Nəsiminin yallısı... - İdris HEYDƏRLİ

 

"Bədəndə yox olub, camaatda var olmaq" bizim coğrafiyanın dərdi olalı.

Alimlər, elm sahibləri yollar axtarmağa başladılar.

Dağlar və qalalar ismayili fədailərin və dahilərin mərkəzi olmaqdan monqollar dönəmində xilas edildi.

Dağlardan və qalalardan çölə, şəhərə, obaya fikir miras qaldı.

Hakimiyyətlər seçim qarşısında qaldılar.

Din artıq tarixə, yola və yolun inşa etdiyi metoda möhtac oldu.

Təriqətlər camaatlaşması və təriqət şeyxlərinin kimlikləşdirmə dönəmini coğrafiyamızda ciddi izi qalan hürufi kimliyi ilə qarşıladıq.

Hürufi şeyxi Nəiminin başladığı yolu Nəsimi "Bədən Allahın əmanəti"dir, fikri ilə bədəni yox edib, camaatı təriqətə gətirənlərə üsyan etdi. Din içində fərqli bir nəzəri mərkəzə qoydular.

"Yallı" kimi camaat rəqsindən tək-tək ifalar ön plana çıxarıldı.

Nəsimi ilə islam dünyasında insan fərqli bir yer qazandı.

Qorxular, ağrılar, iztirablar gətirən hökmlərə qarşı ilk kəs hər bir insan əmanətdir, ümiddir, gələcəkdir düşüncəsi cücərməyə başladı.

Surət xaliqin yazısıdır.

Nöqtə və xətlərdən inşa edilən insan ibadətdir.

Yaranış hekayəsinin əvvəli də, sonu da insandadır.

Yaradılanlar bu surətin eşqi ilə yaradılıb.

Nəsimi 28 hərfli ərəbcəni, 32 hərflik farsca edib, məna yükləyən Nəiminin önünə keçərək.

Türkcəni mərkəzə qoyub "Quran şeiri" yazdı.

Nəsimi türkcə Bəyanı anladan, "Quran"ı tərcümə edən deyil, "Quran" ayələrini işarələrə çevrib, sözə, səsə, musiqiyə bağlayan yeni bir dilin düzənini quran alimdir.

Türkcə "Quran" şairidir.

Din kitabının tərcüməsi problemini ilk kəs həll edən qurucu bir təməl düşüncədir. Yunus Əmrə ilə başlayan bu yolu tam olaraq həll edən Nəsimi yeni bir paradiqma inşa etmiş oldu. İbn Teymiyyə ilə 14-cü yüzildə ciddi bir islahatlar yaşayan islam coğrafiyası şəriət yolçuluğunda ağlı mərkəzə qoyan Qazzalini, işrağı önə çəkən Sührəverdini ittiham edib, dinin yenidən bərpası üçün çalışıldığı bir dönəmdə Nəsimi fərqli bir qapı açdı.

Din mədrəsələrin, şeyxlərin, hökmdarların, təriqətlərin deyil, İnsanlığın təməlidir.

Hər kəs bir "Quran" kitabıdır, onu oxuya biləcək hər insan Adəmdir.

Nəsimi sözü səslə ahəngədir...

Nəsimi səsin sükutunu pozan oldu!

"Kürəyi Nəsimi" Qafqaz dağında qərar tutar.

Okeanlar görməyən Qafqazda okeanlardan yaranan hava kütləsinin mərkəzi yerləşər.

İnsanlıq bu hava ilə nəfəs alar...

Bu hava nəfəsdir!

Bu nəfəsi hərəkətdə saxlayan isə Küreyi Nəsimidir.

Nəsiminin ləqəbi bu Nəsimidir.

Nəfəs üçündür.

Nəsimi şeiri kimi tanıdığımız mənalardakı "Mən" o nəfəs üçün Nəsimidir,

Nəfəs var olduqca Nəsimi var!

Səs və sözdən başlayan mənalar "Mən" inşa edər...

Bu "Mən"lər, məna söyləyənlər və yazanlar olur...

Son ifadə isə Hərfdir!

Səs və sözün məqsədi Hərfi tanıtmaqdır...

Hürufi kəlamı budur.

Hərfin qaynağı isə surətdir, zat və sifətlər Hərflə zühür etdi, dedilər.

Yaranış hekayəsinin hikməti Kamil insanla başlar, Onun nuru ilə şövqə gələn Aləm isə sonradır.

Od da, su da, torpaq da, hava da Ona xidmətçidir.

"Məndə sığar iki cahan, mən bu cahana sığmazam" ona yüklənən Mən, Mənanı bəyan edir.

Hürufi kitabı "Cavidannamə" bu bəyanın mənalar kitabıdır.

Hərflərin, xətlərin nöqtəsini anladır.

Hürufi kitabı və bu kitabın sahibi Nəimi sistem qurucu bir şəxsdir!

Hürufilik nə məzhəb, nə təriqət, nə də bu şəkillərin bədənləşdirmək istədikləri camaatlaşmadır...

Onlar bədəni yox edənlərə, camaatlaşmaya qarşı düzənlənən nəfəsdır.

Hər insan Allahın zat və sifətini daşıyır, nəfəs ilahi bir qopuşdur.

Nəfəs Nəsimi qədər var olacaq.

© Müəllif hüquqları qorunur! Mətndən istifadə etdikdə istinad mütləqdir!


© Müəllif hüquqları qorunur! Mətndən istifadə etdikdə istinad mütləqdir!