Tərəddüdlü Eşq... - Kənan Hacı - Minimalist ssenari

 

1-ci epizod

Yay axşamlarından biridir. Şəhərin gur axınlı küçələrindən birində orta yaşlı bir kişi ilə gənc qız asudə gəzişirlər. Zövqlə geyinmiş qız kişinin qoluna girib, ona sığınır. Kişi siqaret çəkir.

Qız: - Bir dəqiqə dayan. (Ayaq saxlayır). Gəl bir selfi çəkdirək.

Kişi razılaşır. Qız başını kişinin çiyninə qoyur, kişi də boynunu qıza tərəf əyir, qız əlindəki telefonla selfi çəkir. Hər ikisi məmnunluqla gülümsəyirlər.

Kişi: - Mən zəng vurmasam, səndən səs çıxmır da. Heç yadına düşmürəm.

Qız: - Əsas odur ki, mən sənin yadına düşürəm (şıltaqcasına gülür).

Kişi: - Qəribə qızsan e, vallah. Gah günlərlə itib-batırsan, gah zənglərimə cavab vermirsən, yazdığım mesaja da beş aydan sonra cavab yazırsan.

Qız: - Bax, bayaqdan baxıram, gözün elə qızlardadır. Yaman şorgözsən!

Kişi: (dayanır, qız da məcbur olub dayanır) - Daha sənə sözüm yoxdur e. Dediklərim vecinə deyil, amma qızlara baxdığımı nə tez gördün?

Qız: (ayağını yerə vurub kişinin qolunu dartır) - Eee, istəyirəm ancaq mənə baxasan da, ancaq mənə.

Qızın sözü kişinin xoşuna gəlir, gülümsəyir, qızın çiyinlərini qucaqlayır.

Kişi: - Ay dəli, sənə baxmamış kimə baxacam?

Yolboyu addımlayırlar. Qız kişiylə indicə çəkdiyi şəkli votsapla kiməsə göndərir. Kişi bunu görür.

Kişi: - Kiminlə yazışırsan?

Qız: (laqeydcəsinə) - Heç, dostumdur. Bəlkə gedək bir yerdə oturaq? O da gəlsin, sizi tanış edərəm.

Kişi tutulur, kefi pozulur. Amma bunu büruzə vermək istəmir.

Kişi: - Sənin nə qədər dostun var, ay qız? Hamısı da oğlanlardır.

Qız: - Yaxşı oğlandır, özün də görəcəksən. Noldu e? Niyə mısmırığını salladın?

Kişi dinmir.

Qız: - Mənim dostum ola bilməz ki?

Kişi: - Ola bilər, niyə olmur...

Bir müddət heç biri dinmir, səssizcə addımlayırlar. Yaxınlıqdakı restoranın yanından keçəndə qız ayaq saxlayır.

Qız: - Gəl burda oturaq. Hə, nə deyirsən?

Kişi: - Yaxşı, oturaq.

2-ci epizod

Restorana daxil olurlar. Ofisiant oğlan onları qarşılayır.

Ofisiant: - Xoş gəlmisiniz!

Qız: - Çox sağ olun. Ayrıca kabinetiniz var?

Ofisiant: - Əlbəttə. Buyurun.

Qızla kişi kabinetə keçirlər. Kişi hələ də dilxordur. Masa arxasında üzbəüz otururlar. Qızın istəyilə kofe sifariş verirlər. Qızın telefonuna zəng gəlir.

Qız: (telefonla danışır) - Hə, canım! Biz "Sevgilim" restoranındayıq. Hə, gəl. Kabinetdə oturmuşuq. ("No" düyməsini basır).

Kişi gərgindir. Özünə yer tapa bilmir.

Kişi: - Sənin bu dostun hardan çıxdı e? Olmazdı ki, elə ikimiz olaq?

Qız: (laqeydcəsinə) - Beş-on dəqiqə oturub gedəcək də. Onsuz da elə həmişə ikimiz bir yerdə oluruq da.

Kabinetin qapısı astaca döyülür, ofisiant hündürboy, cüssəli bir oğlanı içəri ötürür. Oğlanın görkəmindən idmançı olduğu hiss olunur. İçəri girib qızla olduqca mehriban görüşüb dodaq-dodağa öpüşür, əlini uzadıb kişiylə də görüşür. Kişi əsəbidir.

Oğlan oturur, qolunu saymazyana qızın boynuna dolayır. Kişi qıza baxır, qız ona tərəf baxmır. Heç elə bil qarşısında adam oturmayıb, oğlana gülümsəyir.

Oğlan: - Mesajımı oxudun?

Qız: - Hə.

Oğlan: - Bəs niyə cavab yazmadın?

Qız: (əzilib-büzülür) - Hamamdaydım, gec gördüm. Fikirləşdim ki, onsuz da axşam görüşəcəyik də.

Yenə nəsə demək istəyir, gözucu kişiyə tərəf baxır, susur. Kişi axmaq vəziyyətə düşdüyündən neyləyəcəyini bilmir. Ofisiant üç kofe gətirir.

Kişi: - Mən içmirəm, mənimkini apar!

Qız: - Aaa, niyə içmirsən? Bəlkə çay gətirsin sənə?

Kişi: (ofisianta) - Apar, heç nə gətirmə.

Oğlan kişiyə əyri-əyri baxır. Əlini qızın üzünə çəkir, saçlarını sığallayır.

Oğlan: - Nolub? Niyə belə birtəhərsən?

Qız: (ədayla) - Nə olmalıdır ki? Hər şey əladır.

Oğlan: - Biz axı danışmışdıq. Bu gün hara getməliydik? Yadından çıxıb, deyəsən.

Qız: - Heç yerə getmək istəmirəm. Yorğunam, niyə başa düşmürsən? Çox təkid edirsən e.

Hiss olunur ki, qızın cavabı oğlanı razı salmır.

Oğlan: - Mən, deyəsən, sizə mane oldum axı. Durub gedə bilərəm.

Qız başını aşağı salıb dinmir.

Oğlan: (əsəbidir) - Başını qaldır, üzümə bax. Bu nədir, mənimlə oyun oynayırsan?

Qız: - Mən oyun-zad oynamıram. Yaxşı da, qoy oturmuşuq, qanımızı qaraltma.

Oğlan: - Mən səndən baş aça bilmirəm. Fikrin nədi e sənin?

Kişi ayağa qalxır.

Kişi: - Məni bağışlayın, getməliyəm. Siz işinizdə olun.

Qız da yerindən sıçrayır. Hiss olunur ki, o da əsəbidir.

Qız: - Hara gedirsən? Gözlə, birlikdə çıxarıq.

Oğlan: - (kinli-kinli aşağıdan yuxarı qıza baxır) Otur, söhbətim var səninlə.

Qız: - Mən də gedirəm!

Oğlan: (qızın qolundan tutur) - Gör nə deyirəm də. Daydayı yola salaq getsin. Mən səni maşınla apararam!..

3-cü epizod

Hesabı kişi ödəyir. Restorandan çıxırlar.

Kişi: - Yaxşı, sağ olun. Mən gedim.

Qız: - Hara gedirsən? Gəl səni maşınla aparaq.

Kişi: - Siz gedin.

Kişi iti addımlarla uzaqlaşır. Oğlan qızın qolundan tutub gümüşü rəngli son model "Hunday" maşınına doğru aparır. Qız maşına minmək istəmir, kişinin getdiyi yola tərəf boylanır. Oğlan maşının qabaqdan yan qapısını açıb qızı oturacağa itələyir və qapını çırpır. Özü də sükan arxasına keçir. Kişi əlləri cibində asta addımlarla ətrafa baxmadan səkiylə gedir. Təhqir olunmuş görkəmdədir. Əlləri əsə-əsə telefonunu cibindən çıxarıb qıza mesaj yazır: "Məni alçaltmaqdan zövq alırsan?". Sonra siqaret çıxarıb alışdırır, dalbadal dərin qullab vurur.

Bayaqkı "Hunday" kişinin böyründə dayanıb siqnal verir. Kişi əhəmiyyət vermədən irəliləyir. Qız maşından düşüb kişinin dalınca qaçır. Maşın durduğu yerdə dayanıb.

Qız: (kişiyə çatır) - Nolar, incimə, qurban olum! Heç nə sən düşündüyün kimi deyil. Mən sonra sənə hər şeyi başa salaram.

Kişi onun üzünə baxmadan irəliləyir.

Kişi: - Get.

Qız: (astadan danışır) - Vallah, mən istəmirdim belə olsun. Bu məni əməlli-başlı bezdirib. Bayaq səninlə çəkdirdiyimiz şəkli də qəsdən ona yolladım ki, məndən əl çəksin. İstədim, gəlib görsün ki, mən səninləyəm, cəhənnəm olub getsin. Məni başa düş, nolar.

Kişi: (sakitcə) - Get.

Qız həyəcanlıdır, sağ əlinin yumruğunu sol əlinə, ovcuna sıxıb.

Oğlan maşınla onlara yaxınlaşır, maşını saxlayıb düşür, qıza yaxınlaşıb qolundan dartır.

Oğlan: (əsəbi şəkildə) - Gəl otur maşına!

Qız qolunu dartıb oğlanın əlindən çəkir. Oğlan əl çəkmir, qızı maşına doğru sürüyür.

Oğlan: - Sən artıq mənim əsəblərimlə oynayırsan ha!

Qız: (inad edir) - Burax qolumu! Camaat baxır, burax.

Oğlan: (qızın qolunu buraxır) - Keç otur maşına.

Qızın gözündən yaş süzülür. Maşının qapısını açıb oturur və qapını zərblə çırpır. Oğlan sükan arxasına keçir, maşın yerindən tərpənir, amma asta-asta gedir. Kişi hələ də küçəylə addımlayır. Maşın asta sürətlə kişinin böyründən keçir. Oğlanla qız maşının içində möhkəm mübahisə edirlər. Kişi artıq arxada qalıb. İrəlidə maşının yenə dayandığını görürük. Qız maşından düşüb qapını çırpır. İrəliyə doğru gedir. Maşının təkərləri asfaltın üzərində tükürpədici səs çıxararaq sürətlə uzaqlaşır.

Kişi bütün bunları görür, əvvəlki sakit addımlarla irəliləyir, növbəti siqaretini  yandırır. Qız ayaqlarını sürüyür, geriyə baxmaq istəyir, amma baxmır. Qızın çiyinləri atılıb-düşür. Səssizcə ağlayır...

© Müəllif hüquqları qorunur! Mətndən istifadə etdikdə istinad mütləqdir!


© Müəllif hüquqları qorunur! Mətndən istifadə etdikdə istinad mütləqdir!