Heydər Əliyevin ədəbiyyat sevgisi: təşəkkül və özünüifadə - Tehran Əlişanoğlu - Müxbir üzvün qeydləri

 

Heydər Əliyevin ədəbiyyata, ədəbi mühitə marağı son dərəcə böyük sənət və ədəbiyyat sevgisindən doğmuşdur. Ulu öndər ədəbiyyatın xalqın, millətin həyatında əvəzsiz olduğunu çıxışlarında dəfələrlə vurğulamışdır: "Ədəbiyyat bizim xalqımıza çox böyük faydalar gətiribdir. Ədəbiyyatımız bizim böyük milli sərvətlərimizdən biridir. Biz bununla fəxr etməliyik. Şəxsən mən həmişə belə hesab etmişəm, bu gün də belə hesab edirəm, daim belə düşünəcəyəm. Hesab edirəm ki, bizim ədəbiyyatımızın, bədii sözün, yazıçı sözünün cəmiyyətə, millətə, xalqa təsiri böyükdür".

Heydər Əliyev ədəbiyyatın, eyni zamanda hər bir insanın, ayrıca fərdin həyatında misilsiz rolunu məxsusi vurğulayırdı: "Şübhəsiz ki, insanlara şeir qədər, ədəbiyyat qədər, mədəniyyət nümunələri qədər güclü təsir edən, yəni insanların mənəviyyatına, əxlaqına, tərbiyəsinə, fikirlərinin formalaşmasına bu qədər güclü təsir göstərən başqa bir vasitə yoxdur...".

Heydər Əliyev ədəbiyyat və sənətin öz həyatı və taleyində mühüm rolu və iştirakını da minnətdarlıqla anırdı: "Birincisi, şəxsən mən ədəbiyyatı çox sevən adamam və gənc vaxtlarımdan, hətta uşaqlıqdan, məktəbdə ilk ədəbiyyat nümunələrini oxuyandan ədəbiyyatı sevmişəm. Bu gün sizə deyə bilərəm ki, şəxsən mənim bir insan kimi formalaşmağımda, təhsilimdə, əxlaqımda, mənəviyyatımda ədəbiyyatın, mədəniyyətin çox böyük rolu olmuşdur. Mən orta məktəbdə oxuyarkən Azərbaycan şairlərinin, yazıçılarının bütün əsərlərini sevə-sevə oxumuşdum, onları bu gün də unutmamışam... Yəni onlar mənə təsir edib, mən onlardan bəhrələnmişəm, mənəvi qida almışam, ədəbiyyatla, mədəniyyətlə daim bağlı olmuşam..." (Heydər Əliyev, Ədəbiyyatın yüksək borcu və amalı. Bakı, "Ozan", 1999, s. 413-414).

Hələ uşaqlıq çağlarından qeyri-adi istedadı, universal bacarıqları ilə seçilən Heydər Əliyevin ilkin ədəbiyyat sevgisi də erkən təzahür etmişdir. Ulu öndərin bioqrafı Elmira Axundova "Heydər Əliyev: şəxsiyyət və zaman" tədqiqatında (6 cilddə. I cild, Bakı, "Ozan", 2007) həmin məqamları çoxsaylı xatirələr, faktlar, təhlillər əsasında təfərrüatlı araşdırır.

Heydər Əliyevin ədəbiyyata və bütövlükdə sənətə böyük sevgisi orta məktəbdə oxuduğu illərdən, üzvü olduğu çoxsaylı dərnəklərdən başlayır. Bu barədə roman-tədqiqatda "Heydər Əliyevlə bir sinifdə oxuyan, hətta bir müddət eyni parta arxasında oturan" Azərbaycanın xalq artisti Zəroş Həmzəyeva xatırlayır: "Məktəbdə biz səylə oxuyur, çoxlu bədii ədəbiyyat mütaliə edir, Nizami Gəncəvidən tutmuş o dövrdə gənclərin sevimlisi olan Səməd Vurğun, Süleyman Rüstəm kimi cavan şairlərin əsərlərini əzbər öyrənirdik. Biz incəsənətə maraq göstərir, təbiəti sevir, öz diyarımızın, Azərbaycanın tarixini yaxşı bilirdik. Heydər aramızda qabiliyyət cəhətdən birinci idi, o, hər şeyi hamımızdan yaxşı bilir, hamımızdan yaxşı oxuyurdu..." (E.Axundova, s. 56).

Qardaşı Aqil Əliyev məktəb illərində Heydər Əliyevin mütaliə dairəsinin genişliyindən söz açır: "Heydər çox mütaliə edirdi, o vaxtlar əldə edilə bilən bütün bədii ədəbiyyatı oxumuşdu. Evimizdəki dolab kitab ilə dolu idi. O, kitabları ya mağazadan alır, ya da kitabxanadan gətirirdi. Özü də oxuyurdu, biz də. Bu, Azərbaycan dilində olan kitablardı. Sonra isə o, rus dilində kitablar gətirməyə başladı. Bu hələ onun orta məktəbdə oxuduğu vaxtlar idi. Yadımdadır ki, o, rus dilində Hötenin "Faust" əsərini gətirmişdi. Onun bu kitabı necə maraqla oxuduğunu görüb mən də həvəsləndim, ancaq tezliklə bu fikrimdən vaz keçdim, çünki heç bir şey başa düşmürdüm. Heydər ədəbiyyatı çox sevir, onu həm oxuyur, həm də yaxşı qavrayırdı..." (E.Axundova, s. 55).

Ulu öndərin bioqrafiyasında ədəbiyyatla bağlı məqamlarda belə bir ilahi sirrə yozulası fakt da məxsusi diqqət çəkir. Heydər Əliyevin doğulub boya-başa çatdığı, "uşaqlıq illərini keçirdiyi" küçə ədəbiyyat dühalarından biri Aleksandr Sergeyeviç Puşkinin adını daşıyır. Həmin məqamı ulu öndər özü yada salıb vurğulayır: "Puşkin küçəsi budur. Bu küçə axıra qədər, Şahab məhəlləsinə qədər Puşkin küçəsidir. Özü də deyə bilərəm ki, Puşkin küçəsi yuxarıdan Əlixan məhəlləsindən gəlib keçir və Şahab məhəlləsinin axırında qurtarır. Mən sonralar bəzən deyirdim ki, bu küçəyə Puşkinin adı nə vaxt verilibdir. Puşkinin anadan olmasının 100 illik yubileyi ilə əlaqədar Naxçıvanın mütəfəkkir adamları, gərək ki, o vaxt Sidqi, başqa bir-iki nəfər də olmuşdu, şairə öz münasibətlərini bildirmək üçün bu böyük küçəni Puşkin küçəsi adlandırmışlar. Mən də burada doğulmuşam..." (E.Axundova, s. 33).

Ola bilsin ki, tarixin məntiqindən, burada bir "sirr" yoxdur. Azərbaycanın qədim və ulu mədəniyyət ocaqlarından biri olmaqla yanaşı, XIX əsrin sonları, XX əsrin əvvəllərində Naxçıvan şəhəri həm də zəmanənin, sivil dünyanın izlərini, tendensiyalarını özündə daşıyır, Azərbaycanda cərəyan edən maarifçilik hərəkatının mühüm mərkəzlərindən birini təmsil edirdi. Amma hər bir insan bioqrafiyası, sadəcə, tarixin xronologiyasından yaranmır, taleyin sirri məhz o ilahi məqamlardadır ki, həmin xronolojidən bu və ya digər faktları, hadisələri, bəlirləri alıb özündə qapsayır, sırasını cızır.

Bu baxımdan roman-tədqiqatda Elmira Axundova həssaslıqla Heydər Əliyevin iki böyük ədəbiyyat sevgisi - Hüseyn Cavid və Cəlil Məmməqduluzadə sənətinə marağının yaranmasında həmin maarifçilik mühitinin roluna diqqət çəkir. Məsələ burasındadır ki, "Heydər Əliyevə Pedaqoji Texnikumda Azərbaycan dili və ədəbiyyatından dərs demiş sevimli müəllimi Lətif Hüseynzadə" vaxtilə Hüseyn Cavidin çalışdığı "Rüşdiyyə" məktəbində təhsil almışdı: "O illərdə Hüseyn Cavid Naxçıvanda yaşayırdı. O, məktəbimizdə ədəbiyyat nəzəriyyəsindən dərs deyirdi, bizi türk klassik poeziyasından nümunələrlə tanış edirdi. Biz Tofiq Fikrətdən, Namiq Kamaldan, Əbdülhaq Hamiddən əzbər şeirlər deyirdik..." (E.Axundova, s. 50). Lətif Hüseynzadə bu sevgini sevimli şagirdinə də ötürə bilmişdi. 1994-cü il noyabrın 2-də Türkiyə parlamentində dahi Azərbaycan şairi Məhəmməd Füzulinin 500 illik yubileyi zamanı Heydər Əliyev həmin məqamı belə vurğulayır: "İndi, ola bilər böyük bir sirr deyil, açım, o vaxtlar mən türk dili lüğətini, türk dili dərsliyini götürmüşdüm - türk dilini öyrənirdim. Bunu da açıq deyə bilərəm ki, müəllim də var idi, bir müddət - iki-üç il mənə türk dili öyrətdi. Türkiyənin tarixini öyrənirdim, şairlərini öyrənirdim... Əbdülhaq Hamid, Tofiq Fikrət və bir neçə başqaları bizim o vaxt, orta məktəbdə oxuduğumuz illərdə ədəbiyyat dərsliklərimizə daxil idi. Ədəbiyyat dərsliklərində Türkiyənin bu böyük yazıçı və şairlərinin rəsmləri indi də gözümün qabağındadır..." (Heydər Əliyev, Ədəbiyyatın yüksək borcu və amalı, s. 223-224).

Lətif Hüseynzadə roman-tədqiqatda gənc Heydər Əliyevin Hüseyn Cavidə məxsusi sevgisini də yada salır, "danışır ki, onun sevimli şagirdi Cavidin "İblis" və "Şeyx Sənan" pyeslərindən istənilən parçanı çaşmadan əzbərdən söyləyə bilirdi...". Bu faktı əsərdə məktəb yoldaşlarından İbrahim İsmayılov da xatırlayır: "Heydər bədii ədəbiyyatı, xüsusilə poeziyanı çox sevirdi. Hüseyn Cavid, Mikayıl Müşfiq... Sonralar Səməd Vurğun, Məmməd Rahim kimi şairlərin əsərlərindən nümunələr gətirməyi çox xoşlayırdı" (E.Axundova, s. 64). Məhz həmin sevginin gücü idi ki, bütün həyatından keçirib, Heydər Əliyevə 1982-ci ildə, dahi şairin cənazəsini uzaq Sibirdən gətirib doğma torpağında dəfn etməyə təpər vermişdi: "Bu, böyük iradə, cəsarət tələb edirdi. Ancaq xalqımıza, millətimizə, tariximizə, mədəniyyətimizə, ədəbiyyatımıza, mənəviyyatımıza olan sədaqət mənə belə bir cəsarət göstərməyə imkan verdi. Mən bunu etdim...". Və məhz həmin əbədi sevgiydi ki, 1990-cı ilin iyun ayında uzaq Moskvadan doğma Naxçıvana qayıdarkən, ulu öndər Vətən torpağına ziyarətini buradan başlamışdı: "Mən isə dedim ki, ilk addımımı Hüseyn Cavidin məzarının üzərinə doğru atacağam. Belə də oldu. Buraya gəldim, Hüseyn Cavidin qəbrini ziyarət etdim...".

Heydər Əliyevin Cəlil Məmmədquluzadə irsinə ilk təması və sevgisi də gənclik dövrünə təsadüf edir. "30-cu illərin əvvəllərində "Molla Nəsrəddin"in illüstrasiyalı nömrələri, demək olar ki, hər bir naxçıvanlının evində var idi. Aqil Əliyev xatırlayır ki, böyük qardaşları Həsən və Hüseyn bu jurnalın onlarla nömrəsini alıb evdə iri qutularda saxlayırdılar. Pedaqoji Texnikumda oxuyarkən Cəlil Məmmədquluzadənin Naxçıvan Dram Teatrında uğurla tamaşaya qoyulmuş "Ölülər" pyesi ilə tanış olandan sonra gənc Heydər sözün həqiqi mənasında sarsıntı keçirdi..." (E.Axundova, s. 64) 1990-cı ilin sonunda həmin təəssüratlar barədə Elmira Axundovaya Heydər Əliyevin özü danışır: "Bu yazıçını mən gənclik çağlarımdan tanıyıram və sevirəm. Onunla ilk tanışlıq məktəb dərsliyindəki "Poçt qutusu" hekayəsi ilə başlayır, hekayələrini, "Danabaş kəndinin əhvalatları" povestini dəfələrlə oxumuşam. Ancaq məndə ən çox təəssürat oyadan "Ölülər" pyesi oldu. Yuxarı siniflərdə oxuyarkən mən teatra böyük maraq göstərir, tez-tez yerli dram teatrının tamaşalarına gedib baxırdım... Beləliklə, teatrımız Mirzə Cəlilin "Ölülər" pyesini tamaşaya qoydu və mən də böyük məmnuniyyətlə bu tamaşaya bir neçə dəfə baxdım. Yadımdadır ki, Kefli İskəndər obrazını İsa Musayev, Məşədi Oruc surətini Miribrahim Həmzəyev oynayırdı. "Ölülər" pyesi dərin fəlsəfi əsərdir. Öz fəlsəfi siqlətinə görə, o, Azərbaycan ədəbiyyatının dramatik əsərləri arasında ilk cərgədə durur. Eyni zamanda onu digər əsərlərdən fərqləndirən cəhət dərin milli ruhu, xəlqiliyidir..." (E.Axundova, s. 64-65).  

Mirzə Cəlil sevgisini də bütün ömründən keçirən ulu öndər, müstəqil Azərbaycan dövlətinin rəsmi ideologiyası olaraq azərbaycançılığı formalaşdırarkən, ədibin bu sahədə fikir və xidmətlərini birincilər sırasında xatırlamışdır: "Ona görə də Cəlil Məmmədquluzadənin yaradıcılığı, əsərləri bu gün bizim milli ideologiyanın formalaşmasına, yaranmasına və onun konsepsiyasının elmi şəkildə hazırlanmasına çox kömək edə bilər və çox kömək edəcəkdir..." (Heydər Əliyev, Ədəbiyyatın yüksək borcu və amalı, s. 243). 1994-cü ilin dekabrında Cəlil Məmmədquluzadənin 125 illik yubileyindəki geniş və parlaq nitqində "Cümhuriyyət" əsərini təfərrüatlı şərh edərək: "onun yazılarında cümhuriyyət anlayışı bu gün bizim quracağımız demokratik, hüquqi dövlət prinsipləri ilə bir səsləşir... Biz bu gün bu prinsiplər əsasında demokratik hüquqi dövlət yaratmaq istəyirik, demokratik hüquqi cəmiyyət yaratmaq istəyirik..." - söyləmiş və böyük klassikin arzularını həyata keçirməyə nail olmuşdur.

Heydər Əliyevin ədəbiyyata maraq və sevgisinin formalaşmasında digər klassiklərin rolu və yeri heç də az olmamışdır. 1994-cü ilin avqustunda Məhəmməd Füzulinin 500 illik yubileyi üzrə Dövlət Komissiyasının iclasındakı çıxışında ulu öndər xatırlayırdı: "Füzuli başqa ölkələrdə də məşhurdur. Lakin onu azərbaycanlılar qədər özününkü sayan yoxdur. Məsələn, xatirimdədir, 30-cu illərin ortalarında mən orta məktəbdə oxuyarkən Füzuli ilə bağlı tədbirlər keçirilir, Füzuli təbliğ olunurdu. Yaxud həyatımla bağlı bir şeyi qeyd etmək istəyirəm. Gənclikdə rəssamlığa böyük həvəsim var idi. Mənim çəkdiyim ilk rəsmlərdən biri Füzulinin portreti olmuşdur. Təxminən 1936-37-ci illərdə məktəbimizdə şagirdlərin rəsmlərindən ibarət sərgi təşkil etmişdilər. O vaxtlar belə şeylərə çox fikir verirdilər. Mənim çəkdiyim portret müsabiqədə birinci yer tutmuşdu. Əlbəttə, mən onu rəssamlıq əsəri adlandırmaq fikrində deyiləm, o, sadəcə olaraq, rəssamlığa həvəs göstərən gəncin çəkdiyi şəkil idi" (Heydər Əliyev, Ədəbiyyatın yüksək borcu və amalı, s. 204-205).

Gənc Heydər Əliyevin rəssamlıq çalışmalarında(n) ədəbiyyat sevgisi bütöv bir xətlə keçir. Roman-tədqiqatda E.Axundova yazıçı Elçinlə söhbətindən belə bir epizodu təqdim edir: "Heydər Əliyevin ədəbiyyata, yaradıcılığa xüsusi meyli vardı. O, bir dəfə mənə dedi: "Bilirsən, həyatımın ən xoş günü ilk dəfə nə vaxt olub? Karandaşla Tolstoyun portretini çəkdiyim gün. Bu sevinc hissi indi də mənim qəlbimdədir" (E.Axundova, s 69). Heydər Əliyevin sinif yoldaşlarından Dövlət Məmmədovun xatirələrindən də belə bir məqam keçir: "Heydərlə mən təsviri sənət dərnəyində məşğul olurduq, müəllimlərimiz bizə tapşırıqlar verirdilər. Yadımdadır ki, Heydər Puşkinin Danteslə duelini, Natalya Qonçarovanın portretini çəkmişdi. Bu şəkilləri yığıb pedaqoji texnikumda sərgi təşkil etmişdilər. Heydər həmişə birinci, mən isə ikinci, ya da üçüncü yeri tuturduq..." (E.Axundova, s. 70).

Gənc Heydər Əliyevin ədəbiyyat sevgisi, təbii ki, yalnız klassiklərə münasibətdə deyil, müasiri olduğu şair və yazıçıların yaradıcılığına maraqda da özünü göstərir: "Texnikumda Heydər Əliyevlə eyni kursda oxuyan Səfərəli Babayev o günləri belə xatırlayır: "Heydər Əliyev texnikumda təşkil edilən bütün tədbirlərdə mütləq iştirak edirdi. O, səhnəyə çıxıb gur səslə, aydın tələffüzlə Süleyman Rüstəmin məşhur şeirindəki "Çapayev çapa-çapa" misralarını söyləyəndə tələbə və müəllimlərlə ağzınadək dolu olan zal sükuta qərq olurdu..." (E.Axundova, s. 63).

Heydər Əliyevin müasir ədəbiyyatı ilk gəncliyindən, yaşadığı Naxçıvan mühitində dərindən mənimsədiyindəndir ki, həyatı boyu onu qiymətləndirmiş, ölkə rəhbəri olduğu dövrlərdə inkişafına çalışmış, müstəqillik dövründə çönüb arxaya baxanda da ən düzgün tarixi dəyərini verə bilmişdir. Azərbaycan yazıçılarının 1997-ci ildə keçirilən X qurultayında ulu öndər deyirdi: "Biz, eyni zamanda, 63 il müddətində - 1934-cü ildən indiyədək yazıçılar qurultaylarının keçdiyi yolu da yüksək qiymətləndirməliyik. Biz bunu heç vaxt unutmamalıyıq. Bu gün natiqlərdən biri, gərək ki, Qabil müəllim dedi, o söylədi ki, Bəxtiyar müəllim rəyasət heyətində dedi ki, vaxtilə burada Səməd Vurğun, Süleyman Rüstəm, Süleyman Rəhimov, Rəsul Rza, Mehdi Hüseyn və başqaları əyləşirdilər, indi biz əyləşmişik. Bəli, onların hər biri çox böyük yazıçı, şair, şəxsiyyət olub. Onlar XX əsr Azərbaycan ədəbiyyatının yaranmasında böyük xidmətlər göstəriblər...".

Müasiri olduğu şair və yazıçıların hər birinin yaradıcılığı ilə yanaşı, şəxsiyyətinə, fəaliyyətinə də yüksək dövləti səviyyədə dəyər verən Heydər Əliyev, eyni zamanda xatirələrinə ehtiramla yanaşmış, canlı klassiklərlə ünsiyyətdə olduğu məqamları, görüşləri, anları böyük sevgi və riqqətlə anmışdır. 1995-ci il aprelin 16-da Məmməd Arazın yaradıcılıq gecəsindəki çıxışında ulu öndər deyirdi: "Bəs bu insanları unutmaq olarmı? O insanlar bir gündə yetişməyib axı! Süleyman Rüstəm kimi adam, Səməd Vurğun kimi adam on illər ərzində yetişirlər. Azərbaycanın tarixi bunların tarixidir, bunların həyatıdır...".

Müstəqillik illərində Süleyman Rüstəmin 90 illik yubileyini yüksək dövlət səviyyəsində keçirən ulu öndər deyirdi: "Süleyman Rüstəm öz xasiyyəti, yaradıcılığı ilə çox hərarətli bir insan olubdur. Mənim xatirimdədir, ona "alovlu şair" deyirdilər. Bu, həqiqətən də belə idi. Həyatda da belə idi. Çox mərd insan idi. Mən onun şeirlərini orta məktəbdə sevə-sevə oxumuşam. Süleyman Rüstəmin əsərlərini gənc vaxtlarımda oxuyaraq onlardan böyük mənəvi qida almışam. 70-80-ci illərdə Süleyman Rüstəmlə bir yerdə işlədiyimiz zaman da mən həmişə onu böyük bir insan kimi görmüşəm. Xalqımız ona hörmət edibdir. O da həmişə xalqına, millətinə sadiq olubdur, böyük hörmət və ehtiramla yanaşıbdır...".

1990-cı illərin əvvəllərində sovet dönəmi milli-mənəvi irsinə yanlış mövqedən qiymət verənlərə Heydər Əliyev yaşanmış tarixin öz məntiqi ilə cavab verirdi: "Bilirsiniz, indi bəziləri deyirlər, o, komsomol şeiri yazıb. Amma xalqımızı oyatmaq üçün Təbriz həsrəti ilə nə qədər şeirlər yazıb. Onun Şəhriyarla, Səhəndlə yazışmaları... Bax, bunların hamısını unutmaq olmaz... Süleyman Rüstəm hansı mövzunu götürsə, yazıbdır. Özü də ürəkdən, qəlbdən yazıbdır. Çox böyük vətəndaş, böyük insan olubdur. Ona görə də biz bunların yubileylərini qeyd etməliyik və gələcəkdə də bu məsələləri yaddan çıxarmamalıyıq..." (Heydər Əliyev, Ədəbiyyatın yüksək borcu və amalı, s. 257).

Heydər Əliyevin Səməd Vurğun poeziyası, sənəti, şəxsiyyətinə dərin sevgisi, ali münasibəti müasir ədəbiyyat haqqında az qala bütün çıxışlarından keçir. 1995-ci ilin dekabrında Yusif Səmədoğlunun 60 illik yubileyindəki çıxışında ulu öndər etiraf edir: "Gənc vaxtlarımdan Səməd Vurğunun şeirlərini, əsərlərini sevərək, onların təsiri altında həm təhsil almışam, həm formalaşmışam. Ona görə də onun ədəbi irsinə Azərbaycanda həmişə böyük hörmət edilməsi üçün və ondan istifadə olunması üçün bütün imkanlardan istifadə edib lazımi tədbirlərin görülməsinə çalışmışam...". Məktəb illərindən şeirləri ilə nəfəs alıb böyüdüyü, səhnə əsərlərinə valeh olduğu Səməd Vurğunu şəxsən görmək də ulu öndərə müyəssər olmuşdur: "Biz gənclər vaxtilə Səməd Vurğunu sadəcə olaraq görməkdən özümüzü xoşbəxt hesab edirdik ki, Səməd Vurğunu haradasa gördük, dinlədik, eşitdik. Biz o illərdə bax belə yaşamışıq...".   

1997-ci ilin martında, böyük şairin 90 illik yubiley təntənələrinin zirvə toplantısındakı nitqində Heydər Əliyev dərin təhlil və dəyərləndirmə ilə yanaşı, xatirələrini də anır: "Xatirimdədir, 1952-ci ildə Opera və Balet Teatrının binasında Azərbaycan ziyalılarının iclası keçirildi. Azərbaycanın o vaxtkı rəhbəri də ziyalılara çox təzyiq edirdi. Səməd Vurğuna söz verildi. Onun o çıxışı qulağımda bugünkü kimi səslənir. Səməd Vurğuna söz veriləndə salona toplaşanlar onu çox böyük hərarətlə qarşıladılar. Səməd Vurğun çox dərin məzmunlu və həyəcanlı bir nitq söylədi. Həmin nitq, yəqin, haradasa dərc olunub və onu oxuyanlar bunları bilirlər. Onun o nitqi də məhz Azərbaycanın ədəbiyyatına, mədəniyyətinə, ziyalılarına aid qayğılarla dolu idi. O vaxt ona iki-üç dəfə replika verdilər, amma Səməd Vurğun hər dəfə də əyilmədi, sınmadı, iradəsini itirmədi, öz nitqini mərd-mərdanə, böyük iftixar hissi ilə başa çatdırdı. Səməd Vurğun o vaxt bizim hamımız üçün nümunə - xalqına, millətinə, ölkəsinə, vətəninə sədaqətlilikdə nümunə idi. Səməd Vurğun Azərbaycanı, öz xalqını, öz dilini nə qədər sevirdi! Bunları hər dəfə yada saldıqca insan coşur, həyəcanlanır..." (Heydər Əliyev, Ədəbiyyatın yüksək borcu və amalı, s. 365). Bu xatirə və anılarda ədəbiyyat və sənətə ülvi duyğularla, ürəkdən bağlı olan gənc Heydər Əliyevin özünün də obrazı görünür.

Ulu öndər Heydər Əliyevin ədəbiyyat və sənət sevgisinin mənbələrindən daha biri teatra böyük həvəs və marağı olmuşdur. Elmira Axundova roman-tədqiqatında göstərir ki, hələ 1883-cü ildə M.F.Axundzadənin "Hekayəti-Müsyö Jordan həkimi-nəbatat və Dərviş Məstəli Şah cadukuni-məşhur" tamaşası ilə əsası qoyulan Naxçıvan teatr mühiti 1920-1930-cu illərdə qaynar dövrünü yaşayır. "Heydər Əliyevin qardaşı danışır ki, Naxçıvan teatrının tamaşalarına bilet tapmaq mümkün deyildi. Heydər teatr aləmindəki əlaqələri hesabına bilet və ya kontramarka əldə edir və kiçik qardaşlarını, demək olar ki, hər axşam teatra aparırdı. 30-cu illərdə Naxçıvanda klassik əsərlər səhnələşdirilirdi - Şekspirin "Otello" və "Hamlet", Şillerin "Qaçaqlar", Qoqolun "Müfəttiş" və s. əsərlər, Azərbaycan dramaturgiyasına gəlincə, Cəlil Məmmədquluzadənin əsərləri ilə yanaşı, gənclərin beyinlərinə və əhvali-ruhiyyələrinə istedadlı sovet dramaturqu Cəfər Cabbarlının pyeslərinin qəhrəmanları da güclü təsir göstərirdi..." (E.Axundova s. 74-75). Müstəqillik dönəmində 1993-cü ilin 21 sentyabrı, Azərbaycan ziyalıları ilə ilk görüşündə Heydər Əliyev milli keçmişə dəyər verərkən, xatırlayırdı: "Cəfər Cabbarlı sovet dövründə ən böyük əsərlər yazmış adamdır. Bizim nəslin əksəriyyəti onun əsərləri ilə tərbiyə olunmuşdur. "Od gəlini", "Yaşar", "Almaz", "1905-ci ildə", "Oqtay Eloğlu", "Solğun çiçəklər", "Füruzə" və s. nə qədər gözəl əsərlərdir!" (Heydər Əliyev, Ədəbiyyatın yüksək borcu və amalı, s. 187). 

Gənc Heydərin "teatr aləmindəki əlaqələri" isə daha əvvəldən yaranmışdı. O, digər dərnəklərlə yanaşı, Telman adına klubda "professional aktyorların və rejissorların rəhbərlik etdiyi çox gözəl dram dərnəyi"nin də fəal üzvü olmuşdur. "Bir gün dərnəyin rəhbəri İbrahim Həmzəyevin diqqətini zərif üz cizgiləri olan boy-buxunlu yeniyetmə cəlb etdi. O, klubun daimi tamaşaçısı olan bu cavan oğlandan hər hansı bədii əsərdən bir parça ifa etməyi xahiş etdi. Oğlanın gur səsi və aydın tələffüzü rejissoru elə heyran etdi ki, o, məşq etdikləri tamaşada əsas rolu ona tapşırdı. Beləliklə, Heydər Əliyev Həmzəyevin həvəskar truppasında əsas aktyorlardan biri, İbrahim Həmzəyev isə gənc Heydərin sevimlisi və qürur mənbəyi oldu". Dövrün "teatr ehtirasları" hətta gənclərin əyləncə saatlarına da sirayət edir. Heydər Əliyev dostu, Naxçıvan Ədliyyə nazirinin oğlu Qasımla, onların yaşadığı, "şəhərdə Humay xanımın evi kimi məşhur olan ikimərtəbəli imarətin zirzəmisində əsl "teatr klubu" yaradır: "Aqil Əliyev xatırlayır ki, onlar həmin zirzəmidə səhnə düzəltmiş, ona pərdələr asmışdılar. Yeniyetmələr tamaşalardan səhnələr oynayır, şeirlər söyləyirdilər. Onların "əldəqayırma" nəfəs alətləri orkestri də vardı..." (E.Axundova, s.75-76).

Başqa bir xatirədə, Qasımın bacısı Roza Hacıyeva isə Heydərlə Qasımın tətillərdə qonaq getdikləri dağlıq Urud kəndində "kənd uşaqlarını ətraflarına toplayıb tamaşa göstərmələri"ndən söz açır: "Biz dördillik Urud məktəbində səhnə düzəldib orada teatr göstərirdik. Bu tamaşalarda mən də iştirak edirdim. Bir neçə dəfə Heydərlə tərəf-müqabil də olmuşam. Heydər özü tez-tez bu və ya digər tamaşanın quruluşçu rejissoru olurdu. Çox ciddi repertuarımız vardı: Şillerin "Qaçaqlar"ını, M.F.Axundovun "Lənkəran xanının vəziri"ni, S.Vurğunun "Vaqif"ini, M.İbrahimovun "Həyat"ını tamaşaya qoyurduq. Yadımdadır ki, Heydər Qacarı oynayırdı. Özü də yüksək hiss-həyəcanla, böyük emosionallıqla".

Heydər Əliyevin həyatında teatrın rolu heç zaman səngiməmişdir. "Ömrünün sonunadək o, Azərbaycan teatrlarının bütün premyeralarına, eləcə də Bakıya gələn xarici kollektivlərin tamaşalarına baxırdı. Bir sözlə, teatra olan gənclik məhəbbətinə o, heç vaxt xəyanət etmədi" (E.Axundova, s. 78). Buna ulu öndərin Azərbaycan teatrı barədə, ayrı-ayrı sənətkarlar haqqında, teatr xadimləri və ədəbi-mədəni ictimaiyyətlə çoxsaylı görüşlərdəki çıxışları, "teatr xatirələri" əyani şahidlik edir. 1994-cü ilin avqustunda Məhəmməd Füzulinin 500 illik yubileyini hazırlayan komissiyanın yığıncağında, Heydər Əliyev teatrın Azərbaycan xalqının həyatında mühüm rolunu yada salarkən əvvəlki illərə ekskurs edir: "Mən yenə də şahidi olduğum şeylərdən danışmaq istəyirəm. 1941-ci 1945-ci illərdə Bakıda Dram Teatrı da, Opera Teatrı da, Rus Dram Teatrı da, Gənc Tamaşaçılar Teatrı da, Musiqili Komediya Teatrı da işləyirdi. Yadımdadır, müharibə illəri ərzində Naxçıvan kimi ucqar bir yerdə teatr daim fəaliyyət göstərirdi...".

Səməd Vurğunun 90 illik yubileyində ulu öndər 1930-cu illərdə "Vaqif" tamaşasının xalqın həyatında oyatdığı milli ruh yüksəkliyini yada salırdı: "Biz 1873-cü ildə Şərqdə ilk dəfə yaranmış Azərbaycan teatrı ilə, onun tarixi ilə həmişə fəxr etmişik, edirik. Ancaq Azərbaycan Dram Teatrının tarixində "Vaqif" pyesi bir inqilab oldu. O illəri yaşayan adamlar xatırlamalıdırlar - bu, mənim də xatirimdədir - həmin tamaşa o vaxt bir inqilab oldu. Azərbaycan teatrının ən parlaq səhifələrindən biri "Vaqif" pyesidir, onun yaranmasıdır və uzun illər onun teatrımızın səhnəsində olmasıdır...".

Başqa bir məqamda, Səməd Vurğunun ev-muzeyindəki görüş zamanı Heydər Əliyev "Fərhad və Şirin" tamaşasını da xatırlayır: "İndi biz buradakı şəkillərə baxarkən Aybəniz xanım dedi ki, Səməd Vurğunun "Fərhad və Şirin" pyesi 50 il bundan qabaq tamaşaya qoyulmuşdur. Mən onun fikri ilə razıyam ki, indiki gənc nəsildən çoxları "Fərhad və Şirin" pyesinin tamaşasına baxmayıblar və ya bəziləri bu əsəri oxumayıblar... Bu tamaşanı mən vaxtilə çox böyük məmnuniyyətlə gedib Azərbaycan Dövlət Dram Teatrında görmüşəm. Bu əsər mənə çox böyük təsir bağışladı. Onu gedib yenidən görmək mənə də, sizə də lazımdır. Amma gənclərə xüsusən lazımdır..." (Heydər Əliyev, Ədəbiyyatın yüksək borcu və amalı, s. 358).

Qeyd olunduğu kimi, ən çox qiymətləndirdiyi dram əsəri olan Cəlil Məmmədquluzadənin "Ölülər"inin tamaşalarını Heydər Əliyev həm Naxçıvanda, həm də Bakıda seyr etmiş, bu barədə çıxışlarında söz açmışdır: "Sonralar artıq Bakıda işləyərkən Mirzə Cəlilin pyesinə Azərbaycan Dövlət Dram Teatrının səhnəsində tamaşa etdim. Ona rəhmətlik Tofiq Kazımov quruluş vermişdi. Bu tamaşada modernizmə geniş yer verən rejissor əsəri müasirləşdirmişdi. Nəticədə pyes ilkin, yalnız özünəməxsus koloritini bir qədər itirmişdi..." (E.Axundova, s. 65). Söhbət "Ölülər" pyesinin 1966-cı il səhnə təfsirindən gedir və böyük rezonans doğurmuş tamaşa haqqında dürüst qeydləri Heydər Əliyevin həmin illərdə də teatr pərəstişkarı və xiridarı olduğunu aydın göstərir. "Ölülər" əsərini ulu öndər 1997-ci ilin noyabrında, Bəxtiyar Vahabzadənin "Hara gedir bu dünya" pyesinin tamaşasından sonra, təəssüratını müəlliflə bölüşərkən də xatırlayır və təkrarsız bir nümunə kimi qiymətləndirir: "Bayaq "Ölülər" əsərinin adını çəkdim. Mən Şekspirdən başlayaraq bütün dram əsərlərini bilirəm. Hesab edirəm ki, "Ölülər" kimi əsəri heç kim yarada bilməyib. Çünki bu cür mövzu tapmaq özü bir fəlsəfədir, dahilikdir...".  

Ümumən, dövlət rəhbərinin premyeralara baxıb, hər bir tamaşadan sonra səhnə arxasına gəlməsi, iştirakçıları təbrik etməsi, tamaşa haqqında mülahizələrini, fikirlərini söyləməsi tədricən ritual şəkli almış, milli teatr prosesinə pozitiv təsir göstərmişdir.

Ulu öndərin zəngin bioqrafiyası göstərir ki, Heydər Əliyevin həyatı heç zaman xalqından ayrı olmadığı kimi, onun ədəbiyyatı, dili, mədəniyyətindən də kənarda olmamışdır. Yalnız Azərbaycana rəhbərliyi dövründə deyil, bütünlükdə şüurlu həyatı, əqidəli ömrü boyu. Bu məqamı ulu öndər belə anladır: "Mən 1971-ci ildə Azərbaycan yazıçılarının qurultayında ilk dəfə Azərbaycanın rəhbəri kimi iştirak edirdimsə, ondan əvvəlki qurultaylarda da kənarda olmamışdım. O zaman mən Azərbaycanın rəhbəri deyildim, başqa vəzifələr tuturdum, ancaq yazıçıların qurultaylarını daim izləyirdim və imkanım olanda gəlib salonda oturub yazıçıları dinləyirdim. Mən hər dəfə yazıçılarımızın görüşlərinə gedirdim və onlarla görüşməyi özüm üçün böyük bir hadisə hesab edirdim. Bu, həmin məsələyə mənim şəxsi münasibətimdir..." (Heydər Əliyev, Ədəbiyyatın yüksək borcu və amalı, s. 414).

© Müəllif hüquqları qorunur! Mətndən istifadə etdikdə istinad mütləqdir!


© Müəllif hüquqları qorunur! Mətndən istifadə etdikdə istinad mütləqdir!