"Günümüzün Güney Azərbaycan ədəbiyyatı - Poeziya" - Fəranək Fərid İPƏK - Esmira Fuadın təqdimatında

Fəranək xanım 1961-ci ildə Təbrizdə dünyaya göz açıb. İbtidai və orta məktəbi Təbrizdə bitirib. Ali təhsilini iki ixtisas üzrə - laboratoriya elmləri və ingilis dili dilmanclığı bölməsində başa çatdırıb. 1985-ci ildən etibarən ictimai-mədəni və qadın hüquqları sahələrində aktiv fəaliyyətə qoşulub. Ədəbiyyatda şeir, nəsr, tərcümə və tənqid sahələrində əsərləri ilə öz parlaq səhifəsini yazıb. 1998-ci ildə təşkil olunan Birinci Şimali-Qərb Jurnallar Festivalında "Ana" adlı şeiri ilə birinci yeri tutub. 2004-cü ildən dərc olunmağa başlayan "Dilmanc" jurnalında qadınlarla bağlı özəl sayların baş redaktoru vəzifəsində işləyib. 2011-ci ilin sentyabrında Urmu gölünün qurudulması, nadir bir təbiət möcüzəsinin məhv olmasına qarşı təşkil olunan nümayişdə iştiraka görə 42 gün zindanda qalıb. Daha sonra 100 milyon tümən kəfil ödəyərək azadlığa buraxılıb. İnqilab məhkəməsində nizama qarşı əks təbliğat aparmaq ittihamı ilə məhkum edilib. Üç ay bir gün həbs, bir milyon tümən nağd pul cəriməsi kəsilib… Bu günədək qələmə aldığı əsərlərdən oluşan "Yuxuda ayılmaq" və "Cızıq" adlı iki şeir toplusu çap edilib.

Xatın

Yastığımda boğuluram

Və içdiyim bir içim suda.

Göz ilə işıq, bir araya gəlmədi,

Bu çənli şəhərimin qalasında.

Oxşayıram, Babək qalasının xatınına oxşayıram.

Sən gələn gün qırmızı donumu geyəcəyəm

Və uzun-uzun saçlarım,

Ayağının altına sərəcəyəm.

Qaralığından qorxma,

Sən gələnədək ağaracaqlar.

Üzünə heç toz qondurma!

Bütün körpələri əmizdirmişəm

Şərab küplərin yerə quylamışam

Söz salxımların ürəyimdən aslamışam

Ağlasam da, gizlicə ağlamışam.

Baxsan görərsən, yenidən gəlin olub

Qalanın qıvrım pillələrindən

Yenərək səmaya boylanıram,

Qollarımı elə boynuna sala bilərəm ki!..

 

Sevinc

Gələcəksən gəlişinlə gülüş ol qaş-qabağımda,

Baxacaqsan baxışınla, yaş axıt göz bulağımda.

 

Bir ömür həsrəti çəkdim buna dəysin görüşün də

Öpəcəksən elə öp ki, yeri qalsın yanağımda!

 

Deyəcəksən elə söz de, yazıla baş varağımda,

Dayaq olsun, haça ol sən, dolu barlı budağımda.

 

Elə çal saz ki, çaxır tək calanım mən çanağımda,

İçmədən sərxoş olummu, ələnə söz dodağımda.

 

Dindirirsən elə dindir, dadı qalsın damağımda,

Öldürürsən elə öldür, axa ulduz sorağımda.

 

Nur olursan elə parla, işıq ol yol çırağımda,

Yanacaqsan elə yan ki, közü qalsın qucağımda.

 

Mən də səndən od alım kaş, yanım öylə kül olum kaş,

Sal qorun küllü bu canə, alov olsun qalağımda.

 

Gedəcəksən elə get, qoy sözün olsun həyatımda,

Səsi cingildəsin ömrüm nə qədər var qulağımda.

 

Görməyəndə səni hər an, baxışın da gülüşün də

Tikilə göz qabağında, yaşayam xoş bayağımda.

 

İpəyim səndə toxunsun, sevgiyə, eşqə bürünsün,

Sözüm eşqinlə geyinsin, yaşayım söz sayağımda...

 

Apaydın bir gecədir səni sevmək

Sənsiz erkənə varmaram

Özündə durğun bu qatran gecədən.

Kor şansın düz orta planlarındayam

Və hardasa yel, ətəkliyini deyil,

Ətəkliyin yeli götürüb gedir.

Götürülüb gedilirəm sənsizcə səssizcə

Götürüb gedir məni bir tor ətəkli

Qızılca naxışlandığı günə baxan zəmisinə.

Səsimdən sarı boyanar,

Sarı boyayar səsimi

O günə baxan zəmisi.

İçimdən atlanıb gələr sonra

Qaranlıq bir labirintə çəkər səni soluğum.

Soluğumda Savalanın som suları

Suların qaynarcasında

Barmaqlarımın ucunu yuxu görər

Bir zəmi qapısızlığı

Və qulağımda Günəşin qan qalağı sözcükləri.

Yalvararam, yaxararam,

Günəş öz ödündə doğmaz günə baxan zəmisinə,

Oysa sevdiyim bir günə baxanımsan, xanımsan!..

Gül üzünü gün üzünə çıxarmağımı istərsən.

Nəsə bir söz deməzsən ki,

Yüklərsən yüklənib durar ürəyimdə uzaqdan

Qanqalağımı götürər sözcüklərin

Gecəmdən qana boyanar

Qana boyayar gecəmi ulduzlar.

Ətəkliyindən sayrışar gecəmin ulduzları

Hankısı mənim ulduzum, bilinməz ki,

Şansımsa Kişlovskinin kor şansı.

Bunla belə,

Ətəklikdən köynəyə bir çağrışım var

Zəmidən Günəşə yaxın bir cığır.

Erkənə varmasam belə apaydın bir gecədir

İkimiz bir köynəkdə

Yaxası dar.

Apaydın bir gecədir səni sevmək!..

 

© Müəllif hüquqları qorunur! Mətndən istifadə etdikdə istinad mütləqdir!