Qəzənfər Paşayevin təqdimatında - Suphi Saatçının Füzulinin qəbirüstü abidəsi məqaləsi

 

Hörmətli Azər Turan!

Əslən kərküklü olan, hazırda İstanbulda çap olunan "Qardaşlıq" dərgisinin redaktoru, uzun müddət İstanbulun məşhur Memar Sinan Universitetinin prorektoru işləmiş Prof.Dr. Suphi Saatçı "Füzulinin qəbirüstü abidəsi" adlı maraqlı yazı çap etdirmişdir (bax: "Türkman elmi" dərgisi, №5, Kərkük, 2017, s.6-8). Məqalə bizim üçün məlum olmayan faktlarla zəngindir. Füzulisevərlər unutmayıblar ki, 1985-ci il dekabrın 19-da Türkiyənin "Milliyyət" qəzetinin Bağdaddakı müxbiri Murat Bardaqçının qəzetdə çap etdirdiyi "Füzulinin məzarı yol oldu" məqaləsi qızğın mübahisəyə, söz-söhbətə səbəb oldu. İraq Türkman Partiyasının üzvü, İraqın hüdudları xaricində yaşayan Yunis Siddiq 24 iyul 1992-ci il tarixdə Azərbaycan Televiziyası ilə mübahisə doğuran çıxışında Füzulinin qəbrinin əvvəlki yerdə torpağın altında qalması və nəşinin üstündən maşınların keçməsi barədə yanlış məlumat vermişdi. O, bilərəkdən Bardaqçının məqaləsində gedən gün kimi aydın həqiqəti danmışdı. Bardaqçı yazırdı: "Yaxın bir gələcəkdə Füzuli üçün yepyeni bir məzar yapacağız, kəmikləri (nəşi - Q.P.) mühafizə olunur".

Necə deyərlər, bir dəlinin quyuya atdığı daşı çıxarmaq üçün min ağıllı baş sındırmalı oldu.

Türkiyədə, İraqda və Azərbaycanda məsələynən bağlı müxtəlif yazılar dərc edilməyə başladı. Türkiyənin mədəniyyət naziri Tasıoğlunun "Füzulinin kemikləri (nəşi - Q.P.) üçün rəsmi girişim" məqaləsi vəziyyəti daha da çətinləşdirdi. Şair-alim Qasım Qasımzadə ilə birgə "Füzulinin məzarı haqqında şayiə və həqiqət" adlı məqaləm çıxdı (bax: "Mədəniyyət" qəzeti, 6.08.1992). Sonralar bu məsələyə mən yenidən qayıtmalı oldum. "Ədəbiyyat qəzeti"nin redaktorunun xahişi ilə "Şairin məzarı ilə bağlı həqiqətlər və şayiələr" adlı məqalə yazdım (bax: "Ədəbiyyat qəzeti", 6.05.1994).

Məsələ o yerə çatdı ki, Füzulinin nəşinin Azərbaycana gətirilməsi barədə dövlət səviyyəsində fikirlər səsləndi. Yaxşı yadımdadır, Filarmoniyada Azərbaycan yazıçılarının qurultayı keçirilirdi. Moskvadan vətənə qayıtmış Heydər Əliyev qurultayımıza təşrif buyurmuşdu. Yerdən təklif edirdilər ki, Heydər Əliyev Rəyasət Heyətində otursun. Birliyin sədri Anar təkidlə onun Rəyasət Heyətinə gəlməsini istəsə də, Heydər Əliyev gülə-gülə dedi ki, mən orada çox oturmuşam, bu gün buradan oranı müşahidə etmək istəyirəm.

Qurultayda Füzulinin nəşinin Azərbaycana gətirilməsi məsələsi qızğın müzakirəyə səbəb oldu. Hamı Heydər Əliyevin məsləhət verməsini xahiş etdi. Heydər Əliyev dedi ki, bunun bircə yolu var. Yazılı şəkildə dövlət başçısına müraciət edin, o da İraq rəhbərliyinə müraciət etsin. Müraciətin necə olması barədə, hərə bir fikir irəli sürdü. Ulu öndər yenidən işə qarışmalı oldu: "Belə şeyləri hamıdan yaxşı Teymur Əliyev (şair Teymur Elçin) bilir. Qoyun o, qısaca müraciət forması və müraciət haqqında fikrini bildirsin".

Teymur müəllimin fikirləri hamı tərəfindən bəyənildi. Mən bunları ona görə yazıram ki, Prof.Dr. Suphi Saatçının Azərbaycanla bağlı fikirləri anlaşılsın.

Füzulinin nəşi ilə bağlı mübahisələrə son qoymaq üçün əlimizə şans 1994-cü ildə düşdü. Həmin ilin sentyabr ayında 128 nəfərdən ibarət nümayəndə heyəti Füzulinin 500 illik möhtəşəm yubiley şənliklərində iştirak etmək üçün İraqa gedəndə, Kərbəlada şairin nəşi saxlanılan İmam Hüseyn məscidini ziyarət etdik.

Şairin nəşi İmam Hüseyn məscidinin Qiblə girişindəki qədim əlyazmaları otağının girişində basdırılmışdır. Divarda ərəbcə yazılmışdır: "Şair Füzuli Bağdadi.

Füzuli Bağdadi adı ilə tanınan məşhur şair Məhəmməd bin Süleyman hicrətin 900-cü ilində ona nisbə vermiş ölkədə anadan olmuş və yaşayıb-yaratmışdır. Bəziləri onun Başdadda, bəziləri Kərbəlada və bəziləri Hillədə anadan olduğunu göstərirlər. Ən dəqiqi Bağdaddır (Güman ki, şairin Bağdadi nisbəsi bununla bağlıdır - Q.P.). O, Hicri 970-ci ildə vəfat etmişdir. Onun ərəb və türk dillərində gözəl və nəfis şeiriyyəti vardır (Füzulinin nəşi Qiblə girişində basdırılan vaxt İranla İraq müharibə vəziyyətində olduğundan şairin farsca şeirlər yazdığı göstərilməyib - Q.P.). O, azəri dilində danışırdı. Bu, türk ləhcələrindən biridir".

Onu da bilmək vacibdir ki, 1992-ci ildə Füzulinin yeni məqbərəsinin inşası üzrə Bağdadda 3 nəfərdən ibarət komissiya yaradılmışdı. Komissiyaya İraq Arxeoloji Qazıntılar Komitəsinin sədri Məhəmməd Həsən, Vəqflər və Dəyanət Nazirliyinin Texnika və Planlaşdırma İdarəsinin baş mühəndisi Tariq Əbdülhəlim və Türkman Mədəniyyət Departamentinin müdiri, ədəbiyyatımızın dostu, BDU-nun fəxri doktoru Əbdüllətif Bəndəroğlu seçilmişdilər.

Təəssüf ki, blokada nəticəsində ağır vəziyyətə düşən İraq Füzulinin yeni məqbərəsinin inşasını da təxirə salmaq məcburiyyətində qalmışdı.

İraqın vəziyyəti o qədər ağırdır ki, onlar bu məsələyə çətin ki, bir də qayıda bilsinlər. Odur ki, bu məqamdan və fürsətdən istifadə edib İraq dövləti qarşısında məsələ qaldırıb şairin məqbərəsinin Azərbaycan tərəfdən inşasına icazə almaq olar.

Suphi Saatçı

Prof.Dr.

zulinin birüstü abidəsi

Divan şeirində zirvələrə yüksələn Füzuli, türk ədəbiyyatı tarixində müstəsna bir yer tutur. Türkcəsinin gözəlliyi sayəsində dildən-dilə, eldən elə dolaşan şeirləri dönəmin coğrafi məkanında böyük ad, əks-səda çıxarmışdı. Divanlarının əlyazmalarının üzü ən çox köçürülən və yayılan şairlərin başında Füzuli durmuşdur. Keçən 20-ci yüzilliyə qədər Füzulinin divanını əzbər bilən və onu bir hikmət kitabı sayan yüzlərcə  heyranı və maraqlısı görülmüşdür. Bütün bu özəllikdən dolayı Füzuli bütün dövrlərdə Türklüyün yetişdirdiyi ən böyük şairlərdən biri kimi qəbul edilmişdir.

Türkcənin ən lirik şairi olan Füzuli Ərəb İraqında doğulub, burada boya-başa çatmış, ömrü boyunca İraq dışına çıxmamışdır. Doğum tarixi bəlli olmayan Füzulinin Əhdiyə görə, Hicri 963 (M.1556) ilində taun xəstəliyindən vəfat etdiyi qeyd edilmişdir. Süleyman Faik Əfəndi məcmuəsində verilən bilgilərə görə şair Kərbəlada dəfn olunmuşdur.

Füzulinin məzarı Peyğəmbərimizin nəvəsi Həzrət Hüseynin türbəsinin Qiblə qapısının yaxınlığındakı türbədə idi. 1960-1970-ci illərdə Türkiyə və İraq arasında imzalanan mədəni anlaşmaya görə, Türkiyə Füzuliyə yaraşan bir türbə tikəcək, İraq hökuməti isə bunun müqabilində ərəb şairi İmreül Kaysın Ankaradakı məzarını qaydaya salacaqdı. İmzalanmış protokola uyğun olaraq 1970-ci ilin sentyabr ayında texniki məsələləri dəqiqləşdirmək və proyekti hazırlamaq üçün nümayəndə heyəti Bağdada getmiş və görüşlər keçirmiş. Ancaq daha sonra deyilənləri həyata keçirməyə qəti addımlar atılmamışdır. Beləcə, neçə-neçə illər keçmiş məzar proyekti barədə kimsənin xəbəri olmamışdır.

Füzulinin İmam Hüseyn məscidinin Qiblə qapısının yaxınlığındakı türbəsi isə 1984-cü ilin payızında "yol genişləndirmə" səbəbindən bir neçə dəqiqə içində yerlə-yeksan edilmişdi. Türbəni dağıtmazdan bir gün əvvəl Füzulinin məzarı açılmış, nəşi (sümükləri) bir qutuya yığılaraq Sultaniyə Məscidinə aparılmışdır. Daha sonra bu məscid də sökülmüş və Füzulinin qutu içindəki nəşini məscid idarəsinin gözətçisinin yataq otağına qoymuşdular. Bu işlər səssiz-sədasız cərəyan edərkən bəzi qəzetçilər Füzulinin məzarının üzərində salınan maşın yolunun şəkillərini yaydılar və ictimaiyyət buna ciddi reaksiya verdi.

Füzuliyə Sovetlər sahib çıxmaq istədi. Sovetlər Birliyinin bir cümhuriyyəti olan Azərbaycanın milli şairi qəbul edilən Füzulinin nəşinin Bakıya göndərilməsini istədi. Bu səfər İraq hökuməti yanında Füzuli qiymətə mindi və ərəb şairi olmasa belə, Füzulinin iraqlı bir şair olmasından dolayı nəşinin dışarıya verilməyəcəyi bildirildi. Beləcə, İraq bu tələbləri qəbul etmədi.

Sovetlər Birliyi dağıldıqdan sonra müstəqil bir dövlət olan Azərbaycan bu işi başlı-başına buraxmadı. Bir neçə dəfə İraqa heyətlər göndərdi. Azərbaycanlıların istəyi ilə 17 sentyabr 1994-cü ildə Bağdadda "Füzuli Konqresi" toplandı. Elçin Əfəndiyevin başçılığı ilə 128 nəfərdən ibarət Azərbaycan heyəti 3 gün sürən konqresdən sonra Füzulinin məzarı işini təkrar gündəmə gətirdi. İraq Kültür Bakanlığı İmam Hüseynin türbəsini çevrələyən Caminin (məscid) Qiblə girişindəki "Əlyazmalar Odası"nı uyğun gördü və Füzulinin nəşi orada gömüldü (bax: Murad Bardaqçı. "Hürriyyət" qəzeti, 23 dekabr 2001).

Füzulinin qəbirüstü abidəsi

Türk dünyasının ortaq şairi Füzuliyə məzar abidəsi məsələsi 1960-1970-ci illərdən gündəmə gəlmişdir. Bu layihənin Türkiyə tərəfindən həyata keçirilməsi, eyni zamanda, iki qonşu ölkənin dostluq ilişkilərini daha da möhkəmləndirəcəyi şübhəsizdir. Bu düşüncələrlə İraq Türkman millət vəkilləri Füzulinin şanına yaraşan qəbirüstü abidənin (mavzoley) yapılması barədə Bağdaddakı səlahiyyətli şəxslərlə danışıq aparmışlar. Layihənin həyata keçirilməsini onlar da istəmişlər. Beləliklə, qərar qəbul edilmişdir ki, Füzulinin qəbirüstü abidəsinin proyektini Fatih Sultan Mehmet Vakif Universitetinin Memarlıq və Layihə fakültəsi hazırlasın.

Qərara alındı ki, qəbirüstü abidə Kərbəla şəhərinin mərkəzində sıxlıq olan yerdə deyil, açıq və asanlıqla ziyarəti mümkün olan bir yerdə tikilsin. Səkkiz yüz metrlik bir sahədə ucaldılacaq abidə üç ana bölümdən ibarət nəzərdə tutulub.

Birinci bölümdə Türbə səkkiz bucaqlı, yarıqapalı bir məkan olaraq düşünülmüşdür.

İkinci bölüm 20-25 nəfərlik bir namazgah və bunu tamamlayan səkkizbucaqlı fontandan ibarətdir.

Üçüncü bölüm isə türbə, namazgah və fontanı da içində olan yığıncaq meydançasıdır.

Proyektin başlıca ünsürü (elementi) səkkizbucaqlı türbənin 5 tərəfinin qapalı olmasıdır. Qapalı tərəflərdən Qiblə tərəfdə olanı pəncərəsiz, digər 4 tərəf isə pəncərəlidir.

Yığıncaq meydançasına baxan üç tərəf isə açıq buraxılmışdır. Bu açıqlıq şairin məşhur beytində dilə gətirdiyi:

Nə yanar kimsə mənə atəşi-dildən özgə,

Nə açar kimsə qapım badi-səbadan qeyri

yəni "könül atəşindən başqa kimsə mənə yanmaz, sabah rüzgarından başqa da qapımı açan olmaz" sözlərindən təsirlənərək türbə qapısız və açıq nəzərdə tutulmuşdur.

Yuxarıda verilən beyt də türbənin içində Qiblə divarının üzərində yazılacaqdır.

Türbənin üst örtüsü dairə şəkilli günbəz yerinə səkkizbucaqlı geometrik günbəz biçimində planlaşdırılmışdır. Eyni ölçü biçimi səkkizbucaqlı fontan üçün də nəzərdə tutulmuşdur.

Türbənin tamamı betondan heykəl kimi layihələndirilmiş, örtüyü, divar və s. inşası eyni materialla nəzərdə tutulub.

Türbənin ortasında şairin nəşinin saxlanacağı simvolik məzar və başdaşı yer alacaq. Başdaşında Füzulinin haqqında məlumat veriləcək. Türbənin ətrafı yaşıllaşdırılacaq. Bu sadə abidənin inşa olunması türkcə danışan 200 milyonluq Türk dünyasının ortaq diləyini əks etdirir. Xeyirlərə vəsilə olması diləyilə bu abidə, eyni zamanda, barışın və qardaşlığın simvolu sayılacaq. Başda İraq və Türkiyə xalqları olmaqla, Füzuli sevgisinin bütün İslam dünyasının da könlünü birləşdirməsi diləyilə...

 

© Müəllif hüquqları qorunur! Mətndən istifadə etdikdə istinad mütləqdir! 

 

© Müəllif hüquqları qorunur! Mətndən istifadə etdikdə istinad mütləqdir!