Əjdər Ol: Közərən ocaqların nəğməsi - Fəxrəddin Əsəd yazır

"Pərdə qalxır və biz nə vaxtsa lap çoxdan başlamış tamaşaya baxırıq" - E.İonesko

 

Həyat tamaşadır, hər gün gördüyümüz birpərdəli və yaxud çoxpərdəli tamaşa. Özümüz iştirakçısı olduğumuzdan adiləşib gözümüzdə. Üzümüzü yana tutub keçirik. Ona görə ki, bizim üçün "olum" var, "ölüm" (!) yoxdur. Varsa da bizlik deyil, "başqaları" üçündür. Allaha təvəkkül deyib yaşayırıqsa, məchul bir sonluq haqda düşünməyə nə hacət? Yaradan öz qüdrətli qələmilə bizim bütün ömrümüzü cilalanmış şəkildə yazıb! Bizə sadəcə o Gücün - dünyanın (təbiətin) bu qüsursuz nizamı qarşısında heyrət və səcdə etmək qalır.

Bu sətirləri yaza-yaza qonşudan ğələn əndrəbadi səsləri dinləyirəm. Qonşum (...kişi) həyətdə gəzə-gəzə əsnəyir. Heç fərqinə varmır gecə yarıdı, yalquzaq kimi səs çıxarır. Axır zamanlar hər şeydə mistika axtarıram. İndi də belə, əsnək-əsnək gətirər axı! Lənət şeytana deyirəm, məni masa arxasına çəkib gətirən Əjdər Olun mənə bağışladığı kitabda ("Tütün limanı", Bakı. Qanun nəşriyyatı) gedən portret hekayələridir. Bu hekayələrlə çoxdan tanış olsam da fürsətdən istifadə edib yenidən oxudum və aldığım təəssüratı başqalarıyla (bəlkə də özü ilə) bölüşmək istəyinə düşdüm.

Onun nəsr əsərlərini, janr müxtəlifliyindən asılı olmayaraq, oxuyub başa vurduqdan sonra bir müddət mütaliəyə ara vermək və yenidən oxuduqlarını gözdən keçirmək lazımdır. Rəssamın ciddi rezonans doğurmuş tablosuna, bir qədər kənara çəkilib baxıldığıtək. İşıq və kölgə arasındakı əbədi mücadilənin sonucları kənardan daha yaxşı görünür, qiymətləndirilir. Məncə baxmaqdan (və necə görməkdən) çox şey asılıdır,-arxetipik yuxu kimi...

Əjdər Olun portret hekayələrində özümüzü görər, gələcəyimizi təsəvvür edə bilərik. Hekayə qəhrəmanları sanki bizimlə təmasa girir, bizi silkələyirlər, - bir anlıq dönüb arxaya baxaq deyə. Nevrozlu cəmiyyətin ikiləşmə əlamətləri aydın görünür. Bizim gözləntilərimiz, başımıza gələcəklər yaşadıqlarımızdır, gözlərimizin qarşısında şəkilləndikcə-şəkillənir. Yəqin biz qilaflı adamlarıq, qurtulmağa (qlafın əsarətindən) heç çaba da göstərmirik.

Hekayə qəhrəmanları əbədi bir ağrının (itirilmiş cənnətin) daşıyıcılarıdır. Burada onu da vurğulayım ki, bu ağrını yaşayan (və bizdən keçirən) elə müəllifin özüdür. Ağrılı nəfəs kitabdan üzümüzə vurur. Bu həm də bəşəri ağrıdır - insan faciəsinə deyilən ağı kimi!

Əjdər Ol öz taleyi ilə barışanların hekayətini yazır. Yaxınları tərəfindən bir gün öləcəyi qəbul  edilən xəstənin, hər gün, hər saat ağırlaşan halıyla, biganə gözlərə baxa-baxa yaşadığı tək.

Gecənin qaranlığında pəncərədən düşən işıqda çiyin-çiyinə verən ağaclara baxıram. Ağaclar da insanlar kimi susur. Çoxluq toplum arasında başqalarının qayğılarına (ağrılarına) olan  fatal münasibət bizdə rituallaşıb...

"... Başdaşının arxasında qalaktika cizgiləri vardı. Bu onun fantast yazıçı olduğuna işarə idi" ("Yazıçı Namiq Abdullayevin axırı"). Orta məktəb illərində Namiq Abdullayevin əlimə keçən bütün kitablarını oxumuşdum. Yeri gəlmişkən, fantast yazıçı ilə iki dəfə görüşmək qismətimdə varmış.

"Namiq müəllim artıq yorulmuşdu, əli qələmdən soyumuşdu... Azərbaycan televiziyasının uşaq proqramı üçün ayda bir dəfə yazdığı balaca ssenarini ondan qopardınca bizimki bizə dəyirdi".

Milli dəyərlərimizin textonik hadisələri sükutla qarşılanır. Su öz qabının şəklini aldığı kmi biz də düşdüyümüz vəziyyətə, gündəlik yaşam şərtlərinə görə həyatımızı qururuq, daha doğrusu uyğunlaşırıq. Guya bu belə də olmalıymış. Laməkanlıq (ironik səslənsə də) canımızdakı tənbəllikdənmi qaynaqlanır, biganəlikdənmi?! Ömrün çat verdiyi yerdən baxanda insan nə vaxt, harada sıxışdırıldığını xartırlayırmı görən? Xatırlasa da qədərə üsyan etmək olarmı?!

"Doqquz yaşlı Namiqin atası 1937-ci ildə tutulandan sonra ondan bircə məktub gəlir. Həmin məktubda ata başqa uşaqlarının deyil, yalnız Namiqin adını çəkib arvadına tapşırırdı ki, bu  balamdan muğayat ol, onun gələcəyindən nigaranam".

Görən, möcüzəyə (bəxtə) bel bağlamaq olarmı? Inanmaq olarmı, kimsə səni bir gün qırxarşınlıq quyunun dibindən, işıqlı dünyaya çəkib çıxaracaq?

"Namiq Abdullayevin də tozanaq qaldıran vaxtları olub... siyəzənli müəllimin birdən-birə bəxt üzünə gülür. O zaman "Uşaqgəncnəşr"in baş redaktoru işləyən... qocaman jurnalist Hacı Hacıyev mətbuatda fantastik hekayələri ilə görünən, həmin nəşriyyatda təzəcə ilk kitabını buraxdırmış gənc yazıçını Bakıya işləməyə dəvət edir. Fantastın həyatında ciddi bir dəyişiklik baş verir... Tezliklə baş redaktoru işdən çıxarırlar. Təbii ki, vurulmuş adamın adamı sayılan Namiq Abdullayevin də mitili işdən bayıra atılır".

Qədərin, qismətin əlində əsir-yesir olan insan olacaqların qarşısında başını əyir. Demək onunki bura qədərmiş. Taleyin  sərt oyunlarına dözməkdən başqa çarəmi qalıb?!

"İndi kimi inandırasan ki, ömrünün axır illərində ortada qalan, düşkünləşən bu adam sovet hökumətinin kəshakəs vaxtında Televiziyada Tədris proqramları redaksiyasının baş redaktoru kimi sayılıb-seçilən  bir vəzifədə çalışıb".

Bax budur öz taleyi ilə barışan adamın ömürlüyü... Belədə adamın içinə xof dolur, unudulmaq xofu. "Rəhmətlik həmişə mənə deyərdi ki, tez-tez gəl mənə baş çək birdən düşüb ölərəm, xəbər tutanım olmaz." Unudulmaq yaman şeydi, adamı gecə-gündüz qurd kimi yeyir. Günahı kimdə, harada axtarasan ki, alın yazısından qaçmaqmı olar? Keçmişini itirən, gələcəyi də olmayan insanın baş götürüb gedəcəyi, (qaçacağı ) yer haradır görən?!

"- Şələ-küləmi yığışdırmışam, buradan gedirəm.

Onun verəcəyi cavabı qabaqcadan bilsəm də dilim dinc durmadı, soruşdum:

- Hara?

O, çiyinlərini çəkdi:

- Heç özüm də bilmirəm. Haram var, hara gedəm?! "

Bu yerdə müəllifin səsi elə yaxından gəlir ki..."-Namiq müəllim xoşu gəldiyi, ürək qızdırdığı adamın yanında lap əsir qalmağa da razı idi" ("Yazıçı Namiq Abdullayevin axırı").

Əjdər Ol mükəmməl portret ustasıdır. Onun qələmində xarakter cizgiləri elə incəliklə üzə çıxır ki, obrazların (prototipləri nə qədər yaxından tanısaq da) möhtəşəmliyinə, canlılığına heyran qalmamaq olmur: "Yazıçılar arasında ən söyüşcül, ağzının qaytanı olmayan Aqil Abbas coşur: - Sən elə hekayədə də adamın anasını ...

Bəlkə də ömrü boyu dilinə söyüş gətirməyən Rafiq bəyin bu anda Mahatma Qandinin sifətinə oxşayan, çöhrəsini və hədəqədən çıxmış gözlərini görən Aqil Abbasın dili paravoz kimi tormoz verib sürütdənir və o, biədəb soz əvəzinə başqa kəlmə işlətməyə məcbur olur:... - ağladırsan!" ("Rafiq Tağı ki, Rafiq Tağı")

Portret hekayələr birnəfəsə, ruhani bir auranın həzzi içində oxunur. Və nə qədər birnəfəsə oxunsa da müəllifin, - bu vətən  sevdalısının  işıqlı üzü "radardan", - diqqətcil oxucunun nəzərindən yayınmır. "Sevdalı" sözünün  altını xüsusilə cızıram. Çünki bizə təqdim olunan ədəbi qəhrəmanlar (müəllifin yaxın dostları) oğul, qardaş sevgisiylə süslənib. Onların hər atdığı addımda müəllifin zərif və olduqca incə təbəssümünü sevməmək mümkün deyil: "- Qabaqlar yazdıqlarına görə hərdən Rafiq bəyə acığım tutardı. Indisə, onun yazılı saçmalarını görəndə başımı bulayıb, qımışa-qımışa onun heç vaxt düzəlməyəcəyini gözümün altına alıb, öz-özümə deyirəm: Rafiq Tağı ki, Tafiq Tağı.."

Əsrlər öncə, uzaq illərin axarında qədim əcdadlarımız ocaq başında ağrılarını-əzablarını ağılarla çatdırıblar bizlərə. O ağılar ki, bayatılaşıb, nəğmələşib, şaman duası tək dildən-dilə, ağızdan-ağıza keçərək sərhədlər adlayıb. Lütfən özünüz deyin, aşağıda oxuduğumuz sətirlər, - Əjdər Olun pıçıltıyla bizə söylədikləri totem obrazın səsi deyilmi?! - "Rafiq Tağını kim öldürmək, və öldürtmək istəyib?... Bəlkə onun şəxsi düşməni varmış?.. Amma tam əminəm ki, onu Fizulinin, Mirzə Cəlilin, Mirzə Ələkbər Sabirin ruhunu incitdiyi üçün deşik-deşik eləmədilər. Bizdə Fizuliyə, Mirzə Cəlilə, Sabirə görə adam bıçaqlamazlar." ("Rafiq Tağı ki, Tafiq Tağı..")

Əjdər Olun nəsri güzgü effekti (metaforası) yaradır. Bu "ayinədə" hər şey olduğu kimi "düzü düz, əyrinui əyri" göstərir. Onun qələmi proporsional müstəvidədir, ədalət tərəzisində tarazlığın qorunmasına xidmət edir. Özünün də yazdığı kimi, "Allaha şükür, yaşadığım mühitdən mən çox boğazdanyuxarı danışmağı da öyrənmişəm, boğazdanaşağı danışmağı da. Amma çox yaxşı bilirəm ki, Əlisəmidə belə şeylər keçmir. Ona görə də qələmin başını buraxmışam." ("Kür Əlisəmid").

Müəllifin "bədii-psixoloji emosiyalar palitrasında" (Elçin) "qələmin başı" buraxılsa da oxucunu təxəyyül dumanlığına, -yalana sürükləmir. Hekayə qəhrəmanları səmimiyyəti ilə seçilir, kimdirsə, nəçidirsə,- özləridi: "- Başqası olsaydı bu əhvalatın axırını öz xeyrinə dəyişərdi ay nə bilim, divə kəllə atdım, yaxud ona birini ilişdirdim və s . Əlisəmid kəllə atan olsa da etmədiyini "etdim" deməz, başına gələnlərin hamısını olduğu kimi boynuna alandır. Bax onun ürəyinə yatan cəhətlərindən biri budur". Və yaxud: "Əlisəmid əliaçıqdır, həm də eləsindən ki, onu xəzinə üstünə qoysan, bir həftədən sonra gəlib görərsən ki, nəinki xəzinənin içindəkilər tanış-bilişə paylanıb, hətta xəzinənin yerləşdiyi bina da dostlarından birinin ayağına keçirilib" ("Kür Əlisəmid").

Bilmirəm ürəyimdən keçənlərin hamısını yaza bildimmi? Əlbəttə, bu kiçik yazı Əjdər Ol yaradıcılığının "nəzəri-estetik miqyasını" (Elçin) ehtiva etmir, olsa-olsa, oxuduqlarımın məndə oyatdığı (yaratdığı) intibalara assosiativ bir yanaşmadır.

Sayın dostumuz bizimlə məhrəm söhbət edir, yazdıqlarını qrimsiz-boyasız, qələminə güvənib yazır. Allahın rizasıyla qələmdən söz tumurcuqlayır. Bədirlənmiş Aya salavat çeviririksə, sözə də salavat düşür. Çünki hərf-hərf Allahın nuruna boyanıb! Yoxsa hardan Əjdər Ol nəsrində bu cazibə, bu sehr?! O sehrə, o ofsuna düşüb portret hekayələri (və bütün nəsr əsərlərini) bir daha oxudum.

P.S. Özünün sözüdür, Musa Yaqubu oxudum xoşbəxt oldum deyir. Mən də portret hekayələri oxuyub eyni hissləri yaşadım. İnsanı xoşbəxt etməyə nə var ki...

 


© Müəllif hüquqları qorunur! Mətndən istifadə etdikdə istinad mütləqdir!