Anar: "Şüarlar, təntənəli nitqlər söyləməklə aram yoxdur" - Xalq yazıçısı Anarın "Tibb qəzeti"ndə dərc olunmuş müsahibəsini oxucularımıza təqdim edirik

Budəfəki həmsöhbətim müasir Azərbaycan ədəbiyyatının görkəmli siması, bir vaxtlar adları dillərdən, əsərləri əllərdən düşməyən məşhur "60-cılar nəsli"nin nümayəndəsi, Azərbaycan Yazıçılar Birliyinin sədri, xalq yazıçısı Anardır. Nasir, tərcüməçi, şair, "Ağ liman", "Beşmərtəbəli evin altıncı mərtəbəsi", "Əlaqə", "Dantenin yubileyi", "Sizsiz" və s. kimi onlarla əsərdən, ssenari müəllifi, quruluşçu rejissoru olduğu "İmtahan", "Otel otağı", "Üzeyir ömrü", "Qəm pəncərəsi", "Sübhün səfiri" kimi çoxsaylı filmlərdən hər kəsin çox yaxşı tanıdığı, sevdiyi dəyərli ziyalı Anar.

 

- Bu qədər geniş fəaliyyət sahəsi, gərgin iş rejimi sizi yormur?

- Əlbəttə, yorur. Amma bu mənim həyat ritmimdir. Lap gənc yaşlarımdan işləməyə alışmışam, ömrüm boyu da belə davam edib. Hətta istirahət günləri də, məzuniyyətim müddətində də işləyirəm, yaradıcılıqla məşğul oluram. Demək olar ki, dincəlmirəm.

- Anar müəllim, "Macal" əsərinizin qəhrəmanı Fuad, hətta öz-özüylə görüşməyə, düşünməyə də vaxt, macal tapmır. Sizin necə, işlərdən, qayğılardan, problemlərdən, heç olmasa, özünüzlə baş-başa qalmağa macalınız olurmu?

- Arada olur. Adətən gecələr özümə çəkilirəm, düşünürəm, keçən ömrü, ötən günləri yada salıram, itirdiyim doğmalarımla "danışıram"… Və ağlıma gələn cürbəcür fikirləri qeydə alıram. Azərbaycan və rus dillərində nəşr olunan "Gecə düşüncələri" adlı kitabım elə həmin fikirlərin toplusudur.

- Deyirlər ki, hər yazıçı bu və ya digər dərəcədə özünü yazır. Maraqlıdır, hansı əsərinizdə və ya konkret olaraq hansı obrazda daha çox özünüzsünüz?

- Bəli, yazıçı özündə olan cəhətləri qəhrəmanlarına paylayır. Mən də bütövlükdə yazılarımdayam. Düzdür, yazmadığım şeylər də var. Yəqin ki, onları heç yazmayacağam da. Hər insanın müəyyən sirləri olur. Amma, ümumilikdə, dünyagörüşüm, həyata, insanlara münasibətim, xarakterim yazılarımda, obrazlarımda əksini tapıb.

Fransız yazıçısı Flober deyir ki, "Madam Bovari mən özüməm". Bu sözdə böyük həqiqət var və heç də təəccüblü deyil. Çünki yazıçı təkcə kişi obrazlarında yox, qadın obrazlarında da görünür. Mən deyərdim ki, Kəbirlinskidə də, "Macal"dakı Fuadda da, Zaurda da, hətta Təhminədə də mən varam.

- Əsərlərinizdə qəhrəmanlarınızı heç bir şəkildə ideallaşdırmırsınız. Sizcə, insan mükəmməl ola bilməz?

- Mənim əsərlərimdə müsbət və ya mənfi qəhrəman yoxdur. Çalışıram ki, insanı olduğu kimi, bütün tərəfləri ilə təqdim edim. Çünki nə tam yaxşı, nə də tam pis insan olmur. Sadəcə, bəzilərində yaxşı, bəzilərində pis cəhətlər daha çoxdur. Məsələn, siz "Tibb qəzeti"ndən olduğunuz üçün "Şəhərin yay günləri"nin əsas qəhrəmanlarından olan həkim Bəhramı nümunə gətirmək istəyirəm. O, həm yetim qalmış qardaşı oğlunu böyüdən qayğıkeş, həm də özündən razı, lovğa insandır.

- Bəs, ədəbiyyat, mütaliə insanı təkmilləşdirə, tərbiyə edə bilərmi? Yəni ondakı yaxşı və pis xüsusiyyətlərin nisbətini yaxşıya doğru dəyişə bilərmi?

- Deyirlər ki, ədəbiyyatın insanlara böyük təsiri var. Amma burada söhbət birbaşa təsirdən getmir. Məsələn, hansısa oğru bu əməli pisləyən bir roman oxuyursa, həmin an dəyişmir. Ya da hansısa rüşvətxor satirik əsər oxumaqla əməlindən əl çəkmir. Ədəbiyyat insanları, onların mənəviyyatını tədricən zənginləşdirir. Əgər insan həqiqətən ədəbiyyata bağlıdırsa, mütaliəni sevirsə, ədəbi əsərləri oxuduqca onun daxilində bir təmizlənmə, saflaşma gedir.

- Anar müəllim, "Yaxşı padşahın nağılı" əsərində özünü yaxşı göstərmək istəyən, amma müstəbidlik edən, insanlara zülm verən, onların iradəsini qırmağa çalışan padşahın obrazını yaratmısınız. Düşünürsünüz ki, sözün həqiqi mənasında, yaxşı padşah olur, yoxsa onları ancaq nağıllarda uydurublar?

- Bu əsərdəki padşahı həyatda gördüklərim, müxtəlif ölkələrdə olarkən müşahidələrim əsasında ümumiləşdirilmiş obraz kimi yaratmışam. Tarixdə diktatorlar çox olub. Amma, əlbəttə ki, yaxşı padşahlar, ölkə başçıları da az olmayıb. Elə Azərbaycanın tarixinə baxsaq, Azərbaycan Xalq Cümhuriyyəti dövrünün liderləri Ə.M.Topçubaşovu, M.Ə.Rəsulzadəni, F.X.Xoyskini, N.Yusifbəyovu və şəxsən mənim gördüyüm, yaxşı tanıdığım Heydər Əliyevi görərik. Heydər Əliyev həm çətin bir dövrdə ölkəni xilas etdi, həm də yeni Azərbaycanın qurucusu oldu.

- "Yazıçı Anar" deyəndə niyə, ilk növbədə, hər kəsin ağlına "Beşmərtəbəli evin altıncı mərtəbəsi" əsəri gəlir? Sizcə, ən yaxşı əsəriniz olduğu üçün, yoxsa bu əsər "şanslı doğulub"?

- Yəqin ki, "şanslı doğulub". Çünki mənim başqa əsərlərim ondan aşağı səviyyədə deyil. O əsərin şansından, hətta bu gün də sui-istifadə edənlər tapılır. "Təhminə və Zaur" adlı serial çəkiblər. Cəmi bir seriyasına baxmışam. Onun mənim əsərimə heç bir aidiyyəti yoxdur. Tamam başqa fikir, ideya və süjetdir. Populyar olduğu üçün mənim əsərimin qəhrəmanlarının adını götürüblər. Amma, sadəcə, adını götürüblər.

- "Gecə düşüncələri"ndə axirətlə bağlı paradoksal fikirləriniz var. Necə oldu ki, axirətə inamın, sadəcə, bir təsəlli olduğunu düşündünüz?

- Uzun illər inanmışam ki, başqa dünya var. Fikirləşirdim ki, mənim bütün həyatım, yaşadıqlarım birdən-birə yox ola bilməz. Amma sonra axirət dünyasına inamım bir gün ağlıma gələn sadə bir fikirdən sonra sarsıldı. Düşündüm ki, axı mən dünyaya gələnə kimi də bunlar yox idi. Dünyaya daha ayıq gözlə baxanda başa düşürəm ki, insan yoxluqdan gəlib, yoxluğa gedir, dünyanın əvvəli qaranlıq olduğu kimi, sonu da qaranlıqdır.

- Maraqlıdır, adınızın mənası nədir? Bu barədə insanlar öz aralarında deyirlər ki, Anar adı "Anası Nigar, Atası Rəsul"sözlərinin baş hərflərindən yaradılıb.

"Anar" anmaq feilindəndir. Digər fikir isə uydurmadır. Doğru olmasa da, maraqlı alınıb. Belə şey atamla anamın ağlına heç vaxt gəlməyib.

- Nigar xanım Rəfibəyli Rəsul Rza ilə bağlı yazılarının birində qeyd edir ki, insan yaşa dolduqca xatirələr aləmində yaşamağa başlayır, irəlidən çox, geriyə baxır... Siz necə düşünürsünüz?

- Əlbəttə ki, insan yaşa dolduqca xatirələri də çoxalır və mənim yaşıma çatanda bütün həyatı xatirələrə çevrilir. Amma yaddaş hər şeyi hafizəsində saxlamır, bəzi şeylər unudulur. Həmişə düşünürəm ki, görəsən, niyə bəzən daha mühüm şeylər yaddan çıxır, amma hansısa ikinci dərəcəli bir hadisə, səhnə, söz yadda qalır? Hələ ki bu mənim üçün bir sirdir.

- Rəsul Rza və Nigar Rəfibəyli kimi görkəmli insanların, məşhur şairlərin övladı olmaq sizə nə qazandırdı? Sizin yazıçı kimi yetişməyinizdə ailənizin rolu oldumu?

- Biz valideynlərimizin hər zaman bir-birlərinə sevgiylə, diqqətlə, qayğıyla, hörmətlə yanaşdıqlarını görmüşük.

Bir gün mənsiz olacaqsan.

"Sənsiz olacağam" deməyə

gəlmir dilim.

Bu sətirləri atam anama yazıb.

 

Bir son bahar da düşdü

                        ömrümün təqvimindən.

Nə sənə məhəbbətim, nə həsrətim azaldı.

Bunu isə anam yazıb. Onların bir-birinə münasibətləri bizim üçün örnək olub.

Valideynlərimiz bizə heç vaxt bilavasitə "bunu belə edin, onu elə edin, o yaxşıdır, bu pisdir" deməyib. Biz onlara baxıb tərbiyələnmişik, nəyin doğru, nəyin yanlış olduğunu öyrənmişik.

Valideynlərimin zəngin kitabxanası olub. Mən uşaq yaşlarımdan o kitablarla maraqlanmışam. Qazancımız insan, vətəndaş kimi yetişməyimiz olub. Valideynlərimə minnətdaram ki, məni böyüdüblər, təhsil veriblər, onların sayəsində ədəbi mühitdə püxtələşmişəm, yazıçılarla ünsiyyətdə olmuşam, onların söhbətlərini dinləmişəm. Yəqin ki, bunların mənə təsiri olub. Bəlkə də, başqa ailədə doğulsaydım, yazıçı olmazdım. Amma bu o demək deyil ki, valideynlərim məni yazıçı ediblər. Yaradıcılıq ailədən yox, fərddən asılıdır.

- Yazıçı ailəsində böyüməyin müsbət tərəflərindən danışdıq. Razılaşaq ki, özünütəsdiq baxımından bunun çətinlikləri də var. Özünüzü Rəsul Rzanın oğlu kimi yox, yazıçı Anar kimi təsdiqləmək çətin oldu?

- Bir çox çətinlikləri oldu. Həyatda insanın dostları da olur, düşmənləri də. Atamı sevməyən, onu qəbul etməyən adamların, təbii ki, mənə də münasibətləri pis idi. İndi də bunun əksini yaşayıram. Nədənsə, mənim Yazıçılar Birliyindəki işimdən müxtəlif səbəblərdən narazı qalanlar bu münasibəti atama da göstərirlər. Yəni mənə görə onun haqqında da kobud nələrsə yazırlar. Düşünürəm ki, bunlar hamısı ötəri şeylərdir. Çünki ədəbiyyatın əsas dəyərləri var və qalan bu dəyərlər olacaq.

- Azərbaycan ədəbiyyatının bugünkü vəziyyətinə həkim kimi diaqnoz qoysanız, nə deyərsiniz?

- Bir dəfə demişdim ki, əgər 60-cı illər ədəbiyyatın qızıl dövrü idisə, indi "qızılca" dövrüdür. Gənclər bu sözümdən incimişdilər. Qəbul edirəm ki, bu bir az ifrat sözdür və mən bu sözün arxasından qaçıram. Çünki gənclər arasında çox istedadlı yazıçılar, şairlər, nasirlər də var. Amma hələ 60-cı illərdə yaranan ədəbiyyat səviyyəsində əsərlər yazılmayıb.

- Amma gənclər belə demirlər, onlar kifayət qədər iddialıdırlar.

- Ortada, sadəcə, iddia var. Əlbəttə ki, istedad nə qədər az olursa, iddia o qədər böyük olur. Bu, təbii haldır. İstedadlı insanlar heç vaxt mənəm-mənəm demirlər. Mən Nazim Hikmətin, Qara Qarayevin, Toğrul Nərimanbəyovun, Tahir Salahovun, Rasim Ocaqovun, Emin Sabitoğlunun və adlarını çəkmədiyim onlarla şəxsiyyətin öz şöhrətindən, istedadından danışdığını heç vaxt eşitməmişəm. Bunu o adamlar deyirlər ki, özlərindən şübhəlidirlər.

- Anar müəllim, yazıçı kimi sevilmisiniz, uzun illər müxtəlif vəzifələrdə çalışmısınız, dövlət səviyyəsində də hər zaman yüksək qiymətləndirilmisiniz, orden və medallara layiq görülmüsünüz... Əskik qalan nə oldu?

- Heç nə. Bu gün tək əskiyim vaxtdır. 80 yaşım var və bu, az ömür deyil. Bir istəyim odur ki, Allah mənə 5 il, çox səxavətlidirsə, 10 il ömür versin ki, planlarımı həyata keçirim.

- Nədir planlarınız?

- Ancaq yeni əsərlər. Fikirlərim, qeydlərim çoxdur, onların hamısını işləmək lazımdır. Bütün düşüncələrimi reallaşdırmaq üçün 5-10 il vaxta ehtiyacım var. Hazırda bir neçə əsər üzərində paralel işləyirəm. Amma bitirməmiş onlar haqqında danışmaq istəmirəm.

- Ən böyük arzunuz?

- Azərbaycanın ərazi bütövlüyü, Qarabağın azadlığı, xalqımızın əmin-amanlıq, rifah içində yaşaması.

- Ən çox sevdiyiniz yazıçılar kimdir?

- Azərbaycan ədəbiyyatında çox sevdiyim bir neçə yazıçı, ya əsər var. "Kitabi-Dədə Qorqud" dastanı, Füzuli, Mirzə Fətəli Axundzadə, Mirzə Cəlil Məmmədquluzadə, Mirzə Ələkbər Sabir... Dünya ədəbiyyatında çoxdur: Şekspir, Tolstoy, Dostoyevski, Çexov, Balzak, Servantes və başqaları.

- Yaradıcılığınıza təsir edən yazıçı varmı?

- Düşünürəm ki, satirik əsərlərimdə C.Məmmədquluzadənin təsiri var. Təbii ki, hər yazıçı öz oxuduqlarından təsirlənir və nə isə əxz edir. Amma bəzən əsərlərimdə elə müəlliflərin, elə əsərlərin təsirinin hiss olunduğunu deyirlər ki, təəssüf ki, mən heç onları oxumamışam.

- Gedən ömrə dönüb baxanda peşman olduğunuz nələrsə var?

- Peşman olduğum yox, təəssüfləndiyim məqam var. Düşünürəm ki, ictimai işlərə az, yaradıcılığa daha çox vaxt sərf etməliydim. Mən ictimai-siyasi fəaliyyətə ömrümün böyük bir qismini, demək olar ki, 30 ilini həsr etdim. Düzdür, o dövrdə bu da lazım idi, hətta vacib idi. Amma mən həmin illər ərzində yaza biləcəklərimin ondabirini yazmadım.

Bir də bəzən ağ yalanlara, ailəmə, mənə qarşı olan böhtanlara görə lazımsız adamlara cavab verirəm. Yaxşı olardı ki, belə şeylərə fikir verməyim. Amma hərdən bacarmıram… Mənə deyirlər ki, niyə cavab verirsən?! Əslində, onların yüzdən birinə cavab vermirəm. Hər yalanı ifşa etməyə istəsəm də, vaxt çatdıra bilmərəm. Amma bəzən insan elə yalan, böhtan görür ki, qıcıqlanır, əsəbləri pozulur. İnternet azadlığı ilə yanaşı, internet məsuliyyəti də olaydı gərək. Təəssüf ki, azadlıq var, məsuliyyət yoxdur.

- Sizə nəyi bağışlamırlar?

- Taleyin məni ən ağır sınağa çəkməməyini, ölmək və ya vicdanla yaşamaq seçimi qarşısında qoymamağını.

- Siz özünüz necə, bağışlamağı bacarırsınız?

- Hə, kinli insan deyiləm.

- Anar müəllim, bu gün xalq ziyalısının səsini niyə eşitmir?

- Bilirsiniz, elə bilirlər ki, kim bərk danışırsa, o, xalqın yanındadır və onu daha çox sevirlər. Amma ziyalılıq, xalqa xidmət çox zaman hay-küy, bəyanatlar tələb etmir. Bu, gündəlik fəhlə işidir. Mən çalışmışam və indi də çalışıram ki, bu gündəlik fəhlə işini vicdanla görüm, xalqıma xidmət edim. Şüarlar, təntənəli nitqlər söyləməklə aram yoxdur.

Digər tərəfdən, cəmiyyətin əsas fiqurları indi ziyalılar yox, şou ulduzlarıdır. Bir zamanlar ən populyar, ən imkanlı adamlar şairlər, yazıçılar, alimlər idi. Çünki əsərlərimizə yüksək qonorar alırdıq. İndi Yazıçılar Birliyinin bütün üzvlərinin qazandığından daha artığını hər hansısa müğənni cəmi bir ayda toyda qazanır. Televiziyalar da həmin müğənniləri, dedi-qodu edənləri təbliğ edir, ədəbiyyatı yox. İnsanların marağını belə şeylərə yönəldirlər. Bu, xalqın əxlaqını pozur, bayağılığa alışdırır, mənəvi aşınma gedir. Əvvəllər ziyalı sözü dəyərli idi. Bu gün elə deyil.

- Sizcə, prioritetlər niyə dəyişdi?

- Kapitalizmin qanunları fərqlidir. Belə bir söz deyirdilər ki, sovet təbliğatı bizə sosializm haqqında nə deyirdisə, yalan oldu, amma kapitalizm haqqında dedikləri hamısı doğru çıxdı. Həqiqətən də, kapitalizmin vəhşi qanunları var. Təbii ki, müsbət tərəflərini də danmaq olmaz. Amma reallığı da inkar edə bilmərik.

- Bir az da sağlamlığınızdan danışaq. Səhhətiniz necədir? Sizin haqqınızda "canının qədrini bilən insandır" demək olarmı?

- 30 ildən çoxdur diabet xəstəsiyəm. Lazımi müalicəni edirəm, amma xüsusi pəhriz saxlamıram. Ötən il də ürəyimdən əməliyyat olunmuşam. Həkimlər çox gəzməyi məsləhət görsələr də, buna imkanım, vaxtım olmur. Yəni öz qeydimə qaldığımı deyə bilmərəm. Amma indi ümumilikdə özümü normal hiss edirəm.

- Azərbaycan Demokratik Respublikasının ilk səhiyyə naziri, ilk ali təhsilli cərrahlardan biri olan Xudadat bəy Rəfibəylinin nəvəsisiniz. Sizcə, bu gün Azərbaycan səhiyyəsi Xudadat bəyin görmək istədiyi, arzuladığı səviyyədədir?

- Qeyd edim ki, ana tərəfdə babamdan başqa da çoxlu həkimlər olub. Anamın dayısı oğlu Səlahəddin Rəfibəyli çox məşhur cərrah idi. Böyük dayım Kamil də həkim idi. O vaxt Azərbaycanda təqib edildiyi üçün Türkiyəyə getməli olmuşdu. Rəşid dayımın qızı hazırda həkim-kardioloq kimi fəaliyyət göstərir. Ata tərəfdən isə bibilərim həkim olub.

Səhiyyənin hazırkı inkişaf səviyyəsinə gəlincə isə deyim ki, mövcud texniki imkanlar, müalicə üsulları, yeni dərman preparatları və s. heç Xudadat bəyin xəyalından da keçməzdi. Bilirəm ki, indi Azərbaycanın əksər tibb müəssisələri ən müasir avadanlıqlarla təchiz olunub. Yaxşı həkimlərimiz olub və indi də var. Onlara çox minnətdaram. Çünki vaxtilə anamı xilas ediblər, atamı müalicə ediblər. Əksər həkimlərimiz həqiqi peşə sahibləridirlər, insanlara yardım edirlər.

Amma etiraf etmək lazımdır ki, Hippokrat andına xilaf çıxan həkimlər də var. Xudadat bəy belə halları görmək istəməzdi. Onun ağlına da gəlməzdi ki, həkim əməliyyatdan əvvəl xəstədən pul istəyə bilər, təmənna güdər.

- Necə düşünürsünüz, yazıçılarla həkimləri birləşdirən ortaq cəhətlər varmı?

- Həkimlər insanların səhhətinin qayğısına qalır, yazıçılar isə ruhunu, mənəviyyatını sağaldır. Hər iki peşə sahibləri insanlarla bağlıdırlar. Təsadüfi deyil ki, N.Nərimanov, Ə.Hüseynzadə, A.Çexov, Abbas Səhhət kimi, bu iki önəmli işi eyni anda görən ziyalılar da çox olub.

- Həkimlərə arzularınız?

- Həkimlərimizə yüksək peşəkarlıq və Hippokrat andına sadiq olmağı arzulayıram.

 

© Müəllif hüquqları qorunur! Mətndən istifadə etdikdə istinad mütləqdir! 

 

© Müəllif hüquqları qorunur! Mətndən istifadə etdikdə istinad mütləqdir!