Azərbaycan Dillər Universitetində Azər Turanla görüş

 

 Azərbaycan Dillər Universitetinin Ulu öndər Heydər Əliyev lektoriyasında Azərbaycan ədəbiyyatı kafedrasının təşkilatçılığı ilə ““Ədəbiyyat qəzeti”: ədəbi ənənə və müasirlik kontekstində” mövzusunda dəyirmi masa keçirilib. Dəyirmi masada universitetin rektoru akademik Kamal Abdulla, Azərbaycan ədəbiyyatı kafedrasının müdiri akademik Muxtar İmanov, “Ədəbiyyat qəzeti”nin baş redaktoru Azər Turan, universitetin müəllim-professor heyəti, tələbə və magistrlər, “Bir günlük xəlifə” layihəsi əsasında tələbələr tərəfindən xəlifə-rektor seçilən Salman Quliyev iştirak edib.

 Azərbaycan ədəbiyyatı kafedrasının dosenti Dilbər Zeynalovanın moderatorluğu ilə keçirilən dəyirmi masada giriş sözü ilə çıxış edən akademik Muxtar İmanov “Ədəbiyyat qəzeti”nin çağdaş ədəbi mühitdəki mövqeyindən və ədəbi fikir tariximizdəki yerindən danışıb.

Qəzetin baş redaktoru Azər Turanın tələbə və müəllimlərlə görüşünü əlamətdar hal kimi dəyərləndirən Muxtar İmanov əlavə edib ki, onun yaradıcılığında ənənə və müasirlik özünü qabarıq şəkildə göstərir: “Azər Turanın ən yaddaqalan elmi əsərlərindən biri Hüseyn Cavid yaradıcılığının həm ədəbi, həm fəlsəfi qaynaqlarını əks etdirir. Bu mövzu Azər müəllimə imkan verir ki, o, bütövlükdə Azərbaycan ədəbiyyatının XX əsrin əvvəllərindəki mənzərəsinə nəzər salsın, onun qaynaqlarını fəlsəfi və ədəbi müstəvidə araşdırsın. Azər Turan eyni zamanda türk ədəbiyyatının qaynaqlarını, Əli bəy Hüseynzadənin yaradıcılığını, türk modernist ədəbiyyatını da araşdırıb, onları təhlilə cəlb edib. Bu gün “Ədəbiyyat qəzeti”nin bütün ağırlığı Azər Turanın çiynindədir. Amma o, elmi tədqiqatlarından heç vaxt yan keçməyib, indiyədək 40-a yaxın kitab çap etdirib. Hesab edirəm ki, “Ədəbiyyat qəzeti” ətrafında söhbət etməyimiz bizim dəyirmi masa üçün uğurlu bir mövzudur”.  

Dosent Dilbər Zeynalova isə çıxışında Azərbaycan Dillər Universitetində müxtəlif mövzulara həsr olunan görüşlərin ənənəvi olaraq keçirildiyini diqqətə çatdırıb. O, deyib ki, dəyirmi masadan sonra tələbə və magistrlərdə “Ədəbiyyat qəzeti”nin tarixi və müasir dövrdəki fəaliyyəti haqqında daha geniş məlumat olacaq.

Dəyirmi masa daha sonra sual-cavabla davam edib. Filologiya və jurnalistika fakültəsinin IV kurs tələbəsi Aytən Osmanovanın “Azərbaycan ədəbiyyatı dünya ədəbiyyatı prosesinə qoşula bilirmi? Ümumiyyətlə, Azərbaycan ədəbiyyatı dünya ədəbiyyatının harasındadır?” sualına Azər Turan belə cavab verib: “Qəzetə yenicə baş redaktor təyin olunanda verdiyim ilk müsahibədə bu sualı belə cavablandırmışdım. “Biz “Füyuzat”ın qaldığı yerdən başlayacağıq. Hazırda 2018-ci ilin Bakısında yaşayırıq. İndi siz 1906-ci ilin Bakısını təsəvvür edin və o Bakıda dünya ədəbi prosesinin əsas hərəkətverici cərəyanları - dekadans, simvolizm, pessimizm haqqında söhbət gedirdi. Hətta bu gün “Ədəbiyyat qəzeti”ndə də, Moskvanın “Literaturnaya qazeta”sında da o səviyyədə söhbətlər az-az olur. Təsəvvür edin, 1906-ci ildə “Füyuzat” dərgisində çap olunan “Qırımızı qaranlıqlar içində yaşıl işıqlar” məqaləsinə cavab İstanbuldan gəlir. Abdulla Cövdət mübahisələrə qoşulur. Əli bəy Hüseynzadəyə deyir ki, mənə elə gəlir, siz dekadansla simvolizmi qarışdırırsınız. Əli bəyin də cavabı özünü çox gözlətmir… Digər bir məqam, o zaman ədəbi polemikalar Parisdə hansı səviyyədə gedirdisə, məncə Bakıda da o səviyyədə aparılırdı”. “Dünya ədəbiyyatının harasındayıq” deyə sual edirsiniz. Bu sualın cavabı sizə daha aydın olmalıdır. Kamal Abdulla yaradıcılığının timsalında Azərbaycan ədəbiyyatı dünya ədəbiyyatının olduğu yerdədir.  

Görüşdə universitetin magistri Fidan Mirzəzadənin “Ədəbi əxlaq varmı?” sualına Azər Turanla yanaşı Kamal Abdulla da cavab verib. Yazıçının bu suala cavabı birmənalı olub: “Ədəbi əxlaq yoxdur. Niyə? Çünki ümumi bir əxlaq anlayışı var. Biz özümüzdən ədəbi əxlaq anlayışını yaratsaq, onda məişət əxlaqı, küçə əxlaqı və başqa əxlaqlardan da danışmalıyıq. Bütün bunlar ümumi əxlaqın içindədirlər. İnsan əxlaqlıdırsa, deməli, yazıçı kimi onun əxlaqı ədəbiyyat sahəsində özünü göstərəcək. Bunu ailəyə, məişətə, küçəyə də aid edə bilərik. Son zamanlar belə qənaətə gəlmişəm ki, onun müxtəlif yaranma məxəzləri olur. Yəni ailədən, küçədən, məktəbdən, universitetdən gələn əxlaqlar olur. Ən böyük əxlaq isə ilahidən insanın canına qoyulan əxlaq odudur. İnsan sonra onu inkişaf da etdirə bilər, öldürə də bilər. Yazıçı yazanda söyüş söymürsə, bu onun əxlaqıdır? Ya tutalım, yazıçı əsər yaradanda qız-oğlan münasibətlərində son dərəcə utancaq davranırsa, intim məqamlara gələndə nöqtələr qoyub başqa fəslə keçirsə, bu bəyəm əxlaq əlamətidir? Təkrar edirəm ki, ümumi əxlaq anlayışı var. İnsan əgər tərbiyəsizdirsə, deməli, quyuya su tökməklə deyil. Mən belə düşünürəm”.

Azər Turan isə suala bu cür cavab verib: “Sartrın “Bodler” kitabında şairin əxlaqı ilə bağlı belə bir fikir oxumuşdum: İyrəncdir, rəzildir, əxlaqsızdır, amma tanrısaldır. Beləcə, əxlaqsız dedikləri şair çağdaş dünya poeziyasının ədəbi əxlaqını müəyyənləşdirdi.

Daha sonra Azər Turan gözəllik anlayışına münasibət mövzusunda sualı cavablandırdı: Mənim gözəllik anlayışımı antik mədəniyyətdən gələn harmoniya, intibah dövrünün gözəllik təlimləri, Tsianın cazibədar Venerası müəyyənləşdirsə də daha çox Cavidin qərarlaşdığı estetikanı bölüşürəm: “Mən gözəllərdə gözəl ruh ararım. Ruhu düşkünləri çirkin sayarım”.

 Azər Turana növbəti sualı Virtual jurnalistika kafedrasının müdiri Nərgiz Qurbanlı ünvanlayıb. Onun sualı “Ədəbiyyat qəzeti”nin nəşrində baş redaktorun üzləşdiyi qərəzli tənqidi münasibətlə bağlı olub. Azər Turan qeyd edib ki, nəinki tənqidlər, təhdidlərlərlə də üzləşib: “Bunu bir televiziya verilişində də cavabandırmışam. İndi də təkrar edirəm. AYB-nin üzvü olmaqla yazıçı, yaxud şair olduğuna inanan yüzlərlə adam bu qəzetin yazı həyatından kənarda qalıbsa, əvəzində ölkənin bütün istedadlı qələm sahibləri “Ədəbiyyat qəzeti”nin ətrafındadırsa, təhdidlər də, tənqidlər də təbii və bir o qədər də əhəmiyyətsizdir. Keyfiyyətsiz yazıların qarşısına hər həftə məsələn, “Əvvəl axır yazılanlar” essesi kimi mətnlərlə çıxa biliriksə bu artıq bizim cavabımızdır”.

Daha sonra görüş Kamal Abdulla ilə Azər Turan arasında “Divani-luğət it türk”, üçlü triada və s. mövzularda polemika şəklində davam etdi.

Sonda Kamal Abdulla dəyirmi masa haqqında fikirlərini bölüşüb, tədbirin təşkilini yüksək qiymətləndirdiyini vurğuladı. Yazıçı bildirdi ki, Universitetin akt zalında “Ədəbiyyat qəzeti”nin təqdimatının keçirilməsi də nəzərdə tutulur: “Hesab edirəm ki, bunun vasitəsi ilə tələbələrin qəzetə olan həvəsi daha da artacaq. Azər Turana təşəkkür edirik ki, tələbələrlə görüşə gəlib. O, öz cavabları ilə son dərəcə dərin mədəni, ədəbi, fəlsəfi qatları qaldırdı. Güman edirəm, biz bu söhbətləri bundan sonra da davam etdirə bilərik. Azər Turan Azərbaycan ədəbiyyatı və mənəviyyatının öndə gedən simalarından biridir. Onun bizim təklifimizi qəbul edib gəlməyi universitetimiz üçün əlamətdar hadisədir. Ədəbi proses qəzet və jurnalların ətrafında formalaşır. Bu mənada Azər Turanın həyata keçirdiyi fəaliyyət bu ədəbi prosesin canlanmasına yönəlib. Bu gün “Ədəbiyyat qəzeti” yüksək səviyyədə nəşr olunur. “Ədəbiyyat qəzeti” bizim ədəbiyyatımızın bütün yelpazəsini gözəl şəkildə özündə əks etdirir. O, artıq özünün səviyyəsini, ədəbi qütblərini, meyarlarını müəyyənləşdirib. Mənə elə gəlir, bütün ədəbiyyatçılar bu qəzetə abunə olsalar və onu təbliğ etsələr, özlərinin insan və vətəndaş kimi formalaşmasına kömək etmiş olarlar”.

 Kamal Abdulla əlavə edib ki, görüşdə fəal iştirak edən bir neçə tələbənin “Ədəbiyyat qəzeti”nə abunəliyini Azərbaycan Dillər Universiteti öz öhdəsinə götürəcək: “Bizim belə bir layihəmiz var ki, birinci kurs tələbələrinin aldıqları kitabların pulunu universitet ödəyir. Tələbə evdə öz kitabxanasını formalaşdırmalıdır. Görünür, bu ənənəni qəzet üçün də etmək lazımdır”.

 Sonda Azər Turan görüşdən son dərəcə məmnun qaldığını ifadə etdi, dəyirmi masanın təşkilinə görə dəyərli fikir adamı Kamal Abdullaya və Azərbaycan Dillər Universitetinin bütün kollektivinə təşəkkürünü bildirdi.

 Qeyd edək ki, dəyirmi masada Azərbaycanşünaslıq Elmi tədqiqat laboratoriyasının, Xarici ölkələr ədəbiyyatı, Fəlsəfə və ictimai elmlər, Regionşünaslıq və Xarici dillərin tədrisi metodikası kafedralarının əməkdaşları iştirak edib.  

Cavid Zeynallı

© Müəllif hüquqları qorunur! Mətndən istifadə etdikdə istinad mütləqdir!