"Bəs bu filmləri kimə göstərək?" - Pərviz Həsənov - Müsahibə

Qan Turalının rejissor Pərviz Həsənovla söhbəti

Pərviz Həsənov yeni nəsil rejissorları arasında ən məşhur simalardan biridir. On iki filmdə ikinci rejissor kimi çalışan Pərviz Həsənov bir neçə filmin də quruluşu rejissorudur.  Bu günlərdə nümayişə çıxan "İkinci pərdə" filminin ssenari müəlliflərindən biri və ikinci rejissoru da Pərviz Həsənovdur. Onun quruluş verdiyi "Qulyabani" filmi isə gələn ilin əvvəllərindən nümayiş olunacaq.

-Pərviz bəy, ikinci rejissorun funksiyası nədir?

-Bu termin bir bizdə, bir də Rusiyada qalıb. Dünyada isə buna "first ade" deyilir. İngiliscədən tərcümədə "rejissorun birinci assistenti" mənasını verir. Bir də bir qeyri-rəsmi olaraq "qərargah rəisi" deyirlər bizdə. Türklər yardımcı yönətmən.

-Sovet vaxtı belə deyildi. Onda "quruluşçu rejissor", yaxud "rejissor" terminləri işlədilirdi.

-Yox, düz deyirsiz, titrlərdə yazılmırdı, amma "ikinci rejissor" onda da vardı. O zaman birinci dərəcəli rejissor köməkçisi olmaq çətin idi, kateqoriyalar verilirdi. Əvvəlcə ikinci dərəcəli rejissor köməkçisi, sonra birinci dərəcəli rejissor köməkçisi, daha sonra üçüncü dərəcəli assistent və nəhayət, aktyorlar üzrə assistent olurdular. Yəni ikinci assistent. Yəni mən belə eşitmişəm köhnələrdən.

-Konkret indi bizdə sistem necədir?

-Bizdə ümumilikdə sovetlərdəki kimidi.  İkinci rejissor, iki assistent, bir rejissor köməkçisi.

-Bu il ilk dəfə müstəqil olaraq tammetrajlı filminizi də çəkdiniz.

-Hə, bu il çəkdik. İnşallah, gələn il yayımlanacaq. Öncədən iki filmim var idi. Milli qəhrəman Zabit Quliyev haqqında "Ovçu" adlı filmim Mədəniyyət və Turizm Nazirliyinin sifarişi ilə "Yaddaş" sənədli filmlər studiyasında çəkilmişdi. O həm də sağ qalan milli qəhrəman haqqında çəkilən ilk film idi. Sonra isə Eldar Quliyevin rəhbərlik etdiyi "Debüt" studiyasında onun bədii rəhbərliyi ilə Əjdər Olun hekayələri əsasında "Ayaqqabı əməliyyatı" filmini çəkdik.