Stefan Sveyq - "Bayronun sirri" - Esse

Onun həyatı sönüb - üzərindən əsrlər keçib. Yaradıcılıq nümunələrini çoxları unudub. Yaddaşlarda  “Çayld Harold” və “Don Juan”dan ölməz misralar və bir neçə şeir qalıb.

Ölməz adlandırdığımız bu şeirlər belə şöhrətinin təsiri altında daşlaşmış vəziyyətdədir. Mesalunqi obraz olaraq düşüncələrə təsir edə bilmir. Vaxtilə onun yaradıcılıqının əsirinə çevrilmiş, romantik təsvirlərini əks etdirməyə çalışan və “bayronçuluğu” öz obrazına çevirmiş  Avropa indi ondan uzaqlaşıb.

Qeyri-adi insan, dövrünün yeganə şairi öz cazibəsini yalnız sirrin arxasında gizlədib. Möhtəşəm Sfinks məğlub olaraq ölüb. Maraqlara səbəb olan sirr, yaşanmış biabrçılığı əks etdirən obraza unudulmuş, gecikmiş  şöhrəti qaytarmağa xidmət etməlidir. Ya da bu tarixi fakt fədakarlığa və ya bütün zamanların nümunəsinə çevrilməlidir.

SİRR.

15 yanvar 1816-cı il. Xanım Arabella Bayron nikahlarının tam bir ilinin tamamında qızının dünyaya gəlməsindən bir neçə ay sonra Leyçestrşirdə yaşayan valideynlərinə baş çəkmək məqsədilə ərinin evini tərk edir. Yol boyu xanım Bayron həyat yoldaşına səmimi hisslərini təcəssüm etdirən məktublar yazır. Aralarında davam edən məktublaşma qısa vaxt ərzində kəsilir. Xanım Bayronun gizlin olaraq vəkillə sövdələşməsi və xanımın tərbiyəçisinin Bayronun yazı masasından oğurladığı məktubların təqdimatı əsasında protokolun tərtibi, bu protokolun yüz il ərzində möhürlənərək saxlanılması və xanımın anasının Bayrondan boşanmaq tələbini qəflətən irəli sürməsi sirrlərin ortaya çıxmasına səbəb olur. Bayronun bacısının öz rəfiqəsi Arabella ilə anlaşılmamazlığı aradan qaldırma cəhdləri boşa çıxır. Ağızdan-ağıza yayılan hədələr cəmiyyət üzvləri arasında sensasiyaya səbəb olur. Və nəhayət Bayron boşanmağa razılıq verir. Şair həyat yoldaşını və qızını bir daha görməmək üçün İngiltərəni tərk edir.

Nə baş verir? Qəzetlər istehzalı söz atmalarla nələrisə deməyə çalışır, cəmiyyətdə pıçıldaşmalar və şayiələr yayılır. Bayron isə bu müddət ərzində həyat yoldaşına sentimental şeirlər yazmaqla məşğuldur.

Həqiqəti heç kim bilmir. Məlum olan - oğurlanmış məktubların mövzusunun qısqanclığa səbəb olmasıdır. Arabella barışıq əlini uzadan hər bir kəsi özündən uzaqlaşdırır. Öz xalası Karolina Leminin sevgilisinə ərə gedən Arabellanı nə qəzəbləndirdiyi məlum deyildi. Deməli məsələnin kökündə ciddi faktlar dayanır. Məhz bu dərin məsələlər bioqraf və filoloqların axtarışa başlamasına rəvac vermişdi.

ÜÇ GÜNAHKAR.

Günahın Bayronda olması heç kimdə şübhə yaratmır. Pıçıltılar, yayılan şayiələr və ölkəni tərk etməsi buna əyani sübut idi.

Birinci günahkar onun arvadıdır. O susur. Bu susqunluqla gizli cinayətin əsasını qoymuş olur. Ərinin məktublarını cavablandırmır. Hətta Bayronun dəfnində belə iştirak etmir. Qızına atasının şəklini göstərmir, şeirləri ilə tanış etmir. Qızı ilk dəfə - otuz yeddi yaşında ikən atasının lirik şeirini eşidərək qəribə hisslər keçirir və bu, onun həyatına birbaşa təsir edir.

Xanım Bayron  humanist xristian ideyalarını həyatına tətbir edən, yoxsul uşaqlara əl tutan birisi idi. Hamıya humanistcəsinə yanaşan bu şəxs böyük şairin bioqrafiyasını yazan nəşriyyatlara adının çəkilməsinə, şəklinin belə ərinin yanında görünməsinə qadağa qoyur. Nəşriyyatın istəklərini sükutla qarşılayır. Bəzən isə dəhşətli ittihamlar pıçıldayaraq cəmiyyətdə şayiələrin yenidən alovlanmasına şərait yaradırdı.

İkinci günahkar İngiltərəydi. Bu cəmiyyət ikiüzlülərdən ibarət idi. Bayron mübahisələrdən mübahisələrə keçid edirdi. Dini ehkamları məsxərəyə qoymaqla öz ölkəsini Avropa qarşısında gülməli durumda  təqdim edirdi.

Günlərin birində Bayron allahsız “Ateizmin vacibliyi” kitabçasının müəllifi Şelli ilə görüşür, dostlaşırlar. Hər ikisi də həyat yoldaşından boşanmış insanlar idi. Onlar atalarını tərk etmiş,  qaçmış iki bacı ilə cinayətkar münasibətdə olurlar. Həmyerliləri onları izləyərək biabırçı hərəkətlərinin şahidinə çevrilirdilər. Villasının qonşuluğunda yerləşdirilən teleskoplar evdəkiləri daima nəzarət altında saxlayırdı. O qadını ilə yaxın münasibətlər qurarkən cəmiyyət yeni şayiələrin yayılması ilə məşğul olur, İngiltərədən uzaq düşdüyü müddət ərzində obrazını şeytanlaşdırırdı.

Üçüncü günahkar - ən təhlükəli günahkar Bayronun özü idi. O, öz şeirlərində və söhbətlərində həqiqətə eyham vururdu. Faciəvi maskanın arxasından öz ruhunu bəlli etməyə başlayırdı. Bu ruhsal durum günahkar və cinayətkar Kaində ehtiras düşkünü Juanda, cadugər Manfreddə özünü əks etdirirdi (obrazları).

Şöhrət düşkünü get-gedə şeytani oyunlarla məşğul olur gizli cinayətlərin törədilməsində özünü günahkar bilirdi. Evini Mikena, arvadını Klitemnestra, özünü isə Tantal nəslinin nümayəndəsi adlandırırdı. Həqiqətən də Manfredin monoloqunda bu cinayətlər, yuxusuz gecələrin ağrısı açıq-aşkar görünür.

Əslində hər şey kənardan seziləcək qədər dəhşətli deyildi, bəlkə də. O, Jenevada dostları və  yeni sevgilisi ilə birgə rahat həyat sürürdü. Pizadakı malikanəsində onlarla atı, tovuzquşuları, tutuquşuları, meymunları olan Bayron kifayət qədər zəngin həyat tərzi keçirirdi. Öz şöhrətinin işığında parlayırdı.

Əslində ortada cinayət yox idi. Sirrin yaranmasına və ağızlara düşməsinə başlıca səbəb isə tərəflərin qəflətən ayrılması və Bayronun İngiltərədən uzaqlaşması idi. Hər iki tərəfin bu mövzu ətrafında susması maraqların aşıb-daşması və müasirlərinin bu mövzuya diqqət ayırması ilə nəticələnirdi.

Bir hadisə bu sirrin daha da dərinləşməsinə səbəb olur. Lord Bayron gündəlik yazmağı qərara alır. Gündəlikdə onun daxili dünyası və yaşamı öz əksini tapırdı. O, hamı tərəfindən şübhələrə səbəb olmasını açıq-aşkar hiss edirdi amma, konkret kimə istiqamətlənməyi müəyyənləşdirməkdə çətinlik çəkirdi. Əslində heç kimin nitqində aydınlıq yox idi. Yalnız qarşı tərəfdən tuşlanmış hədələr diqqəti çəkirdi. O, xanım Bayrona söz azadlığı verir. Söz azadlığı qazanan xanım nədənsə susmağı daha üstün bilirdi.

Böhtanı aydnlaşdırmaq mümkün deyildi. Bu səbəbdən Bayron özünü qorumağın, hətta ölərsə cəsədinin təhqir olunmasının qarşısını almaq üçün yeni üsullar fikirləşirdi. Məhz bu səbəbdən memuarlar yazmağı qərara alır. Ədaləti nümayiş etdirmək üçün yazıları həyat yoldaşına oxumağı təklif edir. Qadın isə oxumaqdan imtina edir. Sirr yazıda qəlibləşir.

Bayron əvəzsiz xəzinənin qoruyucusu kimi ən yaxşı dostu Tomas Moru seçir. Bütün küllüyyatını ona etibar edir. O, bu yazıların yayımlanmasının mümkünlüyünü bilirdi. Məhz bu səbəbdən də yazılı surətdə mətnin yayımlanmasına görə Mura iki min funt məbləğində qonararın verilməsi tələbini də qeyd etmişdi.

1824-cü ilin bazar günlərinin birində Mesolunqi istehkamının qarşısında qara bayraq asılır. Knyaz Mavrokordato, böyük şairin ölüm xəbərini bəyan edir. Onun cəsədi İngiltərəyə yola salınır. Budur, Bayronun tabutu hələ torpağa tapşırılmayıb, vətənində isə sirrin yenidən canlanması hiss olunur.

Hamı səfərbər olur – ledi Bayron, Mur və bacısı.

Mur, sirrin məhv edilməsi üçün daha böyük qonarar təklifini alır. Onlar bu küllüyyatın yandırılaraq məhv olmasına qərar verirlər. Aralarında az da olsa vicdanı olanlar, bəlkə hadisələrin bütün bəlli şahidləri həyatdan köçənə qədər bu küllüyyat qalsın, deyirlər. Əfsus ki, acgözlük, şöhrət hərisliyi vicdanı üstələyir. Qalanmış odun üzərində yeddi nəfərin şahidliyi ilə İngiltərənin ən böyük lirik şairinin, bəlkədə hələ oxunmamış və ona şöhrət gətirə biləcək, demək istədiklərini hamıya bəyan edə biləcək yazıları qəddarlıqla məhv olunur. İndi hamı sakitlik nümayiş etdirir – nifrət hissi ilə yanan xanım Bayron və əlində böyük pul məbləği yazılmış çeki tutan Mur alov üzərində yanan əlyazmalara baxırlar.

Açar itir, sirr torpağa gömülür, danışmaq istəyən əlyazmalar yanır.

“And sealed is now each lip that could have told”.

İndi dillənə bilən bütün dodaqlar möhürlənib.

Ölüm yavaş-yavaş şahidləri aradan götürürdü. Xanım Bayronun ərinin evini tərk etməsindən əsrlər keçir, hadisələr indiyə kimi maraqlıdır.

Budur, uzaq Amerikadan ağır addımlarala gələn fil, həqiqəti ortaya çıxarmaq, günahsızı xilas etmək məqsədilə gəlir. “Tom dayının koması” filantropik romanın müəllifi xanım Qarriet Biçer-Stou xanım Bayrongilə bir fincan çaya dəvət alır. Onun həsas, mülayim qəlbi “allahsız” varlıqla ərdə olub, sonra da atılmış qadını gözləri önündə görüncə həyəcanlanır.  Olduqca səmimi görünən Biçer-Stou susmağı ilə dillərə düşən xanım Bayronu dindirmək üçün eyhamlar vurur. Məlum məsələdir ki, sirr uzun müddət sirr olaraq qala bilməz.

Xanım Bayron dünyanı tərk edir. Yüksək zümrə onun ölümünə etinasız yanaşır. Bayron ölməmişdən öncə onun qalmaqalları diqqət çəkirdi və hamı bu marağın arxasınca qaçmağa, sirri aydınlaşdırmağa çalışırdı. İndi isə vəziyyət əksinə dəyişib. Şairin sentimental poeziyyasının günahkarı və səbəbkarı kimi keçmiş xanımını görürdülər. Hətta ölümündə belə onu günahkar qismində təqdim edirdilər. Xanım Bayron sirri uzun müddət özündə daşımış, nəhayət onu geniş ictimaiyyətə demək fikrinə düşmüşdü. Bu sirr yer kürəsinin dörd tərəfinə yayılır. İngiltərə titrəyərək: Lord Bayron... Lord Bayron...öz qan bir bacısı Avrora ilə münasibətdə olub, söyləyir.

Avrora Ley.

Budur, bu adın sahibəsi hamının dilindədir. Bu utancverici hərəkət haqqında bütün dünya danışır. Hamı onu şeirlərdən, məktublardan tanıyır və bütün misraları qardaş məhəbbəti ilə əhatələnib.

"The tower of strengh  in the hour of need". “Dayaq qülləsi ehtiyac içindədir”.

Bayron öz şeirlərində həyatının yeganə qadınını belə adlandırırdı. Uzaq ölkələrə getməmişdən öncə yaratdığı himnlərin ünvanı, mehriban ürəyə malik olan bu qadın idi. Bayron ona sonsuz minnətdarlıq hissi ilə yanaşır.

Biz bu qadın haqqında nələri bilirik? Çox az məlumatlıyıq. Onun surəti daima kölgə arxasında gizlənirdi.

Bayronun atası - eyni zamanda Avroranın (Bayronun bacısı) atası həddindən artıq zəngin bir xanımla İngiltərəni tərk edərək Fransaya yola düşür.

Kim idi o?

Oyunçu, fırıldaqçı və arvadbaz. Az bir müddətdə əri tərəfindən pulu göyə sovrulan qadın heçnəsiz qalır. Ehtiyac içində rəhmətə gedir. Qızı Avroranı qohumlarının yanına göndərirlər. Pulları tükənən ata Bayron, borclarını ödəmək məqsədilə yenidən geri - İngiltərəyə qayıtmaq və başqa bir dövlətli qadını toruna salmaq fikrinə düşür. İngiltərədə o, gombul və kifayət qədər həyasız olan və ata Bayronu sevən miss Qordon ilə tanış olur. Dünyaya oğul Bayron gəlir. Adətindən əl çəkməyən ata yenə də var-dövləti özü ilə götürüb Fransaya yola düşür və ömrünü orada tamamlayır.

Bacı ilə qardaş bir-biri ilə tanış olanda Avroranın iyirmi bir, Bayronun isə on altı yaşı var idi. Avrora qardaşına uşaq kimi yanaşır. Ömrünün sonuna qədər onu “Körpə Bayron” adlandırırdı.

Avrora əmisi oğlu Ley ilə ailə həyatı qurur. Dünyaya dörd uşaq gətirir. Bu izdivac onu ədəbiyyatdan uzaqlaşdırır, qadın daha əvvəlki kimi gözəl və baxımlı deyildi. O qardaşına və onun həyat yoldaşına qarşı dostluq münasibətində idi. Bal ayı müddətində gənc ailə onun Londondakı evinin qonağı olur, onlar orada bir neçə müddət qalmaq fikrinə düşürlər. Hətta tərəflərin ayrılmağa qərar verməsinə  belə baxmayaraq həm qardaşı, həm də onun həyat yoldaşı Arabella ilə dostcasına münasibət saxlayır. Kənardan heç kim ona şübhə ilə yanaşmır. Avrora çox rahatdır. Bu o vaxta qədər davam edir ki, Biçer-Stou sirri açaraq onun üzərinə sanki mürəkkəb tökmüş olur. Və bu ləkə onun üzərindən ömrünün sonuna kimi təzimlənmir.

Görünən tərəflər və həqiqət.

Biçer-Stou sübut kimi nəyi göstərirdi? Ətrafı nə ilə özünə inandıra bilmişdi?

Çox sadə bir süfrəyə çay və keksə dəvət alan Biçer-Stou masa arxasında xanım Bayron ilə səmimi ünsiyyətdə olur. Arabellanın sözlərinə görə günlərin birində o,  öz həyat yoldaşını bacısı ilə bir yerdə tutub. Bir-birinə ünvanlanmış məktublar bunu söyləyirdi. Bayron şeirlərində belə həyatının yeganə sevimli qadınını cinayətkar münasibətdə olan adlandırır və bu bir daha iki şəxs arasında münasibətin mövcudluğunu sübut edir. “Manfred”də sehrbaz - bacısı Astartanı “öz məhəbbəti ilə məğlub edir”. Şelli bu hadisələrə köklənərək qan qohumluğuna əsaslanın, günah sayılan münasibəti cəsarətlə “Çençi” faciəsində əks etdirir.

Bayron “Kain”  misteriyasında bacı və həyat yoldaşının eyni obrazda təcəssüm olunmasına üstünlük verir. Çox güman ki, onun bütün düşüncələri yalnız buna köklənmişdi.

Şeir –

     I speak not - I trace not - I breath not they name

     There is love in the sound - there is guilt in the fame.

Nəfəsini, izini, adını söyləmək çətin,

Şöhrətimdə o günahdır, mənzilidir qeybətin.

Niyə Avroranın sağlığında hamı susmağa meyl edirdi? Dünyadan köçəndən sonra onu niyə suçlamağa başlayırlar? Niyə xanım Bayron ərinin çağırışlarına rədd cavabı verir? Niyə nitqini kilidləməyi daha üstün bilir?

Bayron çox aydın şəkildə məqalələrinin birində deyir: “Mənə dedilər ki, xanım Bayronun və onun vəkilinin ciddi sübutları var, boşanmanın səbəbi qarşısında susmağı üstün bilirlər”.

Bəlkə də, bu susqunluğun səbəbi utancdır?

1816-cı ilin fevralında Arabella həyat yoldaşının bacısı ilə cinayətkar münasibətdə olmasından xəbər tutur. O nə edir? O cinayətkarı daha çox özünə yaxınlaşmasına şərait yaradır. Baldızına qarşı məktublarda belə mülayim olan Arabella, Bayronun ölümündən sonra da Avrora ilə dostluq münasibətində olur. Etibarlı psixoloq Biçer-Stou özü belə iki şəxs arasındakı münasibətlərdə boşluğun olmasını sezir. Və nəticədə Biçer-Stou bu mülayimliyi xristian düşüncəsinin, xristian əxlaqının, rəhminin daxilindən gəldiyi ilə izah edir. O, sanki bu hərəkəti ilə günah sahibinin günahlarını yumşaltmağa çalışırdı. Əsas məqsəddən yayınmaq olmaz. Söhbətlərin hamısında qəribə bir uyğunsuzluq var idi. Bütün ailə məktubların üzə çıxmasına qarşı müqavimət nümayiş etdirirdilər. Sirr, sirr içində gizlənməkdə davam edir.

Astarta.

Bir daha on beş illik susqunluq, qeybət və pıçıltılar. Bulanıq şayiələr yayılır: “Xanım Bayronun nəvəsi lord Lovles sənədləri ictimaiyyətə çıxarmaq qərarını verib”. Yazılacaq kitab xanım Bayronun sirri qədərdir və çox müammalıdır. Bu kitab satış üçün deyil. Adı isə “Astarta”dır. Bircə ad artıq Bayronun “Manfred”ini xatırladır.

"I  loved  her and  destroyed her"- “Mən onu həm sevdim, həm də məhv etdim”.

Arabella sağlığında “bu şayiələri mən yaymıram, bu sözlər məndən gəlməyib” deməyi ilə, sanki Bayronun məktublarını üzə çıxarmaqdan qorxduğunu biruzə verirdi. Lord Lovlesa “göstərilən faktlar kifayətdir ki, həqiqət öz yerini tutsun”, deyə kitabında yazırdı. Qəribə bir çevrə əmələ gəlmişdi. Faktlar söylənilir, məktublar isə hələ də sirr olaraq qalırdı.

Lord Lovlesin kitabı Bayron sirrinin üstünü açır. Bu vaxta qədər susmağa məhkum olan kəslər rahatlıq tapırdılar.

Medora.

Medora – Bayronun “Lara”sında məşuqənin adıdır. Qəribə deyil ki, Bayron toyundan bir neçə müddət öncə, gələcək həyat yoldaşının xalası Karalina Lemə, uşaqlıqdan sevdiyi bir qadından ata olacağını söyləyir. Əgər bu uşaq qız olarsa adını Medora qoyacağını bildirir. Üç aydan sonra bacısı Avrora qız uşağı dünyaya gətirir. Uşağı Medora adlandırırlar. Xanım Bayronun şübhələri öz cavabını tapmış olur. Əgər o Bayronun ilk təklifini rədd etməsəydi sonrakı faciələr yaşanmazdı. Bayronun “mən kiçik yaşlarımdan sevdiyim qadından olacaq uşağın adını, qız olarsa Medora qoyacağam” deməsi artıq bütün sirrləri işıqlandırırdı. Demək bu qadın Avrora idi. Təəccüblü deyil ki, xanım Bayronun əmri ilə oğurlanmış məktublarda məhz bu uşaqdan söhbət gedirdi.

Hər şey aydın olduğu qədər də müəmmalıdır. Gül ləçəyinin altından, digər ləçək görünür. Bu məsələni daha da dərinləşdirir. Tamamilə doğrudur, Lord Bayron uşaqlıq dostundan uşaq gözləyir və onu Medora adlandırmaq istəyir. Bu zaman onun bacısı Avrora Levin evində qız uşağı dünyaya gəlir. Medora adı onun övladına verilir. Bacı özünü digər qadının şərəfini qorumaq üçün qurban verir. Suyun üzərinə yeni surət çıxır. Sirrin səbəbkarı, odur. Yalnız əsrlər keçdikdən sonra həqiqət öz yerini tutmuş olur.

Meri Çauors haqqında roman.

1816-cı ilin iyulunda Bayron özünün elə də yaxşı olmayan şeirini yazır. Şeirin adı “Yuxu” idi. Bioqrafların fikrincə bu həqiqəti özündə təcəssüm etdirən ən gözəl şeirdir. Bu onun ən səmimi etirafıdır.

Bu hadisə onlar uşaq ikən baş verir.

Annsley təpəliyində iki uşaq oynayırdı... Onlar iki düşmən ailənin uşaqlarıdır. Bayronun babası dueldə Meri Çauorsun nəslindən olan birisini qətlə yetirmişdi. Hər iki uşağı isə dostluq birləşdirirdi. Xanımın qraf tacı mənsubluğu, o isə Bayronlar nəslinin nümayəndəsiydir. Romeo və Culyettanın məhəbbətlərinin qarşısını yalnız iki nəslin qan davası dayandıra bilərdi.

Romeo (Bayron) bədəncə zəif, axsaq birisidir. Culyettə (Meri) onun ailə qurmaq sevdasına lağ edir. Meri başqasını - Con Mastersi seçib. “Handsom man”- “Yaraşıqlı kişi”ni.

Bir neçə ildən sonra onlar görüşürlər. Xanım öz həyat yoldaşıyladır. Yanında bir neçə övladı var. Qonaq çağırılan Bayron sevdiyi xanımı qayğıkeş həyat yoldaşı və ana obrazında görür. Onun diqqəti Conun nəzərindən qaçmır və o, öz həyat yoldaşına Bayronla görüşməyə qadağa qoyur. Bayron ölkəni tərk edir.

İngiltərəyə başqa Bayron qayıdır. Zəif, bacarıqsız adam yox, şair və kifayət qədər tanınan Bayron. Xanımla yeni görüş zamanı Meri də əvvəlki deyildi. Onun ailə, əri haqqında arzuları puç olmuşdu. Xanım öz həyat yoldaşından kənarda yaşayırdı.

 Vaxtilə Bayronu itələyən qollar, indi onu ağuşuna almağa çalışırdı. Ən yaxın insanlar belə bu əlaqədən şübhələnmirdilər.

Bayron dostlarından hər şeyi gizli saxlayır, kənar məhəbbət əlaqələri ilə həqiqəti ört-basdır edirdi. “Meri məni qonaq çağırmışdı, mən bu görüşü təxirə saldım”, deyərək şübhələnməyə əsas vermirdi.

Xanım daha çox ərinin şübhələnəcəyindən, duelin olacağından qorxurdu. Bu zaman bacısı Avrora qəhrəmanlıq edərək özünü hadisələrin üzərinə atır. Xanımın şərəfli adını qorumağa çalışır.

Yalan baş tutur. Bayron rahat nəfəs ala bilər.

    Our secret lies hidden

     But never forgot.

Bizim sirrimiz gizlədildi,

Xatirələrimizdə yaşayacaq.

Meri Çauors evinə dönür və həyat yoldaşı heç nədən şübhələnmir. Bayronun sevdiyi xanımı ömürlük əlində saxlama çabaları boşa çıxır.

Bütün həqiqətləri biləndən sonra Bayronun şeirlərini oxumaq insanı qəribə hisslərə kökləyir.

"I  loved  her and  destroyed her"- “Mən onu həm sevdim, həm də məhv etdim”.

Siçan - pişik.

Bayron qaçırdı, bacısı isə onun eyiblərinin üstünü örtməklə məşğul idi. Xanım Bayron Avroranın əlində əsaslı dəlillərin olmasını duyurdu. İntiqam hissi ilə aşıb-daşan qadın bu dəlillərə sahib olmağa çalışırdı. Çünki Bayrona açıq-aşkar müharibə elan etmək mümkün deyildi.

Əslində o, qardaşından məktub alan Avroranı sığalının altına çəkərək riyakarlıq edirdi. Həyat yoldaşının keçmişini öyrənmək istəyi ilə məktubları oxumasını Avroradan xahiş edirdi. Bacıya gələn məktubların surəti bir-bir çıxarılaraq üst-üstə yığılır, onların söhbətləri qapı arxasından dinlənilməyə başlayır, xanım Bayron öz kinini mehrimbanlıq maskasının arxasında gizlədirdi.

Avrora şübhələrin Meri Çauorsun üzərinə tuşlanmaması üçün iradə nümayiş etdirirdi. Qardaşının ona açdığı sirri qorumağa çalışırdı.

İllərlə ölüm-dirim mübarizəsi davam edir. Bəlkə də Xanım Bayron Avrora ilə oynadığını güman edirdi, amma həqiqətdə sirri bilən Avrora özü, sirri gizlətməkdən ötrü xanım Bayronla oynayırdı.

Dolaşıqlıq – Kələf.

Zaman-zaman iki qadın arasındakı münasibətlər uzanmağa başlayır. Avrora dəqiq bilirdi ki, xanım Bayronun mehribanlığının arxasında kin, nifrət gizlənir. Hər iki tərəf sözü ehtiyatla ağzından çıxarırdı.

Budur, Avroranın qisasının zamanı yetişir. O öz qurbanını yalançı izlərin yoluna aparmışdı.

Günlərin birində yalan söyləyərək qardaşı ilə münasibətdə olduğunu ona söyləyir. O, xanım Bayrona bunu yazılı surətdə deyil şifahi olaraq etiraf edir.

Əslində Meri Çauorsa ünvanlanmış məktubları ona ünvanlayırmış kimi qələmə verir. “Mən belə məktuba nə cavab verim?”, deyə xanım Bayrondan məsləhət istəyirdi. O, xanım Bayronu artıq düyünə salmışdı və səhv cığırlara istiqamətləndirməkdə davam edirdi.

Xanım Bayron isə lazımi sübutları əldə etmək üçün Avroranı ərinin məktublarına cavab verməyə təhrik edirdi. Bir müddət Avrora çəkilir, sonra yenə də şübhələri qidalandırırdı. Avrora qalib gəlir. Arabella ölənə qədər Meri Çauorsun adını öyrənmir. Və ömrünün sonuna qədər əri ilə bacısının arasında münasibətlərin həqiqiliyinə inanır.

1924-cü ildə Bayron ölür. İki qadın onun memuarlarını yandırmaq üçün bir araya gəlir. Çılpaq nifrət, nifrətlə üz-üzə dayanır. Maskalar açılır.

Epiloq.

Onlar bir daha görüşmürlər. Bir-birinə yazmırlar. Hər iki qadın qocalır və ölümün gəlişini hiss edirdi. Nəsillər dəyişir. Bayronun adı şərəflə, şöhrətlə çəkilir. Meri Çauors daha dünyada yoxdur. Onun ardınca Medora da dünyasını dəyişir.

Sonda belə xanım Bayron, Avroradan yaxşı əmlakın vəsiyyəti müqabilində sirri satın almaq istəyir. O, hər şeyi aydınlaşdırmadan ölmək istəmirdi. Avrora vaxtilə etdiyi etirafları soyuqqanlı şəkildə təkzib edirdi. Sonda xanım Bayron həqiqəti bilmədən dünyasını dəyişir.

Onların birgə övladları məsələdən agah olmaq üçün dünyanı dolaşır. Budur, həqiqət açılır. Oyun bitir. Sirr öz cəzb etmə gücünü itirir. Həmin sənədlər hələ də nəşrə verilməyib. Bu sənədlər açılmış həqiqətin yalnız bəzi boşluqlarını doldura bilər.

 Bayronun sirri açılıb. İndi bu sirr əvvəlki kimi cazibədar görünmür. Yeni dünya isə yeni sullarla Bayrona müraciət edir.

Rus dilindən tərcümə etdi: Günel EYVAZLI

© Müəllif hüquqları qorunur! Mətndən istifadə etdikdə istinad mütləqdir!