Hamlet... həyat - olum və ölüm arasında məsafədir... - Fikrət Qoca

Səhər açılandan insanlar kimi evindən qaçır, kimi evinə qaçır, kimi kökəlməkdən qaçır, kimi qatara gecikməkdən qaçır. Kimi xəstəlikdən qaçır. Hamı tələsir. Bir sözlə, mətləb birdi. Hamı ölümdən qaçır! Amma heç kəs bilmir ki, ölüm hansı səmtdədir. Bəlkə elə ölümün qoynuna qaçırsan? Əslində, bütün dünyada insanlar hamısı böyük bir marafon yarışının iştirakçısıdır. Bu yarışda hər kəs bir dəfə qalib olur, zəfər çalır! Onun əzizləri, qohumları, tanışları onu uğurlamağa, haqqında gözəl sözlər deməyə gəlir. Yarışı başa çatdığı üçün onu marafondan uğurlayıb yola salırlar. Əbədi bir sakitliyə, dincliyə... Qaranlığa, bəlkə də, aydınlığa, bilmirəm...

Saat on birə işləmişdi. İşə qaçmağa hazırlaşırdım.

- Dayan, - dedi - xanımım.

- Buyur...

- Çörəyi yedin?

- Hə.

- Otur.

- İşə gecikirəm. Katiblik var.

- Otur, sakitləş. Bax belə. Gülay zəng eləmişdi. Gözlədim rahat çörəyini yeyəsən, sonra deyim.

- Nə oldu?!

- Hamlet...

Dik qalxdım. Tez özümü ələ aldım. "Sakit ol, sakit ol, sakit ol!". Ürəyimdə öz içimə əmr verirdim. Dərin bir nəfəs aldım, oturdum. Nə gizlədim, səksən yaşımı keçəndən sonra özümlə bacara bilmirəm, kövrək olmuşam. Bilirəm, qarım da mənim üzümə baxmaqdan çəkinir. Hönkürüb ağlamaqdan qorxur. Bu xəbər üç aydır mənim başımın üstündə qılınc kimi asılıb yellənirdi. Mən də hər telefon səsindən, hər qapı zəngindən qılıncın boynuma enəcəyini gözlərimi qırpa-qırpa gözləyirdim, o da oldu! Hamlet Qoca mənim dördüncü qardaşımdı. Fransız dili və ədəbiyyatı üzrə mütəxəssis idi. SSRİ Afrika və Asiya Ölkələri ilə Həmrəylik Komitəsinin əməkdaşı idi. Malidə, Əlcəzairdə tərcüməçi işləmişdi. Daha sonra həmin komitənin Azərbaycanda məsul katibi vəzifəsində çalışmışdı. Müstəqillik dövrümüzdə isə Milli Məclisin Tərcümə şöbəsində çalışırdı. Azərbaycan Yazıçılar Birliyinin üzvü, klassik və müasir fransız ədəbiyyatının Azərbaycanda təqdimi və təbliğinə görə Fransa dövləti onu Fransanın "İncəsənət və ədəbiyyat komandoru" ordeni ilə təltif etmişdi.

Son üç ay idi evdə xəstə yatırdı. Yeriməyi çətinləşmişdi. Sonuncu dəfə onu görməyə getdim. Qonaq otağında gözlədim, yatağından qalxdı, geyinib divardan, mebellərdən tuta-tuta qonaq otağına gəldi.

- Maşallah, yaxşısan - dedim.

- (Gülümsədi). Hə, əməlli-başlı gəzməyə çıxıram bu divar, mebellər yol boyu düzülsə.

- (Mən də gülümsəmək istədim, bacarmadım). Adam yemək yeməyəndə bu hala düşür. Daşdan, divardan, taxtadan imdad umur.

Hamletin həyat yoldaşı Tünzalə xanım həkimdi. Sözü havada tutdu:

- Fikrət qardaş düz deyir. Ən güclü dərman yeməkdi. Mən sizə bir şey hazırlayım mətbəxdə.

Hamlet zorla gülmək istədi:

- Yox, çəkimi azaltmaq istəyirəm, adamların çiynini ağırlığım əzməsin - dedi.

- Acından sənin yumorun da acılaşıb, - dedim. - Otur.

Mən anladım ki, zarafat eləmək istəyir. Amma bu zarafat boğazımdan keçəndə elə yandırdı, elə bildim, qulaqlarımdan tüstü çıxır. Düşündüm, balaca qardaşımın başı marafona elə qarışıb, gəlib məni də keçib. Öz finişinə çatır. Düşündüm, onun kədərli zəfərini yaxın vaxtda qeyd etməli olacağıq. Susdum. Özümə təsəlli verməyə başladım. Həyat yoldaşım Raya da "Hamlet" deyib sonrasını gətirmədi. Yaxşı bilirdi ki, onu başa düşdüm. O da üzümə baxmaqdan çəkinirdi.

- Tez yığış, gedək - dedim.

Uzun illər azadlıqdan məhrum edilmiş insan zindandan qaçdığı kimi, yanımdan yataq otağına qaçdı. Mən də azadlıq tapdım. Özümə təsəlli verməyə başladım. Əslində, mən yaşamıram ki, ömrüm boyu içimdəki dəcəl bir uşağı tərbiyə edə-edə, qocaltmaqla məşğulam, özünə təslim olmuş qulam. Belə anlarda həmişə də ordan başlayıram ki, insan özü boyda bir enerjidir. Elmə çoxdan məlumdur ki, enerji ölmür, şəklin dəyişir. Gündəlik həyatımızda buna özümüz də dəfələrlə şahid oluruq. Görürük, amma görüb-götürmürük, dərs almırıq. İpəkqurdunun yetişdirməsini hər birimiz görmüşük. Hətta ölməz müğənnimiz Bülbülün sevimli mahnısında "Bəsləsən, atlas olar tut yarpağından" - deyilirdi. Həmin o qurdu yarpaqla bəsləyirlər, yeyir, böyüyür, qurd öz boyuna kəfənini biçir. Özü kəfənində qalır, ölür. Vaxt keçir, baramanın içində qurd dirilir, baramanı özü deşib çıxır. Artıq sürünən qurd deyil, gözəl bir kəpənəkdir, uçur. Amma enerji həmişə enerjidir.

- Hə, mən hazıram, gedək.

Mən də artıq hazır idim. Kiçik qardaşım  məndən irəli düşüb, marafonun bugünkü qalibi odur.

- Gedək alqışlayaq.

- Hay?

- Heç, başım çaşıb, arvad.

- Çaşar da...

© Müəllif hüquqları qorunur! Mətndən istifadə etdikdə istinad mütləqdir!

 


© Müəllif hüquqları qorunur! Mətndən istifadə etdikdə istinad mütləqdir!