Dünya yaxşılarındır - Telman Nəzərli yazır

Gürcüstanda orta məktəbin səkkizinci sinfində dərslərimiz bir - iki ay olardı başlamışdı. Payızın barlı-bəhərli, gözəl vaxtlarıydı. Bir gün məktəbimizdə hay-küy qopdu ki, Telmanın "Azərbaycan pioneri" qəzetində şeirləri çıxıb. Abunə yolu ilə məktəbimizə xeyli "Azərbaycan pioneri" qəzeti gəlirdi. Qəzetlər əl-əl gəzdi. Bizim tərəflərdə görünməyən iş idi -bir şagirdin "Azərbaycan pioneri" qəzetində üç şeiri çap olunmuşdu. İndi - az qala 40 ildən yuxarı bir zamandan sonra düşünürəm ki, o çap olunmuş şeirlərin sevincinin yaratdığı o hiss-həyəcanın ürəyimdə qopardığı "fırtına"dan görən necə salamat qurtarmışam! Sevincimdən, qürurumdan, bir az da "fors"umdan yerə-göyə sığmırdım. Bütün arzularımızın ünvanı kimi baxdığımız Bakıda mənim - aylı-ulduzlu gecələrdə göy üzündən aşağı "enməyən" və buna görə də özünü gələcəyin böyük şairi kimi "görən" bir kənd uşağının şeirlərini çap etmişdilər. Əlbəttə, sağ olsunlar, çox sağ olsunlar! O gündən poçtalyon Abdulla mənə məktub daşımaqdan yoruldu. Azərbaycanın bütün rayonlarından, hətta İrəvandan, Göyçədən və digər yerlərdən mənə dostluq məktubları gəlirdi. Əlbəttə, bu məktublarda mənim "şair" olmağımdan söz açan yox idi, oğlanlı-qızlı məktub yazanların hamısı üçün mən yeni bir dostluq ünvanı idim. "Şair"liyimin belə "şöhrət" sevincini yaşadığım günlərdə mənə heç bir məktuba bənzəməyən, iri zərfli bir məktub da gəldi. Bu iri zərfli məktub gəlişi ilə məni nəinki məktəbdə, bütün eldə-obada "xalq şairi" elədi. Məktubu "Azərbaycan pioneri" qəzetinin baş redaktoru Əmrah Əmrahov göndərmişdi. "Salam, hörmətli Telman!" Məktub belə başlayırdı. Şeirlərim (belə demək mümkünsə) haqqında xoş sözlər yazan və "Azərbaycan pioneri" qəzeti ilə əməkdaşlığı davam etdirməyi arzulayan Əmrah Əmrahov dəniz haqqında şeirimdən bir neçə misranı məktubda nümunə də gətirmişdi:

"...Dalğası göy çəmənlik,

Suyu çiçək dənizim!

Mənim göyçək dənizim!..".

O vaxta qədər mən dənizi ancaq xəyallarımda təsəvvür edirdim. Gördüyüm Kür çayı, Ağ göl, bir də Kür çayının Rustavinin içindən keçən qolunun bir tərəfində yaradılmış şəhər çimərliyi idi. Əsl dənizi - Xəzər kimi böyük dənizi (onda belə düşünürdüm) qardaşım Elimxan evlənəndə gəlinimizin cehiz gətirdiyi ağ-qara televizorda görmüşdüm. Və o yazdığım şeir də məhz o "televizor dənizi"nin təsiri, "bəxşişi" idi. Baş redaktor qeyd edirdi ki, "dənizdən uzaqda yaşayan bir yeniyetmə şeir həvəskarının dənizi belə duyması onun gələcəkdə yaxşı şair olacağına inam yaradır...".

Ədəbiyyat müəllimlərimin "çox yaxşı və xeyirxah insan" adlandırdıqları Əmrah Əmrahovun həqiqətən də qayğı və xeyirxahlıqla dolu həmin məktubunu uzun illər əziz bir xatirə, yadigar kimi qoruyub saxlayırdım. Çox təəssüf ki, Bakıda "kirayə köçləri" zamanı hara qoydumsa, sonralar tapa bilmədim.

Beləcə, hələ Bakıya gəlib çıxmamış bilirdim ki, Bakıda yaxşı insanların yaxşılarından olan xeyirxah bir insan yazıçı -jurnalist, "Azərbyacan pioneri" qəzetinin baş redaktoru Əmrah Əmrahov da var.

Orta məktəbi bitirməyimə bir-iki ay qalırdı. Arzum sənədlərimi Azərbaycan Dövlət Universitetinin jurnalistika fakültəsinə vermək idi. Bu zaman "Azərbaycan gəncləri" qəzetində bir müsabiqə elanı çıxmışdı: Azərbaycan Dövlət Universiteti ilə "Azərbaycan gəncləri" qəzeti jurnalistika fakültəsinə daxil olmaq istəyənlər üçün yazı müsabiqəsi keçirir. Bu müsabiqənin qalibləri universitetə qəbul imtahanlarından sonrakı müsabiqədən azad edilirdilər: yəni yazı müsabiqəsinin qalibisənsə qəbul imtahanlarında üstünlük qazanacaqsan. Müsabiqədə iştirak edən 178 abituriyentdən 16 nəfər qalib adını qazandı və xoşbəxtlikdən mən də "Zəhmət eşqi" adlı oçerkimlə o qaliblərdən biri oldum...

Nəhayət, ali məktəblərə qəbul zamanı gəlib çatdı. Şübhəsiz, Bakı vağzalında "Bakı-Tbilisi" qatarından düşən kimi həmin gün "Azərbaycan pioneri" qəzetinə - Əmrah müəllimin ziyarətinə getməyi əsas işim bildim.

...Əmrah müəllimlə üz-üzəyik. Həyəcanımı gizlədə bilmirəm. Təsəvvür elədiyimdən də xeyirxah, doğma görünür adama. Eynəyinin arxasından həmsöhbətinə elə mehriban, elə məhrəm baxır ki, deyirsən bu insan olan yerdə heç bir çətinlik, ədalətsizlik ola bilməz. Mən sıxıla-sıxıla "müsabiqə qalibi" olmağımı necə deyəcəyimi düşününcə özü məni təbrik elədi, dedi ki, universitetlə "Gənclər" qəzetinin ("Azərbaycan gəncləri") o müsabiqəsinin qalibi olmaq böyük uğurdur. Qəbul olunandan sonra bizim qəzetlə də əlaqəni kəsmə...

Əmrah müəllimlə söhbətdən sonra adama elə gəlirdi ki, dünyada ancaq yaxşılar yaşayır, dünya ancaq yaxşılarındı... Sonrakı görüşlərimizdə də dəfələrlə bunun şahidi oldum və Əmrah müəllimin dost-tanışlarından da bunu eşitdim... Və yaxşı ki, dünya yaxşılarındı...

...Bəli, artıq XXI əsrin 18-ci ilinin son ayları da yır-yığış üzrədir. Noyabrın 23-də Əmrah Əmrahovun 95 yaşı tamam olmalıydı...

Əmrah Əmrahov 1923-cü ildə Bakının Kürdəxanı kəndində anadan olub. Kənddə birinci sinfə gedəndən bir neçə ay sonra gözlərində problemlər yaranıb və göz həkimləri ona oxumağa, məktəbə getməyə icazə verməyiblər. Düz beş il müalicə olunduqdan sonra yenidən məktəbə gedib. Nəhayət, 1944-cü ildə Azərbaycan Dövlət Universitetinin hazırlıq şöbəsinə daxil olub. 1945-ci ildən isə universitetin filologiya fakültəsinin jurnalistika şöbəsinə qəbul edilib. Həm də paralel olaraq "Azərbaycan pioneri" qəzetində müxbir işləyib. 1950-ci ildə universiteti bitirdikdən sonra taleyini "Azərbaycan pioneri" qəzeti ilə bağlayıb. Ömrünün sonuna kimi düz 38 il bu qəzetdə çalışıb. Əvvəlcə ədəbi işçi, şöbə müdiri, məsul katib və sonra baş redaktor olub.

Bədii yaradıcılığa şeirlə başlayan Əmrah Əmrahovun ilk yazıları "Azərbaycan pioneri", "Abşeron kolxozçusu" qəzetlərində çap olunub. Oçerk və hekayələri bütün dövri mətbuatda dərc edilib. Bədii tərcümə ilə də məşğul olan Əmrah Əmrahov əsasən uşaqlar və yeniyetmələr üçün yazıb. "Ürək vətən üçün döyünəndə", "Əbədi şöhrət", "Zastavaya gedən yol", "Ulduzlar gecə parlar", "Dağ bənövşəsi", "Gizli aləmlər", "Yaxşıların dünyası", "Lalələr Apreldə açır" və digər kitabları o dövrdə məktəblilər tərəfindən maraqla qarşılanırdı. Düzdür, onda dövr başqa, tələblər başqa idi. "Azərbaycan pioneri" qəzetinə rəhbərlik edən bir yazıçı dövrün ideoloji diktələrinə əməl etməli, "partiyalı"lığını heç vaxt unutmamalı idi - uşaq yazıçısı olsaydı belə! Ancaq Əmrah Əmrahov pioneri, komsomolu vəsf etməklə yanaşı, (bu reallığı etiraf etməkdən çəkinməyək) həm də çalışırdı ki, bu pioner, komsomol "libaslı" Azərbaycan övladları cəsur, çalışqan, vətənini, torpağını, yurdunu sevən, ana dilinə hörmət edən, tərbiyəli, böyük-kiçik yeri bilən, ləyaqətli vətəndaşlar kimi böyüsünlər - oçerklərində, hekayələrində, povestlərində qarşısına qoyduğu başlıca məramlardan biri də məhz bu idi. Əlbəttə, bu gündən o dövrə baxanda hər şeyə ancaq ağ və qara rəngdə baxmaq, yarıyacan dolu stəkana yarıyacan boşdu demək çox asan olsa da, gerçəkliyə baxış bucağından yetərli sayıla bilməz. Mütəxəssislərin bu gün də çəkinmədən mütərəqqi təhsil sisteminə aid etdikləri o zamankı sovet təhsil sistemi oxuyub təhsil (həm də ali) almamızda, maariflənməmizdə əhəmiyyətli rol oynayıb. O başqa məsələ ki, tariximiz təhrif olunur, yanlış öyrədilir, soy-kökümüzə, milli kimliyimizə aid səhifələrə yabançı şeylər yazılır, xalqımızın tarixi şəxsiyyətləri, istiqlal xadimləri ya unutdurulur, ya düşmən kimi təqdim olunur, ya da onların əvəzinə bizə "qanı qanımızdan olmayan" "dədə"lər, "baba"lar sırınırdı. Bunları yaşamışıq axı! Şübhəsiz, Əmrah Əmrahov kimi "Azərbaycan pioneri" qəzetinin redaktoru qismində "partiya nomenklaturası"nda vəzifə tutan yazıçı və şairlər, həmçinin digər sənət adamları "partiyalı" düşünməli, "partiyalı" danışmalı və  "partiyalı" yazıb-yaratmalıydı. Ömrünün sonuna kimi 15-ə yaxın kitabı nəşr edilən Əmrah Əmrahov da sovet ideologiyasının tələblərinə uyğun oçerk, hekayə və povestlər yazmış, "Lenin baba yolu ilə kommunizmə doğru inamla irəliləyən pioner balaları" vəsf etmiş və ya bir az yumşaq desək, vəsf etməli olmuşdu. Ancaq Əmrah Əmrahovun əsərlərindəki uşaq obrazlarının çoxu bu günümüz üçün də xarakterikdir: o uşaqlar yaxşı oxuyur, düzlüyü sevir, kəndlərinin, el-obalarının rahatlığını pozan, yaxşı günlərini istəməyən "pis adamlar"a qarşı mübarizə aparmağa çalışırdılar. "Zastavaya gedən yol" povestində məktəbli Raqiflə Hüseyn sərhədçilərlə dostluq edir, onların silahdaşına çevrilir və uşaqların ayıq-sayıqlığı, cəsurluğu sayəsində neçə sərhəd pozucusu vaxtında aşkar edilib yaxalanır. Rus sərhədçiləri azərbaycanlı uşaqların qəhrəmanlığına heyran qalırlar.  "Uşaqları fərəhləndirən  bu idi ki, onlar doğma vətənimizi necə dərin məhəbbətlə sevdiklərini öz hərəkətləri ilə göstərmişdilər" ("Zastavaya gedən yol").

"Lalələr Apreldə açır" povestində  1915-1920-ci illərdə Bakıda və onun ətraf kəndlərində baş verən hadisələrdən, zülmkarlara qarşı mübarizədə uşaqların öz ata-babalarına layiqli köməkçi olmalarından, bu uşaqların gələcəyə böyük ümidlərlə baxdıqlarından söhbət açılır. "Babası ona hər şeyi danışdı. Bildi ki, Hüseyn uzun illər Mantaşovun neft mədənlərində işləyib. Orada da şikəst olub. Əlimərdan bir həqiqəti daha dərindən duyur. Demək, bu adamlar nə qədər ki, sağlamdırlar, qollarında, qıçlarında güc-qüvvət var, varlılara-kasıbların  qanını zəli kimi soranlara lazımdırlar, elə ki, şikəst oldular, yorulub əldən düşdülər, heç kim onları saymır. Belə də hökumət olar? Belə də dünya olar? Onun atası da bu haqsızlığa qarşı vuruşmuşdur. İndi Əlimərdan da özünü balaca saymırdı - on iki yaşı vardı..." ("Lalələr Apreldə açır").

Bu gün Əmrah Əmrahovdan söz düşəndə onu tanıyan hər kəs ilk öncə Əmrah müəllimin çox yaxşı, xeyirxah bir insan olduğunu deyir, sonra yazıçılığından, jurnalistliyindən danışır. Azərbaycan Dövlət Rəssamlıq Akademiyasının əməkdaşı, Əmrah Əmrahovun qohumu Gülər Məmmədova yazıçı haqqında belə danışır:

- Əmrah əmi  xalam Sevil xanımın həyat yoldaşı idi. Övladları olmadığına görə bizim hamımızı  övlad gözündə görürdülər. Əmrah müəllim uşaqlara qarşı çox mehriban, intizamlı idi. Kürdəxanıda onların bağına yığışanda vaxtının çoxunu uşaqlara ayırırdı. Şeir oxuyur, nağıl danışır, tapmacalar, yanıltmaclar öyrədirdi. Həmişə də deyirdi ki, uşaqlara onların ağlını, düşüncəsini inkişaf etdirən nağıllar danışın. "Cırtdan"ı, "Təpəgöz"ü dinləyən uşağın qəlbində hansı arzular oyanar?!. Elmira xalanın qızı Nərgiz çox nağıl istəyən idi, biz bir az böyük olduğumuza  görə hiss edirdik ki, o nağılların çoxunu Əmrah əmi özündən uydurur və sonralar həmin nağılların hekayə şəklində çap olunduğunu görürdük. Böyüklərin məclislərində şeir deməyi də vardı: Səməd Vurğundan, Rəsul Rzadan, Əliağa Vahiddən, türk şairlərindən Nazim Hikmətdən, Fazil Hüsnü Dağlarcadan... Əmrah əminin Kürdəxanıya gəlişi xüsusi bir bayram ovqatı yaradırdı... Dostları Baləli müəllim, Əli müəllimlə (həm də bacanağı) bir yerə yığışanda görüşləri gözəl bir elmi-ədəbi məclisə çevrilirdi...

Gülər xanım qeyd edir ki, ötən əsrin səksəninci illərinin sonlarına doğru Əmrah müəllim çox əsəbi olmuşdu:

- Dağlıq Qarabağda erməni şovinistlərinin məkrli çıxışları, əsassız torpaq iddiaları Əmrah müəllimi çox əsəbiləşdirir, özündən çıxarırdı. 1987-ci ilin noyabrında Mixail Qorbaçovun iqtisadiyyat məsələləri üzrə müşaviri Aqanbekyanın "Humanite" qəzetinə müsahibəsi, orada səsləndirilən irticaçı fikirlər Əmrah müəllimi çox qəzəbləndirmişdi. Deyirdi ki, bu ermənilər heç vaxt bizə olan nifrətdən, düşmənçilik mövqeyindən əl çəkən deyil... Verilən torpaqlardan ağızlarında şirə qalıb...

...Əmrah əminin 1988-ci il noyabrın 18-də axşam saatlarında akademiya bağında gəzişərkən ürəyi dayanmışdı...

...Bəli, yaxşı insanları itirmək çox ağır olur. Çünki belə yaxşılar yaxşılığın, insanlığın var olub yaşamasında, övladlarımızın üzü yaxşılığa, xeyirxahlığa doğru böyüməsində əhəmiyyətli rol oynayır.

...Əmrah Əmrahovla sonuncu görüşümüz də "Azərbaycan pioneri" qəzetinin redaksiyasında olmuşdu. Artıq qəzetin redaktorluğundan çıxmışdı, məsləhətçi işləyirdi. Dedi yaradıcılıq necədir, təzə çap olunmuş şeirlərimi göstərdim. Jurnalı aldı, baxdı. "Dünya" şeirinin sonunu ucadan oxudu:

...Başına dolanım, ay el, ay oba,

Başına dolanım, ay dünya sənin!

Sənə neyləmişəm oğul adında,

Sənə neyləmişəm ağıl adında?

Mənim ölümümdən bircə gün keçsə

Görən qalarammı sənin yadında!..

O bəndi oxuyandan sonra göz dolusu köks ötürən Əmrah müəllim, sanki öz-özünə dedi: - Həə, unudulmamaq gözəl şeydir. Ölümdən sonrakı xoşbəxtlik, bəlkə də, elə budur...

Doğulandan 95 il, öləndən 30 il sonra səndən danışırıq, Əmrah müəllim! Çünki səndən danışmaq elə bu yalan dünyanın yaxşı işlərindən danışmaqdır.

10-23 noyabr, 2018

 

© Müəllif hüquqları qorunur! Mətndən istifadə etdikdə istinad mütləqdir!