Cənubi Azərbaycan ədəbiyyatı: tarixdən bu günə... - "Ədəbiyyat qəzeti"nin müzakirə saatı

Müzakirədə iştirak edirlər: Xalq şairi Sabir Rüstəmxanlı, filologiya elmləri doktoru, prof. Vüqar Əhməd, filologiya elmləri doktoru Esmira Fuad Şükürova, filologiya üzrə fəlsəfə doktoru Pərvanə Məmmədli, AYB Cənub ədəbiyyatı şöbəsinin rəhbəri Sayman Aruz, "Ədəbiyyat qəzeti"nin baş redaktoru Azər Turan və filologiya elmləri doktoru Elnarə Akimova (moderator).

 

Elnarə Akimova: - Hər birinizi "Ədəbiyyat qəzeti"nin müzakirə saatında salamlayırıq. Bugünkü mövzumuz Cənub ədəbiyyatı ilə bağlıdır. Bizim üçün Cənub ədəbiyyatı həmişə diqqət mərkəzində olub. Bu gün də bura ömrünü bu mövzuya həsr edən, bu istiqamətdə mütəxəssis kimi tanınan, müəyyən xidmətləri - kitabları, məruzələri, əməlləri ilə cəmiyyət içində seçilən insanları dəvət etmişik. Sabir Rüstəmxanlını Güney ədəbiyyatının alovlu mücahidi kimi tanımışıq. O zaman istərdim ki, Sabir müəllim, sizdən başlayaq. Cənub ədəbiyyatı hər iki tərəfin - həm Güney, həm də Quzeyin yaralı yeridi. Ona görə də ortaq dəyərlərdən, ortaq problemlərdən danışaq.

Sabir Rüstəmxanlı: - Əvvəla, "Ədəbiyyat qəzeti"nə çox təşəkkür edirəm. Son dərəcə aktual bir mövzunu yada saldığınız üçün, mənim də tanıdığım, hörmət bəslədiyim mütəxəssisləri buraya dəvət etdiyiniz üçün minnətdarlığımı bildirirəm. Ümumiyyətlə, Güney Azərbaycan məsələsi və Güney Azərbaycan ədəbiyyatı, ziyalıları mövzusu son dərəcə ciddi və öyrənilməli bir mövzudur. Mən həmişə deyirəm ki, 1941-46-cı illərdə Güneydə hökumətin qurulması, intibahın başlandığı dövrdə burdan getmiş ziyalıların rolu haqqında çox danışmaq olar. Mirzə İbrahimov ora gedib, Qulam Məmmədli, Mehdi Hüseyn, Cəfər Xəndan, Əli Vəliyev, Süleyman Rüstəm, Rəsul Rza orada olublar, qəzet, jurnal buraxıblar. Bunun haqqında çox danışmaq olar. Amma bu Azərbaycanın - Quzey Azərbaycanın inkişafında, tərəqqisində, müstəqillik qazanmasında Güney Azərbaycanın nə qədər rolu var, bax bu haqda heç danışmamışıq. Əslində, bu haqda bir kitab yazmaq istəyirdim, amma vaxt olmadı. Deyək ki, ordan buraya gəlib çalışan, burda qalan o qədər insan var ki... Elələri var, biz heç onun güneyli olduğunu bilmirik. Halbuki, Azərbaycanın inkişafında çox böyük xidmətləri var, vəzifələrdə olublar, lap elə üzdə olan, bizim hamımızn xatırladığımız adamların adını deyək: Mirzə İbrahimov, Balaş Azəroğlu, Söhrab Tahir, Mədinə Gülgün, Hökümə Bülluri, Əli Tudə, Fəthi Xoşginabi, Pənahi Makulu, Qulamhüseyn Beqdeli.... Bu hələ ədəbiyyat sahəsində olanlardır.

Azər Turan: - Qafar Kəndli, İsmayıl Cəfərpur... Siyahını çox uzatmaq olar.

Sabir Rüstəmxanlı: - Həmid Məmmədzadə, Məmmədağa Sultanov (Əlyazmalar İnstitutunda işləyirdi), Qədir Sultanov, Rəhim Sultanov, Şəfaət Mehdiyev, Mir Cəlal Paşayev. Bunları yada salanda Qüzey ədəbiyyatının inkişafında Cənubun necə mühüm əhəmiyyət daşıması aydın olur. Təkcə Mirzə İbrahimov Asiya və Afrika ölkələri ilə Sovet Həmrəylik Komitəsinin sədri idi. O özü Quzey Azərbaycanın ədəbi, mədəni, ictimai-siyasi inkişafında mühüm rol oynayıb. Burada Ali Sovetin sədri olub. Burada dil məsələlərini də qaldırıb... Təkcə Azərbaycanda deyil, bütün SSRİ-də tanınan bir şəxsiyyət idi...

Elnarə Akimova: - Cənub ədəbiyyatı şöbəsinin də ilk müdiri o olub, elə deyilmi?

Vüqar Əhməd: - Bəli, o yaradıb.

Sabir Rüstəmxanlı: - O vaxt Cənub mövzusunda çox yazırdım. Söhrab Tahir mənə deyirdi ki, sən bizim haqqımızda bizdən çox yazırsan. Hərçənd, Söhrab qədər yazmaq olmaz. Onun romanları, əsərləri başqa aləmdi, çox məhsuldar işləyirdi. M.İbrahimov bir dəfə ciddi bir iclas keçirir, məruzələr-filan edilirdi. Mən də çıxış edib oturmuşdum. Bir də gördüm ki, balaca bir məktub göndərib, o məktubu hələ də saxlayıram. Yazmışdı ki, "Sabir bala, bəlkə doktorluq işini Cənubi Azərbaycan ədəbiyyatından götürəsən?". O zaman Cənub ədəbiyyatı şöbəsi yeni qurulmuşdu.

Pərvanə Məmmədli: - Sizin potensialı hiss edibmiş də.

Sabir Rüstəmxanlı: - Bəli, onun belə bir arzusu da vardı. İndi isə gələk konkret Cənubi Azərbaycan məsələsinə. Cənubi Azərbaycan və ya Güney Azərbaycan. Biz hələ bu terminləri də tam dəqiqləşdirməmişik. Gah deyirik Qərbi Azərbaycan, bu İranda da var.

Vüqar Əhməd: - Şərqi Azərbaycan da həm İranda, həm burda var.

Sabir Rüstəmxanlı: - Sonra İran Azərbaycanı deyəndə, əslində, ora Azərbaycanın İranıdır. Belə bir kitab da var "Türklərin İranı". Bu ərazilər elə türklərindir. Farslar olan yer isə Farsistan adlanırdı - Şiraz və çevrəsi. İranın 30-dan çox ostanı var. Bu ostanların 27-sində türklər yaşayır, 5-6-sında türk olmayanlar... Farslar çox az hissəsində yaşayırdı. Min illik türk dövləti olsa da, dövlət başında taxt-tac sahibi türklər olsa da yazı-pozuya fikir vermir, at üstündə, döyüşdə, mübarizədə gün keçirir, yazı-pozu işinə xırda iş kimi baxırdılar. Ona əhəmiyyət vermir, bu vəzifəni farslara tapşırırdılar. Onlar isə, öz növbəsində, "Şahnamə" yazır, "Gülüstan", "Siyasətnamə" yazırdılar. Bizim mədrəsələrdə də onları tədris edirdilər.

Esmira Fuad: - Ümumiyyətlə, biz əksər hallarda Cənubi Azərbaycan və ya Şimali Azərbaycan deyirik, amma mən çox vaxt yazılarımda Güney və Quzey Azərbaycan kəlmələrini işlədirəm. Düşünürəm ki, ən doğrusu Rusiya ilə İran arasında Araz çayı boyunca ikiyə bölünmüş Azərbaycanın hər iki tərəfini rəsmi sənədlərdə göstərildiyi kimi, Cənubi və Şimali Azərbaycan adı ilə təqdim etməliyik. Yəni dövlət səviyyəsində necə tanınırsa, elə o şəkildə. Bir kəndin belə quzeyi, güneyi olur. Bəyəm bizim hüququmuz yoxdur ki, o taylı-bu taylı Azərbaycan deyək? Əlbəttə, elə öz adı ilə çağırmalıyıq Ulu yurdumuzu...

Vüqar Əhməd: - Coğrafi baxımdan elə düzdür. İran Azərbaycanı deyilməlidir.

Sayman Aruz: - Orada olan mədəniyyət, ədəbiyyat da Azərbaycan təfəkkürlüdür.

Esmira Fuad: - Belə olan halda isə deyirlər ki, biz də Azərbaycana İranın şimalı deyə müraciət edəcəyik.

Azər Turan: - 1918-ci ildə Azərbaycan Cümhuriyyəti qurulanda da ilk rəsmi təpki oradan gəldi. Niyə ölkənizin adını Azərbaycan adlandırmısız? Amma siyasəti başqa tərəfə qoyaq, ədəbiyyat millətin şüurunun, düşüncəsinin alt qatıdır. Heç kəs bizə diktə edə bilməz ki, siz Vətəninizi bütöv görməyin. Bax, bu otaqda bütöv Azərbaycanın xəritəsi var. Təbrizlə Bakının birliyi, hətta çox uzaq gələcəkdə olsa belə, idealımızdır. Ədəbiyyat siyasət deyil, yazıçı diplomat deyil. Vətənimizi bütöv sevmək üçün  kimdənsə izn almalı deyilik ki... Siyasət başqa. Amma biz bir ədəbiyyat adamı olaraq, düşüncə insanı kimi vətənimizi, ədəbiyyatımızı bütöv görürüksə, bu bizim qürurumuz və haqqımızdır.

Sabir Rüstəmxanlı: - Bəzən deyirlər ki, türk xaqanı ədalətsizlik edərək "Şahnamə"yə qızıl əvəzinə gümüş verdi. O, əslində, ağıllı insan kimi gördü ki, onun sifarişi ilə yazılan əsərdə türkə necə münasibət var. Ona görə də o şəkildə yola saldı. "Şahnamə" təfəkkürü İranda qalmaqdadır... Ona görə də 35 milyonluq bir xalqın hələ də dil problemi vardır. 1000 ildir hakimiyyətdə olub onlara hər şeyi vermişik, onlarsa 70-80 ildə bircə dil məsələsinə icazə vermirlər.

Elnarə Akimova: - Eyni zamanda məktəbləri yoxdur.

Sabir Rüstəmxanlı: - Təbii ki, yoxdur. Təəssüf ki, bu gün nə mətbuatda, nə televiziyada Güney Azərbaycanla bağlı mədəni siyasətimiz elə də yetərli deyil.

Azər Turan: - Sabir müəllim, burdakı Azərbaycan ədəbiyyatının formalaşmasında güneylilərin böyük rolundan danışdınız. Bu həmişə belə olub. Xətib Təbrizi, Saib Təbrizi, Qətran Təbrizi, Mahmud Şəbüstəri, Xətai və b. Onlar hamısı bugünkü coğrafi miqyasda Vətənin Cənub qismində doğulub, yaşayıb. Ədəbiyyatımızdan onları çıxdaş edə bilərikmi? Əlbəttə, yox. Böyük bir boşluq yaranar. Daha dəqiq desək, klassik ədəbiyyatımız olmaz...

Sabir Rüstəmxanlı: - Amma nə yaxşı ki, məktəblərimizdə belə bir məsələ yoxdur. Ədəbiyyatımız, tariximiz bütöv öyrədilir. Özü də son vaxtlar, müstəqillik illərində.

Pərvanə Məmmədli: - 1828-ci ilə qədər olan məsələlərdir. Onlara niyə toxunsunlar ki...

Azər Turan: - Sovetlər dönəmində "Ədəbiyyat qəzeti" doqquzuncu mərtəbədə indiki yerində - burda, "Azərbaycan müəllimi" qəzetinin redaksiyası isə bu dəhlizin o başındaydı. Bu qəzetlər Cənub mövzusunda ortaq məxrəci bölüşürdülər. "Azərbaycan müəllimi" qəzetində də, "Ədəbiyyat qəzeti"ndə də Cənub səhifələri vardı. Vahid Azərbaycan məsələsində bir-birinin səsinə səs verərək çıxırdılar... Məncə, bu gün də məktəb və ədəbiyyat bu mövzudan bir an belə kənarda qalmamalıdır. Biz müstəqillik əldə edəndən sonra Araz mövzusu, sanki gündəmdən çıxdı. Sanki indi artıq ədəbiyyatın belə bir problemi yoxdur. Amma gerçəklik göz qabağındadır. Və bu dərdin ağrısını yaşamayacağıqsa, bu problem bizim qovuşmaq istədiyimiz ülkümüz olmayacaqsa, onda bir millət kimi sabahımızı necə təsəvvür edə bilərik. 1980-ci illərin əvvəllərində məlum hadisələrdən sonra Təbrizdə, Ərdəbildə... yeni qəzet və jurnallar çıxmağa başlamışdı. İndi aydın təsəvvürümüz yoxdur, həmin anadilli orqanlar - "Dədə Qorqud", "Varlıq", "Koroğlu", "Çənlibel", "Araz", "Azərbaycan", "Odlar yurdu"nun aqibəti necə oldu?

Pərvanə Məmmədli: - Bunlar şəxsi hesablardan maliyyələşdiyi üçün qısa müddət fəaliyyət göstərirlər. 3-5 nömrəsi çıxır sonra dayanırdı, yeganə olaraq "Varlıq" jurnalı fəaliyyət göstərirdi. O da klinikanın maliyyəsi hesabına. İndi də bu dərgi çap olunur. "Dilmanc" vardı, yaxşı, faydalı işlər görürdü, "Yaşmaq" var ki, elektron dərgiyə çevrilib. Bu gün onlarla mətbu örnəklərinin adını çəkmək olar, amma onlar dövri deyil.

Vüqar Əhməd: - Əvvəla onu deyim ki, Ərdəbildə qəzetlər çıxır. Məsələn, Kərimə var, şairə, mənə zəng vurmuşdu ki, icazə verərsiz sizin məqalənizi qəzetdə verim? Bildirdim ki, versin.

Elnarə Akimova: - Bunlar ardıcıl olaraq çıxırmı?

Vüqar Əhməd: - Təəssüf ki, yox. Dövlət maliyyələşdirmədiyi üçün qısa müddət çıxır, sonra yenə bağlanırdı. Tehranın 20 milyon əhalisi var. Biz Cənub ədəbiyyatını tədqiq edir və bununla fəxr edirik. Heç vaxt 40 milyonluq toplumun ədəbiyyatını tam öyrənmək mümkün deyil.

Pişəvəri hökumətinin dağılması ədəbiyyatda böyük yaralar buraxdı. Təbrizdəki, Cənubdakı ədəbi prosesi parçaladı. Yeni gələn yazarlar da şovinizmə, parçalanmaya aqressiv yanaşdı və yeni mövzular yarandı. Qəlblərdə yaralar buraxsa da, ədəbiyyatın inkişafında rolu oldu. Amma ki, Pəhləvidəki fars şovinizmi İslam inqilabından sonra müəyyən mənada nisbətən yumşaldı. S.C.Pişəvərinin məqalələri çap olundu. Bu yaxınlarda "Nadirə" romanı tapıldı. Onun əvvəllər "Xatireyi-Zindan" əsəri məlum idi. Əsas odur ki, bütün janrlar, həm məzmunca, həm formaca zənginləşdi. Son dövrdə də cənubdakı poeziyamız çox zəngindir. Bəzən mənə deyirlər ki, Cənubda poeziya var? Çoxu dırnaqarası baxırlar məsələyə. Əlbəttə ki, var. Bu iki xanım - Esmira xanım və Pərvanə xanım bu istiqamətdə ardıcıl araşdırmalar edirlər.

Elnarə Akimova: - Bunu deyənlərə ən azı Ədəbiyyat İnstitutunda hər il keçirilən "Ədəbi proses" elmi yaradıcılıq müşavirəsinin materiallarını nişan vermək lazımdır. Hər il mütəmadi bu mövzuya geniş yer verilir. Allah rəhmət eləsin, uzun illər bizdə bu mövzuda məruzələri Sabir Əmirov elədi. İndi də Pərvanə Məmmədli və Esmira Fuadın məruzələrində ədəbi proses bütün çalarları ilə görünə bilir.

qar Əhməd: - Qəzəl janrı da sırf Cənubda inkişaf edir, onlar farsı, ərəbi, əruzu daha yaxşı bildikləri üçün bu, onlarda gözəl alınır. Təkcə eşqdən, həsrətdən yazmırlar, gül-bülbüldən yazmırlar, qəzəlləri də ictimai motivlidir. Dil məsələsi həmişə qabarıqdır.

Elnarə Akimova: - Esmira xanım, fars ədəbiyyatında "Azərbaycan səbgi" kimi bir ədəbi üslub var. Bu üslub hansı anlamda işlədilir?

Esmira Fuad: - Azərbaycan səpkisində yazılan şeirlər anlamındadır.

qar Əhməd: - Şəhriyarın fars divanında hind üslubu, herat üslubu da var. Tehranda bir tədbirdə idim. Aşıq Ulu, Savalan da ordaydı. Orda nəzərə almışdım ki, elə çıxış edim dövlətə toxunmayım. Sonunu belə bitirdim. Bu radioda da səsləndi.

İranım, İranım, gözəl İranım.

Sənə nəfəs verir Azərbaycanım.

Sənə həyat verir Azərbaycanım.

Yəni, İranın ürəyi Azərbaycandır.

Azər Turan: - Şəhriyar isə Azərbaycanın adından şah dövründə yazırdı: "Şərqi Qərbə, Qərbi Şərqə bağlayan yollar mənim... Padişah, diqqətlə bax, tufan dolu Təbrizdi bu...". Əli bəy Hüseynzadənin "Siyasəti-fürusət" əsərində qadınlar çarşablarını atırlar və günəş rəqsini ifa edirlər. Kim idi bu qadınlar? Təbriz qadınları... Hər halda, Təbriz ümumazərbaycan kontekstində mühüm amildir.

Elnarə Akimova: - İstərdim, İranda fəaliyyət göstərən, farsdilli, əslən azərbaycanlı olub İran mədəniyyətinə nailiyyət qazandıran türkəsilli imzalar haqqında danışaq.

Azər Turan: - Sabir Rüstəmxanlının dostu Rza Bərahani müasir Azərbaycan ədəbiyyatının kontekstindən çıxarıldıqda modern ədəbiyyatımızın siması tam görünə bilməz. Yaxud Əhməd Şamlu. Onlar ümumazərbaycan ədəbiyyatının böyük imzalarıdır. Bərahani kimi böyük və dünyamiqyaslı, ədəbiyyat barədə modern düşüncələri ilə müstəsna olan bir ədəbiyyat adamını bu gün burda Azərbaycan oxucusu tanımırsa, iyirminci yüz il Azərbaycan ədəbiyyatı barədə necə aydın təsəvvürümüz ola bilər.

Esmira Fuad: - Bir fransız tədqiqatçısı deyir ki, mən Rza Bərahaninin "Mahmudun ayazlı günləri" kitabını oxuyandan sonra cəhənnəmin nə demək olduğunu anladım.

Pərvanə Məmmədli: - Bərahanidən danışdıq. Onunla şəxsən tanış idim və onunla yazışırdım. Hazırda bir az xəstədir. Yeri gəlmişkən, bildirmək istəyirəm ki, onun haqqında bu yaxınlarda bir kitab qoyacam ortalığa. Onun özü də tanınmır, əsərləri də.

Sabir stəmxanlı: - Heç bir əsəri çevrilməyib?

rvanə mmədli: - Çevrilib. Xavər Qəhrəmani "Yurdumun sirləri" əsərinin bir hissəsini çevirib ki, o kitaba salmışam. Bu adam iki dildə yazır - fars və ingilis dillərində. Onun kitabları dünyanın əksər dillərinə tərcümə olunub. Nobel mükafatına namizədliyi irəli sürülən şairlərdəndir. Özü də iki dəfə. Kanada "Pen" klubunun sədri olub. Müasir İran tənqidinin banilərindın sayılır. Yeni bir "Dil" nəzəriyyəsini də yaradıb. Müasir şeir artıq tənəzzül edir, dondurulur, o da istəyib ki, bir canlılıq gətirsin poeziyaya. Bu nəzəriyyə artıq qəbul olunub. İranda bir sıra ardıcılları var. Rza Bərahani farsca yazsa da həmişə Azərbaycan düşüncəsində olub. Deməli, ingilis və farsca yazdığı əsərlərində qəhrəmanların hər birinin adı azərbaycancadır. Orda şeirlərin əksəriyyətini Azərbaycan türkcəsində verir.

Sayman Aruz: - Rza Bərahani həm gözəl şairdir, həm də gözəl nasir. Azər müəllim Əhməd Şamlunun adını çəkdi. O, təbrizli idi. Özü də dəfələrlə təkrar edirdi. Mən onun evində də olmuşam. O mənə dedi ki, təəssüf ki, biz türklərin ədəbiyyatının inkişafı dönəmində yaşamadıq ki, mən türkcə yazım. Dedi, amma mən Nazim Hikməti türkcə oxumaq üçün osmanlı türkcəsini öyrənməli oldum. Sırf onu oxumaq üçün öyrəndim. Amma indi peşmanam ki, kaş mən də Azərbaycan dilində yazaydım.

rvanə mmədli: - Qulamhüseyn Saidi Fransada dünyasını dəyişib. Onun pantomimləri vardı, pantomimlər rejimə dirəniş idi, mübarizə metodu idi. O vaxtlar kinoteatrlara gedəndə bir şeyi müşahidə etmişdi. Filmlər gedir, Təbrizdə peşəkar tərcüməçilər var idi, onlar da başlayır türkcəyə çevirib qışqırmağa. Amma səssiz filmlər gedəndə hamı lal-dinməz qulaq asırmış. O da fikirləşir ki, mənim xalqıma elə əsərlər lazımdır ki, səssiz də başa düşülsün. Buna görə də pantomimlər hazırlamağa başlayır. "Dilənçi" və s. Fransaya gedəndə də onun əsərlərinə filmlər çəkdilər, əsərlər tamaşaya qoydular. İranda qızıl fonda düşən 10 filmin ikisi Saidinindir. Bu gün İran kinematoqrafiyasının qabağa getməsi Saidinin adı ilə bağlıdır. O da azərbaycanlıdır.

Esmira Fuad: - Mənim fikrimcə, əgər Azərbaycanın tarixini öyrənmək istəyiriksə, Rza Bərahaninin "Yurdumun sirləri" romanını oxumaq lazımdır. O kitab bu günlərdə çap olunmalıdır. Orada ta əvvəldən həm İranın, həm Rusiyanın, həm də Amerikanın Güney və Quzey Azərbaycana qarşı yürütdüyü siyasət açıqlanıb, qədim, yeni və ən yeni tariximiz vərəqlənib.

qar Əhməd: - Bir də rəhmətlik Zehtabinin "İran türklərinin əski tarixi" kitabı vacibdir. Artıq Türkiyə türkcəsinə çevrilib. Bizdə isə hələ də yoxdur.

Sabir stəmxanlı: - Mən çox istədim, amma burada çap edə bilmədim. Rza Bərahaninin poeziyasının İran poeziyasında xüsusi yeri var. Bütün Cənubi Amerika ədəbiyyatını, ingilis ədəbiyyatını yaxşı bilirdi. Maraqlı bir şey qeyd etmək istərdim. Məndən xahiş etmişdi ki, imkanın varsa, mənim üçün bir, ya iki illik orada yaşamaq imkanı düzəlt. Gəlib yaşamaq istəyirəm, çünki Nizaminin "Yeddi gözəl" poeması haqqında bir əsər yazacam. Sübut edəcəm ki, "Yeddi gözəl" dünya ədəbiyyatının zirvəsidir, onun kimi ikinci bir əsər yoxdur, sübut edəcəm ki, Nizaminin türklüyünə şübhə edənlərin fikirləri əsassızdır. Təbii ki, mənim belə bir imkanım yox idi. Mən bunu Akademiyaya bildirdim, xahiş etdim ki, ədəbiyyat fondundan bir təqaüd ayırın gəlsin, 1-2 il yaşasın, vətənidir, yazsın-yaratsın. Təəssüf ki, alınmadı... Əslində, kiçik bir şeydir. Bunu kim əldən buraxar? O boyda insan gəlib burada yaşamaq istəyir. Bir şeyi deyim ki, Tehranda kitab sərgisi olanda Azərbaycan da getmişdi. O zaman birinci dəfə idi iştirak edirdik.

Elnarə Akimova: - Bu nə vaxt olub?

Sabir stəmxanlı: - 92-93-cü illərdə. Azərbaycan ilk dəfə idi müstəqil dövlət kimi Tehran kitab sərgisinə gedirdi. Mənim nazir işlədiyim vaxtlar idi. Kiçik bir pavilyonumuz var, yaxşı kitablar seçmişik. Xamneyi gəldi. Bütün sərgini gəzirdi. Dedilər, Azərbaycan pavilyonunda yarım dəqiqə qalacaq. Sərgidə 120 ölkə iştirak edir, gedib hamısını gəzməlidir. Gəldi, kitablara baxdı. Ordubadinin "Dumanlı Təbriz"ini görəndə soruşdu, - bu nə haqdadı, dedim Təbrizlə bağlıdır, izah etdim. Köhnə əlyazmalar vardı, "Quran"ın türkcə tərcüməsini qoymuşduq. Onlara baxdı və bildirdi ki, kirili bilsəydim, oxuya bilərdim. Sözüm onda deyil. Gedəndə ona iki kitab hədiyyə elədim. Biri Nizami Gəncəvinin "Xəmsə"sinə çəkilmiş miniatürlər idi. Çox nəfis bir tərtibatda buraxmışdıq. Kitabı verdim və dedim 800 il bundan əvvəl İran ədəbiyyatı deyilən bir ədəbiyyatın ən gözəl əsərlərini yaradan türk oğlu şair Nizaminin kitabıdır. Bu isə ondan 6-7 əsr sonra yenə gözəl ədəbiyyat yaratmış türk oğlu şair Şəhriyarındır. İki böyük zirvə ikisi də türkdür. Bir də öz kitabımı əlavə etdim. Dedim bu da o zirvələrin ətəyində gəzib-dolanan bəndəyi-həqirinizin kitabıdır. Cavab verdi ki, əcəb qonşuluqdur. İran adına, farsdilli ədəbiyyatın iki böyük zirvəsi ikisi də türkdür. İndi görün daha kimlər var.

Elnarə Akimova: - Sayman bəy, nə üçün şairlərdən bir qismi, məsələn, Şəhriyar kimi həm ana dilində, həm də farsca yazırdılar. Qalanları isə bundan məhrum idi. Bu nə ilə bağlıdır? Daxili müqavimətin olmaması, ya qadağalarla?

Sayman Aruz: - Şəhriyar dönəmi fərqli idi. Ondan sonrakı dönəmdə farscadan başqa dildə yazanlar, danışanlar cəzalandırılırdı. Rza xanın məktubu var, məndə onun nümunəsi olmalıdır. Yazır ki, türkcə danışanların birini döyün, o birini cəzalandırın. Yaşa görə cəza tədbirləri dəyişirdi. Mənim şəxsən yadımdadır ki, baxmayaraq müəllimimiz də qonşumuz idi, türk idi, sinifdə türkcə danışdığım üçün müəllimimiz məni sinifdən çıxarıb qarın üstündə ayaqyalın saxlamışdı ki, bu farsca danışmır. Biz farsca bilmirdik axı, necə danışardıq? Sözümü ona gətirirəm ki, İranın müasir ədəbiyyatı ki var, Şamlu, Bulud və b. əksəri azərbaycanlılardan ibarətdir. Buludun bütün həyatı Təbrizdə keçib. Sabir müəllim yaxşı qeyd etdi. Pişəvəri dövründə birillik müstəqillik yarandı, o da ədəbi dalğanın yaranması ilə nəticələndi. Səhv etmirəmsə, Tağı Rəfət müasir Azərbaycan şeirinin əsasını qoysa da, demokrat firqəsinin özünün yığdığı şairlər var idi. O şairlərin özü müasir Azərbaycan ədəbiyyatının əsasını qoymaqla bərabər, bətnində Həbib Sahir kimi şairlər yaratdı. Rza Bərahani qeyd edir ki, "İran müasir sərbəst şeirinin əsasını Nima Yuşic qoymayıb, Həbib Sahir qoyub". Demək ki, bu tərcümə ədəbiyyatı deyilən sərbəst şeiri azərbaycanlılar İrana daxil elədilər. Firuğ Fərruxzad deyir ki, mən şeirimin vəznini "Heydərbaba"dan götürdüm. Bərahani də bunu yaxşı araşdırıb.

Sabir stəmxanlı: - Bərahani qeyd edirdi ki, mənim şeirim tam sərbəst deyil, ahəngli sərbəstdir. Bir kitabını da tərcümə etmişdik, balacalığına görə xoşu gəlmədi, əslində. Bir yandan da Güney Azərbaycanda məktəblərimiz olmayıb. Məktəblərin olmaması bu günə qədər dilin geri qalmasına səbəb olur. Folklorumuz kifayət qədər yığılmayıb. Quru, ədəbi dilin olmaması hesabına canlı xalq dili yaşayıb. Bu canlı xalq dili Şəhriyara "Heydərbaba"nı yazdırdı. Onun farscası bir ayrı dildir, "Heydərbaba" isə ayrı canlı xalq dilidir. Onun hesabına Güney Azərbaycanda bizim ədəbi dilimizdən daha zəngin xalq dilində ədəbiyyat yaranıb.

qar Əhməd: - 43 ildir ki, Akademiyada Cənub ədəbiyyatı şöbəsi fəaliyyət göstərir. Allah Mirzə İbrahimova rəhmət eləsin ki, bu şöbəni yaratdı. Çox yaxşı haldır ki, hələ də davam edir. Sayman Aruz da Yazıçılar Birliyində zəhmət çəkir, böyük işlər görür. Cənub ədəbiyyatını həm burada təbliğ edir, həm orada, həm də burada kitablar buraxır. Mükafatlar verir, ruhlandırır. Rəhmətlik Balaş Azəroğlunun, Söhrab Tahirin davamçısı kimi fəaliyyət göstərir.

Elnarə Akimova: - Elə bu şöbənin olması böyük işdir.

qar Əhməd: - İnşallah, katiblik də olar. Sayman Aruz gözəl şairdir, mənim hazırladığım antalogiyanın rəyçisidir.

Sayman Aruz: - Diqqətinizə görə təşəkkür edirəm. Yəqin, Sabir müəllim bilir. 1981-ci ildə katiblik yarandı. Heydər Əliyevin təşəbbüsü ilə.

Elnarə Akimova: - Akademiyada da Cənub ədəbiyyatı şöbəsinin yaradılması Heydər Əliyevin adı ilə bağlıdır.

Vüqar Əhməd: - Bəli, onun vaxtında olub və icazəni o verib.

Sabir Rüstəmxanlı: - O vaxt qurultay ərəfəsində Zuğulbada yazıçılarla görüş olmuşdu və görüşdə təkliflər səslənmişdi, amma təbii ki, Heydər Əliyevin özünün də bu məsələyə marağı vardı. Söhrab Tahir orda yaxşı çıxış eləmişdi və sonra katiblik yarandı. Yeri gəlmişkən deyim ki, Söhrab Tahirin "Ata" əsəri dəyərli əsərlərdən biridir, amma təəssüf ki, az oxunub. Haqqında az yazılıb.

Azər Turan: - O vaxt, 2001-ci ilin aprelində "Yeni Azərbaycan" qəzetinin "Ədəbiyyat" əlavəsində yazmışdım o poema barədə. Yazmışdım ki, Azərbaycanda səssiz-səmirsiz, ədəbi tənqiddə heç bir əks-səda oyatmayan və lakin son onilliklərdə şübhəsiz ki, ən ciddi ədəbi hadisələrdən biri baş verib. Hətta bir az hissə qapılıb onu milli "İliada"mız adlandırmışdım. 

Elnarə Akimova: - Mən də oxumuşam "Ata" poemasını. Xatırlayıram, kitabın epiqrafında Söhrab Tahir yazır ki, bu kitabı Heydər Əliyevin məsləhəti ilə tariximizi, kökümüzü əks etdirmək üçün yazmışam.

Sabir Rüstəmxanlı: - Bəli, elədir. Heydər Əliyevin vaxtında idi və mən "Yazıçı" nəşriyyatında baş redaktor işləyirdim. Biz Əfqanıstan və İran üçün əlifba kitabları buraxırdıq. Artıq elə bir vaxt gəlmişdi ki, düşünürdük yaxınlaşa və ya birləşə bilərik. Əfqanıstan adına müxtəlif kitabçalar hazırlamışdıq, İrana göndərdik. O dövrdə çox maraqlı idi. İstənilən dövlət xadimi Cənubi Azərbaycanla maraqlanmalıdır. İstədik orada demokratiyanın inkişafı, məktəblər olsun. Biz İranın parçalanmasını istəmirik, İran qalsın yerində, amma məktəbimiz olsun, müəyyən hüquqlarımız olsun, gediş-gəlişimiz olsun. Məsələn, almanlar Avropada Almaniyada da yaşayırlar, Avstriyada da yaşayırlar.

Vüqar Əhməd: - Fikrimcə, İranın təəssübünü bizim qədər çəkən yoxdur.

Sabir Rüstəmxanlı: - Mən həm Pərvanə xanıma, həm Esmira xanıma təşəkkür edirəm, ilin-günün bu vaxtında, o qədər də dəbdə olmayan bir mövzuya ömür həsr etmək böyük diqqətdir. Pərvanə xanımın kitabları xüsusi qeyd olunmalıdır. Bunlar kifayət qədər ciddi tədqiqatlardır.

Elnarə Akimova: - Esmira xanım, şəhriyarşünas alim kimi sizə müraciət edirəm. Şəhriyardan öncə ana dilində yazanlar var idimi, yoxsa bu ənənə 50-ci illərdə "Heydərbabaya salam"la başladı?

Esmira Fuad: - Təbii ki, yazılırdı. Mahmud Şəbüstəri, Mirzəli Möcüz, Mirzə Hüseyn Kərimi, Bulud Qaraçorlu Səhəndin özü də ana dilində əsərlər yazırdı. Bu əsərlərdə düzdür, arınmışlıq, dilə yatımlıq var, amma ərəb-fars tərkibləri də çoxluq təşkil edirdi. O izafətlər, ərəb və fars dillərinə məxsus tərkiblər xalq kütləsi tərəfindən asanlıqla anlaşılmır, başa düşülmürdü. Və 30-cu illərdə türkcə kəskin şəkildə qadağalara məruz qaldıqdan sonra, təbii ki, ana dilində əsər yazan yox idi. Olsa da sandıq ədəbiyyatına çevrilirdi həmin əsərlər... Çünki nə çap imkanı, nə də üzə çıxarmağa icazə vardı. Sükut buzunu Şəhriyar sındırdı öz cəsarəti və istedadıyla... Sadə xalq dilində yüksək poetik səviyyəli əsərlər yazmaqla... Məhz o "Heydərbabaya salam"la şair ədəbiyyata Təbriz şivəsini, xalq danışıq dilini gətirdi. Onun ədəbi məktəb yaratması da bu mühüm səbəblə əlaqədar idi.

Vüqar Əhməd: - Şəhriyarın özəlliyi ondakı etnoqrafik etüdlərin olmasıdır. Dövrün dilini də nəzərə almaq lazımdır.

Esmira Fuad: - 1928-30-cu illərdə Təbrizin baş meydanında Azərbaycan türkcəsində yazılan bütün əsərlər tonqallarda yandırılırdı. 28-ci ildən sonra, Rza şah dövründə Azərbaycan türkcəsində küçələrdə belə, danışılması yasaqlandı. 1945-46-cı ildə Milli Hökumət yaradıldığı zaman ana dilinə azadlıq verildi, dillərə vurulan qıfıllar açıldı, ana dilində məktəblər, Təbriz Filarmoniyası fəaliyyətə başladı və Azərbaycan dilində dərsliklər yazıldı, kitablar nəşr olundu, milli radio işə başladı, qəzet və jurnallar dərc olundu. Mədəniyyətin bütün sahələri, ədəbiyyat bütünlükdə inkişaf etdi. Amma 1946-cı ildə Milli Hökumətin süqutundan sonra daha kəskin şəkildə Azərbaycan türkcəsi qadağan olundu. Qırğınlar, sürgünlər, həbsə alınmalar ağlasığmaz dərəcəyə çatdı. Təbrizin baş küçələri dar ağacları ilə dolu idi. Cənub ədəbiyyatında dar ağacı, ağrı, zülm, ayrılıq, həsrət mövzusu var ayrıca. Zülm, işgəncə mövzusu, ağrı obrazına dövrün bir çox yazarlarının əsərlərində təsadüf olunur. Bunlar hamısı o dövrdə törədilmiş dəhşətli faciələrin silinməz izləri idi.

Elnarə Akimova: - Yəqin, bunlar yanaşı olub bütün zamanlarda: zülm və ona müqavimət.

Esmira Fuad: - Bəli. Azərbaycan türkcəsinin yenidən qadağan olunduğu dövr nə qədər uzun oldusa, xalq illərlə həsrət qaldı ana dilində danışmağa, söhbətləşməyə, mütaliə etməyə... Məhz bu basqılar, qadağalar səbəbindən ustad Şəhriyarın özü də psixoloji sarsıntılar keçirmişdi...

Elnarə Akimova: - Şəhriyardakı nisgili sevdiyi qızdan ayrılma səbəbi ilə əlaqələndiriblər daha çox.

Esmira Fuad: - Şübhəsiz, şairin aşiq olduğu Sürəyyadan ayrılığı da əsas səbəblərdən biri idi. Ancaq onu Tehranın qaynar ədəbi mühitindən uzaqlaşdırmaq faktorunu heç unutmaq olmaz. Şəhriyar 1940-cı illərdən 50-ci illərə qədərki zaman arasında o qədər dərin mənəvi ağrılar yaşamış, iztirablar çəkmişdi ki, sonda ruhi sarsıntı keçirmiş, bir müddət ədəbi aləmdən də uzaqlaşmışdı. Nəhayət, "Heydərbabaya salam" poemasını yazmaqla bu tilsimi qıra bilmişdi. Hətta əlyazma şəklində yayılaraq bütün xalqın dilində bu möhtəşəm əsər əzbərə döndü. Şəhriyar məhkumluqda qalan Azərbaycan türkcəsinə yenidən yaşam vəsiqəsi qazandırdı. Əksər şairlər poemaya müxtəlif səpkili nəzirələr yazdılar.

Vüqar Əhməd: - Şəhriyarın anası faktorunu nəzərə almaq lazımdır.

Esmira Fuad: - İnsanlar o qədər ana dili həsrəti çəkmişdilər ki... Aşıqlar belə, məclislərdə "Heydərbaba"dan oxuyurdular. Dilə olan təşnə heç nə ilə ölçülməz. Bir xalqı məhv etmək üçün onun dilini əlindən almaq kifayətdir. Güney xalqı, onun ziyalıları heç bir məktəbsiz, dərsliksiz, təhsilsiz ana dilini bugünkü səviyyədə qoruyub saxlaya bilmişlərsə, onlar təkcə bu faktla əsl fədakarlıq nümunəsi göstərmişlər.

Sabir Rüstəmxanlı: - Azadlıq duyğusu elə bir şeydi ki, onu, ümumiyyətlə, məhv etmək mümkün deyil. Bu gün biz müstəqillik, bizim ədəbiyytımızda azadlıq, bütövlük, Cənub, Araz mövzuları bayaq burada səsləndirildiyi kimi, sıradan çıxıb. Halbuki, 1960-70-ci illərdə Araz deyəndə, Cənub deyəndə adam təsirlənirdi. Bəzən siyasi qadağalar ədəbiyyat üçün daha yaxşı təsir edir, ədəbiyyatı daha böyük axtarışlara sövq edir. O şey ki, deyilməli deyil, onu demək üçün yollar axtarılır. Ona görə də Güney Azərbaycan ədəbiyyatında bir çox milli duyğular alt qata keçib. Publisistikada daha gözəl ifadə olunur.

Elnarə Akimova: - Bizdə 90-cı illərdən, milli müstəqillik qazandığımız dönəmdən sonra XX əsrin əvvəllərindəki bədii dünyagörüş arasında müəyyən oxşarlıqlar və səsləşmələr meydana çıxdı. Cənubi Azərbaycanda belə bir paralellik əsrin hansı dönəmlərini ehtiva eləyir? Yaxud belə deyək, bizim qazandığımız müstəqillik dalğası Güneydə hansısa milli özünüqayıdışa təkan verdimi?

Sabir Rüstəmxanlı: - Şübhəsiz. Bu get-gəllər, əlaqələrin möhkəmlənməsi təsirsiz qalmadı.

Vüqar Əhməd: - Bu gün Cənub ədəbiyyatında Qarabağa həsr olunmuş şeirlər var.

Sabir Rüstəmxanlı: - Mən ilk dəfə Təbrizə gedəndə bir şeir məclisində mənə dedilər xahiş edirik, bir dənə vətən, torpaq, Azərbaycan adlı şeir olmasın. Mən də elə etdim. Ana haqqında şeir oxudum. İkinci dəfə gedəndə aradan bir-iki il keçmişdi. Şəhriyarın məqbərəsində "Sağ ol, ana dilim"i oxudum, Təbrizlə bağlı şeirlər də oxudum. Artıq vəziyyət dəyişmişdi. İndi fikirləşirəm ki, bir çox siyasi şeyləri qabartmadan biz mədəni əlaqələrimizin güclənməsinə fikir verməliyik. O mədəni əlaqələr nə qədər mümkündürsə, davam eləsin. Son nəticədə o hər şeyi həll edəcək.

Davamı gələn sayımızda

© Müəllif hüquqları qorunur! Mətndən istifadə etdikdə istinad mütləqdir!