaycan dilində danışdım. Dedim ki, əziz qardaşlar, axı, burada elə bir şücaət yoxdur. Bu, bizim öz dilimizdir. Mən bunu anladım. Çünki dövlət adamları Azərbaycan dilində danışmamışdılar. Bu dil məişət dili olmuşdu və bir də ədəbiyyatın dili olmuşdu. Amma dövlət dili olmamışdır. Mənim nitqimi yazıçılar böyük bir hadisə kimi qəbul etdilər. Biz o illərdə çalışdıq ki, dilimiz inkişaf etsin. Bu sahədə çox çalışdıq. Baxmayaraq ki, elə bir dövlətdə yaşayırdıq ki, hakim dil rus dili idi. Ancaq biz dilimizi inkişaf etdirdik və siz, sizin əsərləriniz, ədəbiyyat olmasaydı, şübhəsiz ki, dilimiz bu cür inkişaf edə bilməzdi...".

Azərbaycan yazıçılarının VII qurultayında Ümummilli liderin ilk dəfə "Cənubi Azərbaycan" ifadəsini rəsmiləşdirməsi dövrün abhavasında "inqilabi addım" kimi qarşılanmaqla yanaşı, bu istiqamətdə rəsmən fəaliyyətin də başlanğıcı kimi qiymətləndirilir. VII qurultaydakı çıxışında Heydər Əliyev deyirdi: "Bir məsələyə də toxunmaq istəyirəm. Respublika Yazıçılar İttifaqının tərkibində Cənubi Azərbaycandan olan ədəbiyyatçılar da məhsuldar işləyirlər. Yaradıcılıq İttifaqının rəhbərliyi onlara daim diqqət yetirməli, onların əsərlərini respublikada və respublikanın hüdudlarından kənarda geniş təbliğ etməlidirlər. Ümumiyyətlə, Cənubi Azərbaycanla ədəbi əlaqələri möhkəmlətmək, mədəniyyətin, mənəvi yaradıcılığın bütün sahələrində geniş əlaqələri inkişaf etdirmək, bizdə toplanmış zəngin bədii-estetik təcrübəni qələm yoldaşlarına vermək barəsində düşünmək lazımdır...".

Nəticələr özünü çox gözlətmədi. "Ədəbiyyatda Heydər Əliyev obrazı: tarixi gerçəklikdən ideala" monoqrafik tədqiqatında oxuyuruq: "Bütöv Azərbaycan yaratmaq, qurmaq missiyası bu "güc"lərin birliyindən, xalqa qayıdışından başlayırdı. Və bir də bütöv, yekparə Azərbaycan ədəbiyyatı anlayışının özündən. Heydər Əliyevin Cənub ədəbiyyatı mövzusuna həssaslığının mayası bu amaldan nəşət tapırdı. Onun təşəbbüsü ilə Yazıçılar İttifaqında Cənubi Azərbaycan üzrə katiblik yaradılmış, Balaş Azəroğlu da bu sahəyə rəhbərlik etmək üçün Yazıçılar İttifaqının katibi seçilmişdi. Eləcə də ilk dəfə olaraq Elmlər Akademiyası Nizami Gəncəvi adına Ədəbiyyat İnstitutunda şöbə açılmış, Cənubi Azərbaycan ədəbiyyatının araşdırma mərkəzinin təməli qoyulmuşdur..." (Elnarə Akimova, Poeziyada Heydər Əliyev idealı// Ədəbiyyatda Heydər Əliyev obrazı: tarixi gerçəklikdən ideala. Bakı, "Elm və təhsil", 2018, s. 45).

Xalq yazıçısı Elçin "Tarixlə üz-üzə dayanmış adam" essesində 1982-ci ilin sonlarına dair, Heydər Əliyevin SSRİ Nazirlər Soveti sədrinin birinci müavini və Siyasi Büronun üzvü kimi Moskvaya gedərkən bir dəstə Azərbaycan yazıçısı ilə ayrılıq görüşündən bir müşahidəsini bölüşür: "Orasını da yaxşı xatırlayıram ki, həmin görüşdə Heydər Əliyev Azərbaycanın gələcək vahidliyi haqqında danışdı və elə danışdı ki, elə bil, söhbət müstəqil bir dövlətdən gedir. Bunun həmin dövrün kontekstində və Heydər Əliyevin tutduğu vəzifənin səviyyəsində nə demək olduğunu, elə bilirəm ki, izah etməyə ehtiyac yoxdur...".

Hələ Azərbaycan yazıçılarının VI qurultayında daha bir cəsarətli ideya söhbət predmeti olmuşdu; E.Axundova roman-tədqiqatında yazır: "VI qurultayda ətraflı məruzə ilə çıxış edən Heydər Əliyevlə söz ustalarının səmimi ünsiyyəti, böyük Füzulinin nəşinin uzaq Kərbəladan Azərbaycana gətirilib tarixi vətən torpağına tapşırılması təklifi ilə bağlı hərarətli fikir mübadiləsi bir çox yazıçıların yaxşı yadındadır..." (Elmira Axundova, Heydər Əliyev: şəxsiyyət və zaman. 6 cilddə. 2-ci cild, Bakı, "Ozan", 2007, s. 235).

Məhəmməd Füzulinin 500 illiyi üzrə Dövlət Komissiyasının iclasında Ulu Öndər bu əhvalatı bir qədər fərqli xatırlayır: "Hələ 70-ci illərdə Füzulinin qəbrinin Bakıya köçürülməsi məsələsi çox geniş müzakirə edilirdi. Mən də bu məsələ ilə məşğul olurdum. Xatirimdədir, 1981-ci ildə Yazıçılar İttifaqının qurultayında bu məsələ qaldırılanda mən tanınmış yazıçılarımıza, Allah onlara rəhmət eləsin, narazılığımı bildirərək dedim ki, siz məsələni ortaya atır, lakin təşəbbüs göstərmirsiniz. Məsələ qaldırmaq yaxşı şeydir, lakin fəaliyyət göstərmirsiniz... Hətta o zaman Mirzə İbrahimova, Süleyman Rüstəmə, Abbas Zamanova tapşırdım ki, İraqın Bakıdakı konsulluğu ilə əlaqə yaratsınlar. Həmin dövrdə İraqla İran arasında müharibə gedirdi, vəziyyət gərgin idi. O zaman belə bir məlumat aldıq ki, Kərbəlanın baş planına əsasən yol çəkilir və həmin yol Füzulinin qəbri olan yerdən keçdiyinə görə, guya şairin cənazəsinin qalıqlarını hansısa məscidə aparmışlar. Adətən belə hallarda qəbri başqa yerə köçürürlər. Lakin həmin məlumat məni çox narahat etdi, çünki bu, Füzuliyə qarşı çox böyük hörmətsizlik olardı. Şübhəsiz ki, bu halda onun cənazəsinin qalıqlarını Bakıya gətirib ən görkəmli yerdə dəfn edərək şairin məqbərəsini yaratmağa mənəvi haqqımız olardı. Lakin bilirsiniz ki, bundan bir il sonra mən Azərbaycandan getdim və işlərin sonrakı gedişindən xəbərim olmadı. Ancaq indi öyrəndim ki, Füzulinin qəbrini başqa yerə köçürmüşlər..." (Heydər Əliyev. Ədəbiyyatın yüksək borcu və amalı (Nitqlər, məruzələr, çıxışlar). Bakı, "Ozan", 1999, s. 208-209).

Bu çıxışında Heydər Əliyev Nəsiminin 600 illik yubileyi zamanı da eyni məsələnin qalxdığını, 1970-ci illərdə Suriyaya səfəri zamanı Nəsiminin qəbrini taparaq, ziyarət etdiyini də yada salır: "Qayıdandan sonra özüm də fikirləşdim ki, müxtəlif adamlarla da məsləhətləşdim ki, həmin qəbri indi Azərbaycana köçürmək lazımdırmı? Nəsimi Hələb şəhərinə Azərbaycandan getmiş və oradaca faciəli şəkildə dünyasını dəyişmişdir...".

Vətən torpağından ayrı düşmüş qərib məzarların Azərbaycana köçürülməsi ideyasını Heydər Əliyev, ən nəhayət 1982-ci ildə Hüseyn Cavidin nəşinin uzaq və soyuq Sibir torpağından gətirilib doğma Naxçıvan torpağında dəfn olunması və müstəqillik illərində üzərində məqbərə ucaldılması kimi möhtəşəm addımları ilə reallaşdırmışdı. "Bu addım nəinki xalqımızın mədəniyyət salnaməsinə, həm də sovet zamanında mümkün olmayan hadisələr sırasına daxil oldu. Təsadüfi deyil ki, geniş qaynaqlara istinad edən bir çox xarici müəlliflərin kitablarında bu fakt çox müfəssəl şərh edilir. Bu fakt, o cümlədən Azərbaycanın müstəqilliyə doğru yönəlməsinin başlanğıcı kimi yozulur" (Ramiz Mehdiyev, Vətəndaş, şəxsiyyət, lider.- Bakinski raboçi qəzeti, 23 may 2003).

***

Heydər Əliyevin sosrealist ədəbi mühitdə atdığı qeyri-adi addımlar, bugün ağlasığmaz görünür və adətən Ulu Öndərin müstəqillik illərində söylədiyi: "O vaxt elə ən böyük dissident mən özüm olmuşam" aforizmi ətrafında çözülür. Bu deyimdə, əlbəttə, müəyyən məcazilik də var. Yazıçıların X qurultayındakı çıxışında Heydər Əliyev həmin məqama münasibətini: "Ancaq 1969-cu ildən başlayaraq 1987-ci ildə istefaya getdiyim zamanadək kommunist partiyasında ən böyük dissidentlərdən biri mən olmuşam..." şəklində bildirir, məhz kommunist partiyası daxilində "xalqın naminə, millətin naminə, doğma Azərbaycan naminə" "dissidentlik" etdiyini vurğulayır.     

Bugün çox populyarlaşan həmin mövzunu bəzən səthiləşdirmək meylləri də müşahidə olunur. Sanki 1970-1980-ci illərdə ölkədə hamar və rahat ədəbi mühit hökm sürmüş, əsas odur ki, Respublika başçısının qadir əliylə ədəbi həyatda bütün problemlər, ziddiyyətlər asanlıqla həll olunmuş, aradan qaldırılmışdır. Təbii ki, hər şey asan olmamışdır. Əksinə. Əgər elə olsaydı, məhz bu illərdə ədəbi mühitdə yaşlı nəsil yazarları və gənclər, sosrealistlər və "60-cılar" arasında gizli münaqişə və polemika, senzura və çap problemi, 1970-ci illərin sonunda "Azərbaycan" jurnalı ətrafında qalmaqallar, o cümlədən Mövlud Süleymanlının "Dəyirman" əsərinin doğurduğu səs-küy, Mərkəzi Komitəyə saysız-hesabsız şikayət və namələr haradan doğurdu ki?!

Elmira Axundova roman-tədqiqatında Heydər Əliyevin irəli çəkdiyi "Azərbaycan" jurnalı baş redaktorunun çox səciyyəvi "hesabat"ına yer verir: "Bir dəfə mənə Mərkəzi Komitənin mədəniyyət şöbəsindən zəng çalıb xəbər verdilər: Heydər Əliyeviç maraqlanır ki, niyə "Azərbaycan" jurnalından bu qədər şikayətlər gəlir? Mən Heydər Əliyevə yazılı cavab göndərdim. Arayış verdim: təsəvvür edin ki, Azərbaycanda 400 nəfər ittifaqın üzvü var, onlardan 80-ni, yəni 20 faizini az-çox müntəzəm çap edirəm. Qalan 320 nəfər, təbii ki, baş redaktordan narazı qala bilərlər. Mən işimə vicdanla yanaşsam da, 80 faiz düşmən qazanmağa məhkumam..." (Elmira Axundova, Heydər Əliyev: şəxsiyyət və zaman. 6 cilddə. 2-ci cild, Bakı, "Ozan", 2007, s. 235).

Əgər bütün problemlər asanlıqla həll olunsaydı, heç "daxili dissidentizm"ə də hacət olmazdı ki... "Azərbaycan" jurnalının baş redaktorunun E.Axundovaya etiraf etdiyi kimi: "-"Sandığ"a yazılanlar da vardı, əvvəllər çap olunmayan əsərlər də. Bunların hamısını mən 70-ci illərin sonu - 80-ci illərin əvvəllərində jurnalda dərc etdim. Sabir Əhmədovun da, Mövlud Süleymanlının da belə əsərləri var idi. Ramiz Rövşən, Afaq Məsud, Vaqif Cəbrayılzadə... - onlar o vaxt çap oluna bilmirdilər, "ədəbiyyat generalları" onları qabağa buraxmırdılar. Dissidentlər nəsli elə onlardan başlaya bilərdi..." Həmin sıraya sosrealizmin ehkamlarına cavab verməyən onlarla digər əsərləri, xüsusən də gənc yazarların yaradıcılığını da aid etmək olar...

Ümummilli liderin gerçək müdaxiləsi, Yazıçılar İttifaqı və "Azərbaycan" jurnalında aparılan islahatlar ədəbi mühitdə də köklü dəyişmələrə rəvac verdi. Xalq yazıçısı Elçin mənzərəni belə təqdim edir: "Azərbaycan "altmışıncılar"ının ən birinci və çox vaxt gözəgörünməz qoruyucusu, demək olar ki, himayədarı Heydər Əliyev idi. O zaman hamının haqqında danışdığı və 60-70-ci illərdə çox populyar olan "üçlüyün" - Anar, Elçin və Əkrəm Əylisli - arxasında Heydər Əliyev durmuşdu. Əylisli indi iftixarla bəyan edir ki, mən öz nəsr əsərlərimdə sərbəstliklərə yol verirdim, "Azərbaycan" jurnalında əvvəllər yasaqlanmış əsərləri çap etməyə icazə verirdim və s. Sual olunur: məgər sən özbaşına buraxılmışdın? İmran Qasımov, onun da arxasında Heydər Əliyev olmasaydı, sən bunlara rəvac verə bilərdinmi? Rusiyanın məşhur ədəbi tənqidçisi Lev Anninski mənə deyirdi: Siz respublikada nə oyunlar çıxarırsınız? Siz jurnallarınızda "kramolnı" (qanunazidd) əsərləri çap etməyə yol verirsiniz!"  (Elmira Axundova, Heydər Əliyev: şəxsiyyət və zaman. 6 cilddə. 2-ci cild, Bakı, "Ozan", 2007, s. 214).

Əlbəttə, bu həqiqəti baş redaktorun özü də Elmira Axundovaya müsahibəsində etiraf edir: "-Mən baş redaktor olaraq buraxdığım ilk sayda cavan şairlərdən 700 misra dərc etdim. Buna qədər onlara cüzi yer - 30-40 misralıq yer verilirdi. Jurnalın sayı çıxandan az sonra məni İmran Qasımov çağırıb dedi: "Heydər Əlyeviç zəng vurmuşdu. Maraqlanır ki, nədən bu cavan şairlər şeirlərində belə ağlaşırlar? Bəlkə mənzilləri yoxdur, bəlkə hansı yollasa onlara kömək etmək lazımdır". Düzü, mən İmran müəllimə inanmadım. Öz-özümə düşündüm ki, Əliyevin işi-gücü yoxdurmu, Yazıçılar İttifaqı katibinə jurnala görə zəng vura. Amma axşam mənə evə Həsən müəllim, Heydər Əliyevin böyük qardaşı zəng vurdu. Dedi ki, sizin jurnalınıza baxdım, gənc şairlərdən bəziləri taleyindən gileylənir, bədbinliyə qapılıblar. Bəkə sizin redaksiyaya gəlib uşaqlarla söhbətləşim. O anda bildim ki, İmran müəllim düz deyirmiş...".

Ümummilli lider ədəbi mühitdə islahatlara təşkilati tərəfdən, onun yenidən-təşkilindən başlayır. 1974-cü ildə Azərbaycan Yazıçılar İttifaqının sədrliyinə İmran Qasımovu gətirir; Gənclər üzrə katib Elçin təyin olunur, "Azərbaycan" və "Ulduz" jurnallarının redaktorları dəyişir, "Ulduz" jurnalının baş redaktoru Yusif Səmədoğlu olur. Elmira Axundova bu zaman Elçinin ən cavan katib olduğunu vurğulayır: "Yəqin ki, o, respublika Yazıçılar Birliyinin tarixində ən cavan katib olmuşdur. O vaxt 31 yaşı var idi..." Elçin xatırlayır: "1975-ci ildə, mənim Azərbaycan Yazıçılar İttifaqının katibi seçilməyim ərəfəsində Heydər Əliyevlə ilk şəxsi görüşüm oldu. O, mənimlə çox açıq danışdı. Onun "millilik" adlandırdığımız cəhəti məni heyrətləndirdi. Məsələn, o deyirdi: "1937-ci ildə Azərbaycan ziyalılarını kökündən qırırdılar, amansızcasına məhv edirdilər, - bunu deyərkən dönə-dönə Hüseyn Cavidin adını təkrarlayırdı, - indiki Azərbaycan ziyalıları - Stalin dövründə formalaşmış ziyalılardır. Və onlarda həmişəlik qorxu qalıb. Yaşlı nəsil nümayəndələrinin əsərlərində beynəlmiləlçilik hissi... həddindən artıq, hipertrofikdir. Mən istəyirəm ki, sizin nəsliniz milli zəminlə, Azərbaycan nağılları, Azərbaycan folkloru ilə daha sıx bağlı olsun". Və daha bir şey yadımda qalmışdır ki, o, bizim yazıçılarımız haqqında necə də hörmətlə danışırdı, yəni xalq üçün Azərbaycan dilini qoruyub saxlayan onlardır..." (Elmira Axundova, Heydər Əliyev: şəxsiyyət və zaman. 6 cilddə. 2-ci cild, Bakı, "Ozan", 2007, s. 202).

Heydər Əliyevin dəstək verdiyi digər bir nəşr - 1969-cu ildən işıq üzü görən "Qobustan" toplusu barəsində, jurnalın yaradıcısı və baş redaktoru Anar "Ömrümün "Qobustan" illəri" xatirə-əsərində geniş bəhs açmışdır. "Qobustan"ın dəyərini Ulu Öndər müstəqillik illərindəki çıxışlarında dəfələrlə vurğulamışdır. 23 iyul 1996-cı il nitqində o deyir: "O vaxtlar "Qobustan" jurnalı həyatımızda çox böyük rol oynayırdı. Bizim bu milli dirçəliş, milli oyanış, milli özünütanıma prosesində "Qobustan"ın rolu çox böyük olubdur. Bunu o vaxtlar bəzliləri bəlkə də dərk etmirdilər, bəlkə indi də bəziləri o qədər də dərk edə bilmir. Amma mən bunların hamısını daim izləyirdim və hər bir belə tədbirin həyata keçirilməsi üçün lazımi şərait yaradırdım...".

Ümummilli lider ədəbi həyatın dəyişməsində, ədəbiyyatın zamanla ayaqlaşmasında ədəbi gəncliyin roluna böyük önəm vermişdir. Yaşlı nəslin xidmətlərinə sayğıyla yanaşmaqla yanaşı, o, günün ədəbiyyatını daha çox gənc yazıçılardan gözləyir, nəsillər arası konfliktdə "60-cılar"ın tərəfində dururdu. Ədəbi mühitdə yeniləşmə zərurətini hamıdan əvvəl Heydər Əliyev özü duyur və təşviq edirdi.

Mövlud Süleymanlı "Qırx ilin yeddi görüşü" xatirə-əsərində yazıçıların VI qurultayından bir epizodu xatırlayır: "Öz çıxışı zamanı Heydər Əliyev, Süleyman Rüstəm və Azərbaycan ədəbiyyatının digər ağsaqqalları əyləşdiyi rəyasət heyətinə üz tutub soruşdu: -Süleyman müəllim, mən hələ orta məktəbdə təhsil alarkən dərsliklərdə şeirlərinizi oxuyurdum. O vaxtdan yarım əsr keçib, dərsliklərdə isə yenə sizin şeirlərinizdi. Bu çox yaxşıdır. Bəs bu yarım əsr ərzində məgər bircə nəfər də cavan şair çıxmayıb? Bəs cavanlar hanı?!".

Əgər qatı ideoloji sistem, senzura mühiti azad fikirli gənclərin ədəbiyyata yolunda böyük maneəyə çevrilmişdisə, Heydər Əliyevin Yazıçılar İttifaqında həyata keçirdiyi islahat "60-cılar"ın yolunda yaşıl işıq yandırdı və məhz "dərsliklərdə olmayan" cavanların ədəbi mühitdə aparıcı mövqeyini təmin etdi. Yazıçıların X qurultayı ərəfəsində Prezident sarayında gənclərlə görüşündə Ulu Öndər deyirdi: "Mən bunu dünən dedim, - vaxtilə biz Anar, Elçin, Yusif və başqalrı ilə gənc nəslin nümayəndələri kimi görüşürdük, indi isə onlar ədəbiyyatımızın ağsaqqalları da olmasa, hər halda yetkin nəslə, yəni yaşlı nəslə mənsub hesab olunurlar. Kiminin 50-dən yuxarı, kiminsə 60-a yaxın yaşı var. Bunlar gözlərimin qabağında böyüyüblər...".

Ümummilli liderin ədəbiyyatımızın sabahını təmin edəsi gəncliyə marağı yazıçıların hər bir qurultayı ərəfəsində yaşlı nəsillə ayrı və ədəbi gəncliklə də ayrıca görüşündə də görünürdü. 1997-ci il 29 oktyabr görüşünün bilavasitə iştirakçısı kimi, Heydər Əliyevin həm gəncliyin yaradıcılığından söz açan tənqidçi Vaqif Yusiflinin məruzəsini, həm də hər bir çıxışçını necə həssaslıqla dinlədiyinə, səslənən problemlərə nüfuz edib, yerindəcə münasibət bildirməsinə, konkret və yaxud da perpektiv həlli yollarını çözməsinə şahid və heyran olmuşam. Ulu Öndər deyirdi: "Mən gənclərə üzümü tutub deyirəm, - sizin qarşınızda çox gözəl imkanlar, perspektivlər var. Şübhə etmirəm ki, siz böyük uğurlar qazanacaqsınız, ədəbiyyatımızı inkişaf etdirəcəksizniz. Şübhə etmirəm ki, sizin içinizdən Azərbaycan xalqının ədəbiyyatını, mədəniyyətini daha da yüksəklərə qaldıran böyük şairlər, yazıçılar, ədəbiyyatşünaslar çıxacaqdır. Mən buna heç şübhə etmirəm. Çünki indiyədək yaşadığımız dövr və əldə etdiyimiz nailiyyətlər buna, belə deməyə tam əsas verir. Şərait daha da sərbəst olanda, insan daha da müstəqil, azad olanda: şübhəsiz ki, onun daxilində olan imkanlar daha çox açılır və öz bəhrəsini verir".

© Müəllif hüquqları qorunur! Mətndən istifadə etdikdə istinad mütləqdir!