Ölənləri unutmaq olmaz - Yevgeni Yevtuşenko

 

Bir dəfə simpozium vaxtı xaricdən gələn yazıçılarla görüşəndə, onlardan biri özünü qəribə tərzdə təqdim etdi və bu təqdimat məni təəccübləndirdi. O:

- Mən iyirmi iki macəra romanı yazmışam. Onlardan beşini sosial mövzuda, ona qədərini isə psixoloji mövzuda qələmə almışam, - dedi.

Məni ədəbiyyatın süni bölgülərə ayrılması çox narahat edir. Əməkçi, tarixi, hərbi-tarixi və s. bölgülər. Hətta tənqidçilər belə xüsusi intellektual poeziyanın formulasını axtarıb tapmadan, bu terminin növbəti toftologiyasını ortalığa qoymağa səy göstəriblər.

Böyük ədəbiyyat heç bir xüsusi çərçivəyə sığışmır, çünki o, canlı həyatın heç bir çərçivəyə sığışmayan əksidir. Məgər “Kapitan qızı”nı, ya da elə götürək “Hərb və sülh”ü hansısa hərbi-tarixi çərçivəyə sığışdırmaq olarmı? Məgər “Mobi Dik”i, və ya “Sərxoş”u, ya da elə “Qoca və dənizçi”ni ədəbi marionetkaların sırasına aid etmək mümkündürmü? Məgər “Geklberri Finnin macəraları”nı hansısa abituriyent ədəbiyyatına aid etmk düzdürmü?

Böyük ədəbiyyatın məcmusu dedikdə konkret materialı deyil, mövzunun daxilindən gələn fikrin ədəbi material üzərində köklü dayanıqlığını düşünmək lazımdır.

Təsəvvür edək ki, Aqata Kristiyə, ya da Simenona Roskolnikovun iş materialını vermişik, nəticədə müəyyən dərəcəli bir dedektiv əldə etmiş olarıq. Əgər yazıçını məişətdən, romantikadan, lap elə ipləməçilikdən, nə bilim daha nədən yazan yazıçılar zümrəsinə aid etmək olursa, onların böyük ədəbiyyata heç bir dəxli yoxdur. Onlar müəyyən nəticə əldə etsələr belə, böyük ədəbiyyat onlardan uzaqdır. Böyük ədəbiyyatda tematika qabarmasa belə, onun içində ruh var, ilahi işıq var.

Mən böyük ədəbiyyata aid olan keyfiyyətlərin demək olar ki, hamısını məşhur kolumbiyalı yazıçı Qabriel Qarsia Markesin son dərəcə maraqla oxunan “Yüz ilin tənhalığı” romanında tapa bildim. Markesin kitabı həm realist-fantastik, həm məişət mövzulu, həm sosial-psixoloji, həm fəhlə-kəndli, həm də hərbi-tarixi mövzulu bir romandır və ən əsası isə bu fəlsəfi romandır, ondan da vacibi - qəlbi oxşayan romandır.

Əgər bu romana hərarətölçən yerləşdirmək mümkün olsaydı, o zaman sürətlə qalxan civənin şüşəyə təsirini görə bilərdik. Bu romanı oxuduqda sanki yarma sıyığı və pəhriz kotleti yeməkdən boğaza yığılan adama qəfildən həsrətində olduğu yeməyi verirlər. Bu romanda əllaməçilik yoxdur, lap olsaydı belə, ilahi hisslərin fonunda əriyib itərdi. Bu romanda su dolu stəkana salınmış protez dişlər də, göz oxşayan sarı çiçəklər də, göyə doğru dartınan gözəl qız əlləri də, yenicə doğulmuş donuz balasının buruq quyruğu ətrafında vızıldaşan boz milçəklər də, bir-biri ilə sevişən qadın ilə kişi də - yerindədir. Bu roman Til Ulenşpigelin cüzamını, Fransua Viyonun qudurğanlığnı, Münhauzenin cəfəngiyyatlarını, Qarqantüanın iştahasını, Don Kixotun çağırışlarını xatırladır. Bu roman Saltıkov-Şedrinin “Bir şəhərin hekayəti”ndəki acı satiranı xatırladır, dünyanın bütün qitələrində yaşayan insanlara doğma olan hadisələri həm patriotluqla, həm də paralel olaraq ibnəliklə, yeri düşəndə dekameronsayağı erotik səhnələrlə, ruhi görüntülərlə əks etdirir. Lakin bütün bunlar heç də dumanlı mozaikalar deyil, bunlar Merkesi və onun sələflərini birləşdirən həyatın özünün mozaikası, əksidir. Baxmayaraq ki, bu roman bütün dünyanı qarış-qarış dolaşıb və ədəbi aləmdə böyük əks-səda doğurub, amma bu romandan kağız və mürəkkəb qoxusu gəlmir; bu romandan ağır zəhmətdən yorulmuş insanın tər qoxusu və sevginin şirin ətri, küçə itlərinin yumşaq tüklərinin qoxusu, qadın dərisinə hopmuş ənbər qoxusu və undulmaz qadın ətri və barıt qoxusu gəlir. Bu roman həm qarğayır, eyni zamanda həm də dua edir, bir tərəfdə gənclik eşqi ilə alışıb-yanır, həm də qocalıqdan şikayətlənir, gah gücdən düşmüş öküz kimi yorğunluqdan köks ötürür, eyni zamanda güllələnmiş uşaqlarının cəsədi üstündə alışıb-yanan ananın dərdinin böyüklüyündən söz açır.

“O vaxtlar heç kəsin diqqətini cəlb etmək olmurdu. Diqqəti cəlb etmək üçün gərək xariqələr yaradaydın”.

Hər bir sənətkarı da elə bu xariqə yaratmaq istəyi narahat etməlidir: bu vaxta qədər planetdə baş vermiş haqsızlıqların ağrısını dərk etmək… Dəhşətli olan odur ki, yazasan və bütün keçmiş diqqətdən kənarda qala. Bir də, hər bir sənətkarın başlıca vəzifəsi odur ki, hamının görə bilmədiyini görüb qələmə ala bilsin.

Markesin qəhrəmanlarından biri - banan plantasiyasında çalışan fəhlələrin güllələnməsini öz gözlri ilə görən, möcüzə nəticəsində sağ qalan adam -evinə qayıdır. Amma həyat axarı ilə gedir, sanki heç bir şey baş verməyib. “Rəsmi məlumat”larda min dəfə təkrar edib insanların beyninə zorla yeridirlər: - “Ölən olmayıb!” Bu xəbərləri dinləyən Xose Arkadio ikinci fikirləşir ki, ölən olub, amma ya bu ölümü dərk etmirlər, ya da elə dərk etmək istəmirlər.

“Yəqin orada bir üç min…, - xırıldadı”.

“Neçə?”

“Ölənləri deyirəm, - fikrini izah etməyə çalışdı. - Yəqin ki, stansiyaya yığışanların hamısı…”

Qadın ona rəhm diləyən baxışlarla baxdı:

“Burada ölən olmayıb…”

Bu kiçik parçada müəllif süni şəkildə təşkil edilmiş hadisəyə münasibət bildirərkən ölub-keçənlərdən ibrət götürmək və onları təkrarlamamaq kontekstindən münasibət bildirir. Qanlı keçmişin bir daha təkrar olunub-olunmayacağına təminat verilmədiyinə işarə edir. Dünən baş vermiş faciələri unudanların arasında yaşayıb keçmişi unuda bilməyənlər özlərini təhqir olumuş hesab edirlər və ümumi sakitlikdən narahat olurlar.

Markesin romanı unudulmuş yaddaşların bərpasına xidmət edən, o yaddaşın unudulmasında maraqlı olan tərəflərin kökünü axtarıb tapmağa cəhd edən bir romandır. Unudlmuş yaddaşların xatirəsində qalanlar isə yalançı dərsliklərdə yazılanlardan başqa bir şey deyil. Markes əsl sənətkar kimi başa düşür ki, tarix təkcə siyasi maraqlarda təkrarlanmır, o həm də qəzalarda, məişətdə, hətta intim münasibətlərdə də təkrarlanır. Bütün fəlsəfi konsepsiyalar bu və ya digər şəkildə hadisələrin dəyişməsinə və ya qorunub saxlanmasına xidmət edir: nəfəs alan, yemək yeyən, su içən, sevən və nifrət edən insanlara real həyatı bir kənara qoyub insanın ümid və sarsıntılarını başqa formada sevdirmək mükün deyil. Markes freydizmin birtərəfli təlimindən fərqli olaraq, istənilən insanın seksual kompleksdən çıxışından uzaqda dayanır, lakin çox haqlı olaraq ruhi və fiziki bağlılığı ayrılmaz bir varlıq halında görür.

Romanın təsvir dairəsi balaca əyalət şəhəri olan Makondonu əhatə etsə də, bu romanda təkcə Latın Amerikasının deyil, ümumilikdə bütün insanlığın tarixi əks olunur. Romandakı bir çox hadisələr avropalı oxucu üçün ekzotik məna kəsb edə bilər. Amma təkcə hansısa tropik quşun səsi o səsə alışmayanlar üçün ekzotik görünə bilər. Ey, avropalı, bu səsi diqqətlə dinləsən, görəcəksən ki, bu səs eynilə torağay səsi, bataqlıq quşunun səsi kimi kədərli və iniltildir.

Hər bir xalqın özünəməxsus tarixi taleyi olsa da, hər bir xalqı oxşar ümidlər, simasızlığa və gücsüzlüyə qarşı acizlik, qəddar insanların bəşəriyyətə vurduğu yaralara münasibət birləşdirir.

Latın Amerikasında iyirmi ölkə var və o ölkələrin xalqları eyni dildə - ispan dilində danışırlar, lakin o ölkələrin heç biri təpədən-dırnağadək silahlanmış vahid düşmənə qarşı mübarizədə birləşə bilmir. Mənim fikrimcə, bu məsələ bəşəriyyət qarşısında duran ən vacib problemlərdən biridir və nə vaxtsa müxtəlif dillərdə danışan insanların bir araya gəlib eyni siyasi dildə danışmalarının zəruriliyinə işarədir. Dəqiq bilmirəm Markes hansı zərurətdənsə, istəkdənsə Buendia ailəsinin hekayəti ilə Forsaytların hekayətini üz-üzə qoyur. Doğrudan da insanlar təkcə Somsa toplaşıb tənhalıqlarını yaşamırlar və təkcə qolf oynamaqla vaxt keçirmirlər. Xose Arkadio Buendia da qığılcımın dönüb qalibiyyət silahına çevrilməsi arzusu ilə yaşayanlardan biridir.

Markesi vulqar sosiologizmdə günahlandırmaq düz deyil, çünki xalq kütlələri qan yaddaşına döndükləri zaman onların cahillikləri gərəksiz sitayiş obyektinə çevrilir və “sivilizasiyanın yayılmasına mane olur”. Markes hətta xalqın müdrikliyini belə bütləşdirməyə tələsmir. Markes qəhrəmanlarını çox sevir, amma eyni zamanda onlara qarşı amansızdır, onların səhvini bağışlamır. Bu xüsusiyyətləri ilə Merkes yəqin ki, heç vaxt tanış olmadığı Andrey Plotonov ilə ruhən yaxınlaşır. Amma unutmaq lazım deyil ki, bir-birini dinləmdən belə tropik quşla torağay eyni yanıqlı nəğməni oxuya bilər.

Xose Arkadionu ilk olaraq heyrətləndirən Makondoya gələn bürokratik iqtidarın nümayəndəsinin “Müstəqillik günü” münasibətilə bütün evlərin mavi rəngə boyanması əmri olur. Bu əmrdən sonra Xose Arkadio düşünür ki, belə sərəncamlardan sonra hətta ən savadsız adam belə məntiqə sığmayan əmrləri gözüyumulu icra etməklə, özünü özündən uzaqlaşdıran bir yol başlayır. Bu yoldan qayıtmaq isə özünü dərk etməyən, özünü insan kimi tanımayan hər kəsin şəxsiyyətinin içindən keçir. Bu hisslər o adamın özünü və dünyanı dərkindın asıldır.

Xose Arkadio bir çox məsələlərə münasibətdə, ağlından keçirdiklərinin gərəksiz olduğunu bilə-bilə, sanki özü üçün müəyyən təxirəsalınmaz işləri kəşf edir. Musiqi səsinin yaranma mexanizmini dərk etmək üçün pianolarını söküb içinə baxır və sonra onu yenidən birtəhər yığır…

Xose Arkadio Makondodakı saxta seçkilərlə barışa bilmir. Ürəyinin hokmü ilk olaraq ona köhnəlmiş, başqa havaları çalan pianoları sökməyi, onun dillərini, simlərini qoparıb atmağı və onu yenidən, lakin elə yığmağı deyir ki, yenidən yığılandan sonra ancaq onun istədiyi havaları çalsın. Lakin bir məsələ də var: naşı əllərdə yığılan alət, onun istədiyi havaları çala biləcəkmi?

Bir sözlə, Markesə görə bütün dövrlərdə elə adamlar olub ki, onlar üçün əsas məsələ pianoların dillərini qırmaq olub. Onlardan biri də Markesin romandakı qəhrəmanı - doktor Nogeradır. Nogera fərdi terrorun tərəfdarlarındandır. Onun planı fərdi basqınların hazırlanmasına xidmət edir. Bu plana əsasən ümummilli əhəmiyyətli zərbələr endirmək və bu zərbələrlə hökumət məmurlarını ailələri ilə birlikdə məhv etmək vacibdir. Başlıcası isə kişi cinsindən olan uşaqları aradan götürmək lazımdır. Ancaq bu üsulla yer üzündəki konservatizmin kökünü kəsmək olar…

“Siz heç də liberal deyilsiniz, - deyə romandakı personajlardan biri onu ittiham edir. - Siz sadəcə qəssabsınız!” Mən doktor Nogeranın hərbi düşüncələrinin kədərli sonluğunu xatırlamaya bilmərəm: “Doktor Nogeranı evindən sürüyə-sürüyə çıxarıb şəhər meydanındakı ağaca bağladılar və məhkəməsiz-filansız güllələdilər. Padre Nikonor hərbiçilərə etiraz edəndə, əsgərlərdən biri tüfəngin qundağı ilə onun başına vurdu. Liberal düşüncələr əriyib itdi, əvəzində isə dəhşətli sükut hökm sürdü”.

Markes romanında maddi və mənəvi əsarətdə yaşamağın mümkünsüzlüyünü qabardır və eyni zamanda bəşəriyyət üçün vacib olan metodlar probleminə də toxunur. Hansı ki, insanlıq bu metodların köməkliyi ilə bütün yaşantıları qeyd-şərtsiz və itkisiz dəyişə bilər, axı bir əsarətin başqası ilə əvəz olunmasının heç bir faydası yoxdur.

Elə də olur, üsyançıların növbəti qələbəsindən sonra Buendia ailəsinin üzvünü - Arkadionu Makondoya komendant təyin edirlər. İdarəçiliyə başladığı ilk gündən Arkadio dekretlərə böyük məhəbbətlə yanaşır… O həqiqi hərbi xidməti on səkkiz yaş təyin edir. Elan edir ki, axşam saat altıdan sonra küçələrdə olan sahibsiz heyvanlara mənəvi sərvət kimi yanaşılsın… Padre Nikonorun üzərindəki ev dustaqlığı cəzasını ləğv edərək onu xalqa xidmət etməyə təhkim edir və tapşırır ki, kilsə zəngi ancaq liberalların qələbəsini qeyd etmək üçün səslənsin. Arkadio öz hakimiyyət açarlarını bərkitdikcə, sərtləşir və Makondonun by vaxtadək görmədiyi ən zalım bir hakimə çevrilir.

“İndi onlar fərqi hiss etdilər, - Don Apolinar Moskotye dedi - Onların liberal cənnəti odur...”

Günlərin birində Arkadionun anası Ursula şəhər meydanında olarkən növbəti güllələnməyə şahid olur və vəhşiləşmiş oğlunun gözəl nitqlərlə günahsız insanların güllələnməsinə tapşırıq verdiyi üçün üsyankarlıqla etiraz edir. Markes üsyançıların arasından çıxan rəhbərlərin də zaman keçdikcə dəyişib hakimiyyət hərisi olduqlarını qabardır. Onlar yavərləri vasitəsilə xalqdan uzaq düşməklə, xalq ilə rəhbərlik arasında yaranan sədd daha da bərkiyir. Bu isə müəllif tərəfindən onların nə vaxtsa azadlıq mübarizəsi aparmaları kimi deyil, hakimiyyət uğrunda mübarizə kimi dəyərləndirilir. Belə rəhbərlər zaman keçdikcə öz azadlıqlarını da itirirlər və öz içlərinə qapılıb ətrafdan təcrid olunurlar. Onlardan biri də romanın digər qəhrəmanı - polkovnik Aureliano Buendiadır.

Polkovnik ona görə dəhşətli obrazdır ki, onun əmrləri o hələ onları imzalamadan icra olunur. Hətta onları ağlından keçirən kimi əmrlər elə sərhədləri aşıb keçir ki, polkovnikin özü buna təəccüblənir. Onu “o özünə inamını çoxdan itirib” fikrində olan gənclər narahat edir. Onun içində qəribə hisslər var, sanki o tək deyil, bir neçə nüsxədədir və o, təklik adlı dəhşətin faciəsini eyni zamanda bir neçə canda yaşayır. Əgər gecələr onun atasını tək bir adamın - sevgidə rəqibi olan Prudensio Agilyarın ruhu narahat edirdisə, polkovniki gecələr onun özü və əsgərləri tərəfindən qətlə yetirilən yüzlərlə günahsız insanın ruhu incidir. Boş və mənasız müharibənin qurbanları. Və o hələ də anlamır ki, növbəti qurbanlardan biri o elə özü olacaq.

General Monkadunu güllələtdirərkən Buendia ona deyir: “Qohum, səni inqilab güllələyir”.

Genaral isə ona belə cavab verir: “Əgər belə davam edərsə, sən bizim xalqımızın tarixində elə qəddar və qaniçən bir adama çevriləcəksən ki, çirkli vicdanını təmizə çıxarmaq üçün hətta ana-bacılarımızı da güllələtdirməkdən çəkinməyəcəksən”. Bu vaxt polkovnik özündə azacıq da olsa dəyanət tapır və mənəvi qorxusunu etiraf edir. Gecələrin birində polkovnik Herineldo Markesdən soruşur:

“Dostum, məni başa sal görüm nə uğrunda mübarizə aparırsan?”

“Ona görə ki, bu mənim borcumdur”, - deyərək, Herineldo Markes cavab verir. - “Mən ulu liberal partiyasına görə müabrizə aparıram”.

“Sən bunu bildiyin üçün xoşbəxtsən. Mən isə elə indicə dərk etdim ki, öz lovğalığıma görə mübarizə aparıram…”

Polkovnik Aureliano Buendia istefa verir, öz zərgərlik emalatxanasına qayıdır və köhnə peşəsini davam etməyə başlayır. O otuz iki müharibədən yaxa qurtara bilib, on dörd sui-qəsddən salamat çıxıb, yetmiş üç mühasirəni yara bilib, atı yerə yıxan zəhərdən qurtulmağı bacarıb və şöhrət ardınca qaçıb, nəticədə isə otuz illik sadə zəhmətinin uğurlarını itirib. Amma əslində “sadə həyat” heç də xilas yolu deyil. Bir gərəksiz müharibənin dairəsindən çıxıb başqa bir gərəksiz müharibənin dairəsinə düşən polkovnik cavabsız suallar qarşısında acizdir. Polkovnik arabir konservatorların rəhbərlik etdiyi hökumətə nifrət dolu məktublar yazır. “Bu hakimiyyət Allahsızların hakimiyyətidir! Bizim o qədər vuruşmağımızın bir məqsədi olub; evlərimizi mavi rəngə boyamasınlar”.

Markes sübut edə bilir ki, məqsədsiz mübarizənin sonu yoxdur. Əksəriyyətin fikri heç də həmişə mütləq deyil, əsas odur ki, qırğınların qarşısı alınsın və düşünmək üçün vaxt olsun. Köhnə fikirlərin arxasında gizlənməyə ehtyac yoxdur, çünki yeni dünyada onlardan faydalanmaq mümkün deyil. “Qan tökməkdən ona görə çəkinin ki, ömür çox qısadır” kimi şüarların faydası yoxdur. Markes süni bütlər yaratmağın əleyhinədir. Rebekka kimi həyatdan küsərək dolu tapança ilə sükutun pozulacağı anı gözləmək gülüncdür və s.və i.

Markes həm də məsuliyyətsiz üsyanların da əleyhinədir və insanları bir ömürdə heç olmasa bir dəfə “hər şeyə tüpürməyə” səsləyir. Bu da romanın təzadlı və bütöv olmasını təsdiq edir. Yəqin ki, hələ bir çox siyasətçilər mövcud sosial vəziyyəti dəyişməyə və evləri bu və ya başqa rəngə boyamağa çalışacaqlar. Hələ çox Ursulalar üsyanların heç olmasa bircə anlıq baş tutması arzusu ilə yaşayacaqlar. Bu dünyada hələ çoxlu ağlasığmaz qətllər baş verəcək və yalançı efirlər həyasızcasına “ölənlər olmayıb” xəbəri ilə insanların beynini dolduracaqlar.

Bəşəriyyət öz ağrılarını gizlətməyə çalışan xəstə kimidir və elə bunun üçün də ona kömək etmək çətindir. Markes yaşadığı mühitin siyasi reseptini verməyə ehtiyat edir, halbuki mühitin diaqnozu bəllidir: qruplaşma və bir-birindən ayrı düşmə xəstəliyi. Amma Markes inanır ki, insanlıq nə vaxtsa bu xəstəlikdən də qurtulacaq, özünü həm ruhən, həm də mənən təmizləyib gərəksiz yalanların və qanların məngənəsindən azad edəcək, möhkəm təməlli ailə qalalarına söykənib rahatlıqla nəfəs alacaq.

“Cümə günü günorta saat ikidə axmaq və mülayim Günəş dünyanı işıqlandırdı, dünya qırmızı kərpic rənginə boyandı və həm də su kimi dupduru oldu”. Əgər hələ də Günəşin çıxmağını istəyənlər varsa, onun üçün gələcək nəsillər bilməlidir ki, ölənləri unutmaq olmaz.

Rus dilindən tərcümə edən: Əyyub Qiyas

© Müəllif hüquqları qorunur! Mətndən istifadə etdikdə istinad mütləqdir!