Narıncı-mamırı...Əshabi-Kəhfdən sonra... - Hədiyyə ŞƏFAQƏT yazır

Naxçıvan dəftəri

***

Heeeyyy...

***

Bilirsənmi hardayam, bilirsənmi necəyəm, ey Sevgili? İçimə çəkilib gözlərimi yummuşam, əllərimi sənə açmışam, ovcumda Ruh Bağından dərilmiş acı badam meyvəsi...

***

Biz, haqsızlıqdan baş götürüb qayaları sığınacaq etməyə gedən yeddi mömin deyilik. Axşamın günəşi üfüqə yolladığı vədəsində, nəfəsini yavaş-yavaş, yaşıl-yaşıl içinə çəkib sükutun narıncı-sarılığına boyamaqda olan ağacların boy verdiyi hamar yolla qəfil könlümüzə qonan bəxtin dalıyca yollanmış üç dostuq. Arzu məndən səslənib, hayına hay gəlib:

- Gedək...

- Gedək...

***

Çağırışım  qayalara gedib qayıtmır. Qayalar çağırışımı özünə götürür... Qayalar... Narıncı-mamırı qayalar... Qayalar səsimin dalıyca boylanırlar, uzaqlardan gəlmiş adamın içini dəlib-keçir qayaların narıncı-mamırı baxışları:

- Xoş gəlmisən, ey yolçu...

...- Birdən səsinə səs gəlsə necə olacaq? - soruşur dostlardan biri...

Demirəm, səsimə səsin çoxdan gəldiyini, məni dünyanın o başında tapdığını, səsimə qatışdığını, səsimə əmanət bir narıncı-mamırı təmizlik qoyub qayıtdığını demirəm... Əmanətimi qaytarmağa gəldiyimi də...

- Fikir verirsiniz yuvalara? - dostlardan biri dillənir. Pilləkən kənarı boyu düzülən ağacların öy sinəsində yüzlərlə yuva var... - İndiyədək fikir verməmişəmmiş...

Yuxarılara boylanıram. Mən həmişə bu yerlərdən yuxarıda nə var deyə xəyal edirəm...

Ruhlardan yuxarıda olacaq?.. Pillələrin düz ortasında gənc ağac öz yerindədir. Mən bu ağacı sevirəm. Bu ağac dünyada olan minlərlə tək ağacdan biridir. Mən bütün tək ağaclar üçün nigaranam...

Amma o salamatdır.

Burda ağacları kəsmirlər...

Bu torpaqlarda az qala bircə ağac özbaşına bitmir, bəlkə, buna görədir? Buraların insanları bütün ağacları əllərinin içində bəsləyirlər, quyusunu qazırlar, torpağını tökürlər, kökünü bərkidirlər, suyunu verirlər, sonra da başına dolanırlar ağacların... Bəlkə, bundandır, bu ağaclarda bunca yuva olması... Quşlar ağaclara güvənirlər... Ağaclar insanlara...

Ağacları kəsilməyən torpaqların insanları qarşısında başımı hörmətlə aşağı əyirəm...

***

İzaq minilliklərin o tayında bir səhərin toranından yeddi yolçu sıyrıldı çıxdı...

Hansı rəngə üz tutduqlarını bilmirəm...

Qayaların sinəsində bir sığınacaq qapılarını açıb dayanmışdı...

Qayalar o zaman nə rəngdə görünürmüş səhər toranında görəsən? Amma indi deyirlər, üç yüz doqquz il sonra o yolçular oyananda günəş batmağa yollanırmış...

***

Biz qalxırıq, günəş gedir... Ətəyinin qırmızımtıl kölgəsini yavaş-yavaş çəkə-çəkə sürünüb kölgəmizi əridib özünə götürüb... Günəş kölgəmizi əridib, daş pillələr ayaq səsimizi...

Dayanıram, dayanırlar, bilirlər nə olacaq...

- Heeeyyy...

***

İbadətgahın içindəki yaşıl ağacın başı üstündə görünən bir parça qaralmaqda olan səma parçasında yüzlərlə quş çırpınır... Yüzlərlə quş qanadının səsi yüzlərlə quşun səsinə qarışıb xışım-xışım xışıldayır...

Heç kim bilmir bunlar nə quşlarıdır... "Ruh quşları" deyirəm, hamımız razılaşırıq... Bir şeyin qoyulmuş adını bilmirsənsə içindən gələn kimi adlandır... Bura azadlığın astanasıdır, nədən çəkinəcəksən, kimdən çəkinəcəksən...

***

Heç kim yoxdur, əl-ayaq çəkilib... Gecikmiş sonuncu ziyarətçilər geri qayıdırlar... Əvvəl iki kişi... Sonra üç qadın, qadınlar örtünüblər, çalmalanıblar, gizləniblər... Aşağıda, qadın ziyarətçilər üçün qoyulmuş örpəkləri xatırlayıram... Gülümsəyirəm...

***

Zaman varmış, insanlar buralara pay-piyada yollanırmışlar... Zaman varmış gün çıxırmış, gün batırmış, günlər çəkirmiş qeyb olan ruhların itib getdiyi yerə can atan ziyarətçilərin gəlib buralara yetişməyi...

Hərə bir arzuyla gəlirmiş, hərə bir ümidlə yol alırmış...

Pillə-pillə çıxdıqca yadıma salıram, bir zaman bu pillələr də yoxmuş...

Deyirlər, bərpa zamanı yolu buralarda kəsişən ziyarətçilər hərəsi əlinə bir pillə daşı alıb qaldırırmış... Bilirəm, niyə ayaq səslərimiz çıxmır. Ayaqlarımız toxunmur o pillələrə, biz ayağımızı o pillə-pillə Tanrıya can atan arzuların üstünə toxundurmadan keçib gedirik...

Görəsən, insanlar o zamanlarda nələr arzulayırmışlar? Hansı diləklə sığınacaq mağaranın bir küncündə yer edib göz yaşı kimi bir damcılıq ümid gözləyirmişlər? Nə üçün, nələr üçün? İnsanlar niyə öz qandallarını, zəncirlərini özləriylə sürüyüb buracan gətirirmişlər?

Necə keçirirmişlər o ağırlıqda yükü günahsızlıq daşının içindən?..

Ağır olmurmuş insanlara, bunca yüklə ağırlaşmış, gücdən düşmüş qanadlarını qayaları dəlib düşən damcıların altına çatdırmağa...

Narıncı-mamırı qayalar necə dözürmüş bunca arzunun üst-üstə qalanan məşəqqətinə?

...- Tanrı, mənə şəfa ver!

...- Tanrı, balamı qoru!

...- Tanrı mənə var-dövlət yetir.

***

- Heeeyyy...

Cavab gəlir... Əmanətimi yerimə çatdırmışam. Qarşı qayaların dərinliyindəı bir güzgü açılır. Güzgünün üzündən örpək çəkilir, səsim güzgünün sinəsinə düşüb udulur. Udulduğu yerdə bir toxum qabığını çərtir, çərtilmiş yerdən bir səs göyərir, səsin təmizliyi narıncı-mamırların arasından üzümə düşür:

- Heeeyyy.... eeeyyy.... yyy....

Təbəssüm... "Götür, get," - deyir minilliyin o tayındakı canım, "götür get, səsini sənə bağışladım, bir də gələsən deyə"... Səsimi götürüb ovuclarımı göyə açıram, bir ovuc "Heeyyy" havalanır səmanın qaralmaqda olan köksünə... Hara səpələnər, səpələnər...

***

- Bax, - deyirlər, - badamdır... Ovcumdakılara baxıram. - Amma acıdır...

Gülümsəyirəm. Əlimdən alıb qabığını qırırlar, ikiqat "yox"dan keçib, narıncı-mamırıdan keçib özəyini özümə qaytarırlar.

Birini yeyirəm... Üzümə baxırlar, ikincisini yeyirəm, sonra üçüncüsünü. Sonra dördüncüsünü. Təklif edirəm:

- İstəyirsiniz?

- Yox, deyirlər, - qonaq üçündür. Susurlar, baxırlar, sonra soruşurlar - Acı deyil?

- Acıdır, - deyirəm, - zəhər kimi...

***

Ay işığının soyuqluğunda üşüyə-üşüyə düzün canına düşmüsən... Gedirsən, hara getdiyini bilmirsən... Qurumuş otlar ayağının altında xışıldayır. Daşlara ilişib büdrəyirsən, uzaq kölgəlikdə bir sıra Quanq ağacı... Kölgəsində:

- Əyil, aşağı bax - deyir bir səs...

Başını torpağa əyirsən, düz ayaqlarının ucunda Ay işığı ləpələnir, dayanmır, axıb gedir...

- Doldur, iç...

"Ay işığınımı?" - deyə soruşmaq keçir könlündən, amma bu suymuş... "Necədir?" "Buz kimi"... "Bu kəhriz suyudur"...

Ay işığının dəyib ləpələndiyi sular yeraltı yolunu tutub gedir... Gedir, gedir, gedir... Bu torpaqların sehri içində gizli-gizli axır, qan damarları kimi. Sənə bir qab sehr doldurub uzadırlar: "İçməsən günah olar, içirməsəm günah olar"- deyirlər...

Bu cavabdır - Narıncı-mamırı cavab...

Orda qoyub gəldiyim səsin cavabı. Qayaların sinəsinə hopdurub qaytarmadığı cavab. Narıncı-mamırı qayalar səsimi saxlayıb, udub, qarışdırıb, sonra üstümə bircə damcısı düşməyən sularının yaxasına buraxıb... Axıb, axıb o sular. Torpağın sinəsində boy verib göyərdiyi yerlərə aparıb çıxarıb məni: "İç"- deyir, səsini iç, bir də bizi çağıra biləsən deyə"...

***

- Olmadı elə, oldu belə, birdən kimsə oyandı, "hey"inə bir "hey" verdi...

- Gözəl olar - demişdim...

***

Gözlərimi yumuram - Asnı bulağı. Asnı bulağının keşiyini çəkən ağacın budaqlarındakı rəng-rəng diləklər... "Arzu tut"- deyir Əshabi-Kəhfdə qoyub gəldiyim səs, uçub gəlib, Asnı bulağının büllur dərinliyindən səslənir. "Bacarmıram" deyirəm, "Arzum yoxdur"... Amma arzum olmasa da bir dəstə lentin içindən mavisini ayırıram, Asnı bulağının keşikçisinin qoluna bağlayıram... Rəngbərəng lentlər... Bir-birinə qarışıb...

"Tanrı, Günəşi güllələrdən qoru"...

Günəşin narıncı ətəyini sürüyüb sirrini adət edilməmiş yolçularına buraxan axşam əyilib mamırına dodaqlarımı toxundurduğum qayaların əlinin uzandığı o tayında yarılmış köksündən həyat qaynayır...

"Yaxşı!" - deyir, söz verir...

Gecənin lal sükutunun dərinliyində sərhədi görünməyən uzaqlıqda işıqlar sayrışır...

***

Gözümü açıram, üst-başımda bircə damcının izi yoxdur... Pillələri enirik. Qayıdırıq... "Mənim bəxtim həmişə gətirir" - demişdim yol üstündə, qaynayan bulağın ziyarətinə gedəndə, "mən çatana qaynayacaq"... Çatırıq, qaynamağa başlayıb. Heyrətlə baxıram, heyrətlə gözləyirəm, torpağın ürək döyüntüləri üzümə sıçrayır, əlimi barmaqlıqların arasından Can-a uzadıram...

***

Biz, zülmdən qaçıb qayalara sığınan yeddi bəndə deyildik...

Bir səhər oyanırsan, görürsən günəş batmağa yollanır... Qapını açıb o taya yollanırsan, sıldırım içindən keçən cığırı ayağına dolayıb gedirsən. O üzdə olduğunu sən bilmirsən, Tanrı bilir... Çatırsan, dayanırsan, hara çatdığını, nəyə yetdiyini bilmədən. Qorxursan, sənə ürək-dirək verirlər, geri dönüb güzlininə yüyürürsən... Bir də illərin o üzündə div yuxusundan oyanıb, bir də gedib-qayıtmaq üçün... Gediş-gəlişlərin arasında Yaradanın səsləriylə rəngləri arasında bir rəqs edirsən, bir ibadət... Kürəyini bir qaya parçasına dayayıb o qayaya qarışırsan, daşlaşırsan, ya mamırlaşırsan, kim bilir?..

Rəng olursan, Narıncı-mamırı rəng... Gözlərini baxdığın hər şeyin içindən səs kimi keçirib heçnəsizliyin Sevgili Azadlığına zilləyirsən...

Həyatında bircə dəfə də olsa Narıncı-mamırı olmalısan...

 

© Müəllif hüquqları qorunur! Mətndən istifadə etdikdə istinad mütləqdir! 


© Müəllif hüquqları qorunur! Mətndən istifadə etdikdə istinad mütləqdir!