Adil Cəmilin kədər poeziyası. Bir şeirin estetik effekti... - Nizami Tağısoy yazır

 

Hər dəfə məni titrədən, məni əlimdən alan mövzuya müraciət etdikdə halım pisləşir, özümü idarə edə bilmirəm. Heç şübhəsiz ki, hər bir valideynin, atanın övlad itirməsi onun ölçüyəgəlməz kədəridir. Bəlkə belə kədəri dilə gətirmək üçün hələ də sözlərin və ifadələrin qıtlığı mövcuddur.

Bir az bundan öncə hamımızın istəklisi, Azərbaycanımızın tanınmış poetik fikir sahibi Adil Cəmilin gözünün işığı Orxanın ölüm xəbəri onu istəyənləri yamanca sarsıtdı. Kədərin miqyası hesabagəlməz idi. Belə hal, belə vəziyyət yarandıqda, sanki insanın dünyadan əli üzülür... Amma o, yenə də Allaha, Ulu Yaradanın Dərgahına üz tutur. Ovunmağa çalışır. Lakin kədərin müqyası elə böyük olur ki, insan onun içində boğulur. Eyni zamanda kədər dərinləşdikcə insan Allaha yaxınlaşmağa çalışır. Belə məqamlarda Allah dərin kədərə qərq olmuş insan üçün daha əvəzsiz olur. Sanki bütün dünyasını dəyişmişlər Allahın yanında olurlar.

İndi Adil Cəmilə də belə böyük itki üz verdiyindən onun bu faciənin ağırlığına dözməsi üçün içindən, sanki bir ilğım keçib düşünür ki, mənəvi baxımdan saflıq mücəssəməsi olan oğlu dünyasını dəyişəndən sonra, yəqin, o biri dünyasında aramla uyuyacaqdır.

Adil Cəmil də ən yaxın adamını, ciyərparəsini itirən digər atalar kimi özü-özünə suallar verir: Görəsən, nə etməliydim ki, onu ölməyə qoymayaydım?!. Adil Cəmilsə əlindən gələn hər şeyi etmişdi, edirdi və yenə də etməyə hazır idi. Amma neyləyəsən, Fələyin əli qurusun. Onun kəndiri kəsilsin... Ümidi üzülsün...

Adil Cəmil qəlbində Allahı gəzdirən, Dünyanı, Varlığın gedişatını, gərdişini mahiyyəti ilə anlayan təfəkkür sahibidir. Təəssüf ki, bunların heç biri onun karına gəlmədi, köməyinə yetişmədi. Gözünün nuru, qollarının gücü, qıçlarının taqəti, iç dünyasını ziyalandıran, ona yaşamaq üçün stimul verən istəkli oğlu Orxan ədəbiyyətə qovuşdu. Adil Cəmil gücsüz, arxasız qaldı. Onun gələcəyə olan inamı öləzidi, Günəşi söndü. Amma Adil Cəmil böyük ədəb-ərkanı, müsəlman dünyasının qayda-qanunlarını bilən, irfan düşüncəsi ilə Allaha bağlı olan insan olduğundan onu da bilib dərk edir ki, islama görə ölüm yalnız cismani anlayış olan ayrılıqdır. O, indi inanır ki, oğlunun həyatı o biri dünyada fərqli keyfiyyətdə davam edəcək. O, cənnət-məkan olacaqdır. Buna görə də düşünürəm ki, qardaşımızın həddən artıq qəmə, qüssəyə düçar olması da yolverilməzdir. Çünki indi ərş-kürş boyda kədər onun iç dünyasını yeyir, daxilində boşluq yaradır, o da həmin boşluqda müvazinətini itirir. Haldan-hala düşür, kədərin altında var-gəl edir... Ovunmur ki, ovunmur...

***

Bəlkə də Adil Cəmilin Orxanı ilə bağlı mən içimdə qovrulub yansam da, bu hüznlü sətirləri qələmə almayacaqdım... Tütünüm başımdan çıxacaqdı... Tüstüm görünməyəkdi... Amma bu yazı ortaya gəlməyəcəkdi... Adilin dünya boyda dərdini, ailə faciəsini bu sətirlərin köməyi ilə bölüşməyəcəkdim ki, bölüşməyəcəkdim... Hisslərimi tarıma çəkən bir şeir olmasaydı.

22 iyun 2019-cu ildə Adil Cəmilin "Ədəbiyyat qəzeti"ndə nəşr etdirdiyi "Ay oğul atası, oğulsan tabla" şeiri məni öz əlimdən alıb, yaman günə qoydu, içimə duz səpdi...

Adilin bu şeirini qəhərsiz, hıçqırıqsız oxumaq olmur. Müəllif onun içinə, sanki ona qədər oğul itirmiş bütün dünya şairlərinin qəmini, qüssəsini, kədərini böyük ustalıqla köçürə, yükləyə bilib. Şeirdə valideyn, ata kədəri özünün ən pik nöqtəsinə çatıb. Həmin sətirlərdən doğrudan da şairin "ürəyinin şana-şana, qəlbinin dilim-dilim" olduğu, eyni zamanda itirdiyi oğlunun yoxluğu ilə barışmayıb, onun otağının qapısını açmağa "əli gəlməyib", onsuz dözə bilməyən içinin sızıltısını qoyub. Belə ovqat və hisslərini şair xüsusi bir hüznlə qələmə alıb:

Sənsiz ötüşməyir bircə anım da,

İçim sızıldayır - bəlkə duyursan?

Atamın, anamın qəbri yanında

Mənim əvəzimə sən uyuyursan.

Şeirin sonrakı bəndində isə o, sanki bizlərin, dostlarının da üzüldüyünü hiss edib, bəndi aşağıdakı kimi tamamlayır:

...Dostlarım gözünü gizləyir məndən

Söz tapa bilməyir təskinlik üçün

- deyir.

Adil Cəmilin "Ay oğul atası, oğulsan tabla" şeiri təkcə şairin öz matəmi, öz ailə kədəri kontekstində qapanıb qalmır, oğul itirən ataların hamısının, həm də digərlərinin hiss və duyğularını qələmə almaq baxımından dəyərli poetik nümunə səviyyəsinə qalxır. Hətta deyərdim ki, bir sıra hallarda Böyük Vətən müharibəsində oğlunu itirmiş orijinal rus şairi, ədəbiyyatımızın və mədəniyyətimizin yaxın dostu Pavel Antokolskinin "Oğul" şeirindən də üstündür. Adil Cəmilin özünün hüzn dolu poetik sətirləri məna, məzmun, mahiyyət, ata kədərinin nəhayətsizliyini əks etdirmək baxımından əvəzsiz bir örnəkdir. Eyni zamanda bu kədərin təsiri ailə, dost-tanış müstəvisindən kənara çıxıb, çarəsi tapılmayan bir aha, fəğana çevrilir. Amma buna baxmayaraq, Adil Cəmil dünyanın gedişatını, həyatın dönüklüyünü yaxşı dərk etdiyindən, həm də kədərə qalib gəlmək əzmindədir. Bunu biz aşağıdakı bənddəki fikirlərdən apaydın görürük:

Ay oğul atası, oğulsan tabla,

Gedəni qaytarmır bu fəryad, bu ah.

Deyirlər, möhkəm ol, özünü topla -

Verən də Allahdır, alan da Allah...

Şeirin bu, həm də yenidən müraciət edəcəyimiz ən sonuncu bəndində şairin həyata daha praqmatik rakursdan baxmaq cəhdi onun dünyanın gedişatı haqqında fikir və müşahidələrinin yekunu kimi ortaya gəlir:

...Nə olum təzədir, nə ölüm təzə,

Məzar nöqtəsidir gedilən yolun.

Ay ata, ay ana, qurbanam sizə

Nakam nəvənizdən muğayat olun...

Bax, yuxarıda da bunu deyirdik ki, şair təkcə bu yox, həm də ölümdən o yandakı həyatına öz ciyərparəsi üçün qayğı soraqlayır.

Bəlkə də "nikbin ölüm" ifadəsi səslənmir və "nikbin" sözünün yanında, onun düzümündə "ölüm" sözü "nikbin"in ifadə effektini, onun semantik yükünü və gücünü heçə endirir. Amma, nədənsə, biz Adil Cəmilin şeirində oğlu Orxanın yoxluğuna "nikbin ölümə" rekviyem ifadəsini işlətməkdə israrlıyıq. Adil bu şeiri ilə öz övladının yoxluğu, dünyasını dəyişməsi ilə bağlı ağrı-açısını təsvir etməklə poetik Olimpin ən yüksək zirvəsində qərar tuta biləcəyini nümayiş etdirib.

Hüzn şairləri çoxdur. Onlar Azərbaycanda, Türkiyədə, Şərq ölkələrində, Rusiyada və digər yerlərdə olduğu kimi, Avropada, Qərbdə də yetərincədir. Hərə də özü bildiyi, bacardığı kimi yazıb, yazır və yazmaqdadır. Adilin Orxanı haqqında yazdığı şeir isə tamamilə fərqli poetik nümunədir. Bu mövzuda dünyaca məşhur şairlər Edqar Po, Şarl Bodler, Uilyam Bleyk, Aleksandr Puşkin, Mixail Lermontov, Zinaida Gippius, Fyordor Tütçev, Pavel Antokolski və digər onlarca başqaları nümunələr qələmə alsalar da, yenə də təkrar edirik ki, Adil çağdaş şeirimizdə kədər poeziyasına yalnız adını çəkdiyimiz bircə şeiri ilə öz möhürünü vura bilmişdir.

© Müəllif hüquqları qorunur! Mətndən istifadə etdikdə istinad mütləqdir!