"Ədəbiyyat qəzeti"nin müzakirə saatı - Cənubi Azərbaycan ədəbiyyatı: tarixdən bu günə

Müzakirədə iştirak edirlər: Xalq şairi Sabir Rüstəmxanlı, filologiya elmləri doktoru, prof. Vüqar Əhməd, filologiya elmləri doktoru Esmira Fuad Şükürova, filologiya üzrə fəlsəfə doktoru Pərvanə Məmmədli, AYB Cənub ədəbiyyatı şöbəsinin rəhbəri Sayman Aruz, "Ədəbiyyat qəzeti"nin baş redaktoru Azər Turan və filologiya elmləri doktoru Elnarə Akimova (moderator).

 

Əvvəli burada: http://edebiyyatqazeti.az/news/muzakire/3163-cenubi-azerbaycan-edebiyyati-tarixden-bu-gune

Elnarə Akimova: - İranda müxtəlif vaxtlarda fərqli inqilab dalğaları olub. Zaman-zaman olan bu inqilablar xalqın özünüdərkində, özünüifadəsində hansı rol oynayıb? Bunlar nəyə gətirib çıxarıb?

Pərvanə Məmmədli: - Bəlkə də, Cənubi Azərbaycan yeganə ölkədir ki, oradakı ədəbi hərəkatlar, mədəni inkişaflar inqilabla bağlı olmuşdur. Əsrin əvvəllərindəki Məşrutə inqilabı, Xiyabani hərəkatı, Pişəvəri hərəkatı və sonuncu, 1978-79-cu ildəki İslam inqilabı. Mən ona İslam inqilabı demirəm, xalq inqilabı idi, sonradan yönünü İslam inqilabına dəyişdi.

Vüqar Əhməd: - Yox tarixi faktdır. Onu dəyişmək olmaz ki. İslam inqilabı idi.

Pərvanə Məmmədli: - Elmi ədəbiyyatda hər ikisi - həm 1978-79-cu illər İran inqilabı, həm də İran İslam inqilabı kimi gedir, adı. Məşrutə inqilabından üzü bəri gələk. Bayaq bir söhbət getdi dil ilə bağlı, ilk əsərlər haqqında. Şəhriyarın əsəri böyük rezonans doğurdu, Türkiyədə Məhəmməd Əmin Rəsulzadə bunu ədəbi abidə kimi dəyərləndirmişdi. XX əsrin əvvəlində Əsəd Nizam adlı bir xalq, el şairi Şəhriyarın sonralar yazdığı bir üslubda şeir yazmışdı.

Vüqar Əhməd: - Orada xalq şairi statusunu bircə Şəhriyar alıb.

Pərvanə Məmmədli: - Xeyr, rəsmi olaraq xalq şairi olmasa da, xalq içindən çıxan biri idi. Xalq içində o qədər şeirlər yazırdılar ki. Məşrutə inqilabı da özüylə ədəbi hərəkat doğurdu. O dövrdə satirik şeirlər yarandı. Ona qədər yox idi, şeirlər daha çox klassik üslubda və mövzuda yazılırdı. Onlar artıq Sabirin təsirilə yazırdı. Kimlər var idi - Əfşarəddin Gilani-Qəzvini, M.Ə.Möcüz, Sərraf və b. Sonra Xiyabani hərəkatı ərəfəsində, bura - Azərbaycana gələ bilməsələr də, Türkiyə ilə əlaqələr var idi və təhsil üçün oraya üz tuturdular.

Beləliklə də, ilk dəfə olaraq Azərbaycan şeirləri meydana gəldi. Sonra Həbib Sahirin də qeyd etdiyi kimi, yeni şeirin əsasını qoyanlardan biri Tağı Rüfət oldu. Bu dövr şairləri arasında fars dili ilə ortaya qoyulan "yeni şeir" anlayışına Azərbaycan şairlərinin əhəmiyyətli qatqısı olmuşdur. Fars şeirində köhnə qəlibləri qıran və bu sahədə yeni bir cığır açan şairlərin başında Mirzə Tağı Rüfət, Cəfər Xamneyi və Şəms xanım Kəsmai gəlir.

Pişəvəri hərəkatı zamanında da tam azərbaycanca yaza bilirdilər, kitablar buraxırdılar. Yəni mən ardıcıllığı qorumaq üçün bunları qeyd etməyi özümə borc bilirəm. Keçək suala. İnqilab dövründən sonra, sanki nisbi azadlıq gəldi. Yüzlərlə qəzet nəşr olundu, bir ildə 200-ə yaxın kitab çıxdı. Cənubi Azərbaycanda "Sandıq ədəbiyyatı" deyilən bir ifadə var. 50-60 il ərzində yazılıb saxlanan əsərlər çap olundu. Bu özü böyük göstərici idi. Ondan sonra Şəhriyarın təsirilə azərbaycanca yazılmağa başlandı. Sonra Səhəndin, Sahirin şeirləri yarandı. Sonra yeni nəsil yetişdi. İnqilabın ilk illərində on il İran-İraq müharibəsi getdi. Ədəbyyat nisbətən kölgədə qaldı. Amma Hatəminin hakimiyyətə gəlişi ilə dəyişiklik oldu. Dünyada hər zaman gənclər hərəkatların və ədəbiyyatın önündə gediblər.

Hatəmi demokratik fikirli adam idi. 1997-2001-ci ildə Hatəminin prezidentliyə seçilməsi demokratik ab-hava, ümumən canlanma yaratdı. Azərbaycan türkcəsində nəşrlərin artmasına zəmin oldu.

Ondan sonra məktublar yazıldı. 100-dən artıq tanınmış ziyalının prezidentə imzaladığı məktub-müraciətlər cavabsız qalsa da, ictimaiyyətdə geniş əks-səda doğurdu.

Babəkin doğum gününün hər il Babək (Bəzz) qalasında qeyd olunması xalq yığıncağına, yürüşünə, nəhayət, qurultayına çevrildi.

Azər Turan: - İstərdim, bu söhbətin axarı daha çox ədəbi müstəvidə davam etsin. Sizə elə gəlmirmi ki, bu gün Cənubi Azərbaycanda modern poeziyanın gəlişməsi daha vüsətlə baş verir. Təəssüf ki, bu barədə heç danışmırıq.  Şəhriyar, Səhənd, Sahir, Səməd Behrəngi məlum. Amma Bərahani, Əhməd Şamlu, Füruğ Fərruxzad bizim ədəbiyyatşünaslığın tədqiqat sferasına daxil olmur. Biz şəxsən "Ədəbiyyat qəzeti" olaraq buna çox cəhd edirik. Məsiağa Məhəmmədidən başqa mən bu mövzularda yazan alimlərə demək olar ki, təsadüf etməmişəm. Cənubi Azərbaycanda modernizm dalğası çox güclüdür. Hətta mən deyərdim, bizdəkindən güclüdür.

Pərvanə Məmmədli: - 2000-ci ildən üzü bəri yenə də modern ədəbiyyat yarandı onun kökündə nə dayanırdı: təbii ki, dirəniş.

Vüqar Əhməd: - Pərvanə xanım, modern ədəbiyyat 2000-ci ildən əvvəl yaranıb axı.

Pərvanə Məmmədli: - Əslinə qalsa, T.Rüfət, C.Xamneyi, Ş.Kəsmayi, Ə.Lahuti və S.Səlmasi kimi inqilabçı və yenilikçi şairlərin yaradıcılığının ardınca bəzi Avropa müəlliflərinin şeirlərinin fars və Azərbaycan türkcəsinə tərcümə edilməsi, bəzi fərqli forma və məzmuna malik əsərlərin yaranması yeni şeirin hələ 20-ci illərdən yaranmasına ilk cığırları açmışdı.

İnqilabdan sonra adda-budda yeni şeirlər yaranırdı. Sonra Qarabağ müharibəsi zamanı istiqlal, mübarizə ruhlu əsərlər yazılırdı, burda yeni bir şey yox idi.

Bundan sonra meydana yeni fikirli gənc nəsil gəldi. Ədəbi meydana çıxan bu gənc şair və yazıçılar özlərindən öncəki nəsillərdən fərqli oldu. Bir qismi milli ruh, milli kimliyə söykənən, o biri qismi isə Qərb təmayüllü, avanqard şeir yazmağa meyilləndilər. Mövzu bolluğu, fikir sərbəstliyi, üslub çeşidliliyi ilk sırada nəzəri cəlb edir.

Meydanlarda yaranan döyüş ruhlu poeziya daha çox şüar, xitab xarakteri daşıyırdı. Milli oyanış ədəbiyyatı şeiri vətənə, xalqa siyasətə qulluq etməyə yönəltmişdi. Klassik poeziya yeni şeirlə əvəz olunmuş, fərqli ideyalar axarı gətirmiş, ədəbiyyatda yeni istiqamət yaratmışdı.

90-cı illərdə ədəbiyyata gələn avanqard nəsil sənət prinsiplərini şüar, tələb, bəyanatlarla irəli sürən daşlaşmış mövqeləri birdəfəlik, kökündən qoparmağa çalışırdı. Bu dövr şairləri şeirdə düşüncə dəyişiklikləri yaratmaqla əsərlərində insan, cəmiyyət və onun problemlərindən bəhs etməklə ədəbi mühitdə digərlərinə örnək oldular. Bir çox şairlər şeirin formasında dəyişikliklər etməyə, ideya və məzmunu yeni formada ifadə etməyə çalışdılar.

Ümumiyyətlə, fikrimcə, ədəbiyyat nə qədər inqilabi olsa da, lirizm olmalıdı. 2000-ci ilə qədər əsl ədəbiyyat yaranmamışdı. 2000-ci ildən sonra problemlərini kənara qoyub, şəxsi duyğularından uzaq yeni ədəbiyyat yarandı. İranda onlarla yeni ədəbi cərəyanlar, nəzəriyyələr mövcuddur. Müasir şair və tənqidçilərdən olan Rza Bərahani Nima Yuşic və Əhməd Şamlunun şeir və nəzəriyyələrini sintez edərək "Dil" adlı bir cərəyan, eləcə də yeni bir nəzəriyyə irəli sürüb.

Esmira Fuad: - Güneydə modern şeirin hansı səviyyədə olduğu ilə maraqlandınız. Əruzda yazılan şeirlərdə, o cümlədən qəzəldə yeniləşmə, ictimai motivlərə üstünlük qazandırmaq missiyasını öz çiyinlərinə ilk olaraq ustad Şəhriyar götürdü və öhdəsindən böyük uğurla gəldi. Bu uğuru "Behcətabad xatirəsi", "Türkün dili", "Dərya elədim", "Naz eyləmisən", "Getmə, Tərsa balası", "Qaranlıq gecələr", "İnsü cin" və s. kimi qəzəlləri ilə təsdiqləmiş oldu. Ümumiyyətlə, təkcə Şəhriyarın əsərlərində deyil, bütünlükdə türk şeirində çeşidli mövzuların yer aldığını, klişe və standartlardan uzaq şeir olduğunu bilən çağdaş dövrün Güney şairləri "insan" yaradacaq, ruhunu təlatümə gətirəcək şeirlər yazmaq üçün həyatın dibinə enir, məişətin alt qatını, insanın gündəlik həyatda yaşadıqlarını, getdikcə gəlişib inkişaf edən elmin, texnikanın yeniliklərini, hətta mətbəxdə baş verənləri belə, ütüsüz-boyasız, tamamilə yeni bir formada modern şeirə gətirirlər... Məhz bu baxımdan, Nadir Əzhərinin Efe Muradla söyləşi//müsahibəsində vurğuladığı kimi, dr.Hüseyn Süleymanoğlu "Bilimsəl şeiri"ni, Ziba Kərbasi "Nəfəs şeiri"ni, Nadir Əzhəri "Donuq şeir planı"nı, son zamanlar isə Ərəstu Mücərrəd keçmiş zəngin və möhtəşəm ədəbiyyat axınının davamı saydığı və "Nano//Nanu" adlandırdığı şeirini yazaraq Güneydə dinamik inkişaf edən yeni şeir alanında özəl bir tərz yaratdılar... Bu tərzlərin dayanıqlı və yayğın olması sual altındadır hələ ki... Ancaq bu danılmaz faktdır ki, hazırda Güney Azərbaycanın gənc şairləri "Avanqard şeir"ə daha çox maraq göstərirlər. Həmin maraq bu gün Güney Azərbaycanda müqavimət-dirəniş ədəbiyyatının dinamik inkişafını təmin edir. Düşünürəm ki, Azərbaycan türklərinin dil və kültürlərinə qarşı hücumlar davam etdikcə, Güney Azərbaycanda müqavimət ədəbiyyatı da inkişaf edəcək, getdikcə daha kəskin xarakter alacaqdır. Doğrudur, İranda Azərbaycan müqavimət şeiri hələ də bütünlüklə ayrılıq, həsrət, motivlərindən ayrılmayıb. Çünki hazırda dünyanın bir sıra ölkələrində mühacir həyatı yaşayan bəzi şairlərin doğma yurddan uzaqda vətən həsrəti ilə qələmə aldıqları şeirləri də, heç şübhəsiz, bu kateqoriyaya daxildir və Hadi Qaraçay, Əlirza Miyanalı, Əziz Səlami, Ramin Cabbarlı, Türkan Urmulu, Nuşin Musəvi, dr.H.Süleymanoğlu, Şərifə Cəfəri və başqalarının həsrət şeirləri Vətəndən ayrılığın cövründən, qürbət acısından yaranmış ən bitkin poeziya nümunələridir...

Sayman Aruz: - Siz uzun bir tarixi dövrü xarakterizə elədiz. Mənə elə gəlir ki, biz ona görə burda deyilik. Ötəri baxmaq lazım idi. Biz problemlərdən danışmalıyıq, daha çox nə etməli olduğumuzdan bəhs etməliyik.

Pərvanə Məmmədli: - Məncə, ədəbiyyatdan danışırıqsa, ədəbi hərəkatlardan, cərəyanlardan da danışmalıyıq.

Sabir Rüstəmxanlı: - Şəhriyarın bir poeması Güney ədəbiyytına nə dərəcədə təsir göstəribsə, biz o qədər də Cavad Heyətə və "Varlıq"a borcluyuq. Onun üstündən keçmək olmaz. Müstəqilliyin təməl daşı "Varlıq" və bizdəki bəzi ədəbi dərnəklər oldu. Mən onun redaksiya heyətində idim. "Varlıq"la Cavad Heyət böyük bir iş gördü. Ədəbi dilin normalarını formalaşdırdı. Güney Azərbaycanda əlifbanı, yazı qaydalarını normallaşdırdı. Onu unutmaq olmaz. Çox gözəl mövzudu. Mən hesab edirəm ki, bu gün Güneylə siyasi birliyimiz olmasa da, ədəbi birliyimiz, mədəni birliyimiz olmalı və qorumalıyıq. Almanların vaxtilə bir pyesi var idi. Tamaşasını göstərirdilər. Tamaşa boyu səhnə iki hissəyə bölünür. Danışırlar, ailə məsələri həll olunur. Tamaşa boyu asfalt deşənlər gah o tərəfə gedir, gah bu tərəfə və sonda, tamaşa bitəndə görünür ki, aradakı o divar artıq yoxdu. Ədəbiyyatın işi aradakı bu pərdəni deşməkdir. Biz, əslində, milli düşüncəmizi Güney ədəbiyyatına, Makulunun romanlarına, Xoşginabinin əsərlərinə, Söhrab Tahirin poeziyasına, Xəlil Rza irsinə borcluyuq. Bir sözlə, nə qədər ki, varıq, Güney məsələsi hər zaman gündəmdə qalmalıdır. Müqavimət olsa da, Güneydə Azərbaycan dilində kitab, dərgi həmişə çıxıb və çıxacaq. Sayman bəy xeyli kitab çıxarıb. Mən orada kitab dükanı açmışdım. Xamneyi ilə 3 dəfə görüşmüşəm. Dedi, ağa mən türkəm, istəsəz türkcə danışaq, dedim ki, sizə bağlıdı. Heydərbabadan 2-3 bənd oxudu. Dedi bu mənim ustadım olub, şeiri ondan öyrənmişəm. Nəzərə alsaq ki, orda məktəb yoxdu, amma onların ana dili sevgisinin qarşısını almaq mümkün deyil. Bizim burdakı bir çox problemin həlli ora bağlıdır. Ora rahatlananda, biz də geniş nəfəs alacağıq.

Esmira Fuad: - "Şahnamə"dən danışıldı bayaq. Demək "Şahnamə"də bəhs olunan Azərbaycan əfsanəsini, həm Rüstəm Zalın, həm də gənc Söhrabın türkəsilli, ata və oğul olması, qoca Rüstəmin hiylə işlədərək doğma oğlunu öldürməsi, bəzən şəxsi istək və arzuların hər şeydən, qürurdan, ləyaqətdən, milli mənafedən öndə gəlməsi məsələsini, Güney Azərbaycanın yaxın və uzaq keçmişini, tarixini Rza Bərahani "Yurdumun sirləri" əsərində ən təsirli şəkildə, ali dərəcədə lirik təhkiyə ilə işıqlandırıb. Yazarın şeir və romanlarında Türklük//türkçülük məsələsi çox qabarıqdır. Mən bu məsələ ilə bağlı gənc şair və tədqiqatçı Elşən Böyükvəndin Rza Bərahaninin "Ayaz", yaxud "Mahmudun Ayazlı günləri və ya "Ayazın cəhənnəmli günləri" kimi təqdim olunan romanı haqqında "Fransa ədəbiyyatının qadın Ceyms Coysu" adı ilə dünyada tanınan Helena Siksosun fikirlərinə söykənərək etdiyi açıqlamanı xatırlatmaq istəyirəm: "Rza Bərahaninin "Ayazın cəhənnəmli günləri" romanını oxuduqdan sonra o, öz düşüncəsini bu cümlələrlə ifadə etməyə çalışmışdır: "Oxumaq həyatında yeni bir əsəri bulmaq çox çətin və nadir bir hadisədir, bir sevgili ölünün qəbirdən baş qaldırıb dirilməsi kimi bir şeydir. O gün insan ədəbiyyatın həqiqi gücünə inanır. Məncə, hər 10, ya da 5 ildə belə bir hadisəyə tanıq ola bilərik. Mənim üçün qiyamət günü idi. "Ayazın cəhənnəmli günləri" romanını oxuduğum zaman elə bir günü yaşadım. Cəhənnəmin özünü təcrübə etdim. Əsl cəhənnəm idi. Belə əsərləri oxumaq mənim üçün dözülməzdir. Yazarın iç dünyasından qaynayıb axan əsəri oxumaq məni işgəncə edir. Bax, Rza Bərahaninin bu əsəri mənə cəhənnəmin nə olduğunu yaşatdı. Rzanın cəhənnəmi gözəl və baxımlı bir saraydır, İran, türk və Batı arxivləri ilə doludur. Ensiklopedik bilgilər və xatirələr yığınıdır, başlanğıcı moderndir. Cəhənnəm deməli idim, gözəl cəhənnəmlər, ona görə ki, Rza dünyasının hər tərəfindən cəhənnəm alovlanır. Dustaqların şeirini yazır və ailədə baş verən cinayətləri. Rza çox böyük şair və xəyalsevər bir müəllim olmaqla bərabər, ədəbiyyat insanıdır. O, dünya söz sənəti sehrbazları və yeni azadlıq yaradıcıları cərgəsinə daxildir...". Və Elşənin də vurğuladığı ən önəmli məqama sizlər də şahid olun: "Fransanın böyük femenisti və yazıçısı olan Helene Sixous Rza Bərahaninin əsərlərindəki Türklük içəriyini sezirsə, nədən bizim bir sıra yazarlarımız bunu sezə bilmir və yaxud sezmək istəmirlər?

Sayman Aruz: - "Şahnamə" türk əfsanəsi əsasında yazılmışdı.

Azər Turan: - "Şahnamə" ilə yaşıd olan "Divani lüğət-it-türk"ümüz var. "Şahnamə"nin yamanladığı Əfrasiyabın - Alp Ər Tonqanın haqqında bizim ədəbiyyatımız hələ də ortaya heç bir bədii mətn qoymayıb.

Elnarə Akimova: - Sabir müəllim ədəbiyyatın sərhədsizliyi məsələsinə toxundu. Bu gün bizim aramızdakı bu missiyanı Söhrab Tahirdən sonra kim yerinə yetirir?

Sayman Aruz: - Sabir Rüstəmxanlının çox dəstəyi oldu ki, biz bu işi yarada bildik. Əgər cavan nəsilləri deyirsizsə, burada bu işi biz yerinə yetiririk. Yazıçılar İttifaqında Cənub ədəbiyyatı deyilən xüsusi komissiya var. Biz orada işləyirik. Quzeydə yaşayan şair və yazarların son illərdə 57 kitabını çıxarmışıq.

Elnarə Akimova: - Kimlərin kitablarıdır bunlar?

Sayman Aruz: - Çox kitablar var: Anar müəllimin 7 kitabını, Fikrət Qocanın, Elçinin, Kamal Abdullanın, Afaq Məsudun... Eləcə də bir sıra gənc şairlərin kitablarını o əlifbaya uyğunlaşdırıb çap etmişik. Sabir müəllimin kitablarını icazə vermirlər.

Vüqar Əhməd: - Sayman bəy, yaxşı faydalı işdir. Lakin növbəti illərdə Yazıçılar Birliyinin məsul şəxslərini yox, digər şairlərimizi də çap edərsiz.

Sayman Aruz: - Xeyr, heç də elə deyil. Yusif Səmədoğlunun "Qətl günü", Sevinc Pərvanənin, digər gənc yazarların kitablarını nəşr etmişik. Bizdə şeir antologiyası, Cənubi Azərbaycan qəzəl antologiyası çap olundu. Ümumən, 57 kitab Cənubda, 25-26 kitab da bu tayda nəşr etmişik.

Azər Turan: - Bəxtiyar Vahabzadə şübhəsiz ki, "Gülüstan" yazarı olaraq Təbrizdə də, Bakıda da Azərbaycan ədəbiyyatının əfsanəsiydi. Tutaq ki, bu gün təbrizlilər bilirmi ki, onların Bakıda ortaq ayrılığımızın ağrısı ilə yaşayan Sabir Rüstəmxanlı kimi böyük şairləri var və bu şair bizim olduğu qədər də onların şairidir?

Esmira Fuad: - Sabir Rüstəmxanlı meydan hərəkatında, milli mübarizə tariximizin 1980-1990-cı illər mərhələsində aktiv iştirakına görə daha çox tanınır.

Elnarə Akimova: - Bayaq Sayman bəy təkliflər məsələsinə toxundu, nə edə biləcəyimizlə bağlı məsələlərə toxunmaq istədi. Buyurun!

Sayman Aruz: - Bu qədər kitablar nəşr edirik, amma maddi dəstək yoxdur.

Vüqar Əhməd: - Sayman bəy, bəyəm bizə maliyyə dəstəyi var? Biz də öz hesabımıza kitablarımızı çıxarırıq, onların əsərlərinin kitablarını tanıdırıq, çap edirik.

Sayman Aruz: - Hazırda öz şəxsi kitablarımı çap etdirməyə imkan tapa bilmirəm. Əgər öz şəxsi yaradıcılığımla məşğul olsam, ictimai fəaliyyətlə məşğul ola bilməyəcəm. Demək, bizə böyük bir qurum lazımdı ki, sistemli şəkildə fəaliyyət göstərsin. Jurnal lazımdı, onun maliyyələşdirilməsi lazımdı. Bunların hamısı Yazıçılar Birliyinin daxilində mümkündür. Yəni Yazıçılar Birliyi daxili imkanları ilə bizə bu şəraiti yarada bilər. Məndən qabaq Balaş müəllim məşğul idi. Mən onunla tanış olanda 89 yaşı var idi. Yaxud Söhrab Tahir. Yaşlı nəsil idilər, onları əvəz edə biləcək kadr yox idi. Bu gün isə var. Bu həqiqətdir ki, Cənubi Azərbaycan bizim əsas gücümüzdür. Yıxılsaq da ordan yıxılacağıq, böyüsək də ordan böyüyəcəyik. Bu gün Sabir müəllim də təsdiqləyər ki, Cənubi Azərbaycan gənclərinə ədəbi, mədəni baxımdan yiyə durmasaq, ədəbiyyatımıza sahib çıxmasaq başqaları onu öz məqsədləri üçün istifadə edəcək. Bacarır, hər şeyi var, hər vasitədən istifadə edəcək ki, onları bizdən uzaqlaşdırsın. Hazırda hər kəs bizə tərəf meyillidir. Hamısı Azərbaycana baxır, izləyir, biz onları narahat qoymayaq, dəyərləndirək, mən təklif etdim ki, heç olmasa ildə bir cənublu yazara təqaüd verək.

Elnarə Akimova: - Yaxşı təklifdir.

Esmira Fuad: - Amma müəyyən səbəblər üzündən heç bizim institutlara, akademiyaya gəlib doktoranturaya qəbul olan da yoxdur. Əslində, Güneydən elmi kadrların hazırlanması məsələsi gündəmdə olmalıdır. Çünki onlar ərəb və fars dillərini yaxşı bildiklərindən, qədim əlyazmaları oxuyub sanballı araşdırmalar apara bilərlər...

Sayman Aruz: - Cənublu gənclərə siyasi nəzərdən baxmaq yanlışdır, biz onlara ədəbi-mədəni birlik nöqteyi-nəzərindən baxmalıyıq. Bu gün bunların bərpasına ehtiyac var.

Elnarə Akimova: - Əslində, xalqın yaxınlaşması üçün də bir vasitə olar.

Sayman Aruz: - Mən özüm üçün demirəm, məndən sonrakı nəsil üçün deyirəm, çalışıram. Heç olmasa bizdən sonrakı nəsillər daha yaxın, daha iç-içə olsun.

Sabir Rüstəmxanlı: - Sən gözəl bir mövzuya toxundun. Mən bir müddət Bakı-Təbriz jurnalı buraxdım.

Pərvanə Məmmədli: - Çox da yeri görünür.

Vüqar Əhməd: - Sabir bəy mənim çox yazılarımı verib orda.

Sabir Rüstəmxanlı: - Amma baxdım ki, kifayət qədər rezonans doğurmadı. 10 min tiraj nəzərdə tutmuşdum. 500 buraxdıq, gördüm alınmır. İnsanlarda çox ölüvay ruh yaranıb. Mən onu yenidən bərpa etmək haqqında düşünürəm. Amma Yazıçılar Birliyində Güney Azərbaycanla bağlı katibliyin yaranmasını mütləq hesab edirəm. Çünki ədəbi təsir var. Ya akademiyaya bağlı, ya ondan kənarda Güney Azərbaycanla bağlı institut-tədqiqat mərkəzi yaranmalıdı. Əslində, akademiya daxilində ayrı-ayrı institutların tərkibində müxtəlif şöbələr şəklində var. Tarix, Ədəbiyyat və bir neçə digər institutda var. Hamısı bir yerə yığılmalıdır. Mətbuat orqanı olmalıdır. Bu, İranla münasibətlərə təsir etmir. İranın burada 30 mədəniyyət mərkəzi var. Biri də bununla bağlı olsun da, Güney Azərbaycanı İnstitutu yaradaq ki, elmi tədqiqatlarla məşğul osun. Təəssüf ki Güney Azərbaycanın əhalisinin böyük bir hissəsi dünyanın müxtəlif ölkələrində yaşayır. Diaspor işini inkişaf etdirməliyik ki, xaricdə onlarla əlaqələrimizi yaxınlaşdıraq. Bu məsələyə diqqət yetirmək olar. Bu yaxında Türkiyədə Avropada fəaliyyət göstərən türk partiyalarının siyasi yığıncağı oldu. Mən orda iştirak etdim. Ankarada İran platformu, Güney Azərbaycanlıları platformu yaranıb. O cümlədən Cavad Heyətin oğulluğu Məmməd Rza Heyəti ilə tanış oldum. Yeni nəsil siyasətçilər, cavanların fəaliyyəti çox xoşuma gəlir. Onlarla tanışlıqdan məmnun oldum, standart düşüncədən kənar olmaları. Və s.

Elnarə Akimova: - İndi istərdim ki, Cənub ədəbiyyatının müasir vəziyyətindən danışaq. Modernləşmə dalğası, dünyadakı ədəbi proseslərin onlara təsiri nə vaxtdan başlayıb və hansı şəkildə gedib?

Sabir Rüstəmxanlı: - Bu dəqiqə dünyanın kino sənətində İran kinosu xüsusi yer tutur. Kim o sahə ilə məşğuldursa, çox hörmət edirəm və alqışlayıram.

Sayman Aruz: - 2006-cı il may hadisələrindən sonra orada xalq hərəkatı başladı. Onu yaradan "Həmşəhri" qəzetində türklərə qarşı mübarizə, tarakan və ya üs deyilən karikatura ortaya çıxdı. Ondan sonra, bu xalq hərəkatından sonra milyonlarla insan küçələrə axın elədi. Türk dilində yazmağa meyil elədi. Eyni zamanda fars dilində yazanlar Azərbaycan dilində yazmağa başladılar. Bu gün həmin şeirlər artıq yeni şeiri təşkil edir. Hazırda Təbriz cəmiyyətinin 95 faizi türkcə danışır və yazır.

Elnarə Akimova: - Son olaraq, Cənub ədəbiyyatının öyrənilməsinin hansı səviyyədə olması məsələsinə də toxunaq.

Esmira Fuad: - Mirzə İbrahimovun rəhbərliyi ilə yaradılan Cənub ədəbiyyatı şöbəsi ədibin o vaxtkı komandasının və şöbəyə sonradan gəlmiş əməkdaşların səyləri ilə bugünkü səviyyəyə çatdırılıb. Bugünkü duruma baxdıqda deməzdim ki, Cənub ədəbiyyatının öyrənilmə səviyyəsi aşağıdır. Amma görülən işlər kifayət deyil. Əlbəttə, 35-40 milyonluq xalqın ədəbiyyatını 10-15 nəfərlik işçisi olan şöbənin mükəmməl şəkildə öyrənməsi mümkün deyil. Cavanlar bu işlə daha sistemli məşğul olmalı, ədəbiyyatımızın sərhədləri aşaraq dünyaya çatdırılmasına xidmət göstərməlidirlər. Bunun üçün xüsusi mərkəzin olması daha yaxşı olardı...

Vüqar Əhməd: - Belə bir fikir irəli sürdük ki, vaxti ilə Mirzə İbrahimovun rəhbərliyi ilə çap olunan 4 cildlik antologiyanı genişləndirib 7 cildlik edək. Demək olar ki, işin əsas hissəsi görülüb. Şöbə əməkdaşlarının köməkliyi ilə bu cildlər artıq hazırdı. Sözlərimi Abdulla Şaiqin misraları ilə bitirmək istərdim:

Həpimiz bir yuva pərvərdəsiyik

Həpimiz bir günəşin zərrəsiyik.

Pərvanə Məmmədli: - Çox gözəl təkliflər, fikirlər deyildi. Amma bizim öhdəmizə düşən işlərdən danışmaq istəyirəm. Mən Akademiyanın illik yekun müşavirəsində Cənub ədəbiyyatını təqdim etməyə məsulam. Lakin kitab problemimiz var, istərdim ki, müəlliflər öz kitablarından bizə göndərsinlər, biz də onları təqdim edə bilək. İkincisi, üzüm tənqidçilərə, ədəbiyyatçılaradır. Hələ də Güney ədəbiyyatı ilə aramızda müəyyən maneələr, baryerlər var. Əlifba, dil, ləhcə və s. kimi. Bizdən başqa o taydan xəbəri olan yoxdur. Mən mətbuatda çıxış edirəm, tanıtma, təbliğ aparıram. İstərdim ki, bizim kitabları, antologiyanı oxusunlar, o ədəbiyyatdan da xəbərdar olsunlar. Bu haqda fikirlər bildirilsin.

Sayman Aruz: - Cənub məsələsi mənim üçün milli bir məsələdir, vətənpərvərlik var kökündə. Bu işə maddi qazanc kimi baxmıram. Dərin qatında dövlətçilik məsələsi var, Azərbaycan dövlətçiliyinin maraqları var. Buna ciddi yanaşmaq lazımdır. Sistemli şəkildə fəaliyyət göstərməliyik. Burada yığışmağımız da bu məsələyə ciddi maraq, qayğının olmasını sübut edir. Ona görə də birləşək, tələb və təkliflərimizi bildirək. Biz ziyalılar bu işdə mübariz olmalıyıq.

Esmira Fuad: - Bu günədək Güney ədəbiyyatı ilə bağlı üç monoqrafiyam: "Muhammed Hüseyin Şehriyar. Edebi çevresi, yaşamı, eserleri" - Türkiyə türkcəsində İstanbulda, "XX əsr Güney Azərbaycan epik şeiri", "Güney Azərbaycanda çağdaş ədəbi proses", üç antologiyam: "Sözdən asılan arzular - XX əsrdə Güney Azərbaycan poemalarından ibarət Antologiya (848 səh.)", "Urmu türkün ilk beşiyi, sevgi ocağı - Urmu şeir antologiyası (376 səh.)", "Günümüzün Güney Ədəbiyyatı Antologiyası (1032 səh.)" çap olunub. Hadi Qaraçayın, Ərgin Əvşarın, Rəsul Qədirinin, Saleh Səccadinin əsərlərini çapa hazırlayıb ön söz yazaraq nəşr etdirmişəm. A.Danişvər, R.Bərəhani, İ.Ülkər, M.Haray, H.Cəfəri və digər yazarların əsərlərini, ömür vəfa eləsə, ayrıca kitab kimi çapa təqdim etməyi planlamışam. Artıq düşünürəm ki, saytların, virtual kitabxanaların yaradılmasının vaxtı gəlib çatmışdır. Odur ki, "Günümüzün Güney Azərbaycan Ədəbiyyatı" saytını yaratmaq fikrini irəli sürmüş, layihəsini işləyib təqdim etmişəm... Həmçinin Güneydən gəlmiş tələbələrdən elmi kadrlar hazırlanması məsələsini də diqqətdə saxlamalıyıq.

Sayman Aruz: - "Güneyin səsi", "Güney news" kimi saytlar açdıq, lakin maddi dəstək olmadığından bağlandı.

Azər Turan: - Əslində, saytların olması virtual şəkildə də olsa ədəbiyyatların yaxınlaşmasına vəsilədir. Hər halda, bu söhbətimizi ədəbiyyatqazeti. az saytı vasitəsilə Cənubdakı soydaşlarımız da oxuyacaq...

Elnarə Akimova: - Cənub ədəbiyyatı bitmək bilməyən, dərininə vardıqca şaxələnən mövzudur. Güman edirəm bu gün mövzunu bəzi aspektləri ilə gündəmə gətirə bildik. Hər birinizə təşəkkür edir, uğurlar diləyirik.

© Müəllif hüquqları qorunur! Mətndən istifadə etdikdə istinad mütləqdir!

 


© Müəllif hüquqları qorunur! Mətndən istifadə etdikdə istinad mütləqdir!