"Hər şey tanışdır köhnə nağıltək..." - Bakı Kitab Mərkəzində Kamal Abdulla ilə görüş

 

Çoxdan, lap çoxdan oxuduğum və böyük bir filosofun dedikləridi: "Dahi, mütəfəkkir adamlar ən adi, xırda işlərində belə, yenə də dahi, mütəfəkkir olaraq qalırlar...".

Dekabrın 26-da Bakı Kitab Mərkəzində akademik, yazıçı  Kamal Abdulla ilə olan görüş zamanı bu görkəmli fikir-söz adamını dinləyə-dinləyə yenə də həmin o deyimi xatırlayırdım. Yəni mütəfəkkir adamlar ən adi münasibətlərində belə, yenə də seçkin və bitkin, mütəfəkkir olaraq qalırlar...

Görüş zamanı verilən hər sualı bu cür fikir ucalığından cavablandırdı, mövqe, münasibət mükəmməlliyi ilə yenə də hər kəsə bir köynək daha yaxın oldu Kamal müəllim. Elə təkcə Dədə Qorqud şəxsiyyəti barədə olan incələmələri bəs edərdi ki, belə bir görüşün doyumsuz, şanslı iştirakçısı olasan. Səmimi, doğma siması, əmin-arxayın oturuş-duruşu, gözlərinin inamlı təbəssümü də anlatmaqda idi ki, belə deməkdə, "belə məğrur dayanmaqda" haqlıyam: "Mənim çox sevdiyim, məşhur Argentina yazıçısı Borxesin belə bir sözü var; deyir ki, ədəbiyyat idarə edilən yuxudur. Təəssüf ki, bəzən bu yuxu məsələsini bir çox yazıçılar əsərlərindəki qəhrəmanları yatızdırmaqda görürlər. Yəni qəhrəman yatır və nəsə bir yuxu görür, qəhrəman yuxudan oyanır və bu yuxusunun yozulmasını istəyir. Əslində, belə hallarda yuxu yazıçının yuxusudu. Bütövlükdə... Bütövlükdə əsər yuxudur. Onun qəhrəmanının yatıb yuxu görməsi ilə hələ ədəbi yuxu dediyimiz o sirli, o həssas məqama yaxınlaşa bilmərik. Yazıçı mənim aləmimdə gördüyü, bildiyi şeylərdən yazırsa, artıq bu, ədəbiyyatın krizisidir. Yəni gör sən nə hala düşmüsən ki, artıq bilmədiyin, təsəvvürünə gəlməyən şeylərdən yaza bilmirsən. Sovetlər dönəmində bu məsələyə ayrı cür baxırdılar. Belə ki, yazıçını istehsalata, fabrik və zavodlara ezam edirdilər, gedib orada müşahidə aparsınlar, bəzən fəhlə kimi çalışsınlar. Bu da bir üsuldu. Bu da sosializmin baxışıydı. Amma başqa baxışlar da var. Məsələ gördüyün şeylər haqqında yox, düşünə bildiyin, ağlına gələn şeylər barəsində yazmaqdadı. Burda, əlbəttə, gedib fantastikaya yuvarlanmamalısan. Çıxılmazlığa dirənməməlisən. Mənə elə gəlir "Kitabi-Dədə Qorqud" bütöv halda, bəlkə də, bir xalqın gördüyü yuxudur. Nə müəllifinin adını bilirik, nə kim tərəfindən yazıya alındığını. Sadəcə, Dədə Qorqud adını qoymuşuq müəllifə.

Mənim qənaətimə görə, Dədə Qorqud şəxsiyyət deyil, bir prinsipdi. Yəni bunu Homer haqqında da deyirlər. Məşhur alimlər deyirlər ki, Homer şəxsiyyət deyil. O, yunan şəhərlərini, yunan əxlaqını, yunan mədəniyyətini birləşdirən bir prinsipdi. Ona görə də "Dədə Qorqud" əsərini biz tarixdən kənar bir əsər kimi qəbul edirik. Dastanın bir qolu bizi gətirir XI-XII əsrlərə, o biri boyu qaytarır VI-VII yüzilliklərə, sonrakı boy XVI-XVII yüzilliklərə söykənir. Bax bu antitarixilik "Dədə Qorqud"un mayasındadı. Bütün bu hadisələrin içindən də Dədə Qorqud keçir. Şəxsiyyət ayrı-ayrı tarixi səhnələrdən, yüzilliklərdən necə keçə bilər? Ona görə də, mənim fikrimcə, Dədə Qorqud bir prinsipdi, "Dədə Qorqud" dastanları xalqın təfəkkürünün məhsuludur".

Bu fikirləri səsləndirdiyi məqamda Kamal Abdullanın özü də nağıl və əfsanələrimizdən, əsatirdən çıxıb gəlmiş, gəlib də bizləri bütün olmuş və olacaqlardan agah edən nağıl, dastan, ustadnamə söyləyicilərindən biri kimiydi. Eynən nağıllardakı aqil, müdrik söyləyicilər kimi başlamışdı sözünə: "Nədən başlayıb, nədə qurtaracağıq, onu bilmirəm. Necə qurtaracağıq, onu da bilmirəm...".

Bu səbəbdən də söyləyəcəklərinin sonunun əvvələ, əvvəlinin sona, axıra varması təbii (həm də qaçılmaz, qanunauyğun) görünürdü. Bu danışılanlar doğma, müstəqil Azərbaycanımızın bugünkü parlaq həyatına heyranlıqdan qaynaqlanırdı. Eyni zamanda dünəndən, Nuh əyyamından keçib gəlirdi, keçmişi gələcəyə calamaqda idi. Adətən insan böyük bir məsuliyyət önündə sözü nədən başlayıb - nədə bitirəcəyini (və necə bitirəcəyini) özü üçün kəsdirə bilməyəndə belə başlayır: "İstərdim ki, sizə bir əhvalat danışım. Bugünkü Azərbaycan mənzərəsi ilə bağlı bir əhvalat. Bəlkə də, ədəbiyyat əhvalatından daha çox, multukultural əhvalatdı. Mən üç il bundan əvvəl Azərbaycandakı müxtəlif sinaqoqlara, məscidlərə, kilsələrə gedəndə müxtəlif din adamları ilə görüşürdüm. Bu din adamları keşişlər, mollalar, ravvinlər idi. Sinaqoqların birində mən bir ravvinlə qarşılaşdım. O mənə öz əhvalatını danışdı. Mən bu əhvalatı üç hissəyə bölərdim və mənim aləmimdə bu bir dram əsəri mislindədi. Deməli, təqribən 15 il bundan əvvəl dünyanın hansısa bir ölkəsində sinaqoqda çalışan bu adama deyirlər ki, sən yaxın günlərdə Azərbaycana gedib orada çalışmalısan. Ravvin dəhşətə gəlir; Azərbaycan çox uzaq, özü də müsəlman ölkəsidi. Böyük problemlər yaşayır. Əmin-amanlığı şübhə altındadı. Orada necə fəaliyyət göstərə bilər? Təhlükəli günləri ola bilər. Ailəm, uşaqlarım var... Bu ravvin əlacsız-əlacsız gəlib öz rəhbərlərindən xahiş edir ki, məni dünyanın hansı səmtinə istəyirsinizsə göndərin, ancaq Azərbaycana getməyi istəmirəm. Onun göz yaşlarına baxmırlar və ravvini məcburən Azərbaycana işləməyə göndərirlər. Bununla mənim sizə danışmaq istədiyim tarixçənin birinci hissəsi bitir. İkinci hissəni mən sizə danışmayacam, özünüz təsəvvür edəcəksiniz... Üçüncü hissə  cəmi bir neçə cümlədən ibarətdir; bu gün həmin ravvin Azərbaycan vətəndaşlığına qəbul edilmək üçün ölkəmizin başçısına müraciət edib. Azərbaycan, Azərbaycanın əsl siması bax, budur. Ölkəmiz sürətlə inkişaf edir. Şəhərlərimiz, kəndlərimiz, obalarımız gözəlləşir. Mən deyərdim ki, təkcə bu saydıqlarım dəyişmir, sözün həqiqi mənasında, Azərbaycan insanı dəyişir. Özü də mənən dəyişir. Biz get-gedə daha ağıllı oluruq. Bu çox vacib məsələdir...".

Kamal müəllim nağıl, dastan, əsatir əsintili bu açıqlamaları fonunda yazmaq, yaratmaq ehtirasının, arzusunun qaynaqlandığı nəsnəni insanın təmizlənmək, çərçivə və sədlərdən xilas olmaq, öz azadlığında yaşamaq ehtiyacı olduğunu önə çəkdi. Eyni zamanda vurğuladı ki, yazmağa başlamazdan öncə yazmağa hazır olmalısan: "Mən heç vaxt başa düşmürdüm ki, necə ola bilər sən birdən-birə oturasan və beş-altı saat yazıb-işləyə biləsən? Gərək o məqam, o an gəlsin ki, sən oturub işləyə biləsən. Mən həmişə yazmaya bilməyəndə yazmağa başlayıram. Amma əsas odur ki, yazmağa başlamamışdan əvvəl hər şeydən təmizlənməyi bacarasan, hər cür qayğılardan, sıxıntılardan xilas olasan".

Sonra "Unutmağa kimsə yox"un məqamı gəldi.

Yollar getdi üzü dağa,

Yoxuşlar enişlərdən çox.

Kimsə yox xatırlamağa,

Unutmağa da kimsə yox.

Yaradıcı insanın ovqatından bəhs edərkən Kamal müəllim bildirdi ki, deməzdim mən bu şeiri bədbin olanda yazmışam: "Bu şeirdə iki qat var, xatırlamağa kimsənin olmaması, ikinci qat unutmağa da kimsənin olmamasıdır. Bütövlükdə isə məsələ belədir ki,  hamı yadımdadı, ürəyimdədi".

Baxtinin "insan yalnız yaradıcılıq prosesində özüdür" fikrinə də özünəməxsus cavabı oldu Kamal müəllimin: "Baxtinin bu fikrində böyük həqiqət var. İnsan həyatda o qədər dəyişkən, bir-birindən fərqli məqamların içində olur ki, bəzən onun özünə elə gəlir o dəyişmir, özünü saxlaya bilir. İnsan cürbəcür dostların əhatəsində olur; dəyişən, dəyişməyən dostlar var. Ən maraqlısı dəyişən dostlardı. Bu, dinamikadı... Təsəvvür edin, Davidin lüt heykəlinə baxırsan və onun çılpaqlığının fərqinə varmırsan. Ancaq o heykəlin boğazına gətirib bir qalstuq assan, çılpaqlıq, dəyişiklik o saat özünü büruzə verəcək. Bu mənada da insanın tək-tənha, susqun vaxtına bir balaca nəsə əlavə etsən, o saat bilinəcək ki, burada nəsə yeni bir yaşam var...".

Bütün metaforaların mifologiyaya aparıb çıxardığını əminliklə vurğulayan akademik qeyd etdi ki, özümüzdən də xəbərsiz biz o metaforalarla danışırıq, o metaforalarla yazırıq: "Yazmaq məsələsinə gəldikdə isə mən çox tez yazıram. Və çalışıram ki, yazanda dil çərçivələri ilə bağlı hissdən uzaq olum, aralanım. Bu səbəbdən də çox vaxt məni dil pintiliyinə görə günahlandırırlar. Bu ondan irəli gəlir ki, mən çalışıram yazdığımla təsvir etdiyim arasında sərhəd olmasın. Dil sərhədi. Dil ətraf mühitlə insan arasında bir maneədir. Pis mənada demirəm. Mən çalışıram ki, bu sərhədi qırıb keçim. Yazını bitirdikdən sonra isə çox ciddi şəkildə redaktə etmək imkanı qalır. Belə redaktələr  isə mənə  çox ləzzət eləyir. Bəzən elə olur ki, bütöv bir cümləni sintaktik xarakiri edirsən. Bu çox maraqlı bir məqamdı.

Kamal  müəllim öz yaradıcılığını başdan-ayağa eksperimental bir laboratoriya kimi xarakterizə etdi. Bəzi şeirlərinin bir misrasından hekayə, esse yarandığını, burdan povestə, romana yeni yol açıldığını dedi. "Yarımçıq əlyazma"nın "Beyrəyin taleyi" və "Casus" pyeslərinin birləşməsindən yarandığını açıqladı.

Qətiyyətlə dedi ki, yeni yazmağa başlayanlar özlərindən əvvəl o yolu gedənlərə ehtiram, böyük məhəbbət, böyük sədaqət bəsləməsələr, heç nəyə nail ola bilməzlər: "Ancaq inkarçılıqla, hər şeyin üstündən xətt çəkməklə heç nəyə nail olmaq olmaz. Ona görə də elə eləmək lazımdır ki, sizdən əvvəl gedənlər desin ki, bizdən sonra gələnlərə salam olsun".

Söz gəlib çıxdı Kamal müəllimin müəllifi olduğu, özünün də çox sevdiyi şeirin üzərinə. Bu, "Köhnə nağıltək"dir. Müəllif bu gözəl şeirin pərdəsini köhnə nağıl kimi açdı. Bir daha yaşadı və dinləyiciləri də yaşatdı o şeirdə. O qədər səmimiyyətlə ki, yazımızın adını da o şeirdəki bir misradan aldıq.

O unudulmaz görüşdə Kamal müəllim ədəbiyyatımızın, bədii fikir tariximizin çox mühüm məqamlarından, problemlərindən özünəməxsus inandırıcılıqla söz açdı. Azərbaycan Yazıçılar Birliyinin dərgilərinin çox normal şəkildə nəşr olunduğunu qeyd etdi. Eyni zamanda "Ədəbiyyat qəzeti"nin son illərdə işıq üzü görən saylarından intellektual zövq aldığını bildirdi: "Qəzet öz hədəflərini, ədəbi məramını birmənalı şəkildə müəyyən edib və bu çox təqdirəlayiqdir".

Yaradıcı insan təbiətinin bədii əsərdə öz ifadəsini tapmasının effekti barədə də maraqlı açıqlama verdi Kamal müəllim. Bildirdi ki, qəhrəmanı ədəbiyyat adamı olan xeyli sayda əsərlər var: "Belə bir əsəri yazmağı qarşıma qoymadığım üçün cavab verməyə də tərəddüd edirəm. Mənim aləmimdə şair son dərəcə həyatsevər, son dərəcə nikbin, hərdən çox təlatümlü xarakterə malik bir insandır. Bu obraz mənim üçün çox maraqlıdı. Deyim ki, mən Füzuli ilə bağlı bir hekayə yazmışam və orada Füzulini məhz özümün təsəvvür etdiyim şəkildə ifadə etmişəm. Çalışmışam o məqamları verim ki, Füzuli şeir yazmadığı məqamlarda hansı ovqatda olub, kimi sevib, kimə nifrət edib? Həyatda Nizami haqqında əfsanələr gəzir. Ancaq biz bilmirik gerçək yaşamda Nizami necə bir adam olub. Nəsimi necə olub? Şəxsiyyətlə onun yaradıcılığını birləşdirməyə, eyniləşdirməyə çalışanlar göylə yeri bir-birinə calaşdırmaq istəyənlər qədər sadədildilər. Çox nadir adamlarda olur ki, onun şəxsiyyəti yaradıcılığını tamamlayır. Çünki qələm adamı öz əsərində mənfi qəhrəman da yaradır, müsbət, ideal obrazlar da... Eyni zamanda, xoşagəlməz halları da qələmə alır. Amma özü şəxsiyyətcə böyük insan olur. Bütün bunlar çox maraqlı və birmənalı cavabları olmayan suallardı. Əsas məsələ ruhda, iç dünyasında gedən çırpıntılardı. Bir müşahidəmi deyim; coşqun dəniz dalğaları sahil qayalarına çırpındıqca təsvirolunmaz dərəcədə şəffaf, ağ köpüklər əmələ gəlir. Mən o ağ köpüklərin gözəlliyindən həmişə heyrətə gəlirəm. Mən o mənzərəni seyr edərkən başa düşmüşəm ki, nə üçün qədim yunanlar Afroditanı köpükdən yaradıb. Afrodita yunanlara görə köpükdən doğulub. Yəni çırpıntının, təmizlənməyin dünyaya gətirdiyidi. Yazıçı qələmi bu gözəlliyi dolğunluğu ilə təsvir etdiyi yerdə möhtəşəmdi.

Mən hər dəfə hər hansı əsəri yazıb qurtarandan sonra elə bilirəm ki, indicə Xəzər dənizinin bu başından o başına üzə-üzə keçmişəm. Amma gerçək həyatda mən  ola bilsin heç on metrlik bir məsafəni də üzə bilmərəm. Ən əlyetməz, ən istəkli, ən yerinə yetməz arzularıma yaradıcılıq müstəvisində çatmışam. Dünyanın ən füsunkar gözəlləri ilə tanış olmuşam, ən möhtəşəm insanları ilə ünsiyyət qurmuşam, dünyanın ən gözəl nemətlərini dadmışam, xeyli arıqlamışam (gülür), ən böyük şeyləri həyatımda özüm üçün hiss etmişəm yaradıcılıq müstəvisində. Yazdığın, son cümləni qoyduğun ana qədər sən yazdığının ağasısan. Yazandan sonra isə onun əsirisən, əlindən heç nə gəlmir".

Gündəlik yazmağa hələ tələbəlik illərindən başladığını söyləyən yazıçı həmin qeydlərinə tarix qoymadığını da bildirdi: "Sonra o qeydlər öz-özünə dönüb oldu "Tarixsiz gündəlik" adlı povestim".

Sonra Kamal müəllim həmin o tarix qoymadığı gündəliyin çox maraqlı bir hadisəsini də dinləyənlərə çatdırdı: "Moskvada aspiranturada oxuduğum illər idi. 1973-1976-cı illər... O zaman Aspirantlar evində qalırdım. Orada müxtəlif peşələr üzrə çalışan aspirantlar vardı. Günlərin bir günü eşitdik ki, yazıçı Anar Moskvaya gəlib. Gördüm, aspirant dostlarım yazıçı ilə görüşməyə çox həvəslidirlər. O zaman mənim Anar müəllimlə tanışlığımız birtərəfli idi. Yəni mən onu bir yazıçı kimi yaxşı tanıyırdım. Amma şəxsi tanışlıq yox idi. Xeyli götür-qoydan sonra Anar müəllimi aspirantlarla görüşə dəvət etdik. Düzü, təklifimizi qəbul edəcəyindən ehtiyatlanırdıq. Amma Anar müəllim bu dəvəti qəbul etdi, bizim Aspirantlar evinə gəldi, unudulmaz bir görüş oldu. Aspirantlar arasında yeganə filoloq mən olduğum üçün Anarın yaradıcılığı barədə məruzəni də mən etdim. Və o isti görüşdən sonra mən hiss etdim ki, Azərbaycan ədəbiyyatı ancaq ədəbiyyatçılar üçün deyil... 

Azərbaycan ədəbiyyatının, bəlkə də, ən zəif tərəfi odur ki, o, adətən (və indinin özündə də) ədəbiyyatçıların inhisarında qalıb. Neftçilərin, mühəndislərin, iqtisadçıların, həkimlərin sahəsinə çox zəif şəkildə daxil olub. Bu sahədə ancaq şəxsi tanışlıq önə keçib. Əslində isə ədəbiyyat bütün xalqın ədəbiyyatıdı. Mən bunu ilk dəfə Anar müəllimlə olan həmin o görüşdə hiss etdim. Gördüm ki, Anar müəllimin yaradıcılığına təkcə filoloqlar yox, aspiranturada təhsil alan və çox istedadlı olan gənc bir iqtisadçı, həkim, tarixçi, mühəndis necə heyranlıqla, maraqla yanaşır. Mən sizə deyim ki, Anar o vaxt da, elə indinin özündə də Azərbaycan ədəbiyyatının əsl mayakı, ədəbiyyatımızın əsl sütunu kimi bütün nəsilləri özündə birləşdirir".

Ən maraqlı açıqlamalardan biri də yazıçının "Bir, iki, bildirki" əsərinin süjet xətti və səhnə təcəssümü barədə oldu. Söhbətin bu yeri daha çox unudulmaz yaxşılıqlar, əbədi (və insanı insan yapan) haqlar barəsindəydi: "Məni dram əsərləri yazmağa dostlarım ruhlandırdı. Və bu ruhlandırma məsələsi mənim üçün çox önəmli, hərəkətverici bir qüvvədi. O dostlardan biri rəhmətlik Həsənağa Turabov olub. İkinci şəxs isə Vaqif İbrahimov idi. Və bir də gözəl tərcüməçi, gözəl ədəbiyyatçı Natiq Səfərov... Onlar məni ruhlandırırdı və mən də çalışırdım ki, onlara nəyisə sübut edim ki, istəsəm yaza bilərəm... Onu da deyim ki, fikrimcə, mənim dramlarım səhnəyə qoyulmaqdan daha çox, oxunmaq üçündür; nəsr, poeziya məqamları bir-birini əvəz etməsi baxımından. Ancaq günlərin bir günü mən bu pyesi birnəfəsə qələmə aldım. O səslər hardansa gəlib doldu qulağıma. Orada bir söz var, elə sonuncu dəfə də o adla tamaşaya qoyublar - "Səsindən yapış". O "Səsindən yapış"da bir həlimlik, həzinlik, həzinliklə də yanaşı, səmimiyyət var. Bu pyesi yazan kimi gətirdim Vaqifə. Vaqif hər şeyə son dərəcə diqqətlə, zərrəbinlə baxan adam idi. Son dərəcə yüksək zövqü vardı. Oxudu və məni də çox intizarda saxlamadan "Mən bu əsəri tamaşaya qoyuram" - dedi. Bu əsərin tamaşa taleyi son dərəcə mistikadı. Belə ki, bir dəfə baş rolun ifaçısı xəstələndi... Vaynşteyn bunun musiqisini yazırdı. Gözəl bir musiqi yazıb bizə təhvil verdi, amma iki gün sonra dünyasını dəyişdiyini eşitdik. O, öz əsərini bizə təhvil verəndə soruşmuşdum ki, sənin bu əsərdə ən çox nə xoşuna nə gəldi? Dedi: "İndi mən artıq ölümdən qorxmuram". Mənə çox maraqlı gəldi. Və mən sonralar gördüm ki, onun sözlərinin böyük mənası var imiş. Şarovski danışır ki, Vaynşteyn dünyasını dəyişəndə onun yanında olub. Xatırlayır ki, o, dünyasını çox rahat, qorxudan-filandan uzaq şəkildə dəyişdi... Görün bunlar bir-birini nə dərəcədə tamamlayır. Bunlar öz yerində. Deyim ki, Vaqif çox gözəl bir tamaşa qurmuşdu. Bu uğur mənim yazdığımdan daha çox Vaqifin tamaşasının təsiriydi... Əsər sonralar da dəfələrlə tamaşaya qoyuldu. Məncə, heç pis də qarşılanmadı. Ancaq Vaqifin tamaşasının yerini heç nə verə bilməz...".  

Tədbirdə çıxış edən xalq yazıçısı, AYB-nin sədri Anar vurğuladı ki, Kamal Abdulla sözə, ədəbi dəyərlərə və insani münasibətlərə sədaqətli bir yazıçıdır. Orijinal dəst-xətti var. Və Kamalın əsərləri ədəbi dəyər, meyar baxımından Nobel mükafatına layiq görülmüş yazıçıların yaradıcılığından heç də aşağı deyil.

Elə tədbirin lap əvvəlində Bakı Kitab Mərkəzinin rəhbəri Günel Rzayeva da qısa təqdimatı zamanı bu barədə fikirlərini ifadə etmişdi. Qeyd etmişdi ki, Kamal Abdullanın çoxşaxəli yaradıcılığı boyunca yaşanmış və yaşadığımız dünya, eyni zamanda başqa dünyalar haqqında insani duyğuları, yuxuları və təsəvvürləri xüsusi effektlə nəql olunur. Görkəmli bir söz adamı kimi o, özünəməxsus, bənzərsiz üslubu, təhkiyəsi ilə fərqlənir, oxucunu zaman-məkan sərhədini aşmağa, başqa, yeni hisslər yaşamağa sövq edir.

Sərvaz Hüseynoğlu

© Müəllif hüquqları qorunur! Mətndən istifadə etdikdə istinad mütləqdir!