Əbülfəz Muxtaroğlunun müəllimliyi və şairliyi - İsa Həbibbəyli

 

Tanınmış dilçi alim və pedaqoq Əbülfəz Muxtaroğlunu tələbəlik illərindən, 1968-ci ildən tanımışam. Azərbaycan Dövlət Pedaqoji İnstitutunun Naxçıvan filialında təhsil alarkən Əbülfəz Muxtaroğlu bizə "Müasir Azərbaycan dili" fənnindən dərs demişdi. Yenicə Azərbaycan Dövlət Pedaqoji İnstitutunu bitirib Naxçıvan filialına təyinat almış bu cavan müəllim dərs dediyi tələbələrdən cəmisi 3-4 yaş böyük olardı. Və digər gənc müəllimlər özləri ilə yaşıdları arasında ciddi baryer yaratmaqla onlardan fərqlənməyə çalışırdılarsa, Əbülfəz müəllim əksinə, tələbələrə daha yaxın olmaq mövqeyini tutmuş, bizlərlə səmimi davranmaqla "qəlbimizi fəth etmək" işini uğurla həyata keçirmişdi. O, tələbələrin suallarına çox sadə şəkildə cavab verir, arabir işlətdiyi kiçik yumoristik zarafatlarla onlarla doğmalaşırdı.

Müəllimlik baxımından yadımda qalanlar hər şeydən əvvəl Əbülfəz Quliyevin pedaqoji bacarığı idi. Bu müəllim sərt görsənməsə də sinifdə qazandığı nüfuza görə dərslərdə nizam-intizam yerində olurdu. O, tələbələrin hər birinə fərdi yanaşmağı bacarırdı. Az bir vaxt içərisində tələbələrin ayrı-ayrılıqda hər birinin qüvvətli və zəif tərəflərini tapa bilmişdi və rəftarını da həmin fərdi yanaşma üzərində qurmuşdu. Uzun illik elmi-pedaqoji təcrübəm əsasında deyə bilərəm ki, bu, müəllimlik üçün ən mühüm şərtlərdən biridir. Məhz qısa müddətdə tələbələrin hamısını yaxşı tanıdığı, onların psixologiyasına bələd olduğu üçün Əbülfəz müəllimin dərslərdə sinfi idarə etməkdə heç bir çətinliyi yox idi. Əksinə, bu cavan müəllimin yumoruna, nazik zarafatına rəğbət bəsləyən tələbələr onu həvəslə dinləyirdilər.

Əbülfəz müəllimin başqa bir cəhətini də qeyd etməyi lazım bilirəm. Bu da onun şeirə, poeziyaya bağlılığı ilə əlaqədar məsələ idi. O, "Müasir Azərbaycan dili" fənnindən mühazirə oxuyarkən qrammatik anlayışların mahiyyətini tələbələrə daha aydın və möhkəm surətdə mənimsətmək üçün hər tərifdən və ya qaydadan sonra misal çəkərkən, nümunə göstərərkən əksər hallarda şeir parçalarından istifadə edirdi. Əvvəla, bu zaman Əbülfəz müəllimin şeirləri əzbər bilmək qabiliyyəti biz tələbələri cəlb edirdi. İkincisi, Azərbaycan poeziyasından gətirdiyi örnəklər dərslərdə canlı bir emosional ovqat yaradırdı. Üçüncüsü və ən başlıcası isə Əbülfəz Muxtaroğlunun nümunə gətirdiyi bir çox şeirlərin müəllifləri məlum deyildi. Artıq Əbülfəz müəllimin də zəif damarını öyrənmiş tələbələr həmin şeirlərin kimlər tərəfindən yazıldığını öyrənmək üçün suallar verməyə başladılar. Aydın oldu ki, Əbülfəz Muxtaroğlu Azərbaycan Dövlət Pedaqoji İnstitutunda təhsil alarkən həmin ali məktəblərdəki şeir dərnəklərində yaxından iştirak etmişdir.

Azərbaycan Dövlət Pedaqoji İnstitutunun Naxçıvan filialında oxumağımıza baxmayaraq, Əbülfəz müəllimin söhbətləri vasitəsilə biz Bakıda, Pedaqoji İnstitutun filologiya fakültəsindəki ədəbi mühit, ədəbiyyat dərnəkləri, poeziya məclisləri haqqında müəyyən məlumatlar əldə edirdik. Əbülfəz Muxtaroğlu bizə APİ-də fəaliyyət göstərən İsmayıl Şıxlının rəhbərlik etdiyi ciddi ədəbiyyat məktəbi təsiri bağışlayan dərnəkdəki yaradıcılıq müzakirələrindən, Xəlil Rzanın başçılığı ilə keçirilmiş üsyankar poeziya məclislərindən və Zahid Xəlilin şeir dinləmələri və müzakirələri dərnəyindən bəzi fraqmentləri çatdırırdı. Və həmin söhbətlərin təsirilə biz tələbələr də APİ-nin Naxçıvan filialında "Gənc qələmlər" Ədəbi Birliyi ədəbiyyat dərnəyi yaradıb, yaradıcı tələbələrin şeir və hekayələrini orada müzakirə etməyə başladıq. Müəllimlərimiz, o cümlədən də Əbülfəz Muxtaroğlu hələlik Naxçıvan şəhərində məskunlaşmadığı, yaşadığı kəndlərə gedib-gəldikləri üçün "Gənc qələmlər" Ədəbi Birliyinə rəhbərlik etməyi mənə həvalə etdilər. Bizimlə bir qrupda oxuyan Akif İmanovun "Kal qarpız" və "Dostlar" adlı hekayələrini, Tağı Fərəcovun təmsillərini, Vaqif Xəlilovun lirik şeirlərini ilk dəfə "Gənc qələmlər" Ədəbi Birliyində müzakirə edib, çap üçün tövsiyə etmişdik.

Yaxşı yadımdadır ki, 1968-ci ilin may ayında "Şərq qapısı" qəzetinin ədəbiyyat şöbəsinin müdiri, dövrün tanınmış şairi Hüseyn Razinin "Gənc qələmlər" Ədəbi Birliyinin üzvləri ilə görüşünü təşkil etdik. Bunun nəticəsi olaraq Hüseyn Razi dərnəkdə dinləyib tələbələrdən bəyəndiyi bir neçəsinin: İsa Həbibbəylinin "Dünya vəfasız deyil", "Mənim səhvim", Sənəm Abdullayevanın "Qoy sığınım qoynuna", Vaqif Xəlilovun "Bahar", Raziyyə Məmmədovanın "Ana", Məmmədəli Cəlilovun "Mənim sənətim" şeirlərini və Akif İmanovun "Dostlar" adlı hekayəsini 18 may 1968-ci ildə "Şərq qapısı" qəzetində "Ədəbiyyat səhifəsi"ndə dərc etdirərək oxuculara çatdırdı.

Bunun ardınca Naxçıvan Televiziyasında ədəbi-dram verilişləri şöbəsinin müdiri vəzifəsində işləyən Zeynal Vəfa ilə "Gənc qələmlər" Ədəbi Birliyi üzvlərinin görüşü də tələbə-şairlərin ilk dəfə mavi ekran vasitəsilə şeirlərini tamaşaçılara çatdırması ilə nəticələndi. APİ-nin Naxçıvan  filialında tələbə mühitində canlanma əmələ gəldi. Bu proses Naxçıvan filialında Tələbə elmi cəmiyyəti yaranana qədər inkişaf etdi. Tələbə elmi cəmiyyəti fəaliyyət göstərəndən sonra isə şeir mühiti ilə elmi mühit yanaşı və rəqabətdə yaşamalı oldu. Biz 1970-ci ildə III kursda oxuyarkən isə artıq ali məktəb mühitində elmə maraq bədii yaradıcılığı üstələmişdi. "Gənc qələmlər" dərnəyinə şeir və hekayələrlə gələn yaradıcı gənclik indi daha çox Bakıda və Naxçıvanda tələbə elmi konfranslarında iştirak edir, elmi müzakirələrə daha çox meyil edir, ilk məqalələrini çap etdirirdilər. Şeirdən başlanan yollar artıq haçalanmışdı və elmi fəaliyyətə maraq ağırlıq təşkil etməyə başlamışdı.

Çox keçməmiş bildik ki, Əbülfəz müəllimin "Müasir Azərbaycan dili" dərslərində qrammatik qaydaları izah etmək üçün nümunə kimi gətirdiyi müəllifi məlum olmayan şeir parçalarının bir çoxu onun APİ-də təhsil alarkən iştirak etdiyi ədəbiyyat dərnəklərində bədii istedadı olan tələbə yaddaşlarının şeirlərindən seçilmiş örnəklər imiş. Az sonra o da məlum oldu ki, Əbülfəz Muxtaroğlu özü də şeir yazırmış və işlətdiyi müəllifi naməlum qalan bir çox misralar onun qələmindən çıxmışdır. Az sonra Əbülfəz Muxtaroğlu dərslərdə arabir özünün də şeirlərini bütöv şəkildə tələbələrinə oxumağa başladı. Şeir yazmağa meyilli olan, ilk qələm təcrübələrini üzə çıxaran tələbələr də dərslərdə, yaxud asudə vaxtlarda Əbülfəz müəllimlə şeir söhbətlərinə girişdilər. Bu dialoq müəllim-tələbə münasibətləri üçün də, qrammatik qaydaların mənimsədilməsindən ötrü də çox əhəmiyyətli oldu.

Ali məktəbdə bizə cəmi bir semestr və yalnız bir fəndən dərs keçən Əbülfəz Muxtaroğlu ilə tanışlıq belə başlandı və izləri qaldı. Sonralar Naxçıvan Dövlət Universitetində birgə çalışdığımız uzun dövr ərzində Əbülfəz müəllimi həmişə tələbələrə yaxın və şeir sevdalısı kimi gördüm, hətta bəzən arzu-gileyini nazik şəkildə ifadə edən mənzum məktublarını da oxumalı oldum...

Tələbələrin müəllim-şair kimi qəbul etdikləri Əbülfəz Muxtaroğlunun bədii yaradıcılığında lirika üstünlük təşkil edir. Onun lirikasında təbiət şeirləri ilə ictimai motivə malik poetik örnəklər yanaşı inkişaf etmişdir. Əbülfəz Muxtaroğlunun şeirlərinə təbiətin saflığı və rəngarəngliyi hopmuşdur. Şahbuz rayonunun Biçənək kəndindən olan Əbülfəz Muxtar oğlu Quliyevin peyzaj lirikası Batabat ovqatı üstündə köklənmişdir. O, ümumiyyətlə, ana təbiət, xüsusən də məşhur Batabat yaylağı haqqında özünə qədər yazılanları təkrar etmədən bəlli bir səviyyədə doğulub boya-başa çatdığı, qoynunda yaşadığı təbiətin incəliklərini özünəməxsus şəkildə mənalandırmışdır. Əbülfəz Muxtaroğlunun təbiətə poetik baxışı Batabatdan keçir. İlhamlı şair İslam Səfərlinin ürəklə tərənnüm etdiyi "mərcan gözlü Batabat"ın laləli-nərgizli poetik çalarları Əbülfəz Muxtaroğlunun şeirlərində fərqli bir şəkildə əks etdirilir. Əbülfəz Muxtaroğlunun "Batabat meşəsində" şeirinin hecası da, ahəngi də, mahiyyəti də, hədəfi də bambaşqadır:

Səngəri, qalası var,

Yalı var, talası var,

Göygölün balası var

Batabat meşəsində.

 

Bulud dağları öpər,

Duman mirvari səpər,

Təbiət tablo çəkər

Batabat meşəsində.

 

Təbiəti sevən kəs,

Bu yerləri dolan-gəz.

Balta, tüfəng istəməz

Batabat meşəsində.

Əbülfəz Muxtaroğlunun ictimai məzmunlu şeirlərində təmkinli bir vətəndaşlıq ruhu yaşayır. Təbiət şeirlərində olduğu kimi, vətəndaşlıq lirikasında da o, xalq şairi Məmməd Arazın davamçısı kimi görünür. Məmməd Arazın "Çadırdaş ətəyi, Nursu bulağı", "odunu tətikdə, çırpısı qında" olan ata ocağı haqqında yüksək poeziya dilində və dərin bir vətəndaşlıq yanğısı ilə yazdığı şeirlər Əbülfəz Muxtaroğlu üçün "müəllimlik" funksiyasını yerinə yetirmişdir. Xalq şairi Məmməd Araza həsr etdiyi şeirdə də Əbülfəz müəllim ustadına sonsuz ehtiram ilə yanaşı, ondan yaradıcı şəkildə bəhrələndiyini də etiraf etmişdir.

Beləliklə, Əbülfəz Muxtaroğlu tədricən şeirdə təbiəti vəsf etməklə cəmiyyəti dərk etməyi birlikdə ifadə etmək vəzifəsini uğurla həyata keçirmişdir. Bu isə onun özünəməxsus fərdi üslubunun formalaşdığını müəyyən edən əsas faktorlardan biridir. Yəni, Əbülfəz Muxtaroğlunun təbiət şeirlərində cəmiyyətin nəbzi döyündüyü kimi, əksinə, ictimai mühitdən söz açan poetik örnəklərində də təbiətdə müqayisə, yaxud təbiətdən misal gətirmək kimi meyillər özünü göstərir. Heç bir halda, ümumiyyətlə, vətəndaş lirikasının doğurduğu səs-küy, patetika onun şeirlərində artıq dərəcədə gözə dəymir. Əbülfəz Muxtaroğlu ictimai duyğuların da təbii bir şeiriyyətini yaratmağı bacarır. Daha doğrusu, ictimai motivlərdən təbiət dilində söz açmaq Əbülfəz Muxtaroğlunun yaradıcılığında alınır.

Bundan başqa, Əbülfəz Muxtaroğlunun sırf ciddi ictimai məzmunlu şeirləri də vardır ki, həmin poetik örnəklərdə şairin vətəndaşlıq borcu cəsarətli misralara çevrilmişdir. Onun hələ 1973-cü ildə yazdığı "Zəng elə" şeiri sovet cəmiyyətində tapşırıqla iş düzəltmək halının həddini aşmasına tənqidi münasibəti ifadə edən bədii nümunə kimi geniş yayılmışdı. Azərbaycanda milli-azadlıq mübarizəsinin dalğalandığı 1990-cı ildə Əbülfəz Muxtaroğlu "Cəngi çalın" şeiri ilə sovet imperiyasının dağıdılmasına və xalqımızın müstəqil dövlətçilik əldə etməsinə çağırmışdır. Əbülfəz Muxtaroğlunun "Aqanbekyana məktub" şeirində avantürist erməni ideoloquna kəskin cavab ifadə olunmuşdur. Azərbaycan xalqının xilaskarı, görkəml dövlət xadimi Heydər Əliyev ideallarını anlamayanların ifşasına həsr olunmuş "Ulu dədəyə cavab" şeiri müasir Azərbaycan poeziyasında ictimai lirikanın qiymətli nümunələrindən biri hesab edilməyə layiqdir. Ulu öndər Heydər Əliyevin dövlətçilik fəaliyyətini vəsf edən şeirləri ilə Əbülfəz Muxtaroğlu həm də xalqımızın ümummilli liderinin apardığı mübarizənin mahiyyətini və əhəmiyyətini oxuculara çatdırmağa çalışmışdır. "Palıdları qıymayın" şeiri də vətəndaşlıq şeirinin qiymətli nümunəsidir. İctimai lirikada Əbülfəz Muxtaroğlu vətəndaşlıq mövqeyini qafiyələnmiş çağırışla yox, bədii sözün gücü ilə səsləndirməyi bacarmışdır.

Əbülfəz Muxtaroğlunun şeirlərində maarifçilikdən gələn müəyyən didaktika da vardır. O, bir qədər obrazlı və müdrik didaktik şeirin əsas yaradıcılarından biridir. Əbülfəz müəllimin maarifçi didaktik şeirlərinə quru nəsihətçilik notları yox, poetik bir müdriklik ruhu hakimdir. Əbülfəz Muxtaroğlunun şeirlərində xalq həyatının etnoqrafik çalarlarının poetikləşdirilməsi istiqamətində də orijinal xüsusiyyətlər müşahidə olunur. Bu meyil onun poeziyasına xalq həyatının çeşidli rənglərinin gətirilməsi ilə nəticələnir. Bu isə öz növbəsində onun poeziyasında millilik ruhunun qüvvətləndirilməsinə uğurla xidmət edir.

Yazılı ədəbiyyatda ənənəsi çox olmayan deyişmə janrında da Əbülfəz Muxtaroğlu yaddaqalan bədii nümunələr yaratmışdır. Naxçıvan Dövlət Universitetinin tanınmış fizika müəllimi, ədəbiyyat bilicisi Əli Əhmədovla mükalimə yolu ilə yayılmış "Dünyanın gərdişi haqqında" deyişmə Naxçıvanda el arasında və ədəbi mühitdə dünyaya və zamana ziyalı baxışlarının poetik ifadəsi kimi dildən-dilə düşmüşdü:

Əli müəllim:

Bu dünya bir tərəzidir,

Çalış onu taraz saxla.

Hər nə ki var gəldi-gedər,

Heç olmazsa, bir az saxla.

Muxtaroğlu:

Dünyanın öz ahəngi var,

Hər addımda min rəngi var.

Tərəzinin pərsəngi var,

Düz saxlamaq olmur, qardaş.

Əbülfəz Muxtaroğlunun şair dostu, müəllim yoldaşı Xanəli Kərimliyə və digər qələm yoldaşlarına, Xanəli Kərimlinin və digər qələm dostlarının da ona yazdıqları şeirləri də yanaşı çap etsək, mənalı bir deyişmə alınar. Əbülfəz müəllimin tərcümeyi-halının ayrılmaz tərkib hissəsi olan Şahbuz rayonunun el sənəti və aşıq mühiti ilə bağlı olması onun yaradıcılığında dastan poetikası və aşıq şeiri ənənəsinin inkişaf etdirilməsinə müsbət təsir göstərmişdir. 

Əbülfəz Muxtar oğlu Quliyevin elmi fəaliyyətilə bədii yaradıcılığı bir-birini üzvi surətdə tamamlayır. Onun "Azərbaycan dilinin Şahbuz şivəsinin leksikası" mövzusunda yazılıb, uğurlu müdafiə etdiyi namizədlik dissertasiyasında da ümumilli mövqe, vətəndaş yanğısı və etnoqrafik çalarlar dərhal diqqəti cəlb edir. Bu dissertasiyada vaxtilə Azərbaycan dilində işlədilmiş, sonralar isə işlək vəziyyətini itirmək təhlükəsi qarşısında qalan onlarla əkinçilik alətlərinin, toxuculuq termininin, məişət sözlərinin mahiyyəti aydınlaşdırılmış, funksiyaları barədə məlumat verilmiş, müasir imkanları göstərilməklə, onlara yeni həyat bəxş edilmişdir. Əbülfəz Quliyevin xalq atasından topladığı etnoqrafik materialları dilçilik elmi mövqeyindən izah etməsi əslində həm də xalq məişətinin özünəməxsus çalarlarının sistemli şəkildə şərh edilməsi demək idi. Ona görə də Əbülfəz müəllimin toxuculuq terminlərinə, dialektologiyaya həsr edilmiş və dilçilik istiqamətində yazılmış dissertasiyası həm də etnoqrafiya və folklorşünaslıq üçün də əhəmiyyətlidir. Daha bir əhəmiyyətli məqam isə ondan ibarətdir ki, Əbülfəz Quliyevin "Azərbaycan dilinin Şahbuz şivəsinin leksikası" adlı namizədlik dissertasiyasında yazıb uğurla müdafiə edərək aldığı filologiya elmləri namizədi alimlik dərəcəsi onun ali məktəb müəllimliyinə dəstək, Əbülfəz Muxtaroğlu imzası ilə şeirlər yazan cavan şairə isə xalq həyatına dərindən bələd olmaq, poetik nümunələrdə milli ruhu daha incə vasitələrlə ifadə etmək baxımından geniş imkanlar bəxş etmişdi. Əbülfəz Muxtaroğlunun şeir dilinin zənginliyinin bir mənbəyi də dialektologiya və milli terminologiyaya həsr olunmuş elmi-tədqiqat işlərindən çıxardığı mühüm elmi nəticələrlə bağlı idi.

Dilçilik elmi ilə yanaşı, Əbülfəz Muxtaroğlu ədəbi mühitin qayğıları, müasiri olan şair və yazıçıların yaradıcılıq yolu, çap olunmuş kitabları haqqında da məqalələr yazıb oxuculara çatdırmışdır. Bu məqalələrdə şairlikdən gələn bəzi ideya-sənətkarlıq məqamları və müəllimlikdən doğan tərbiyəvi-ibrətamiz motivlərin diqqət mərkəzinə çəkilməsi nəzəri cəlb edir. Əksər hallarda Əbülfəz Muxtaroğlu müasirləri haqqında tanıtma yazıları hazırlayıb çap etdirməklə onların yaradıcılıq fəaliyyətinə dəstək verməyi özünə mənəvi borc hesab etmişdir. Bununla belə, Əbülfəz Muxtaroğlunun bədii yaradıcılığına, kitablarına, elmi-pedaqoji fəaliyyətinə dair  məqalələr olsa da ümumiləşdirilmiş bir kitaba da ehtiyac vardır.

Artıq Əbülfəz Muxtaroğlunun bir neçə şeir kitabı ilə oxucular tanışdırlar. Onun "Bir möhürbənd lazımdır", "İkinci görüş" şeir kitabları, tərtib etdiyi "El məhəbbəti" və "Zorbulağın zümzüməsi" almanaxları, "Şahbuzlu şəhidlər" publisistik kitabı ədəbi-ictimai mühit və oxucular arasında maraqla qarşılanmışdır. Ədəbi ictimaiyyət onu həm yaxşı bir ali məktəb müəllimi, həm də bədii yaradıcılıq havası ilə yaşayan təmkinli bir şair kimi yaxından tanıyır. Əbülfəz Muxtaroğlu səksən yaşın astanasında təqaüdçü yaradıcı ziyalı olaraq ədəbiyyat sevdalısı kimi bu gün də böyük həvəslə yazıb-yaratmaqda davam etməkdədir. Poeziyada dağ çayı kimi gurlamağı yox, bulaq kimi gözündən qaynamağı üstün tutan Əbülfəz Muxtaroğlunun şeiriyyəti insanlara təmiz Vətən sevgisi, dəyanət, ləyaqət, məhəbbət hissləri aşılayır. Belə nəcib əxlaqi-mənəvi keyfiyyətlərə isə insanlığın həmişə ehtiyacı vardır. Bu, klassik müəllimliklə şairliyin missiyasının qovuşduğu nöqtədir.

Naxçıvan Dövlət Universitetində 40 ilə yaxın birlikdə çalışdığım Əbülfəz Muxtaroğlu haqqında mənəvi borcumun ifadəsi kimi yazdığım məqaləni keçmiş tələbələrindən olan Vəli Qaraxanın ona həsr etdiyi şeirdən seçdiyim aşağıdakı misralarla bitirmək istəyirəm:

Fəth etmisən ömrün uca zirvəsin,

Qaşın qırov, kirpiklərin çəndədir.

Sevimlisi, əzizisən hər kəsin,

Bədən bizdə, ürəyimiz səndədir.

30 sentyabr 2018-ci il