Əsl rus familiyalı... - Elmira Axundova yazır

Tanınmış tarixçi alim və publisist Rudolf Nikolayeviç İvanovun xatirəsinə

 

Azərbaycanı ikinci vətəni hesab edirdi

...O gün Katerina xüsusi bir əhval-ruhiyyə ilə müharibə veteranları xəstəxanasına getdi. Nəşriyyatdan həyat yoldaşının son bir ildə ağrıların və ağır xəstəliyin öhdəsindən gələrək böyük çətinliklə yazdığı "Dağların əfəndisi Şamil. Rus imperatorunun əsası altında" ("Vlastelin qor Şamilğ. Pod skipetrom rossiyskoqo imperatora") kitabının siqnal nüsxəsi göndərilmişdi. Kitabını nəşriyyata təqdim etdikdən sonra tamamilə zəiflədi. Bir daha kompüterə yaxın getmədi...

Katerina palataya girdi, kitabını çantadan çıxarıb yoldaşına göstərdi. Rudolf İvanov ağrılarına və zəifliyinə üstün gələrək bir qədər qalxaraq yatağında oturdu. Məmnun təbəssümün zəif ifadəsi arıq və solğun üzündə əks olundu. O, kiçik övladını əzizləyirmiş kimi, kitabın üz səhifəsini sığalladı. Nədənsə, Katerina "Orada bəzi səhvlər var", - dedi və tez dayandı. Rudolf Nikolayeviç təəccüblü şəkildə qısa bir cavab verdi: "Qoy belə olsun". Kitabını həyat yoldaşına qaytardı və yenə öz aləminə daldı. Kitabı bir də heç vaxt xatırlamadı ...

***

...Bir ay bundan əvvəl Rudolf İvanovun sadiq həyat yoldaşı Yekaterina Pavlovna Anisimovanın danışdığı bu epizod məni tamamilə dəhşətə saldı. Rudolf İvanovun xəstələndiyini, çox zəiflədiyini bilirdim, amma Katerinanın sözlərindən sonra bu qüdrətli insanın artıq bizi tərk edəcəyini dərk etdim. Heç bir şey onu yeni kitabın çap olunması qədər xoşbəxt etmir, heç nəyi belə böyük həvəslə gözləmirdi. O mənə növbəti övladları haqqında uzun məktublar yazır, şübhələrini, hisslərini bölüşür, kəşflərin sevinclərini bildirir, hər birini övlad sevgisi ilə sevdiyi qəhrəmanlarına gözəl xüsusiyyətlər əta edirdi.

Kəlbəli xan, Hüseyn xan, General Cəmşid Naxçıvanski, Nəriman Nərimanov və tarixi-sənədli kitablarının digər qəhrəmanları haqqında Rudolf İvanov saatlarla danışa bilərdi! Bəli, saatlarla. O və İsa Həbibbəylinin (o zaman hələ Naxçıvan Dövlət Universitetinin rektoru idi) neçə saat bizim evdə oturduğunu xatırlayıram, bütün axşamı Rudolf İvanovun üzərində işlədiyi kitab haqqında söhbət etmiş, sonra həyətə çıxmış və avtomobilin yanında iki saat dayanaraq söhbətləşmişdilər, heç cür ayrıla bilmirdilər. Onların hər ikisi həqiqi elm adamları idi və bir-birlərini çox yaxşı başa düşürdülər...

***

Rudolf Nikolayeviç İvanov V.Pikulun kitabı əsasında ekranlaşdırılan "Bəyazid" (2003) filmi haqqında düşüncələrini bildirdiyi və ermənilərin təhrif etdiyi məqamları təkzib etdiyi məqaləsi "Nezavisimaya qazeta"da dərc olunduqdan sonra Azərbaycanda tanınmışdı. Mən o günlərdə Moskvada idim və Azərbaycan səfirliyinin mərhum mətbuat katibi Fərhad Ağamalıyev professor Rudolf İvanov haqqında mənə danışdı və onunla görüşməyi tövsiyə etdi.

O zaman bu görüşün çoxillik dostluğumuzun, ən əsası, səmərəli əməkdaşlığımızın başlanğıcını qoyacağını düşünmürdüm və Azərbaycanın Rudolf İvanovun simasında kitabları tarix tədqiqatlarındakı boşluqların doldurulmasına kömək edəcək yorulmaz tədqiqatçı, istedadlı və obyektiv bir tarixçi tapacağını təsəvvür edə bilməzdim. O zaman söhbətimizin sonunda Rudolf Nikolayeviçə Bəyazid haqqındakı məqaləsini, həm Azərbaycan, həm də Rusiyada oxucuların maraqla qarşılayacaqları kitab həcmində genişləndirməyi məsləhət gördüm.

Rudolf Nikolayeviç peşəkar tarixçi deyil. Keçmiş dəniz zabiti bütün həyatı boyu informasiya sahəsində işləmiş, Moskva ali təhsil müəssisələrində dərs demişdi, SSRİ-də rus reproqrafiyasının banisi sayılırdı. Təqaüdə çıxdıqdan və Şimali Qafqazdakı doğma yerləri (R.İvanov Pyatiqorskdan idi) ziyarət etdikdən sonra və özündən də xəbərsiz bir şəkildə vətəninin tarixi ilə maraqlanmağa başladı. Şeyx Şamil, Hacı Murad və Qafqaz xalqlarının digər əfsanəvi şəxsiyyətləri onun sevimli qəhrəmanlarına çevrildi. 2003-cü ildə çar ordusunun general-leytenantı Maqsud Əlixanov haqqında genişhəcmli bir kitab yazmışdı. Bununla yanaşı, Dağıstanın Xunzax rayonu sakinləri Rudolf Nikolayeviçi fəxri sakin olaraq seçmişdilər.

Beləliklə, tanış olduğumuz vaxtda R.İvanov tarixi-sənədli kitabların yazılma təcrübəsinə sahibdi, arxivlərdə işləməyi bacarır və xoşlayırdı, unikal sənədlər əldə edə bilirdi və ona görə sevinclə işə başladı. Artıq 2004-cü ildə "Bəyazidin müdafiəsi: həqiqət və yalan" adlı kitabı işıq üzü gördü. Kitab çıxdıqdan sonra Heydər Əliyev Fondunun prezidenti əziz Mehriban xanıma məktub göndərdim, Rudolf İvanovun şəxsiyyəti və Azərbaycana səfər etmək arzusundan, xalqla tanış olmaq, elmi araşdırmaların yeni planlarını və istiqamətlərini bölüşmək istəyindən bəhs etdim.

Beləliklə, fondun dəstəyi sayəsində Rudolf İvanov gəncliyində  dənizçilik məktəbində oxuduğu və dəniz zabiti vəzifəsinı aldığı Azərbaycana gəlməyə nail oldu. O, ictimaiyyət - tarixçilər, yazıçılar, jurnalistlər tərəfindən səmimiyyətlə qarşılandı. Mən Azərbaycan Yazıçılar Birliyində Anarın təşkil etdiyi və Rudolf İvanova ittifaqın fəxri üzvlük kitabçasının şəxsən təqdim edildiyi görüşü xatırlayıram. O, həmçinin Naxçıvan Dövlət Universitetinin və Milli Elmlər Akademiyasının Tarix İnstitutunun fəxri doktoru oldu. Qısası, Rudolf Nikolayeviç təəssüratlar, maraqlı fikirlərlə və iddialı ideyalarla ilhamlanıb qayıtdı.

O zaman bu orta yaşlı, fiziki cəhətdən çox da sağlam olmayan insanın rus mənbələrindən topladığı arxiv sənədləri, tarixi materiallar əsasında hər il sanballı bir kitab ərsəyə gətirəcəyini düşünə bilməzdim. Səhərdən axşama qədər arxiv tozunu udaraq arxivdə axtarış edir, arxiv bağlanarkən evə gedir və gecə yarısına qədər kompüterdə əldə etdiyi dəyərli məlumatları işləyirdi. Əslində, gündə 24 saat çalışırdı, öz məhsuldarlığı, elmi həqiqətlərin axtarışındakı yorulmazlığı və inanılmaz işgüzarlığı ilə bizləri - dostlarını və pərəstişkarlarını təəccübləndirdi. Mən yazdığım məktublarda və ya şəxsi görüşümüz zamanı bir az istirahət etməli olduğunu və növbəti kitabın "gözləyə biləcəyini", üzərində daha sonra işləməsini söyləyərkən, o, bir qayda olaraq cavablandırırdı: "Elmira, mənim çox az vaxtım var"...

Beləliklə, bir-birinin ardınca "Əlahəzrətin general-adyutantı", "Sovet İttifaqı adından" (Briqada komandiri Cəmşid xan Naxçıvanski haqqında 2 cilddə), "Kəlbəli xan Naxçıvanski. Onun dövrü və irsi", " İstila", "Hacı Murad haqqında həqiqət" kitabları və nəhayət, Nariman Nərimanov haqqında son, çox qiymətli bir kitabı nəşr olunmuşdur.

Yeri gəlmişkən, Naxçıvan xanlarının sülaləsi simasında Azərbaycanın hərb şöhrəti haqqında silsilə kitablar yaratmaq ideyasını R.İvanova Naxçıvan Ali Məclisinin sədri Vasif Talıbov verib. Vasif müəllim bütün bu illərdə Rudolf İvanovu çox dəstəkləyib - onun istirahət etməsinə kömək etdi (müalicəsini Moskvada deyil, Naxçıvan Tibb Mərkəzində aldı, rus tarixçisinin iki gözü kataraktaya görə əməliyyat edildi) və hətta uzun müddət arzusunda olduğu Bəyazid qalasına (Türkiyənin şərqindəki Doğubayazit şəhəri) getməsinə şərait yaratdı.

Akademik İsa Həbibbəyli bu səfərdə Rudolf İvanov və həyat yoldaşı Katerinaya yoldaşlıq etdi, o xatırlayır ki, rus tarixçisi haqqında çox oxuduğu və məşhur kitabının yazıldığı əfsanəvi qalanı gördükdə, o qədər həyəcanlı idi ki, sanki dünyanın yeddinci möcüzəsini görürdü. İsa müəllim deyir: "Rudolf Nikolayeviçin qala divarlarını əlləri ilə necə sığalladığını heç vaxt unutmayacağam, - sanki onun uşağı idi. Sonra o özünü çox xoşbəxt hiss etdiyini söylədi, çünki onun xəyalları gerçək olmuşdu".

Naxçıvan Ali Məclisinin rəhbəri Rudolf İvanovun Təbriz səfərini reallaşdırmasına da kömək etdi. Təxminən iki və ya üç il bundan əvvəl isə yaşlı professor və həyat yoldaşı Naxçıvandan birbaşa İstanbula getmiş və bir neçə unudulmaz günlər keçirmişlər. Onun yanında yenə də sadiq dostu İsa Həbibbəyli var idi. Elmlər Akademiyasında, eləcə də Milli Məclisdəki işlərinin çoxluğuna baxmayaraq, İsa müəllim bütün işlərini saxlayaraq istər Bakıda, istər Moskvada və ya Naxçıvanda dostu ilə görüşməyə can atırdı. Təxminən bir ay əvvəl Rusiyada işgüzar səfərdə olan İsa Həbibbəyli Rudolf İvanovu xəstəxanada ziyarət etmişdi və qayıtdıqdan sonra onun səhhəti haqqında xoş olmayan xəbəri bizə çatdırdı.

Nə etmək olar: bu həyatdır. Bu dünyada heç kim və heç nə əbədi deyil. Bir şeyi dəqiq deyə bilərəm: son 15 il Rudolf İvanov üçün ən xoşbəxt və ən məhsuldar dövr olmuşdur. Azərbaycanda əsl dostlar qazandı (bu 15 ildə professoru dəstəkləyən, kitabların yayımlanmasına kömək edən, Bakıya səfərlərini təşkil edən birinci vitse-prezidentin baş katibi hörmətli Altay Həsənovun adını çəkməmək insafsızlıq olardı) və bütün vaxtını sərf etdiyi, əməyinin bəhrəsini gördüyü bir işlə məşğul olur və dürüst, obyektiv bir tarixçi kimi tanınırdı. Bir çox məsələlərdə o, pioner idi, bəzən onun versiyası, hadisələrlə bağlı mülahizələri suallara səbəb olurdu. Tarixçilərimizin heç də hamısı onunla razılaşmırdı. Lakin bu da normaldır. Rudolf İvanovun qəbul etmədiyi və razılaşmadığı yeganə şey isə: tarixin saxtalaşdırılması idi. O, hər hansı bir məsələdə həqiqətə, hadisələrin əsl mahiyyətinə çatmağa çalışırdı. Və bu məsələdə uzlaşmaz idi. Bu keyfiyyətlərinə görə Prezidentimiz tərəfindən yüksək qiymətləndirilmişdi. Prezident İlham Əliyev 2009-cu ildə Rudolf İvanovu "Dostluq" ordeni ilə təltif etdi və alimlərin qeyd etdiyi kimi, MDB-də bu mükafata layiq görülən beşinci şəxs idi.

Yeri gəlmişkən, Rudolf İvanovun bir çox qiymətli fikirləri və layihələri artıq həyata keçirilir. Beləliklə, alim, Kremlin Georgi zalının divarındakı kavalerlər ordeni siyahısında adı əbədi həkk olunan Hüseyn xan Naxçıvanskinin abidəsinin Sankt-Peterburqda qurulmasını arzu edirdi. Bildiyimə görə, hazırda Azərbaycan diasporasının nümayəndələrinə şimal paytaxtın parklarından birində yer ayrılıb və memar tərəfindən abidə layihəsi hazırlanıb. Layihənin təkcə reallaşdırılması qalıb ki, həyata keçirilməməsinin səbəbi hələ də aydın deyildir (məlumatlı insanlar abidənin hazırlanması üçün lazımi vəsaitin Azərbaycan rəhbərliyi tərəfindən ayrıldığını söyləyir). Yeri gəlmişkən, fürsətdən istifadə edərək, qəzet vasitəsilə ölkəmizin ali hakimiyyət orqanlarına bu prosesi sürətləndirmək üçün müraciət edirəm, əks halda, hələ ki yalnız xatirə lövhəsi olan torpaq sahəsi bizim qəribə qonşularımız tərəfindən zəbt olunacaq və burada hər hansı erməniyə abidə qoyulacaq. Növbəti dəfə sükunətimizdən faydalanacaqlar.

Rudolf Nikolayeviç bir neçə il Sankt-Peterburq rəsmilərinə və müvafiq orqanlara müraciət edərək əfsanəvi Hacı Muradın kəlləsinin Azərbaycana təhvil verilməsinə və onun qəbrində digər qalıqları ilə birgə basdırılmasına çalışırdı. Hazırda Dağıstan nümayəndələri bu məsələ ilə məşğul olsalar da, kəlləni öz vətənlərində, ayrılıqda basdırmaq istəyirlər. Bu fikir əvvəllər yaşlı professoru qəzəbləndirirdi, çünki bunu günah hesab edirdi. Baş bədənlə, yəni qalıqları ilə yenidən birləşməlidir. Onlar isə Azərbaycanın Qax rayonunda basdırılıb... Qeyd etməyə ehtiyac yoxdur ki, yorulmaz araşdırmaçı Hacı Muradın məzarını ziyarət etmiş və çiçəklər qoymuşdu. Eyni zamanda yerli hakimiyyət orqanlarına həm məzarın və həm də ora gedən yolun bərbad vəziyyətdə olduğu üçün narazılığını bildirmişdi.

Nəhayət, Bakının qəhrəman şəhəri elan etməsi fikri. Həyatının sonuncu ilində Rudolf İvanov tamamilə bu məsələyə köklənmişdi: Rusiya prezidenti V.Putinə və mətbuata məktub yazmışdı. Bu məktubun, hətta "Kaspi"qəzetində nəşr olunmasını da xatırlayıram. Tarixçi Azərbaycanın xidmətini ətraflı şəkildə qeyd edir, neftçilərin fədakar əməyi olmadan və Bakı neftini almadan SSRİ-nin faşizm üzərində böyük qələbəsinin reallaşmayacağı fikrini irəli sürürdü. Dəfələrlə Rudolf İvanovu sakitləşdirdim, hazırkı vəziyyətdə bu ideyanın gerçəkləşməsinin qeyri-real olacağını yazdım. SSRİ artıq yoxdur, biz müstəqil bir dövlətik və öz-özümüzü qəhrəman şəhər elan etməyəcəyik ki. Lakin tarixçi sakitləşmədi. O, versiyasının sübutu üçün daha yeni arqumentlər gətirir, mövqeyinin ictimaiyyətə açıqlanmasını əvvəl xahiş, sonra isə tələb edirdi. Fikrimcə, "Kaspi" ilə yanaşı, o məlumat 2017-ci il 29 noyabr tarixində news.az saytında dərc edilmişdir. Bu məqalənin sonuncu abzasını təqdim edəcəm:

Adolf Hitler kod adı "Barbarossa" olan məşhur strateji əməliyyat planında "Bakının mütləq ələ keçirilməsinə" diqqəti yönəlmişdi... Faşist lideri xəbərdarlıq edirdi: "Dünyanı idarə etmək istəyən mütləq nefti idarə etməlidir. Bütün nefti. Harada olur-olsun". Lakin ən çətin anlarda titrəməyən, döyüşə hazır olan Sovet Azərbaycanı cavab olaraq öz şüarını irəli sürdü: "Qoy pilotlarımız və tankçılarımız sakit olsunlar, həmişə yanacaqları olacaq". Heç kəs heç zaman şübhə edə bilməz ki, Sovet Azərbaycanı, Böyük Qələbə üçün müqəddəs borcunu yerinə yetirib. Əsas şahid isə - tarixdir.

Mən, Böyük Vətən müharibəsinin veteranı, RF-nin əmək veteranı, Azərbaycanın "Dostluq" ordeninin kavaleri, professor Rudolf Nikoloyeviç İvanov - bütün məsuliyyətimlə təsdiq edirəm ki, Azərbaycan Bakısı - BÖYÜK VƏTƏN MÜHARİBƏSİNİN QƏHRƏMAN ŞƏHƏRİDİR.

Beləcə, nə az, nə çox. Heç kəs Rudolf İvanovu öz fikrindən döndərə bilmirdi. Çünki o, həmişə faktlarla işləyirdi, bu səbəbdən onunla mübahisə etmək çox mənasız idi.

Rudolf Nikolayeviç bu ilin yayında Azərbaycan Respublikasının birinci vitse-prezidenti, hörmətli Mehriban xanımın doğum gününü təbrik etmiş və ondan təşəkkür məktubu almışdı. Ondan bir hissəni qeyd etmək istərdim:

"Hörmətli Rudolf Nikolayeviç!

Səmimi və ürəkdolusu təbrikləriniz və xoş arzularınız üçün təşəkkür edirəm. Sizin kimi həssas, parlaq insan, əsl ziyalı və Azərbaycanın böyük dostundan belə xoş sözlər eşitməyimə çox məmnunam.

Dünyada zamanın sınaqlarından çıxmış dostluqdan daha dəyərli bir şey yoxdur. Sizi, əziz Rudolf İvanov, məşhur tarixçi və publisist, Azərbaycanın və bütün Qafqazın yorulmaz tədqiqatçısı kimi hər kəs tanıyır və sevir. Siz Azərbaycan auditoriyasının böyük sevgisini və hörmətini qazanmısız və həmişə tarixi həqiqəti müdafiə etməklə elmiliyə sadiq qalmısız - Bu, əsl elmi diplomatiyadır".

Hörmətli Mehriban xanımın bu yüksək qiymətləndirməsi Katerina Pavlovnanın söylədikləri kimi, sanki alimə ilham verdi. Son günlər ərzində ilk dəfə özündə evdən çıxmağa güc tapdı, mağazaya getdi və bu təbrik üçün çərçivəni şəxsən seçdi. Sonra məktubu yaxşı bir yerdə, birinci ledinin onun 85 yaşı münasibətilə göndərdiyi digər təbriklərin yanından asdı.

...Rudolf Nikolayeviç İvanov uzun və ləyaqətli bir həyat yaşayıb. Biz, onun dostları və yoldaşları, onun parlaq xatirəsini uzun müddət qoruyacağıq. Bundan əlavə, İvanov hələ də tədqiqatçılarını gözləyən əsərlərində yaşayacaq. Bizim tariximiz üçün etdiklərinin dəyəri isə ildən-ilə artacaq.

Qoy doğma torpağı sülh içində olsun!..

Tərcümə edəni: Nərmin CAHANGİROVA

© Müəllif hüquqları qorunur! Mətndən istifadə etdikdə istinad mütləqdir!

© Müəllif hüquqları qorunur! Mətndən istifadə etdikdə istinad mütləqdir!