“Qurşaqdan aşağı zərbələr" - Subyektiv fikir sandığımdan - Azər QİSMƏT yazır

 

Evə gəlib xörəyimi yeyəndən sonra komputeri açıb google axtarış sistemində belə ifadənin mənasını tapmağa çalışdım. Bəzi məlumatlar çıxdı. Məsələn, axtarış sisteminin Azərbaycan bölməsində bəzi yazıçıların vəzifə tutan nasirlər barəsindəki sərt tənqidlərini gördüm. "Onlar məmur yazıçılardır", "Onlar yaradıcılıq azadlığının nə olduğunu bilmirlər, "Onlar geyimlərində də azad deyillər".  Ədibə antipatiya daha çox onun vəzifə tutması üzərində qurulmuşdu. Yəni, "məmur yazıçı" adlandırılan şəxsin ədəbi yaradıcılığından bircə nümunə də göstərilməmişdi: "Sadəcə, məmur yazıçıdır". Möhür belə vurulmuşdu. Lakin istər Rusiya, istərsə də Fransa mənbələrində belə bir ifadə tamam fərqli formada verilmişdi. Məsələn, Rusiyada "məmur yazıçı" ifadəsi sırf vəzifə tutan şair- yazıçılara aid edilsə də, ədəbi yaradıcılığından da söz açılır. Fransa mənbələrində də belə ifadə vəzifə tutan nasirlər üçün deyilir. Azərbaycanda isə "məmur yazıçı" deyimi nəinki vəzifə tutan yazıçılara, eyni zamanda həmin nasirin geyim tərzinə görə də həkk edilirmiş. Bax, bu mənim üçün yenilik oldu. Təəssüf ki, xoşagəlməyən yenilik.

Ədəbi cameəyə çox da vaxt tapa bilməyən bir şəxs kimi bəzi hallarda yazıçılarla təmasda oluram: kitab təqdimatlarında, xeyir işlərdə. Gördüm ki, əksər yazıçılar bir-birinin arxasınca danışırlar. Bu bir ustanın digər ustanın dalınca danışması qədər bəsit söhbət idi. "Filankəs yaxşı yazıçı deyil, ailəsi ilə ayrılıb". Anlamıram ki, bunun yazıçılığa nə aidiyyəti var? Yaxud, "filankəs yaxşı yazıçı deyil, begemot boydadır, ondan yazıçı olar?". Yenə də başa düşmürəm ki, kök və arıqlığın yaradıcılığa nə dəxli var. "Filankəs yaxşı yazıçı deyil, kostyum geyinib qalstuk taxır". Ancaq yaradıcılığından bircə kəlmə də söz açılmır. Bu lap yaxın yoldaşın "Messi nə vaxtdan futbolçu olub?" deyiminə bənzədi. Təsəvvür edin ki, Messinin transfer müqavilələrindən əldə etdiyi gəlirlər milyon dollarlarla hesablanır, məşhur məşqçilər onu komandalarında görmək üçün nələrdən keçirlər. Lakin azərbaycanlı Səlimbala deyir ki, "Messi nə vaxtdan futbolçu olub?".    

Qarşımda duran növbəti sual belə idi: "Niyə insan rəqibinə qarşı xoş olmayan münasibətini xırda detallar üzərində qurur?". Məşhur psixoloqların araşdırmalarına nəzər salanda məlum oldu ki, bir insanın əsl mahiyyəti kənara qoyub xırda detallara varması beyin kasadlığından, heç bir nailiyyət qazanmayan gərəksiz EQOsundan, yaradıcılıq günəşinin qürub etməsi təlaşından irəli gəlir. Bu, ona rahatlıq vermir. Nə yolla olursa-olsun gözdən salmalıdır. Əlbəttə, onun gözdənsalma kampaniyasını ağıllı adamlar göydə tutur. Ki, burada qəsdi-qərəzlik var. O tipli adamların bazası rəqibini yaradıcılığa görə mühakimə etməsinə imkan vermir. O, bunu bacarmır. "Filankəs pis yazıçıdır". Səbəbini isə bilmir. "Pis yazıçıdır, vəssalam. Kostyum geyinir, yeriyəndə belini əyir, danışığından arxaik sözlər tökülür, özü də gombuldur". Yazıçı arıq olmalı, imkan olsa qabırğaları görünməli, hər gecə küçələrdəki itlərlə söhbət etməlidir. Qoy görsünlər ki, o çeşmə kimi qaynadığından yaradıcılğı barədə itlərlə də söhbət edir, heyvanları məlumatlandırır. Bizdə adama bax belə qurşaqdan aşağı zərbələr vurulur. "Filankəs nə vaxtdan yazıçı olub, getsin həkimliyini etsin, başını başlara qoşmasın. Filankəs məmurdur, getsin vəzifəsni icra etsin, daha söz xiridarlarına mane olmasın. Yazan bizik. Bu bizim işimizdir. Kimsə dairəmizə girməsin, ona Kərbəla müsibətini yaşadar, Egey dənizində boğarıq, haqqında elə pis fikir səsləndirib biabır edərik ki. Elə təkcə desək ki, kostyum geyinib qalstuk taxır, bu, onun ölümünə bərabərdir". Məhz bu səbəbdən digər peşə sahibləri yazdıqları şeir və hekayələrini sandıq ədəbiyyatına çevirib ortaya çıxarmırlar, mühakimə və ağır tənqiddən çəkinirlər. Bəlkə, doğrudan da kiminsə deyəsi sözü var? Bəlkə, kimsə valideynlərinin təkidi ilə seçdiyi sənətin ardınca məcburən gedib, lakin ürəyi ədəbiyyatın yanında qalıb? Əgər ədəbi azadlıqdan danışırsınızsa, rəqabət mühiti də formalaşmalıdır. Dedikləriniz əməlinizlə üst-üstə düşmür axı?! 

Yazıçını geyim tərzi və kütləsinə görə gözümçıxdıya salanlar hətta şəxsiyyət vəsiqəsi üçün şəkil çəkdirəndə də sifəti saqqallı halda, boynu kirli köynək vəziyyətində bunu etməyə çalışırlar. "Biz şəxsiyyəti təsdiq edən sənədlərdə də azadıq, hüdudlarımız yenilməzdir". Əslində bunun süni imitasiyadan o yana getmədiyi bəllidir. Sadə adamların içində imitasiya alınır. Bilənlər isə bilir. O ki, qaldı hüdudun yenilməzliyinə... Hüdudların genişliyinin yaradıcılıqda üzə çıxması tendensiyasını indi uşaq da bilir.

Və sonuncu dəfə axtarış sisteminə daxil oldum. Məlum oldu ki, portuqaliyalı yazıçı Joze Saramaqo eynək taxıb, kostyum geyinib qalstuk taxıb. Hətta yazı masasının arxasına səliqəli jileti ilə keçərmiş. Nəticəsi nə oldu? "İsanın İncili" əsərinə görə "Nobel" mükafatına layiq görüldü. Maksim Qorkinin kostyumlarının çeşidlərinə həmkarları həsəd apararmış. Nəticəsi nə oldu? Təkcə "Ana" əsərinin möhtəşəmliyinə görə yüz illər dəbdən düşməyəcək. Mayakovski də həmişə kostyum geyinib, ədəbi azadlığı isə şeirlərində qabardıb. Rus nəzminin azad insan mücəssəmməsi Sergey Yesenin də kostyum geyinib, qalstuk taxarmış. Yaxud götürək, məşhur ictimai-siyasi xadim, siyasi yazar Uinston Çörçilli. Çəkisi normanı dəfələrlə ötüb keçsə də, siyasi proseslərdəki qıvraqlığı 20 yaşlı gəncin enerjisini darmadağın edərmiş.

Deməli, hər hansı əsərin mükəmməl alınışı Alp dağlarına gedib yamacda otlayan İsveçrə inəklərinə baxmaqdan, Şimal Buzlu okeanda xizək sürməkdən, Yaponiyanın Kunaşiri adasındakı bülbüllərin cəh-cəhinə qulaq asmaqdan, doğulduğun məkanda çinar ağacının altında oturmaqdan keçmir. Nə də böyük meqapolislər, cırıq köynəklər, siqaretləri sonacan sümürmək, hər cümlənin sonuna əlavə edilən "falan" sözləri də yaradıcılıqda yeniliyə gətirib çıxarmır. Yazıçının içi sakit və sabit deyilsə, ildən-ilə baza formalaşmayıbsa, məkanı dəyişməyin, yeni imic imitasiyasının mənası yoxdur. İnsan kabinetdə də yaza bilər. Özü də ütülənmiş qalstukda, qutu kimi kostyumda. Yetər ki, qanadları olsun. Yaradıcılıq qanadı.    

Deməli, burada söhbət qurşaqdan aşağı zərbənin hansı formada vurulmasından gedir. Yaradıcılığa görə mühakimə isə hər başın işi deyil.  

© Müəllif hüquqları qorunur! Mətndən istifadə etdikdə istinad mütləqdir! 

 


© Müəllif hüquqları qorunur! Mətndən istifadə etdikdə istinad mütləqdir!