Həyatın poeziyası, poeziyanın həyatı - Qarabağ mövzusunda... - Tahir Taisoğlu

 

Bu iki tipoloji birləşmə və eynilik, yəni poeziyanın həyatı, həyatın poeziyası məna və mahiyyətcə poeziyanın fəlsəfəsini yaradır və yaşadır. Doğma və zəngin Azərbaycan poeziyası ulu Nəsimidən üzü bəri (onu da deyim ki, bu il şeir, təfəkkür, Nəsimi ilidir!) cilalana-cilalana, mənalar, fikirlər, duyğu və düşüncələr meydanında böyüyə-böyüyə, döyüşə-döyüşə, həm də təmizlənə-təmizlənə öz modernist - müasirçi etapına gəlib çatmışdır. Qədim, mənalı çoxçalarlı dərin köklər üzərində inkişaf edən Azərbaycan poeziyası da daim dəniz kimi çalxalanıb dünyaya görükdürdüyü məhz bu milli intellekt və poetik narrativlər üzərində bərqərar olmuşdur. Füzulidən Rəsul Rzaya qədər bütün ədəbi yatırımlarımızda bugünkü müasir poeziyamızda bərq vuran impressionizm çalarları, metafora sıxlığı, rəngarənglik, ən başlıcası isə millilik, bəşərilik ruhu ilə dolu əsərlər, gənc ədəbi nəsillərin yaradıcılığına həmişə müsbət sirayət etmişdir.

Ənvər Əhmədin 5 cildlik "Seçilmiş əsərləri" (Bakı, "Avropa" nəşriyyatı, 2014-cü il) məhsuldar, görkəmli tənqidçi alim Vaqif Yusiflinin geniş ön sözü ilə açılır. Ədəbiyyatşünas-tənqidçi V.Yusifli yazır: "Onu milli poeziyamızın B.Vahabzadə, N.Xəzri, Qabil, H.Arif, Ə.Kürçaylı, M.Araz, S.Tahir, X.Rza kimi şairlərin davamçısı hesab etsək, yanılmarıq". Bəli, dünənki cavan şair Ənvər Əhməd indi adları ehtiramla çəkilən azman şairlərimizin yaşındadır. Onların hamısı öz sözünü deyib, ədəbiyyat və əbədiyyat dünyasına qovuşmuşlar. Davamçılar isə sənət yollarındadır, yazır, yaradırlar. Ustadlarının yolunu novatorluqla davam etdirir, necə deyərlər, meydanı boş, sakit və döyüşsüz qoymayırlar. Layiqli davamçılardan birinin - Ənvər Əhmədin cilidlərini oxuyub belə bir qənaətə gəldim: Sözə baş əymək və sözü başı üstə saxlamaq, - şairin poetik, xeyirxah paradiqmasını təşkil edir. Çünki Ənvər Əhməd vətəndaş şairdir. Məhz elə buna görə də indiki dönəmdə Qarabağ mövzusu onun yaradıcılığının leytmotividir. Onun özü də, şeirləri də həmişə Qarabağda yaşayır, döyüşür və daim Qarabağ yollarındadır.

Mən yolların göz yaşıyam,

Məni buludlar ağlasın.

Hönkürtümdən yellər əsib

Məni o yurdlar ağlasın.

"Ağlasın"

Misal gətirdiyim bu örnək şairin Qarabağ ağrısının vətən qeyrətindən başlayıb, min-min könüllərdən keçərək bütün Azərbaycanı silkələyən, ovunmaq, rahatlıq verməyən bir vətən təəssübkeşliyi üzərində çırpınır:

Zirvələrin buzu, qarı,

Axıb gəlir mənə sarı.

Çıxıb Şuşadan yuxarı -

Məni Bozqurdlar ağlasın.

"Yenə orada"

Leksik və semantik baxımdan da götürsək Bozqurdlar həmişə qorxmaz, dəyanətli olmuşlar, onların ağlamasını görən, yazan olmamışdır.  Şair yaxşı bilir ki, Bozqurdlar göz yaşının nə olduğunu bilmirlər. Amma ən əlçatmaz zirvələrə yol alıb Şuşa sıldırımlarından Bozqurdları (məlumdur ki, Bozqurdlar kimlərdir!) haraylamaq, çağırmaq, düşmən toplumlarını, yığnaqlarını dağıtmaq, "yırğalanan qəm beşiyini" qoparıb üzüaşağı - dərələrə, sellərə qərq etmək çağırışıdır bu. Şair-vətəndaşın qəlb ağrıları həm də o çalarlarla, o dərdlə rəngdən-rəngə düşür ki, "Yurd keşiyi çəkilməmişdir". Xarı bülbülün yas günü hələ də davam edir.

Ənvər Əhməd köklü-köməcli qədim türklər sayılan Oğuz ellərinin tərəkəmə nəslindəndir.  Onun yaradıcılığı başdan-başa Qarabağ elatının şeirli, nəğməli, muğamatlı söyləmləri ilə doludur. O, Vətən torpağının təbiətini qəlbən sevir, onun bütün yolunu - yolağasını tanıyır. Bilir ki, ana təbiətin qəlbi, ruhu, əlləri həmişə doludur, ürəyi sonsuz gözəlliklər içərisində çırpınır. Harda bir boşluq yaransa, təbiət əllərini o yerlərə uzadır. Əkinlər susuz qalıbsa, bir-biri ilə döyüşən ağ-qara buludlarını ora göndərir, bürkü sıxırsa, yamaclarına, yellərinə göz eləyir. Zirvələrin ağ çalması üşüyürsə, Günəş o tərəflərə boy alır. Çaylar əsib-coşursa, dağıtmaq, uçurtmaq eşqinə düşürsə çinarlarını - işarət barmağını qaldırır: cızığından çıxma! Təbiət bütün dolğunluğu, xeyirxahlığı ilə daim hərəkətdə, "işdə, gücdədir".

Sənət də təbiətdən örnək götürür. Stalin repressiyasının cəzalandırdığı məşhur rus yazıçısı Andrey Platonov yazırdı: "Sənət də boşluğa dözmür, o, çəmən otla dolan kimi həyatla, adamlarla dolmalıdır". Həyatla, adamlarla! Şairin şeirlərində Vətən, insan, həyat amilləri əsas mövzu kimi yaradıcılığının ana xəttini təşkil edir. Bütün bunların içərisində isə Qarabağ ağrıları daha dərin təəssübkeşlik təməllərindən qaynaqlanır: 

Yolları ot yedi,

cığırlar öldü, itdi

Daşların üstündə

Damla-damla

Vətən yarası bitdi.

"Qarabağ ölən anda"

Göründüyü kimi, şair mövzularına formula vermir. Poetik sözünü birbaşa deyir. Oxucunun şeir zövqü şeirin, sözün poetik gəlnəyində isinir və pardaxlanır. Sözün bioqrafiyası prizmasından belə götürsək, əgər "Yolları ot yeyirsə", cığırlar örtülürsə, gediş-gəliş kəsilir, insanlar, kəndlər, dirriklər bir-birindən aralı, gen düşür. O zaman şair qəlbi haray çəkir. Elinin, vətəninin minlərlə ərdəmli qoçaqlarını, zəkalı düşünərlərini döyüşə, qorxmazlığa çağırır. Deyir ki,

Kirpiyim düşmən çəpəri,

Qırpılsa sərhəd keçilər.

Bu dərd yesə ürəyimi

Qəbrim gözümtək kiçilər.

"Kəfənim qandan biçilər"

Qarabağ mövzusunu doyumsuzluqla və mən deyərdim ki, incəlik və bilgi ilə şeirləşdirən, poetikləşdirən Ənvər Əhməd heç vaxt ümidsizliyə qapılmır, nikbinlik etgisi qanadlarında oxucusuna vətən, yurd sevgisi aşılayır:

Qeyrət qanda yuva salar,

Qılınc qisas üçün qalar

Son döyüşüm elə olar -

Kəfənim qandan biçilər.

"Yenə orada"

Gələcək qələbələrimizə rəğmən şairin elə bir şeirindən örnək gətirmək istəyirəm ki, hər iki mövzu mahiyyətcə bir-biri ilə baxışır:

Əvət, dünya üzündə bir türk oğlu türk qala

Milyon il də alınmaz o məğrur Çanaqqala!

"Çanaqqala savaşı"

İki qardaş xalqın - Türk və Azərbaycan xalqının tarix boyu sinə gərdiyi mübarizəsini, yəni Vətən, torpaq uğrundakı savaşlarını refleksiya edəndə məlum olur ki, hər iki qardaşın bir düşməni var: Erməni daşnakları! Onların həmişə iti nəfsləri, ac gözləri Türk, Azərbaycan torpaqlarında qalmışdır. Bu gün də belədir. Qarabağın bir qisim torpaqları hələ də düşmən çəkmələrinin təpgisi altındadır. Hələ ki... Amma bu uzun sürməyəcək.  Şair o günə inanır. Həmin günü səbirsizliklə gözləyir. Bilir ki ...

Bəli, Vətən yolunda atılış var ölümə

Türk oğlu türk əyilməz əsarətə, zülümə.

Geriyə yoxdur dönüş, Vətən bizdən öndədir

Vətən, qandan, ürəkdən, Vətən gözdən öndədir.

Vətən və yurd uğrunda savaş anlamları ayrılmaz və ünlü qavrayışlar kimi həmişə ömrümüzün, şeirimizin qəlbində həmahəng döyünmüşdür. Vətən uğrundakı savaşlardan yaranan şəhidlərin xatirəsi xalqımızın qəhrəmanlıq tarixinin şanlı səhifəsinə çevrilir, bu mövzuda ədəbi qaynaqlardan axıb gələn uyqar ədəbiyyat isə əsl gerçəkliyi özündə inamla əks etdirir. Savaşların, mübarizənin şəhidləri, sanki hər il, hər gün təzədən doğulur, təzədən torpağa bağlanırlar. Vətən torpağı bir az da böyüyür, el-elat genişlənir, yetkinləşir...

Bir ana qəlbindən qopub bu qəbir,

Torpağa qan kimi hopub bu qəbir -

Bu qəbrin mənimlə bağrı badaşdır.

"Şəhid qəbri"

Vətən, xalq, torpaq yolunda şəhid olub müqəddəslik zirvəsinə qovuşan Qarabağ qəhrəmanları şair Ənvər Əhmədin vətənpərvərlik mövzuları olaraq həmişə təzələnir, genişlənir. Çünki Vətən şəhidlərinin ruhu Ənvər Əhmədin poeziyasında Tanrı işığına tərəf yol gedir...

© Müəllif hüquqları qorunur! Mətndən istifadə etdikdə istinad mütləqdir!