Azərbaycan tarixində xəzərlər haqqında dəyərli əsər - Şahin MUSTAFAYEV yazır

 

Əsrlərlə göy Xəzərin sahilində yaşayan, onun qucağına sığınan, havasını udan Azərbaycan xalqı 20-ci yüzillikdə özünün möhtəşəm poeziyasında bu dənizin çılğın təbiətinə, şıltaq xasiyyətinə, eyni zamanda ana vətənlə, Azərbaycanla bütövləşmiş doğma ruhuna yüzlərlə lirik şeir həsr etmişdir. Lakin eyni dövrdə alimlərimiz tərəfindən bu dənizə öz adını vermiş xəzərlərin tarixinə dair bir elmi monoqrafiyanın belə yazılmaması həm anlaşılmaz, həm də bağışlanmaz bir hadisədir. Necə olub ki, Süleyman Rüstəmin "İlhamıma qanad verən Xəzər kimi dənizim var" dediyi, Məmməd Arazın "Bu nəğməkar göy Xəzərim ömrüm boyu bir sazımdır" söylədiyi, bir çox digər şairlərimizin Xəzəri incə poetik duyum və təfəkkürlə vəsf etdiyi bir dövrdə tarixçilərimiz bu məsələyə az qala göz yumub, Xəzər və xəzərlər məsələsinin Azərbaycanın taleyindəki rolunu dərk etməyə və elmi şəkildə araşdırmağa o qədər də meyil göstərməyiblər? Bu, yalnız XX əsr tarix elmimizin deyil, ümumiyyətlə, Sovet dövründə ictimai və milli şüurumuzun təkamül yollarının çoxsaylı sirlərindən biri olaraq qalmaqdadır.

Yuxarıdakı ifadədə "Xəzər"lə "xəzərlər"in eyniləşdirilməsi oxucunu çaşdırmasın. Söhbət həm möhtəşəm su hövzəsindən - dənizdən, həm də vaxtilə onun şimal və qərb sahillərində məskun olan xalqdan gedir. Amma onların adında eyniliyin olması təsadüfi deyil. Xəzərlərin tarixində günümüzədək bəzi müəmmalı və qaranlıq səhifələr qalsa da, Xəzər dənizinin bu xalqın adıyla bağlı olması tamamilə qanunauyğundur. Çünki məhz xəzərlər özlərinin cahanşümul dövlətlərini bu dənizin sahillərində qurmaqla, VII-X yüzilliklərdə İtil (İdil, Volqa) çayı və Xəzər dənizi üzərində beynəlxalq ticarət yollarını açıb inkişaf etdirməklə bəşər tarixində ilk dəfə olaraq bu dənizi dövrün "geosiyasi" mərkəzinə çevirməyə müvəffəq olmuşdular.

Məhz bu dövrdən etibarən Xəzər dənizinin həm adı, həm də taleyi xəzərlərin tarixi ilə ayrılmaz şəkildə bir-birinə bağlanmış oldu. Sonradan tarixin hökmü ilə dəyişən reallıqlar bir çox yer və məkan adlarına yenilik gətirdiyi kimi, dünya xəritələrində də "Edil" çayı yerinə "Volqa", "Xəzər" dənizi əvəzinə "Kaspi" dənizi və s. kimi adların üstünlük qazanmasına yol açmışdı. Ancaq Azərbaycan xalqı min il əvvəl olduğu kimi, taleyi ilə doğmalaşmış bu dənizi "Kaspi dənizi", "Xarəzm dənizi", "Gürgan dənizi", "Mazandaran dənizi", "Quzğun dənizi" deyil, məhz "Xəzər dənizi" olaraq adlandırmağa davam edir və bununla xəzər türklərinin Azərbaycan tarixində oynadığı mühüm rol və qoyduğu dərin izin, sanki yaddaşlarda əbədi həkk olunduğunu vurğulayır.

Yuxarıda Azərbaycan tarixşünaslığında xəzərlər məsələsinə kifayət qədər diqqət yetirilməməsi qeyd olunsa da, bu problem, təbii ki, tamamilə işıqlandırılmamış qalmamışdır. Akademik Ziya Bünyadovun əsərlərində, onun hələ 1965-ci ildə nəşr olunmuş "Azərbaycan VII-IX əsrlərdə" monoqrafiyası və bir sıra məqalələrində, akademik Nailə Vəlixanlının və digər tarixçilərin elmi yazılarında xəzərlərlə bağlı bəzi mühüm məqamlar ortaya qoyulmuşdur. Xüsusilə incə tarixçi duyumu və erudisiyasına sahib olan, Orta əsrlər tariximizin bir çox önəmli məsələlərini ilk dəfə elmi gündəmə gətirən Ziya Bünyadov xəzərlərin Azərbaycan xalqının həm siyasi, həm də etnomədəni tarixində oynadığı rolu vurğulamaqla və bu barədə elmi ədəbiyyatda öz mövqeyini bildirməklə bu problemi tarixşünaslığımıza gətirən və onu müzakirəyə açan ilk böyük alim olmuşdur.

Bununla belə, Sovet dövründə xəzər məsələsinə, xəzərlərin Azərbaycan tarixində oynadıqları rola bu və ya digər dərəcədə toxunan yazıların qələmə alınmasına baxmayaraq, onlar nə say, nə də mahiyyət baxımından bu önəmli elmi problemi bütövlükdə əhatə etməyə kifayət deyildilər. Və Orta əsrlər tariximizdə həllini gözləyən bir sıra digər problemlər kimi xəzər məsələsi də uzaq rəfə qoyulmuşdur, sanki. Çünki bu mövzunun araşdırılması tarixi səthi bir fənn kimi qəbul edən, elmə həqiqət axtarışı üçün deyil, şəxsi ambisiyalarını təmin etmək naminə gələn, xarici dil bilməyən və ilk mənbələrlə işləmək qabiliyyətinə malik olmayan "saxta" mediyevistlərin işi ola bilməzdi. Xəzərlər məsələsi ilə ciddi şəkildə məşğul olan mütəxəssis geniş elmi erudisiyaya malik olmalı, bir sıra dillərə, xüsusilə ərəb dilinə mükəmməl şəkildə vaqif olmalı, dövrün ilk mənbələrini bilməli, bu mövzuda günümüzə qədər dünya tarixşünaslığında ingilis, rus, alman dillərində yazılmış yüzlərlə tədqiqat əsərini diqqətlə öyrənməli və nəhayət, güclü analitik düşüncəyə sahib olmalıdır. Təsadüfi deyil ki, bu məsələnin həllini akademik Ziya Bünyadov məktəbinin layiqli nümayəndəsi Fərda Əsədov öz üzərinə götürdü. Öz ustadının Azərbaycan mediyevistikasında qoyduğu ən ciddi və əhatəli problemlərdən birinin araşdıırılması ona müyəssər oldu.

Xəzərlər məsələsi bizim Orta əsrlər tariximiz baxımından nə üçün bu qədər mühüm əhəmiyyət kəsb edir? Bu sualın bir neçə cavabı var və onları qısa tezis şəklində sırasıyla qeyd etmək düzgün olardı. Və bir önəmli məqama da toxunmaq gərəkdir ki, bu problemi bir neçə nöqteyi-nəzərdən - dünya tarixi, ümumi türk tarixi və lokal Azərbaycan tarixi baxımından dəyərləndirmək doğru olardı.

İlk növbədə vurğulamaq gərəkdir ki, xəzərlərin qurduğu və müasir tarixşünaslıqda "Xəzər xaqanlığı" adı ilə bilinən dövlət, islamdan öncəki qədim cahanşümul türk dövlətçilik ənənəsini qoruyub saxlamaqla Avrasiyanın əngin çöllərini birləşdirmiş və bununla da tarixdə özündən əvvəlki Türk xaqanlıqlarının sonuncu və təbii varisi olmuşdur. Təsadüfi deyil ki, 551-ci ildə indiki Monqolustanın ərazisində Orxon çayı sahilində ilk "Türk xaqanı" adını qazanmış Bumın xaqan Aşina nəslinə mənsub olduğu halda, bu sülalənin tarixdə sonuncu hökmdar nümayəndələri də məhz Xəzər xaqanları olmuşdular. Xəzər xaqanlığının X yüzillikdə süqutu ilə Aşina sülaləsi də tarix səhnəsindən silinmişdir. Məhz bu səbəbdən xəzərlərdən sonra yaranmış digər böyük türk imperiyaları - Qaraxanilər, Səlcuqilər, Qəznəvilər və digərlərinin hökmdarları ali Aşina sülaləsinə aid olmadıqları üçün heç bir zaman legitim şəkildə "xaqan" titulunu özlərinə götürməyə cəsarət göstərməmişdilər. Belə ki, X yüzillikdə Sırdərya Oğuz dövlətinin başçıları "yabqu", XI yüzillikdə onların müsəlman varisləri olan Səlcuqilər ərəb dilindən gələn "sultan", Qaraxanilər "ilək xan" adları ilə kifayətlənməli olmuşdular.

Xəzər xaqanlarından sonra ilk dəfə "xaqan" ("kaan", "kağan") titulunu qəbul etməyə özlərini layiq bilən dövlət başçıları Monqol imperiyasını quran Çingizxan və onun varisləri olmuşdur. Şübhəsiz, onlar bu addımı atmağa özlərinin tam haqqı olduğuna əmin idilər. Çünki Aşina nəslinə mənsub olmasalar da, Türk xaqanlığından sonra ilk dəfə olaraq məhz onlar bütün Avrasiya xalqlarını və Çindən Şərqi Avropaya qədər uzanan əraziləri öz hakimiyyətləri altında birləşdirməklə bəşər tarixində ən geniş və möhtəşəm imperiya yaratmağa müvəffəq olmuşdular. Amma heç şübhəsiz, qədim çöl dövlətçilik təfəkküründən qaynaqlanan bu ənənənin Türk xaqanlığından Monqol imperiyasına ötürülməsində, aradakı bir neçə əsr vaxt fərqinə baxmayaraq, Xəzər dövlətinin mühüm vasitəçi rolu olmuşdur. Bu fakt xəzərlərin ümumi türk tarixindəki özünəməxsus və olduqca önəmli yer tutduğunun göstəricilərindən biridir.

Erkən Orta əsrlər adlandırılan dövr, məlum olduğu kimi, Avropa tarixində "qaranlıq əsrlər" adı ilə tanınır. Çünki Qədim Roma imperiyasının çökməsi ilə antik mədəniyyətin izləri də silinmiş, Avropada "barbar" krallıqlarının dövrü başlamış və xristian təəssübünün təzyiqi ilə ictimai fikirdə azad düşüncə ənənəsi əsrlərlə boğulmağa məhkum edilmişdir. Bu dövrdə Asiya sivilizasiyalarının isə inkişafı və çiçəklənməsi davam edirdi. Bu çiçəklənməyə təkan verən ən ciddi amillərdən biri Asiya qitəsində müxtəlif xalqlar arasında geniş ticari və mədəni mübadilənin mövcudluğu və buna təkan verən Böyük İpək Yolunun fəaliyyətdə olması faktıdır. Ancaq VII-X yüzilliklərdə İpək Yolu ilə bağlı fikirlər söyləndikdə, adətən Çində Tan imperiyasının mədəni intibahı, Şərqi Asiyada isə daha çox Ərəb xilafəti və Bizans imperiyasının önəmindən bəhs edilir. Halbuki, bu dövrdə İpək Yolunun inkişafına və dolayısı ilə bəşər tarixinin gedişatına ən ciddi şəkildə təsir edən böyük imperiyaların arasında Xəzər xaqanlığı da mövcud idi. Avrasiyanın mərkəzində qüdrətli və möhtəşəm dövlət kimi meydana çıxan, sözün əsl mənasında Qərbi Türk xaqanlığının siyası varisliyi missiyasını üzərinə götürən Xəzər xaqanlığı uzun müddət Bizansla və xilafətlə "geosiyasi" rəqabət aparmış, müharibələr etmiş, ittifaqlar qurmuş və beləliklə, bir çox xalqların tarixi taleyinə ciddi təsir göstərmişdir.

Azərbaycan da bunların arasında istisna deyildir. O cümlədən, Şimali Azərbaycan ərazisi xəzər türklərilə ərəblərin çoxsaylı qanlı toqquşmalarına meydan olmuşdur. Lakin bu münaqişənin hər iki imperiyaya nə qədər ziyan gətirdiyini dərk edən Abbasi xəlifələri və Xəzər xaqanları təqribən IX əsrin başlanğıcından, xəlifə Harun ər-Rəşidin dövründən etibarən xristian Bizansa qarşı ittifaq yaratmağın və qarşılıqlı ticari əlaqələrin daha səmərəli və faydalı olacağı fikrinə gəlmişdilər. Bu dönəmdən başlayaraq formalaşan ərəb-xəzər ticari ittifaqı İpək Yolunun marşrutlarının ciddi şəkildə dəyişməsinə, İtil çayı və Xəzər dənizi üzərindən beynəlxalq ticarətin, yəni Şimal-Cənub marşrutlarının sürətlə inkişafına rəvac vermişdir. Bu proses Azərbaycanın tarixi müqəddəratına, ölkənin Araz çayından cənubda və şimalda yerləşən iki hissəsi arasında əlaqələrin genişlənməsi ilə bütövləşməsinə olduqca güclü təkan vermişdi. Belə ki, xəzərlərdən əvvəl biz Azərbaycanın tarixinə nəzər salanda daha çox iki bir-birindən müstəqil Atropatena və Albaniya dövlətləri barədə söz ediriksə, xəzər dövründən sonra həm iqtisadi, həm siyasi, həm ideoloji baxımdan xeyli dərəcədə bütövləşmiş Azərbaycan ölkəsi haqqında danışa bilərik. Xəzərlər dövründə başlayan bu bütövləşmə prosesi sonrakı mərhələlərdə, Səlcuq, monqol, Qaraqoyunlu və Ağqoyunlu, Səfəvi dönəmlərində daha da möhkəmlənərək davam etmişdir. Ancaq bunun başlanğıcına ərəb-xəzər ittifaqının rəvac verməsi unudulmamalıdır ki, tariximizin bu taleyüklü məsələsi F.Əsədovun monoqrafiyasında kifayət qədər açıqlanıb.

1038-ci ildə Böyük Səlcuq imperiyasının yaranması istər Orta Asiya və Yaxın Şərq, istərsə Azərbaycan tarixində bir dönüş nöqtəsi olmuşdur. İslam tarixinə yeni düzən verən, xilafətin həm dini-ideoloji, həm sosial-iqtisadi həyatına mühüm yeniliklər gətirən Səlcuq dövrü Azərbaycanın etnomədəni simasının formalaşmasında da ən önəmli mərhələ olmuşdur. Ancaq Səlcuqilərin, daha doğrusu, onların sələfi olan Sırdərya oğuzlarının tarixinə diqqət yetirəndə onların xəzər dövləti ilə sıx bağlılığını görürük. Bəzi mənbələrdə X yüzillikdə Orta Asiyada Aral dənizinin ətrafı və Xəzər dənizinin şərq sahillərində məskun olan bu oğuzların Xəzər xaqanlığının siyasi təsiri altında olmaları barədə məlumatlar mövcuddur. Oğuzların bu torpaqlar uğrunda digər türk xalqı olan peçeneqlərlə qanlı müharibələr apardıqları, onları Orta Asiyadan sıxıb İtil çayı hövzəsinə çıxardıqları məlumdur. Ancaq bundan sonra da oğuzlar xəzərlərlə birləşərək peçeneqləri daha da qərbə, Qara dəniz sahillərinə və sonradan Balkan yarımadasına köç etməyə məcbur etmişdilər ki, Bizans qaynaqları bu savaşları və onların nəticələrini geniş işıqlandırmışdılar. Beləliklə, Azərbaycan tarixində son dərəcə önəmli rol oynamış oğuzların və onların varisi olan səlcuq türklərinin tarixinin araşdırılması xəzərlərin tarixinə müraciət etmədən mümkün deyildir.

Xəzər tarixinin olduqca cazibəli və eyni zamanda müəmmalı tərəfi təqribən VIII əsrin əvvəllərində xəzər elitasının yəhudi dinini qəbul etməsi faktıdır. Qədim Roma sərkərdəsi Tit eramızın 70-ci ilində Qüds şəhərini tutub yəhudilərin məşhur Yerusəlim (Qüds) məbədini oda verib dağıtdıqdan sonra tarixdə ilk dəfə idi ki, yəhudilik dövlət dini səviyyəsinə yüksəlmişdi. Maraqlı cəhət də məhz ondan ibarətdir ki, bu hadisə Yaxın Şərqdə, Fələstin ərazisində deyil, Avrasiya çöllərinin ortasında baş vermiş və yəhudilərin özləri deyil, bir türk xalqının hökmdarı tərəfindən həyata keçirilmişdir. Tarixdə misli az görünən belə hadisənin səbəblərini araşdırmaq və açıqlamaq o qədər də asan məsələ deyil. Və təsadüfi deyil ki, dünyada bir çox tarixçi, xüsusilə yəhudi əsilli mütəxəssislər bu problemə yüzlərlə əsər həsr ediblər. Etiraf etmək gərəkdir ki, yazılan bu əsərlərin hamısı sırf akademik xarakter daşımır, çünki məlum səbəblərdən bu məsələnin müəyyən siyasi çəkisi də var. Bütün bu geniş elmi ədəbiyyatı gözdən keçirib təhlil etmək problemə müraciət edən tarixçidən xeyli zaman və zəhmət tələb edir.

Təbii ki, xəzərlərin o dövrdə böyük dünya dinləri olan xristianlıq və ya islamı deyil, məhz yəhudiliyi seçmələrinin arxasında ciddi "geosiyasi" səbəblər dayanırdı. Və şübhəsiz, onun nəticələri də istər xəzər xalqının, istərsə də bütün regionun tarixində birmənalı nəticələr verməmişdir. Məlum olduğu kimi, bir türk xalqı olaraq xəzərlərin əksəriyyəti öz qədim dinləri olan Tanrıçılığa ibadət edirdilər ki, bu barədə alban tarixçisi Musa Kalankatuklu öz əsərində məlumat verir. Hərçənd, onların arasında xeyli sayda müsəlman və xristianlığa səcdə edən insanların da olduğu bilinir. Musa Kalankatuklunun yazdığına görə, Alban çarı Varaz-Tiridat yepiskop İsraili xəzərlərin ölkəsinə sülh bağlamaq məqsədi ilə göndərdikdə, bu xristian rahibi orada onların həm həyat tərzi, həm də dini görüş və ayinləri barədə məlumat əldə edə bilmişdir. Müəllifin xəzərlərin dini etiqadlarına bir xaçpərəst təəssübü ilə yanaşmasına, onları "mənfur bütpərəst" kimi dəyərləndirməsinə baxmayaraq, bizim üçün önəmli olan fakt ondan ibarətdir ki, yepiskop İsrail xəzərlərin "Tanrı-xan" adlı Allaha səcdə etdiklərinə, ona qurbanlar kəsdiklərinə və müvafiq ayinləri həyata keçirdiklərinə şahidlik etmişdir.

Bununla belə, artıq tarixi şəraitin tələbləri ilə böyük imperiyalar yaradan bir çox xalqların monoteist dünyagörüşünə üstünlük verdiyi, təkallahlı dinlərdən birini qəbul etdiyi bir dövrdə xəzərlər də bu ehtiyacı hiss etməyə bilməzdilər. Çünki bir çox xalqları özündə birləşdirən Xəzər xaqanlığının ayaqda qalması üçün, onun monolit bir vahidə çevrilməsi üçün daha universal və ümumbəşəri ideologiyaya ehtiyacı var idi. Şübhəsiz, bu məsələdə xəzər elitası olduqca ciddi bir dilemmanın qarşısında durmuşdur. Çünki bu funksiyaları yerinə yetirə biləcək iki dindən - xristianlıq və islamdan - hər biri Xəzər xaqanlığı ilə "geosiyasi" rəqabət aparan imperiyaların - Bizansın və xilafətin - rəsmi dinləri idi. Və onlardan birini qəbul etmək xəzərlər üçün ideoloji baxımdan öz rəqiblərindən birinin təsirinə düşmək, onun kölgəsinə çevrilmək mənasına gəlirdi. Belə bir şəraitdə xəzərlər həddindən artıq gözlənilməz bir addım ataraq yəhudiliyi dövlət dini elan etdilər və beləliklə həm bizanslı xristianlardan, həm də müsəlman aləmindən fərqli bir yol tutdular.

Bir daha qeyd etmək gərəkdir ki, tarixçinin vəzifəsi bu hadisəyə "siyasi" qiymət vermək deyil, onun tarixi nəticələrini dəyərləndirməkdən ibarətdir. F.Əsədovun bu məsələnin təhlilində nümayiş etdirdiyi ciddi elmi və etik münasibət, elmi obyektivlik təqdirəlayiqdir. Çünki qeyd olunduğu kimi, müxtəlif tarixi cərəyanlar və milli tarixi məktəblər tərəfindən bu problemə verilən qiymət birmənalı deyil. Hətta xəzərləri Qərbi Avropada aşkenazi yəhudi icmalarının formalaşmasında əsas etnomədəni ünsür kimi qəbul edən görüşlər də mövcuddur və bu barədə geniş elmi ədəbiyyat var.

Eyni zamanda, etiraf etmək lazımdır ki, əgər xəzərlər yəhudiliyi öz dövlətləri və cəmiyyətlərinin birlik və bütövlüyünün möhkəmləndirilməsi naminə qəbul etmişdilərsə, tarixi baxımdan onlar öz seçimlərində yanılmış oldular. F.Əsədovun doğru olaraq qeyd etdiyi kimi, Avrasiyanın türk mühiti ilə heç bir coğrafi və mənəvi əlaqəsi olmayan yəhudilik, xüsusilə bu dövrdə onun daxilində yayılmış rəbbanilik cərəyanı, nəticə olaraq xəzər cəmiyyətinin bütövləşməsinə deyil, əksinə, parçalanmasına, xəzər türk etnomədəni kimliyinin tədricən zəifləməsinə və eroziyaya uğramasına gətirib çıxardı. Bununla belə, bu gün yəhudiliyə etiqat edən kəraim və qırımçaqlar kimi Qərbi Avropanın bəzi türkdilli xalqları və ya Qafqazda dağ yəhudilərinin vəziyyətini öyrəndikdə istər-istəməz bir daha xəzərlərin dini tarixinə mütləq diqqət yetirməli oluruq.

Son dövr Qafqaz Albaniyasının, sonralar isə Aran və Şirvanın tarixinin, xüsusilə xilafət dövründə Azərbaycanın etnomədəni mühitində türk amilinin güclənməsi məsələsinin tədqiqi də xəzərlərin tarixinə müraciət etmədən qətiyyən mümkün deyil. Yuxarıda da qeyd olunduğu kimi, akademik Ziya Bünyadov bu problemləri öz monoqrafiyasında diqqətlə araşdırmışdır. Xəzərlərin Qafqaz Albaniyasının taleyində oynadıqları önəmli rol danılmazdır. Xəzərlər islamın Qafqazda yayılmasının qarşısında uzun müddət güclü sədd çəkən dövlət olmuş, Alban çarı Cavanşir və onun varisləri ilə sıx siyasi əlaqələr yaratmış, xilafət dövründə Azərbaycanda cərəyan edən önəmli siyasi hadisələr və sarsıntılardan kənarda qalmamışdılar.

Belə ki, VII yüzilliyin ortalarında Cənubi Qafqazda, xüsusilə Albaniyada onların təsiri o qədər artmışdı ki, Alban çarı Cavanşir öz şimal qonşularıyla sülh münasibətləri yaratmaq üçün hətta Xəzər xaqanının qızı ilə evlənməyi və beləliklə, xəzər türklərilə qohum olmağı məqsədəuyğun hesab etmişdir. Musa Kalankatuklunun yazdığına görə, öz ordusu ilə Albaniyaya hücum etmiş Xəzər xaqanı bir çox əraziləri zəbt və talan elədikdən sonra "Cavanşiri görmək istədi və Cavanşirin yanına öz qardaşlarını göndərərək onların vasitəsilə görüş istədi ki, aralarında qardaş məhəbbəti yaransın". Müəllifin qeyd etdiyi kimi, heç İran Sasani hökmdarının qüdrətli "Türküstan çarı", yəni Xəzər xaqanı ilə "üzbəüz çıxmağa cəsarət" etmədiyi bir zamanda, "igid və mərd Cavanşir" özünün on yeddi döyüşçüsü ilə hökmdarın düşərgəsinə gedib onunla görüşdü, xaqanın qızı ilə izdivac qurdu və xəzərlərin əlindəki bütün əsirləri azad edərək "evinə şad ürəklə qayıdıb göz yaşlarını tökdü". Təsadüfi deyil ki, 669-cu ildə Cavanşirin müəmmalı şəkildə öldürülməsindən sonra Xəzər hökmdarı Alp İlitver Alban çarının qisasını almaq üçün çoxsaylı və qüdrətli ordu ilə ölkəyə hücum etmişdir. Təbii ki, bu hadisələrin arxasında yenə də Cənubi Qafqazda Ərəb xilafəti, Bizans imperiyası və Xəzər xaqanlığı kimi böyük güclərin maraqlarının toqquşması və Albaniya kimi nisbətən kiçik dövlətin onların arasında ayaqda qalmaq səyləri dururdu. Ancaq dövrün alban tarixçisi Musa Kalankatuklunun bu olayları Cavanşirin xəzərlərlə qohumluğu nöqteyi-nəzərindən dəyərləndirməsi diqqətə dəyər faktdır və o dövrün ictimai fikrində belə matrimonial münasibətlərə nə dərəcədə yüksək qiymət verildiyini nümayiş etdirir.

Yuxarıda da qeyd edildiyi kimi, xəzərlərin Şimali Azərbaycanın etnik simasının formalaşmasında, burada türk etnomədəni ünsürünün güclənməsindəki rolu tarixşünaslığımızda nisbətən az öyrənilmiş bir problem olaraq qalır. Monoqrafiyada vaxtı ilə akademik Z.Bünyadovla xəzər probleminin tanınmış tədqiqatçısı M.İ.Artamonov arasında xəzərlərin nə qədər zaman kəsiyində Şimali Azərbaycan ərazisində yerləşib burada hakimiyyətdə qalmaları məsələsilə bağlı ciddi diskussiyaların baş verməsi barədə məlumat verilir. Əslində, Sovet dönəmində gedən bu elmi mübahisələrin əsasında olduqca ciddi, müəyyən mənada həm də siyasi bir motiv dururdu. Çünki söhbət Azərbaycan xalqının etnik köklərindən və bu prosesdə türk elementinin rolundan gedirdi. Akademik Ziya Bünyadov öz rusiyalı opponentlərindən fərqli olaraq, xəzərlərin təqribən 150 illik bir dövrdə Şimali Azərbaycanda hakim olduqları tezisini irəli sürməklə, dolayı yolla bu dövrdə türk ünsürünün də cəmiyyətin etnik bünövrəsində ciddi mövqe tutduğu ideyasını müdafiə edirdi. Həqiqətən, xəzərlərin xüsusilə Qafqaz Albaniyasının uzun müddət paytaxtı olmuş Qəbələ şəhəri və ətrafında yerləşdikləri, buradan öz siyasi təsirlərini bütün Cənubi Qafqaza yaydıqları məlumdur. Təsadüfi deyil ki, bu gün Azərbaycan ərazisində xəzərlərlə bağlı bir çox toponimlər mövcuddur - məsələn, Lerik rayonunda Xəzəryaylaq, Ordubad rayonunda Xəzəryurd, Füzuli rayonunda Xəzərdağ, Laçın rayonunda Xəzəllər və s.

Yeri gəlmişkən, eyni problem Şimali Qafqazın türk xalqları, xüsusilə kumık və balkarlar üçün də aktual olaraq qalmaqdadır. Bugünkü Dağıstan və digər Şimali Qafqaz respublikaları ərazisində bir çox türkdilli toponimlərin, o cümlədən Dağıstanın paytaxtı Mahaçqalanın qədim adı olan Tarki (Tarku) şəhərinin və bu toponimin xəzərlərlə bağlı olması diqqətə dəyər məsələdir.

Beləliklə, oxuculara təqdim edilən bu monoqrafiya Azərbaycan şərqşünaslığında və mediyevistikasında vaxtı ilə akademik Z.Bünyadov tərəfindən qoyulmuş aktual bir elmi problemin həllinə həsr edilmişdir. Bu sahədə öz araşdırmalarını uğurla davam etdirən müəllif, heç şübhəsiz, gələcəkdə daha geniş və əhatəli tədqiqat işlərində bütün Avrasiya regionunun, bir çox türk xalqlarının və o cümlədən Azərbaycan xalqının tarixi müqəddəratında son dərəcə önəmli rol oynamış və əfsuslar olsun, günümüzə qədər layiq olduğundan qat-qat az diqqət görmüş Xəzər xaqanlığının tarixinin bir çox digər qaranlıqda qalan məqamlarını işıqlandıracaq.

© Müəllif hüquqları qorunur! Mətndən istifadə etdikdə istinad mütləqdir! 

 


© Müəllif hüquqları qorunur! Mətndən istifadə etdikdə istinad mütləqdir!