Servantes, Borxes və Günel Şamilqızının "Qəhrəman"ı... - Elnarə AKİMOVA yazır

Elnarə AKİMOVA

 

Servantesin "Don Kixot" əsəri yazıldığı dönəmdən bəri bəşər ədəbi fikrini silkələməkdədir. Əsər qəhrəmanının romantik və faciəli həyatı dəfələrlə yazıçılar, tənqidçilər üçün mənbə olmuş, romanın ideyası, süjet xətti üzərində müxtəlif eksperimentlər aparılmışdır. Günel Şamilqızının bu yaxınlarda çap olunan "Qəhrəman" hekayəsi  (“Ədəbiyyat qəzeti”, 17 noyabr, 2018də həmin cəhdlərdən növbətisi idi.

Öncə deyim ki, Günel Şamilqızı cəsarətli addım atıb. Servantesin "Don Kixot" əsəri üzərində dekonstruktiv mətn quraraq zamana dair bədii-fəlsəfi baxışlarını ifadə etməyə çalışıb. Hələ nəzərə alsaq ki, Günel nəsrdə yenidir. Biz onu istedadlı şair, fərqli poetik yaşama malik şeirlərin müəllifi kimi tanıyırıq. Bir də nəsrdə ilk cəhd kimi povest yazmışdı: "Div olanda noolar". Bu povestin də ilk oxucularından olmuşdum və həmin mətni oxuyanda bir məqam məni sevindirmişdi: Günel şeirlərində olduğu kimi, nəsrində də orijinal olmağa, janrın strukturunda dəyişmələr etməyə çalışır, kompozisiya qurumunda, təhkiyə tərzində, müxtəlif üslubi elementlərdən istifadədə rəngarəngliyə meyil edir.  Bu dəfə isə "Qəhrəman" hekayəsi! Günel, sanki meydan oxuyur, ""Don Kixot" olanda noolar", məgər onun üzərində yeni fikir dünyası yarada bilmərik? Günel qəhrəmanını bu kontekstdə sınaqdan çıxarır və deyim ki, eksperiment üçün seçdiyi predmet də yolun çətinliyini nişan verir.

Bu anda, nədənsə, Servanteslə yanaşı, Borxesi xatırlayıram. Onun "Oxucular" şeiri var, qəhrəmanı isə kitabxana və Don Kixot:

Mən həmin öncəgörən adamam ki,

Düşünürəm qəribə taleli idalqonu.

O, elə həmişə mücadilə gözlədi,

Kitabxanadan çıxmadı heç vaxt.

Don Kixot kitabxanadan çıxmayan və elə kitabların məhv elədiyi qəhrəmandır. Öz ideallarının qəhrəmanı. Və ona görə fərqli deyil ki, oxuduğu kitabların təsirinə qapılıb deyək ki, mənasız savaşlara, yeldəyirmanları ilə döyüşlərə atılırdı. Yox, Don Kixotun fərqliliyini onun içində olan ədəbiyyat gücündə, ədəbiyyat inamında axtarmaq lazımdır. Onun üçün həyat elə kitablarda qərarlaşan kimi idi - saf və təmiz. O, kitabların insanı heç vaxt aldatmayacaq sehrinə inanırdı. Don Kixot kitab kultunun əsirinə çevrilən son qəhrəmandır bu dünyada.

Günel hekayəsində bu nüansı yaxşı tutub. Kitablara  ironiyanı önə çəkib. Artıq kitab oxuyub mənasız mücadilələrə atılmaq, yeldəyirmanları ilə savaşlara girmək, kitab oxuyub özünü tanımaq (!) insanı mənasız varlığa çevirir, onu qəhrəman olmağa qoymur. Odur ki, dəyişmək - dünya ilə "dialoq"un yeni formasını axtarıb tapmaq lazımdır. Elə "Qəhrəman" hekayəsində də müəllif Servantesin əsərindəki ideyanı inkar edib yenisini irəli sürməyə çalışır. Hekayə zəmanə qəhrəmanlığına inamsızlığın illüstrasiyasıdır.

Çağımızın həqiqətidir, XX əsrin sonlarından başlayaraq ədəbiyyat ideya böhranı üzərindədir, dünyanı ağır ictimai-siyasi və mənəvi kataklizmlərdən xilas edəcək ali niyyət və ideallar zəminində idrak etməkdədir. Günelin hekayəsi bu mənada, bəşəriyyəti dəyişməyə yönəlmiş ideya ədəbiyyatının bir nümunəsi kimi təcəssümlənir. Buradaca dayanıb bir balaca haşiyəyə varaq. Niyə məhz, "Don Kixot" və niyə məhz, onu dəyişmək istəyi? Müəllifin belə bir rakursa əl atmasının səbəbi nədir? Ona görəmi ki, dünyanın artıq "Don Kixot"a münasibəti dəyişməkdədir. Kitablardan çıxmış bu ideya qəhrəmanına daha heç kim inanmır. Çünki dünyada əqlin, idrakın rolu get-gedə tənəzzülə uğramaqdadır. Amma məgər Don Kixot yalnız "ağıldan bəla"nınmı tipik obrazıdır? Ötən ilin sonlarında Bəhram Osmanovun quruluş verdiyi yeni "Don Kixot" tamaşası ilə bağlı Aydın Talıbzadənin resenziyasında müəllifin hədəflədiyi nüans da elə bu məqamla bağlı idi. "Sərsəm dünyanın sərsəm cəngavəri, yaxud kitabların "öldürdüyü" Don Kixotdan" bəhs edilir, kitab bir növ müqəssir elan olunurdu: "1. Bəsdir, artıq heç kəs kitablara inanmır!/ 2. Onlar insanların sərsəmliyinin səbəbidir!/ 3. Don Kixot kitabların öldürdüyü qəhrəmandır! Don Kixot kitablardan oxuduğunu həqiqət kimi qavradığı üçün, onlara saf bir uşaq kimi inandığı üçün gülməli olub, karnaval təlxəyi olub, şəbədə obyekti olub, zəmanənin dustağı olub".

Amma kitablara inanmayan dünya həm də illüziyadan arınmış, xəyallarına nöqtə qoyulmuş dünyadır və bu dünyanın adamlarının yadlaşması, yadlığının səbəbini də burda axtarmaq lazımdır.

Dünyanı az qala beş əsr cəzbində saxlayan "Don Kixot"u yenidən yaratmaq şövqü... İlk baxışdan, dekonstruktiv meylin alt qatında postmodernist oyun effektinin olduğu güman edilə bilər. Amma Günel Şamilqızı qəhrəmanın düşdüyü bu "oyuna" elə fərqli anlamlar qazandırır ki, burada milli lokal problem çeşidindən tutmuş ümumən XXI əsr insanının aqibəti, xarakteri, durumu kontekstində davam tapır: "Arvadı həmişə istinin cırhacırında uzunqol köynək geyinməyinə deyinib onu ələ salırdı. Heç kimə izah eləyə bilmirdi ki, bu ağlığını çoxdan itirmiş kəmköhnə, əslində, bütün qısaqol köynəklərindən daha sərin saxlayır bədənini".

Təsəvvür edirsiniz, qəhrəman özü heç adi köynəyindən ayrıla, onu yeniləyə bilmir. Əsər ilk oxunuşdan obrazın konservatorluğu ilə üz-üzə qoyur oxucunu. Və bu qəhrəman illərdir bəşər insanını təsirində saxlayan bir əsərin ideyasını, sonucunu dəyişmək amacındadır. Buradaca müəllif oxucunu hazır Don Kixot(luq)la üz-üzə qoyur.

"O, insanlara Servantesin məhv etdiyi gələcəkdən danışmaq istəyirdi. O gələcək ki, gəlmişdi də, getmişdi də. O gələcək ki, artıq özünün belə keçmişi idi. İndi özündən sonrakıların gələcəyi üçün Servantesin öldürdüyü qəhrəmanı - Don Kixotu diriltmək istəyirdi". Diqqət eləsək, burada günahkar kitablar yox, Servantesin özüdür! Don Kixotu öldürən, bununla gələcəyi məhv edən odur.

Günel Şamilqızı ədəbi mühiti bütün atributları ilə canlandıra bilir hekayədə. Buradakı  oyunbazlıqlara ironiya həm yazıçının  mühiti yaxşı tanımasından, həm də ümumiləşdirmə gücünün yerində olmasından xəbər verir: "Yarım-yapalaq hekayələr quraşdıran, bir neçə müsabiqədə ölüm-zülüm üçlüyə düşən, nə vaxtsa yaşıdları arasında ən çox diqqət çəkmiş, indisə adamlı-adamsız yerində sayan yazıçı kimi buna gücü çatacaqdımı? Bilmirdi. Hərdən güman edirdi, ona meydan açsalar dağı-dağ üstə qoyar, sonra baxırdı ki, oturmadığı ocaq başı qalmayıb, amma ortada karagələn heç nə yoxdur. Ölkə ədəbiyyatı da elə gündəydi ki, o, üç-dörd yaxşı yazan nasirdən biri sayılırdı...". Şair Zahid Əzəmət demiş,  "tanış mənzərədir. Hər döngəsində özümüz".

Bundan əvvəl Günelin utopik janrda yazdığı "Div olanda  noolar" povestindən fərqli olaraq "Qəhrəman" realist janrdadır. Hekayənin fabulası nəyi deyir? Qəhrəmanın tipik yazıçı həyatı ilə tanışlıq ondan başlayır ki, bir gün o, fərqli əsər meydana qoymaq fikrinə düşür və bunun üçün seçdiyi əsər Servantesin "Don Kixot"u olur. O, bu əsəri dekonstruksiyaya uğradaraq, Don Kixotu fərqli biçimdə təqdimləməyə çalışır. Fikrini hamıdan, dostlarından, ailəsindən belə gizlədərək axşamlar əməkdaşlıq etmək istədiyi nəşriyyatın poçt ünvanına niyyətini yazır, fikirlərini izah edir. Qarşılıqlı yazışma yazıçıya müəyyən qədər ruh versə də, nəticədə qəhrəman milli gerçəklərə uduzur. Bazarlıq etmək üçün əlinə verilən siyahı ona məişət sferasından adlaya bilməməyin simvolikasına çevrilir. 

İdeya özlüyündə diqqət çəkir. Məsələn, daima mübahisə müstəvisində olub: biz niyə dünya ədəbiyyatına çıxa bilmirik?! Buna gedən yollar aranıb. Səbəblər çox, maneələr çox, mənzərə də ortada. Günel bu hekayənin timsalında həmin problemlərin müəyyən qisminə işıq salır, çoxyönlü problemlərin dərinlərinə enir, hadisələrin bədii dərkini, çözümünü verir. Qəhrəmanın dünya ədəbiyyatında çox sevilən bir əsəri seçib dekonstruksiyaya uğratmaq çabası niyə alınmır? Buna mane olan nədir? Axı dünya ilə bizim aramızda ciddi mənəvi uçurum yoxdur. O zaman bizdə böyük yazıçı olmağa nələr əngəl olur: yazıçıyla işləməyi yalnız öz "bazarı"nın işləkliyi naminə seçən və istəyinə tabe tutan nəşriyyatlar, yoxsa axşamlar bəşəri düşüncələr içində var-gəl edən yazıçının səhərlər məişət gerçəkliklərinə boyun əyməsi? Ya ən əsası, oxucu amili? Yaxud da əsas məsələ: Mətn meydana qoymaq! Günelin hekayəsində bunların hamısı var: "Servantes bir cəngavər öldürüb məşhurlaşmışdı. O da öz şəhərindəki cəngavərlərin şərəfinə Servantesin qəhrəmanını dirildib tanınmaq istəyirdi. Bir növ bu şəhərin cəngavərlərinə şans... Yox, o kim idi şans versin? Belə deyək: ümid vermək istəyirdi. Əslində, inanmırdı onlar bu ümidi görələr, oxuyalar, sonra özlərini tanıyalar... Sadəcə, nəsə yazmalıydı. Neçə illərdi yazıçılara verilən bütün imtiyazlara göz dikib, onun-bunun yazdığına  mız qoyub ortalıqda düz-düz gəzməklə daha nə qədər aldada bilərdi camaatı?".

Qəhrəmanın bu cür ideallarının təqdimində yazıçı adekvat olaraq mətnə qroteski daxil edir. Ki, bütövlükdə həyatının gerçək tərəflərini, alt məqamlarını, daxili məzmunu üzə çıxarsın. Əsl mahiyyət də bu iki tərəfin üz-üzə qoyulması prosesində meydana çıxır. Müəllif qəhrəmanı ikili planda təsvir edir: ailə, dost mühitindəki hadisə  və yazı masası arxasındakı məna planında. Amma hər iki planda təsvir olunan proseslər ideya-problematika ətrafında elə yerləşdirilir ki, nəinki qəhrəmanın, elə günün gerçəklərinə işıq sala bilir. Süjetin bir tərəfində qəhrəmanın dünyanı dəyişmək istəyi, digər tərəfində onun gerçəklər önündə aciz və əlacsız qalma reallığı. Yəni yazıçının bu gün gəlib dirəndiyi problem sırası nədən ibarətdir, zəmini, məntiqi nəyə söykənir - hekayə daha çox bunun üzərində düşündürür. Yəni yalnız təsvir etmir, nominal səviyyəni dəf edir, daha çox daxili səbəblərə yönəlir. Bəlkə, daha çox təfəkkür yeniliyinin vacibliyini irəli sürür hekayədə.

Hekayənin dili çəkicidir, Günel mətni ağır konsistensiyadan məhrum edib sadələşdirir, əsərin ideyasını dolğun şəkildə ifadə etməyə nail olur. Təhkiyənin arxa planında qlobal dünyanın neqativlərinə, feminizmə işarəyə, özgələşmə faktını vurğulamaya, bir sözlə, çağın İnsanını bütün əhatə, aqibət spektrində inikasına yer var. Müəllif əsərdə qəhrəmanların həyatında baş verən ziddiyyətin səbəbini uçurumlarda axtarır. Gerçəklər və həqiqətlər, reallıq və xəyal arasındakı uçurumda.  Servantesin "Don Kixot"u ətraf mühitin yaratdığı uçuruma yuvarlanıb məhv olur. Günelin qəhrəmanının uçurumu mənəvi uçurumdur. Don Kixot nə üçün savaşdığını bilmədən savaşırdı, yeni dövrün qəhrəmanları Don Kixot olmağa çalışmırlar belə. Daxili istək, həvəs yerini çoxdan çöküş ruhuna tərk etmişdir. Hekayədə ağılla cəmiyyət arasında yaranan mənəvi uçurum diqqət mərkəzinə çəkilir. Günel insan idealı ilə ictimai varlıq arasında yaranmış dərin ziddiyyəti hekayənin ideyasının əsasında duran məğlubiyyətin rəmzi kimi ümumiləşdirməyi bacarır. Daxili istəyindən xətt çəkən insanın düşdüyü acınacaqlı vəziyyəti əsərin süjetini təşkil edən əsas motiv kimi qiymətləndirir.

Ümumən, hekayənin poetik strukturu nikbin havada nəfəs alır, kinayənin bir çox hədəflərə tuşlanmasına, müəyyən polemik kəsər və təəssüf nidasının içində olmasına rəğmən gülüş səsini eşitməmək mümkün deyil. Səbəb isə həminki varlığımızda qalmağımız, mahiyyət etibarilə dəyişməməyimizdir. Bu baxımdan, müəllifin hekayəyə Cəlil Məmmədquluzadə rakursunu daxil etməsi təsadüfi deyil, hətta məncə, bədii gedişatın özünün diktə etdiyi gerçəklikdir. Diqqət eləsək görərik: maarifçi estetikanın dünya səviyyəsinə çatmaq niyyətinin özündə bir fiasko vardı. Daim qamışlıqdan çıxmaq arzusu ilə yaşayan, dünyaya sarı dartınan bu qəhrəmanı Mirzə Cəlil öz nəsrində varlığı ilə üzbəsurət qoymuşdu. Dünyaya çıxdın da nə oldu? Geriyə dönəndə  köhnə müsəlman qaydası ilə yaşamağa davam etdinsə... Cəlil Məmmədquluzadə nəsrinin problematikası bütünlükdə bu kimi ciddi mətləblər üzərində qərarlaşırdı: bizi özümüzə tanıtmaq, anlatmaq ehtirası ilə. Günelin də hekayəsində bu məqama işarə yer alır. Qəhrəman Mirzə Cəlili sevmir, çünki Mirzə Cəlil onun kiçik qəhrəmanlığına gedən yolda özünü özünə göstərən aynadır. O isə bu aynaya baxmadan, onu ruhdan salan heç nəyə məhəl qoymadan dünyanın nizamını dəyişəcək yeni əsərini yazmaq planını qururdu: "Həmişə fikirləşmişdi ki, Cəlili oxusa bir də azərbaycanlıları sevə bilməz, uzaqbaşı yazığı gələr onlara. Düşünürdü ki, Cəlili çox oxusa, özünü də dibəcən tanıyar, o dibdən bir də çıxa bilməz, ölər, qalar orda, dünyanın bütün Şeyx Nəsrullahları ilə Kefli İsgəndərləri barışsa, var qüvvələrini toplayıb onu səsləsələr belə dirilməz".

Hekayə ironiyalarla zəngindir: "Mən Servantesdən, Don Kixotun atasından, daha doğrusu, atalığından fərqli olaraq məhz elə "tapdalanmış yolla" getmək istəyirəm. Axı indi bütün dünyada bu, dəbdir".

Amma bəzi məqamlarda manifest səciyyə üstün gəlir, qəhrəmanın iç savaşları yazıçının ideya çırpınışlarına ayna tutur, hətta müəllif şüuraltısı obrazın önünə keçib onun yerinə danışır: "Tək-tük fərasətlilərin arxada qoyduğu ikinci dərəcəli adamlar daha çox diqqət mərkəzindədir, nəinki həmin cəsurların özləri. Qəhrəmanlıq öz kristal saflığını itirib. Bu gün hamı əsl qəhrəman olmaqdan çox, öz qəhrəmanı olmağı üstün tutur. Bəşəri hisslər məhəlli duyğulara uduzur".

Əvvəlcə adama elə gəlir ki, bu pessimist düşüncələrin hekayədə motivlənməsi yoxdur, sadəcə, deklarativ səciyyədə mətnə daxil olur, onun daşıyıcısı elə baş qəhrəmanın özüdür. Amma bir addım bu yana obrazın tənqid, ironiya ilə yanaşdığı məsələlərin "örnək" nümunələri gətirilir müstəviyə. Günel fəlsəfi başlanğıca söykənən mətndən məhəlli törəmələrə gediş edir, təsvir edilənlər eklektik səciyyədə olmayıb milli şüur və məişət dərinlərinə işləyir.  Məsələn, "Çuşka" məsələsi. Belə ki, hekayənin əvvəlində sevimli uzunqol köynəyindən ayrıla bilməyən qəhrəman şəhər camaatının qınağından çəkinib onu bir tərəfə qolazlayır: "Elə gizlət bunu, bir də gözüm görməsin!

- Bəs deyirdin sərin saxlayır, nooldu?

- Havaya bax! Adama "çuşka" deyərlər!".

Burada oxucu öz gözləntisində fiaskoya uğrayır. İçinə yıxılan qəhrəmandan nəsə gözləməyə ümid vardı. "Şəhərli olmaq" üçün ətrafın fikrinə tabe olan qəhrəmandan isə nəsə ummağa artıq yer qalmır.

Hekayədə ikinci belə "örnək" məqam əlindəki oyuncaq qılıncla Əliağa Vahidin büstü ilə döyüşən uşağın kontekstində açılır. Anarın əsərlərindəki şəhər adamı olmaq istəyinin yerini "cəngavər"liyə meyil edən əyalət adamları tutub və onun da gücü əvvəldə Anarın qəhrəmanı əvvəl Zaur kimi altıncı mərtəbələri xəyal edib sonda əlində ərzaq siyahısı mağazaları gəzməyə çatır. Müəllif bəşəri lada köklənən insan hisslərini sosial fonla əlaqələndirməyə cəhd edir və bu məqamda da gözlənilməz nəsə baş vermir, qəhrəman total müsəlman davranışına və təfəkkürünə bağlı biri olduğunu isbatlayır. Günel hekayənin əvvəlində ali ideyalarının cəzbində dolaşdırdığı qəhrəmanı axırda məişət qatında sərgərdan buraxır. Burada bir anlıq milli insan olaraq öz naəlaclığımıza heyifsiləndim, düzü. Azərbaycan kişisi hələ də məhəlli "şinel"indən çıxa bilmir, onun deyək ki, Somerset Moemin "Ay və qara qəpik" romanının qəhrəmanı Çarlz Striklənd kimi arzularının naminə məişətdən, mühitdən vaz keçmək iqtidarı yoxdur. 

***

Karlos Fuentes "Ədəbiyyata tərif" məqaləsində yazır:  "Bütün böyük romanlarda insani bir impuls olur; adına təşnəlik də demək olar, sevgi də, azadlıq da, ədalət də. Uğursuzluğa təhkimli olduğumuzu bilsək də, bizi özünü reallaşdırmağa çağıran bir impulsdur bu. Don Kixot uğursuzluğa düçar olduğunu bilir, eynilə Qorio ata, Anna Karenina və Knyaz Mışkin kimi. Amma onlar bu uğursuzluğun müəyyən qədər, yaxud da tamamilə fərqində olduqları üçün, bütün dövrlərin, irqlərin, bəşəriyyətin bütün ailələrinin bitib-tükənməz, təsdiqlənmiş inkişafına və xoşbəxtlik illüziyası ilə özgələşmədən yaşadıqları, ortaya qoyduqları və xatırladıqları ömrün təbiətini, insan ekzistensiyanı və onun dəyərlərini xilas edirlər, bizim də xilasımıza yardımçı olurlar".

Mən "Don Kixot" - dünyanın bu əsrarəngiz və bəxtsiz cəngavərini Servantesin kitabından əvvəl sovet yazıçısı Emma Vıqodskayanın "Əlcəzair əsiri" adlı kitabından tanımışam. Müharibədən əvvəl, daha sonra isə 1965-ci ildə yenidən nəşr olunan bu kitab indi də kitab rəfimdə öz sevimli yerindədir və "Don Kixot"un faciəsini anlatmağa gücü yetən bu cümlələrə görə mənə həmişə əziz olacaq: "Cəngavər döyülmüş, qana bulanmış, toz-torpağa batmış, azı dişlərini itirmiş, Rossinant adlı atından məhrum olmuş bir halda torpağa uzanıb özünün sədaqətli silahdaşıyanı ilə söhbət edirdi. Servantesin yatdığı zindandan qəmli cəngavərin səsi gəlirdi:

- Bunu da sənə deyim, Sanço, ürəyim ona görə ağrıyır ki, mən özümə baş götürüb dünyanı gəzən cəngavər peşəsini iyrənc bir əsrdə, yaşadığımız əsrdə seçmişəm".

Belə... Hər dövr öz zəmanə qəhrəmanını yetirir. O qəhrəmanın içində dünyanı dəyişmək, dünya ilə savaşmaq şövqü oyanır. Yeni "Don Kixot"lar meydana çıxır və fərqli sonluq yarada bilmədən tarix səhnəsini tərk edirlər. Bu barədə Borxesin "Pyer Menar, "Don Kixot" müəllifi" hekayəsində ətraflı təsvir var. Amma qəribə olan nədir, bilirsinizmi? Hər dövrün "Don Kixot"u mütləq identikliyə məhkumdur və  son olaraq belə qənaətə gəlir ki, o, doğru zamanda doğulmayıb, yaşadığı əsr "iyrəncdir!". 

Günel Şamilqızının qəhrəman ola bilməyən Qəhrəmanı kimi...

© Müəllif hüquqları qorunur! Mətndən istifadə etdikdə istinad mütləqdir!