Bəxtli bu dünyadan bəxtsiz getdi... - Azər TURAN yazır - Azər TURAN

Azər TURAN

Bu şəkil Ömər Faiq Nemanzadənin qızı Bəxtli xanımın evində divardan asılmışdı... 

- Şəkildəkilər kimlərdir, Bəxtli xanım?

- Kim olacaq?.. Faiq əfəndinin qohum-əqrəbası və ailə üzvləri... Bu şəkildə anamı Azqura qonaq çağırıblar. 1914-cü ildir.

- Kim qonaq çağırıb?

- Bilmədim.

- Bəlkə xatırladınız... Bir-bir baxaq?

- Bu şəkildə mən yoxam. Hələ doğulmamışam... Soldakı qadın əmim arvadı Ətiqə xanım Nemanzadədir... Sonra əmim Süleyman Nemanzadə - Azqurun qubernatoru idi... Süleyman bəyin qucağındakı uşaq bacım Kamilədir. Yerdə oturan cavan oğlan atamın əmisi oğlu Ənsardır. Tələbəydi. Sonra Gülsüm xanım. Onun yanındakı uşaq rəssam Bəhram Əfəndiyevdir. Sonra Ömər Faiq əfəndi. Atamın qucağındakı qardaşım Kamildir. Sonra anam Abidə xanım. Bu şəkildə anam hamilədir, Adiləyə.

İkinci sıradakılar: tələbə Sərvər. Yanındakını xatırlamıram. Sonra Tofiq Əfəndiyev. Əhməd bəy Pepinovun bacısı, müəllimə Nəzirə Pepinova. Ülfət xanım Nemanzadə və Dəvriş ağa Ordjonikidze...

... Dəniz gibidir ömrümüz

Keçərmi heç gürültüsüz.

Bu gün səfalı olsa da,

Yarın kədərli mütləqa.

Güvənmə talihə saqın,

Bilirmisən nə var yarın?

- Kimindi bu şeir?

- Əhməd Cavadın...

Bəxtli xanım bunu dedi və susdu... Şeir Əhməd Cavadın deyildi...

- Danışın, Bəxtli xanım.

- Nə danışım, sənə qurban oleyim. Osanırım, Azər bəy, osanırım.

- "Osanırım", nə demək, Bəxtli xanım?

- Bizlərdə darıxmağa osanmaq deyirlər... Qonşu uşaqları atalarının boynuna sarılanda anamızdan soruşardıq ki, baba nerədə? "Baba türmədə", - deyə cavab verərdi. "Nədən türmədə?". "Millət, millət dediyi üçün türmədə...".

- Faiq əfəndinin həbs olunduğu gün yadınızdadır?

- 1937-ci il iyulun 17-də gecə evdə yatmışdıq. Üç bacı ayrı otaqda yatmışdıq. Yay tətiliydi, üçümüz də Bakıda oxuyurduq. O birilər Tibb İnstitutunda, mən isə Neft Akademiyasında. Birdən itlərimiz hürdü. Heç unutmamışam, baba qapını döyüb bizi çağırdı, gələn hündür və arıq bir erməniydi. Ömər Faiqi o gecə həbs etdilər. Gedərkən dedi ki, özünüzü itirməyin. Tezliklə görüşəcəyik. İstintaq zamanı stolun üstündə qranyonnı stəkan var imiş. Stəkanı götürüb venasını kəsir. Onu sağaldıb, sonra güllələyirlər. Ümumiyyətlə, bizimkilərin hamısını tutdular, güllələdilər.

- Sizinkiləri, yəni kimi?

- Əhməd bəy Pepinov Faiq əfəndinin bacısı oğluydu. Üç qardaş olublar: Əhməd, Məhəmməd, Zəki. Əhmədi Bağırov kabinetində güllələyib.

Qardaşım Kamili də 23 yaşında tutdular. Həkim idi. Tiflisdə kisənin içərisinə salıb döymüşdülər. Sonra onu Sibirə göndərdilər. 37-dən 56-ya qədər Sibirdə qaldı.

Məmməd Zəki Dursunzadə mənim anamın əmisi oğludu. Anamla bir yerdə böyüyüblər. Bacı-qardaş kibiydilər. 1919-da dövlət hesabına oxumağa göndərilmişdi. İstanbulda təhsil aldı. Universitetdən sonra Almaniyaya getdi. Qayıtdı. Qızlar seminariyasında dərs deyirdi. Yenə atam kitablar yazmışdı. Bəs Məmməd Zəkini niyə tutdular? Onu qırx yeddi yaşında niyə güllələdilər? Məmməd Zəki atama məktub yazanda şeirlə yazardı. Məmməd Zəki gözəl bir şairdi. Qızı Afətə yazdığı şeirində belə deyirdi:

Dərdilə, bəlasıyla keçmiş nə gözəldi,

Bir ləhzə mələk Afətimin xəndanı soldu.

İllərdə keçən ömrə deyil, əsrə bədəldi.

İstəklə, gülüm, açmadım,

                             heç incimə məndən.

Hicrana səbəb yavrucuğum, qanlı bir əldi.

Xocazadə Minirə Ləman xalam idi. O da şeir yazardı. Qazaxıstana sürgün olundu. 1918-də parlamentdə katibə olub. Şərq dillərini gözəl bilirdi - Bəxtli xanım, bunu deyib masanın üstündən əski əlifba ilə yazılmış qara meşin cildli dəftəri götürdü - Məmməd Zəki ilə Minirə Ləmanın ikisinin birlikdə yazdıqları şeir dəftəridir...

Dəftəri alıb vərəqləmək istədim. İmkan vermədi:

- Bu bizim ailənin dəftəridir. Bu dəftərə onlar öz sirlərini yazıblar...

- Sonra Minirə Ləmandan xəbəriniz oldumu?

- Qazaxıstanda öldü... Sonra onun bu dəftərini gətirib mənə verdilər.... 

Ümumiyyətlə, 1944-cü ildə bizimkilərin hamısını Stalin sürgün elədi. Hamını bir-birindən ayırdı. Axıska türkləri üç ölkəyə səpələndilər. Anamın anasına, yəni nənəmə bütün mahalda Xoca xanım deyirdilər. Çox savadlı qadın idi. Onu da sürgün etdilər.

Atamgil üç qardaşdılar: Yusif, Süleyman, Ömər. Qardaşların dəyirmanı, mehmanxanası vardı. Süleymanın oğlu Hüseyn Türkiyədə oxuyurdu, tibb fakültəsində. Hüseyni tutdular, onu Nərimanov buraxdırmışdı.

Baba güllələnəndən sonra həyat bizimçün çox ağır oldu. Elmi iş götürmüşdüm. Xalq düşməninin qızının ixtiyarı yoxdu ki, elmi iş müdafiə etsin. 1943-cü ildən institutda işləyirdim. 1949-cu ildə məni işdən çıxardılar. Bir əhvalatı da danışmaq istəyirəm. Ancaq yox, qoy danışmayım. Unudulub getsin.

- Unudulmasın, niyə unudulsun ki? Danışın.

- Bacımı bir oğlan sevirdi. Mühəndis idi. O zaman Bakı şəhərinin maarif komissarı M.İ. oğlanı çağırıb yanına və "Kiminlə ailə qurmaq istədiyinin fərqindəsənmi?" - deyə hədə-qorxu gəlib...

- Hüseyn Cavidi necə xatırlayırsız?

- Sonuncu dəfə 1936-cı ildə bacım Kamilənin toyunda bizim evdə gördüm. Cavid əfəndi Faiq əfəndinin ən, ən yaxın dostuydu. Qardaş kibiydilər. Bizə tez-tez gələrdi. Bir də eşidərdik, pilləkənlərdən əsasının səsi gəlir. O bizə gələndə biz çox sevinərdik. Cavid əminin özü də, balaları da dünyada bir gün görmədi. Mənim qardaşım Kamil sürgün edildi, amma yenə qayıtdı, bu işıqlı dünyanı gördü. Bəs Ərtoğrol nə gördü? Ərtoğrol anasına bənzəyirdi. Çox qəşəngdi. Turan ona oxşamamışdı sifətdən. Turan atasına oxşayırdı... Mişkinaz xanım necə nəzakətli bir qadın idi. Necə mülayim xasiyyəti vardı. Üzügülərdi, çox mədəniydi. Elə bil, mədəni olmamağa onun haqqı yoxdu. Baxmayaraq ki, tale onu nə əziyyətlərə düçar elədi, Pərvərdigara... Bir dəfə Mişkinaz xanım küçəmizdən keçəndə mən onu gördüm. Anama dedim ki, Mişkinaz xanımı bizim balkonun altından keçəndə gördüm... İkinci dəfə görəndə qaça-qaça pilləkənləri düşdüm. Mişkinaz xanımı qucaqladım. Evə gətirdim... Gördüm bunun əlində nasır var. Dedim Mişkinaz xanım, bu nə nasırdı? Dedi: - Bəxtli can, tikiş tikirəm, ondandı... Pərvərdigara, ey Allah. Qurban oleyim sənə, Allah. Sən bunu bu günə niyə qoydun, Allah? Nə etmək lazım? Dözmək lazım. Allahım. Eyi insanların işini rast gətir. Qoy onlar yaşasınlar, bəzəsinlər dünyanı.

- Faiq əfəndi neçə dəfə həbs olunub?

- Atamı Bağırov 33-də də tutmuşdu. O zaman atamın kitablarının hamısını NKVD-yə apardılar. Bir kitab qalmışdı. O kitabda bir şeir vardı: bir nəfərin sevgilisi ölür, o qədər sevirmiş ki, qızı evinin qabağında basdırır. Sonra da ölüncə evlənmir. Şeir beləydi:

Bilməm nerə getdin, bilməm nə oldun,

Bəni tərk etdin, bəni unutdun.

Sənələrdən bəri əlində əsa,

Bir ceyran yavrusunu nasıl ararsa,

Bən də səni arıyorum, öylə sərsəri.

Ey bulutlar içində kayb olan pəri.

Evimizdə bir şəkil vardı. İstanbulun şəkli. Xalçanın üstünə vurmuşdular. Babamın bir dostu vardı. Bir xalı verirdi ki, o şəkli ver mənə. Baba İstanbulun şəklini xalıya dəyişmədi. Yadımdadır, 1933-cü ildə baba tutulanda əvvəlcə o şəkli sökdülər.

Axalsıxda - Aqarada gözəl bağımız vardı, bağımızın altından Kür çayı axardı. Aqaradakı evimizin qarşısında dağlar vardı. Atam deyirdi ki, o dağın o üzündə Türkiyədir. Dağda çobanlar ocaq yandırardılar.

Sən yazmısan, Azər can. 1918-ci ildə Türk ordusunu çağırmaq üçün İstanbula Faiq əfəndi getmişdi.

- Faiq əfəndiylə Nağı Şeyxzamanlı...

- Mən bunu xatırlamıram. O zaman mənim bir yaşım vardı. Amma anam danışırdı ki, türklər geri dönəndə Axalsıxdan keçib getdilər. Baba onları evimizə qonaq çağırır. Ziyafətdə pərdənin arxasında bir qız türkülər oxuyub saz çalırmış. Türklər deyir ki, Faiq əfəndi, qoşul bizə, bir yerdə İstanbula gedək. Atam deyir ki, yox, mən burada doğulmuşam, vətənimi qoyub heç yerə gedə bilmərəm.

- O günlərdə atanız Axıska Müvəqqəti Hökumətinin rəhbəriydi. İstərdinizmi ki, getsin?

- Əlbəttə. Getsəydi, biz də insan kimi yaşayardıq. Sonralar Sevda Pepinova mənə danışdı ki, Bağırov məhkəməsində deyib ki, məni parça-parça edin. İnsanları qırıb qurtarandan sonra səni parça-parça etməyin nə mənası? Nə günahı vardı babamın? Hamının atasının qəbri var, bəs mənim babamın qəbri hanı?.. Buna da şükür... Ömür boyu həyat belə olub...

***

Bu, Bəxtli Nemanzadə ilə olan neçə-neçə söhbətlərimizdən biridir. Bəxtli xanımla, az qala, hər həftə görüşürdüm. "Görünür, mən torpağın altını bəzəyəcək insanlardan deyiləm. Nə üçün eyi insanlar torpağın altına gedir, kötülər qalır?" desə də ölümdən qorxurdu. Onu doxsan il yaşatdığına görə Allaha şükür edirdi.

Bəxtli xanım mənə tez-tez zəng edərdi. Təklikdən zinhara gəlmişdi. Hər görüşümüzdə onun bütün söhbətlərini ya lentə, ya da kağıza köçürürdüm. Həmin söhbətlərin bir qismini elə Bəxtlinin sağlığında "Ədəbiyyat qəzeti"ndə dərc etdirmişdim. "Məni biabır eləyirsən. Camaat deyəcək ki, Bəxtli yazıçı olmaq eşqinə düşüb", - deyə zarafatından da qalmırdı. Hərdən elə olurdu ki, Bəxtli xanım eyni söhbəti təkrar-təkrar, bəzən isə, hətta əzbər danışardı. Amma heç vaxt dünən danışdığına bu gün yeni əlavələr etməzdi. Nə vardısa, xatirə boğçasında nəyini qorumuşdusa yalnız onları xatırlayırdı. Bəxtli xanımın 1937-ci ildən sonrakı xatirələrində hər məqamın sonuna ürkək və gözüyaşlı bir sual işarəsi qoyulmuşdu: "Axı qardaşım Kamili niyə sürgün etdilər? Yazıq Cavid əminin oğlu Ərtoğrolun günahı nə idi? Atamı niyə güllələdilər? Əhməd bəy Pepinovu niyə güllələdilər?". Və Bəxtli ömrünün sonunacan bu suallara cavab tapa bilmədi.

Bəxtlinin bir də bir Cavid dünyası vardı.

Turan Cavid neçə vaxt idi ki, məni Bəxtli Nemanzadə ilə tanış etmək istəyirdi. Nəhayət, bir gün - 2002-ci ilin 29 yanvarında bir yerdə gedib Bəxtli xanıma baş çəkdik. Körpə uşaqlar kimiydi. Sevincinin həddi-hüdudu yoxdu. Elə bil, Turan Cavid Bəxtlinin qapısını açıb ona qonaq gəlməklə bütün Nemanzadələrin ruhunu bəxtiyar etmişdi. Ya da Bəxtli özünü elə aparırdı ki, sanki bu axşam bütün Nemanzadələr bir yerə - Bəxtlinin başına toplaşıblar, ya da toplaşacaqlar. Ümumiyyətlə, sanki Vaxtın repressiya dövrünün qızlarına - Cavidin qızı Turana, Nemanzadənin qızı Bəxtliyə, Pənah Qasımovun qızı Nigara, Əhməd bəy Pepinovun qızı Sevdaya qətiyyən dəxli yox idi. Bu qızlar sona qədər ata ocağının həniri ilə yaşadılar, onun istisinə qızındılar. Bu qızların aləmində, hətta altmış ildən sonra da qapı qəfil döyülə və əzizləri içəri daxil ola bilərdi.

(Bir dəfə Nigar Qasımovagildəydik. Nigar xanım gördüyü bir yuxunu danışdı. Yuxuda Cavidi görübmüş. Cavid Nigardan: "Yazıq Turan necədi?"- deyə soruşub. Nigar da Cavidin sualına sualla cavab verib: "Yazıq niyə, Cavid əmi?".

Nigar xanımın mənzilində bir piano vardı. Pianoya işarə edib:

- Turan, sən bu pianonu xatırlayırsan?

- Həmin pianodur?

- Hə. Üzeyir bəy bizə gələndə bu pianoda çalırdı. Cavid əfəndi bu pianonu çox dinləyib. Ərtoğrol da bunu çalıb.

- Nigar, bu pianonu mənə verərsən?

- Əlbəttə, verərəm.

Az sonra ölüm yatağındaykən Nigar xanım həmin pianonu Cavidin ev-muzeyinə bağışladı). 

...Turan Cavid və Bəxtli Nemanzadənin söhbətlərində xatırlananların adları da, soyadları da mənə hər nə qədər tanış olsa da, sanki bu qızların dilində bu adların öz mistikası vardı: Cavid əfəndi, Faiq əfəndi, Bəxtli, Pepinov, Dursunzadə, Xocazadə, Minirə Ləman, Nemanzadə, Günəşli...

- Bəs sənə kim xidmət edir, Bəxtli?

Bunu Turan xanım soruşdu.

- Exxx... Turan... Bunu soruşma. Tənhalıq pis şeydi. Allah düşmənimi də tənha etməsin.

Evdə hər şey köhnə səliqə-sahmandaydı. Hiss olunurdu ki, bu təkotaqlı mənzilə qadın əllərinin həniri-hərarəti təmas etməyib, yaxud etmir. Çay süfrəsini Turan xanım hazırladı və o anda mən hiss elədim ki, Ömər Faiqin 85 yaşlı qızı Bəxtli Cavidin 80 yaşlı qızı Turanın ona göstərdiyi qayğıdan utanır... Bəxtli xanım "Gənclik" metrosunun yaxınlığında, dördüncü qatda təkotaqlı mənzildə yaşayırdı. Vaxtilə şəhərin mərkəzində Bəxtlinin atasından qalma yaxşı bir evi varmış.

O gün gecədən keçmişəcən Bəxtli xanım bizi yanından buraxmadı. Üç-dörd qovluqda köhnə, saralmış kağızlar, qəzet parçaları, kitablar, şəkillər...

Bayırda isə narın qar yağırdı...

Sonra Turan Cavidin təlqinlərilə Bəxtliyə hər həftə baş çəkdim.

Sonra 2004-ün 12 sentyabrı. Turan xanım dünyasını dəyişdi. Yanında tək mən vardım... O keçinən kimi telefon zəng çaldı. Bəxtli xanım idi:

- Azər əfəndi can, Turan hardadı?

- Turan yatır.

- Nə olub, xəstədi?

- Hə.

- Can, Turan, can... Qoy yatsın. Sonra zəng vuraram...

Bəxtli xanımın dediyinə görə, kimsə gecədən keçmiş qapısını döyüb onu qorxudurdu. Əlbəttə, bu, Bəxtliyə elə gəlirdi. Gecədən keçmiş qapısını döyüb onu səksəndirən tənhalığın xofundan başqa nə ola bilərdi. Demişdi axı: "Exxx... Turan... Tənhalıq pis şeydi. Allah düşmənimi də tənha etməsin".

Tamam tənhaydı. Yeganə övladı körpəykən ölübmüş. Belə deyirdi.

"Gənclik"dəki evinə - 4-cü mərtəbəyə bir dəfə bura köçdüyü gün qalxmış və bir də heç vaxt həyətə düşməmişdi. Bakıdan on bir il idi ki, xəbəri yox idi.

- On bir ildir ki, evdən dışarıya çıxmıram. Hətta zəlzələ zamanı da çıxa bilmədim, əfəndim.

On bir ildə onu cəmi bir dəfə şəhərə çıxarmışdılar. Fuad bəyin qızı Ülvi xanımın toyuna getmişdi. Vəssalam...

Bu sətirləri yazdıqca 2002-ci ilin qarlı yanvarını xatırlayıram. Həmin gecə "Yeni Azərbaycan" qəzetinin "Ədəbiyyat" əlavəsi üçün "Ömər Faiqi unudun" adlı bir yazı yazmışdım. Sonra da Kəbutərdən xahiş etmişdim ki, Bəxtli xanımla görüşüb onunla söhbət etsin. İndi Türkiyədə yaşayan Kəbutər Haqverdi, yəqin ki, bunu xatırlayar. "Ədəbiyyat" əlavəmizin 2002-ci il 1 fevral tarixli sayının ilk səhifəsində Ömər Faiqin iri şəklini verdik. Qəzetin həmin sayında mənim "Ömər Faiqi unudun" məqaləm və Kəbutərin Bəxtli xanımla "Mətləb əyan oldumu..." başlıqlı söhbəti dərc olundu. Müsahibənin sonunda Kəbutər qeyd edirdi ki, bu yazını yazdığım müddətdə söhbət əsnasında adı çəkilən şəxsləri, tarixləri dəqiqləşdirməkdən ötrü tez-tez Azər müəllimin üstünə yüyürürəm. O isə "Necə danışıbsa, eləcə də yaz. O, Faiq əfəndinin qızıdı, bizim onun dediklərinə düzəliş etməyə haqqımız yoxdur" - deyir". Düz deyirdim, Kəbutər. Nəinki bizim haqqımız, heç tarixin də onun dediklərinə düzəliş etməyə haqqı yoxdur.

"Yeni Azərbaycan"ın həmin sayı son gününəcən Bəxtlinin masasının üstündə oldu. Hər dəfə qəzetə baxanda qürurlanırdı. "Eh, - deyirdi, - gör mən kimin qızıyam?".

Bir də Məmməd Zəki Dursunzadənin və Minirə Ləmanın birgə yazdıqları şeir dəftəri... Hərdən mənə elə gəlirdi ki, bu dəftər itsə, Bəxtli xanım yaşaya bilməz. Bəzən bu dəftəri hara qoyduğunu unudanda vahimələnər, "Məni onların ruhu sıxır. O dəftərdə onların şəxsi duyğuları yazılıb" - deyirdi. Bəxtli xanımın dilinin əzbərində həmin dəftərdən Məmməd Zəkinin və Minirə Ləmanın misraları dönə-dönə sayrışıb keçərdi... O dəftərin aqibəti bilirsinizmi, necə oldu? Sonralar öyrəndim ki, Məmmədzəki Dursunzadə ilə Xocazadə Minirə Ləmanın ortaq dəftərini Bəxtli xanım kiminsə əlinə keçməsin deyə, məhv edib. Deyilənlər həqiqətdirsə, Bəxtli o dəftəri məhv edibsə, demək ki, sirr sirr olaraq qalıb. Amma o sirr nə idi? Bunu təkcə Bəxtli bilirdi...

2003-cü ildə "Lider" TV-də Ömər Faiqlə bağlı portret-film çəkildi. Filmin ssenarisini mən yazdım. Rejissoru isə Akif Arifoğlu idi. "İşığımız sönməyəcək" ilk dəfə sentyabrın 13-də efirə verildi. İndi o film təkcə Bəxtli xanımın atası ilə bağlı söhbətinə görə deyil, həm də bütün ömrünü Ömər Faiqin tədqiqinə həsr etmiş professor Şamil Qurbanovun, professor Xeyrulla Məmmədovun Ömər Faiqlə bağlı son söhbətləri kimi də dəyərlidir.

"Fuad olmasa məni kim yaşadar?" deyən Bəxtli Nemanzadənin yeganə təsəlli yeri bacısı oğlu Fuad Pepinov idi. F.Pepinov Moskvada yaşayır. Mühəndis-kibernetikdir. Mesxeti türklərinin liderlərindəndir. Axıskalıların "Vətən" cəmiyyətinə başçılıq edir. Çəkiliş günlərində o da Moskvadan gəlmişdi. Çox istəyirdi ki, babasını təkcə yazıçı kimi deyil, həm də siyasi xadim kimi təqdim edək.

2008-ci il 2 may. Səhər saat on radələrində Bəxtli xanımın evindən bacısı qızı Nigar xanım zəng vurdu: Bəxtli Nemanzadə keçinib.

Ömər Faiq Nemanzadənin ocağında doxsan il yanan sonuncu çıraq sönüb.

Saçlarına Mirzə Cəlilin, Cavid əfəndinin... sığal çəkdiyi bir Bəxtli uzun yaşadı, kübar yaşadı. Gözü-könlü tox yaşadı.

Ruhunda bir işıq yanırdı. İşıqla Bəxtli bir-birini sönməyə qoymurdular.

Atasının sözlərini tez-tez təkrar edərdi: "İşığımız sönməyəcək"...

Faiq əfəndi düz deyirmiş. Amma işığı sönməsə də, pərvanəsi söndü...

Tanrının göylərində doxsan il qanad çalan Bəxtli nəhayət ki, anasının ruhuna qondu. Onu nəşriyyatın yaxınlığındakı məzarlıqda anası Abidə xanımın məzarına dəfn etdik. Çünki özü belə istəmişdi. Cənazə törəninə qatılanların hamısı Axıska türkləri idi. Ömər Faiqdən söz düşəndə dil-dil ötənlərin bircəciyi də Nemanzadə ocağının bu kədərli günündə - sonuncu Nemanzadənin dəfnində iştirak etmədi...Vida mərasimindəki adamlardan yalnız Fuad Pepinovu tanıyırdım.

"Qara xəbər tez yayılar"... Bəs niyə Bəxtlinin qara xəbəri gec yayıldı?.. Bu xəbəri eşidənlər az oldu. Bu xəbər gec yayıldı... "Sonuncu çıraq" yazım o günlərdə Bəxtli barədə yazılmış yeganə vida sözü oldu. 

Ömər Faiqin qızı, Əhməd bəy Pepinovun və neçə-neçə böyük türkün əzizi Bəxtli tənhalıqdan bezsə də, ölümdən yaman qorxurdu...

Və...

Bəxtli bu dünyadan bəxtsiz getdi...

© Müəllif hüquqları qorunur! Mətndən istifadə etdikdə istinad mütləqdir! 

 


© Müəllif hüquqları qorunur! Mətndən istifadə etdikdə istinad mütləqdir!