Şagirdinə görə intihar edən rahib... - Samirə Əşrəf

Samirə ƏŞRƏF

Bu yaxınlarda koreyalı rejissor Kim Ki Dukun "Yaz, yay, payız, qış ...və yenə yaz" filmini izlədim.

Bəri başdan deyim ki, Dukun çəkdiyi filmlər orijinallığı, fəlsəfi baxışı, sezilməz qəddarlığı ilə bir çox rejissorlardan fərqlənir.

Rejissorun "Yaz, yay, payız, qış ...və yenə yaz" filmi buddizm dininin  dəyərlərini qabardan və bədiiliyi ilə seçilən bir filmdi. Bu filmdə uca dağları olan, yaşıllıqlarla əhatə olunmuş gölün içərisindəki monastırda yaşayan bir rahibin və onun şagirdinin həyatından bəhs edilir

Beşyaşlı şagirdi ilə birlikdə yaşayan rahib hər gün cürbəcür otlar toplamaq üçün onunla birlikdə gölün kənarındakı meşəyə gedirlər. Bir gün o, öz balaca şagirdini gölün içərisində oynayarkən izləyir. Uşaq göldən tutmuş olduğu balaca balığın, qurbağanın  belinə ip, ipin ucuna isə daş bağlayıb suya atır. Daha sonra bu oyunu ilanın da başına gətirir.

Bütün bunları kənardan izləyən rahib çox məyus olub, qəzəblənir. Onlar evə qayıtdıqdan sonra rahib gecə oğlan yatdığı zaman böyük bir daşı iplə onun belinə bağlayır.

Ertəsi gün yuxudan ayılan uşaq rahibdən daşı onun kürəyindən açmasını istəyir, lakin rahib razılaşmır. Bu vaxtı rahib ona deyir: - Get, cəza verdiyin canlıları tap, əgər onlardan bircəciyi ölübsə, sən bu ölümün günahını ömür boyu öz ürəyində daşıyacaqsan.

Uşaq həmin yerə gələndə görür ki, balıq və ilan ölüb, qurbağa isə sağdır. İlanın qan içərisində ölməsinə uşaq çox üzülür və göz yaşları axıdır.

Beləliklə, rahib canlının canlıya verdiyi əzabı qarşılıqlı edərək, oğlana qəlb və can ağrısının nə olduğunu öyrədir.

Uşaq böyüyür. Bir gün o, onların yanına müalicə olunmaq üçün gələn qızla zina edir. Daha sonra onun ardınca şəhərə qaçıb gedir və qısqanclıq üstündə qızı öldürüb yenidən rahibin yanına qayıdır. Şagird həbs olunur.

Oğlanın həbs olunması rahibə ağır təsir edir. O, yaşadığı evə bir dəst paltar qoyub intihar edir.

Əslində tamaşaçı üçün filmin ən gərgin anı buradan başlayır. Bu, həm də, buddizm dininə əsasən tükənmiş canın qətl olunmasıyla, ruhun yenidən təzələnməsi ilə ilana keçməsi kimi də izah olunur. Çünki aradan xeyli vaxt keçdikdən sonra, şagird öz cəzasını başa vurub qış fəslində monastıra qayıdanda, onun paltarlarının üstündən bir ilan sürünüb gedir.

Oğlanın döndüyü fəsil qış olduğundan o, çox əziyyətlər çəkməli olur.

Ümumiyyətlə, filmin adının fəsillərlə bağlı olması da insan təbiətinin fəsillər kimi müxtəlif çalarlı olmasına bir işarədir. Rejissor məhz fəsilləri sıralamaqla qəhrəmanının başına gələn hadisələri də fəsillərlə uyğunlaşdırmağa çalışıb.

Müəlliminin başına gələn şagirdinin də başına gəlir. Onun da yanına körpəlikdən bir uşaq gətirib qoyurlar. Və müəllimindən rahiblik vəzifəsini mənimsəmiş insan  həmin körpəni tərbiyə etməyə başlayır.

Bir gün gənc rahib öz belinə iplə çox böyük bir daş bağlayıb, ibadət etdiyi bütlərdən birini də özüylə götürüb xeyli məsafə qət edərək, həmin daşı və bütün yaşadığı bölgənin ən hündür dağının başına qoyur. Həmin dağın ki, onun yaşadığı evdən həmin dağın yüksəklikləri görsənir...

...Rahibin ölümü, şagirdinin mütləq geri dönəcəyinə, həm də saf, günahlardan təmizlənmiş vəziyyətdə dönəcəyinə inam finalın ən gözəl anlarındandı.

İntihardan öncə rahib müdrikliklə duyur ki, vaxtilə balığı, ilanı işgəncəylə öldürüb, daha sonra ürəkdən ağlayan o uşaq məhv olmayıb və o dünyanın hansı hissəsinə qədər gedib çıxsa da, baş verəcək aşınmalarından qəlbini qoruyub geri qaytaracaq.

Yazının əvvəlində mən bu filmin ədəbiyyatı andırdığını vurğulamışdım. Çünki bu film mənə Lev Tolstoyun "Sergi ata"sını xatırlatdı. Filmə baxdığım müddət ərzində bu hissi bir neçə dəfə dərindən hiss elədim.

Oxuyanlar bilir ki, dahi Tolstoy da Sergi atadan bir müqəddəs yaratmağa çalışıb. Lakin bütün cəhdlərə rəğmən bu alınmayıb. Sözssüz ki, yazıçı bunu bilərəkdən edib ki, insanların xasiyyətindəki müxtəlifliklər, ziddiyyətləri açıb oxucuya göstərsin. Kim Ki Dukdan fərqli olaraq Tolstoy Stepan Kasatskini kübar  həyatın içərisindən, bəlli bir biabırçılıqan çəkib gətirir rahibliyə. Lakin aradan nə qədər qatı, tərki-dünya rahiblik illəri keçsə də,  Kasatski Sergi ata ola bilmir. Daxilində var olan günah hissi, gəncliyində yaşadığı biabırçılıq hissinin yaratdığı boşluğun, əzilmişliyin yerini dolduran təcavüzkarlıq ona cidd-cəhdlə mane olub əzab verir. Və Sergi ata öz şişirdilmiş mənsəbindən, adından, kürsüsündən imtina edir.

Lakin, haqqında bəhs etdiyim filmdə rejissor dünyəvi məsələlərə daha nikbin, daha ürəyiyumşaq formada nəzər salır. Onun qəhrəmanı etdiyi günahlarının əvəzini ödəməklə yanaşı, həm də müəlliminin ümidlərini doğruldub, günahlardan təmizlənir, zəhmətə alışır və insanlara xəyanət etmir.

Və bu filmi izləməklə mən bir daha əmin oldum ki, nə qədər ki, yer üzündə "Sergi ata" kimi əsərlər yazılıb oxunacaq, "Yaz, yay, payız, qış... və yenə yaz" kimi filmlər çəkilib izlənilicək, bu zaman bəşəriyyətin kamilləşməsinə ümid bəsləməyə dəyər.