“Qızılbaş metafizikası, Səfəvi mistikası" - Mozaik risalə... - IV HİSSƏ - İlqar FƏHMİ yazır - İlqar FƏHMİ

İlqar FƏHMİ

 

Yazının əvvəlini buradan oxuya bilərsiniz: Müqəddimə - http://edebiyyatqazeti.az/news/muzakire/3366-qizilbas-metafizikasi-sefevi-mistikasi-mozaik-risale - II və III hissə:  http://edebiyyatqazeti.az/news/diger/3381-qizilbas-metafizikasi-sefevi-mistikasi-mozaik-risale

4-cü hissə

İnsan sifətli quşlar

Gənc Səfiəddinin yuxularından biri quşlarla bağlıdır… (Mövzuya məhz bu yuxu ilə başlamaq istəyirəm ki, daha sonra ümumiyyətlə, bəşər təfəkkürünün tarixində yuxu məfhumunun mahiyyəti barədə fikirlərimizə keçək…)

Rəvayət edilir ki, gənclik dövrlərində artıq riyazətlər çəkməyə başlamış, təqva yolu tutmuş Səfiəddin gecələr yuxularında həmişə müxtəlif timsallı quşlar görərdi. Amma bu quşlar adi təbiət quşlarına bənzəmirmişlər, çox fərqli idilər.

Bu nə quşlar idi, niyə onun yuxularından əl çəkmirdi - bu xüsusda gənc salik çox fikirləşsə də, bir nəticə hasil eləmirdi. Nəhayət, o həddə çatdı ki, quşlar yuxularından çıxmağa, artıq gündüzlər də gözlərinə görünməyə başladılar. Ara-sıra da insan surəti alardılar.

Yanındakı adamlardan bu quşları soruşardı, ancaq məlum olardı ki, bu quşları ondan başqa heç kim görmür…

Bu yuxular və görüntülər uzun müddət Səfiəddini rahat buraxmır. Mənasını da heç cür özü üçün müəyyən edə bilmir, soruşduğu adamlardan dəqiq cavab almaq mümkün olmur…

Yalnız illər sonra Şeyx Zahid Gilaninin müridi olandan sonra bütün bu görüntülərin sirri onun üçün açılmış olacaq.

Lakin "Sirlərin açıldığı məqam"a xeyli qalıb. Hələ gənc Səfiəddinin başqa qeyri-adi yuxularından söhbət açacağıq, mənbələrdə rəvayət edilən müxtəlif əhvalatları bölüşəcəyik… Gəlin tələsməyək…

Əvvəlcə yuxuların mahiyyəti barədə fikirləşək…

Yuxulardan "oxu"lara

Miflər tarixiylə məşğul olan alimlər qeyd edirlər ki, insanlar yazılı mətnləri oxumağa başlamışdan əvvəl yuxuları oxumağa çalışıblar. Yuxulardan vəhylər gəlib, yuxulardan müqəddəs kitablar yaranıb…

Yuxuları oxuyublar və yuxulardan miflər toxuyublar.

Hətta ədəbi mətnlərin metafizik mənbəyi də bəzən yuxular elan olunur. Axı ədəbiyyatın özü də sanki estetik yuxu kimi bir şeydir. Məgər ədəbiyyat da bizi eynən yuxular kimi alternativ reallıqlara salmır? Məgər ədəbiyyat da eynilə yuxu kimi zaman və məkan sərhədlərini qaldırmırmı? Və nəhayətdə, məgər ədəbiyyat da yuxu kimi insanları fiziki-maddi aləmdən metafizik ruh aləminə, ən ali İlahi həqiqətlərə tərəf aparmağa çalışmırmı?

Bəli, belədi, amma həmişə yox…

Ədəbiyyat min illər boyu yuxu ilə eyni müstəvidə dayanıb. Lakin realizm dönəmində ədəbiyyatın "yuxuluğ"u daşlaşdı, ədəbiyyat maddələşdi, naturalizmə qədər gedib çıxdı. Onore de Balzakın "Mən kişiləri, qadınları və əşyaları təsvir edəcəm" kəlamı yada düşür. Və Cavid əfəndi kimi klassiklər "Yerə enməm də səma şairiyəm" desələr də, zaman məhz yer ədəbiyyatı tələb edirdi.

Yalnız 20-ci əsrin sonlarında bu tendensiya zəiflədi və modernist-postmodernist ədəbiyyat yenə "yuxulaşmağ"a başladı…

Bəşər təfəkküründə, miflərində, ədəbi nümunələrində yuxu obrazının tarixinə baxsaq, qədim şumerlərin "Qilqameş dastanı"ndan tutmuş, müasir ədəbiyyatın "Yuxu zirvəsi" sayılan Milorad Paviçin "Xəzər sözlüyü" romanına qədər uzun bir yolu müşahidə eləmiş olarıq. Bu yolda hər şey var. Və ən maraqlısı bundan ibarətdir ki, bəşərin tarixini düzxətli bir şosse yoluna bənzətsək, bu yolun həndəvərində həmişə əyri-üyrü, dərəli-təpəli mif yolu da müşahidə etmiş olarıq ki, bu da mif-yuxu tarixinin yoludur (mahiyyət etibarilə ədəbiyyat da elə bu yolun içindədir).

Bu paralellik min illər əvvəl də olub, min illər sonra da olacaq…

Yuxu fenomeninə həm mifik, həm metafizik, həm də neyro-psixoloji baxış bucağı üzərində yazılan elmi əsərləri, kitabları bir yerə yığsaq, ayrıca bir kitabxana əmələ gələr və bunların hamısı barədə danışmağa ehtiyac yoxdur. Yalnız müasir elmdə aktual olan iki fərqli metod üzərində dayanmaq istərdim ki, bu məsələ ilə bağlı düşüncə istiqamətimizi müəyyən edib, yenidən Şeyx Səfiəddinin gənclik dövrlərində gördüyü yuxuların üstünə qayıdaq…

İki yol, iki istiqamət

20-ci əsrdə yuxu fenomeni psixoloji-psixiatrik müstəvidə çox aktiv araşdırılmağa başladı ki, bu işi Şekel, Freyd, Yunq kimi böyük həkim-alimlər öz çiyinlərinə götürdülər. Lakin eyni istiqamətdə aparılan araşdırmalar, analizlər müəyyən vaxtdan sonra bir-birinə əks istiqamətdə inkişaf etməyə başladı və nəhayətdə, Ziqmund Freyd ilə Karl Qustav Yunq arasında uçurumun yaranmasıyla nəticələndi.

Hal-hazırda da bu iki istiqamət - psixoanaliz (Freyd xətti) və analitik psixologiya (Yunq xətti) arasında yuxuların mənşəyi, mahiyyəti barədə mübahisələrə ara vermir. 

Bəs nədədi bu iki istiqamətin əsas mahiyyəti və fərqləri. Qısa da olsa bu məqamlara toxunmağa ehtiyac var…

Hər iki istiqamət yuxuların simvolik mahiyyət daşıdığını etiraf edirdi. Lakin Freyd metafizikaya inamı olmayan bir alim kimi yuxuları sırf fizioloji prosses hesab edir və bəyan edirdi ki, fərdin əxlaq normaları tərəfindən şüurdan sıxışdırılıb alt şüura salınan bütün gizli intim istək və arzuları simvolik şəkildə yuxularda təzahür edir…Yəni bütün yuxular insanın intim-seksual komplekslərinin simvol halını almış təzahür formasıdır. Onun qələminin məhsulu olan məşum "Edip kompleksi" fenomeni az qala bütün yuxuların əsas mənbəyi elan edilirdi.

Freyd bir qədər də uzağa gedib nəinki yuxuları, hətta istənilən depressiyaları, psixozları, nevrozları və bunların nəticəsi olan cinayətləri, əxlaqsızlıqları, rəzalətləri - bir sözlə, insanın normal psixoloji müvazinət vəziyyətindən kənar olan bütün halları uşaqlıqdan bəri alt şüura sıxışdırılıb çıxarılan və orada yığılıb qalan intim hisslərin təzahürü elan edirdi. Belə çıxırdı ki, insanın alt şüuru sanki şüurun zibilxanasıdır, orada yalnız şüurdan sıxışdırılıb çıxarılan rəzilliklər mövcuddur.

Lakin Karl Qustav Yunq bir müddət Freydin tələbəsi olsa da, müəyyən müddətdən sonra aralarında fikir ziddiyyətləri yaranmışdı, çünki Yunq insan təbiətindəki bütün təzahürlərin yalnız uşaqlıqdan yığılıb qalan intim hiss və duyğularla bağlamağın tərəfdarı deyildi.

Bundan əlavə, daha çox nevroz və depressiyalardan əziyyət çəkənləri analiz edən Freyddən fərqli olaraq Yunq normal insanın da təhtəlşüurunu öyrənməyin tərəfindəydi. Və nəticədə, hal-hazırda dünyada məşhur olan "kollektiv təhtəlşüur" termini yarandı…

Bəs "kollektiv təhtəlşüur" nədir ki, Səfəviliklə bağlı fikirlərimizi bölüşərkən bu ifadəni tez tez işlədirik?

Yunqun əsas ideoloji bazası məhz bu istiqamətin üzərində qurulub -  təhtəlşüur (alt şüur) təkcə bir insanın fizioloji ömrünün informasiyaları üzərində formalaşmır. Hər fərdin təhtəlşüuru yerin tərki kimi qat-qat müxtəlif laylardan ibarətdir. Üst layda insanın özünün həyatıyla bağlı informasiyalar, sonrakı dərin qatlarda isə nəsil-kökünün, tayfasının, etnosunun, xalqının  və nəhayətdə ən dərin qatlarda bütün bəşəriyyətin tarixində baş verən hadisələr barədə informasiya toplanıb. Və hətta belə qeyd olunur ki, insan təhtəlşüurunun ən dərin qatında bəşəriyyətin səmavi-metafizik həyatı barədə də məlumatlar yer alıb. Ora isə birbaşa İlahi məqama aparan yoldur. Yəni, hər təhtəlşüurun ən dərin qatlarında İlahi cövhər var...  (Məhz bu səbəbdən, bəzi materialist akademiklər Karl Qustav Yunqu "maskalanmış ilahiyyatçı" kimi ittiham edirdilər.)

Daha sonra Yunq  belə bir nəticəyə gəlmişdi ki, kollektiv təhtəlşüurun ən dərin qatlarına enmək üçün yeganə yol "arxetip" adlanan dərin simvolik obrazlardır ki, onlarda bütün dərin informasiyalar şifrələnmiş şəkildə təzahür edir.

(Yunqun təsvir etdiyi "arxetip" obrazları dərin köklü ağaclara bənzətsək, belə demək olar ki, bu ağacın gövdəsinə (arxetipin simvolikasına) daxil olub, onun köklərinin içiylə gedib, torpağın (kollektiv təhtəlşüurun) ən dərin laylarına düşmək mümkündür... )

Arxetiplərdəki simvollaşmış informasiyalar  ilk olaraq yuxulara, ardıyca yuxulardan miflərə, sonra miflərdən ədəbiyyata (mədəniyyətə, incəsənətə) , nəhayət, ordan ideyalar vasitəsilə reallığa keçir - kütləvi hərəkatlar yaranır, əqidələr formalaşır,  dövlətlər qurulur ... Yol budur...

Bu gündən dünənə

Yazımızın əvvəlki hissəsində məqsəd sadəcə psixoanaliz, yaxud analitik psixologiya barədə fikir bildirmək deyil. Məqsəd Şeyx Səfiəddinin rəvayət olunan yuxularına bu qədər diqqət yetirməyimizin səbəbini açmaqdır. Bəli, mənimçün ulu Şeyximizin yuxularına nüfuz etməkdə məqsəd, onun təhtəlşüurundakı arxetipləri öyrənmək, simvolik informasiyanı açmağa çalışmaqdır.

(Bir az qabağa qaçaraq qeyd edim ki, Səfəviliyin inkişafının sonrakı mərhələlərində də yuxu fenomeninin rolu böyükdür. Belə ki, mənbələrin yazdığına görə, Şeyx Heydərə də bir gecə yuxuda Qeyb aləmindən səda gəlmiş və ona əmr olunmuşdu ki, sabahdan etibarən qazilər başlarına isna-əşəriyyənin rəmzi olaraq, on iki dilimli külah qoysunlar, və Qızılbaşlar adlansınlar... Şeyx Heydər də Qeybdən ona gələn əmri yerinə yetirir və Səfəviliyin tarixində Qızılbaş hərəkatı yaranır...)

Beləcə, psixoanalizin iki istiqamətinin əsas mahiyyəti bizə müəyyən qədər aydın oldu - Freyd təhtəlşüurun ən dərin qatlarının yalnız zülmətdən (şeytani rəzalətlər) ibarət olduğunu təkid edir və qeyd edirdi ki, bütün insanlar müəyyən mənada "xəstə"dirlər, çünki onları təhtəlşüurdakı komplekslər (iblislər) idarə edir. 

Yunq isə təhtəlşüurun ən dərin qatlarında fəzilət (ilahi işıq) olduğunu bəyan edirdi və bildirirdi ki, insan əgər öz təhtəlşüurundakı iblisanə qatlarda dayanmayıb bir qədər də dərinə ensə, orda mütləq metafizik (rəhmani, ilahi) bir işıq yoluna düşəcək...

İndi isə Səfiəddinin yuxularıyla bağlı bir məqama qayıdaq. Yazımızın əvvəlində qeyd etmişdik ki, gənc Səfiəddini ən çox narahat edən məsələ, gördüyü qeyri-adi yuxuların, gözünün qabağına gələn görüntülərin rəhmani yoxsa şeytani olmasıydı... Və illər sonra həyatını Şeyx Zahid Gilaniyə bəyan edərkən, ilk sualı da bununla bağlı olur.

Müasir dillə desək, sanki gənc Səfiəddin yaşadığı qeyri-adi hallarının öz mənşəyini hansı təhəlşüur layından -  Freydist (şeytani), yoxsa daha dərində olan Yunqian (rəhmani) qatdan götürdüyünü cidd cəhdlə anlamağa çalışırdı. Bu isə çox ağır bir prosesdir. Ayırd etmək çox çətindir. Çünki əksər hallarda, iblis də mələk sifətində görünür. İblisin verdiyi bilik və bacarıqlar, istedad və güc əksər hallarda rəhmani rəngdə təzahür edir. Bəs insan aldanmamaqçün, düzgün seçim etməkçün neynəməlidi?

Səfiəddin bu sualın cavabını ömrü boyu axtardı. Hətta dövrünün ən ali övliyası "Sədr-ül-millət vəd din Şeyx Səfiəddin İshaq Ərdəbili"yə çevrilib, ətrafında minlərlə, on minlərlə mürid toplayandan sonra da bu sual daim onu düşündürüb... Niyə?

Çünki müdriklərin müdriki idi, ilahi sınaqların mahiyyətindən xəbərdar idi...

Çünki başa düşürdü ki, insan dünya müstəvisində yuxarı qalxdıqca onun Tanrı qarşısında sınaqları da ağırlaşır... Tanrı sınağının qarşısında isə heç bir insan iradəsi tam arxayın, əmin ola bilməz. Əfsuslar olsun ki, son yüzilliklərdə insanın içində təzahür edən bütün şeytani rəzilliklərə az qala zorla mələk maskası taxılıb... Və bu işdə əfsus ki, ədəbiyyatın, mədəniyyətin böyük rolu olub...

Bu rəzalətin üzünə taxılan maskanı maksimum gözəlləşdirmək işində ədəbiyyat, incəsənət adamları çox çalışıblar. Qəsdənmi, ya bilməməzlikdən - bilmirəm... Deyəsən heç özləri də bilməyiblər... 

Yenə yuxular

Gənc Səfiəddinin yuxusundakı insan sifətli quşları sonradan Şeyx Zahid Gilani onun həyatı boyu həmsöhbət olacağı ruh adamlarının simvolu kimi təbir edib çox geniş şərh eləmişdi. Lakin bu barədə sonra yazacağıq. İndi isə zənnimcə, başqa yuxulara diqqət eləmək lazımdır.

Yenə rəvayətlərə baş vuraq... 

Yeniyetmə vaxtlarında Səfiəddin həmişə yuxuda görərdi ki, əlində bir dəstə çubuq var və gəzişdikcə çubuqları yerə atır, hər çubuq yerə elə pərçimlənir ki, onları heç cür dartıb çıxarda bilmir... Nəhayətdə, bu çubuqların hər biri yavaş-yavaş böyüyərək qol-budaq atır, əzəmətli ağaclara çevrilir...

(Sonradan yuxusunu belə təbir edildi ki, bu ağaclar onun yetişdirəcəyi müridlərdir ki, hər biri  tanınmış sufi pirlərinə, şeyxlərə çevriləcək, özləri irşad fəaliyyətinə başlayacaqdı...)

Fikir verək, bundan əvvəlki yuxularda Səfiəddinin insan sifətli quşları da gördüyü rəvayət edilmişdi. İndi isə ağac obrazından danışdıq. Maraqlı cəhət ondan ibarətdir ki, həm miflərlə, həm də yuxuların simvolikasıyla məşğul olan alimlər bu iki obrazı xüsusi araşdırıblar…

Müxtəlif araşdırmalarda, quş obrazları daha çox mənəviyyatın, ruh yüksəlişinin simvolu kimi təqdim edilib. Belə qeyd edilir ki, insan surətli quş, cismən insan olsa da, adi dünyəvi hiss və duyğulardan aralanan, daha çox ilahi-səmavi həqiqətlərə, mələklər aləminə doğru can atmağın rəmzidir…

Ağac rəmzi isə bütün mifologiyaların ən universal həyat simvollarından biridir və yüzlərlə təbiri var. Əksər hllarda, yer ilə göyü birləşdirən obraz təqdim edilir. Ağac elə bir simvoldur ki, sanki həm yerə, həm də göyə rişə atır. Diqqət etsək görərik ki, ağacın əslində yuxarısı-aşağısı yoxdur. Fərq sadəcə yarpaqlarda və bəhərdədir. Əksər hallarda ağacın rişəsinin inkişaf forması budaqların inkişaf formasıyla eynidir. Rişəni torpağın içindəki budaqlar - budaqları isə havaya atılan rişələr də hesab etmək olar…

(Şərq aləmində çox işlənən məşhur bir ibarə yada düşür - minarələr göylərə qazılmış quyular, quyular isə yerin tərkinə ucalan minarələrdir.)

Ağac ona görə kamil insanla simvolizə olunur ki,  kamil insan eyni vaxtda həm yeri, həm də göyü əlində saxlamağı bacarmalıdır. Əgər ağacın qol-budağı böyük, amma kökləri zəif olsa, onda ağac yüngül bir küləkdən yıxılar.

Kamil insan obrazı da həm dünya, həm də üqbanı öz təfəkküründə birləşdirmək üzərində qurulub. Şərq irfan düşüncəsi nə ifrat dünyapərəst olmağı, nə də dünyadan tam əl üzüb asketizmə üz tutmağı qəbul eləmir.

Əli ibn Əbutalibin məşhur kəlamı bu xüsusda həmişə nümunə olub - Kim bu dünyasına görə o dünyasını atsa, bizdən deyil, kim o dünyasına görə bu dünyasını atsa, o da bizdən deyil…

Ağac da məhz bu ikinin - yerin və səmanın birliyində mövcud olan kamil insan simvolu kimi çıxış edir…

İrşad münasibətlərində də ən əsas məqsəd dediyimiz kamil insan obrazına yaxın insanlar tərbiyə eləməyə çalışmaqdır ki, Şeyx Səfiəddin bütün ömrü boyu bu işlə məşğul olub. Daha dəqiq desək, ömrünü bu fəaliyyətə həsr etməsi, ona metafizik aləmdən - Qeybdən verilən bir əmr idi… Sadəcə gənclik vaxtlarında Səfiəddin bu işarələri tam anlaya bilmirdi…

Qılınc və papaq

Daha bir yuxu... Bir gecə gənc Səfiəddin yuxuda görür ki, Qaf dağının zirvəsində dayanıb, başında qəribə bir səmur börk (papaq) var, belinə isə uzun, enli qılınc bağlanıb...

Təəccüblənərək öz-özünə düşünür ki, aya, Pirə Cəbrayılın oğluna belə böyük qılınc və belə əcaib papaq nə nisbət? 

Nəhayət, qeyri-ixtiyari ağır qılıncı belindən açmağa çalışır, ancaq nə qədər səy eləsə də, aça bilmir, qılınc sanki onun belinə pərçimlənmiş kimi möhkəm dayanır…

Daha sonra papağını başından götürür, elə o saat da üfüqdə bir günəş doğur… Papağı başına qoyanda, günəş yenə qüruba gedir. Səfiəddin üç dəfə eyni hərəkəti təkrar edir, günəş üç dəfə doğub üç dəfə qüruba gedir… 

Gənc Səfiəddini ən çox narahat edən məqam bu iki predmetin qəribəliyi idi - axı qılınc ümumiyyətlə, onun sufiyanə-irfani düşüncə tərzinə yad bir predmet idi. Qeyri-adi papaq da öz növbəsində təsəvvüfün hansı məqamına işarə idi - bunu heç cür aydınlaşdıra bilmirdi...

Biz əsrlərin bu tayından o yuxu barədə rəvayətləri oxuyanda, təbii olaraq anlayırıq ki, o qəribə papaq və qılınc sırf qızılbaşlıqla bağlı idi -  Papaq başın, yəni düşüncənin, təfəkkürün; qılınc isə əqidənin hökmranlığı uğrunda göstərilən şücaətin gizli simvolik işarəsi idi…

(İllər sonra bu yuxunu Şeyx Zahid Gilani də belə yozub ki, " o qılınc vilayətin hökmü, o papaq isə vilayətin nurudur.")

Əlbəttə, skeptik oxucularımız bəyan edə bilərlər ki, bunlar hamısı sonradan yazıla bilən şeylərdi, uydurmadı, yalandı və sair…

Ancaq istəyirəm papaq və qılıncla bağlı yuxunun kiçik bir məqamına diqqət edək. Bu rəvayətin mənbəyi İbn Bəzzaz Ərdəbilinin "Səfvətüs-Səfa" (digər adı "Mənaqibi-Şeyx Səfi") adlı əsəridir. Müəllif yeniyetmə yaşlarında Şeyx Səfiəddinin özünü də görmüşdü, lakin əsəri işləyəndə artıq şeyxlik tacı onun oğlu Şeyx Sədrəddinin  başında idi. Bu təzkirə də Şeyx Sədrəddinin tövsiyəsiylə yazılmışdır. Müəllif Şeyx Səfiəddinlə İshaqla ünsiyyətdə olan şəxslərdən xeyli sayda rəvayətlər toplamış, lakin ən geniş məlumatı Şeyx Sədrəddin özü müəlliflə danışmışdır… Əsərin ümumi forması da daha çox müəlliflə Şeyx Sədrəddinin dialoqları, atasıyla bağlı xatirələrini bölüşməsi üzərində qurulub.

Yenə də skeptik gözlə baxsaq, belə fikir irəli sürülə bilər ki, bütün bu kitab Şeyx Sədrəddinin uydurmalarından başqa bir şey deyil. Lakin onda belə nəticə çıxır ki, min səhifəlik bir kitabda gedən iki mindən çox rəvayətin, hekayənin, şerin, şərhin, təfsirin müəlifi olan Şeyx Sədrəddin Azərbaycan ədəbiyyatı tarixinin ən böyük istedada, ən geniş təxəyyülə malik mütəfəkkir yazıçısıdır. Yoxsa adi bir ruhani bu qədər hadisəni, bu qədər dəqiqliyinə qədər uydura bilməz.

İkincisi isə, bu kitab yazılanda Şeyx Səfiəddinlə ünsiyyətdə olan, onu şəxsən tanıyan çoxsaylı adamlar hələ həyatdaydı. Əgər heç olmasa bircə yalanın üstü açılsaydı, Səfəviyyənin bütün nüfuzu heçə enmiş olardı. Həm də nəzərə alaq Şeyx Sədrəddin Ərdəbili özü də öz əməlləriylə, imanı-təqvası ilə övliyalıq mərtəbəsinə yüksələn adam idi. Dilinə yalan gəlməzdi…

Və nəhayət, gənc Səfiəddinin "Qılınc və papaq" yuxusuyla bağlı ən maraqlı məqam - alimlər təsdiq edir ki, "Səfvətüs-Səfa" təzkirəsi bir neçə il ərzində yazılmış, əsər üzərində iş bitəndən sonra, miladi tarixlə 1357-ci ildə üzü köçürülüb kitab halına salınmışdır. Diqqət edək - 1357-ci il.

Həmin vaxtda Səfəviyyə təriqəti hələ sırf irşadi fəaliyyətlə məşğul idi. Səfəvi müridləri nə başlarına məxsusi qızılbaş papağı qoymuşdular, nə də milli dövlətçilik amalı uğrunda qılınc çəkib döyüşlərə başlamışdılar. Bütün bu hadisələr - Səfəvilərin fəaliyyətinin siyasi müstəviyə keçməyi, Qızılbaş qaziliyinin yaranması həmin kitabın yazılmasından yüz il sonra baş verəcəkdi. Deməli, kitab hazırlanarkən, tərtibçilərin bu hadisələr barədə məlumatı ola bilməzdi ki, bu yuxunu özləri bilərəkdən ora əlavə eləsinlər…

Deməli, yenə gəlib irrasional məqamların üstünə çıxırıq - bu və digər oxşar yuxular heç də yalan deyil və belə işarələrlə gənc Səfiəddinə özünün və təriqətinin gələcək fəaliyyəti barədə metafizik aləmdən - Qeybdən işarələr gəlirdi… Əlbəttə, biz buna müasir anlamda güclü intuisiya da deyə bilərik, lakin məgər intuisiyanın özü ən irrasional, metafizik mənşəyə malik bir məfhum deyil? Hansı rasional məntiqlə intuisiyanın mahiyyətini izah etmək mümkün olar ki?

Yenə reallığa

Bəli, Səfiəddinin maraqlı yuxuları və yuxuların təbiri barədə xeyli danışmaq olar, bu xüsusda rəvayətlər kifayət qədərdir. (Maraqlanan oxucular istər "Şeyx Səfi təzkirəsi"ndə, istər "Qara Məcmuə"də, istərsə də "Tarixi-Aləmarayi-Abbasi" kitablarından bu xüsusda xeyli materiallar əldə edə bilərlər.)

Lakin bu mövzunun üzərində çox dayanmaq zənnimcə, bizi əsas mətləblərdən - Şeyx Səfiəddinin real həyatındakı hikmətli məqamlardan aralı sala bilər…

Bəli, gənc Səfiəddin bu görüntülərin və yuxuların içində çabalayır, əziyyət çəkir, hətta xəstələnib yatağa düşür.Çarəsiz qalan anası Ərdəbilin tanınmış ruhanilərini evə torlayır, onlar Səfiəddinlə söhbət edirlər, amma hamısı çiyinlərini çəkir, bildirir ki, bu halların çarəsi bizlik deyil.

Bundan sonra Səfiəddinin əhvalı bir az da korlanır, yemək yemir, yalnız su içir, bütün gününü zikr və dualarla keçirdir.  Və nəhayət, yenə də yuxuda gördüyü bir vaqeədən sonra gənc Səfiəddin ayağa qalxır. Öz dərdinin əlacını, suallarının cavabını tapmaq üçün üz tutur… qəbiristanlığa - Ölülərin hüzuruna…

ARDI VAR

© Müəllif hüquqları qorunur! Mətndən istifadə etdikdə istinad mütləqdir!


© Müəllif hüquqları qorunur! Mətndən istifadə etdikdə istinad mütləqdir!