Fərman Kərimzadə - böyük sözdən və böyük ağrıdan yıxılan adam... - Azər TURAN yazır - Azər TURAN

Fərman Kərimzadənin vəfatından 30 il keçir

Azər TURAN

 

Hanı qəbirlərin, Sarı dolama,

Onlar ki, əbədi yatmalıydılar.

İgid yurdumuzda minib atlara

İqlimdən-iqlimə çapmalıydılar.

 

Şahpəri nənəmin atlı başdaşı,

Babamız Kərimin çatlı başdaşı,

Suçu Məhəmmədin saplı başdaşı

Burdan ayaq tutub haraya getdi?

 

Qaşıqçı Usubun qisməti buymuş,

Aşıq Muxtar səssiz, sözsüz uyumuş,

O nə düyün imiş, o nə toy imiş.

Yatanlar oyanıb oraya getdi.

 

Bu daş ümmanında daşmı az idi?

Gözdən bura axan yaşmı az idi?

Bəyəm görülməyə işmi az idi?

Daşlar bostan kimi uraya getdi.

 

Yatanlar elindən düşəndə uzaq,

Qəbirlərdə onlar sakit yatacaq?

Əbədi məskəndən düşərək qaçaq

Bu eldən o elə haraya getdi.

 

Vedinin yanı dağlar,

Ürəyi canı dağlar.

Burda bir el yatırdı,

Siz deyin, hanı dağlar.

 

Hanı qəbirlərin, Sarı dolama,

Onlar ki, əbədi yatmalıydılar.

İgid yurdumuzda minib atlara

İqlimdən-iqlimə çapmalıydılar...

Fərman Kərimzadə bu şeiri 1986-cı ildə - Naxçıvandan keçib dədə-baba yurdu Vedibasarı ziyarət edərkən yazıb. Vedi və vedililər yerindəymiş. Amma Sarı dolamadakı qəbirlər yox imiş... Əbədi yatmalı olanların ruhu perik düşübmüş... Ermənilər Sarı dolamadakı məzarlığın üstündən yol çəkiblərmiş...

Şeirin içindəki məşhur bayatı da Fərman Kərimzadənindır. Onu 1987-ci ilin fevralında,  Abbasqulu bəy Şadlinskinin anım günündə Alim Qasımov oxuyub. Kərimzadənin etnoqrafik eskizləri - "Vedinin yanı dağlar"ı da həmin harayla bitir: "Oxu, səsinə qurban, zildən oxu!".

İki il sonra Kərimzadənin də qanadları dərdin "Ağ Segah"ında, Vedinin yanındakı dağların xiffəti, Sarı dolamadakı ruhların deyil, Vedibasardan qovulmuş elin nisgili ilə qırıldı. "Təbriz namusu"ndakı şaman kimi "yer günahkarları" onun da qanadlarını qırdı. Fərman Kərimzadə yarı yolda, Vedidə deyil, Tərtərdə, Vedili qaçqınların hüzurunda böyük sözdən, böyük Vedidən, böyük ağrıdan, Ağrının ətəklərindəki geniş, doğma və qürbət vadidən yıxıldı... Yıxılanda 52 yaşı vardı...

"Qarlı aşırım"da Kərbəlayi İsmayılla Abbasqulu bəy Şadlinskinin üzünə ağ ola bilməməsi səbəbilə ədəbiyyata bəylik ənənəsi, əsilzadəlik ovqatı gətirən Fərman Kərimzadə ədəbi düşüncədə elə qızıl hədd müəyyənləşdirdi ki, ondan sonra bir daha Abbasqulu bəylə Kərbəlayi İsmayıl bir-birinin sınırlarını aşa bilmədilər. Ardıyca ədəbiyyatımızda batin, gizli sirlərin izharına rəvac verən "Xudafərin körpüsü" yarandı. Yarandı və sirr batini bəyan etdi. Bəyan etdi ki, insan nurdan ibarətdir. "Nurdan ibarətdirsə, demək o, nurun, Allahın əksidir. Söz yox ki, insan-nur əməli təmiz, qəlbi pak insanlardır. Onlar öz yaradıcıları ilə birləşirlər... İnsan da iki cürdür. Kamil və qeyri-kamil. Qeyri-kamillər nur parçası ola bilməz. Nur olmaq üçün o, əslən də, mənən də, daxilən də, xaricən də pak olmalıdır. O nur-insanlar öz tərəfdarlarını artırmaq üçün iş görməlidirlər...".

Bu, Şeyx Heydərin Hüseyn Lələyə açdığı Şeyx Səfinin batin sirlərindən biriydi. Və bunu Şeyx Səfinin dilmancı Fərman Kərimzadə "Xudafərin körpüsü"ndə yazırdı. 1982-ci il idi. Adamlar hələ "Səffətüs-səfa"nı oxumamışdılar.

Ərdəbil xanəgahına ruhani bağlılığı, Şah İsmayıl sevgisi onu səfəviyyə təriqətinin (və fəlsəfəsinin) zamanımızda yaşayan mürşidinə çevirmişdi. Həmin sirlərə, çoxdan qeyb etdiyimiz pünhan fikirlərə yiyələnmək üçün Fərman Kərimzadənin zamanla irtibatı ruhani səciyyə daşıyırdı. Savalandan Ağrıya, Ərdəbildən Qarabağa, Təbrizdən Bakıya, Naxçıvandan Dərbəndə qədər irfanımız "Xudafərin körpüsü"nün nüvəsində qovuşub-birləşmişdi.

O doğma maddi və ruhi sərvətlərin toplusu ki, biz onlardan çox-çox uzaqlaşmışdıq - bax o dəyərlər, "Xudafərin körpüsü"nü oxuduqca yaddaşımızda ehya tapırdı. Dönə-dönə oxuyurduq. İnanırdıq ki, yaddaşımızı yaşadığımız o yad sistemin cadusundan etsə-etsə bu roman  xilas edəcək.

"Çaldıran döyüşü"ndə qəddarlığı da sevgi doğuran Şah İsmayıl vardı. Şahqulu üsyanından sonra nicat üçün Şah İsmayıla pənah gətirib edam olunanların sınağa çəkilmiş sevgisi vardı. İbrahimin İsmayıla olan sevgisi kimi burda da əziz olan bir varlıq ən əziz olanın naminə qurban verilirdi. Oxuyurduq: "Mürşidi-kamilim, sizin hökmünüz "Quran" ayəsidi, bu öz yerində. Mən bir şeyi bilmək istəyirəm. Bu bədbəxtlər, axı Əli yolunda nə qədər qan axıdıblar. Neçə min adam şəhid olub. Onları həmin şəhidlərin qanına bağışlamaq olmazdımı?". Zamanın xilaskarı isə edam hökmündə qərarlıydı: "Yox, Xan Məhəmməd. Bunlar da gərək orda şəhid olaydılar. Nə var, niyə qaçıb mənim üstümə gəlirsiniz. Bəs o torpaqlarda kim qaldı! Sizin qorxaqlığınızı görən camaat da qaçıb gələcək. Axı, orada bizim nə qədər tayfalarımız var! Onlar indi yer-yurdlarından didərgin düşüb gəlib Təbriz bazarında dilənçilik eliyəcək? Asılsınlar!".

Dədə-babaları Vedibasardan zorla köçürülmüş Fərman Kərimzadə sonuncu köç dalğası başlamazdan öncə belə yazmağı zəruri bilirdi. Qoy, yenə də heç kəs Şah İsmayılı başa düşməsin. Heç beş yüz yaşlı Xan Məhəmməd Ustaclu da onu anlamasın. Yetər ki, onun qərarı dəyişilməsin: "Axı bu fərarilərə, doğma torpağını qoyub qaçanlara bundan əskik cəza versə, onda Xorasandan da, Bağdaddan da onun dili bir, qanıbir qardaşları qaçıb gələr. Yurd, torpaq özgələrə qismət olar. Nə vaxta qədər bu millət öz canının qorxusundan vətənini, torpağını atıb qaçacaq… Mən hələ fərman verməliydim ki, onların meyitlərini də aparıb gəldikləri torpaqlarda basdırsınlar".

Həyatda gördüyüm ilk və son Səfəvi yazıçısı Fərman Kərimzadə neçə əsrlərdir ki, yol gələn iman və düşüncə cərəyanlarını yaddaşında əsl estet fəhmi ilə yaşadırdı. Tiflis prospektindəki mənzilində divanda əyləşib "Nizami. Xəmsə. Miniatürlər" kitabını vərəqləyə-vərəqləyə Sultan Məhəmməd barədə danışdığı söhbətlərini xatırlayıram. Harmoniya, hədsiz dinamika, məkana hakim kəsilmiş simmetriya, əbədiyyət ağacının yaşıl sirri, bir sözlə, Səfəvi dövrü Təbriz rəssamlarının, özəlliklə, Sultan Məhəmmədin ruhsal dünyası Kərimzadənin sığındığı mənəvi məkan idi. Və o, bu məkanın hər guşəsinə, hər hücrəsinə bələd idi. Hərdən, sanki vəcdə gələr, talisman kimi bir daşı götürüb (onda belə daş parçaları çox idi) barəsində heyrətlə danışardı. İndi harda olduğunu bilmədiyim zəngin kolleksiyası vardı. O daş parçalarından birini heç unutmadım. Adi gözlə baxanda heç nəyi əks etdirməyən daşın üzərində tor süzüb balıq ovlayan qayıqçının, tordakı balıqların təsvirini yalnız işığın proyeksiyasına uyğun görmək olurdu. O daş parçasını mənə göstərdiyi günün dəqiq tarixini bəlləmək üçün gündəliyimə baxıram. 1983-cü ilin 3 noyabrı imiş. Bayıldakı İliç adına mədəniyyət sarayında "Xudafərin körpüsü"nün müzakirəsindən sonraymış. Həmin tədbirdə Nazif Qəhrəmanlı, Loğman Rəşidzadə və tələbələr adından mən danışmışdım.

1982-ci ildə Fərman Kərimzadə məni rəssam Asif Azərellinin Vidadi küçəsindəki emalatxanasına apardı. Azərellinin "Qarabağlı qoca" tablosunu çəkdiyi vaxtlar idi. Sonralar Qarabağ nisgilimiz "Qarabağlı qoca"nı əziz bir tabloya çevirdi. Yadıma gəlir, o vaxt Asif Rzayev olan Asif Azərelli də, yəqin, bunu unutmayıb, "Qarabağlı qoca"nın hasilə gəlməsini Fərman Kərimzadə, bəlkə də, rəssamın özündən çox arzulayırdı. Nüsrət Kəsəmənli də həmin gün Asifin emalatxanasına gəlmişdi. Kəkotulu çay içib söhbət edirdilər. Rəssamlıqda ən yeni cərəyanlardan söz düşdü. Sultan Məhəmməd heyranı olan Fərman Kərimzadə avanqard sənət barədə çox sərt danışdı. Nüsrət Kəsəmənli "Bu gün səni tanıya bilmirəm, Fərman" - dedi. Fərman Kərimzadə isə "mən bu gün olduğum kimiyəm", - deyib söhbəti tamamladı. Ortaya sükut çökdü. Emalatxanadan çıxırdıq. Dəhlizdə başqa bir molbertin üzərinə Asif Azərellinin sifarişlə çəkdiyi hansısa rus aliminin portreti qoyulmuşdu. Çıxaçıxda sükutu yenə Fərman Kərimzadə pozdu. Fırçanı götürdü, rəngləri qarışdırdı. Rus aliminin sarı saqqalını qaraltdı, başına qaragül dərisindən papaq çəkdi. Nüsrətin "Neynirsən?" - sualına isə  "Yaxşı edirəm. Belə lazımdır", - deyə cavab verdi.

***

Fərman Kərimzadə ilə tanış olduğum günü xatırlayıram. Onda 1977-ci il imiş, 7-ci sinifdə oxuyurmuşam. Bizim rayona gəlmişdi. Axşamlar qızılgüllü həyətimizdə oturub gecədən keçmişə qədər atamla söhbətlər edərdi.  Söhbətlərini təfsilatı ilə xatırlamasam da, məzmununu xatırlayıram. Kərbəlayi İsmayıldan, Şadlinskidən, Qəmlodan danışırdılar. Bizə, adətən, axşamlar gələrdi. Gündüzlər isə rayon mərkəzindəki parkda yeni tikilmiş kafenin divarlarına mozaik daşlardan rəsmlər hörərdi. Rəssam idi axı. Ruzisini həm də belə qazanardı. Və heç kəs də inanmazdı ki, bu adam "Qarlı aşırım"ın müəllifi Fərman Kərimzadədir. İndi Fərman müəllimin əlləri ilə düzdüyü rəngbərəng daşlar həmin kafenin yalnız bir divarında qalıb. Üstünə də əhəng çəkiblər. Başqaları belə etməzdi. Öz böyük yazıçısının əl işini abidələşdirərdi...

Təbriz namusunun, Qarabağ heysiyyətinin təəssübü, bəlkə, daha çox erməni amilinə nifrət onu tarixin dərinlərinə - Çingiz xana, Çingizə ad verən şamana (mifolojidəki Göycə Şamana), Elxanilərə, Əmir Çobana, Əbu Səidə, hətta Şeyx Səfiəddinin tövsiyəsi ilə Rəşidəddinin "Cami ət Təvarix"inə, Nadir şaha, Pənah xana qədər alıb-apardı. Fəzlullah Rəşidəddinin də, Rəşidəddinin kitabını interpretasiya ilə Alankovanın da bədii obrazı Azərbaycan ədəbiyyatına ilk dəfə Fərman Kərimzadənin qələmi ilə gəldi. Kərimzadənin "Təbriz namusu"nda Çingiz xanın yeddinci babasının anası Alankova göydən enən Altun İşıqdan deyil, Bayat boyundan olan Orxandan hamilə qaldı. Mifik tarixdə Altun İşıq, yaxud Boz Qurd olan varlıq Fərman Kərimzadənin fəhmində və qələmində Bayatlı Orxana çevrildi. Mifolojinin bədii mətnə bu şəkildə, belə bir vüsətlə tətbiqi Azərbaycan ədəbiyyatında yeni hadisəydi. Bayat boyundan olan Orxanın mifoloji mətnə əlavə edilməsi isə yazıçının milli zəfəriydi. Yusif Vəzirdən sonra Qarabağ xanlığının tarixi taleyini romanlaşdıran ilk yazıçımız da o oldu. 1988-ci ildə yazdığı son romanını - "Qoca qartalın ölümü"nü Qarabağa həsr etdi. Və son romanında ədəbiyyatımızda ilk dəfə Qarabağın yaşıl, üstündə iki qılıncın çarpazlaşdığı bayrağını da o dalğalandırdı. 

Nizaməddin Onk Fərman Kərimzadənin Vedibasardan olduğunu bilincə "Əfəndim, Vedibasardan yazıçı yox, sərkərdə çıxar" - demişdi. 52 illik ömrünün qürubunda Kəlbəcərdə, Tərtərdə qaçqının, köçkünün qabağına düşüb Kremləcən getdi. Adamları öz halal puluyla Moskvaya apardı ki, dərdlərini izhar etsinlər.

...Yazıçıydımı, sərkərdəydimi? Allah bilir...

© Müəllif hüquqları qorunur! Mətndən istifadə etdikdə istinad mütləqdir!


© Müəllif hüquqları qorunur! Mətndən istifadə etdikdə istinad mütləqdir!