Naməlum qadın...Professor Elçin İsgəndərzadənin "Günəşin elçisi" esse-monoqrafiyasına ön söz - Seyran Səxavət yazır

 

Əzizim Elçin!

Mən bilən, Nurəngiz Günün 80 illiyinə həsr etdiyin "Günəşin elçisi" esse-monoqrafiyanı birnəfəsə yazmısan, çünki mən də birnəfəsə oxudum, bu qənaətə gəldim.

Nurəngiz Günlə ilk tanışlığımızı heç cür xatırlaya bilmirəm, buna ehtiyac da olmayıb. Ancaq onu dəqiq bilirəm ki, təxminən əlli il bundan qabaq onunla tanış olanda mənə elə gəldi ki, mən bu qızı lap çoxdan tanıyıram.

Sənin də qeyd etdiyin kimi, Nurəngiz ailənin ilki olub, sevgi, diqqət, qayğı əhatəsində böyüyüb, ona heç vaxt "yox" deyilməyib. Belə götürəndə Allah da ondan heç nə əsirgəməmiş, ona "yox" deməmişdi, bəndə nə karəydi ki.... gözəllik, gözəllik dolusu səmimiyyət, səmimiyyət dolusu həssaslıq, həssaslıq dolusu sevgi, sevgi dolusu ədalət...  ədalət dolusu çoxlu-çoxlu əbədiyaşar əsərlər, nələr, nələr...

Hər yerindən duran bəndə belə mühitə düşmür, bu cür yaşamır. Belə mühitdə boya-başa çatmaq üçün Allahin şəxsi razılığı - rəsmi dərkənarı olmalıdır. Və belə mühitdə böyüyən adamın içində sevgi tüğyan eləyir, onun içi sevgi ilə dolur, sevgi gözlərindən tökülür... töküldüyü yerdən damcı-damcı bənövşələr çıxır...

Bizim Nurəngiz Gün də o yerin adamıdı...

Düzü, xanım-xatınlığı ilə göz oxşayan Nurəngiz haqqında lap çoxdan fikirləşib bu qərara gəlmişdim ki, belə bir qənirsiz gözəli yaradıb dünyaya gətirmək təkcə iki nəfərin - ata ilə ananın işi deyil və bura üçüncü tərəfin müdaxiləsi çox vacibdi: Sevginin! Mən Nurəngizin valideynlərini görməsəm də inanıram ki, onlar bir-birini Nurəngiz həyatı sevdiyi qədər seviblər - yoxsa ortalığa belə nadir bir "məhsul" çıxarmaq qeyri-mümkün olardı...

Valideynlərinin qəbri nurnan dolsun - baxmayaraq ki, o dünyada işığa-filana heç bir ehtiyac yoxdu - elə sevginin də qəbri... təəssüflər olsun ki...

Sevgi adamın içində lövbər salıb uzun müddət qalmamalı, ətrafındakı canlılar arasında, ana südü halallığı ilə dədə malı kimi bölünməli, parçalanmalıdır; əks halda adam çatlaya bilər. Ətrafa ötürülməyən, insanın içində daimi sakinə çevrilən sevgi, ən yaxşı halda, adamın öz əllərilə öz içinə basdırdığı mina kimi bir şeydir. Bizim Nurəngiz də sevginin bu xasiyyətini duyduğuna görə, ancaq özünəməxsus olan pak, şəffaf, ilıq sevgisini dörd tərəfinə - insanlara, övlada, valideynlərə, dostlara, ağaclara, günəşə, səmaya, göyərçinə, pişiyə - bir sözlə gözünə görünənlərin hamısına ana südü halallığı ilə dədə malı kimi ötürürdü. Bax, bu yerdə bizim Nurəngiz ildırımötürənə də oxşayırdı, yox, oxşamırdı, elə ildırımötürən idi - çünki ildırım sevginin xislətindədi, səni elə vurar ki, tüstülənə-tüstülənə qalarsan...

Bizim Nurəngiz isə tüstüləməyi sevmir...

Baxmayaraq ki, deyirlər yanan yerdən tüstü çıxar. Düz deyiblər, böyük həqiqətdi. Ancaq bu böyük həqiqətin Nurəngiz Günə heç bir dəxli yoxdu: "yanan yerdən tüstü çıxar". Bizim Nurəngiz də bəşəriyyətin "yanan yeri"ndən biridi, əlli ildən çox tanıdığım müddətdə onu həmişə yanan görsəm də, tüstülənən görməmişəm - bu gün də yanır, ancaq tüstülənmir...

Nurəgiz həmişə qürurludu; ona görə də harda, necə, nə üçün yandığını hamıdan gizlədib, istəməyib heç kəs onun halına yansın - ona görə də yananda heç vaxt tüstülənməyib, axı, tüstülənən tonqal gendən çağırar...

O, poeziyasında da, həyatında da beləcə yanıb, yanıb... ancaq yanıq yeri qalmayıb.

O, poeziyasında da, həyatında da beləcə yanıb, yanıb... ancaq yerində külü qalmayıb.

Yanıq yeri də, kül də o vaxt qalır ki, yanıb qurtarasan - Nurəngiz Gün hələ yanır...

Əzizim Elçin İsgəndərzadə!

Nurəngiz Günə həsr etdiyin esse - monoqrafiyada yazırsan: "Məşhur rus rəssamı İvan Kramskoyun dünyaca tanınan bir əsəri var, "Naməlum qadın!. O əsər niyəsə mənə Nurəngiz Günü xatırladır həmişə. Bəlkə də heç bənzəyiş yoxdu, amma mənim zənnimdə hətta o əsərin adı da Nurəngiz Gündü.

Tretyakov qalereyasında olarkən o "Naməlum qadın" rəsminin qarşısında xeyli dayandım və içimdə onunla söhbət etdim.

...Qalereyada doğma adamımı görürmüş kimi xeyli sevindim, kövrəldim, imkanım olsaydı rəsmin boynuna da sarılardım..."

Sənin hisslərin başa düşülən olduğuna görə birbaşa qəbul edilir. Mən sənin ordakı vəziyyətini bütün çılpaqlığı ilə gördüm, elə sərrast gördüm ki, hətta o vəziyyətində sənin yanında olub səni tək qoymaq istəmədim. Buna görə sənə eşq olsun. Ancaq məsələ burasındadır ki, mən də Tretyakov qalereyasında o "Naməlum qadın"la görüşdüm, tanış olduq. Oxşar hisslər mənim də içimdə şimşək kimi bir an çaxdı, "Naməlum qadın"ı məlum Nurəngiz Günə oxşatdım. Sən deyən kimi mənə də elə gəldi ki, rəssam bizim Nurəngizi çəkib, ancaq onun dünyaya bəs edəcək sevgisini verə bilməyib. Hətta onu da fikirləşdim ki, rəssam naturadan Nurəngizi çəkib, ancaq ürəyində başqasını tutub; buna o qədər inandım ki, ürəyimdə İvan Kramskoyu elə onun öz dilində, öz təbirincə, onlarda ən məşhur olan söyüşlə söyüb qalereyadan çıxdım...

Ancaq Nurəngizin bundan xəbəri olmadı, xəbəri olsaydı qanadlanıb uçacaqdı, uça-uça gedib haqqın qapısını açacaqdı, oturacaqdı qapının ağzında ki, hər gədə-güdə bu qapıdan içəri girməsin...

Yeri gəlmişkən, Nurəngiz Gün yer üzündə bugünkü naməlum qadınlar bolluğunda ən məlumu və məlum qadınlar bolluğunda ən naməlumudur - əlbəttə, söhbət mənim tanıdığım bizim Nurəngizdən gedirsə...

Nurəngizi bir az valideynləri, bir az Jalə, bir az Elçin İsgəndərzadə, bir az tamaşaçılar, bir az oxucular, kimlər, kimlər və bir az da Seyran Səxavət tanıdı. Ancaq bunların hamısını üst-üstə gəlsən bu da bir azdı, azdı, az onu tanımaq üçün...

Əzizim Nurəngiz!

Mən bu yazını Səni dünyalar qədər sevən Elçin İsgəndərzadənin sənə həsr etdiyi esse-monoqrafiyadan çox təsirlənərək yazdım. Elçin İsgəndərzadənin səsi dünyanın hər yerindən gəlir, mən Bakıda oturub o səsi çox aydın eşidirəm. Təkcə "Sol" şeiri bəsdi ki, o ədəbiyyat tariximizdəki yerini özəlləşdirsin. Məhz belə bir qələm sahibinin sətirlərindən sənə dair süzülən İlahi Sevgi, bu sətirlərin üzərində sənin üçün ucaldılan Söz Abidəsi mənim boynuma böyük minnət qoydu; axı, sən mənim çox sevdiyimsən...

Əzizim Nurəngiz!

Yəqin ki, bu yazımı oxuyacaqsan. Xahiş edirəm zəng elə, fikrini de...

Öpürəm, qaqaşın Seyran Səxavət.