“Yazıçı oxucudan, oxucu isə yazıçıdan xilas olub” - “Ulduz” jurnalının baş redaktoru Qulu Ağsəslə müsahibə

 

- "Ədəbiyyat dünyanı xilas edəcək" - deyirlər, sizin bu fikrə münasibətiniz necədir?

- Bu fikir ədəbiyyat haqqında deyilmiş ən yaxşı fikirdir. Əgər bu fikir illərdir söylənilirsə, buna inananlar varsa, demək ki, bu fikrin yaşamaq haqqı var və bu fikrin alt qatındakı məna onu mənasızlaşmağa qoymur. Amma ədəbiyyat elə bir sahədir ki, burda  həmişə əks düşüncələr yaranır, birmənalı qəti düşüncə ağılsızlıq olardı. Bütün fikirlərə hörmətlə yanaşıram. Bu fikri isə bəyənirəm, amma qəbul etmirəm. Çünki xarakter etibarilə dualist adamam, heç nəyə əmin deyiləm. Hətta qəti bildiyim hadisələrin də arxasında sual yaradan düşüncələrim, şübhələrim olur. Xüsusilə, ədəbiyyatda heç nəyə birmənalı yanaşmıram. Əgər bu günə qədər ədəbiyyat təqdim etdiklərini həyata keçirməyə müəssər olmayıbsa, daha olacağına inamım yoxdur. Nə dünya ədəbiyyatı, nə ədəbiyyat dünyanı xilas edə bilməyəcək. Baxın, hərdən dünyanın ədəbiyyata meyili həddən artıq artır, az qala hamı ədəbiyyatla məşğul olur. Amma burda bizi yanıldan bir məsələ var. Bu ədəbiyyat təkcə bədii ədəbiyyat deyil. Axı, texniki, tibbi, siyasi, iqtisadi ədəbiyyatlar var və dünyanın inkişafında bu ədəbiyyatların rolu bədii ədəbiyyatdan böyükdür. Dünyanın anlayışında ədəbiyyat deyiləndə proza, poeziya anlaşılır. Amma Avropa alimlərinin apardığı araşdırmalar nəticəsində aydın olub ki, dünyanın ən çox oxunan kitabları arasında bədii ədəbiyyat yoxdur. Sonuncu sırada Freydin yuxuyozmalar haqqında kitabı yer alır ki, onu esse janrı kimi doğma bilib dediyimiz ədəbiyyata aid edirik. Bu, biz ədəbiyyat adamlarının sevgisidir. Ədəbiyyat kütləyə hesablansa da, o, fərdi düşüncə məhsuludur deyə,  qalib gələ bilmir. O, təkbətək döyüşdə qalib gələ bilər, ümumiləşmiş insan düşüncəsinə təsir edə bilmir. Bu yaxınlarda televiziyalarımızın birində aparıcı mənə dedi ki, Yazıçılar Birliyinin 1000-dən çox üzvü var, amma kitablarınız 500 tirajla çap olunur. Verilişdə olan digər qonaqlar buna səbəb kimi ölkənin siyasi-iqtisadi durumunu, bir informasiya formasının digərinə keçməsi faktını, müstəqilliyin yaxşı cəhətləri ilə bərabər bu kimi mənfiliklərinin olmasını bildirdilər. Və eyni zamanda hamısı yazıçıları da qınadılar. Mən dedim ki, Azərbaycanda min yazıçı var, onların beş yüzü oxucudur. Bir-birilərini oxuyurlar. Qalan beş yüzü isə ancaq özlərini oxuyurlar.

- Qulu müəllim, düzdür, bunları problemimiz kimi izah edirsiniz, razıyam. Təbii ki, hər bir yazıçının uğuru oxucularıdır, amma ədəbiyyat da get-gedə öz sahəsinə çəkilir. Bəlkə bu ədəbiyyatın elitarlaşmasına xidmət edir?

- "Sənət sənət üçündür" prinsipi, azad bazar iqtisadiyyatı buna təkan verdi. Daha şairlərin şeirləri əvvəlki kimi dillər əzbəri deyil, şair deyiləndə heç kim təəccüblənmir. Yazıçı oxucudan, oxucu isə yazıçıdan xilas olub. Onlar daha bir-birindən asılı deyillər. Məsələn, qədim Romada teatra ancaq əyanlar gedirdi. Uzun illər hesab edirdilər ki, ora  təsadüfi adam gedə bilməz. Çünki əgər insan təhsil almayıbsa, kitab oxumayıbsa, o, teatrdan heç nə anlamaz. Sonra get-gedə teatr kütləviləşdi. Hətta teatr tarixində belə bir hadisə olub. Bir tamaşaçı aktyorun oynadığı tamaşaya baxandan sonra onu öldürüb. Aktyorun fanatları da həmin tamaşaçını öldürüb. Mərhumları eyni yerdə, yan-yana dəfn ediblər. Məzarlarının üstünə "Ən yaxşı aktyor" və "Ən yaxşı tamaşaçı" yazılıb. Bu yaxınlarda Opera və Balet Teatrında tamaşaya getmişdim, cəmi altmışa yaxın adam vardı, onun qırx üçü eynəkli, qalanları keçəl idi. Get-gedə əsl sənət yenidən elitarlaşır.  Öz sahəsində ciddi uğurlar qazanan oxucuları qınamıram, onlar bizim yazdıqlarımızı oxumasalar da olar. Amma həyatda heç nəyə nail olmayıb, ədəbiyyatı da mənasız sahə hesab edənləri qınayıram.

- Oxucular da bizi qınayırlar, bəs niyə yazırıq?

- Bir dəfə də məndən soruşdular, niyə yazırsınız, dedim məgər bu yazmaqdı? Rilkenin gənc dostuna məktubunda belə bir yer var. Demək, dostu bildirir ki, yaza bilmirəm, neyləyim? Rilke deyir ki, bir küncə çəkil, başqa işlər gör, aylarla yazmaq haqqında düşünmə. Əgər görsən ki, yazmasan dözə bilmirsən, onda yaz. Biz də xilas olmaq üçün yazırıq. Mənim təhlükəli şəkildə peşəkarlığım var. İki saata böyük bir poema yazaram. Və bu, qorxuludur, bekar qalsam, nə gəldi yaza bilərəm. Çalışıram elə şeylər yazım ki, onlar mənim tərcümeyi-halım, öz obrazım olsun.

- Həmin peşəkarlıq özünüzə ziyandan başqa,  oxucularınızın da  "yazıçı"ya  çevrilməsində potensial təhlükə ola bilərmi?

- Son dövrlər sosial jurnalistika deyilən bir məfhum yaranıb. Bütün xəbərləri televiziyadan, qəzetlərdən, hətta saytlardan öncə sosial şəbəkələrdəki fərdi profillərdən izləmək mümkündür. Hardasa baş verən bir hadisədən jurnalist xəbər tutana kimi istənilən şəxs telefonuna çəkib paylaşır. Jurnalistikanın çöküşü həmin adamın o hadisəni paylaşanda yazdığı başlıqdan başlayır. Bəli, həmin video və ya foto mənbə kimi qəbul olunur, amma mətn kimi bərbaddır. İzləyiciyə  isə oxuduğundan çox, gördüyü maraqlıdır. Və onu paylaşan adam görür ki, onun çəkdiyi video çox izlənilib, fikirləşir ki, niyə öz saytımı yaradıb, öz çəkdiklərimi öz saytımda yaymayım? Bəli, yeni sayt yaranır. Sosial xalq jurnalistikası kimi, sosial xalq poeziyası da belə yaranır. Biri bir şeir oxuyur, ona oxşayan bir şeir düzüb-qoşur, görür ki, ona gələn bəyənmə sayı, yazılan "əla", "halal olsun", "əllərinə, ürəyinə sağlıq" kimi rəylər tanınmış şairlərə göstərilən maraqdan çoxdur. Deyir, mənim ondan nəyim əskikdi? Sabah gedir nəşriyyata kitab çıxartdırır. Bəzən mənə həmin şeirlərdən göndərirlər ki, bax, filankəsin şeiri bu qədər "layk" yığıb, bunu niyə çap etmirsən? Deyəndə ki, ədəbi orqanda çapa yaramır, o dəqiqə deyirlər, öz adamlarını çap edirsən. Və yaxud kimsə götürür "Ulduz"da çıxan bir şeiri paylaşıb yazır ki, guya bu mənim şeirimdən yaxşıdır? Aşağıda hamı yazır ki, sən min dəfə ondan yaxşı yazırsan. Heç nəyi izah etmək mümkün deyil. Lakin bu təyziqlər naşirləri qorxutmalı deyil, yoxsa rüsvay olarıq. Təsadüfi adamların yığnağı, bayağılıq baş alıb gedər. Hər sahədə bundan əziyyət çəkirik. Jurnalların, qəzetlərin təsir imkanları televiziya qədər deyil. Təəssüf ki, zərərlər imkanların genişliyi qədərdir. Çox imkan çox ziyan verir.  Televiziya cəmiyyətin güzgüsü, mətbuat simasıdır.

- Qulu müəllim, bir az kövrək notlara toxunacam. Ağdamdakı evinizin açarlarını saxlamısınız?

- Anamla mən yaşayırdım orda, qalan qohumlarımız Bakıya köçmüşdülər artıq. Məni əsgər apardılar, anam da Bakıya köçdü. Mən də sonra Bakıda yaşadım. Biz açarı qonşuya - əmimgilə verib gəlmişdik. Həyətimizdəki ağacları, gül-çiçəyi suvarırdılar, otu təmizləyirdilər, evin havasını dəyişirdilər və s. Biz də kəndə gedirdik yay aylarında. Sonuncu dəfə 91-ci ildə qapını bağlayıb, açarları əmimgilə verib gəlmişdik. 92-ci ildə kəndi yandırdılar. O dövrlərdə getdim Ağdama, amma kəndə qoymadılar, yalnız hərbçiləri qoyurdular. Ümid edirdik ki, qayıdacağıq yurdumuza və eşitdik ki, işğal olunub. İşğaldan sonra kəndimizdəki bütün ağacları, bulaqları, daşları, küçələri, yolları görürəm. Daim gözümün qabağından mənzərə kimi keçir. Hətta kəndimizdəki dostlarla görüşürük, mən kənddə olmadığım vaxtlarda olan hadisələri də onlara danışıram, inana bilmirlər. Orda olmadığım vaxtlarda olanlar da mənə əyan olur. İndiki vəziyyəti də gəlir, əyan olur, çox məyus oluram. Ermənilərin bir saytı var, ingiliscə. Orda bizim kənddən reportaj vardı. Göndərdim bir tərcüməçi dostuma, dedi ki, erməni ər-arvad orda məskunlaşıblar. Etiraf ediblər ki, burda azərbaycanlılar yaşayıblar. Çox arxayınlıqla, rahatlıqla danışıblar. Deyiblər, biz burda çox yaxşı yaşayırıq, oğlumuz qəzada vəfat edib, burda dəfn etmişik. O cümləyə qədər dözmüşdüm, o cümlədən sonra dözə bilmədim. Dirinin orda yaşamasına birtəhər dözmək olurmuş. Ölülərinin də mənim atam, nəslim uyuduğu bir torpaqda basdırılması mənə çox ağır təsir etdi.

- "Müharibə əlili" şeiriniz birmənalı qarşılanmayan şeirlərinizdəndir. Biraz bu barədə...

- Mənim "Müharibə əlili" şeirim həm müharibənin, həm də müharibə şeirlərinin əleyhinə yazılıb. O şeirin özü də əlildir. Çünki müharibə də, müharibə haqqında yazanlar da o şeiri vurur. Ədəbiyyat nədən yazırsa-yazsın, onu ədəbi faktora çevirməlidir. Müharibə ilə bağlı çox əsərlər yazıldı, amma istedadlı nümunələr barmaqla sayılacaq qədərdir. Yalançı hay-küy, qaraqışqırıq, pafosun birmənalı əleyhinəyəm. Bu şeirləri o şeirlərə etiraz əlaməti olaraq yazmışam. Orda heç bir əlil və ya insan taleyi nəzərdə tutulmayıb. Mənim etirazım yaralanan, əlil olan, əzab çəkən insanların taleyinə aid mənasız şeir yazıb qonorar davası edənlərə idi. Şeirlərimin birində belə bir fikir var, deyirəm, hələ maşın təkəri dəyməmiş obam vardı, qalın çəpərlər vardı, arılar qonşu çəpərindən keçib o tərəfdəki çiçəyin şirəsini çəkə bilməzdi. İndi bir yurdum var, insan ayağı dəymir, çəpərlər yoxdu, arılar çox xoşbəxtdirlər, hansı bağdan istəyirlər şirə çəkirlər. İstər "Qarabağ şikəstəsi", istər "Cəbhə xəttindəki kənd" şeirlərimdə də pafosdan min kilometr uzağam. Mənə Qarabağla bağlı yazılan yüzlərlə mənasız kitab bağışlayıblar. Bir əhdim var, inşallah, Qarabağ azad olunanda, o kitabları götürüb gedəcəm ora. Orda basdırılan minaları zərərsizləşdirmək  üçün əvvəlcə oranı yandırmaq lazımdır. Həmin ədəbi makulaturaları orda yandıracam. Onların Qarabağ naminə görə biləcəyi ən faydalı iş bu ola bilər.

- Yandırmaq... şeirlərinizin birində deyirsiniz: "Görsən üşüyürsən, yandır özünü". Bu misra əkslik assosiasiyası  yaradır. Maraqlıdır, amma oxucuya nəyi təlqin edirsiniz?

-   O şeir olum və ölüm haqqında şeirdir. Doğumla ölümün arasında olan fasilə həyatdır. Həyatdan çıxış və qaçış yoxdur. Bircə yol var, o da sənin öz əlində olan imkanlardı. Heç kim sənə kömək etməyəcək, edə bilməyəcək. Həyatda da nə baş verirsə, səbəbi də, nəticəsi də insan özüdür. Özünün xilaskarı bir anda özünün qatilinə və ya əksinə çevrilə bilər. İnsanın yalqızlığını ifadə edən bir şeirdir. İstilik istəsən, heç kimə, heç Günəşə də ümid olma, yandır özünü. Mən şeiri konseptual şəkildə qurmuram, nəyi necə izah edəcəyimi də düşünmürəm, sonra görürəm ki, belədir. Şeiri çox izah etməyi sevmirəm, düşünürəm ki, onda şeir uduzur. Bir də kimsə ucadan şeir deyəndə mən qorxuram. Şeiri it kimi oxucunun üstünə qısqırtmaq olmaz, qayıdıb özünü tutar. Amma maraqlıdır ki, onlar daha çox "tutuzdururlar".

- İnsanı özündən başqa heç kim xilas edə bilməz, - deyirsiniz. Bəs mətnləriniz necə, onlar da sizi xilas etmək gücündə deyil?

- Yox, xilas edə bilməz. Baxmayaraq ki, elə mətnlərim var. Onlardan bunu ummuram. Qoy onlar mən olmayanda məni xilas etsinlər. Hələ mən daha yaxşı mətnlər yazacağım düşüncəsindəyəm. Əslində, o yazacağım mətnləri  özümdən xilas edəcəm. Xilas olunacağım gündən çox, xilas edəcəyim günə ümidim var. 

-  Əli Kərimin bir şeiri var. Şair şeirindəki misraların bəzilərinin üstündən xətt çəkir. Sonda deyir ki, qoy desinlər, şairin oxucuya bir sətir hörməti qaldı. Sizdə necə, misralarınızın üstündən xətt çəkdiyiniz vaxtlar olubmu?

- Əli Kərim mənim çox sevdiyim şairdir. Onun dedikləri də, sənin sualın da çox gözəldir. Amma Əli Kərimin ruhu məni bağışlasın, heç vaxt oxucunu nəzərə almıram. Mən təcrid vəziyyətində yazıram, onu nə o anda dəyişə, nə sonra azalda, nə də artıra bilmərəm.

- "Ulduz"da baş redaktorluğunuz yaradıcılığınıza mane olur?

- Yaradıcılığa nəyinsə mane olması bəhanədir. Vaxtımı çox apara bilər, bəli. Jurnalın işlərində nəzarəti çapa qədər özüm təqib edirəm.  Yazıların yığımında, dizayn işlərində mütləq iştirak edirəm. Mətbəədən özüm götürmək, ilk oxucusu olmaq da öz istəyimdir. Vaxtımı alsa da, düşünürəm ki, mənim imzamdır, vacib işlə məşğulam, vaxtım boşa getmir. Amma yazmaq üçün vaxt həmişə var. Yaradıcılığa ən çox mane olan məişət qayğılarıdır.

- "Ulduz" jurnalının indiki dövrünü əvvəlki baş redaktorların dövrləri ilə müqayisə etsəniz, hansı öndədir? Ümumiyyətlə, jurnalın ömründə hansı dövr sizi qane edib?

- "Ulduz" mənim orta məktəbdən abunə olduğum jurnal olub. O cümlədən, "Azərbaycan" jurnalı və "Ədəbiyyat qəzeti" də, həmçinin. Sinif yoldaşlarıma "Azərbaycan pioneri" gələndə mənə bunlar gəlirdi və mən bununla qürurlanırdım. Sələflər haqqında ancaq böyük hörmətlə danışa bilərəm. Kimin əlindən nə gəlib, əsirgəmədən edib. Heç vaxt heç bir qeydim olmayıb, indi də ola bilməz. Adama deyərlər, demirdin ki, bunu niyə etməyiblər, indi buyur, özün et. Qeydlərim yox, arzularım olub, onları da həyata keçirmək üçün çalışıram. "Ekspert" , "Dərgidə kitab", "Özü ilə söhbət", "Diskussiya klubu",  "Variasiya" və digər layihələr ilk dəfə bizdə oldu. İndi yeni bir layihə üzərində işləyirik. Bu layihə təkcə ədəbiyyatla məhdudlaşmır, incəsənətin digər sahələrini də əhatə edəcək.

- Qızınız Alsunun kitabı çıxıb. Maraqla qarşılandı. Gələcəkdə yaxşı yazıçı olarsa, ədəbiyyatda "ata-oğul", sizə görə uyğunlaşdırsaq, "ata-bala" münasibətlərindəki münaqişələrə hazırsınızmı?

- Alsu mənim həm oğlum, həm qızımdır. Qədim türklərdə Alsu adı həm də kişilərə qoyulub. Alsunun çox güclü müşahidə qabiliyyəti var. Getdiyimiz yerlərdə, tədbirlərdə elə şeyləri görüb danışır ki, onu ancaq yazıçı görə bilər. Yaxud oxuduğu kitablar haqqında maraqlı qeydləri var. Bir dəfə mən divanda oturanda ehtiyatsızlıqla onun oxuduğu "Don Kixot"un üstündə oturmuşdum. Birdən ağlaya-ağlaya dedi, - dur ordan. Dedim, - bağışla, bilmədim. Dedi, - oxuyuram, onu hamı döyür, sən də üstündə oturdun. Oxuduğu kitabları yaşayır, duyur. Gələcəkdə yazacaqmı, yazmayacaqmı, bilmirəm. Ayrı bir ixtisasa yiyələnməsini istəyərdim, amma yazmaq istəyərsə, ona yalnız dəstək ola bilərəm. Aramızda bəzi mübahisələr olur. "Ulduz"u oxuyur, fikirlərini deyir. Müəyyən müəlliflərlə razılaşmır, güzəştə getmir. Deyəndə sənin yaşın azdır, hələ başa düşmürsən, inciyir. Bundan sonra heç oxumayacam sizi, - deyir. Yəqin ki, bu münasibətlər həmişə davam edəcək. Saytlarda manşet olan bütün xəbərləri oxuyur, həmişə nəsə öyrənmək istəyir.

- "Ulduz"da bir layihə hazırlamaq istəsə, münasibətiniz necə olar?

- Onu yükləmək istəmirəm, amma arzu edərsə, məmnuniyyətlə dəstək olaram.

Söhbətləşdi: Nuranə Nur

 


© Müəllif hüquqları qorunur! Mətndən istifadə etdikdə istinad mütləqdir!