Taqorun vətənində... - Bədirxan ƏHMƏDLİ yazır

 

Bir şey varsa dünyada,
o da ki, Tac Mahaldır... / Rabindranat Taqor

1913-cü ilin ədəbiyyat üzrə Nobel mükafatçısı Rabindranat Taqor ondan əvvəl və sonra bu ali mükafatı alanlardan bir çox cəhətinə görə fərqlənirdi. Birincisi, mükafat ilk dəfə olaraq Asiyadan olan bir şairə verilirdi. İkincisi, çox az nobelçilərdəndir ki, mükafatı almağa getmədiyindən Nobel nitqi də söylənməmişdir. Üçüncüsü, böyük yazıçı, dramaturq, rəssam, bəstəkar, filosof olan Rabindranat bu mükafatı kiçik bir şeir kitabına görə almışdı. Ən maraqlısı isə mükafatlandırma komitəsinin "müəllifin poetik təfəkkürünü böyük bir ustalıqla ifadə edən, Qərb ədəbiyyatının tərkib hissəsinə çevrilmiş dərin duyğulu orijinal və gözəl şeirlərinə görə" kimi əsaslandırması olmuşdu. Əslində isə "Hind cəmiyyəti"ndən olan dostlarının köməyilə müəllifin özünün çevirdiyi "Gitançali" ("Fədakarlıq nümunələri") kitabı ingiliscə cəmi bir il əvvəl dərc olunmuşdu. 103 mənsur şeirdən ibarət kitaba Britaniya şairi Uilyam Batler Yets ön söz yazmış və onu yüksək qiymətləndirmişdi. Çox qısa bir zamanda kitab böyük şöhrət qazanmış, on dəfə təkrar nəşr edilmiş və müxtəlif Avropa dillərində sürətlə yayılmışdı. Kitab haqqında ingilis qəzetlərində çap olunan resenziyaların birində yazılırdı: "Bu şeirləri oxuyan zaman başa düşürsən ki, bunlar, sadəcə olaraq yabançı bir mədəniyyətin maraqlı nümunələri deyil. Bu qeyri-adi poeziya örnəkləri bizə ingilis dilində əsl şeirin necə yaradıla biləcəyini göstərir. Əlbəttə, əgər bizim şairlər də duyğu ilə düşüncə arasında bu cür harmoniya yaratmağı bacarsaydılar". Doğrudan da, Rabindranat Taqorun sonrakı yaradıcılığında - istər şeirlərində, istər roman və hekayələrində, istərsə də digər yaradıcılıq məhsullarında bu iki amil - duyğu və düşüncə harmoniyası başlıca rol oynayır. Bundan yüz ildən çox bir zaman keçib; arxada qalmış bu illərdə Taqor yaradıcılığı dəfələrlə nəşr edilib, müxtəlif yönlərdən öyrənilib. Lakin onun Avropanı qısa bir müddətdə fəth etməsinin sirri hələ də açılmayıb. Doğrudur, burada Qərb ədəbiyyatından fərqli duyğu və düşüncə olması amilini danmaq olmaz, ancaq bu fərqliliyi yalnız bununla məhdudlaşdırmaq da düzgün olmazdı. Komitənin "Qərb ədəbiyyatının tərkib hissəsi" əsaslandırması nə deməkdir? Bu fikrin arxasında nə durur? Bəlkə bununla rəyçilər seçimlərinin poetik kəşflərini düzgün açmayıblar?  Bu fikirlər şairin poeziyasının bədii dəyərini olduğu kimi əks etdirirmi?. Həm də belə çıxırdı ki, bu ali ədəbiyyat ödülünü ancaq Qərb ədəbi təfəkkürü və ona yaxın örnəklər ala bilər. Əslində isə Taqor poeziyasında Qərb ədəbi təfəkkürünə məxsus heç nə yox idi; təbiiliyi, saflığı, bulaq suyu kimi təmizliyi və ümumbəşəriliyilə yanaşı, ən əsası bütünlüklə - Şərq təfəkkürünün məhsulu idi. Bu hadisəni bir qədər də XIX yüzildə Mirzə Şəfi Vazehin F.Bodenştedtin tərcüməsində Avropanı fəth etməsi ilə müqayisə etmək mümkündür. O zaman da Avropa oxucuları bənzərsiz Şərq təfəkkürü və üslubu ilə qarşılaşmış və bu poetik təfəkkürü hərarətlə qəbul etmişdilər...

Təxminən iki il əvvəl akademik İsa Həbibbəylinin təşəbbüsü ilə Nizami Gəncəvi adına Ədəbiyyat İnstitutunda Azərbaycan-Asiya ədəbi əlaqələri şöbəsi yaradıldı. O zaman akademik bu şöbənin yaradılmasını əsaslandırmaq üçün sadə bir məntiqə əsaslanmışdı; indiyədək dünya ədəbiyyatı adı ilə öyrəndiyimiz ədəbiyyat daha çox Qərbi və Amerikanı təmsil edir. Əslində isə dünyanın böyük bir hissəsinin ədəbiyyatı bu kontekstdən kənarda qalır. Çin, hind, Korey, yapon, əfqan və b. Asiya xalqları ədəbiyyatının da prioritet təşkil etdiyini yalnız bu xalqların ədəbiyyatına bələd olduqdan sonra görmək olar. Artıq akademik İsa Həbibbəylinin rəhbərliyilə bu xalqların ədəbiyyatını öyrənmək və araşdırmaq üçün istiqamətlər müəyyənləşmiş, tədbirlər görülmüş, müqavilələr bağlanmışdır. Şöbə əməkdaşları bu ölkələrdə keçirilən müxtəlif konfranslara qatılır, müzakirələrdə iştirak edir, məqalələr dərc etdirirlər. Keçən il akademik İsa Həbibbəyli və mən Çində böyük bir simpoziuma qatılmışdıq. Filologiya üzrə fəlsəfə doktoru Bəsirə Əzizəliyeva isə Pakistanda Məhəmməd İqbal yaradıcılığı ilə bağlı məruzə etmişdi. Bu günlərdə isə mən Hindistanın Assam ştatının Quvahatı şəhərində konfransa qatılmışdım. Quvahatı Universitetinin fars bölümünün hər il fevralın 8-10-da keçirdiyi "Mədəniyyətlərarası dialoq: Hindistan, İran, Türkiyə və Mərkəzi Asiya arasında elmi və mədəni ideyaların mübadiləsi" adlı konfransın bu dəfəki toplantısı Sasani və Qutba sülalələri irsinə həsr olunmuşdu. Azərbaycandan prof. Nadir Məmmədli "Ərəb, fars və Azərbaycan dilində yalançı ekvivalentlər", f.ü.f.d.Nəzakət Məmmədova "Firdovsi və Əttar yaradıcılığında müştərək məqamlar", f.ü.f.d. Tahirə Əliyeva isə "Avropada sufizmin öyrənilməsi problemləri", mən "Rabindranat Taqor və Azərbaycan ədəbi-elmi mühiti" mövzusunda məruzə etməli idim. Taqor mövzusu məruzələr içində hind ədəbiyyatını təmsil edən tək məruzə etdi. Əslində burada bir qanunauyğunluq da var idi. Əvvəldə qeyd etdiyimiz kimi, Taqor yaradıcılığında Avropanı cəlb edən sirli poetik təfəkkürün əsasında hind ekzotikası ilə yanaşı, təsəvvüf fəlsəfəsi və mistikası da mühüm yer tuturdu. Avropanı cəlb edən, lakin etiraf olunmayan amillərdən biri də şairin təsəvvüf fəlsəfəsi və mistikası ilə yaxından səsləşən poeziyası olmuşdu. Bunu mən iki ildən bəri Taqor yaradıcılığını araşdırarkən bir daha özüm üçün kəşf etdim. Taqorun dünya ədəbiyyatında müəyyən yer tutmasında Şərq düşüncəsinin, eləcə də təsəvvüf fəlsəfəsi və mistikasının rolu az olmayıb. Elə Taqor yaradıcılığının Azərbaycanda bu qədər yaxından öyrənilməsinin nədənlərindən biri də, heç şübhəsiz, klassik Şərq poetik təfəkkürü ilə səsləşməsi olub. Heç bir xarici yazıçı və şair Taqor qədər Azərbaycan ədəbi mühitinin diqqətini çəkməyib. Cəmi bir neçə ildən sonra milli ədəbi mühitin Taqorla tanışlığının yüz ili tamam olacaq. İndiyədək heç bir xarici yazıçı və şairin səkkiz cildi Azərbaycan dilinə çevrilməyib. Açığı məni Taqor yaradıcılığına bağlayan da təkcə onun mücadiləçi, müstəmləkəçiliyə qarşı mübarizə aparan bir yazar olması olmamış, həm də son dərəcə orijinal poetik təfəkkürə, zəngin ifadə vasitələrinə, dərin fəlsəfi düşüncəyə malik bir şair, yazıçı olması idi. Bu konfransda iştirak etmək həm də Azərbaycan ədəbi, elmi mühitini tanıtmaq baxımından əhəmiyyətli ola bilərdi. Bunun üçün Hindistan səfirliyinə viza müraciətimə müsbət cavab verildi. Pasportu götürərkən gözləmədiyim halda səfirin mənimlə görüşmək istəyini bildirdilər və otağına dəvət etdilər. Məlum oldu ki, edəcəyim məruzə Hindistanın Azərbaycandakı səfiri cənab Sancay Rananın diqqətini çəkib. Səfirlə yarım saatlıq söhbətimizdə də bu marağı aydın hiss etdim. O, Taqor yaradıcılığına müraciətimin səbəbi ilə maraqlandı. Mən AMEA-nın vitse prezidenti, akademik İsa Həbibbəylinin təşəbbüsü ilə Nizami Gəncəvi adına Ədəbiyyat İnstitutunda yaranan Azərbaycan-Asiya ədəbi əlaqələri şöbəsində həm də hind ədəbiyyatının öyrənilməsi və bir elmlər doktorluğu üzrə dissertasiya işinin yazılması haqqında məlumat verirəm. Cənab səfir Sancay Rana ilə söhbətimiz səmimi alınır. Taqor haqqında monoqrafiya yazdığımı duyunca  onu hansı dildə oxuduğumla maraqlanır. Mən ona yüz ildən bəridir zaman-zaman bu böyük dahinin əsərlərinin Azərbaycanda nəşr edilməsi barədə müfəssəl məlumat verirəm. 60-cı illərdə Taqorun 8 cildlik "Seçilmiş əsərləri"nin çap olunduğunu, hətta müstəqillikdən sonra əsərlərinin bir neçə dəfə kitab şəklində buraxılması faktları onu sevindirir. Görünür ki, bu məlumatlar cənab səfir üçün tamamilə yeni olmaqla, həm də fərəhləndirici idi. Sancay Rana Taqorun əsərlərinin hansı dildən tərcümə olunmasını da soruşur. Əlbəttə, bu əsərlərin əksəriyyəti rus dilindən edilib. Sovet dövründə orijinaldan tərcümə milli respublikalarda nadir hallarda həyata keçirilirdi. Hər hansı bir əsər əvvəl ruscaya tərcümə olunmalı, ruscadan isə başqa xalqlar öz dilinə çevirə bilərdi. Və burada deməliyəm ki, Taqordan olan tərcümələrin bir çoxu heç də ürəkaçan deyil. Çünki bunların heç biri orijinaldan edilməyib. Hətta bəzən bu tərcümələrdə müəllifin nə demək istədiyi sadəcə aydın olmur. Taqor yaradıcılığını bütün fəlsəfi dərinliyi, mistik aurası ilə yalnız orijinaldan yüksək tərcümə sayəsində çatdırmaq mümkündür. 

Cənab səfir mənim Quvahatıya hansı marşurutla getməyimlə maraqlanır. Artıq bilet aldığımı bildikdə isə təəssüflənir. Buna səbəb o idi ki, əgər bilet almamış olsaydım, mənə Kəlkətədən (Kəlküttə), onun anadan olduğu şəhərdən getməyi məsləhət bilərdi. Ona görə ki, bu şəhərdə Taqorun yaratdığı açıq universitetlə də tanış ola bilərdim (Taqor sənətinə vurğunluq nə zamansa məni onun doğulduğu məkana da aparacaq!). Səfir Hindistanın xəritəsini gətirərək mənim getdiyim ştatı və şəhəri göstərir. Məlum olur ki, getdiyim Assam ştatı Hindistanın şimal-şərqində yerləşir. Quvaxati şəhəri isə regionun kommersiya paytaxtı kimi tanınır və buranın vacib kommunikasiya mərkəzi rolunu daşıyır. Şəhərin gündəlik ticari əlaqələri üç bazarda (Bazar Paltan, Pen Bazar və Fensi Bazar) həyata keçirilir. Quvaxatıdəki dövlət muzeyi etnoloji eksponatlar baxımından çox zəngindir. Burada XV yüzilə gedib çıxan qədim əşyalar nümayiş etdirilir, zooloji və botanika bağı çox məşhurdur. XVI yüzilə aid Umananda  məbədinə hər il on minlərlə turist gəlir. Məbəd Şive allahı və onun həyat yoldaşına həsr edilmişdir. Buraya gələnləri çoxlu meymunlar müşaiyət edir. Bizi həm də Navaqraxa və Sankaradeva Kalakşetra məbədləri də gözləyirdi. Səfir Sancay Sunay onsuz da mənim üçün ekzotik ölkə olan Hindistanın Assam ştatının tarixi, təbiəti ilə bağlı söylədikləri məni sehrli bir aləmə salır və bu bənzərsiz dünyanı tezliklə görmək həyəcanı yaşayıram. Onun Quvaxatının məşhur çayından və ipəyindən mütləq almamla bağlı xəbərdarlıq edir. Ayrılarkən cənab səfir məni hər il may ayında Hindistan səfirliyində keçirilən Taqor günlərinə dəvət edəcəyini bildirir. Ayrıldıqdan sonra Nizami Gəncəvi adına Ədəbiyyat İnstitutunda yaradılan bu şöbənin məqsədinin təkcə araşdırma aparmaq olmadığı, həm də bir mədəni missiyanı həyata keçirdiyi qənaətinə gəlirəm. Cənab səfirin bu sadəliyi uzun müddət nəinki yaddan çıxmır, hətta bir həftə boyu onun vətənində olduqda insanlardakı saflıq, təmizlik, sadəlik, qonaqpərvərliyin haradan gəldiyi mənim üçün aydın olur, hind xalqının nə qədər zəngin mənəvi-daxili aləmə, sadə ürəyə malik olduğunu bir daha yəqin edirəm.

Hindistana professor Nadir Məmmədli, M.Füzuli adına Əlyazmalar İnstitutunun aparıcı elmi işçisi, filologiya üzrə fəlsəfə doktoru Nəzakət Məmmədli ilə birgə yola düşürük. Əlyazmalar İnstitutunun başqa bir əməkdaşı Tahirə Əliyeva isə bir gün sonra gələcəkdi. Yolçuluq uzun olsa da, Taqorun vətənini görmək marağı bu yorğunluğu unutdurur. Günorta saatlarında Quvahatıya çatırıq. Bizi hava limanında qarşılayıb "Lilavati" otelinə aparırlar. Yol boyu qarşılaşdığımız mənzərəyə heyrətimizi gizlədə bilmirik; Bakı küçələrinə nəzərən dar yollarda maşınlar, motesikl və velosipedçilər bir-birinə çox yaxın və sıx şəkildə hərəkət edir, hər an qəza törədəcəkləri təsəvvürü yaradırdı. Lakin orada olduğumuz müddətdə heç zaman belə bir hadisə ilə qarşılaşmamağımız hələ də məni təəccübləndirir. Yol kəsişmələrində işıqforların olmaması da marağımızı bir qədər də artırırdı. Bir neçə saat dincəldikdən sonra Nadir Məmmədli, onun qızı İzmir Ağ Dəniz Universitetinin memarlıq fakultəsinin üçüncü kurs tələbəsi Ulya Məmmədli şəhərə çıxırıq. Bu cür səfərlərdə ilk təəssürat adamın yaddaşında həmişəlik qalır, bəzən o ölkə, yer haqqında müəyyən fikir formalaşdırır. Lakin oteldən çıxan kimi küçənin əks istiqamətindəki oteldə hindli toyu ilə qarşılaşmalı oluruq.  Toy otelin həyətində çalınırdı. Bəzənmiş ağ atın üstündə əyləşmiş bəyi dövrəyə alıb 5-6 nəfərlik musiqi dəstəsinin müşayiəti ilə onun ətrafına toplaşmış adamlar yerində duraraq əlləri, qolları ilə ritmik hərəkətlər edir, bəy də onlara qarşılıq verirdi. Otel ətrafında bəzəkli dayanmış maşınlarıın markalarından, qonaqların geyimindən zəngin hindlilərin toyu olduğu görünür. Oynayanları əhatə edən toy adamları və qonaqlar son dərəcə maraqlı anları telefonları ilə görüntüyə alırdı. Bəyin ətrafına toplaşmış oğlan və qızların rəqsləri maraq doğururdu. Elə bu zaman gənc yol yoldaşımız Ulyanın hindli olmadığını görüb səmimi ortamdan istifadə edərək onu da oynamağa dəvət edirlər. Ulyanın gözəl milli oyunu həm toy sahiblərinin, həm də ətrafda toplanmış tamaşaçıların diqqətini ona yönəldir. Açıq havada baş tutan bu mərasimdə hind toyu bizə nə qədər maraqlı gəlirdisə, milli Azərbaycan rəqsi də hindlilərə o qədər xoş təsir bağışlayır. Bir neçə dəqiqədən sonra bəyin mindiyi atın yüyənindən tutaraq toy adamları oteldən ayrılırlar. Onların ardınca bəzənmiş toy maşınları gedir; yəqin ki, bir-iki tin sonra bəyin adamları bu maşınlarda qız evinə varacaqdı. Şəhərlə tanışlıq yaxşı başlamışdı; acılı yeməklərinə də ( türkiyəli dostumuz dos.dr. Ənvər Uzunun orada olduğu müddətdə yalnız özü ilə gətirdiyi yemək, quru meyvə və alma yeyirdi!) öyrəşə bilsək, qarşıdakı günlərin yaxşı keçəcəyinə heç bir şübhə yox idi. Otelə qayıdırıq, foyedə yeni gələnləri görürük. Axşam yeməyində konfrans iştirakçılarının tərkibi haqqında müəyyən təsəvvür yaranır. Fars bölümünün müdiri professor Rekubiddin Ahmed qonaqların yerləşimi ilə maraqlanır. Keçən il bu konfransda iştirak edənləri tanıdığından daha hərarətlə görüşür, mənim kimi konfransa ilk dəfə qatılanlara da səmimiyyətini əsirgəmir. İlk dəfə görsə də, kimin kim olduğunu yaxşı bilir. Əllidən çox iştirakçılar içərisində Azərbaycandan 4, Qazaxıstandan 2, Özbəkistandan 2, Tacikistandan 2, Türkiyədən 2 məruzəçi ilə təmsil olunurdu. Məruzəçilərin əksəriyyəti İrandan və dünyanın müxtəlif yerlərindən qatılan fars ədəbiyyatı mütəxəssisləri idi. Konfransın Sasani dövrünə həsr edilməsini nəzərə almış olsaq, bunu təbii qarşılamaq olar.

Konfransı Quvahatı Universiteti fars fakultəsinin müdiri prof. Rekubiddin Ahmed açır. Daha sonra universitetin prorektoru Mridul Hazarikaya söz verilir. Panel iclasında Hoyatollah Abedi, Bhabeş Gosvami, Seyid Amir Hasan Amin, Seyid Aynul Hasan, Roşan Ara Begumun məruzələri dinlənilir. Seksiya iclasları da eyni maraqla davam edir. Axşam milli hind musuqisi və rəqsinə qonaq oluruq. İkinci gün də konfrans seksiyalarda davam edir. Məruzələrdən sonra suallar başlayır, qızğın müzakirələr gedir. Məruzələrin slaydla göstərilməsi zamanı aparatda problem yaranır. Bu zaman dövrəyə Ulya girir və tez bir zamanda nasazlıq aradan qalxır. Hamı ona əl çalır. Ulya ikinci alqışı türk və azərbaycanlı məruzəçilərin dil problemi zamanı ingiliscəyə tərcüməsi zamanı alır.  Gənc qonağın ünvanına alqış bir də axşam gəmi gəzintisi zamanı gəlir. Ulya royal arxasına keçir və bəstəkar mahnısı ifa edərək bir gündə üçüncü dəfə hamının alqışını qazanır. Gənc azərbaycanlı qızının bu intellektuallığı və istedadı yalnız qürur hissi doğurur. Burada Milli İslam Camiəsi Univeritetinin professor köməkçisi Mohsin Ali ilə tanış oluruq. Məruzəm onun da diqqətini çəkir. Mənə iki gündən sonra Dehlidə Taqorun urdu dilində nəşr edilmiş beşcildliyini bağışlayacağına söz verir. Ümumiyyətlə, Hindistanda olduğum günlərdə hər yerdə Taqorun təsvir etdiyi yerləri görür, onun qəhrəmanları ilə rastlaşırdım. Elə ikinci günü gəmi gəzintisi zamanı çayın sahilində tanış olduğum Romeş adı mənə yazıçının "Fəlakət" romanından yaxşı tanış idi. Təsadüf, ya zərurətdənmi konfransda tanış olduğum əməkdaşlardan birinin də adı Kamola idi. Kamola da "Fəlakət" romanının qəhrəmanlarından biridir (tərcümədə bu ad gah Kəmalə, gah da Kamola gedib). Konfransın üçüncü günü də proqramın sıx olması Quvahatını və onun məşhur üç bazarını gəzməyə imkan vermir. Üstəlik həmin gün günorta təyyarə ilə Dehliyə çıxmalıyıq. Deməli ki, bağlanış toplantısına qatıla bilməyəcəyəm. Cənab səfir Sancay Rananın çay və ipək məsləhətini xatırlayıram. Dr.Mohsin Ali ilə imkan tapıb çay ala bilsəm də, məşhur ipək məhsullarını görməyə vaxt və imkan qalmır.

Dehlidə məni Dehli Cəvairləl Nehru Universitetinin professoru Ahlak Ahan qarşılayır. Mən onunla keçən il Bakıda Nəsimiyə həsr olunmuş konfransda tanış olmuş, hind və Azərbaycan ədəbi əlaqələrinin yeni mərhələsində birgə işlər görməklə bağlı söhbətlər aparmışdıq. Əvvəlcədən danışdığımız kimi, Dehlidə olduğum iki günün birini Aqraya getməliyəm. Bunun üçün prof. Ahlak Ahan türk dili mütəxəssisi ilə calaşdırır. Səhəri gün Cəvairləl Nehru Universitetinin türk dili bölümünün başqanı dr.Gous Maşkoor Xanla səhər saat 7-də Aqraya Tac Mahal möcüzəsini görmək üçün Dehli dəmir yol vağzalına gəlirik. Aqraya Tac Mahal möcüzəsini görmək üçün iki yol təklif edilmişdi; ya taksi ilə 4 saatlıq yol getmək, ya da sürətli qatar vasitəsilə iki saata orada olmaq. Gous Xan ikinci yol rahat olduğunu uyğun görüb bir gün əvvəldən bilet almışdı. Sürətli qatarla getməyimiz rahatlıqla yanaşı, bizə həm də gerçək realizmi də göstərdi. Hər yerdə məni müşayiət edən romantik hind musiqisini indi gördüyüm təzadlı həyat gerçəklikləri əvəz edirdi. Yol boyu evsiz-eşiksizləri, açıq havada yaşayanları seyr etmək o qədər də asan deyildi. Lakin yol boyu həm də əkilmiş, yaxud artıq göyərmiş taxıl zəmilərini, bərəkətli hind torpaqlarını görürük. Budur, Aqraya çatırıq. Burada gördüklərim isə  yalnız məni deyil, hər kəsi təəccübləndirə bilər. Qatardan düşən turist axınını taksi sürücüləri, yaxud öz xidmətini təklif edən çoxlu insanlar qarşılayır. Onlar səni Tac Mahala ya ucuz aparacaqlarını bildirir, ya da köməklərini təklif edirdilər. Lakin bütün bunlar möhtəşəm Tac Mahalı, ondan bir qədər aralıda yerləşmiş Əkbər Şah (Kote mari) türbəsini seyr edərkən yaddan çıxır və bu cür nəhəng sənət əsərlərini yaradanlara və onu qoruyub saxlayan, dünyaya təqdim edən hind xalqına minnətdarlıq duyğularını ifadə edirsən. Tac Mahalı böyük moğollar sülaləsinin sonuncu hökmdarlarından biri Şah Cahan (1627-1658) sevimli həyat yoldaşının qəbri üstündə xatirəsini əbədi yaşatmaq üçün tikdirib. Şah Cahanın öz cənazəsi də həmin mövzeleydə dəfn edilib. Bu gün bu abidə nəinki Hindistan, eləcə də dünya incəsənətinin ən nadir incilərindən biridir. Bu gözəl sənət əsərini seyr edərkən Rabindranat Taqorun aşağıdakı misraları yadıma düşür:

Şərqi sən çatdırmısan şöhrətə, ey Şah Cahan,

Bilirsən ömrü, zəri hara aparır zaman.

Tək kədərdir əbədi, bəli, həqiqət budur

Sənin əmrin, fərmanın o dünya qanunudur.

...Bir şey varsa dünyada,

                   o da ki Tac Mahaldır,

Döyünürsən ey ürək, de görüm bu nə haldır?

Səhəri gün professor Ahlak Ahan səhər tezdən maşını ilə bizi oteldən götürüb Cəvahirləl Nehru Universitetinə aparır. Universitetin ərazisi mənə oğlum Səncərin bakalavr təhsili aldığı Orta Doğu Texniki Universitetini xatırladır. Böyük ərazisi olan Universitetin hər fakültəsi ayrıca bir binada yerləşir. Tələbə, magistr və doktorantlar üçün yataqxanalar, qonaq evləri və s.  hər şey kampusun içindədir. Gün ərzində türklərin Yeni Dehlidə yerləşən başqa bir sənət möcüzəsi Minar Qütbü və hind məbədlərini ziyarət etdikdən sonra Ahlak Ahanın evinə gəlirik. Professor və müəllim heyəti Universitet şəhərciyində oblar üçün nəzərdə tutulmuş evlərdə yaşayırlar. İkinci mərtəbədə yerləşən professorun üç otqalı mənzilində bizi diş həkimi olan xanımı və doqquz yaşlı oğlu, 8 yaşlı qızı qarşılayır. Quvahatıda konfransda tanış olduğum Dr.Mohsin Ali də buraya təşrif buyurur. Sən demə, onlar yaxın dost imişlər. Mohsin Ali fars dili və ədəbiyyatı üzrə doktorantura bitirmiş və müdafiə etmişdir. Lakin indi Universitetin Türk dili və ədəbiyyatı bölümünün başqanıdır. Ona görə də Türkiyədə türk dili və ədəbiyyatı üzrə magistr dərəcəsi alıb. İndi isə türk xalqları ədəbiyyatı üzrə doktoranturya daxil olmaq fikrindədir. Mən ona Azərbaycanda da müdafiə etmək və türk xalqları ədəbiyyatı indeksi üzrə fəlsəfə doktoru elmi dərəcəsi almaq imkanının olduğunu bildirirəm. Bu təklif onun ürəyindən olur, bizim institutla işlədiyi universitet arasında əlaqələrin genişlənməsi ilə bağlı fikir mübadiləsi aparırıq. Ortaq fikir bundan ibarət olur ki, hind ədəbiyyatı ilə Azərbaycan ədəbiyyatını bir-birinə bağlayan tellər çoxdur; onu inkişaf etdirmək, yeni mərhələyə daşımaq isə bugün qarşıda duran məsələlərdəndir. Prof. Ahlak Ahan, Gous Xan və Mohsin Alinin  simasında həm də Azərbaycan ədəbiyyatının dostunu tapmış oldum. Hələ gələcəkdə görüləcək işlərimiz çoxdur. Mohsin Ali beşgünlük konfrans müddətində Taqorun vətəni ilə tanış olmağın mümkünsüzlüyünü dilə gətirir. Bu, doğrudur, ancaq mən artıq Taqorun əsərlərində Hindistanı başdan-başa gəzmiş, bu xalqın mədəniyyəti, tarixi, düşüncəsilə yaxından tanış olmuşam. Gəzdiyim hər yerdə Taqorun təsvir etdiyi həyatı, obrazlarını görürəm. Nəinki obrazlarını görür, onun Hindistanın çiçəklənməsi, gənclərin yaxşı təhsil alması üçün gördüyü saysız işləri xatırlayıram. O, xalqının gənclərinin savadlı, təhsilli olmasını çox arzu edir, bunun üçün çalışırdı. Ahıl çağında 1936-cı ildə Kəlkətədə təhsillə bağlı üç mühazirə oxumasının da əsas amacı bu idi. "Çitranqoda" əsərinin musiqili variantını hazırlayıb Kəlkətədə premyerasını qoymuş, bu uğurlu premyeradan sonra artistlərlə Hindistan üzrə turneyə çıxmışdı. Məqsəd Universitet üçün pul toplamaq idi. Truppa Dehliyə gəldikdə Mahatma Qandi də burada idi. O, qoca və xəstə bir şairin Vişhabharati Universitetinə müəyyən vəsait toplamaq üçün bu yaşında və bu vəziyyətdə səfərə çıxmasından sarsılır və Taqora içində 60 min rupilik çek olan konvert göndərir. Məktubda "itaətkar həmvətənlərindən ianə" sözləri yazılmışdı. Bir neçə il sonra Mahatma Qandi və xanımı şairi ziyarət edirlər. Taqor Şantinektonun manqo meşəliyində onların şərəfinə təntənəli qəbul təşkil edir. Bu onların son görüşü olur. Ayrılarkən Taqor ona bir məktub verir. Məktubda Qandidən Vişhabharati Universitetinə yardım göstərməsini xahiş edirdi. Cənab səfir də mənim Kəlkətədən getməyimi məsləhət edərkən məhz bu universitetə baş çəkməyimi istəyirdi...

Hindistandan ayrılıram, lakin Rabindranat Taqorun bədii düşüncəsinin, təfəkkürünün cazibəsindən ayrılmaq hər zaman çətindir. O, bütün varlığı ilə doğulduğu torpağı, mənsub olduğu xalqı və vətəni vəsf etmişdir. Gecə saat 3-də təyyarəmiz Dehlinin sayrışan işıqları üzərinə qalxarkən mənzərəni müşahidə edib şairin bu sözlərini beynimdən keçirirəm:

Sən dünyanı özünə heyran edən diyarsan,

Şəffaf qızıl şüalar yayılıb hər yerinə...

Bədirxan ƏHMƏDLİ

© Müəllif hüquqları qorunur! Mətndən istifadə etdikdə istinad mütləqdir!